The Eurasia Foundation



Yüklə 147,73 Kb.
səhifə1/7
tarix10.01.2022
ölçüsü147,73 Kb.
#102236
növüYazı
  1   2   3   4   5   6   7

Aydın Xan (Əbilov),

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri,

yazıçı-kulturoloq


Dünyaya kulturoloji baxış

Ədəbiyyat – Vətən, poetik söz – sənsən…
"Mədəniyyət" qəzeti, 20.03.2009, N 20 (637)
Kimsə bunları deyib, ya da yazıb: yox, əgər söyləməyiblərsə, qoy mən demiş olum...

Gənc ədəbiyyat nümunələriylə yaxından tanış olarkən, özümün müdrik düşüncələrim kimi də yuxarıdakı sadə, lakin fəlsəfi düşüncə ifadəsini improvizə etmək keçdi intellektimdən.

Ötən çərşənbə axşamı n (haradasa martın əvvəllərində), doğrudan da günün sonunda – saat 17 00-da Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən yaradıcılıq fakultəsinin bir qrup tələbəsiylə mənim bir tanışlıq-kulturoloji görüşüm oldu. Nə çox, nə də az, düz 120 dəqiqəyə yaxın zaman ərzində məni diqqətlə dinləyən yazar, şair, esseistlərdən ibarət yaradıcı gəncliyin fəal nümayəndələri ilə neçə min sivilizasiya tarixinə, mədəniyyət yoluna, ədəbi-bədii sözün mürəkkəb dövrlərlə əhatələnmiş proseslərinə baş çəkdik, maraqlı ekskurslar etdik, qəribə nəticələrə gəldik, bənzərsiz fikirlər irəli sürdük. Əslində mən onlara bir qədər də həsəd aparırdım: heç kimə sirr deyil ki, dövlətimiz tərəfindən gənc yazarlara, ümumiyyətlə, yaradıcı cavanlara xüsusi qayğı var, illik Prezident təqaüdü ayrılıb, xüsusi yaradıcılıq fakültəsi fəaliyyətə başlayıb, AR Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi kimi Gənc Ədiblər Məktəbi təsis edilib, illik gənclər mükafatları verilir, müxtəlif sənət yarışmaları keçirilir, büdcədən maliyyələşdirilən ədəbi orqanlarda işıq üzü görən yazılarına qonorar ödənilir, AR Gənclər və İdman, eləcə də Mədəniyyət Turizm Nazirlikləri tərəfindən ya almanax şəklində, ya da ayrıca kitabları nəşr olunur. Mən hələ ictimai və özəl qurumlar, KİV-lər, həmçinin İnternet şəbəkələrində yaradılan imkanlardan yazmıram...

Yeni ədəbi nəslin nümayəndələrinə isə yalnız əsl sənət nümunələri yaratmaq, ədəbiyyatçı kimi tanınmaq, milli ədəbi-bədii düşüncəmizi zənginləşdirmək, onu dünyada yaymaq kimi məsuliyyətli vəzifələri layiqincə yerinə yetirmək qalır. Deyəsən, yazımın bu hissəsi çox rəsmi alındı, odur, keçirəm əsas mətləbə...

Bir gün dəli bir istəklə İnternetin innovativ imkanlarından bəhrələnərək, “Mədəniyyət” qəzetinin saytında iki ən yeni imza sahibinin yazdıqlarına diqqət yetirdim. (Əslində, bu yazının qeyri-rəsmi variantında “diqqət yetirdim” kəlmələri əvəzinə, “zövqümü zorladım” gedib: readktorumuz etiraz etməsə, o cümlənin sonunu hər iki variantda verərdim, baxır insafına...) İki gənc (oxu: ətcəbala) qələm sahibi – Feyziyyə ilə Fəridin yazdığı nəsr və poetik əsərləri oxuyarkən, maraqlı nəticələr əldə etdim ki, onları oxucularla bölüşmək fikrinə düşdüm, yaxud fakir mənim beynimə atıldı.

Söz yox, əgər Fəridi tanımadığımı yazsam, səmimiyyətdən uzaq düşər: o mənim hazırda ən real ədəbiyyatçı dostlarımdan biridir. Daha dəqiq ifadə etsəm, təsadüfi – təsadüfimi? – tanışlığın axarında (sonunda yox, məhz axarında) güldən, bülbüldən şeir guppuldadan bu qəribə gənc oğlanı, sözün poetik və fəlsəfi mənasında, “sındırıb” əsl söz sənəti ilə nəfəs alanların sırasına qoşduğuma görə nə onun kədər hopmuş ömrü (atasını tez itirib), nə tarix (qağa, XXI əsr ədəbiyyat dövrü deyil!), nə də həyat yəqin məni heç vaxt bağışlamayacaq. Bunu dəqiq bildiyimdən, mətləbdən uzaqlaşmadan əsas məsələyə istiqamətlənmək istəyindəyəm...

Doğrusu, yaşlaşdıqca qartımağımdan irəli gəlir, yoxsa fəhmim mənim vicdanıma pıçıldayır, bilmirəm, hər halda, indiyə qədər yaradıcılıqları barədə xoş sözlər işlətdiyim, hətta bəziləri barədə yazdığım, çox zaman isə şişirtdiyim Rövşən Naziroğlu, Səfa Rəşid, Ramal, Azər Məmmədov və daha neçə-neçə ədəbi mühit adlı bağçada artıq çürümüş yeni qələm pöhrələrindən sonra növbəti gənc nəslin istedad saçan nümayəndələrinin bədii-poetik məhsullarını reklam etməyi – tərifləməyi, tanıtmağı deyəsən, həqiqətən yadırğamışam. Sözsüz, haqqına vaxtilə həvəslə yazdığım, indinin özündə də hər yeni əsərini ədəbi-kulturoloji süzgəcdən keçirərək ədəbi-mədəni ictimaiyyətə tanıtdığım Elçin Hüseynbəyli, Qulu Ağsəs, Nərgiz Cabbarlı, Səlim Babullaoğlu, Şərif, Həyat Şəmi, Rəsmiyyə Sabir, İlqar Fəhmi, Aqşin Yenisey, Zahir Əzəmət kimi onlarla istedadlı cavan imza sahiblərinin cərgəsində yer almayan o kəslərə görə özüm əsər yazan deyiləm ki...

Olsun, hər halda, bu cavanların istedad qanadlarını örtsəm belə, bugünkü oxuduqlarımın enerjisi itməsin deyə, onları sözə çevirib hamı ilə paylaşmaq istəyimi boğa bilmədim...


Feyziyyə
Məni anti-genderizmdə suçlamasınlar deyə, ilkcə Feyziyyənin “Mədəniyyət” qəzetinin 8 noyabr 2008-ci il tarixli sayındakı “Avtomat qəssab bıçağı” qorxulu, yaxud da dəhşət-hekayəsindən başlamaq istəyirəm.

Başlamaq heç də asan olmasa da, hərnədirsə, fikirlərimi polemikalaşdırmağa çalışıram: əvvəla onu vurğulayım ki, bütün dil və üslübi dolaşıqlığa baxmayaraq, xanım yazarın bədii nəsrin ən incə – çətin janrlarından sayılan kiçikhəcmli hekayəyə qələm çevirməsi sevindirici haldır.

“O, konduktor (əlbəttə, qəzetdəki redaktədən sonra konduktor əvəzinə bələdçi sözü daha uğurlu alınardı, - A.X.) işləyirdi. Kabinəsinin (nəyin? - A.X.) – arxa tərəfi qara şüşə ilə bağlı olduğundan (yəqin, qapandığından ifadəsi daha təsirli səslənərdi) sürücü görünmürdü…”

Bu minvalla şəhərdəki insanları avtobusa mindirib onların bədən əzalarını kəsən, qanlarını şüşə qablara yığanlarla bağlı hekayətləri oxucu teletamaşaçı simasında XX və XXI əsr ABŞ-da istehsal olunmuş saysız-hesabsız dəhşət-filimlərdə dəfələrlə seyr edib. Bir qədər də dərinə gedib, mən hələ Edqard Ponun qorxulu novellalarından tutmuş, Patrik Züskindin “Ətriyyatçı”sına, ta bizim Çingiz Abdullayevin siyasi detektiv romanlarının səhifələrinə səpələnmiş qan-ölüm qoxusu barədə təmtəraqlı cümlələr yazmaqla özümü çoxbilmiş, zəngin dünyagörüşlü, hərtərəfli mütaliəçi, bilgitoplayıcı intellektual kimi öyünməkdən vaz keçirəm...

Fəqət bütün bu qeydlərimə rəğmən – onu da əlavə edim ki, xanım yazarın xarici ədəbiyytdan bəhrələnməyi təqdirəlayiq hal sayılsa da, milli bədii söz kodlarından, kulturoloji genlərdən yan qaçması qayğılandırıcı göründü mənə: axı dünyaya yeni Aqata Kristi, yaxud köhnə Vladimr Sarokin lazım deyil, əksinə, təp-təzə Orxan Pamuk gərəkdir… – Feyziyyənin hekayəsində qəribə bir estetik sehrin cazibəsinə düşmək olar. Bu cəhət isə yenicə yazmağa girişən yazardan ötrü ən ilkin amil sayılır.

Lap dərinə gedərək gənc ədəbi pöhrəni qurutmaq azarına tutulanlardan olmadığımdan, yazar xanıma bir tərif də ismarıclamaq istəyirəm: bundan sonra mənim tərəfindən imzasına diqqət ayıracağım bir ad da var – Feyziyyə...


Fərid
Boynuma alıram, yazmasam da, onsuz da bu qeydlərimdən anlayacaqsız: indiyə qədər hər şey barədə bilgi toplayan, öyrənməkdən ötrü sino gedən dostum Fəridin varlığı onun yazdıqlarından daha maraqlıydı məndən ötrü. Son bir ildə hər atüstü görüşlərimizdə intellektimdəki kodları bu gəncə ötürməkdən xüsusi zövq alırdım: sanki yeni bir varlıq yaradırdım. Amma onun “Mədəniyyət” qəzetinin 8 noyabr 2008-ci il tarixli sayındakı Feyziyyənin hekayəsi oxuduğum səhifədə verilmiş və haçansa mənə də oxuduğu şeirlərini təkrarən duyğularıma qatdıqca, içimdəki bu istedadlı insan dəyişdi: yaratdığımdan yaradıcıya çevrildi...
Buludlar sonuncu mərtəbədə,

Təyyarə bir mərtəbə aşağı.

Daha sonra quşların mənzilləri.

Quşlardan aşağıda elektrik dirəkləri

Biz birinci mərtəbədə yaşayırıq –

Köhnə, çirkli mərtəbədə…


Mən bilmirəm, bəlkə də heç gənc dostumun özü də duymur, fəqət tam məsulliyyətimlə söyləmək içimdən keçir: ona Azərbaycan şerində çevriliş etməkdən ötrü yaradıcı səlahiyyət verilib. O başqa problemdir ki, bir yazar olaraq Fərid bu ağır yükü istedadına, sonra isə intellektinə yığmaq iradəsindədir, ya yox...
Mən səni bütöv sevirəm axı.

Niyə hissə-hissə qopursan məndən!?


- bu cüt misranı oxuyanların çoxu ağız əyəcəklər, amma hədər yerə, öncə qoy o şeri bütöv halda ürəklərinə yükləsinlər. Gənc şair hərtərəfli ədəbi təsirlər məngənəsindədir. Bu sadə faktı danmaq üçün gərək ya Fəridin düşməni olasan, ya onun dünyaya göz açdığı Kürdəmirdəki kənd ədəbiyyat müəllimi, ya da nadan…

Gənc qələmdaşım bu qeydlərimdən xəstəhal olmamalıdır, bizim hamımız lap indinin özündə də kimlərdənsə bəhrələnmiş, ya da ustad imza sahiblərinin təsirinə düşmüşük. Doğrudur, əgər yaradıcılığının bütün mərhələsində bu ədəbi-estetik “təsiri” hansısa sənətkara “sevgimizlə” izah etməyə, özümüzə yalandan təsəlli verməyə, dolayısı ədəbiyyatı, müqəddəs sözü aldatmağa çalışırıqsa, onda böytük mənada yanılırıq. Hər halda, ədəbi ünümüzün Biləcəridən üzü o yana gedib çıxmamasının əsas səbələrindən biri, bəlkə də yeganəsi də məhz budur. Fəqət, əgər bütün yaradıcı ömrünü bu özünüaldatmalara sərf edəcəksə, elə indinin özündə Fəridi mən də, başqaları kimi, dahi adlandırmağa hazıram…

Fəridin yaratdıqlarını çağdaş poeziyamızda, ədəbiyyatımızda başqalarına nisbətən yeni – günümüzün Azərbaycan ədəbi prosesi üçün maraqlı fakt kimi qiymətləndirməyimdə iki cəhəti vurğulamaq istəyirəm. Birincisi, onun öz həyatındakı kimi, şeirlərində də fəlsəfi səmimiyyət, eləcə də məntiqi sadəlik, ikincisi isə milli və dünya ədəbiyyatı ilə acgözlüklə tanış ola-ola öz istedadına intellekt qatmağı mənim bəyəndiyim tərəflərdir. Sona qədər belə getsə, Fərid çağdaş Azərbaycan ədəbiyyatının dünyaya ürəklə çıxara biləcək imzalarının qabaqcıllarından biri olacaq: necə deyərlər, yaşayarıq-görərik...
P.S. Redaksiyanın tapşırığını – Aydın, mümkünsə, köşə yazılarını qısa elə!!! – bu dəfə də yerinə yetirə bilmədim: nə etməli, böyük ədəbiyyat barədə qısa yazmaq, sadəcə, mümkün deyil…
E-mənbə / link: http://artyazar.azeriblog.com/2009/03/30/aydin-xan-ebilov-dunyaya-kulturoloji-baxish-edebiyyat-veten-poetik-soz-sensen


Yüklə 147,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin