Ulu öndər Heydər Əliyevə həsr olunur Tanrım, sənin dərgahına üz tuturam



Yüklə 217,97 Kb.
tarix02.11.2017
ölçüsü217,97 Kb.
#28383

ZAUR VEDİLİ

Naxçıvan – 2013


DAHİ İNSAN

(poema)


Ulu öndər Heydər Əliyevə həsr olunur

Tanrım, sənin dərgahına üz tuturam,

Qəlbimdəki ağrını da, kədəri də unuduram.

Yolçusuna çevrildiyim yola işıq saçmaq üçün,

Qəlbimdəki arzuların göylərində uçmaq üçün,

Qartal kimi qoşa qanad istəyirəm!

Səndən imdad istəyirəm!

Səndən kömək istəyənin yetişibsən köməyinə,

Çatdırıbsan arzusuna, diləyinə.

İnanıram, bu işdə də çatacaqsan dadıma sən,

Od verəsən oduma sən!

Ey İlahi, şair könlüm dolub yenə,

Hər işdə olduğu kimi indi də kömək ol mənə!

Naxış-naxış, ilmə-ilmə,

Misra-misra, kəlmə-kəlmə,

Ağ vərəqlərin üstündə istəyirəm heykəl quram,

Elə olduğu kimi də o heykələ bəzək vuram!

İstəyirəm dalğalanam dəniz kimi,

Zəhmətimin bəhrəsində izim qala bir iz kimi.

Ulu Tanrım, ol köməyim,

Qaynadıqca qoy qaynasın mənim bu şair ürəyim.

Elə heykəl yaradım ki, qranitdən möhkəm olsun,

Bu aləmin içində bir aləm olsun.

Köməyim ol, ey müqəddəs qadir Allah,

Doğsun günəş, yenə gəlsin nurlu sabah.

Ürək coşur, qələm yazır,

İnanıram, bu əsərim olacaqdır mütləq hazır.

Hər nazını çəkə-çəkə əsərimin,

Çalışacam ad-sanına layiq olsun Öndərimin.
* * *

Bir sönməyən günəşdir o, bu dünyada,

Güvənirik o günəşin adına biz.

Od-ocaqdır, atəşdir o, bu dünyada,

İsinirik o ocağın oduna biz.
Əməliylə həqiqətə qapı açıb,

Döndəribdir qara daşı gül koluna.

Qaranlıqda ulduz kimi işıq saçıb,

Qandal salıb o, zülmətin cüt qoluna.


O, dağlartək əzəmətli, vüqarlıdır,

Bir möhtəşəm abidədir millətimə!

Hər fəsildə güllü bahar nübarlıdır,

Həm oğuldur, həm dədədir millətimə!


Qorxudanmaz bu dünyada onu ölüm,

Həyat verir sanki ona qarlı dağlar.

İlham alır o dahidən düzüm, çölüm,

Çiçəklənib cənnət olur bağça-bağlar.


Bu torpağın od ürəkli balasını,

Sən çəkibsən gələcəyə zaman-zaman.

Ucaldıbsan dövrün mərdlik qalasını,

Bunu bilir bütün bəşər, bütün cahan.


Peyğəmbəri, piridir o, dövrümüzün,

Özümüzə onu qiblə sanaq gərək.

Lap son anı qalsa belə ömrümüzün,

Onun kimi yurd odunda yanaq gərək!


Onun adı həzin, kövrək nəğmə olub,

Hey dolanır könüllərdə çölü, düzü.

Qaranlığı tikan kolu kimi yolub,

Açıb nurlu, al şəfəqli bir gündüzü.

El yolunda dönübdür o, bir məşələ,

Hər əməli layiq olub öz adına.

Döndəribdir bu diyarı dürə, lələ,

Nur ələyib millətinin həyatına.


O, görübdür bu dünyanın hər üzünü,

Ayaqlayıb namərdlərin taxt-tacını.

Məşəl edib yurdun sönən hər közünü,

El yolunda ağardıbdı öz saçını.


Dədə Qorqud qopuzundan ilham alıb,

Damarında yurd eşqiylə coşub qanı.

Tarixini vərəq-vərəq yada salıb,

Min əsgərə dönüb sanki qəlbi, canı.


Ayaqlaşıb bu zamanın gərdişiylə,

Bəd əməlin ürəyinə sancıb nizə.

El yolunda əməlinin gedişiylə,

İşıq olub qaranlıqda yanan gözə.


Yurd oğlusan, ulu türksən sən ey dahi,

Qibləgahım, səcdəgahım oldun hər an.

Qoy qorusun səni böyük o İlahi,

Gülşən olsun Odlar yurdu Azərbaycan.


* * *
Azərbaycan dövlətinin,

Vüqarının, qüdrətinin,

Yenilməz türk millətinin,

Dayağıdır dədə Heydər.


Qədim Odlar diyarının,

Xəzan bilməz baharının,

Müstəqillik qatarının,

Bayrağıdır dədə Heydər.


Gül ətirli səhərlərin,

Şir biləkli əsgərlərin,

Gecə-gündüz səngərlərin,

Çırağıdır dədə Heydər.


Yurd dərdinin düz çarəsi,

Qəlbimizin bir parası,

Gözümüzün həm qarası,

Həm ağıdır dədə Heydər.


Bağlı olsaq ona hər an,

Qaranlıqda sökülər dan,

Ömrümüzün ən firavan,

Xoş çağıdır dədə Heydər.


Mamır tutmuş düzənlərə,

Payız donlu çəmənlərə,

Yağılara, düşmənlərə,

Göz dağıdır dədə Heydər.


Xəzinədir hər kəlməsi,

Alov saçır od sinəsi,

Dağlarımın şəlaləsi,

Bulağıdır dədə Heydər.


O, günəşdir, rəngi solmaz,

Əfv edəndir, kinli olmaz,

Bu dünyanın həmişə yaz

Bir bağıdır dədə Heydər.

Qənimidir o yağının,

Ümididir öz xalqının,

Doğma Vətən torpağının,

Ocağıdır dədə Heydər.


Nur libaslı bir sabahın,

Ən müqəddəs səcdəgahın,

O, qocaman tək Allahın,

Qonağıdır dədə Heydər.


* * *
Ümid işığıdır o dahi insan,

Sönməz ürəklərdən o, işıq heç vaxt.

Bu qədim, bu qoca dünyada hər an,

Ondan ilham alır bu şirin həyat.


O, yurdun həm şahı, həm əsgəridi,

Ona arxalanır Odlar diyarı.

Düşmən ona baxıb yağ tək əridi,

Ayaqlaya bilməz yadlar diyarı!


Ulu Xətainin davamçısıdır,

Aslan qüvvəsi var onun qolunda.

Həmişə azadlıq, sülh carçısıdır,

Öndədir müqəddəs amal yolunda.


Bu yurda baxdıqca ilham alıbdı,

Sönməyib qəlbinin heç hərarəti.

Geniş ürəyində məskən salıbdı,

Vətən məhəbbəti, xalq məhəbbəti.


Vətənin xoş keçən hər anı üçün,

Həmişə yol açıb o, gələcəyə.

Neçə namümkünü eləyib mümkün,

Qənim kəsilibdir zülmət gecəyə.


Ömrünü-gününü eləyib fəda,

Vətəni naminə, eli naminə.

Yaxıb öz canını alova-oda,

Hər cür çətinliyə gəribdir sinə.


Yurda bağlanıbdı duyğusu, hissi,

Günəştək nur saçıb obaya, elə.

Onun qəlbindəki Vətən sevgisi,

Sığmaz bu cahana bircə an belə.


Gözünü dünyaya açdığı gündən,

Qəlbən bağlanıbdır öz torpağına.

Qara saçlarına iz salsa da dən,

Yenə işıqdır o, yurd çırağına


Zəkası, biliyi dərindən-dərin,

Ləl sanır yurddakı hər qara daşı.

Vətənini sevən müdrik rəhbərin,

Elə Vətən qədər ucadır başı!


* * *

(Heydər Əliyev cənabları Moskvadan Naxçıvana gələrkən)

Axşam radioda verdilər xəbər,

Onun Naxçıvana gələcəyini.

Elə bil gözümdə açıldı səhər,

Dağlar təzə geydi gül-çiçəyini.
Xəbər verdilər ki, o, dahi insan,

Səhər görüşəcək meydanda xalqla.

Quştək qanadlandım sanki həmin an,

Qalxdım asimana sönməz çıraqla.

Yaman tələsirdim səhər görüşə,

Qovmaq istəyirdim sanki gecəni.

Canlandı gözümdə gözəl bir guşə,

Bəzədim xəyalən mən hər küçəni.


Söküldü dan yeri, açıldı sabah,

Sevincdən gülürdü o gün Naxçıvan.

Bir xoş rayihətək saçıldı sabah,

Sanki çevrilmişdi gülzara hər yan.


Cənnətə dönmüşdü anamız torpaq,

Hər tərəf gözlərdə yaşıl xalıydı.

Hünərlə yol açdı asimana haqq,

Bu zəfər dahinin öz kamalıydı.


Azadlıq meydanı izdihamlıydı,

Almışdı milləti öz qucağına.

Şair ürəyim də çox ilhamlıydı,

Od-alov saçırdı yurd ocağına.


Sevinc həsrətinin yetişdi sonu,

Gəldi Heydər baba xalq arasına.

Hamı qarşıladı alqışla onu,

Məlhəm olacaqdı yurd yarasına.


Ura! Sədaları aldı meydanı,

Kimi-Yaşa!-dedi, kimi əl çaldı.

Tarix silkələdi sanki zamanı,

Səmalar dahini qoynuna aldı.


Qanad aldı yurdun küləklərindən,

Toxudu qəlblərdə eşq çələngini.

Onun idrakının şəfərqlərindən,

Üfüqlər də aldı doğma rəngini.

Üzlərə-gözlərə doldu təbəssüm,

Qaynadı qəlblərdə sevinc bulağı.

Qəmi çöhrələrdən yoldu təbəssüm,

Sanki hər yan oldu bir cənnət bağı.


Açdı əlvan güllər ömrün yazında,

Alqış şəfəqləri döndü bir selə.

Hər Vətən oğlunda, Vətən qızında,

Sevgi qaynayırdı obaya, elə.


Milyon göz baxırdı o, dahi şəxsə,

Gözlərdə min ümid nuru yanırdı.

Meydan bələnmişdi o gün həvəsə,

Qəlblərdə eşq odu alovlanırdı.


O, dahi rəhbərin hər bir kəlməsi,

Daim sinə gərib bərk tufanlara.

Onun danışması, onun gülməsi,

Sanki şəfa verir xəstə canlara.

Xəstəlik üzsə də Heydər babanı,

Onun şəfasıydı hər sevgi, baxış.

Dərindən seyr edib eli, obanı,

Sonra qırıq-qırıq elədi çıxış.


-Salam doğmalarım, həm əzizlərim,

Sağ olun ki, məni unutmayıbsız.

Vətəndən güc aldı sanki dizlərim,

Sağ olun ki, məni unutmayıbsız.


Sözlər bülənd oldu mavi göylərə,

Sanki cana gəldi dağlar, qayalar.

Sevinclər qoşuldu axar çaylara,

Coşub dalğalandı sakit dəryalar.


Təbiət geyindi yaşıl, qırmızı,

Artdı gözəlliyi, həm yaraşığı.

Bahara çevrildi ömrün payızı,

Yandı ürəklərdə ümid işığı.


* * *
Vətənimin göylərini bürüyəndə qara duman,

Ürəklərdə çürümüşdü xoş günlərə ümid, güman,

Təqiblərə, işğallara məruz qalıb zaman-zaman.

Tanrım qarlı qış üstünə çiçəkli bahar göndərdi,

Allah Heydər Əliyevi xalqa xilaskar göndərdi.
Köksünü toplar, tüfənglər oydu Vətən torpağının,

Bircə anda odu söndü neçə-neçə ocağının,

Vüqarına arxalandıq ay-ulduzlu bayrağının.

Tanrım qarlı qış üstünə çiçəkli bahar göndərdi,

Allah Heydər Əliyevi xalqa xilaskar göndərdi.
Öldü neçə igid ərlər, torpağımda qanlar axdı,

Bu fəlakət, bu faciə qəlbləri yandırıb yaxdı,

Qəlbimizdə köz bağlayan qara bəxtli Qarabağdı.

Tanrım qarlı qış üstünə çiçəkli bahar göndərdi,

Allah Heydər Əliyevi xalqa xilaskar göndərdi.
Vətənimə xəzan gəldi, soldu düzlər, bağça-bağlar,

Nankorların ucbatından yurdum gördü neçə dağlar,

O, dahinin sayəsində gələcəkdir gözəl çağlar.

Tanrım qarlı qış üstünə çiçəkli bahar göndərdi,

Allah Heydər Əliyevi xalqa xilaskar göndərdi.
Yayda, qışda müvəqqəti çadırlara alışsaq da,

Bu zamanın gərdişiylə müvəqqəti barışsaq da,

Dərd odunda, qəm odunda tonqal kimi alışsaq da,

Tanrım qarlı qış üstünə çiçəkli bahar göndərdi,

Allah Heydər Əliyevi xalqa xilaskar göndərdi.
* * *
Çən-duman bürüyəndə doğma Vətən mülkünü,

Canında ağrı bildi torpağın ağrısını.

Götürüb öz çiyninə yurdun, elin yükünü,

Çəkir həmişəkitək Vətən, xalq qayğısını.


O, birgə qanad çaldı zamanın qanadıyla,

İşığa bülənd etdi qaranlıq gecələri.

İsitdi nəfəsiylə, ürəyinin oduyla,

Soyuqdan yox, qorxudan titrəyən qönçələri.


İki dünya bir olsa, daş yağsa göydən yerə,

Bitməzdi ona qarşı olan xalq məhəbbəti.

O, əsil el oğludur, məhz elə buna görə,

Fəthedilməz zirvədir mənliyi, ləyaqəti.


O, dahi müdrik rəhbər dünyaya gəlişiylə,

Günəş kimi nur saçdı doğma Azərbaycana.

Özünün ədalətli olan hər bir işiylə,

Taybatay qapı açdı o, bu böyük cahana.


El yolunda can qoyur, yorğunluq bilmir hələ,

O, istəyir dünyanı ədalətə səsləyə.

Siyasət aləmində çevrilib bir məşələ,

Qovuşub məşəl kimi o da müqəddəsliyə.


O rəhbərin qəlbinin dərin guşələrində,

Bəslənir bir gül kimi Vətən, millət sevgisi.

Sonsuz olan o sevgi, o, məhəbbət heç vədə,

Nə saysan saya gələr, nə çəkiyə çəkisi.

Xətainin qanıdır damarındakı qanı,

Sarsılmazdır bircə an əzəməti, vüqarı.

Yurda bərk bağlanıbdır onun ürəyi, canı,

Bir əvəzsiz məkandır ona Odlar diyarı.


Günəş nur alır onun zəkasının nurundan,

Dahi rəhbərimizin hər könüldə yeri var.

Vətən özü zövq alır onun hər uğurundan,

O, da yurdumuz kimi həm gəncdir, həm ixtiyar.


Alışsa da millətim müvəqqəti çadıra,

Xalqımın ümidinə, pənahına dönüb o.

Əməliylə hər qəlbdə qoyaraq bir xatirə,

Qaranlıq gecələrin sabahına dönüb o.


Qaçqın düşən xalqımın könlünü almaq üçün,

Baş çəkir dəfələrlə qaçqın düşərgəsinə.

Etmək üçün qəlblərdən kədəri, qəmi sürgün,

Can atır xalqı yığsın o, haqqın kölgəsinə.

İlk dəfə Vətəninin havasını udanda,

Elinin ürəyiylə bir vurubdur ürəyi.

Hər dəfə qaçqınlarla görüşə üz tutanda,

Həmişə bu olubdur xalqın ondan diləyi.


* * *
-Heydər baba, elim yaman gündədir,

Didərgindir, Vətənindən gendədir,

Bu millətin nicat yolu səndədir,

Çatmasaydı el-obanın dadına,

Dərd yağardı bütün Odlar yurduna.

Heydər baba, silkələdin zamanı,

Bəyan etdin sən yaxşını, yamanı.

Səmamızdan dağıt çəni-dumanı,

Sabahımız qələbəylə açılsın,

Səmamızda sülhün nuru saçılsın.


Heydər baba, əməllərin haqlıdır,

Ağdam, Şuşa, Laçın yolu bağlıdır,

Anaların qəlbi bala dağlıdır,

Fəryadları bürüyübdür aləmi,

Azadlıqdır o dərdlərin məlhəmi.
Heydər baba, bir çinardır hər əsgər,

Yad önündə əyilməzdir ər əsgər,

Əmrini ver, elə xalqı səfərbər,

Aslan kimi atılaq bu savaşa,

Tez çatdıraq bu davanı biz başa.
Heydər baba, Tanrı sənə yar olsun,

Dostların şad, düşmənlərin xar olsun,

Sənə alqış deyən dillər var olsun,

Əməlinlə ucalardan ucasan,

Kim deyir ki, yaşlaşmısan, qocasan.
Heydər baba, elin ağır çağıdır,

Ermənilər qızqılanmış yağıdır,

Dillərdəki nəğmə deyil, ağıdır,

Tez qurtaraq milləti bu bəladan,

Ayrılmasın bir də ana baladan.
Heydər baba, sənsən ümid, son güman,

Ruhlar qalıb Vətənində nigaran,

İmdad deyir Cabbar, Vaqif, Natəvan,

O ruhların imdadına çataq biz,

Düşmənləri qovub yurddan ataq biz.

Heydər baba, gözlərdəki tora bax,

Dağlardakı qana batmış qara bax,

Yad əlində sızıldayır Qarabağ,

Qəlb alışır, coşur qəlbdə intiqam,

Sönə bilməz ürəklərdə yanan şam.


Heydər baba, Qarabağda qan gedir,

Şərəfdir ki, yurd uğrunda can gedir,

Qaçqınları muradına sən yetir,

Hamı dönsün obasına, elinə,

Gül bağlasın sülh quşunun telinə.
Heydər baba, qara günü didib yol,

Azadlığa, xoşbəxtliyə açaq yol,

Azərbaycan diyarında alov ol,

Xainlərin soldur ömür gülünü,

Göyə sovur erməninin külünü.
Heydər baba, şaxta yaman kəsirdi,

Körpəciklər lap soyuqdan əsirdi,

Qız-gəlinlər yad əlində əsirdi,

Bu yaraşmır xalqımın ad-sanına,

Girə bilməz qılıncımız qınına.
* * *
Zavallı xalqımın dağlı qəlbində,

Arzular qaynayır bir bulaq kimi.

O, dahi rəhbərə edirlər səcdə,

Müqəddəs pir kimi, bir ocaq kimi.


Xalqım inanır ki, xoşbəxt çağlara,

Onun sayəsində qovuşacaqdır.

Qovub dərdi-qəmi çox uzaqlara,

Sevincdən ulduztək alışacaqdır.


Xalqım inanır ki, illər ötsə də,

Gəlişin dönüşü olacaq bir gün.

Göz yaşı dönsə də Kürə, Araza,

Onları qurutmaq mümkündür, mümkün.


Xalqım inanır ki, o, dahi rəhbər,

Vüsal dünyasına yol açacaqdır.

Bir gün gələcək ki, həsrət, intizar,

Onların bəxtindən gen qaçacaqdır.


Xalqım inanır ki, Qarabağ dərdi,

Onun zəkasıyla şəfa tapacaq.

Elə sinsidəcək nankor namərdi,

Düşmənin qəlbində tufan qopacaq.


Xalqım inanır ki, aydın səmanı,

Tutan qara duman çəkiləcəkdi.

Sevinc bürüyəcək Azərbaycanı,

Dan yeri zəfərlə söküləcəkdi.


Xalqım inanır ki, o, dahi insan,

Bu cəng alovunu söndürəcəkdi.

Dünya olsa da lap qaranlıq zindan,

O, yurdu cənnətə döndərəcəkdi.


İnam qazanıbdır o, xalqdan inam,

Bu ümid, bu inam bitməzdir heç vaxt.

Olub el yolunda o, yanar bir şam,

Onun şöləsindən nur alıb həyat.

Odur bu millətin önündə durub,

Parlaq gələcəyə aparan müdrik.

Onun qəlbi hər vaxt xalqla bir vurub,

O, da xalqı qədər böyükdür, böyük.


Vətənə, millətə məhəbbətiylə,

Sevincə çevrilib hər vaxt üzlərdə.

əhdinə, andına sədaqətiylə,

Ümid işığına dönüb gözlərdə.


* * *
Haqqın dərgahında güvəncdir bizə,

Qaranlıq gecədə işıqdır gözə,

Alovdur hər sönmüş ocağa, közə.

Sevinir bu dünya, gülür təbiət,

Ümid işığına yığılıb millət.
O, çəkir bu yurdun hər qayğısını,

Öz ağrısı bilir xalq ağrısını,

Sevincə döndərir qəm çalğısını,

Artır ürəklərdə ona məhəbbət,

Ümid işığına yığılıb millət.
Çıxıbdır tarixin hər sınağından,

İlham, qüvvət alıb yurd torpağından,

İncilər süzülür gül dodağından,

Ona kömək olsun Əli, Məhəmməd,

Ümid işığına yığılıb millət.
Yaralı torpağın olub məlhəmi,

Lərzəyə salıbdır eşqi aləmi,

Didir, parçalayır qüssəni, qəmi,

Qızaran üfüqdə doğur səadət,

Ümid işığına yığılıb millət.
Ona arxalanır Laçın, Kəlbəcər,

Ağdam, Şuşa, Qazax, Füzuli, Tər-tər,

Gün gələr düşməndən qalmaz bir əsər,
Məğlub olmayıbdır heç vaxt ədalət,

Ümid işığına yığılıb millət.


Odur bu millətin mərdlik qalası,

Paklıqdan yoğrulub onun mayası,

Dərindən dərindir zəka dəryası,

Yaraşır dahiyə hər cür şan-şöhrət,

Ümid işığına yığılıb millət.
Axtar zəfərlərin günbəgün sayı,

Nurlanar göylərin günəşi, ayı,

Dağlar da, daşlar da duyub harayı,

Düşmən qarşısında olublar sərhəd,

Ümid işığına yığılıb millət.
Həmişə əyibdir halal haramı,

Xalqa kömək olsun Quran kəlamı,

Bütün qəlblərin var böyük inamı,

Yenə bərbad yerlər olacaq cənnət,

Ümid işığına yığılıb millət.
Yalçın qayalarda qartala dönüb,

Hər sözü şərbətə, həm bala dönüb,

Hər işi müqəddəs amala dönüb,

O, qoymaz bülbülü çiçəyə həsrət,

Ümid işığına yığılıb millət.
Qaranlıq gecəni qatıb gündüzə,

Xoşbəxtlik gətirir çəmənə, düzə,

Mavi səmalarda hey süzə-süzə,

Hopdurub qanına cəsarət, qeyrət,

Ümid işığına yığılıb millət.
Odur millətimin Tanrıdan payı,

Odur Vətənimin bir coşqun çayı,

Odur ədalətin, haqqın sarayı,

Duyulur saraydan qürur, əzəmət,

Ümid işığına yığılıb millət.
Vətən, torpaq, millət ona köməkdir,

Xalqın azadlığı ən xoş diləkdir,

Həm Allah, həm bəndə ona köməkdir,

Yer də, göy də ona aparır həsəd,

Ümid işığına yığılıb millət.
Əvəzsizdir yurdun aranı, dağı,

Zümrüd meşələri, bağçası, bağı,

Göylərə yüksələn türkün bayrağı,

Bizə ululardan qalıb əmanət,

Ümid işığına yığılıb millət.
Allaha inamtək inam var ona,

Çatmaz heç bir zaman bu inam sona,

Əyilər hər şaxta, boran, qar ona,

Ondadır qorxmazlıq, dözüm, dəyanət,

Ümid işığına yığılıb millət.
Onun hər bir sözü incidir, inci,

Polada döndərir qocanı, gənci,

Gec-tez gətirəcək yurda sevinci,

İşığa dönəcək onda hər zülmət,

Ümid işığına yığılıb millət.

Vətəndir sultanım, Vətəndir xanım,

Ona qurban olsun cismimdə canım,

Darıxma, ey anam Azərbaycanım,

Mütləq cəzasını alacaq namərd,

Ümid işığına yığılıb millət.


* * *
Qeyrətinlə çəpər çəkdin yurduma,

Ədaləti, haqqı əkdin yurduma,

Bir dayaqsan vallah mətin orduma,

El atası, yaşa səni, min yaşa.


Ürəklərin məşəlisən sən indi,

Ölkəmizin sağ əlisən sən indi,

Cənnət, şöhrət, alqış, hünər sənindi,

El atası, yaşa səni, min yaşa.


Vətənimin günəşisən, ayısan,

Tariximin harayısan, hayısan,

Millətimin sən peyğəmbər payısan,

El atası, yaşa səni, min yaşa.


Sən arxasan millətimə dağ kimi,

Şükür olsun, dayanıbsan şux kimi,

Sancılıbsan namərd qəlbə ox kimi,

El atası, yaşa səni, min yaşa.


Aşkar etdin tarixin hər qatını,

Cilovladın çoxlarının atını,

Uca tutdun Azərbaycan adını,

El atası, yaşa səni, min yaşa.

Od oğluna qanad verir duruşun,

Bir sözünə bata bilməz yüz qoşun,

Yetişəcək sonu qanlı vuruşun,

El atası, yaşa səni, min yaşa.


Canı qədər sevir səni bu millət,

Olmayıbdır səndə xalqa xəyanət,

Tükənməzdir sənə olan məhəbbət,

El atası, yaşa səni, min yaşa.


Od oğlusan, yurd oğlusan əzəldən,

Ayırırsan güllü yazı xəzəldən,

Sən qeyrətdən yoğrulubsan təməldən,

El atası, yaşa səni, min yaşa.


* * *
Halal olsun rəhbərimə,

Xariqələr yaratdı o.

Əməliylə həm milləti,

Həm özünü yaşatdı o.


Nurlu olan hər bir işə,

Bir ər kimi imza atdı.

Azərbaycan bayrağını,

Yüksəklərə o ucaltdı.


Birə min qat qüdrətləndik,

Tanıdıqca dünya bizi.

Haqq-ədalət aləmində,

Gördük nurlu izimizi.


Aləmə hay-haray saldıq,

Bərpa etdik qəzamızı.

İmzaların arasında,

Biz də gördük imzamızı.


Bütün yüksək kürsülərdə,

Eşitdilər səsimizi.

O, dahilər dahisindən,

Biz aldıq çox dərsimizi.


O, dahinin sayəsində,

Təkrar qalxdı bayrağımız.

Məşəl kimi alovlandı,

Sönən tarix ocağımız.


Avropada, BMT-də,

Bildilər ki, biz də varıq.

Bildilər ki, haqq səsliyik,

Həm gəncik, həm ixtiyarıq.


Apardığı siyasətin,

Heyranıydı bütün cahan.

Övladına güvənirdi,

Odlar yurdu Azərbaycan !


* * *
İndi dünya tanıyır anam Azərbaycanı,

Adımız-sanımız var millətlər cərgəsində.

Həyat bizi çəksə də imtahana, sınağa,

Yeniləşmə duyulur yurdun hər bölgəsində.

Bu halları gördükcə əhvalı şən olubsan,

Səbəbkar sən olubsan!


Qurub yaradan əllər zövq alıb öz işindən,

Şəhərlərə, kəndlərə gəlib özgə təravət.

Cənnətin sorağıyla hər kim gəzib dolansa,

Görsə Azərbaycanı deyər-buradır cənnət!

Dost üçün işıqlı yol, yad üçün çən olubsan,

Səbəbkar sən olubsan!


Sənin siyasətindən gəlib gücə, qüvvətə,

Yerə-göyə səs saldı Bakı-Ceyhan kəməri.

Qara qızılımızla artdıqca şöhrətimiz,

Yarıb qaranlıqları, açdıq nurlu səhəri.

Bu işlə yolumuzdan çox tikanı yolubsan,

Səbəbkar sən olubsan!


Ağlınla, düşüncənlə yol açdın gələcəyə,

Sərhədlər möhkəmləndi ər oğlu ərlər ilə.

Vətənin dar günündə dinclik nədir bilmədin,

Əritdin öz ömrünü şam kimi gilə-gilə.

Gözlərə, könüllərə işıq kimi dolubsan,

Səbəbkar sən olubsan!


Müstəqil yurdumuzu təkrar müstəqil etdin,

Zəhmətin sayəsində ucaldı bayrağımız.

Təkcə qonşular deyil, hamı tanıyır bizi,

Dünyanın hər yerindən gəlir səs-sorağımız.

Heç vaxt xəzan bilməyən güllü çəmən olubsan,

Səbəbkar sən olubsan!


Siyasət külüngünlə çapıbsan dağı, daşı,

Halal tər axıtmaqdan əlin qabar-qabardı.

Elə bağlanıbsan ki, anam Azərbaycana,

Yurdun qarlı qışı da sənin üçün bahardı.

Sevginin, halallığın odunda qovrulubsan,

Səbəbkar sən olubsan!

Gedən qanlı döyüşlər, axan şəhid qanları,

Tamam əlindən alır sənin rahatlığını.

Sənin zəhmətin ilə atəşkəs imzalandı,

Qorudun gözün kimi yurdun abadlığını.

Vətəninin içində doğma Vətən olubsan,

Səbəbkar sən olubsan!


Siyasət günəşisən, sən günəşin şəfəqi,

Ulduzdan da, aydan da, günəşdən də artıqdır.

Parlayan imzaların, parlayan əməllərin,

Millətin ürəyində sönməz oddur, işıqdır.

Bayrağımla, himnimlə haqqa gedən olubsan,

Səbəbkar sən olubsan!


Elə can yandırdın ki, sən Odlar ölkəsinə,

Hər tərəfdə qaynadı quruculuq bulağı.

İşinlə tanıtdırdın bütün yer kürəsinə,

Gözdə nur sandığımız yurdu, eli, torpağı.

Xeyirə ən yaxın dost, şərə düşmən olubsan,

Səbəbkar sən olubsan!


Xətai babam kimi sevibsən öz dilini,

Hər nazını çəkərək qiymətə mindiribsən.

Həmişə güvənərək sən haqqa, ədalətə,

Dilə qənim olanın odunu söndürübsən.

Azərbaycana layiq oğultək doğulubsan,

Səbəbkar sən olubsan!


* * *
Halallıqdır o, dahinin mayası,

Siyasətdir təlatümlü dəryası,

Yurdun, elin dünyasıdır dünyası,

Rəhbərimə halal olsun, İlahi!

Dar ayaqda çatıb yurdun dadına,

Məşəl olub yandıqca el oduna,

Doğulandan sadiq olub andına,

Öndərimə halal olsun, İlahi!


Öz ömrünü əridərək şam kimi,

Olub hər vaxt yurd dərdinin həkimi,

Halallığın hakimidir, hakimi,

Zəfərimə halal olsun, İlahi!


Qisas alan olub hər vaxt yağıdan,

Siyasətlə düşmən qanın axıdan,

Qaranlığın sarayını dağıdan,

Səhərimə halal olsun, İlahi!


Lap ixtiyar yaşda belə o, yenə,

Göz dağıdır hər bir zaman düşmənə.

Həm əsgərdir, həm rəhbərdir Vətənə,

Əsgərimə halal olsun, İlahi!


O, sevgiylə, siyasətlə varlanıb,

Yurd odunda məşəl kimi qalanıb,

O, əvəzsiz bir gövhərdi, yaranıb,

Gövhərimə halal olsun, İlahi!


Yurdun, elin uğurudur o, dahi,

Sınmaz əzmi, qürurudur o, dahi,

Əsrimizin məşhurudur o, dahi,

Heydərimə halal olsun, İlahi!


* * *
Abidənin qarşısında dayanaraq,

Xəyalımda dünənimi dolanaraq,

Düşünürəm ötənləri,

Düşünürəm gələnləri, gedənləri.

Düşünürəm bu peyğəmbər sandığımız,

Əməlinə daim arxalandığımız,

Bizim güvəncimiz olan,

Daim sevincimiz olan,

Müdrik, ulu Heydərimi!

Yaşadığım dövrdəki bu yeni peyğəmbərimi!

Bu el oğlu bu yurd üçün, torpaq üçün,

Millət üçün, bayraq üçün,

Yaşadığı zaman üçün,

Anam Azərbaycan üçün,

Nələr, nələr etmədi ki?

Bu nə birdir, nə də iki!

Səs verərək haqq səsinə,

Qılınc, qalxan əvəzinə,

Siyasətlə silahlanmış dövrdəki bu Koroğlu,

Vətəninə layiq olan bu el oğlu,

Yurdun azadlığı üçün,

Bərbad olan bölgələrin gözəl abadlığı üçün,

Yurd yolunda, xalq yolunda gülə-gülə,

Əridibdir öz ömrünü bir şam kimi gilə-gilə.

Halal olsun sənə vallah,

Kömək olsun sənə Allah!

Görəcəyin hər bir işdə,

Asan, çətin hər gedişdə,

Aslan, pələng gücü olsun qollarında,

Bu siyasət yollarında,

Qırmızı yox, yansın hər vaxt yaşıl işıq,

Çünki bütün dünya üçün sən barışıq istəyibsən,

Tək barışıq!

Güvənərək həqiqətə,

Doğulandan bu torpağa, bu millətə,

Sən həqiqi oğul oldun,

Nə yaxşı ki, sən doğuldun.

Yadımdadır, bir zamanlar Naxçıvanda,

Qızmar yayda, qar-boranda,

İşığın, istiliyin çətin olan çağında,

Gündüz günün, gecə ayın işığında.

Öz ömrünü fəda etdin yurd yolunda, xalq yolunda,

Yolçu oldun haqq yolunda.

Qarabağda axan qanlar,

Şəhid olan qəhrəmanlar,

İşğal olmuş torpaqların haray səsi,

Anaların, bacıların ah-naləsi,

Çadırlarda sığınacaq tapanların,

Qismət atı çapanların,

Dərdlərini sən öz dərdin hesab etdin,

İki dünya bir olsa da nurlu yola sarı getdin.

Bir an belə nə dinc oldun, nə də rahat,

Xalqla birgə sən narahat ömür sürdün, çox narahat.

Yadımdadır, sən yandırıb yurdun sönmüş çırağını,

Bu torpağın ay-ulduzlu bayrağını,

Ucalığa təkrarən sən qaldırıbsan!

Dövlət himni çaldırıbsan.

Etdiklərin gəlməz vallah nə ölçüyə, nə də saya,

Onları üst-üstə yığsaq çatar günə, çatar aya.

Yadımdadır, uzaq Sibir çöllərində haray çəkən,

Ürəyinə həsrət adlı yara əkən,

Cavid üçün olan sevgin, məhəbbətin,

Dağa bənzər dəyanətin.

Göstərdiyin hünər ilə,

Bu həsrəti sən döndərdin tamam külə.

Etdin bütün xalqımızın könlünü şad,

Cavidimin qərib ruhu Vətənində oldu rahat!

Vətənində tapşırıldı o, torpağa!

Yurdu kimi, eli kimi o da çatdı azadlığa!

Yadımdadır, hələ sovet dövründə,

Rus dilinin at oynadan bir günündə

O, Birinci katib idi,

Elə olan məhəbbəti, bu igidi,

Qorxutmurdu, sarsıltmırdı,

İçindəki dünyasını dağıtmırdı.

İclasların birində,

Dayanıb öz yerində,

Başlayarkən çıxışa,

Çoxu düşdü həyəcana, təşvişə!

Rus dilində gözləyirdi çıxışını onun hamı,

Özgə oldu bu iclasın ancaq tamı.

Nurlu yola sarı getdi,

Azərbaycan dilində o, çıxış etdi!

Dilə olan məhəbbətə alqış! Alqış!

Elə olan məhəbbətə alqış! Alqış!

Sübut etdin dilə olan sevgini sən,

Əhsən sənə, vallah əhsən!

Sənin elədiklərini,

Sənin söylədiklərini,

Xatırlasam gecə-gündüz,

Tamamlanmaz, o nə beşdir, nə on, nə yüz.

Məhəbbətdən aşıb-daşan sellərinlə,

İşıqlı əməllərinlə,

Bu önündə dayandığım,

Bir müqəddəs pir sandığım.

Məst etsə də hər ötəni,

Bax belə bir öz möhtəşəm abidəni,

Tək rayonda, şəhərdə yox,

Ulu öndər, vallah çox-çox,

Ürəklərdə ucalıbsan əməlinlə,

Çünki daim el səninlə öyünübdür, sən elinlə!

Həqiqəti söyləyirəm, həqiqəti,

Vallah elin sənə olan məhəbbəti,

Ötsə də lap aylar, illər, qərinələr,

Başımıza gəlsə də lap nələr, nələr,

İnanıram, bir an belə bitməyəcək,

Qəlblərdəki abidəni günəş də əritməyəcək!
* * *
Yenə dərin xəyaldayam,

Heç bilmirəm nə haldayam.

Dünənimi düşünərkən yaxşı-yaxşı,

Xatirimə düşdü “Ümid körpüsü”nün açılışı.

Mən düşündüm nələr, nələr?

O günləri təkrar mənə xatırlatdı xatirələr.

Bir millət, iki dövlətin taleyini yaşadım mən.

Yerin, göyün sevincini ürəyimdə daşıdım mən.

Dinlədikcə iki dövlət başçısının çıxışını,

Eşitdikcə millətimin alqışını,

Görən də ki, o gün sındı uzun illərin həsrəti,

Alqışladım ədaləti!

Elə bil ki, qartal kimi qanadlanıb göyə qalxdım,

Bizi sevən hər bir kəsin sevincinə qanad taxdım!

Kömək oldu Allahımız,

Çiçəkləndi ümidimiz, pənahımız.

O, açılış həkk edildi tariximə qızıl xətlə,

Biz birliyin carçısıyıq, aramız yox ədavətlə.

O gün təkrar biz qayıtdıq özümüzə,

Elə bil ki, ay-ulduzun nuru gəldi gözümüzə.

Türk özünə qayıdanda böyük olur,

Dostlar üçün doğan günəş, yad çiynində bir yük olur.

Halal olsun Heydərimə!

Halal olsun rəhbərimə!

Halal olsun öndərimə!

Çünki odur bizi təkrar birləşdirən yumruq kimi.

Müqəddəs Yaradan qədər haqq-ədalətin hakimi.

Uzun illər Xan Araza hicran, həsrət çayı dedik!

Gah da fələyin bizlərə olan qarğış payı dedik.

Gah dedik o, yaranıbdır anaların göz yaşından,

Gah dedik o, quruyacaq anaların,

ataların, bacıların qarğışından!

Halal olsun Xan Araza, göstərdi öz xanlığını,

O, günahsız günahkarın gördük qəhrəmanlığını!

O, dahinin zəhmətiylə,

Tükənməz məhəbbətiylə,

Saldıq “Ümid körpüsü”nü Xan Arazın qucağında,

Xan Araz da xantək qaldı zamanın hər sınağında!

Şükür sənə ulu Tanrı,

Çin elədin arzuları.

Birləşdiksə, biz bir daha ayrılmarıq!

İki dünya bir olsa da bir də qəmə sarılmarıq.

Yetər susuz bir gül kimi o günəcən solduğumuz,

Yandıqca kül olduğumuz!

Halal olsun Heydərimə!

Halal olsun rəhbərimə!

Halal olsun öndərimə!

Şükür sənə ey İlahi!

Birləşdirdin bizi təkrar.

Bir də qışa qul olmarıq,

Üzümüzə güldü bahar.
* * *
O, dahinin Mockvadan gəlişini,

Radioda eşitmişdim səhər-səhər.

Elə bil ki, ürəyimin sevinc payı,

Həmin zaman çoxalmışdı dünya qədər.


Ancaq bu gün fələk tərs bir oyun qurdu,

Gördüm həmin sevincimin əksini mən.

Gözlərimdə dəyişildi sanki dünya,

Xəzan oldu gül-çiçəkli yaşıl çəmən.


O, dahinin ölümünü eşidəndə,

Yad aləmdə hesab etdim mən özümü.

Didələrim döndü qaynar bir bulağa,

Zülmət aldı sanki nurlu gündüzümü.


Yox-yox, ölüm yaraşmırdı o dahiyə,

Kəməndini hardan atdı zalım fələk?

Ölüm nə tez aldı onu ağuşuna,

Etdi şirin arzuları ələk-vələk.


Yer də, göy də qan ağladı bu itkiyə,

Eşidəndə ayrılığın nəğməsini.

Kaş ki, məşğul olaydım mən başqa işlə,

Sıxmayaydım radionun düyməsini.


Həmişə o, gedən zaman səfərlərə,

Yandırırdı hər dəfə bir ümid şamı.

Hansı dövlət olur olsun, fərqi yoxdur,

Görürdük biz ona olan etiramı.


Ulu rəhbər çöhrəsində olan nuru,

Hər səfərdə ürəklərdə yandırırdı.

Hər səfərdə apardığı siyasətlə.

Namərdlərin qamətini sındırırdı.


Qaçanmadı o, ölümün pəncəsindən,

Son səfəri oldu onun o, səfəri.

Sandım o gün tərs fırlanır yer kürəsi,

Radioda eşidəndə o xəbəri.

Əlacıydı yurdun, elin dərdinə o,

Məşəl kimi alışırdı yurd oduna.

Harda idi fikrin sənin ey İlahi?

Niyə axı yetişmədin imdadına?!


O bu xalqın ümidiydi, gümanıydı,

Güvənirdik apardığı siyasətə.

Nə tez çatdı axı ömrün sonu, nə tez?

Vallah-billah dözəmmirəm bu dəhşətə.


Təkcə biz yox, dünya ona heyranıydı,

O, yurduna rəhbər idi, elə ata.

Təkcə mən yox, vallah heç kim inanmırdı,

Tez qucacaq onu ölüm adlı xata.


Ey İlahi, bilirəm ki, ölüm haqdır,

Bilirəm ki, çıxmaq olmaz o əmrdən.

Axı sən o, dahi şəxsə nə tez qıydın?

Biz ayrılmaq istəmirdik o, öndərdən.


* * *

Prezident təyyarəsi hava limanındadır,

Ancaq yox həmişəki sevincdən bir nişanə.

Bu dəfə təyyarədən rəhbər tabutu çıxır,

Allahım, gör nə qədər dəhşətlidir bu səhnə.
Təyyarə limanında el sükut içindədir,

Xalqım qış görməmişdi sanki bu sərt qış kimi.

Həmişəki görüşdən çox seçilir bu görüş,

Gözlərdən, könüllərdən qəm yağır yağış kimi.


Qəm notları üstündə köklənibdir ürəklər,

Ömrümüzün yazını çən-duman, qar alıbdı.

Elə bil başdan-başa dünya da qara geyib,

Ürəklərdə göynərti, sızıltı yurd salıbdı.


Əllərdə bir cüt çiçək, didələrdə göz yaşı,

Üzlərdən duyulur ki, dildə bitən ağıdır.

O, rəhbərin ölümü təkcə İlhamın deyil,

Azərbaycan xalqının sinəsinin dağıdır.


O, ulu rəhbər bizim dağıydı arxamızda,

Ona arxalanırdı bütün Odlar diyarı.

Hamı inanırdı ki, qarlı qışı qovaraq,

Gətirəcək bu yurda gül-çiçəkli baharı.


Hamı inanırdı ki, sülh günəşi doğacaq,

Qarabağın dərdinə o, dərman tapacaqdı.

Götürübsə əlinə siyasət külüngünü,

Yolu kəsən hər dağı, qayanı çapacaqdı.


Hamı inanırdı ki, onun siyasətiylə,

Yenə od düşəcəkdi yurdun sönmüş oduna,


Tapacaq şəfasını qara bəxtli Qarabağ,

Yenə qayıdacaqdır köçkünlər öz yurduna.


Çarxın sınsın ay fələk, elə hesab etmə ki,

Yarı yolda qoyubsan sən ümid qatarını.

Yox, o, dahi ölməyib, ondan aldığı dərslə.

İlham çin eləyəcək onun arzularını.


* * *
Fəxri xiyabana yığılıbdır xalq,

Hamının çöhrəsi batıb kədərə.

Bir çox ölkələrdən gəlibdir dostlar,

Ulu rəhbərimin dəfninə görə.

Hamı həyəcanlı, hamı narahat,

Qəlblər qan ağladı bu ayrılığa.

İmkanım olsaydı acı ölümün,

Özünü çəkərdim vallah çarmıxa.


Ölüm öyünməsin öz hünərinə,

Bircə saniyə də, bircə saat da.

Bizlərdən ayrılan quru cismidir,

Dahilər heç zaman ölmür həyatda.


Bütün bəşər əhli mat qalıbdır, mat,

Xalqın rəhbərinə məhəbbətinə.

Yüz deyil, min deyil, milyondan artıq,

El gəlib dahinin ziyarətinə.


Hər kəs bir müqəddəs ocaq, pir kimi,

Baş əyib məzarın önündən keçir.

Hamı o, dahinin getdiyi yolu,

Özünə müqəddəs nurlu yol seçir.


Hər kəs dönə-dönə xatırladıqca,

O, dahi insanın hər kəlamını.

Bülbüllər çiçəyə bağlanan kimi,

Ona cəlb edirdi kəlam hamını.


Bu el məhəbbəti, bu el sevgisi,

Yox-yox, qismət olmaz vallah hər kəsə.

Nə qədər sevgimiz olsa da, azdır,

O, dahi insana, o, dahi şəxsə.


Fəxri xiyabanda olan çıxışlar,

Elə bil dünyanı silkələyirdi.

Yerdəki insanlar, göydəki quşlar,

Buludlar gözündən sel ələyirdi.

Ona güvənirdik, ona həmişə,

Sanki arxamızdan bir dağ getdi, dağ.

Aldı balasını isti qoynuna,

Ana sandığımız müqəddəs torpaq.


Xiyabana olan insan axını,

Xatırladırdı bir coşqun dənizi.

Rəhbərə sevgimiz bütün cahana,

Göstərirdi bizim birliyimizi.


Bir bayraq altında birləşmişiksə,

Sinə gərməliyik çənə, dumana.

Enməzdir bir kərə yüksələn bayraq,

Çəkici vurağın biz bir zindana.


O vaxtdan ötsə də neçə fəsillər,

Məlumdur, qayıtmır gedənlər geri.

Həm öz xalqımıza, həm qonaqlara,

Olubdur o, məzar ziyarət yeri.

* * *

Ölüm o, dahiyə qıydı, çox heyif,



O, Odlar yurdunun gərəyi idi.

Doğulduğu gündən ölənə qədər,

O, elin, el onun köməyi idi.
O qurdu, yaratdı öz əlləriylə,

Sevgidən qaladı köz əlləriylə,

Hər zaman işıqlı əməlləriylə,

Millətin döyünən ürəyi idi.


Sığmaz sözə, saza onun qüdrəti,

Onun dəyanəti, onun qeyrəti.

Vətən məhəbbəti, el məhəbbəti,

Solmayan ətirli çiçəyi idi.

Əvəzsiz rəhbəri oldu zamanın,

Kəsdi qarşısını neçə tufanın.

O, ərlər diyarı Azərbaycanın,

İşıqlı arzusu, diləyi idi.


Sülh müqaviləsi, yenilməz əsgər,

Yeni quruculuq, gözəl kənd, şəhər.

Bakıdan Ceyhana çəkilən kəmər,

Elin atasının əməyi idi.


Məşələ döndərdi eşq odumuzu,

Sarsılmaz elədi mərd ordumuzu.

Qurtardı bəladan o yurdumuzu,

Dağılan binanın dirəyi idi.


Odur həqiqətin yanar atəşi,

Gecə ay-ulduzu, gündüz günəşi.

Ulu öndərin hər uğurlu işi,

Bütün türk xalqının istəyi idi.


* * *
O, elə günəşdir ki, günəşdən çoxdur nuru,

El dilində əzbərdi onun əzmi, qüruru,

Millətin uğuruydu onun hər bir uğuru,

Bununçün ona daim güvəndi millətimiz,

Bitməzdir o, dahiyə olan məhəbbətimiz.
O, bu yurdun, bu elin işıqlı səhəridi,

Dövrün həm dahi şəxsi, həm də peyğəmbəridi,

Həm adı, həm əməli dillərin əzbəridi,

Ona güvənmişiksə sarsılmaz qüdrətimiz,

Bitməzdir o, dahiyə olan məhəbbətimiz.
Arxasında dağıydı hər zaman elimizin,

Kamil bilicisiydi həmişə dilimizin,

Çınqıllar kəsənmədi yolunu selimizin,

O, xalq, xalq Heydər dedi, puç olmadı cəhdimiz,

Bitməzdir o, dahiyə olan məhəbbətimiz.
O, öz siyasətiylə zülməti şum elədi,

Dağam deyən çoxunu dağıdıb qum elədi,

Poladı, dəmiri də yumşaldıb mum elədi,

Nə aslanda, nə şirdə var bizim qüvvətimiz,

Bitməzdir o, dahiyə olan məhəbbətimiz.
Danışanda dilindən sanki dürr tökülürdü,

Elə bil ki, dan yeri təzəcə sökülürdü,

Bütün qaranlıq yollar işığa bükülürdü,

Haqq deyən hər bir kəsə dərsdir siyasətimiz,

Bitməzdir o, dahiyə olan məhəbbətimiz.
Ona sevgi hər qəlbdə yanır ocaq, köz kimi,

Sözün qüdrəti çatmır tam bildirəm sevgimi,

Bu xalqı, bu torpağı qoruyuruq göz kimi,

Ölsək də əmanətə olmaz xəyanətimiz,

Bitməzdir o, dahiyə olan məhəbbətimiz.
O, cismən tərk edəndən bizləri, ulu Tanrı,

Onsuz hər bir ürəyin qubarı var, qubarı,

Bəli, mən əminəm ki, o, müqəddəs məzarı,

Olubdur, olacaqdır hər vaxt ziyarətimiz,

Bitməzdir o, dahiyə olan məhəbbətimiz.
* * *
Qadir Allah bilirəm, əzəldən ölüm haqdır,

Doğulan hər bir insan bu dünyada qonaqdır.

Heç kim deyə bilməz ki,

Çaldırıb hünər zəngi,

Ölümə güc gələcəm.

Həyatda ömrüm boyu ağlamayıb güləcəm.

Yalan, doğru danışıb hey ötsək də biz dil-dil,

Bu əsla mümkün deyil.

Bu arzu-istəkdən keç,

Beş gün tez, ya beş gün gec,

Ölüm hər doğulanı alacaq öz qoynuna,

Sarılacaq sarmaşıq kimi onun boynuna.

Ömrü versək də bada,

Ölüm ulu Tanrıdan bizə qanun olsa da,

Bir işıqlı yol da var,

Heç kim bu nurlu yolu eləyə bilməz inkar.

Nədir o, işıqlı yol?

Qoy deyim, xəbərdar ol.

İnsan bu fani olan dünyada gərək hər vaxt,

Öz işiylə qazana bitməyən ömür, həyat,

Elə işlər görə ki, o, ucalıq qazana,

Dağ kimi məğrur ola, diz çökməyə tufana.

Elə işlər görə ki, hər sözü, hər bir işi,

Gətirə onun üçün həmişə yüksəlişi.

Elə işlər görə ki, ağa çevrilə qara,

Bu işlə ürəklərdə yaşamağı bacara.

Mənim ulu öndərim, qadirsən bunlara sən,

Bununçün də tək mən yox, el deyir sənə-Əhsən!

Mən gerçəyi deyirəm, evdən eşiyə çıxsaq,

Anam Azərbaycanın hansı səmtinə baxsaq,

Sənin izin görünəcək,

Görünən hər iz içində nurlu sözün görünəcək

İllər boyu tər tökərək sən qurmusan, yaratmısan,

El çatanda bir arzuya sanıbsan ki, sən çatmısan.

Bu millətin qəmi qəmin, sevinci sevincin olub.

Bu torpağın hər çınqılı ən qiymətli incin olub.

Elin ilə öyünübsən!

Dilin ilə öyünübsən!

Öyünübsən Vətəninlə, torpağınla.

Öyünübsən o, üçrəngli, ay-ulduzlu bayrağınla!

Bayrağını zirvələrə hər vaxt sancdın,

Öz işindən fərəhlənib qartal kimi qanad açdın.

Məğrur oldun, diz çökmədin hər yetənə, hər ötənə,

Vətən sənə arxalandı, sən Vətənə!

Öyünübsən gözəl Odlar yurdun ilə!

Öyünübsən şir biləkli ordun ilə!

Öyünübsən quruculuq olan hər bir pak işinlə!

Öyünübsən bu gününlə, keçmişinlə!

Öyünübsən babaların qılıncıyla, qalxanıyla!

Öyünübsən tariximin şanlı keçən hər anıyla!

Biz də sənlə öyünürük el atası!

Qoy yayılsın bu dünyaya elimizin bu sədası!

Əməlinlə vadar etdin bizi sənlə öyünməyə,

Çünki heç vaxt qoymamısan yurd odunu sən sönməyə.

Öyünürəm sənlə öndər!

Çünki haqqa yol gedibsən.

Həmişə Azərbaycanlı,

Olmağınla fəxr edibsən!

* * *
Adımız-sanımız var millətlər arasında,

Dalğalanır bayrağım, bayraqlar sırasında,

Yurd eşqi bəsləyirəm qəlbimin ortasında,

Doğulandan həmişə şöhrətliyəm, şanlıyam,

Hər vaxt fəxr edirəm ki, mən Azərbaycanlıyam!
Dünya bir üzükdürsə, yurdum onun qaşıdır,

Bunu bilməyən insan arif deyil, naşıdır,

Vətənim, ana dilim ucalığın başıdır,

Dost üçün işıqlı yol, yad üçün tufanlıyam,

Hər vaxt fəxr edirəm ki, mən Azərbaycanlıyam!
Babamızdır xan Qazan, şah Xətai, Koroğlu,

Yol seçib özlərinə onlar işıqlı yolu.

Tarixim dünya qədər uludur, vallah ulu,

Qardaş şahlı, bəyliyəm, sultanlıyam, xanlıyam,

Hər vaxt fəxr edirəm ki, mən Azərbaycanlıyam!
Azadlıq, müstəqillik, ağ gündür amalımız,

Hər vaxt haqq-ədalətdir fikrimiz, xəyalımız,

Əgər betərdən betər olsa da əhvalımız,

Diz çökmərəm, intiqam deyən dəliqanlıyam,

Hər vaxt fəxr edirəm ki, mən Azərbaycanlıyam!
Ulu öndərimiz də bu fəxr ilə öyünüb,

Qəlbi milləti ilə, yurdu ilə döyünüb,

O, dahi gözümüzdə günəş kimi görünüb,

Haqqım var öyünməyə, dahi qəhrəmanlıyam,

Hər vaxt fəxr edirəm ki, mən Azərbaycanlıyam!
* * *
Hər bir bağlı düyünü açmağa qadirdi o,

Səcdəsində durmuşuq ocaqdır o, pirdir o,

Nurlu əməlləriylə gözümüzdə nurdu o,

Yarıb qaranlıqları, açıb neçə səhəri,

Heydər siyasətidir yurdumun şah əsəri!
İlk sözü, axır sözü xalq oldu, Vətən oldu,

Solmayan bir gül kimi qəlblərdə bitən oldu,

Eli gülər görəndə o, dahi də şən oldu,

Onun dərdi-qəmiydi millətinin kədəri,

Heydər siyasətidir yurdumun şah əsəri!
Vətən, torpağı bizdən istəyən zaman imdad,

Oldular oğlu ilə bu yurda qoşa qanad,

Mübarizə məktəbi olsa da şirin həyat,

Çəkdiyi zəhmətinin qaynadı bar-bəhəri,

Heydər siyasətidir yurdumun şah əsəri!

Həm el bilir, həm də ki, yerin-göyün hakimi,

O, xalqa, xalqı ona bağlıydı yumruq kimi,

O, siyasət günəşi ən parlaq işıq kimi,

Nura bülənd eləyib hər bir kəndi, şəhəri,

Heydər siyasətidir yurdumun şah əsəri!


Elimin mərd övladı elin oduna yandı,

Yandıqca məşəl olub ölməzliyi qazandı,

Xalqımız bir Tanrıya, bir ona arxalandı,

Dağdan dözümlü oldu dizimizin təpəri,

Heydər siyasətidir yurdumun şah əsəri!
Elimizin gərəkli oğlu o, dahin insan,

Gərəkli işləriylə oldu dillərdə dastan,

Səninlə öyünməyə haqlıdır Azərbaycan,

Yad gözündə ox oldu Bakı-Ceyhan kəməri,

Heydər siyasətidir yurdumun şah əsəri!
Yurdun hər daşı onun ürəyidi, canıdı,

Araz çayı, Kür çayı damarında qanıdı,

Anam Azərbaycanı bütün dünya tanıdı,

Hər bir millət bildi ki, vardır belə bir pəri,

Heydər siyasətidir yurdumun şah əsəri!
Olandan siyasətin mahir heykəltaraşı,

Gələcəyi düşünüb qoydu daş üstə daşı,

Zirvəsi qarlı dağa dönsə də onun başı,

Hər vaxt haqq yolda çapıb yel qanadlı kəhəri,

Heydər siyasətidir yurdumun şah əsəri!
Üzümüzə bağlanmış çox qapını açıbdı,

Hər vaxt Odlar yurduna günəştək nur saçıbdı,

Ay-ulduzlu bayrağı zirvələrə sancıbdı,

Sevməmək mümkün deyil belə dahi rəhbəri,

Heydər siyasətidir yurdumun şah əsəri!
Olan hər çətinliyə tablaşıb dözə-dözə,

Dinclik nədir bilmədi, gecə döndü gündüzə,

İlahi o, dahini qismət edəndən bizə,

Qiblə kimi, pir kimi tanımışıq Heydəri,

Heydər siyasətidir yurdumun şah əsəri!
* * *
Ötən günlər xatirimə düşdü yenə,

Borcluyam mən o, öndəri xatırlayam dönə-dönə.

İki dünyam bir olsa da,

Qolumda zəncir olsa da,

Mən həmişə borcluyam haqq söyləməyə,

Bizdən sonra gələnlərə haqqı agah eləməyə.

O, öndərin ekrandakı bir çıxışı,

Ona olan xalq alqışı,

Yaddaşıma həkk olubdur illərdi ki,

O çıxışın, o, alqışın tarix boyu solmaz rəngi.

Inanıram, ömrümüzdən ötənləri,

Yaddaşlarda yaşamalı o günləri,

Xatırlayan təkcə mən yox, bütün xalqdı

Yalan deyil, sözüm haqdı!

Vətən, millət sevgisiylə ürəklərdə yaşayanlar,

Azərbaycan boyda yükü öz çiynində daşıyanlar,

Yurddan ötrü, eldən ötrü hər alovdan, oddan keçən,

Yalnız haqqı, ədaləti özü üçün düz yol seçən,

Azadlığın qapısını həmişə taybatay açan,

Həqiqətin günəşinə dönüb yurda şəfəq saçan,

Öz ağlıyla, kamalıyla titrədirsə bu cahanı,

Şəxsiyyəti böyük olan o, insanı,

Biz saydıqca dövrümüzün peyğəmbəri,

O, da yarıb qaranlığı açdısa bu xoş səhəri,

Bu müstəqil ölkəmizi tanıdısa bütün aləm,

Hamı etsin fikrini cəm,

O, dahinin ölənəcən etdikləri,

Yurd, xalq üçün arzu-kama yetdikləri,

Çatmadığı arzuları,

Pozulmayan yazıları,

Silinərmi xatirədən?

Tək bir cavab istəyirəm bu suala mən hərədən.

Əminəm ki, hamı, hamı bir nəfərtək,

-Yox, silinməz xatirədən-söyləyəcək.

Həmişə olduğu kimi,

Çıxışıyla titrətsə də ürəkdəki sarı simi,

Ekrandakı o, çıxışı tamam özgə oldu ancaq,

Mümkün deyil o, çıxışı unutmaq.

İşdən-gücdən söhbət açdı həmin gün,

Həm kədərdən, həm sevincdən söhbət açdı həmin gün,

Xalqa olan sevgisindən söhbət açdı həmin gün,

Haqqa olan sevgisindən söhbət açdı həmin gün.

Çıxışının axırında

Vətən eşqi bəsləyərək gözlərinin nurunda,

Bulaq kimi, çeşmə kimi hey qaynayıb daşa-daşa,

Səməd Vurğun misrasıyla gəldi coşa.

Qanad taxıb qəlbindəki yurda olan məhəbbətə,

O, üz tutdu şeiriyyətə.

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam məskənimsən,

Anam doğma Vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Öndərin qəlbi, canı bağlı idi Vətənə,

Bununçün də o, atəş yox mümkün deyil sönə.

Heş zaman doymurdu o, obasından, elindən,

Bununçün də bu misralar öndərimin dilindən,

Ələnirdi inci kimi, dürr kimi,

Həm el bilir bunu, həm də yerin, göyün hakimi.

Sonuncu misraları söyləyən zaman öndər,

Yurd eşqindən kövrəldi, dahini boğdu qəhər.

Elə olan sevgisindən,

Dilə olan sevgisindən,

Bulud kimi doldu onun gözləri,

Qəlbi kimi titrədi dilindəki sözləri.

O, titrəklik aləm idi,

Yurd dərdinə məlhəm idi,

Qəlbindəki yurda olan məhəbbətlə,

Hər vaxt qoşa addım atdın səadətlə.

Sənin kimi yurdu sevən, xalqı sevən,

Ədaləti, haqqı sevən,

Bu torpağın hər daşını gözlərində işıq bilən,

Anamız Azərbaycanı dünyaya yaraşıq bilən,

Ay-ulduzlu bayrağına,

Doğma Vətən torpağına,

Baxa-baxa fərəhlənib qartal kimi qanad açan,

Günəş, ulduz, ay kimi yurduna işıq saçan,

O, dahinin ayrılarmı könlü candan?

Yox, əsla mümkün deyil, ola bilməz heç zaman!

Elə buna görə də,

Həmin an tarix kimi həkk olub xatirədə.

Əminəm, il üstünə neçə il gəlsə yenə,

Heç vaxt silinməyəcək yaddaşlardan o, səhnə!
* * *
Öndər gələn gündən hakimiyyətə,

Heç vaxt meyl etmədi şana-şöhrətə,

Can qurban etdikcə yurda, millətə,

Xalq -Heydər- söyləyib, Heydər –xalq- deyib!


Vətən göylərində döndü günəşə,

Gülşənə çevrildi yurdda hər guşə,

Haqq işlər gördükcə, elə həmişə,

Xalq -Heydər- söyləyib, Heydər –xalq- deyib!


O gəldi qurtardı kürsü davası,

Daha da isindi xalqın yuvası,

Qəlbdə dil açandan zəfər havası,

Xalq -Heydər- söyləyib, Heydər –xalq- deyib!


Qatlaşıb ən ağır olan zəhmətə,

Tanıtdı bu yurdu bəşəriyyətə,

Ay könlüm, məhz elə buna görə də,

Xalq -Heydər- söyləyib, Heydər –xalq- deyib!


Bilsin bilməyən də, bilsin bilən də,

Salavat çevirək adı gələndə,

Zülmətin bağrını işıq dələndə,

Xalq -Heydər- söyləyib, Heydər –xalq- deyib!


Ölüm ağuşuna alsa da onu,

Yoxdur o, dahinin ömrünün sonu,

Yurda geydirdikcə o, ağ gün donu,

Xalq -Heydər- söyləyib, Heydər –xalq- deyib!


Zülmət gecələrdə ulduz, ay olub,

Dədəmiz Qorquda vallah tay olub,

Ulu yaradandan bizə pay olub,

Xalq -Heydər- söyləyib, Heydər –xalq- deyib!

Haqqa arxalanıb haqqın hakimi,

Min kitab götürməz ona sevgimi,

Bir olan Allaha güvənən kimi,

Xalq -Heydər- söyləyib, Heydər –xalq- deyib!


Yaxşı işlərini heç bir tərəzi,

Çəkiyə götürməz, yoxdur əvəzi,

Ondan ala-ala xoşbəxtlik dərsi,

Xalq -Heydər- söyləyib, Heydər –xalq- deyib!


Min şükür, min şükür ey Pərvərdiyar,

Bu gün İlham kimi davamçısı var!

Kimin haqqı var ki, eləyə inkar?

Xalq -Heydər- söyləyib, Heydər –xalq- deyib!


* * *
Ot kökü üstündə bitər – deyiblər,

Bəli, həqiqətdir xalqımın sözü.

Düz düz görsənəcək, əyri də əyri,

Min calaq vursaq da əyriyə düzü.


Ulu öndərimin getdiyi yolun,

Yolçusuna dönən oğuldur İlham!

Haqdan yoğrulubsa onun mayası,

Haqqa səmt uzanan cüt qoldur İlham!


Elə arxa olan el atasından,

Alıbdır həyatın o, hər dərsini.

Ədalət nazilər, heç vaxt üzülməz,

Boğmaq mümkün deyil haqqın səsini.


Bəli, atasına inandığıtək,

Onun oğluna da inandı xalqım.

Top-tüfəng dağıtmaz dağ, qaya kimi,

Onun arxasında dayandı xalqım!


Səsimiz yayıldı bütün aləmə,

Rəhbər kürsüsündə oturdu İlham.

Ata gedən yolun olub yolçusu,

Göz kimi qoruyur bu yurdu İlham!


* * *
Xalqın güvənc yeri, xalqın inamı,

Sülhün, azadlığın işığı, tamı,

Vətən məhəbbəti, xalq ehtiramı,

“Yeni Azərbaycan Partiyasıdır”dır!


Xəstə könüllərə eləyər dərman,

İşıqlı yollardan itər çən-duman,

Yurd dərdinə şəfa tapacaq loğman,

“Yeni Azərbaycan Partiyasıdır”dır!


Vətənin sönməyən alovu, közü,

Odlar diyarının işıqlı gözü,

Haqqın-ədalətin nurlu gündüzü,

“Yeni Azərbaycan Partiyasıdır”dır!


Ona dədə Heydər basdısa möhür,

O, həm xan Arazdır, həm də dəli Kür,

Qaynayan məhəbbət, bitməyən ömür,

“Yeni Azərbaycan Partiyasıdır”dır!


Düşmən qamətini əyən, sındıran,

Üçrəngli bayrağı dalğalandıran,

Qaranlıq yolları işıqlandıran,

“Yeni Azərbaycan Partiyasıdır”dır!


Şükür Yaradana, bu gözəl diyar,

Həmişə çiçəkli bahardır, bahar,

Xalqı gələcəyə aparan qatar,

“Yeni Azərbaycan Partiyasıdır”dır!


01 mart 1994, 05 yanvar 2010.



Yüklə 217,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin