TüRKÜn türkdən yaxin dostu yoxdur, yox



Yüklə 0,69 Mb.
səhifə5/7
tarix19.10.2017
ölçüsü0,69 Mb.
#3233
1   2   3   4   5   6   7

SƏNİN ÜÇÜN
Ölüm vaxtsız döysə ömür qapımı,

Canımdan keçərəm, tək sənin üçün.

Alsam əllərindən acı zəhəri,

Şərbəttək içərəm, tək sənin üçün.


Məni çəksələr də dar ağacına,

Dönəcəm dərdinin mən əlacına,

Çevrilib başının qızıl tacına,

günü quracam, tək sənin üçün.


Gün gələ görəm ki, yuxum çin olub,

Hicran dara düşüb, saralıb-solub,

Vüsal göylərində göyərçin olub,

Uçduqca uçaram, tək sənin üçün.


Tanrı sürmə çəkib sanki gözümə,

İnsanı çəkdikcə çəkir özünə,

Bağlı qapıları sənin üzünə,

Taybatay açaram, tək sənin üçün.


Tale üzümüzə kaş hər vaxt gülə,

Qəm qismət olmaya sevən könülə,

Susuz səhralara desələr belə,

Sevgilim, köçərəm, tək sənin üçün.

3 aprel 2004
BİR DƏ GÜLMƏYƏCƏK TALE ÜZÜNƏ
Gəl dönmə bu qədər ürəyi daşa,

Ömrünün yazını çevirmə qışa,

Sinəmə çəksən də dağ qoşa-qoşa,

Bir də gülməyəcək tale üzünə.


Eşqin qapısını istədim açaq,

Sandın məhəbbəti oyun-oyuncaq,

Hicran qaladısa bəxtində ocaq,

Bir də gülməyəcək tale üzünə.


Daha gərəksizdir sözün-söhbətin,

Məni üzməyəcək sənin həsrətin,

Qədrini bilmədin saf məhəbbətin,

Bir də gülməyəcək tale üzünə.


Sevdalı bir qəlbi qəminlə sıxdın,

Eşqin sarayını himindən yıxdın,

Mən yox, sən əhdinə vəfasız çıxdın,

Bir də gülməyəcək tale üzünə.


Niyə bilə-bilə sən özün bunu,

Geydirdin vüsala ayrılıq donu?

Bu da yalan olan sevginin sonu,

Bir də gülməyəcək tale üzünə.

16 aprel 2004

YALANIYMIŞ
Ay vəfasız, ürəyi daş,

Olanmadın mənə sirdaş,

Sevməyəydim heç səni kaş,

Sənin sevgin yalanıymış.


İlan kimi məni sancdın,

Xoşbəxtlikdən kənar qaçdın,

Ayrılığa qapı açdın,

Sənin sevgin yalanıymış.


Bilinmədi yazım, qışım,

Hər bəlanı çəkdi başım,

Hicran oldu elçi daşım,

Sənin sevgin yalanıymış.


Gecə-gündüz odda yandın,

Guya qəmdən gen dolandın,

Heyif, sənə mən inandım,

Sənin sevgin yalanıymış.


Arzuların soldu rəngi,

Qəmə döndü xoş ahəngi,

Heç ağlıma gəlməzdi ki,

Sənin sevgin yalanıymış.

21 aprel 2004


SONETLƏR

ÇƏLƏNGİ



HƏYAT İMTAHANDIR
1-ci sonet
Həyat imtahandır, imtahan, qağa,

Enişi, yoxuşu, düzü var onun.

Bizləri çəkir ki, ağır sınağa,

Anlayaq min cürə üzü var onun.

Tanrı borc veribdi ömrü hər kəsə,

Nə vaxtsa o borcu qaytaracağıq.

Yol verməyək bizdən Yaradan küsə,

Bilək bu dünyadan nə aparacağıq.

İşıqlı əməllər olsun peşəmiz,

Heç vaxt əskilməsin qəlbdən nəşəmiz,

Nə yamanlıq edək, nə könül yıxaq.

Düşünüb iş görək, düşməyək çaşbaş,

Heç vaxt büdrəməyək həyatda qardaş,

Çalışaq hər dərsdən üzü ağ çıxaq.


2-ci sonet
Çalışaq hər dərsdən üzü ağ çıxaq,

İki yox, beş olsun qoy qiymətimiz.

Daş sökməyək, daşı daş üstə yığaq,

Çoxalsın saf işə məhəbbətimiz.

Həvəslə axıdaq alın tərini,

Halal tikəmizə haram qatmayaq.

Gecə edib ömrün xoş səhərini,

Özgə kölgəsində heç vaxt yatmayaq.

Tək Tanrı kölgəsi bəs etsin bizə,

Qaranlıq gecəmiz dönsün gündüzə,

Qəlbimiz çevrilsin coşqun bulağa.

Min cür tor qursa da bizlərə fələk,

Çalışaq ölməzlik qazana bilək,

Pay gedənə kimi qara torpağa.



3-cü sonet
Pay gedənə kimi qara torpağa,

Kim bilir başına nə gələcəkdir?

Dönsə də insanın ömrü çırağa,

O, nə vaxt sönəcək, kim biləcəkdir?

Hər kəsin bəxtində var əcəl zəngi,

Bilir daş qəlblər də, lap kövrəklər də.

Məhz buna görə də çalışağın ki,

Ölsək də yaşayaq biz ürəklərdə.

Yaxşı əməllərdən gen dolanmayıb,

Şeytanın odunda bir an yanmayıb,

Qara niyyətləri yandırıb yaxaq.

Nurlu əməllərdən gəlib ilhama,

Hamı çatsın deyə arzuya-kama,

Hər gün ürəklərə nur kimi yağaq.



4-cü sonet
Hər gün ürəklərə nur kimi yağaq,

Qara qüvvələrin kökü kəsilsin.

Haqqı ordan kimi döşlərə taxaq,

Həmişə nahaqqın başı əzilsin.

Qiymətsiz saymayaq balı zəhərdən,

Hünər zənn etməyək yaxa dartmağı.

Əgər ayırmasaq xeyiri şərdən,

Sevmərik düz yolda addım atmağı.

Tapılsa hər işin əgər öz yeri,

Düzü düz tanısaq, əyrini əyri,

Qarlı qışa dönməz çiçəkli bahar.

Könlüm, iki dünya bir olsa belə,

Dərd odunda yanıb dönsək də külə,

Qara əməllərdən dolanaq kənar.



5-ci sonet
Qara əməllərdən dolanaq kənar,

Pislik bulağını tamam qurudaq.

Həyatda görsək də min cür dərd, azar,

Xeyirxah işlərin qolundan tutaq.

Qonaqdır dünyada hər bəni insan,

Heç vaxt bükülməsin şərə dizimiz.

Biz gəldi-gedərik, qalandır cahan,

Gərək bu aləmdə qala izimiz.

Yol verməyək bizi yamanlıq quca,

Nurlu gələcəyə yol aça-aça,

Bütün könülləri şad eləyək, şad.

Ömür müvəqqəti olsa da, di gəl,

Yaxşı əməllərdən ucaldıb heykəl,

İblisə, şeytana uymayaq heç vaxt.




6-cı sonet
İblisə, şeytana uymayaq heç vaxt,

Cəhənnəm etməyək cənnətimizi.

Haqdan, ədalətdən doymayaq heç vaxt,

Tanrı verəcəkdi qiymətimizi.

Cəhd etməliyik ki, əsən küləklər,

Bizi aparmasın dumanlı yola.

Çünki, çiynimizdə olan mələklər,

Bizi tutacaqdı sorğu-suala.

Əgər fikirləşsək sabahımızı,

Yaddan çıxartmasaq Allahımızı,

Mütləq zəhmətimiz verəcəkdir bar.

Səvab əməllərin olaq sirdaşı,

İllər gətirsə də yaş üstə yaşı,

Qara saçımıza ələnsə də qar.




7-ci sonet
Qara saçımıza ələnsə də qar,

Olsaq da yüz yaşlı qoca bir kişi,

Qəlbə düzülsə də qəm qatar-qatar,

Qəti unutmayaq bir an keçmişi.

Biz dünənimizi unutsaq əgər,

Nə vaxtsa bizi də unudacaqlar!

Həyat dadsın deyə daim bal-şəkər,

Çalışaq ki, yansın sönmüş ocaqlar.

Görülən hər işə baxmayaq üzdən,

Gücümüz çatırsa, çalışaq bizdən,

İmdad uman kəsə eləyək imdad.

Arzumdu olmasın nə qəm, nə kədər,

Dünyaya gələndən ölənə qədər,

Abad könülləri görməyək bərbad.




8-ci sonet
Abad könülləri görməyək bərbad,

Sevinc əskilməsin gül çöhrələrdən.

Ömürdən ötsə də dəqiqə, saat,

Ötənlər silinmir xatirələrdən.

Bu gün elə işlər görək ki, sonra,

Dünəni fəxr ilə biz yada salaq.

Dünyanı tərk edib getsək də gora,

Yaxşı işlər ilə yaddaşda qalaq.

Ürəklər düşməsin dərd adlı oda,

Olmasın dünyada pislik, qan-qada,

Yayılsın xoşbəxtlik ətri hər yana

Bütün bəşər əhli eləsin tövbə,

Nə yamanlıq olsun, nə müharibə,

Əllər heç bir zaman batmasın qana.



9-cu sonet
Əllər heç bir zaman batmasın qana,

Qan deyil, gül ətri gəlsin əllərdən,

Ağ gün qismət olsun bütün cahana,

Nəğmələr eşidək bütün dillərdən.

Bu beş günlük olan fani dünyada,

Bizim qismətimiz olsun səadət.

İstər həqiqətdə, istər röyada,

Heç kim tanımasın qüssə, kədər, dərd.

Görülən hər işdə haqq işə dönək,

Saf yolda işıqlı Günəşə dönək,

Söz verək muğama, tara, kamana.

Nəğmələr qəlblərə axsın su kimi,

Hamı bir-biriylə olsun səmimi,

Həmişə can desin insan insana.




10-cu sonet
Həmişə can desin insan insana,

Hamıdan doğmalıq ətri duyulsun.

Soyuqluq ömürlük getsin zindana,

İsti münasibət qanun qoyulsun.

Fitnə, tor qurmasın heç kim heç kimə,

Hamı bir-birini olsun köməyi.

Toxunub qəlbdəki ən kövrək simə,

Düşünək həmişə xoş gələcəyi.

Qazmayaq kiminsə yolunda quyu,

Bulanıq etməyək dumduru suyu,

Dönsün ürəyimiz vüqarlı dağa.

Dar gün öz içində tamam boğulsun,

Hamı bir-biriylə mehriban olsun,

Soyuqluq gəlməsin heç bir otağa.



11-ci sonet
Soyuqluq gəlməsin heç bir ocağa,

Əksinə hənirti, hərarət gəlsin.

Heç kim atılmasın küncə-bucağa,

Qəddar qəlblərə də mərhəmət gəlsin.

Arzuya, murada yetişsin hamı,

Heç kimin gözləri yolda qalmasın.

Gülərüzlü görək hər bir adamı,

Fələk heç bir qəlbə xalı salmasın.

İstər cavan olsun, istər ixtiyar,

İstər payız olsun, ya qış, ya bahar,

Hər vaxt sonasıyla öyünsün göllər.

Bizə səmt gəlincə əcəl atları,

Çalınınca ömrün son akortları,

Sevincdən döyünsün bütün könüllər.



12-ci sonet
Sevincdən döyünsün bütün könüllər,

Qarışsın hər evdə gülüş gülüşə.

Xəzan tanımasın çəmənlər, çöllər,

Qoymayaq gül üzə qəmdən şeh düşə.

Həyatda həmişə haqq söyləyək, haqq,

Həm Tanrı bəyənsin, həm də ki, bəndə.

Yaxşı işlər üçün ancaq və ancaq,

Biz öndə dayanaq, həmişə öndə.

Qaranlıq almasın nurlu aləmi,

Tamam yoxa çıxsın dünyanın qəmi,

Dayansın tufanlar, dayansın sellər.

Bizə kömək olsun Tanrı, həm “Quran”,

Almasın yaz ömrü baharda boran,

Vədəsiz solmasın bağlarda güllər.


13-cü sonet
Vədəsiz solmasın bağlarda güllər,

Yazı yaz, qışı qış görkəmdə görək.

Dərddən bükülməsin heç zaman bellər,

Həmişə dəyərli ömür-gün sürək.

Həyatda biz elə oturub duraq.

Qalsın bu dünyada nurlu izimiz.

Dağıdan olmayaq yaradaq, quraq,

Olsun hər qurulan bir əzizimiz.

Yaxşı əməlləri, yaxşı işləri,

Yaxşı bildiyimiz xoş vərdişləri,

Taxaq sırqa kimi hər vaxt qulağa.

Qucsun bu dünyanı çalçağır, şənlik,

Gəlsin camalına hər gün gözəllik,

Dünya cənnət olsun başdan ayağa.



14-cü sonet
Dünya cənnət olsun başdan ayağa,

Zülmət gecəsi də dönsün işığa.

Biz də onun üçün dönüb dayağa,

Təravət gətirək hər yaraşığa.

Heç vaxt qazanmayaq həyatda günah,

Səvab işlər görək, dünya hədərdi.

Gəlin az toy tutaq başına vallah,

Bu dünyanın dərdi dünya qədərdi!

Gülşənə döndərək qara kolluğu,

Azadlıq, xoşbəxtlik, ruzi bolluğu,

Hər vaxt əlimizdə dönsün bayrağa.

Heç vaxt büdrəməyək həyatda gərək,

Çünki bizim üçün gerçəkdən gerçək,

Həyat imtahandır, imtahan qağa!


15-ci sonet
Həyat imtahandır, imtahan qağa,

Çalışaq hər dərsdən üzü ağ çıxaq.

Pay gedənə kimi qara torpağa,

Hər gün ürəklərə nur kimi yağaq.

Qara əməllərdən dolanaq kənar,

İblisə, şeytana uymayaq heç vaxt.

Qara saçımıza ələnsə də qar,

Abad könülləri görməyək bərbad.

Əllər heç bir zaman batmasın qana,

Həmişə can desin insan insana,

Soyuqluq gəlməsin heç bir ocağa.

Sevincdən döyünsün bütün könüllər,

Vədəsiz solmasın bağlarda güllər,

Dünya cənnət olsun başdan ayağa.


24-27 avqust 2009

R Ü B A İ L Ə R

- 1 -
Fani dünya gözəl olub əzəldən,

Seçilməyib heç nazəni gözəldən,

Halallığa haram qatan bəndələr,

Dağıdansa qəti olmaz düzəldən.
- 2 -
Ömür yollarımız dolanba-dolan,

Hamı gedərgidir, dünyadır qalan,

Min illik hörməti verər güdaza,

Çörəyi dizinin üstündə olan.


- 3 -
Yollar gah hamardı, gah dağ, gah təpə,

Hər kəs od üstünə gərək su səpə,

Ən böyük arzumdur ki, bəşər əhli,

Nə qan-qada görsün, nə müharibə!


- 4 -
Könlüm istər gül bağından gül üzsün,

O gülləri nurlu yola o, düzsün,

Pisliyindən əl çəkmirsə pis adam,

Niyə yaxşı yaxşılıqdan əl üzsün?


- 5 -
Hamı gülsün, hamı şirin danışsın,

Acı dillər bal-şərbətə qarışsın,

Tapılmasın bir inciyən, bir küsən,

Kaş ki, bütün küsülülər barışsın.

- 6 -
Qaranlıqda ulduz olaq, ay olaq,

Quraqlıqda dəniz olaq, çay olaq,

Namərdlikdən gen dolanaq həmişə,

Ölənəcən biz mərdlərə tay olaq.

- 7 -
Əvvəl mənim üçün hər şey yuxuymuş,

Sən demə qənimim yaman çoxuymuş,

Tikəmi böldüyüm düşmənim oldu,

Yəqin çörəyimin duzu yoxuymuş?!


- 8 -
Ömür sürürüksə, hər gün təzədir,

Gülüşlə göz yaşı tam üz-üzədir,

Enişdir, yoxuşdur tale yolları,

Həyat başdan-başa mübarizədir.


- 9 -
Yaman tərs cırılıb dövrün ələyi,

Əsir hara gəldi tale küləyi,

İndi mənim kimi bir çoxlarının,

Daşdan yox, dəmirdən çıxır çörəyi!


- 10 -
İstərsən nökər ol, istərsən ağa,

Hər kəsi çəkəcək həyat sınağa,

Bu fani dünyada qonaqdır hamı,

Çalışaq getməyək haqdan uzağa.


- 11 -
Həyat gah sevincdir, gah da kədərdir,

Mənasız ömür-gün heçdir, hədərdir,

Tükənməz bacıma xoş arzularım,

Çünki arzularım dünya qədərdir.


- 12 -
Gəlinlik libası geysin sonalar,

“Vağzalı”havası çalsın zurnalar,

Yayılsın aləmə çal çağır səsi,

Sevincdən ağlasın ata-analar.


- 13 -
Tanrı bəxtlərdəki hicranı silsin,

Hər bir zaman gözlər, könüllər gülsün,

Ən böyük arzumdur, bütün sevənlər,

Kaş öz yarısına qovuşa bilsin.


- 14 -
Gülşən olsun çöllər, düzlər, cəmənlər,

Tapılmasın ilqarından dönənlər,

Arzumdur ki, bu həyatda həmişə,

Xoşbəxt olsun sevilənlər, sevənlər.


- 15 -
Ömrün baharını payız almasın,

Vüsal çiçəkləri qəti solmasın,

Qonsun çiyinlərə xoşbəxtlik quşu,

Heç kim taleyindən küskün qalmasın.


- 16 -
Sevdalı ürəyə vurdunsa yara,

Demək, döndün böyük bir günahkara,

Bil ki, aşiqinə qazdınsa quyu,

Nə vaxtsa özün də düşəssən tora.


- 17 -
Heç vaxt pozulmasın vüsal naxışı,

Aləmdir sevənin gizlin baxışı,

Sevən aşiqlərin tale yoluna,

Kaş ki, ələnməyə hicran yağışı.


- 18 -
Məni qorxutmadı nə qar, nə boran,

Can-dedim mən sənin kəlmənə- can.

Əgər biz qovuşsaq bir-birimizə,

Dünyanın xoşbəxti olarıq, inan.


- 19 -
Bəxtimizdə yanan qəm odu sönsün,

Tale yollarımız nurlu görünsün,

Biz elə sevək ki, bir-birimizi,

Sevgimiz dillərdə dastana dönsün.


- 20 -
Nə ayrılıq görək, nə qəmdən solaq,

Nur tək könüllərə, gözlərə dolaq,

Leyli-Məcnun eşqi olsun eşqimiz,

Bütün sevənlərə biz örnək olaq.


- 21 -
Qəlbimi atəşə salan ay sona,

Az çək aşiqini sən imtahana,

Məcnun da, Kərəm də ,Fərhad da mənəm,

Hər əhdə sadiqəm, məni az sına.


- 22 -
Mənə yad olana yad olmuşam mən,

Yad qəlbi yandıran od olmuşam mən,

Nə yerə sığıram, nə göyə Allah,

Bir dəli sevdaya tutulmuşam mən!


- 23 -
Fələk mənim ürəyimi dağlayıb,

Qoşa gözüm şəlalətək çağlayıb,

Dağlar, daşlar külə dönüb ahımdan,

Vətən dərdi sinəmdə köz bağlayıb!


- 24 -
Olmasın qəlbində intizar sənin,

Nə də ki, bəxtində boran-qar sənin,

Sənə layiq olan övladlarınla,

Vətən, öyünməyə haqqın var sənin!

- 25 -
Anam Vedi darda qalıb, çox darda,

Qış kimidi indi ona bahar da,

Düşmənlərin taptağına dönəndən,

Babaların ruhu yanır məzarda!


- 26 -
Çalınsa da bizim əcəl zəngimiz,

Yox, qurtarmaz düşmənlərlə cəngimiz,

Yurdum azad olmalıdır işğaldan,

Çünki, bitməz bizim ona sevgimiz!


- 27 -
Çox sevirəm yurdu, eli, torpağı,

Heç sönməsin onun bircə ocağı,

Mənim üçün Quran qədər, pir qədər,

Müqəddəsdir Azərbaycan bayrağı.


- 28 -
Ana yurdum, tuş gəldikcə sən oda,

Övladların yetişibdir imdada,

Arzumdur ki, tam silinə lüğətdən,

Müharibə, qaçqın, köçkün, qan-qana.


- 29 -
Şadlığa bələnə bütün el-aləm,

Heç kimin qəlbində olmaya dərd-qəm,

Minəm köhlən ata, at uça-uça,

Gedəm Əyricədə bir az dincələm.


- 30 -
Vətəndir hər kəsin şöhrəti, şanı,

Gözündə işığı, cismində canı,

Vallah başdan-başa cənnətdir yurdum,

Kim bu gözəlliyin olmaz heyranı?


- 31 -
Bəxtimdə görəndən acı həsrəti,

Həsrət zəhər edib balı, şərbəti,

Heç düşmənə belə arzulamıram,

Vətəndə vətənsiz olmaq qisməti!


- 32 -
Gözəldir Vətənin vallah hər çağı,

Olub hər qarışı ana qucağı,

Vətənin qışında isinən qəlbi,

İsitməz qürbətin odu, ocağı!


- 33 -
Vətən üçün edən olsa şərə cəhd,

Görməz o, kəs taleyində nurlu xətt,

Qəlbimizdə kök saldısa, dağılmaz,

Yurda, elə, dilə olan məhəbbət.

3-5 noyabr 2010

Q Ə Z Ə L L Ə R

* * *
Gözlərdən yaş ələnsə bağrım başı qana dönər.

Haqqı taptanan görsəm, gen dünyam zindana dönər.
Hər kim sadiq olmasa öz sözünə, öz andına,

O, nadan bəndələrin vüsalı hicrana dönər.


Vətənin, elin dərdi öz ağrım-acımdır mənim,

Ona pak məhəbbətim hər dərdə dərmana dönər.


Hər kim ki, yamanlığı hünər sayırsa özünə,

O, kəs adam cildində iblisə, şeytana dönər.


Çalışaq ki, həmişə yaxşılığı adət edək,

Günəşli yollarda da pislik çən-dumana dönər.


Bu həyatda Zaurun öz amalı, öz andı var,

Onun pak əməlləri dillərdə dastana dönər,

24 dekabr 2008
* * *
Bu qanlı döyüşlərin de kimə bir faydası var?

Hərb ölüm kəməndidir, onun yalnız xatası var!


Topları, tüfəngləri alovlarda yandırağın,,

Dünya sülh donu geysin, sülhün parlaq ziyası var.


Qoy bütün yer kürəsi kədər, dərd nədir bilməsin,

Görsün hər kəs bəxtində sevinc adlı dünyası var.


Ərlər şəhid olmasın, gəlinlər geyməsin qara,

Görməyək ki, bir kəsin gözü yaşlı anası var.


Dönəyin bu həyatda xoşbəxtlərin xoşbəxtinə,

Eşitməyək hansısa mahalın qan-qadası var.


Ürəklər çəkməsinlər zərrə qədər ağrı-acı,

Görməyək açan gülün azca solğun siması var.

Yarağın qaranlığı dünya gülsün başdan-başa,

Zaur, mənasız deyil arzularım, mənası var.

10 dekabr 2008
* * *
Sanma arif özünü, sən xalis nadan kimisən.

Yox kamillik nişanın, kim deyir qanan kimisən?


İnsanlıqdan bixəbər, sən sanma insan özünü,

O, donda görünsən də, zənn etmə insan kimisən.


Nə qədər meyl edirsən sən bu dünyanın malına,?

Acgözlük hünər deyil, yamandan yaman kimisən.


Mən haqqa güvənsəm də, sən nahaqqa oldun əsir,

Şeytana aldandınsa özün də şeytan kimisən.


Atalar düz deyibdir, “su tökməklə quyu dolmaz”,

Zaur, nə faydası var, itə de ceyran kimisən?!

5 sentyabr 2007
* * *
Gətirər yurdumuza xoş bir təravət bu bahar.

Tükənməz ürəklərdə sevinc, məhəbbət bu bahar.


Doğacaq yurdumuza mütləq azadlıq günəşi,

Xəzana dönən yerlər olacaq cənnət bu bahar.

Gözlərə, könüllərə ələnəcək sevgi nuru,

Vüsala diz çökəcək ayrılıq, həsrət bu bahar.


Hər kəs hiss edəcəkdir üstündə Tanrı əlini,

Tezliklə şəfasını tapacaq hər dərd bu bahar.


Qoyarıq qəlblərdəki dərdi-qəmi biz arxada,

Ələnər yağış kimi göydən səadət bu bahar.


Hər dərdi unudarıq, qarışar sevincə sevinc,

Çin olar qəlblərdəki saf arzu-niyyət bu bahar.


İstərəm ki, bürüyək ölkəmizi çal-çağıra,

Zaur, bu istək üçün hamı etsin cəhd bu bahar.

21 mart 2007
* * *
Yurd, millət tonqalında alışdı, yandı Şəhriyar.

Qartal kimi qıy vurub qəlblərə qondu Şəhriyar.


O, elin oğlu idi, köçdü elin də qəlbinə,

Ona vurğun hər kəsə şöhrətdi, şandı Şəhriyar.


Hər misrası, hər sözü min bir dərdin dərmanıdır,

Yaddaşdan silinməyən nurlu nişandı Şəhriyar.


“Heydər babaya salam” bütün xalqa salamıydı,

Hər bir söz əhli üçün sultandı, xandı Şəhriyar.


Şüardı yurd üçün “Ya azad ol, ya tamam yan”,

Zaur, bu səbəbdən də, Azərbaycandı Şəhriyar.

23 sentyabr 2006

* * *
Düşdüm eşq adlı atəşə, yandı bağrım külə döndü.

Ələndi gözümdən yağış, göz yaşlarım selə döndü.
Çəkdikcə həsrət ilə mən vüsalın intizarını,

Onsuz keçən hər günüm yox, hər dəqiqəm ilə döndü.

İndi fikirləşirəm gör Məcnun, Kərəm nələr çəkib?

Mən kaman oldum ürəyim inildəyən telə döndü.


Güvənmişik bu həyatda biz məhəbbətin adına,

Vüsal quştək qanad açdı, acı hicran şilə döndü.


İmtahandır başdan-başa ülvi məhəbbət aləmi,

Zaurun qəlbi lal idi, nəğməkar bülbülə döndü.

9 may 2006
* * *
Yenə can vermək üçün canıma, canan gələcək

Məhəbbət tonqalında mənimlə yana gələcək.

Eşq aləmində hər an çox arifdir nazlı yarım,

Dərk edir hər baxışı, kim deyir nadan gələcək?


Qoy bilsin bütün bəşər mən məhəbbət xəstəsiyəm,

Loğman, təbib hədərdi, dərdimə dərman gələcək.


Dərərəm yarım üçün göydəki ulduzları mən,

Taxaram barmağına bilər toy-nişan gələcək.


Nə qədər nazı ilə üzsə də yar aşiqini,

Zaur deyir qəlbinə bəlkə din-iman gələcək!

5 iyul 2006

* * *
Elə sevdim o, nigarı, hamı divanədir dedi.

Görən Məcnun məni saydı, Məcnun əfsanədir dedi.
Bir yolun yolçusuyuqsa hicran bizi əyə bilməz,

Dil açıb sevdalı könlüm,-hicran bəhanədir- dedi.


Olmaz Məcnunda, Kərəmdə mənim qəlbimdəki sevgi,

Bu atəşə düşən gülüm,-eşqim yeganədir – dedi.


Sanıram ki, Büsutunu yarıram mən Fərhad kimi,

Sal qayalar dilə gəlib –aşiq mərdanədir- dedi.

Yarımı gətirdim yola ləbinin busəsin aldım,

Zaur- balda olmaz bu tam görəsən bu nədir- dedi.

30 iyul 2006
* * *
İstərəm sevgilimin gözləri gülsün həmişə,

Məni çəkməsin dara, insafa gəlsin həmişə,


Nə çəkir sevdalı qəlb, sevənlər bilər bunu tək,

Gərək sevinci-qəmi aşiq tən bölsün həmişə.


Necə ki, mən duyuram sevgilimin həsrətini,

Mənim də niskilimi kaş o, da bilsin həmişə.


Vallah mən oynayıram yarımın hər nazı ilə,

İstərəm yar mənim də qeydimə qalsın həmişə.


Əgər hər kim istəsə bülbülü güldən ayıra,

Susuz bir qönçə kimi o, kəsi solsun həmişə.


Tək sənin yox ki, a gül, bütün sevən cavanların,

Ocağında zurnalar Vağzalı çalsın həmişə.


Zauram, İlahidən ən böyük arzumdur mənim,

Vüsal hicranı, qəmi taxtından salsın həmişə.

2 avqust 2006
* * *
Gözləri yolda qalan nazlı nigarım, gələcəm.

Üzməsin qəlbini heç bu intizarım, gələcəm.


Əbədi deyil ki, bu, beş-on günün həsrətidir,

Yenə geri dönəcək vüsal qatarım, gələcəm.


Bu sevən ürəyində ucalt sevinc sarayını,

Əyməsin qamətini mənim qubarım, gələcəm.


Sevgilim, dəyişmərəm mən səni dünya malına,

Çünki sənsən xəzinəm, dövlətim, varım, gələcəm.


Zaur da sənin kimi tab eləmir ayrılığa,

Az qalıbdır vüsala, sevimli yarım, gələcəm.

6 avqust 2006
* * *
Yaradan qələm çəkib, huri-mələklər kimisən.

Bir kəlmə danışmırsan, lal kəpənəklər kimisən.


O, qara gözlərinin sehrindən ayrılanmıram,

Bülbülü məst eləyən qönçə çiçəklər kimisən.


Azacıq insaf elə lal baxışın üzdü məni,

Vallah zənn edirdim ki, qəlbi kövrəklər kimisən.

Günəşdən, Aydan alıb sanki camalın nurunu,

Hüsnün göz qamaşdırır nurlu bəbəklər kimisən.


Zauram, bilirəm ki, yoxdur tayın, bərabərin,

Sən bahar rayihəli əsən küləklər kimisən,

10 oktyabr 2007
* * *
İstərəm hər arzumu sən kimi dilbərə deyim.

Bu eşqin atəşində qoy yanım dübarə deyim.


Aylar illər uzunu çox çəkmişəm həsrətini,

Dərdim sənə bəllidir, ol dərdimə çarə deyim.


Məhəbbət dünyasına atmışıqsa ilk qədəmi,

Gülüm, qoy hər addıma bir nurlu işarə deyim.


Yolumu kəssə də od, qorxum zərrə qədər,

Səndən ötrü hazıram hər sözü aşkarə deyim.


Bu sevda yollarında gəl anla nə çəkdiyimi,

Yol vemə ki, Zaura Məcnuntək avarə deyim.

9 noyabr 2007
* * *
O, gülüzlü dilbəri görəndən heyran olmuşam.

Təmiz sevgimlə onun qəlbində tufan olmuşam.


Sanmışam uydurmadır Məcnun, Kərəm məhəbbəti,

Onlardan min qat artıq sevən bir cavan olmuşam.


Saf eşqin xəstəsiyik hər ikimiz, Tanrı bilir,

O, mənə dərman olub, mən ona dərman olmuşam.

Tanrım rəhmini məndən heç zaman əsirgəmiyib,

Dadıma yetişibdir xoşbəxt, firəvan olmuşam.


Sən özün şahidsən ki, eşq məni arif eləyib,

Bir zaman xəstə idim, ta indi loğman olmuşam.


Açıqdır saf məhəbbət dünyasının darvazası,

O, aləmdə mən sənin cismindəki can olmuşam.


Zauram, bu eşq mənim qəlbimi cuşa gətirib,

Bir zaman lal quş idim, indi qəzəlxan olmuşam.

2 yanvar 2008
* * *
Yenə yardan ötəri bu könlüm yaman darıxır.

Yəqin mənim kimi də indi o, canan darıxır!


O, gülün həsrətindən ürəyim lap tir-tir əsir,

Sevdalı könlüm olub halı pərişan darıxır.


Bilirəm, yoxdur onun indi gündüzü, gecəsi,

Mənsiz əyib qəddini bəlkə də hicran, darıxır.


Sevgimiz bəxtimizə Günəş kimi şölə saçır,

Bizsiz görüş yerimiz, hər tərəf, hər yan darıxır.


Hər ceyrana, cüyürə atmaram eşq kəməndini,

Zaurtək ovçu üçün çünki o, ceyran darıxır.

19 may 2008
* * *
Neçə vaxtdır gözlərim intizardan qan ağlayır.

Mən həsrətdən qaçsam da həsrət məni qucaqlayır.

Bu zalımın balası gəlməyir azca insafa,

Uyub əğyar sözünə ağ gününü ayaqlayır.


Hər zülmünə dözdüm ki, dərk eləyə bəlkə məni,

Di gəl yolunda quyu qazanlara bel bağlayır!


Çəkdiyim əzablardan ləzzət alır elə bil ki,

Bir dərdimi min edib üst-üstə dərd qalaqlayır.


Bilmirəm neyləyim ki, yar əlac olsun yarama,

Əlac olmur əksinə, sinəmi çarpaz dağlayır.


Safdır göz yaşı kimi qəlbimdəki məhəbbətim,

Qurumaq bilmir əsla, bir şəlalətək çağlayır.


Zaur, məndən öyrənib Məcnun sevib sevilməyi,

Heç zaman diz çökmərəm, tarix yadında saxlayır.

8 noyabr 2008


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin