Təsirli deyilən ziyalı sözü öz təsirini göstərir



Yüklə 406,12 Kb.
tarix23.10.2017
ölçüsü406,12 Kb.
#11663

Məzəli  Market

(Məzhəkə)


                                                                                  M.Zoşşenko motivində

                                                                              nəzirə-remiks



Iştirak edirlər:

“Məzəli” Marketin müdiri -

Satıcı -

Mühasib -

Kassir qadın -

Gözətçi -

Polis -

 

Mini Market “Məzəli”. Alatoranlıqdır. Marketin ərzaq anbarındakı divar lampası zəif-zəif yanır. Arxa tərəfdə kiçik pəncərə açıqdır.



Anbarın ortasında yerə iri bir kisə qoyulub, içərisində müxtəlif ərzaq var.

Marketin gecə gözətçisi ətrafa baxa-baxa, küçədən gələn səsləri dinləyə-dinləyə rəflərdən müxtəlif ərzaq mallarını götürüb kisəyə atır. Qənd, çay, düyü, konfet və s. O, rəfdən bir ədəd xarici siqaret qutusu götürüb kisənin içinə qoyur.



GÖZƏI  (Özünə ürək-dirək verirmiş kimi deyinir).    Yox, qardaşlar, yoldaşlar, vətəndaşlar, cənablar, nəhayət, xanımlar və bəylər, bu oğurluq deyil. Qətiyyən deyil bu oğurluq! Oğurluq odur ki… Necə deyim… Murdar oğurluq hərəkəti o vaxt olar ki… əməlli-başlı kişi kimi oğurluq edəsən. Məsələn, haranısa yarıb bütöv kassanı aparasan… Yainki, kimisə, ee… nədi o… nənəmin nağıllarında deyildiyi kimi, cəhənnəmə vasil edəsən… Bax bu olar ciddi iş! Yoxsa mənim kimi… Bunlar boş şeydir, vallah, tamamilə əhəmiyyətsiz işdir. Tüpürəsən belə oğurluğa, bu nə oğurluqdur? Gecə vaxtı bədbaxt gözətçi dal qapıdan girib öz doğma marketinə, bir az (qutudan bir neçə şokolad götürür),  hə budey, bax, lap bir azca (üstünü oxuyur) çikolata götürür… Bah, nə böyük iş olub! Bundan xalqımıza nə ziyan gələcək? Ət-töv-bə!! Heç vaxt! O boydana xalq üçün bu boydana eee (üstünü oxuyur) çikolata nədir ki? Hop, bir dəfəyə ötürdün getdi, vəssalam, əhəmiyyətsiz bir itgi. (Kisənin ağzını büzüb düyünləmək istəyir). Yox, dayan. Ürəyim servelat istədi (Kolbasa götürür). Mənim yerimə başqa gözətçi – daha əclafın, banditin biri bu marketə girsəydi – buralarda özünü mənim kimi nejni-marojnu aparmazdı, bu qədər mədəni hərəkətlər eləməzdi. O heç vaxt bir dənə kolbasa götürməzdi. O abırsız ən azı üç ədəd kolbas məmulatı mənimsəyər, el dili ilə desək – qamarlayardı (Üç kolbasa götürür). Üç nədir, dördünü, beşini… Mənsə, baxın – cəmi üçünü götürdüm, bir, iki, üç, bəsimdi. Çünki mən acgöz adam deyiləm, vicdansız da deyiləm. Mən başqaları kimi öz xalqımı tamamilə ərzaqsız ac-susuz qoya bilmərəm. Mağazalarda alış-veriş davam etməlidir, hamıya yaşamaq imkanı verilməlidir, qoy xalq firavan yaşasın. (Kolbasaları kisəyə yığır.) Onlar da adamdır. Tək bir nəfər kef içində yaşamamalıdır ki!(Dayanıb qulaqlarını şəkləyir). Oy, tələsmək lazımdır. Bir başqa çaqqal girər içəri, ee, yəni  başqa oğru… oh-oh, adamı bir təhər eləyərlər! (Ətrafa göz gəzdirir ki, görsün daha nə götürə bilər.) Bax o başqa heyvərə anbarın hamısını yığıb apara bilməsə də, vicdanıma and olsun, tən yarısını burdaca yeyib-dağıdardı. (Bir qutu konfeti açıb yeyir, qalanını yerə atır). Bəyəm bu oğurluqdur, sevimli vətəndaşlar? Bunun adı bəlkə də oğurluq gedir. Amma özü… (Ərzaqla dolu kisəni qaldırır.) Baxın, özü isə, elə bil eee…  quşa, sərçəyə dən  aparırsan. Çünki mən vicdanın nə demək olduğunu yaxşı bilirəm. Axı mən anlayan adamam… Bəlkə də mənim indiki bu nəcib fəaliyyətim sayəsində, sabahları kassaya növbədə üç adam az dayanacaq və kassir xanım az yorulacaq. Ay onun əndamı yanmasın… Yazıqdı… Bütün günü tarakha-turak kassa döyəcləyir, qəpik-qəpik sayıb yığır. Axırda da müdir əclaf gəlib pulların hamısını onun əlindən alıb aparır… İnfarkt vurar adamı, sən pul say, səliqə ilə üst-üstə yığ, topala, başqası gəlib əlindən alsın… Heç insafdır, siz allah?! İnsan olan bəndə də belə gözəl kassirşanın şeyinə… zadına… zəhmətinə… göz dikər?! Məgər bu mənim xeyirxahlığım deyil ki xanımı artıq əziyyətdən qurtarıram?! Oy, nə isə, çox çərənlədim, tələsmək lazımdır… (Arxadakı açıq pəncərəyə yaxınlaşır. Ərzaq dolu bağlamanı o üzə atır. Sonra birtəhər özü də çıxmağa çalışır.) Amma o müdirimiz – zındıq yaman hirslənəcək ha! “Ay aman, dağıtdılar!” – deyəcək. “Qoymayın oğurladılar, müflis oldum!” – bağıracaq. Bir yana baxanda, yazıq  neyləsin, mən onu da başa düşürəm. Nisbətən təmiz adamdır, təmiz adamlar belə şeylərə dözə bilmirlər. Oy, deyəsən gələn var…

(Pəncərədən o üzə keçir.)

***

( Müdir qapını açıb içəri girir.

Tavandakı çilçırağı yandırır, hər yan işıqlanır.

Satııcı onun arxasınca gəlir.)

MÜDİR  …Bəli, bəli, Şirindil kişi, mən beləyəm, hər işin içində olmalıyam, odur ki, işə tez gəlməyi xoşlayıram.

SATICI (Yarınaraq).   Ay Xosrov bəy, mən sizə lap mat qalmışam: necə də məsuliyyətli, vicdanlı işçisiniz! Siz belə, necə deyim e, yaman həqiqətpərəst adamsınız. Həmişə də bura – öz sevimli postunuza hamıdan tez gəlirsiniz.

MÜDİR (Təvazökarlıqla).   Lazım deyil, Şirindil… Çox tərifləmə…

SATICI (Dağıntını hələ görməyib).   Həqiqi deyirəm, Xosrov canı. Siz necəsə, bilirsiniz, belə necəsə qeyri-adisiniz e, necəsə belə…

MÜDİR (Xəyalpərvər tərzdə).   Şirin can, mən axı ümumxalq rifahı naminə çalışıram. Inan ki, əgər özüm üçün olsaydı, bəlkə də bu qədər vicdanla  çalışmazdım.

SATICI.   Orası elədi əlbəttə… O məlum məsələdir, Xosrov bəy. Onçu da bu mikrorayonda xalq sizi çox sevir. Sorağınız hər yana yayılıb…

MÜDİR.   Eh, Şirindil… Ümumxalq mənafeyi mənimçün bilirsən nədir… hər şeydən… hər nemətdən üstündür. Ətdən də, yağdan da, baldan da, xalıdan da, xalçadan da… Başqa necə ola bilər ki?

SATICI.   Baxma da… Adam var ki, bir kilo ətə görə dədəsini satar… Amma siz nəinki bir kilo, heç… əlli bir kiloya da razılaşmazsız…  Əlbəttə… O məlum məsələdir də, ümumxalq rifahı naminə belə də olmalıdır. Biz hamımız o uca, ülvi amallar naminə belə olmuşuq, necə deyim e, bir təhər, yəni sanki elə bil biz ayrı aləmin adamlarıyıq e, Xosrov müəllim… Elə bil nəsə, xüsusi adamlarıq da biz hamımız bir sözlə… Xalqa xidmət edənlər nəsli…

MÜDİR.   Əlbəttə, Şirin kişi, bizim tərbiyəmiz elə qurulub ki, biz heç vaxt şəxsi mənfəət güdmürük, varlanmağa can atmırıq, başqasının şeyinə… zadına… nədi o – malına… hətta puluna da tamah salmırıq. O sovet dövrü idi, aclıq, susuzluq, pulsuzluq, hamı sökürdü, dağıdırdı, keçdi getdi! Şükr! İndi tam azadıq, sərbəstik. Üstümüzdə narodnı kontrol yox, bir şey yox. Öz əlimiz, öz başımızdı… Qazan qazana bildiyin qədər. Lakin qudurma! Bəli! Bizim arzumuz odur ki – bərabərlik olsun, demokratiya olsun, hürriyyət, əmin-amanlıq, həm də bolluq, firavanlıq olsun. Bir sözlə toy olsun, bayram olsun…

SATICI.   Siz böyük adamsız, Xosrov qağa. Bu mağaza sizə azdır. Siz gərək nə bilim, ispalkom, raykom, millət vəkili olaydız. Siz daim camaatın qeydinə qalırsınız… Haladı. Həqiqətən, biz nəçikarəyik ki, özümüz barəsində düşünək. Biz ancaq başqaları haqqında düşünməliyik. Xəmirimiz belə yoğrulub.

MÜDİR.   Yox, Şirin, sən burda siyasi cəhətdən bir balaca caydın. O başqaları ki deyirsən ha, kimdir onlar? Dolayısı ilə onlar da bəs elə biz özümüz deyilikmi?

SATICI.   Əlbəttə… Orası elədi…Onlar da elə bizik, biz də onlarıq, məlum məsələdi. Deyirəm də. Başqaları cəhənnəm olsun, onlar kimdir ki, biz onları fikirləşək. Bizimki odur ki, əvvəl özümüzü düşünək, sonra… “Cümlə cahan batsa da batsın”… Ha-ha-ha…

MÜDİR.  Amma mən düçünürəm ki, Şirincan, bir insan ki həyatda özünü düşünmür, bax elə bil onda həmin adam dönüb olur müqəddəs bir şey. O deyirlər e, sanki paklaşır, mənən ucalır göylərə. Peyğəmbərlik-filan…

SATICI.   Elədi, Xosrov müəllim, mənəvi ucalığımızı gərək əldən verməyək. Axı onu da əlimizdən alsalar, təsəvvür elə, bizdən quru yerdə nə qalar?..

MÜDİR.   Heç nə… quru yerdən yaş yer qalar…(Tuflilərini çıxarır) Oxay!!

SATICI.   Oy, Xosrov müəllim ağa…

MÜDİR.   Nədi? Pah! İstəyirsən pəncərəni aç…

SATICI.   (Burnunu tutaraq pəncərəyə sarı gedir.)  Oy, Xosrov bəy qardaş, bu nədi belə?

MÜDİR.   Nədi e?.. (Birdən anbardakı dağıntını görür) Hiii!? Aaa… Bu nədir?!

SATICI.   Qarət, ey Xosrov! Oğurluq! Anbara giriblər.

MÜDİR.   Ola bilməz! Vay!! Can qardaş! Şirinim mənim… Tez elə… Cum, polisə. Aman allah, bu nədir? Bir buralara bax… (ucadan) Polis!

SATICI.   (Daha bərk qışqırır) Ay poliiiiis!!! (qaçıb gedir)

MÜDİR.   Siz bir fikir verin. Görün mənim başıma nə oyun açıblar.

Marketin mühasibi qaçaraq gəlir.

***

MÜHASIB.  Xosrov müəllim, hardasız?! Deyirlər oğurluq olub? Düzdür?!

MÜDİR.   (Heykəl kimi dayanaraq uzaqlara baxır.) Hə, Misirim, bax və ləzzət al. Gör xalqın malını necə amansızcasına talayıblar? (Pafosla.)  Gör, gör ki, hələ cəmiyyətdə necə əbləhlər yaşamaqda davam edir.

MÜHASİB.   Paho, bu nə iş idi başınıza gəlib? Deyəsən yaman çox ziyan dəyib axı, Xosrov müəllim?

MÜDİR.   (Düşüncəli) Bilirsən, Misir… Əslində bir elə çox şey də aparılmayıb.  İnişil yox altdakı ilisi əmioğlumun qız nəvəsinin əri Arzu bəyin supermarketini yarmışdılar ha, yadındadı? Bax bizimki onun yanında toya getməlidir. Allah-allah, onu necə silib-süpürmüşdülər?! Qulaqlara qurğuşun… (Qulağını dartır.) Amma məsələ bunda deyil. Mən, bilirsənmi, nədən mənəvicə  sarsılıram: deyirəm, gör necə nankor, necə nacins, necə nakəs yaramazlar var aramızda!  Hələ şükür ki, bizim oğurluğumuz yüngülvaridir. Indi polismen gələr, baxar,  aktlaşdırarıq. Sən get gör harda ölüb, o Dayanduru  çağır bura. Əcəb də qarovulçumuz varmış – mağazanı gör necə oğurlatdırıb, sümsük! Çağır, qoy akt tərtib edəndə o da burda olsun, xəcalət çəksin, tər töksün maymaq.

MÜHASİB.   Bu dəqiqə… Eh… (Əzilib-büzülür) Xosrov müəllim, ay Xosrov müəllim…

MÜDİR.   Noldu? Tez elə…

MÜHASİB.   Deyirəm yəni necə də əlverişli fürsətdir e!

MÜDİR.   Nədi?

MÜHASİB.   Fürsətdi deyirəm necə də əlverişli… Akt ki tərtib edəcəklər…  Yazacaqlar-pozacaqlar…

MÜDİR.   Hə, haqq-hesab aparılacaq… Qəpiyinəcən… Görək nə qədər ziyan dəyib mağazaya…

MÜHASİB.   Bəs axı bizim özümüzün də nə qədər… nədi o… itgi-filan… əyər-əskiyimiz var. Deyirəm, Xosrov müəllim, bəlkə biz işimizi bəri başdan ehtiyatlı tutaq… Öz daxili işlərimizi də sahmana salaq. Düzüb-qoşaq qurtarıb getsin  deyirəm…

MÜDİR.   Hə? (Fikirə dalır) Əlbəttə, səni anlayıram, Misirim, ehtiyat igidin yaraşığıdır. Adam gərək işini ehtiyatlı tutsun. O da ki ola, sən demişkən, əgər  özümüzdə əyər-əskik-filan varsa…

MÜHASIB.   (Həvəslənir) Əlbəttə var, Xosrov müəllim… Əyər-əskiksiz mağaza  olur bəyəm? Ayın axırında vergi yoxlaması gələndə, ya nə bilim sahibkarlıqdan,  departamentdən, qəzetdən-filandan gələn olanda və sair… başımız nə qədər ağrıyır. Adam bilmir hardan kəsib hara calasın. Amma indi fütsətdi də, bir balaca  ehtiyatımızı tutaq… işlərimizə requlirovka verək… Yallah! Hə? Nə deyirsiz?

MÜDİR.   Hm… Nə bilim. Bir azca də? Ee… Əgər bir azacıq deyirsənsə… Zapas üçün… eləmi?

MÜHASİB.   Lap azacıq, Xosrov müəllim. Day bu boyda marketi sizə veriblər, inanıb etibar ediblər, xozeyinsiz… İşlədirsiz, pis də işlətmirsiz, amma havayıdı bəyəm, bir xeyriniz olmalıdır ya yox? Misalçün, tutaq ki, beş kilo qənd aparmayıblar, Xosrov müəllim, biz deyərik on beş kilo aparıblar. Onsuz da oğru əclaf üçün nə fərqi var, beş dedik, on beş dedik. Amma bizimçün… əlimizin altında ehtiyat rəqəmdi də, lazım olar sabah… vergi yoxlaması gələndə, ya nə bilim, sahibkarlıqdan, departamentdən, qəzetdən-zaddan gələn olanda və sair… və ilaxır…. i td… i tp… Hələ təsisçilərin payı,  planı-filanı demirəm…

MÜDİR.   Aydındır. (Fikirli-fikirli)  Orasını düz deyirsən ki, indi bu oğğrr… uu..  aa… şın… yəni oğrunun nə vecinə!

MÜHASİB.   Əlbəttə, Xosrov müəllim, onunçün nə isti-soyuğu? Olan olub, keçən keçib. O maymaq istəsəydi lap bir korobka qəndi dalına alıb aradan çıxardı. Amma o hərif qorxusundan bəlkə də bir-iki paçka qoltuğuna basıb qaçıb, vəssalam. Indi onun əvəzinə biz – inşallah, o söz… eləyərik. Yazarıq beş korobka… Yallah!… Gözünü yum, aç – yoxdu. Gizlənpaç, gəldim qaç… Uşaq vaxtı heç oynamısız?

MÜDİR.   Dayan görüm əşi… Bir yana baxanda, onu düz deyirsən ki, bu qənd həmişə bizim başımıza oyun açır. Keçən ay, yadındadı, bir kilo qəndə görə bizi nə günə qoydular…

MÜHASİB.   Belədi də. Düzələn zibil deyil bu ticarət işi… Bir halda ki belədi… fürsət düşüb… davay??

MÜDİR.   Hə də, indi heç polis-prokuratura üçün də bunun əhəmiyyəti yoxdur. Axı oğru həqiqətən də çox şey apara bilərdi…

MÜHASİB.   Ağlı olsaydı… Lap bütün marketi söküb aparardı. Bu saat bizimçün əla momentdi. Həm də kulturnu alınır…  dələduzluq olmur… (qənd qutusundan yapışır.) Kömək edin zəhmət olmasa, Xosrov müəllim, bu bir korobka qəndi o tərəfə qoyaq.

MÜDİR.   Ağ eləmə, Misirçik, bu qədər çoxdu. Acgöz olma.

MÜHASİB.   Çox niyə olur, Xosrov müəllim? Lap əntiqədi. Gəlin hələ bunu qoyaq kənara, sonrasına baxarıq. Əşi, uşaqlar südə-zada qarışdırıb içəcəklər də, şirinlikdi. Qarşıdan bayram gəlir. (Qutuları sürüyüb bir küncdə gizlədirlər).

MÜDİR.   Ürəyim ağrıdı. (Kolbasa götürüb kəsir) Acındandı yəqin… (Kolbasadan bir  dişləm alır.) Aa, dadlı servelatdır ha… Bir bax. (Ona da kəsib verir)

MÜHASİB.   (Yeyir.) Dadlı yox e, müdir, superdir!

MÜDİR.   Yəni deyirsən kolbasa da götürə bilərik, Misirim? Axı bu kolbasa sexi də həmişə bizim başımıza corab hörür. Çox dadlı, ləzzətli maldır ha. Heç vaxt gəlir-çıxarı başa-baş gəlmir.

MÜHASİB.   Day kolbasa götürməliyik də, Xosrov müəllim. Buna nə söz ola bilər? Təmiz maldı, hardan gəldiyini bilirik, at ətindən deyil, eşşək ətindən deyil. Xalis danadır. Uşaqlar evdə yeyəcək də… Zəhmət olmasa o beş “palkanı” da bəri verin.

MÜDİR.   Elədir, düz deyirsən, al yeddisini də götür. Bizim uşaqlar da kolbasaya xüsusi  rəğbət bəsləyirlər. İnan allaha, bir qazan küftə-bozbaşı  yeyirlər, sonra üstündən yenə  kolbasa buterbrodu istəyirlər. Ha-ha-ha… Deyirəm ay köpək uşağı… Ümumiyyətlə, kolbas məmulatı bütün dünyada ən məşhur təamdır ha… Bir dəfə sovet vaxtı Rumıniyaya getmişdik, Misir, sən öl, gündə üç dəfə bizə  kolbasa-sosiska-sardelka yedizdirirdilər… Səhər, günorta, axşam… Tay gic olmuşduq… Nə isə, bu heç, bunu həll etdik… On iki “palka” oldu eləmi? Beş o da yeddi… Amma siqaret cana ziyandır. Nə edək? Deyirsən yəni papiros da götürək?

MÜHASİB.   (Siqaret dəstlərini qucağına yığır, aparıb gizlədir) Əlbəttə! Papiros – mütləqdi. Kişi deyilik? Olsun da ziyan.

MÜDİR.  Ay Misir, neynirsən, o qədər çoxdu, canım. Qaytar yarısını yerinə.

MÜHASİB.   Məncə normaldı, müdir. Bu zəhrimar çəkilir gedir də. Sümür, üfür havaya, vəssalam, yoxdur – di gəl balansı göydə axtar. Qoy çox olsun, Xosrov müəllim, xalqa ziyan dəyincə qoy mənə dəysin. Demək, səkkiz qutu siqaret… Bu da alışqanlar… Hə, o iki qutu yağı da qoydum o tərəfə.  Şokolad korobkalarının yanındadı. Sonra ara sakitləşəndə hamısını çıxarıb apararıq. Mən özüm təşkil edəcəm, sizin işiniz olmasın, Xosrov bəy.

MÜDİR.   Oğulsan e, Misir! Halal olsun! Çox istedadlısan! Hər dəfə belə operasiyalarda sənə heyran oluram. (Gülür) Amma öz aramızdı, yaman maymaq oğru imiş ha bura girən…

MÜHASİB.   Əşi axmağın biriymiş. Üzünə tüpürülməli murdar bir adam imiş. Oğru nədi, siz demişkən, lap oğraşın biriymiş… Tupoy oğlu tupoy!

MÜDİR. Sss… Adam gəlir.

MÜHASİB.   (Tez kassanı yoxlayır) Deyirəm görəsən kassanın vəziyyəti nə yerdədir? (Oradan nəyisə xəlvəti götürüb cibinə qoyur.)

Polis və Satıcı gəlirlər.

***

SATICI.   Budey, baxın polismen qardaş. Budey… Budey…

MÜDİR.   Salam, Əjdər əmi.

POLIS.   Salam, Xosrov kişi. (Anbara göz gəzdirir.) Hə… Yaman ustalıqla işləyiblər deyəsən…

MÜDİR.   Sən bir işə bax ki, gecə qapıda gözətçi ola-ola içəridə nə hoqqalar çıxarıblar.

POLİS.    Gözətçi kimdir?

SATICI.   O bizdə həm təmizliyə baxır, yır-yığış, zibil atmaq-filan, həm də gecə qarovulçu durur. Bədbəxt adamdır, deyirəm burdan da beş-üç manat alıb dolansın da… Neynim e, mən humansit adamam… Xalqı düşünürəm…

POLİS.   Çağırın!

MÜDİR.   Gözətçi gəlsin! Çağır qoy o başıbatmış da akt bağlananda burda olsun. Bu ona yaxşı dərs olar.

MÜHASİB.  Bu dəqiqə, Xosrov müəllim, indicə çağıraram.

Cəld qapıya doğru gedir. Yolda Kassir qadınla toqquşur.

***

KASSİR QADIN.   (Qışqırır) Vay! Oğru! (Əllərini göyə qaldırır) Allah bəlanı versin! Vay!!

MÜDİR.   Naza, Naza, sakit ol. Özünü ələ al, canım-gözüm. Nolub, özünü mədəni apara bilmirsən?

KASSİR QADIN.   Mənə dedilər ki, bizi soyundururlar… eee… yox e, soyurlar, Xosik.

MÜDİR.   Bir balaca gec ayılmısan, xanım. Soyurlar yox, artıq soyub qurtarıblar.

SATICI.   Xanım yazıq neyləsin, gözü qorxub da…

KASSİR QADIN.   Vay-vay, qarət ediblər? Çox şey aparıblar? Bəs mənim kassam? Ona toxunmayıblar ki?

MÜDİR.   Nə bilim, özün bax gör kassaya əl vurmayıblar ki?

SATICI.   Məncə kassada işləri olmayıb.

POLİS.   (Anbarı diqqətlə müayinə edir.) Aha… Belə… Buradan giriblər… Oradan çıxıblar… Bu tərəfdən yığıblar… O tərəfdən yarıblar… Paho! Neçə nəfər giribmiş bura? Böyük operasiya olub burda, balam. Çox mahir oğrular imiş!

KASSİR QADIN.   Aha, açıq-aydın görünür ki, burama da əl gəzdiriblər. Hər şeyim alt-üst olub. Kor-kor, gör-gör. Vay! Mən burda dörd yüz qırx dörd manat qalıq qoymuşdum, indi azdır. Baxın. Ay, bir də hesablayım. Aha, pojalusta, cəmi qırx dörd manat qalıb kassada… Dörd yüzü çatışmır!

Mühasib oğru Gözətçi ilə birgə gəlir.

***

MÜDİR.   (Gözətçiyə tərəf dönür.) Alə, düdük, bu necə qarovulçuluqdu?! Mən səni adam saydım… İş verdim…

GÖZƏTÇİ.   (Yalandan gözlərini ovuşdurur, əsnəyir, guya yuxudan təzə ayılıb.) Nə, nə? Nə olub bəyəm, Xosrov dayı?

MÜHASİB.   Öküz kimi yatırdı, şef, zorla təpikləyib oyatmışam oğrrr…

SATICI.   Necə yəni “nə olub”, ə, düdük? Daha bundan artıq nolacaq? Xalqa dəhşətli dərəcədə zərbə dəyib, sən isə mal kimi yatmısan.

MÜDİR.   Budey, bax ləzzət al. Marketi söküblər, səninsə dalından xəbərin olmayıb.

GÖZƏTÇİ.   (Yalandan) Hiii… Ayy-yay-yay… Ay-ay! Biz tərəflərdə də  oğurluq? Bir görün e, siz allah! Heç inanılası deyil.

MÜDİR.   Indi bax, inan və ləzzət al.

GÖZƏTÇİ.   (Süni şəkildə) Ay-ay-ay! (heyrətə gəlmiş adamın rolunu oynamağa başlayır. Gah başını tutur, gah ürəyini) Ay-ay-ay! Ay aman necə dəhşətdir, adamın heç inanmağı gəlmir! Bizdə oğurluq? Ə-töv-bə!!

MÜDİR.   Yoldaşlar, əgər o oğğrr… oğru əlimə düşsə, onu diri-diri bass… boğğğ…aram.

GÖZƏTÇİ.   (Qorxaraq) Ey-ey-ey! (Boğazını tutur) Tay boğmaq niyə? Fikir verirsən, cənab polis qardaş…

POLİS.   Bağışlayın, sizsiniz gecə gözətçisi?

GÖZƏTÇİ.  (Adi səslə) Mənmi? Hə də, əlbəttə, mənəm gecə gözətçisi. Tay neynim? Amma mən bədbəxt bütün gecəni qapının ağzında uzanmışam, gözümə bir şey dəyməyib. Əlbəttə, ola bilsin arada haçansa yuxu aparıb, mürgüləmişəm… Ola bilər, inkar eləmirəm.

SATICI.    “Mürgüləmişəm” nədi, ə, köpək oğlu! Gör bir sənə görə millətə necə ağır ziyan dəyib.

GÖZƏTÇİ.   Amma deyirəm, yaxşı ki çox şey apara bilməyib. Hə?

MÜHASİB.   O nə sözdü? Bəs bu oğurlananlar azdır?

MÜDİR.   Oğurlanan mallar yada düşəndə adamı dəhşət bürüyür. Tüstüm təpəmdən çıxır.

GÖZƏTÇİ.   (Çaşır) Yox, məncə çox şey apara bilməzdi… Güman ki, xırda-para nəsə  aparıb. Çünki mən özüm… Mən səs-küyə srazu oyanardım axı…

MÜDİR.   Bu saat biz akt tərtib edərik və bilərik sən necə qarovulçusan, xalqın  malını nə təhər qorumusan. Alarsan cəzanı.

GÖZƏTÇİ.   Əşi, dedim çox şey apara bilməzdi də, Xosrov bəy! Mən ayıq adamam… Ayıq yatıram.

MÜHASİB.   Xeyli qənd, yağ, çay, konfet aparıblar.  Lap xeyli.

GÖZƏTÇİ.    Necə yəni xeyli, ə? Gicsən-nəsən? Deyəsən burda ərzaqlar bir-birinə qarışıb. Kim…

MÜDİR.    Siz yazın, cənab polis nəfəri, ona fikir verməyin.

MÜHASİB.   Deməkyazın, rafinad… Belə, siyahı üzrə baxırıq. Tak-tak-tak…  Düz iki korobka rafinad çatışmır. İyirmi kiloluq korobkalar idi.

GÖZƏTÇİ.   N-nec-əə yə-əni iyir-mi kilo-luq… ii-kii kooroobkaa? Uşaqlar… Dostlar…. Qardaşlar…. Vətəndaşlar… Sən nə danışırsan, ə, Misir… dəlisən?

MÜDİR.   İndi gördün necə ayıq-sayıq yatmısan, ay sarsaq?!

GÖZƏTÇİ.   N-necə yəni qənd iki yekə korobka ey? Xosrov kişi, buna deyin da! İki korobka hardan çıxdı? Mən axı… mən mütləq oyanardım əgər o qədər qənd daşınsaydı… Mən həmişə yatanda ayaqlarımla qapının ağzını kəsirəm.

MÜDİR.   Qələt eləyib yatırsan da! Bir də yatmazsan. Sənin keybalaxanımlığın  ucbatından bizə dəhşətli dərəcədə dözülməz maddi və mənəvi zərbələr dəyib… Siz yazın, möhtərəm polis nəfəri, hörmətli Əjdər bəy, yazın. Kolbas məmulatlarının vəziyyəti nə yerdədir, Misirim?

MÜHASİB.   Kolbasa – biabırçılıqdır, müdir. Biri də qalmayıb, düz on iki ədəd  aparıblar. On iki ədəd!

GÖZƏTÇİ.   On iki ədəd? Necə yəni on iki? Nə on iki? Adə, sən necə haqq-hesab aparırsan, fırıldaq! On iki nədir? Polis qardaş… On iki nəymiş, e? Vay dədəm, mən nə zibilə düşdüm?

MÜDİR.   Aha, mütəəssir olursan, Dayandurçik, peşimançılıq duyğuları səni narahat edir? Vicdan əzabı çəkirsən… vicdansız!

GÖZƏTÇİ.    Mən necə mütəəssir olmayım, bəy? Üstümə göz görəti bu cür qəfil zərbələr gəlir…

MÜDİR.   Bəs necə… Belə ağır qəza törədəndən sonra göndərərlər gedib Qobustan qayalarının arasında bir az gəzərsən, dincələrsən, transa girib əcdadlarının müqəddəs ruhundan dərs alarsan, ağlın başına gələr. Qayıdandan sonra daha ayıq-sayıq durarsan postda… qapıda, oğrunu buraxmazsan xalqın malına yaxın… şakal!

MÜHASİB.   Yazın, siqaret… Yüz altmış beş qutu… oğurlanmışdır.

GÖZƏTÇİ.   Neçə qutu? Yüz altmış qutu?

MÜHASİB.   Xeyr… Yüz altmış beş qutu…

GÖZƏTÇİ.   Yoldaş… qardaş polis… Əjdər əmi, sənə qurban… Canım müdirim, bu nədir belə? Aman Allahım! Məni bədbəxt eləməyin…

MÜHASİB.   Narahat olma, Dayandurak, həyatda səninkindən o yana bədbəxtçilik olmur ha… Həyəcanlanma… Deməli, yüz altmış beş qutu, üstəlik on altı qutu da alışqan çatışmır… müdirim mənim.

GÖZƏTÇİ.   Aa, alışqan hardan çıxdı?! Bu dilinə qara yara çıxmış Misir alışqanı hardan qondardı, Xosrov bəy? Deyin də ona… Siz nisbətən təmiz adamsız, onun tayı deyilsiz, o tam julikdir… Əjdər əmi… Cənab polisim… məni qoruyun.  Vallah düz demir. Bu nə həngamədi, ay Allah? Alışqanı o öz zadından… yanından çıxartdı əclaf! Yazmayın bunları!

MÜDİR.   Əşi, mane olma! Bu zibildaşıyanı çıxardın dedim axı burdan. Əl-ayağa dolaşır, işimizə mane olur. Görmürsüz işimiz tökülür…

KASSİR QADIN.   Hə, Dayandur kişi, sən təcili marketin ərazisini tərk elə. Tez-tez, əlim sənə dəyməsin, spirtim qurtarıb.  Davay… Çıx!

POLİS.   Amma uzağa getmə ha, buralarda ol, cənab karaul. Lazım olsan səni  çağırtdırarıq. Hələlik  gedə bilərsən…

GÖZƏTÇİ.   Xeyr! Mən çox üzr istəyirəm… Siz məni bağışlayın, kobudluq edirəm, amma mən getməyəcəyəm buradan. Çünki bütün bu hadisələr məni sarsıdır. Çox həyəcanlyam. Təzyiqim qalxıb deyəsən. Çox üzr istəyirəm,  qoyun burda qalım, müdirim demişkən, mən işin içində olmalıyam… daha danışmaram.

POLİS.   Sözmü?

GÖZƏTÇİ.   Söz! Söz! Qalım?

POLİS.   Yaxşı, qalın.

KASSİR QADIN.   Gör bədbəxt nə kökə düşüb e? Deyəsən vurulan ziyan ona doğrudan da bərk təsir edib. Yaxşı, keç bir qıraqda otur, Dayandur dayı, ya da ayaq üstə dur, özün bil…

MÜDİR.   Davam edin.

KASSİR QADIN.   Yaxşı… Hə, baxım görüm… Ay, ay, Şirindilçik, yazın, kassadan dörd yüz manat puldan savayı, plyus təkqaş üzüyümü, kosmetiçkamı, bir də əyriburun qayçımı götürüblər.

GÖZƏTÇİ.   Az, nə danışırsan? Dörd yüz manat nədir? Dörd yüz manat ha! Mən axı… Kassada pul varıydı? Bu hardan  çıxdı? Ya o qayçı nədi, kosmetiçka nədi, canım? Yoldaş vətəndaş polis… Qardaşlar, bu nədi belə? Siz kimə torba tikirsiniz? Əjdər əmi, sən qanun keşikçisisən axı! Qoyma!

MÜDİR.   Eee, Naza, bəs sən bunun mitilini atmadın bayıra? Dedim axı! Dığ-dığı beynimizi apardı.

KASSİR QADIN.   Mən neynim, Əjdər əmi qoymadı. Həqiqətən adamın lap əsəblərilə oynayır e bu bodiqard.

MÜHASİB.   (Qonşu otağın qapısından boylanır)  Dünən axşam evə gedəndə ipək şarfımla andatra papağımı burdan asmışdım. Indi yoxdur. Cənab polis, onları da yazın lütfən.

GÖZƏTÇİ.   (Ayağa qalxır) Ax, əclaf! Mən sənin şarfını görməmişəm… Hələ on iki “palka” kolbasanı, yüz altmış qutu siqareti demirəm…

MÜHASİB.   Yüz altmış beş…

GÖZƏTÇİ.   Bu lap adamı ələ salmaqdır. Mən cəmi üç dənə kolbasan   götürmüşəm. Ac idim, birini o saat yedim,çörəksiz-zadsız, ikisi durur… Odu, qapı dalındakı kisədədir… Naza, pul-zad da olmayıb ha, ay qancıq, heç kosmetiçka da görməmişəm. Üzük isə yerli-dibli yox idi. Ləçər!

Pauza.

SATICI.  D-dayan… D-dur… B-başa d-düşmədik!

GÖZƏTÇİ.   Cəhənnəmə başa düşün, əşi! Bəsdir də! Açıq etiraf edirəm, oğurluğu mən eləmişəm… Boynuma alıram. Amma, öz aramızdır, mən o dərəcədə vicdansız adam deyiləm! Əclaf da  deyiləm! Bu vaxtacan bir qarışqanı belə incitməmişəm… (Kövrəlir.) Amma hamı məni ələ salır… sataşır… incidir… Bu gecə isə … möhkəm ac idim… Sonra da… Nəfsimi saxlaya bilmədim… Mən də adamam axı…

POLİS.   Dayanın, vətəndaş, sizi necə başa düşək, hə, vətəndaş Dayandur?

MÜDİR.   Bəli, həqiqətən də sizi necə başa düşək, düdük? (Vurmaq istəyir.)

POLİS.   Bir dəqiqə, Xosrov müəllim… Ay Dayandur kişi, yoxsa demək istəyirsən… ee…  siz… oğrusunuz… yox, üzr istəyirəm, yəni mağazanın oğurlanmasında siz şübhəli şəxs qismində gedirsiniz?

GÖZƏTÇİ.   Bəli… O mənəm. Amma mən nə üzük görmüşəm, nə qayçı, nə yağ, nə də o dələduzun papağını. Pul da ki lap ağ oldu. Nə pul?! Qətiyyətlə rədd edirəm! Razı olmaram mənim təmiz adıma belə ləkə vurula… Yox bir, dörd yüz manat!Mənim boynuma nələri qoymaq istəyirsiniz?!

MÜDİR.   Aman allah! Siz bir bu düdəmənin düdüklüyünə baxın, ay camaat. Əclaf! Oğğrr… oğru oğlu oğru!

MÜHASİB.   Bu ki lap çürüməkdə olan ünsür imiş?! Lümpen proletariat qalığı! Bunlar idi də 37-ci ildə xalqı güdaza verən! Millətin qaymaqlarını qırdılar…

GÖZƏTÇİ.   Sən sus, burjuy kopoy oğlu! Sənnən sonra danışacam.

POLİS.   Sakit olun! Dalaşmayın! Artıq sözlər də lazım deyil. Mitinqdə deyilsiniz. Bura anbardır. Biz məsələni əməlli araşdırmalıyıq. Vurmaq da olmaz, vətəndaş Xosrov. Çünki o hələlik məhkum deyildir, o yalnız şübhəli şəxs qismində dindirilir. Əgər cinayəti boynuna qoyularsa… ee… sübut olunarsa… Bax onda başqa məsələ!!. Gəlin indi təqsirləndirilən şəxsi dinləyək, bir-bir desin, biz də hər şeyi olduğu kimi obyektivcəsinə yazaq, aktlaşdıraq, sənəd-sübut toplayaq… Əvvəlcə bir sualıma cavab verin, vətəndaş Dayandur. Ancaq onu da bilin ki, hər yalan sözünüz öz əleyhinizə fakt kimi işlədiləcək və Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələri üzrə ağırlaşdırıcı hal kimi tövsif olunacaq. Odur ki, düzünü deyin, konkret olaraq məhz nələri götürmüsünüz?

GÖZƏTÇİ. Bəli, konkret olaraq… Kişi kimi… Yazın. Bir ədəd çay, bir koffe, bir çikolata, üç kolbasa…

MÜDİR.   Aha… Çox əla! Əlbəttə, obyektiv olaraq yaxşıdır… Amma biz bəlkə də tələsikdə, başılovlu nəyisə çaşdıra bilərdik. Yaxud kalkulyator səhv edə bilər. Batareyası da tamam zəifləyib… Rəqəmləri düz göstərməyə bilərdi… Nolar, bu saat bir də əməlli haqq-hesab edərik. Ölçüb-biçərik. Ağa durub, ağacan durub. Naza da burda, Misircan da burda…

MÜHASİB.   Əlbəttə, burda nə var ki? Bütün mal içəridədir, bir də yoxlamaq olar. No problem! Şirindil, qardaşım, sən o gün təzə gələn qənd korobkalarını hara yığdın? Olmaya o küncdəkilər qənddir, hə? Elə deyil?

SATICI.   Bıy, Misir, sən dəlisən? Mənim qəndlə nə işim? Hamı bilir ki, mənim şəkər xəstəliyim var. Dərdim böyükdür. Şirin şey görəndə davleniyam qalxır. Mən qəndə yaxın getmirəm. Qənd odey, piştaxtanın altında, get bax. Amma mənim heç nədən xəbərim yoxdur.

MÜHASİB.   Əşi, yaxşı da, səni tutdurmuruq ki?! Darıxma. Görünür kimsə təsadüfən sürüyüb qoyub ora. Nolsun? Pah, nə böyük iş olub! Əsas odur ki, mal anbardan çölə çıxmasın, içəridə olsun. It-bata düşsə hamımız batarıq… Bu oğru Dayandur kimi… (Küncə tərəf gedərək yolüstü cibindən bir bükülü çıxarıb kassanın yanına  atır) Aha, budey, qənd korobkaları cağbacağ burdaymış, çox şükür!

POLİS. Lap yaxşı, gəlin bu cür davam edək və obyektivcəsinə hər şeyi bitdə-bitdə yazaq… Sonra, vətəndaş Dayandur, sonra deyin nə götürdünüz?

KASSİR QADIN.  Pardon, pardon… Dayandurçik, əzizim, bir dəqiqə, bir dəqiqə… Pullarım… Budey, pullar burdaymış. Budey, topacana bükülü bura düşüb qalıb, bayaq görməmişəm. Vsyo, tapdım. (Sayır.) Bir, iki, üç… Pullar yerindədir, əl vurulmayıb, şükr, çox şükür… Dörd yüz qırx dörd manat! Bundan keçdik. Amma kosmetiçkamla üzüyüm…

GÖZƏTÇİ.   Az, Naza! (Əsəbi halda) Mən bu saat sənin o ləçər sifətinə bir “Ptiçiy Moloko” tortu yapışdıraram, daha kosmetiçkaya ehtiyac qalmaz! Əməlli axtar, qılquyruq!

KASSİR QADIN.   Əjdər əmi, gördüz? Mən onunla necə nazlı, incə-mincə danışıram, o isə məni təhqir etdi… Xahiş edirəm hüquqlarımı qoruyun… Aa… üzüyüm… budey, kassanın arxasına düşübmüş, görməmişəm…

POLİS. Bir dəqiqə, Naza xanım, onda gəlin hər şeyi dəqiq, qərəzsiz və obyektivcəsinə…

MÜHASİB.   Oy, dostlar! Şarfım! Tapıldı! Nə xoş gündür bu gün! Sən demə sol tərəfdə, ürəyimin başındakı cibə basmışam ipək şarfımı, qalıb orda. Yadımdan çıxıb. Amma  papağım dəqiq yoxdur ha! Papağımı verin!

MÜDİR.   (Döyükür) Onda… Dayan görüm… Cənab polis, gəlin bayaqkı aktı cıraq. Yenisi yazılsın. Fakt təzə, akt təzə!

KASSİR QADIN.  (zümzümə edir) “Arzu təzə, əməl təzə, il təzə…”

SATICI. Bəli, bəli, hər şeyi təzədən doğru-düzgün, obyektivcəsinə yazaq bu dəfə.

GÖZƏTÇİ.   Xahiş edirəm, kolbasaları da əməlli sayın, yoxsa bir az da belə getsə, mən öz hərəkətlərimə cavabdeh deyiləm… Burda kimsə mələyəcək. Bax xəbərdar etdim ha, Şirindil.

SATICI.   Dayan görüm əşi, mane olma. Belə… (Kolbasaları sayır.) Bir, iki… Cəmi üç ədəd kolbas məmulatı əxz edilibdir. Qalanları yerindədir. Yeşikdə.

GÖZƏTÇİ.  Bax belə ha… Bu başqa məsələ (Köks ötürür). Üç  dəqiqdir… Birini srazu yedim, ac idim, eləcənə çörəksiz-zadsız basdım getdi… İkisi odu qapının dalında kisədə…   Yoxsa ət-töv-bə!!…

POLİS.    (Gözətçiyə) Aydındır. Onda gəlin tez-bazar yazaq, çıxaq gedək “otdeleniyaya”. Mən operativ vəziyyəti rəisə canlı-canlı dolojit eləməliyəm.

GÖZƏTÇİ.    Dayan, dur bir dəqiqə polisim. (Kassir qadına) Az, Naza, noldu qayçın? Bax, bir də deyirəm, bu dəqiqə tapmasan mən özüm tapıb o qayçının əyri burnunu sənin əyri… zadına… şey eləyəcəm… qılquyruğun biri qılquyruq.

KASSİR QADIN.   Yenə də?! Polis! Əjdər əmi! Təhqir! Bu faktı da aktlaşdırın!

POLİS.    Dayanın, vətəndaşlar, durun görüm. Sən də gicdəmə, vətəndaş Dayandur. Özünü türemşik kimi aparma. Sən hələ şübhəli şəxs qismində gedirsən…

SATICI.  Görün, ay camaat, tülkü kimi oğurluq edib, hələ bir üstümüzə xoruzlanır da.

MÜHASİB.   Ayə, Şirindil, gördün sən öl, necə dəhşətli dərəcədə qorxulu bir ünsür imiş bu adam cəmiyyətimiz üçün, yox gördün?!

MÜDİR.   Amma mən, dostlar, belə alçaq və yalançı adamları görəndə ürəyim ağrıyır, mənəvicə əzab çəkirəm, hətta demək olar sarsılıram. Düşünürəm, axı neyçün?! Neyçün yer üzündə hələ də belə insanlar qalmaqda davam edir! Axı, biz artıq XXI əsrdə yaşayırıq! Cəmiyyət bu qədər inkişaf etmişdir! Səsimiz aydan, ulduzdan gəlir… Dünya birliyinə inteqrasiya prosesləri sürətlə davam edir… Fəqət… Bu sayaq oğğ… rr…

POLİS.  Sss… Olmadı ki?! Yaxşı, Dayandur qardaş, vətəndaş, gəl gedək. (Market işçilərinə.) Siz də birazdan gələrsiz, otdeleniyada ayırd edərik… Açığı, mənim başım bu tünlükdə yaxşı işləmir… (Yumruqlarını düyünləyir.) Mən orda yaxşı işləyirəm. Gedək, ə! Düş qabağıma, haydı…

Polis Gözətçini aparır. 

***

 MÜDİR.   Bəli, deyirəm də… Axı neyçün bu gözəl dünyamızda belə çəpəl, yaramaz, nankor, yalançı adamlar var! Niyə? Nə üçün?

SATICI.   Nə qədər mənfi bir nüsxə imiş bu, Xosrov müəllim. Pa atonnan!

MÜHASİB.   Hələ özü də qarovulçudur.  Keşik çəkir! Vicdansız. Halbuki qarovulçular cəmiyyətin ən təmiz, ən vicdanlı adamları olmalıdır!

SATICI.   Bəli! Onlara el malı etibar edilir, inam göstərilir…

MÜHASİB.   O isə əclaflıqla məşğul imiş. Yalançının biri yalançı. İnsan nə qədər fırıldaqçı olarmış?!

KASSİR QADIN. Bodiqard olub mənimçün! Kobudun biri kobud. Heş kadına qarşı da belə qaba və amansız olarlar? Oxrana görməyib e… Canımçün, o  “Teloxranitel” filmini görsəydi, adam olardı… Bi isə əsil oğrudur ki durub! Sir-sifətindən də idbarlıq yağır. Mən onsuz da bundan çoxdan şübhələnmişdim…

SATICI.   Naza, o sənə “qılquyruq” dedi ha, mən başa düşmədim, bu nə deməkdir?

KASSİR QADIN.   Xeyr, demədi, sən ara qarışdırma, sadəcə demək istəyirdi…  ağzından necə vurdumsa, dərhal susdu… Görmədin? Amma qayçım tapılmadı ha, dostlar. Allah haqqı, qayçını kimsə çırpışdırıb. Bəs mən indi neyləyim. O qayçını mənə nişanlım bağışlamışdı…

SATICI.   Hansı?

KASSİR QADIN.  Kobud! Şirindil yox e, Acıdilsən! Sən get adını dəyiş, a bədbəxt.

MÜHASİB.   Di yaxşı, sızıldama ay qız (Cibindən qayçını çıxarıb yerə atır). Budey… Bu kimin qayçısıdır düşüb yerə?.. Mənim norka papağımı oğurlayıblar, heç zarımıram. Gül kimi nutriya dərisindən papaq idi. Perlamutrı… Xoruz quyruğu… Gün çıxanda bərq vururdu… Mən indi neyləyəcəm qışda?

MÜDİR.   Bay, hanı mənim əlcəklərim? Salam-məleykum, indi belə oldu? Dünən təptəzə dəri əlcəklər almışdım, üstü qara, içi qırmızı, özü də isti və yumşaq… taxırdın – ləzzət!!… Başına daş saldınız? Nolar, heç eybi yoxdu… Mən də mənəm, sizə göstərərəm… (Dərindən ah çəkir.) Bu gün nə pis başladı, canım. Bəs mən indi əlcəksiz nə edim? Mənim  soyuqdəyməm var axı? Umayra xanım da axşam telviziyada deyirdi ki sabah qar yağacaq… Əllərim donacaq… Paho!

SATICI.   (Bir küncə çəkilir, cibindən əlcəkləri çıxarıb atır) A-aa, dostlar, orda bir cüt əlcək var, baxın görün kimindir? Bəlkə sizinkidir, Xosrov müəllim?

MÜDİR.   Baxım. Hə də, mənimkidir, ver bura! Sağ ol, Şirindil. Sənə mükafat düşür.

SATICI.   Demək o avara oğru yəqin qəsdən götürüb bura, çəlləyin dalına atıbmış ki, sonrada çıxarıb aparsın bazarda satsın dəyər-dəyməzinə, versin şirin çaxıra, içsin şellənsin alkaş!

MÜDİR.  Elədir ki var, Şirindilim mənim… Sən həmişə sözün düzünü danışırsan! Amma… dayan görüm… mən axı onları… Mən axı əlcəkləri oğurluq hadisəsindən sonra əlimdən çıxartmışdım?

SATICI.   Hə? Eləmi, qağa?! Əşi, arada oğru içəri gəldi da. Yəqin onda iki daşın arasındaca o əlcəklərə tamah salıb çırpışdırıb əclaf… Oğru qanunlarında belə şeylər olur, Xosrov müəllim…

MÜDİR.   Hə, düz deyirsən, Şirindil qardaşım mənim, arxam-dayağım mənim, düz deyirsən, həqiqətən o oğğ… rrr… uuu…aşşş… arada gəlmişdi içəri… Pah, gör e… Yaman cəld imiş bu… Bilməmişik… Adamları tanımaq olmurmuş…

MÜHASİB.    (Sızıltıyla) Ay necə gözəl norka papaq idi mənim papağım! Perlamutrı, xoruzquyruğu idi. Qulaqları da vardı. Gün çıxanda necə bərq vurudu!.. Rəng-rəng… Vallah arvad məni evə buraxmayacaq. Billah buraxmayacaq. Yüz faiz ha! Demişdi uşaq Dubaya gedəndə o papağı verərsən  götürər özüylə hər ehtimala qarşı… İndi bu da bu!

MÜDİR.   Yaxşı, yaxşı, Misircan, zıqqıldama görək. Onsuz da ürəyim partlayır.  Allahın köməkliyi ilə o da tapılar. Darıxma… (Qəfil hərəkətlə altından papağı çıxarıb kreslonun üstünə tullayır.) Odey, o deyil sənin cındır papağın? Bax gör, orda kreslonun üstündə bir qara şey var, səninki deyil?

MÜHASİB.   (Cəld ora gedir.) Baxım? Aa… Allah haqqı mənim andatramdır!  Gör necə basıb əziblər e? Elə bil kimsə üstündə oturub… ya da ayağının altına salıb tapdalayıb qəsdən. Belə də insafsızlıq olar? Axı bu papaqdır! Bu kişi namusudur! Eh!

MÜDİR.   (Kefsiz halda) Off, nə yaman pis başladı bu gün, əşi? Qazanc olmaz ta bundan sonra!

SATICI.   (Həsrətlə əlcəklərə baxır, əlini əlcəyin dərisinə vurur) Eh pis də var, pis də var, Xosrov bəy. Bu günkü gün lap ağ oldu! Bu dünyada bu qədər haqsızlıq, uğursuzluq nədəndir görəsən deyirəm, hə? Hə? Sən axı ağıllı, mədəni, oxumuş, namuslu, vicdanlı, dürüst adamsan!.. Nədəndir?

MÜDİR.   Ə, dolamısan məni? Nə bilim nədəndir? Əl çək sən də! Dünyanın  dərdi mənə qalıb?! Bu qız hara getdi? (Yan otağa tərəf boylanır.) Ay qız, Naza, ordasan? Hə, yaxşı, tez elə, xalatı geyin, bir stəkan çay gətir mənə. Mürəbbəli olsun. Ciyərim yanır! Ürəyim bulanır! Başım hərlənir! Beynim partlayır! Gün nə pis başladı, İlahi…

 

P Ə R D Ə.
Yüklə 406,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin