ZAUR VEDİLİ
BİZİ SEVGİ
YAŞADACAQ
Naxçıvan - 2012
Zaur Vedili (Cəlilov Zaur Həsən oğlu) 24 avqust 1974-cü ildə Vedibasar mahalının Xalisa kəndində dünyaya göz açıb. 1988-ci ilə qədər doğma kəndində yaşayan Zaur Vedili məlum hadisələrlə əlaqədar olaraq elə həmin il yüz minlərlə yerliləri kimi məcbur halda öz doğma ata- baba yurdunu tərk edib Azərbaycana pənah gətirir. İlk təhsilini doğma kəndi Xalisada alan Zaur Vedili Naxçıvan şəhərində məskunlaşdıqdan sonra şəhərdəki on bir saylı orta məktəbdə təhsilini davam etdirib.
1996-2000-ci illərdə isə Naxçıvan şəhərindəki Ü.Hacıbəyli adına Musiqi Kollecinin xanəndəlik sinfində təhsil alır. İlk şeirini 1987-ci ildə yazan Zaur Vedili Naxçıvana köçərkən yazdığı şeirlərini özü ilə gətirə bilməyib. Buna baxmayaraq Zaur Vedili yenə öz yaradıcılığını davam etdirib. Müxtəlif yerli və xarici mətbuat səhifələrində ara-sıra oxucularla görüşən Zaur Vedili hal-hazırda “Vedi həsrəti”, “Haray”, “Aygünlü Səmalı dünyam”, “Ayrılıqdan qorxuram”, “Ürəyimdə yanan işıq”, “Duz səpilmiş yaramız”, “Sevgimizin xətrinə”, “Durnalar gələndə qayıdacağam” adlı şeirlər və dram əsərlərindən ibarət olan “Məhəbbətin intiqamı” adlı kitabların müəllifidir.
Bir neçə əsəri Naxçıvan Dövlət Televiziyasında və Radiosunda, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında səhnələşdirilib tamaşaçı və dinləyicilərin ixtiyarına verilib. Müxtəlif bəstəkarlar, müğənnilər və xanəndələrlə bərabər aşıqlarımız da Zaur Vedili yaradıcılığına üz tutur.
“VEDİBASAR” qəzetinin Nax.MR üzrə bölgə müxbiri olan Zaur Vedili Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
“Bizi sevgi yaşadacaq”kitabı şairin oxuculara yeni poetik töhfəsidir.
Zaur Vedili “Bizi sevgi yaşadacaq”. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, Naxçıvan-2012. 160. Səh.
4700000000
053-2012
©
“Əcəmi” 2012.
QAPINI GENİŞ AÇIN, ZAUR VEDİLİ GƏLİR!
Məni qınamayın, qəlbə yaxın adamların telefon zənginin səsi adama tanış gəlir. Belə asta-asta çalınan zəng səsi də mənə doğma gəldi. Dəstəyi qaldırmadan bildim ki, şair dostum Zaur Vedilinin şirin səsini eşidəcəyəm.Belə də oldu. Şən və oynaq səslə məni salamladı.Yaradıcılıqda olan yenilikləri xəbər aldım. Hər sorğunun sonunda da xoş cavablar gözlədim.Və sonda ürəyindəki istəyini çatdırdı.
-Yeni kitabımın əlyazmaları hazırdı. Çox istəyərdim ki, oxuyub fikirlərini bildirəsən və məsləhət olsa ön söz yazasan.
Doğrusu bu təklif mənim üçün bir az gözlənilməz oldu. Ondan çox müxtəlif janrda yazılmış kitabların müəllifi olan Zaur Vedilinin yaradıcılığı haqqında tanınmış ədəbiyyat adamları fikirlər söyləmiş, onun rəngarəng yaradıcılığını təhlil etmişlər. Görəsən mənim qələmim bu tanınmış şairin yeni yaradıcılığının bəhrələri olan şeir və poemaları haqqında tələbkar oxuculara yeni fikirlər çatdıra biləcəkmi? Ya Allah- deyib çiyinlərimdəki böyük məsuliyyət yükünü çəkə-çəkə qovluqdakı şeirləri oxuyuram və kimdir Zaur Vedili sualını ilk olaraq cavablandırıram.
... Qərbi Azərbaycanın ən dilbər guşəsində ömürlük yaşamaq ona və yüz minlərlə həmyerlilərinə qismət olmamışdı. Əzəli və əbədi torpaqlarımızı məcburi surətdə tərk edib Azərbaycanın qədim Naxçıvan bölgəsinə pənah gətirib. İlk təhsilini doğma kəndi olan Xalisada alan Zaur, Naxçıvan şəhərində məskunlaşdıqdan sonra buradakı 11 saylı orta məktəbdə təhsilini davam etdirir.1996-2000-ci illərdə Naxçıvan şəhərindəki Ü.Hacıbəyli adına Musiqi Kollecinin xanəndəlik sinfində təhsil alıb.
Zaur şeir yaradıcılığına on üç yaşından başlayıb. İlk şeirlərini bu gün ürəyini göynədən Vedi torpağında yazıb. Qəlbində çağlayan Vətən məhəbbətini ağ vərəqlərə köçürdüb. Taleyinə qaçqınlıq yazılan gənc şairin ilk şeirləri isə itkin düşüb. 1988-ci ildə Xalisadan Naxçıvan şəhərinə köçərkən qaçqınlıqdan ilk şeirlərini özü ilə götürə bilməyib. Sonradan şeirlərinin taleyi Zauru daha da sarsıdır. Ona “Ermənistanda nə qalıb, nə talanıbsa ermənilərindir” deyiblər! Və Zaur qəlbinin səsi ilə yazdığı 70-adda şeirlərdən məhrum olur. Qəlb pıçıltılarının itgin düşməsi Zaur Vedilinin qaynar yaradıcılığına səd çəkə bilmədi, yeni şeirlər yazdı. Müxtəlif yerli və xarici mətbuat səhifələrində əsərləri dərc olundu. Az bir müddət onun “Vedi həsrəti”, “Haray”, “Ayrılıqdan qorxuram”, “Ürəyimdə yanan işıq”, “Duz səpilmiş yaramız”, “Sevgimizin xətrinə”, “Durnalar gələndə qayıdacağam”, “Qərib yurduma salam”, uşaqlar üçün yazdığı “Aygünlü Səmalı dünyam”, “Nə güləyən qızdı bu?” adlı şeirlər və “Məhəbbətin intiqamı” adlı dram əsərlərindən ibarət kitabları oxucularının ixtiyarına verilib.
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında səhnələşdirilmiş “Təpəgöz” “İlanlar kraliçası Küknar” “Şahzadə Bəndalı”, “Meşə macəraları” adlı pyesləri uşaqların ən çox istədikləri tamaşalardandır. Müxtəlif bayram konsertlərində, televiziya ekranlarında, radio dalğalarında Zaur Vedilinin mahnıları sevimli müğənnilərimiz, xanəndələrimiz və aşıqlarımız tərəfindən məlahətli səslə oxunur, zövqlə dinlənilir.
Haradan başlanır Vətən?
Zaur Vedilinin qovluğundakı şeirlər bir neçə yarımbaşlıqlara bölünüb.
Birinci bölüm “Gözüm doymaz öz elimdən, obamdan” adlanır. Bu şeirləri oxuyanda istər-istəməz şairdən soruşmaq istəyirəm. Haradan başlanır Vətən? Və sualı özüm cavablandırıram.Vətən hər bir insan üçün müqəddəs nemətdir. Bu müqəddəs neməti qoruyub saxlamaq üçün övladları öz canını qurban verməlidilər. Çünki bizim yaşadığımız bütöv Azərbaycandan ulu Tanrı heç bir gözəlliyi əsirgəməmiş, ən nadir yeraltı və yerüstü sərvətlərini bəxş etmişdir. Elə ona görə də əsrlər boyu yadelli işğalçılar topaqlarımıza göz dikmiş, onun sərhədlərini pozmuşlar. Doğulub üzərində boy atdığımız torpaqlarımız da min bir hiylə ilə yadellilərin taptağına çevrilmişdi. Haqlı olaraq deyilir ki, Vətən sərhəddən başlanır.Bəs bu sərhəd haradan başlanıb harada qurtarır? Atalarımız bir vaxtlar deyərdi ki, Saxalin adasından Kamçatkadan BAM-dan uzaqlardan, çox uzaqlardan başlanır Vətən. Bu gün biz Sədərəkdən o yana keçə bilmirik! Zaur Vedilinin doğulduğu Vedibasar mahalına doğmalarından olan qərib ruhların haray çəkdiyi Xalisa kəndinə gedə bilmirik! Yad caynaqlarda qalan Kərki kəndini gəzə bilmirik! Günnütdə qala bilmirik! Axuradan Havuşa dədə-baba yolumuzla yol gedə bilmirik! Sən demə yaxınlardan lap yaxınlardan başlanırmış Vətən! Nənələrimizin də günahları çox olubdur.Göydən alma düşməyə-düşməyə ovudub yuxuladıblar bizləri. Ən qorxulu vəhşi ermənilər canımıza, qanımıza torpaqlarımıza göz dikdikləri halda Xortdanla, Divlə qorxudublar. Sənə mənə söyləmiyiblər həqiqətləri. Yamanca unutqan olublar! Babalarımız tayqulaq erməni cəlladı Andranikin torpaqlarımızda törətdiyi cinayətləri, elimizi-obamızı top atəşinə tutmasını, uşaqlara, qadınlara işgəncələr verməsini vaxtında bizlərə xatırlatmadılar. Zaur qardaşım, bu gün başlıca amal sevməkdən sevilməkdən, elimizin-obamızın sərhədlərindən başlayan ana torpağı qorumaq, onun müqəddəs qoynuna yadların bir daha ayaq basmamasına yol verməməkdir. Odlar yurdu Azərbaycan qədim tarixə malikdir. Onun bir zamanlar olduğu sərhədlərinə baxanda qəlbimiz nə qədər fərəhlənirsə itirdiyimiz torpaqlarımız bir o qədər təəssüf hissləri yaradır.Bu gün Dəmir qapı Dərbənddən, cənubi Azərbaycandan, Qərbi Azərbaycandan ayrı düşüb Azərbaycan! Bunlar azmış kimi 1988-ci ildə Odlar Yurdumuzun sinəsi üstündə yeni bir xəyanət tonqalı qalandı.Vətənimizin dilbər guşəsi Qarabağımız ermənilərlə onların havadarları tərəfindən işğal edildi. Vətənimizin sərhədləri iyirmi faiz də azaldı! Haradan başlanır Vətən! Sədərək elindənmi? Axı Sədərəkdən Vedibasara qucağına həsrət qaldığın doğma kəndin Xalisaya, o yerlərin dağlarına gedə bilmirsən ...
Yenə yolda hicran adlı qatarmı?
O, qatarı görən vüsal udarmı?
Zaur, yazsam ünvanına çatarmı?
Məktub yazmaq istəyirəm Vedimə!-
deyirsən ay qəlbi həsrətdən kaman kimi inləyən, intiqam üçün həmişə bütün mübarizələrə hazır olan, qələmi silahdan kəsərli olan şair qardaşım. Gələcəkdən xəbərsizəm. Ancaq təəssüf ki, hicran qatarını hələ vüsal uda bilməyib. Ancaq udacağına ürəyimdə böyük inamım var. Çox haqlı olaraq yazırsan.
Oldum qucağında ötəri qonaq,
Uzaq düşdüm dərddən, qəmdən çox uzaq,
Ay yaralı könlüm sözüm haqdır, haqq,
Sədərəkdən Vedi qoxusu gəlir!
“Sədərəkdən Vedi qoxusu gəlir!”. Qəribə təsəllidir elə deyilmi? Bu təsəllini, sabaha inamı “Gözüm doymaz öz obamdan, elimdən” və “Vedisiz göynəyir Zaur Vedili” bölmələrində toplanan şeirlərində daha çox hiss edirik.
Poeziyanın dağ çayı kimi
üsyankar ömür dostu
Poeziya… Ömrümüzün ən kövrək çağlarında ülvi duyğularla bizi görüşdürən İlahi qüvvə. Poeziya... üzdə qayğılı kədərli düşüncəli, daxildə dağ çayı kimi üsyankar ömür dostumuz. Zaur Vedili bu İlahi qüvvəni qorumaq üçün şam kimi yanıbdır. Səmasında dahi Nizami ulduzu yanan, Füzuli günəşi nur saçan, Məmməd Araz şeyriyyəti səslənən bir dünyaya ucuz söz yığnağı gətirmək istəməmişdir Zaur Vedili.
Zaur Vedili şeir yaradıcılığında oxucusunun qarşısına haqlı sual qoyur: - Niyə sonumuzu fikirləşmirik? Bəlkə bu sualın cavabını öz əməllərimizlə həyata keçirtsəydik başımıza bu bəlalar, min bir faciələr gəlməzdi. Zaur Vedili də belə incik şeirlər yazmazdı.
İblisə, şeytana tez aldanırıq,
Yaxşı əməllərdən gen dolanırıq,
Qaranlığa tərəf çox boylanırıq,
Niyə sonumuzu fikirləşmirik?
“Yaşadım”, “Telli saz”, “Sən özgə aləmsən, ay sədəfli saz”, “Könüllərdə yerin var”, “Sazlı-sözlü Zeynəbimiz” “Yallını çal Yallı kimi”, “Bu bayramda” aşıq Fəzail Miskinə yazdığı “İnsaf”, “Ağladı” kimi şeirlərində Azərbaycan xalqına məxsus milli dəyərlərimizin, milli sərvətlərimizin əvəzsizliyindən söz açıb. Şair qeyd edib ki, milli dəyərlərimiz min illər boyu formalaşaraq bizə gəlib çatıbdır. Ona görə də bu dəyərləri qorumaq və yaşatmaq hər birimizin ən ümdə vəzifəsidir. Xalqın milli dəyərlərini qorumaq onun gələcəyini qorumaq deməkdir.
Min illərdi Vətənimə, xalqıma,
Həm əzəmət, həm qürurdu telli saz.
Başdan-başa qəlb oxşayan sehirdi,
Möcüzədi, həm də sirdi telli saz.
Sevgi də qəribə olurmuş
Zaur Vedilinin bu kitabının “Nə qəribə sevgidir bu” bölməsində toplanan 53-adda şeirlərdən sevgi-məhəbbət yağışı yağır. Bu şeirlərin qəhrəmanları söz deyəndə utandıqlarından yanaqları lalə kimi qızaran, duruşuğunda bənövşə kövrəkliyi olan, isməti nənələrimizdən yadigar kimi saxlayan el gözəlləridi.
Bəxtimdə doğan Aysan,
Qəlbimdə hay-haraysan,
Tanrıdan mənə paysan,
Səni necə sevməyim?
Solmayan tər qönçəsən,
Qönçədən sən incəsən,
Mənim lap qəlbimcəsən,
Səni necə sevməyim?
“Bilmirdim”, “Bu sevgi nədəndir”, “Darıxma”, “Bu qız məni öldürəcək”, “Daha məni gözləmə”, “Səni xoşbəxt edəcəm mən”, “O gözəlin gözləri”, “Bir də gülməyəcək tale üzünə” kimi şeirlərdə saf və təmiz məhəbbətlə birgə vüsal, ayrılıq, həsrət kimi sözlər də özünə yer tapıbdır.
Həsrət bizi elə qucdu,
Vüsal mülkü himdən uçdu,
Bu səbəbdi, yoxsa suçdu?
Fərq eləməz, gen tut məni,
Çalış daha unut məni!
“Sonetlər çələngi” ülvi bir qayəni canlandırır
Yeddi yüz ildən artıq Avropa xalqlarının poeziyasında tarixi olan sonet lirik janrlardan biridir. Poeziyamızda son illərdə qələmə alınmış “Sonetlər çələngi”ndən biri də Naxçıvanda yaşayan şair Zaur Vediliyə məxsusdur. “Şərq qapısı” qəzetində 2000-ci ildə dərc olunmuş “Sonetlər çələngi” fəlsəfi ovqatı ilə səciyyələnir. Şair dünya və bəşər taleyi barədə düşünur insanlığın səadət yolunu hamının haqdan yaranmasında, qəlbən saflaşmasında, xoş əməllər arxasınca getməsində görür. Şəri-çirkin niyyətləri, yaramazlıqları pisləyir. Oxucularını ali həqiqətin işığında yol getməyə səsləyir. Şairi düşündürən budur:
Beş günlük dünyadı bu nurlu dünya,
Qoynunda qonaqdı doğulan hər kəs.
Bunu bilə-bilə bilmirəm niyə,
Artır insanlarda pisliyə həvəs?
Gizlincə qucuruq bəd əməlləri,
Xəbərsiz sanırıq bundan hamını.
Vaxtsız solduraraq qönçə gülləri,
Günəş, Ay sanırıq günah şamını.
Nə qədər yamanlıq eləsək də biz,
Lakin unuduruq pislikləri tez
Düşünsək bilərik kimdir günahkar.
Yetər göllərində batdıq günahın,
Hər şey yadındadır böyük Allahın,
Dünyanın sərt qışı, güllü yazı var.
Belə düşüncələrin ardınca ülvi şair niyyəti, pak diləyi misralardan boylanır.
“Sonetlər çələngi” haqqında tanınmış ədəbiyyatşünas alim Hüseyn Həşimli maraqlı fikirlər söyləmişdir. Hüseyn Həşimlinin “Azərbaycan poeziyasında sonet və terset” kitabındakı Zaurun yaradıcılığı haqqında deyilənlərin maraqlılığını nəzərə alaraq olduğu kimi təqdim edirik:
-Zaur Vedilinin çələngindəki sonetlər arasında məna, məzmun bağlılığının güclü olduğunu, hər bir sonetin vahid məcraya yönəldiyini və bu yöndə müvafiq, poetik semantika daşıdığını ayrıca qeyd etməliyik. Başqa sözlə desək, forma naminə məzmun qurban verilməmiş, həmçinin fikrin bədii təqdiminə lazımi diqqət yetirilmişdir. Bütün çələng ülvi bir qayəni canlandırır. Çələngdəki sonetlərin hamısı İtalyan soneti formasında olub. “Abab, qdqd, mmp” kimi qafiyələnmişdir. Sevimli oxuculara onu da bildirim ki, Zaur Vedili Naxçıvanda “Sonetlər çələngi”ni yazan ilk qələm əhlidir.
Zaur Vedili yaradıcılığında rübailər
Azərbaycan ədəbiyyatında öz qədimliyi ilə seçilən rübai janrında çox gözəl əsərlər yazılmış və bu əsərlər əsrlər ötsə də öz mənasını, öz təravətini qoruyub saxlamışdır.Zaur Vedili də gözəllikdə və kövrəklikdə kəpənəyə bənzəyən rübailər ilə oxucularının görüşünə gəlib. Bu kitabda müəllifin otuz üç rübaisi sevimli oxucularının ixtiyarına verilmişdir. Hər birisi insanı düşündürən, onu həyatda düz və xeyirxahlığa səsləyən bu rübailər Zaur yaradıcılığının əsas xəttini təşkil edir.
Könlüm istər gül bağından gül üzsün,
O gülləri nurlu yola o düzsün,
Pisliyindən əl çəkmirsə pis adam,
Niyə yaxşı yaxşılıqdan əl üzsün?
Zaur Vedilinin biri-birindən öz ahənginə, yazı tərzinə, mənalığına görə fərqlənən rübailəri istər-istəməz oxucusunu özünə cəlb edir.
Zaur Vedili yaradıcılığında qəzəl janrı
Bu kitabda Zaur Vedilinin qəzəllərinin dərcinə əlbəttə ki, ürəkdən sevindim. Əlbəttə, klassik janrda böyük ustadların yazdıqları qəzəllərdən sonra bu sahəyə müraciət etmək çox böyük məsuliyyət tələb edir. Elə bu məsuliyyəti bilə-bilə Zaur Vedili qəzəllərinin birində yazır:
Gözlərdən yaş ələnsə bağrım başı qana dönər,
Haqqı taptanan görsəm gen dünyam zindana dönər.
Bu həyatda Zaurun öz amalı, öz andı var,
Onun pak əməlləri dillərdə dastana dönər.
* * *
Zaur Vedili oxucularının görüşünə gəldiyi bu yeni kitabında “Vüqarlı Azərbaycan” və “Sevdalı könüllər” adlı poemalarını da əziz oxucularına ərməğan edib. Elə-obaya, insana sevgi və məhəbbətlə yazılan bu poetik əsərlər müəllifin pak və təmiz, həmçinin əsil şairə məxsus olan qəlbindən gələn səmimi hisslərdir. Bəli, əziz oxucu qələm dostumuz Zaur Vedili yeni kitabı ilə sizlərə qonaq gəlir. Buyurun, onun üzünə qapılarınızı geniş açın! O həqiqətən də buna layiqdir....
İBRAHİM YUSİFOĞLU,
AYB-nin və AJB-nin üzvü,
“Qızıl qələm” mükafatı laureatı
GÖZÜM DOYMAZ
ÖZ OBAMDAN, ELİMDƏN
AZƏRBAYCAN BAYRAĞI
Dalğalan, xoş hüsnünü görən gəlsin ilhama,
Həm Vətənim, həm elim çatsın arzuya, kama,
Sevgin elə böyükdür, qoymaz qəlbə qəm dama,
Dostuna göz nurusan, düşməninə göz dağı,
Azərbaycan bayrağı!
Səninlə öyünürəm fəxrimsən, vüqarımsan,
Qışın ortasında da çiçəkli baharımsan,
Həm mənim xəzinəmsən, həm xəzinədarımsan,
Qiymətlidir Yurdumun qara daşı, torpağı,
Azərbaycan bayrağı!
Çiçəklənən yurdumda ümidim, pənahımsan,
Məscid kimi, pir kimi mənim səcdəgahımsan,
Zülmət gecələrdə də işıqlı sabahımsan,
Sənsən Odlar yurdunun yanar odu, ocağı,
Azərbaycan bayrağı!
Sənə olan sevgimiz sığmır şeirə, dastana,
Gözəllik bəxş edirsən yerə, göyə, cahana,
And içirəm müqəddəs kitabımız Qurana,
Sənə bağlıdır sənə, ömrümüzün xoş çağı,
Azərbaycan bayrağı!
Vətənimin tarixi, illərin naməsisən,
Müstəqillik carçısı, azadlıq nəğməsisən,
Dilimizin ən şirin olan xoş kəlməsisən,
Partladıqca partlasın qoy səni görən yağı,
Azərbaycan bayrağı!
Günəş qədər işıqlı, dünya qədər böyüksən,
Sənə qənim olanın çiynində ağır yüksən
Dostun başına tumar, yad başına külünksən,
Vüqarına qurbanam, ey xoşbəxtlik çırağı,
Azərbaycan bayrağı!
Anam Azərbaycanın başının örpəyisən,
Zaurun ruhu, canı, döyünən ürəyisən,
Səni sevən hər kəsin həmişə gərəyisən,
Ey sonsuz səmaların üçrəngli göy qurşağı,
Azərbaycan bayrağı!
7 sentyabr 2010
QƏLƏMLƏR SUSMASIN Kİ, SİLAHLAR DANIŞMASIN!
Doğulan hər bir insan bu dünyada qonaqdır,
Ömrü işıqlandıran ədalət, birdə haqqdır,
Qələmim həm qılıncdır, həm süngüdür, həm tankdır,
Arzumdur silahlarla küsənlər barışmasın,
Qələmlər susmasın ki, silahlar danışmasın!
Qələm əhli ağı ağ, qaranı qara yazsın,
Şeytana aldanmasın, onunçün qəbir qazsın,
Şüarımı orden tək hamı döşündən assın,
Sönmüş qanlı alovlar bir daha alışmasın,
Qələmlər susmasın ki, silahlar danışmasın!
Nurlansın zülmət gecə işıqlı səhər kimi,
Həyat bal şərbətdirsə, dadmasın zəhər kimi,
Sülhün carçısı olsun hamı bir nəfər kimi,
Müharibə, qan qada sel tək aşıb daşmasın!
Qələmlər susmasın ki, silahlar danışmasın!
Bütün xalqlar, ölkələr atsınlar sülhə imza,
Qarlı-boranlı yerlər çevrilsin güllü yaza,
Hər bir kəs ölümə yox, cəhd eləsin xilasa,
Düz yolda yolçu olsun, bir addımda çaşmasın,
Qələmlər susmasın ki, silahlar danışmasın!
5 may 2009
BİTMƏZDİR O DAHİYƏ OLAN MƏHƏBBƏTİMİZ!
Ulu öndərimiz Heydər Əliyevə
O, elə günəşdir ki, günəşdən çoxdur nuru,
El dilində dastandır onun əzmi, qüruru,
Millətin uğurudu onun hər bir uğuru
Bununçün ona daim güvəndi millətimiz,
Bitməzdir o dahiyə olan məhəbbətimiz!
O, bu yurdun, bu elin işıqlı səhəridi,
Dövrün həm dahi şəxsi, həm də peyğəmbəridi,
Həm adı, həm əməli dillərin əzbəridi,
Ona güvənmişiksə sarsılmaz qüdrətimiz,
Bitməzdir o dahiyə olan məhəbbətimiz,
Arxasında dağıydı həmişə elimizin,
Kamil bilicisiydi hər zaman dilimizin,
Çınqıllar kəsənmədi yolunu selimizin,
Xalq-Heydər, Heydər-xalq dedi, puç olmadı cəhdimiz,
Bitməzdir o dahiyə olan məhəbbətimiz!
O öz siyasətiylə zülməti şum elədi,
Dağam deyən çoxunu dağıdıb qum elədi,
Poladı, dəmiri də yumşaldıb mum elədi,
Onunla artıb bizim gücümüz, qüvvətimiz,
Bitməzdir o dahiyə olan məhəbbətimiz!
Danışanda dilindən sanki nur tökülürdü,
Elə bil ki, dan yeri təzəcə sökülürdü,
Bütün qaranlıqlar işığa bükülürdü,
Haqq deyən hər bir kəsə dərsdir siyasətimiz,
Bitməzdir o dahiyə olan məhəbbətimiz!
Ona sevgi hər qəlbdə yanır ocaq, köz kimi,
Sözün qüdrəti çatmır tam bildirəm sevgimi,
Bu xalqı, bu torpağı o, qoruyub göz kimi,
Ölsək də əmanətə olmaz xəyanətimiz,
Bitməzdir o dahiyə olan məhəbbətimiz!
Onu cismən edəndən bizlərdən ulu Tanrı,
Onsuz hər bir ürəyin qubarı var, qubarı,
Bəli, mən əminəm ki, pak müqəddəs məzarı,
Olubdur, olacaqdır hər an ziyarətimiz,
Bitməzdir o dahiyə olan məhəbbətimiz!
EŞQ OLSUN TÜRK XALQINA
Solmazdır baharımız,
Sarsılmaz vüqarımız,
Sən qoru ey Tanrımız,
Eşq olsun türk xalqına!
Haqqı var öyünməyə,
Qəlblərdə döyünməyə,
Gərək bu od sönməyə,
Eşq olsun türk xalqına!
Düşmənə zərbə vurar,
Yeni bir dünya qurar,
Diz çökməz, məğrur durar,
Eşq olsun türk xalqına!
Hər işdə zəfər çalar,
Yağını taxtdan salar,
Tarixdə ərtək qalar,
Eşq olsun türk xalqına!
6 sentyabr 2008
AZƏRBAYCAN ORDUSUNA EŞQ OLSUN!
Nə sarsıntı, nə qorxu var canında,
Yaranandan ərlik coşur qanında,
Ay ürəyim, ay ömrüm hər bir anında,
Azərbaycan ordusuna eşq olsun!
Ərlik dərsin alıbdılar beşikdə,
Haqq deyib, haqq görüblər ev-eşikdə,
Ayıq sayıq durublar keşikdə,
Azərbaycan ordusuna eşq olsun!
Qadirdilər tufanları yarmağa,
Silahlanıb sərhədlərdə durmağa,
Can atırlar xoşbəxt dünya qurmağa,
Azərbaycan ordusuna eşq olsun!
Geyib zireh paltarını əyninə,
Vətən adlı yük götürüb çiyninə,
Qara xallar düşməz əsla beyninə,
Azərbaycan ordusuna eşq olsun!
30 dekabr 2009
GÖZÜM DOYMAZ ÖZ OBAMDAN, ELİMDƏN
Fərqi yoxdur aranlıyam, dağlıyam,
Gərək yurdu gözüm üstə saxlayam,
Bu torpağa, xalqa elə bağlıyam,
Gözüm doymaz öz obamdan, elimdən.
Qara yellər dolansa da başımda,
Gül ətri var kəsəyimdə, daşımda,
Bel bükülsə, olsam da yüz yaşımda,
Gözüm doymaz öz obamdan, elimdən.
Yer də, göy də bürünsə qar-borana,
Bir daşını dəyişmərəm cahana.
Məhəbbətim sığışmaz min dastana,
Gözüm doymaz öz obamdan, elimdən.
Parlaq olan öz ənənəm, adətim,
Olur hər vaxt mənim şanım-şöhrətim.
Qonaqpərvər, sülhü sevən millətim,
Gözüm doymaz öz obamdan, elimdən.
Yurdda, eldə qazanılan hər uğur,
Mənim üçün həm vüqardı, həm qürur.
İki dünyam bir olsa da, ay Zaur,
Gözüm doymaz öz obamdan, elimdən.
23 iyul 2010
TÜRKÜN TÜRKDƏN YAXIN DOSTU YOXDUR, YOX
Dünya yaranandan indiyə qədər,
Həm sevinc görmüşük, həm də qəm-kədər,
Halımız olsa da betərdən betər,
Türkün türkdən yaxın dostu yoxdur, yox!
Qılınc da çalmışıq, ox da atmışıq,
Yad qəlbə nizətək çox vaxt batmışıq,
Bütün yatanları ta oyatmışıq,
Türkün türkdən yaxın dostu yoxdur, yox!
Həyat başdan-başa sınaq olsa da,
Yolumuz gah təpə, gah dağ olsa da,
Hamı bu dünyada qonaq olsa da,
Türkün türkdən yaxın dostu yoxdur, yox!
Bu fani dünyada biz bilə-bilə,
Gərək aldanmayaq hər şirin dilə,
Vallah dayansa da alnıma güllə,
Türkün türkdən yaxın dostu yoxdur, yox!
Çənli gündə türkə arxa türk olur,
Düşmən kölgəsinə daş, külüng olur,
Özünə dönəndə o, böyük olur,
Türkün türkdən yaxın dostu yoxdur, yox!
15 may 2009
QƏDƏMLƏRİN MÜBARƏKDİ
TƏZƏ İL
Gəlişinlə gülüş gətir cahana,
Sığışmasın sevincimiz dastana,
Yağdır ağ gün yağışını hər yana,
Qədəmlərin mübarəkdi təzə il.
Yerə-göyə bəxtəvərlik, sülh gətir,
Qara daş da ətir saçsın, qoy ətir,
Hər ürəkdə sevinc adlı gül bitir,
Qədəmlərin mübarəkdi təzə il.
Tam ərisin kədər, hicran buzumuz,
Əskilməsin çörəyimiz, duzumuz,
Süfrəmizdə bol olsun hər ruzimiz,
Qədəmlərin mübarəkdi təzə il.
Ulduz gətir, Günəş gətir, Ay gətir,
Çeşmə gətir, bulaq gətir, çay gətir,
Yurdumuza səadəti pay gətir,
Qədəmlərin mübarəkdi təzə il.
İlham versin sənə elin alqışı,
Pozulmasın gözəlliyin naxışı,
Rahat olsun dünyanın hər qarışı,
Qədəmlərin mübarəkdi təzə il.
Yoxa çıxsın dünyamızdan hər xəta,
Tanımayaq müharibə, qan-qada,
Sən daha da şirinlik qat həyata,
Qədəmlərin mübarəkdi təzə il.
2 yanvar 2010
Dostları ilə paylaş: |