The Eurasia Foundation



Yüklə 147,73 Kb.
səhifə6/7
tarix10.01.2022
ölçüsü147,73 Kb.
#102236
növüYazı
1   2   3   4   5   6   7
Mən niyə yazıram?
Esse
Daim öz-özümə verdiyim bir sual var: Niyə yazıram? Mən yazmalıyammı? Nə vaxtsa bu bəladan xilas ola bilərəmmi? Mən də başqa yaşıdlarım kimi dilənçiylə məzələnə bilərəmmi? Yaxud bomja bədbəxt deyə bilərəmmi? Yaxud bəzi həmyaşıdlarım kimi siqaret çəkib, çay gillədib, söyüş söyüb, davaşıb küçə-küçə qız dalınca düşə bilərəmmi? Niyə ölənlərlə ölürəm, niyə zəifəm və nə etməliyəm? Şeir nədir? Roman, esse, hekayə nədir? Onların mövcudluğu bizi nələrdən uzaqlaşdırır, yaxud onlar nəyi dəyişdirir? Yuxularımız hekayədirmi? Anam, bacım, qardaşım ədəbiyyatsız, sözsüz necə yaşayırlar?

Sualları artırmaq da olar. Amma mən o sualların hamısına cavab verməliyəm? Təəssüf ki, mən o sualların cavabını bir mətn daxilində verə bilmərəm. Bununla yanaşı, mənim cavabını tam yəqinləşdirmədiyim suallar var, həmin sualların içində. Niyə yazıram? Bu suala Nobel nitqində Orxan Pamuk belə cavab verir. ”İçimdən gəldiyi üçün yazıram. Başqaları kimi normal bir iş görə bilmədiyim üçün yazıram. Hamıya və hər kəsə hirsləndiyim üçün yazıram. Unudulmaqdan qorxduğum üçün yazıram. Heç cürə xoşbəxt olmadığım üçün yazıram? Xoşbəxt olmaq üçün yazıram”.

Bəzi məqamları təbii ki, qeyd etmədim. Gəlin baxaq, istədiyinə görə yazmaq əgər insanı sakitləşdirmək üçün arqument sayıla bilərsə, insan istədiyni öz-özünə, yaxud yaxınına danışa da bilər. Bu aspektdən yanaşsaq, görərik ki, yazmaq sırf istək deyil. Amma Orxan Pamukun fikri ilə digər tərəfdən razıyam ki, yazı ilkin halda sənin öz-özünə dediyin, amma başqalarına demədiyin şeydir. İkinci səbəb də tam uyğun sayıla bilməz. Yazıçı ən azından nəsə sata, yaxud bələdçi və növbətçi işləyə bilər. Üçüncü səbəblə də tamamilə razılaşmaq olmur. Hirslənən adam yazı yazmasa, qarşısındakını söysə, daha çox rahatlıq tapar, amma yazıçı hirsini boğmaq istəyən yox, hirsini danışmaq istəyəndi. Sonra unudulmaqdan qorxduğu üçün yazır. Bu isə qismən şöhrətpərəstlikdir ki, hər kəsdə var. Fəqət bu arqument bu işə təzə-təzə başlayan adamlarda olmur. Xoşbəxt olmaq üçün yazmaq da, inandırıcı deyil, yazı insanı xoşbəxt eləmir, yazılmışlar xoşbəxt eləyir. Xoşbəxt olmamaq üçün yazmaq bir qədər inandırıcı deyil. Onda bütün bədbəxtlər yazardı. Göründüyü kimi, fikirlərin çoxunun cavabı iki tərəflidir. Biz adi adam olmadığımız üçün yazırıq. Biz xəstəliyə tutulduğumuza görə yazırıq. Biz həmişə yazıdan - şöhrət, pul, oxucu, nə isə güddüyümüz üçün yazırıq. Biz gücsüz olduğumuz üçün yazırıq. Güclü adam dərdini kağıza yox, ona dərd verənə deyər. Biz utandığımıza görə yazırıq. Biz başqa yerlərdə utancaq olduğumuza görə yazı masasında yazırıq. Öz fikrimi inkar eləsəm də, deməliyəm ki, biz az da olsa nələrisə dəyişdirməyə görə yazırıq, həm də dəyişdirə bilmədiyimiz üçün yazırıq. Biz anamızın, atamızın, qardaşımızın, bir sözlə, adamların yanında da daim tək oluruq. Biz öz təkliyimizi doldurmaq üçün yazırıq. İlkin halda daha çox yaradıcılığa başlayan adamlar sevgilərinin hiddətini bildirmək üçün yazır. Deməli, başlanğıcda biz daha çox sevdiyimizi büruzə vermək üçün yazırıq. Bəzilərimiz ailəmizi dolandırmaq üçün yazırıq.

Bugünlərdə Elçinin “Beş dəqiqə və əbədiyyət” adlı 1984-cü ildə nəşr olunmuş kitabının ön sözündə oxudum: “Bir dəfə mən atamın, xalq yazıçısı İlyas Əfəndiyevin iş otağında oturub onunla söhbət edirdim. Birdən atam əli ilə divar boyu düzülmüş kitab dolablarını, rəfləri göstərib dedi:

- Dünyada ki bu qədər böyük yazıçılar var, bu qədər böyük əsərlər yazılıb, biz nə üçün yazırıq? Biz ki, onlardan artığını yaza bilməyəcəyik”.

Düzü kitabı oxuduğum müddətdə tez-tez yenidən ta əvvələ qalib həmin yeri bir də oxuyurdum? Görəsən, İlyas Əfəndiyev niyə belə deyib.

Elçin qeyd edir ki, atamın həmin sualı o anlarda məni yaman sarsıtmışdı. Düzünü desəm, İlyas Əfəndiyev kimi ədəbiyyatdan istər vəzifə, istər şöhrət, istər övlad, istərsə də şəxsiyyət kimi dəyərini almış adam niyə belə desin? O xalq yazıçısı idi. Ona nə lazım idi? Bəlkə də, insanlar öz dövründə dahi adlandırılmadığına görə məyus olur? Bu sual sübut edir ki, əsl sənətkar ədəbiyyatdan ancaq birtərəfli xeyir görmür. Səbəb biz itirdiyimiz vaxtın əvəzinin təkcə ordenlə, vəzifəylə ödənilməsinə razı olmamağımızdı. Bəlkə də, biz səhv edirik, amma bizim içimizdəki ummaq eşqi birinci halda dahiliyin qapısının ağzından keçir. Bu sualı, bəlkə də, çox yazıçılar özlərinə verir. Amma heç kəs ayaq açıb yeriyə bilmir özündən uzağa (Salam Sarvan).

Biz daim evə qaçmağa çalışırıq. Dostlarımızın yanında oturanda ağlımıza gələn misranı yazmaq üçün. Biz şeir ilə dostlarımızı aldadırıq. Biz bir künc, otaq axtarırıq və bu an anlayırıq ki, anamız, atamız, qardaşımız, sevgilimiz də bizə doğma deyil. Biz yazı ilə - sevimli məşuqəmizlə, yatağımızla, yəni yazı masamızla tək qalmaq istəyirik. Və bu intim sevgi vərəqə köçəndən sonra bütün inanclara and olsun ki, bizim sevincimizin səbəbi təkcə o olmur ki, biz nəsə yazdıq, biz həm də rahatlıq tapdığımıza görə sevinirik. Yazı bizi anadan, atadan, ailədən hətta bizə görə hamıdan gözəl olan sevgilimizdən belə ayırır. Bizi küncə sıxır, əlimizə qələm kağız verib “yaz” deyə əmr verir. Bəli mən bilirəm ki, bu heç də yaxşı bir şey deyil, mən həm də bir şeyi çox yaxşı bilirəm ki, bu bir bədbəxtlikdir. Mən bir şeyi də daha yaxşı bilirəm ki, bu bizim rahatlığımızla bağlı ən gözəl bəladır. Biz buna görə Allaha asi ola və Allaha qarşı çıxa bilmərik. Çünki heyvan ətinin bəlasına gəlir, insan dilinin, deməli, bizim də yazılarımızla nə vaxtsa, tarix, ədəbiyyat tarixi, mənim, sənin, onun tanımadığı bığsız kişilər, ipək saçlı qızlar, kitab oxumağı sevən analar, nazlı sənəmlər, utancaq yeniyetmələr məşğul olacaqlar. Onda bizim bəzilərimizin heykəlləri olacaq, kimsə yanından ötəndə rəhmət oxuyacaq, bomjlar tum çırtlayacaq yanında, hansımızınsa kitabı kiminsə sevgilisinin balışının altında olacaq, bəzimizin kitabına tum büküb satacaqlar. Mən əminəm ki, bunlar bizim başımıza gələcək. Mən həm də ona əminəm ki, biz hamımız bunu bilirik. Biz haradasa təhtəlşüur səviyyəsində babalarımızın taleyini yaşayırıq. Hansısa dahi çox gözəl deyib, “Əgər uşaq atası kimi yaşayırsa, deməli, o doğulmayıb”. Biz həm də əbədi babalarımızdan fərqlənməliyik. Biz unudulmağa, sevilməməyə, kitabları yandırılmağa, eyni zamanda kitabları yandırılmamağa və sevilməyə öyrənməliyik. Biz öz əllərimizi buraxmalıyıq. Bizi kimlərinsə əli tutacaqmı sualına da, hə yoxsa, yox deyən qızlar kimi çiynimizi çəkərək “BİLMİRƏM” deməliyik.

Bilirəm, əvvəldə deyilənlərdən belə çıxır ki, mən bir qədər başımdan böyük danışıram. Mənim imzam hələ ədəbiyyatda təsdiqlənməyib. Ədəbi aləmin hər üzünü görmüş müdriklər kimi, danışdığı kimi dünyanın hər üzünü görmüşəm. Amma mən təkcə gördüklərimi danışmaq istəmirəm, həm də hiss etdiklərimi, daxilimdəki gözümün-ürəyimin gördüklərini dilə gətirdim. Mars planetini də, çoxlarımız görməyib, amma onun mövcudluğuna az qala Günəş qədər inanırıq. Oxuduqlarım, gördüklərim sübut edir ki, bunlar belədi. Necə? Məhz belə. Yəni, biz istəmədiyimiz kimi, bizdən asılı olmayaraq.

Bir gecə yuxumda bir qadın görmüşdüm, ağlayırdı. Mən necə qaçaraq evdən çıxıb ağlamağımı və o qadını küçə-küçə axtardığımı, sonrakı gecələr onu görüb niyə ağladığını soruşum deyə Allaha yalvardığımı sizə desəm, artıq dedim də, bəlkə də, mənə yazığınız gələrdi. Amma əgər həmin yuxunu qardaşım, dostum, qohumlarım görsəydi, ən uzağı, deyərdilər: “Allah axırını xeyir eləsin!” və bununla da hər şey qapanardı. Amma biz yazarlar Nitşe demişkən, özgənin dərdini çəkən “yük eşşəkləriyik”. Biz küçədəki dilənçi uşağın qucağındakı uşaqları alıb sevə-sevə oynadarıq. Amma adi adamların çoxu deyər “O tərəfə apar onu”. Biz bu mənada bədbəxtik. Uşaq vaxtı həmişə dünya haqqında fikirləşəndə saatlarla gözüm yol çəkərdi və bu qədər fikirli olduğumu görən sinif yoldaşlarım deyirdilər: “Ə, yenə nə fikirləşirsən, nə olub, sən canun nolub?”. O vaxt bu pərtlikdən utanardım. İndi isə fikirləşirəm ki, mənim düşündüklərimi həmin dostlar ömür boyu düşünməyiblər və bundan sonra da, yəqin ki, düşünməyəcəklər. Görürsünüzmü, bu mənada biz həm xoşbəxtik (düşündüyümüzə görə), həm də bədbəxt.

Yazının əvvəlində bu sual da var idi: Şeir nədir? Bax elə bu yazını yazmaq üçün fikir-xəyal edəndə... Ey indi bizim küçəmizin başında dayanıb sevdiyi qızı gözləyən oğlandır şeir. İndi sənin üçün şeir heç nədir. Amma sən özün şeirsən. Bax bunu bilmədiyinə görə bədbəxt, amma sevib-sevildiyinə görə sənə xoşbəxt deyirəm. Bu baxımdan insan heç vaxt xoşbəxt olmur. Xoşbəxtliyində içində bizim tükümüzü tərpətməyən, bizim hiss etmədiyimiz bədbəxtlik yatır. Yuxun şirin olsun. Şeir kimə görəsə şöhrətdi, kimə görəsə özünüifadədir, kimə görəsə gözəllikdir, kimə görəsə əllaməçilikdi. Amma mənə görə əvvəlcə adi bir adama da deməyə utandığım, sonrasa hamıya deməyi xoşladığım sözlərdi. Şeir, qadın və yuxu - hər üçü gözəldi. Şeiri vaxtında yazmasan, yazdığın şeir kiminsə yanında danışdığı, sənin yaşamadığın hadisədi. Qadınla vaxtında ünsiyyət qurmasan, o öz kəpənək qanadlarını işə salaraq uçacaq. Yuxu da beləcə. Vaxtında yatdınsa, yatdın, yatmadınsa, vay o gecənin halına.

E-mənbə / link: http://medeniyyet.az/site/?name=content&content=3506


BƏDİİ TƏRCÜMƏLƏR


BƏDİİ TƏRCÜMƏ

Frans Kafka. “Aforizmlər”

Bu aforizimləri Frans Kafka 1917-1920-ci illər arasında yazıb. Təəssüf ki, digər yazıları kimi bu aforizmlər də yarımçıq qalıb. Aforizmləri yazdığı dövr F. Kafkanın həyatının ən ağır və çətin günləri hesab olunur. Çünki o vaxt F.Kafka vərəm olduğunu təzəcə öyrənmişdi, nişanlısından da ayrılmışdı. Eyni zamanda uzun illər işlədiyi sığorta şirkətindən də xəstəliyi ilə əlaqədar olaraq icazə almışdı, valideynləri onun evlənməyini istəmirdilər və onu məşhur yazıçı kimi qəbul etmirdilər. Kafkanın xüsusi bir diqqətlə aforizmləri yazmağı sübut edir ki, o, bu yazıları çap etdirmək, yaymaq istəyib. Əgər Kafkanın oxuculara vəfalı, Kafkaya görə isə vəfasız sayılan dostu Brod olmasaydı, onun aforizmləri və əsərləri bu gün oxucuların ixtiyarında olmayacaqdı. Bu baxımdan Brodun "xəyanətini" alqışlamaq lazımdır. Çünki Kafka ölüm ayağında bu sözləri demişdi: "Brod, dünyada yazıçı olduğuma dair heç bir iz qalmasın"...

* * *


Özünü insanlığa baxaraq sına. Bu şübhələnəni şübhəyə, inananı inama aparacaq.

Şəhvani eşq ilahi eşqə qarşı gözlərimizi bağlayır, bunu öz-özünə eləmir. Bunu özü də bilmədən içində bir parça ilahi eşq olduğuna görə də eləyə bilər.

Düzgün yol tarım bir ip boyunca davam eləyir, bu ip hündür yerdə yox, düz yerin üstündə tarım çəkilib. Bu ip sanki üstündə yerimək üçün deyil, sənə tələ qurmaq üçündür.

Ölüm sinif divarından asılmış "İsgəndər müharibəsi" kimi qarşımızda dayanır. Lazımdır ki, biz öz hərəkətlərimizlə onu qaranlığa basdıraq və hətta götürüb tullayaq.

Həqiqət bölünməzdir, buna görə də o özünü tanımır, hər kim onu tanımaq istəyirsə, yalan olmaq məcburiyyətindədir.

Din fədailəri bədənlərini alçatmazlar, lazım olsa, onu çarmıxa qədər yüksəldərlər. Bu mənada onlar düşmənlərlə eyni fikirdədirlər.

Əsl düşməndən sərhədsiz bir cəsarət qalar sizə.

Bu dünya üçün qonşularla savaşmaq gülüncdür.

Dünya ilə öz müharibən vaxtı dünyanın tərəfində ol.

Sənət gözümüzün həqiqətlə qamaşmasıdır. Arxaya qaçan, az təsadüf olunan, maskalar taxan bir işıqdır həqiqət. Başqa heç nə deyil.

İki variant var: özünü sonsuz dərəcə də kiçiltmək, yaxud sonsuz dərəcədə kiçik olmaq. Birinci mükəmməllikdi, yəni hərəkətsizlikdir, ikincisi başlanğıcdır, yəni hərəkətdir.

İnsanın əsas iki günahı var, digərləri bunlardan törəmədir, səbirsizlik və tənbəllik. Səbirsiz olduqlarına görə cənnətdən qovuldular, tənbəl olduqlarına görə qayıda bilmirlər. Amma, bəlkə də, insanların əsas bir günahı var: səbirsizlik. Səbirsizliyə görə qovulmuşdular, səbirsizlyə görə də qayıda bilmirlər.

Axmağın əlindəki ən güclü silah döyüşə çağırmaqdır. Bu, qadınlarla aparılan müharibəyə bənzəyir - axırı yataqda qurtarır.

Qəfəslərin biri quş axtarmağa gedib.

Ayaq basdığın yerin, ayağının tutduğu sahədən böyük olmamağını anlamaq böyük xoşbəxtlikdir.

Müsbət hərəkət eləməyi bizdən xahiş eləyirlər, müsbət hərəkətlər onsuz da bizimlədir.

Qarğalar hər hansı bir qarğanın göyü yox edə biləcəyini iddia edirlər. Amma bu göy üzü ilə əlaqəli heç bir məna kəsb eləmir, çünki göy üzü qarğaların yoxluğu deməkdir.

Ov itləri hələ həyətdə oynayır, amma ovları indidən meşədə nə qədər sürətlə qaçsalar da, əllərindən xilas ola bilməzlər.

İnsanlarla mehriban, iç-içə olmaq insanı müdafiəsiz vəziyyətə salar.

Çevirəni: Fərid HÜSEYN


E-mənbə / link: http://medeniyyet.az/site/?name=content&content=3340



Yüklə 147,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə