Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə30/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   26   27   28   29   30   31   32   33   ...   55

GÜNAHLARI BAĞIŞLAYAN


«Ğafir» və «Ğəfur» adları mehriban Allahın gözəl adları və ali sifətlərindəndir. Yə’ni, Onun müqəddəs vücudu çox-çox bağışlayandır. Bu bağışlanmanı əldə etmənin şərti həqiqi tövbə və haqqa qayıdışdır. Günahkar insan Allahın ğəfur sifətinə əsasən ümidvar olmalıdır ki, günahlarına tövbə etsə mütləq bağışlanacaqdır. Bağışlanmağa ümidsizlik böyük günahdır və əzabı vardır. «Yusif» surəsinin 87-ci ayəsində buyurulur: «Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər». «Zumər» surəsinin 53-cü ayəsində oxuyuruq: «De ki, ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim, Allahın rəhmətindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar».

«Nisa» surəsinin 23-cü ayəsindən görünür ki, Allah-Taala hər bir günahkarın tövbəsini qəbul edir: «Həqiqətən Allah bağışlayan rəhm edəndir». «Maidə» surəsinin 39 ayəsini oxuyuruq: «Hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə Allah onun tövbəsini qəbul edər».

Bəli, tövbə edib, tövbədən sonra böyük günaha və təkrar kiçik günaha yol verməyən, qəzaya verdiyi vacib əmrləri yerinə yetirən, xalqın haqqını ödəyən şəxs hökmən bağışlanasıdır.

Həzrət Peyğəmbər (s) buyurur: «Həqiqi tövbəkarın dörd əlaməti vardır: Əməldə Allah əmrlərinin sözsüz icrası, batildən uzaqlaşmaq, həqiqətə bağlılıq və xeyirxahlığa güclü rəğbət».253 Həzrət Əli (ə) buyurur: «Allah-Taala bəndəsinin üzünə şükür qapısını açıb, ne’mətin artım qapısını bağlamaz. O, dua qapısını açıb, qəbul qapısını örtməz. Allah tövbə qapısını açıb, bağışlanma qapısını bağlamaz».254


GÜNAHLARI ÖRTƏN


Allah-Taala gizlində günah edib, onu kimsəyə açmayan bəndənin günahını açmağı sevməz. Həzrət Haqq özünü «Səttarul-uyub» adlandırır ki, hamı Onun gizli günahı açmadığını bilsin. Əlbəttə ki, həyasızcasına xalqın gözü qarşısında günah edən şəxsin günahını örtməyə dəyməz.

Həzrət Peyğəmbər (s) buyurur: «Allah tövbə edən şəxsin tövbəsini qəbul edib, onun əzalarına əmr edər ki, onun günahlarını özündən gizlətsinlər. Torpağa əmr olunar ki, günahları örtsünlər. Hətta bu günahı onun əməl naməsinə yazanların belə yadından çıxarılar.»255

Müaviyə ibn Vəhəb nəql edir ki, İmam Sadiq (ə) belə buyurdu: «Allah-Taala xalis tövbə etmiş mö’min bəndəsinə məhəbbət bəsləyir, günahlarını dünya və axirətdə örtər. Yazdıqları günahları mələklərin yadından çıxarar. Onlar Allahla görüşdükləri vaxt şahidlik etməyə günah tapmazlar».256

Rəvayətə görə qiyamət günü bəndə Allah hüzuruna gətirildiyi vaxt Allah-Taala əmr edər ki, qübbə qurub bəndəmi orada yerləşdirin. Sonra bəndəyə buyurar: «Ey mənim bəndəm, ne’mətlərimi günaha xərclədin, ne’mətimi artırdıqca, günahlarını artırdın». Bəndə xəcalətdən başını aşağı salar: Xitab olunar: «Ey mənim bəndəm, başını qaldır. Günah etdiyin saat günahını bağışladım». Sonra başqa bir bəndə gətirilər. O da danlanar və xəcalətdən ağlayar. Allah-Taala buyurar: «Günah edib güldüyün vaxt səni utandırmadım. Bu gün ki, günah etməyib ağlayırsan, səni necə rüsvay edim?! Səni bağışladım və behiştə getməyinə icazə verdim».257


PİSLİYİ YAXŞILIĞA ÇEVİRƏN


Mehriban Allahın sifətlərindən biri də budur ki, tövbə edən bəndənin günahını savaba çevirər. «Fürqan» surəsinin 70-ci ayəsində oxuyuruq: «Tövbə edib iman gətirən və yaxşı işlər görənlərin pis əməlləri yaxşı əməllərə çevrilər. Allah bağışlayan və rəhm edəndir». «Hud» surəsinin 114-cü ayəsində oxuyuruq: «Namazı gündüzün iki başında gecənin zi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar».

Pis işin yaxşı işə çevrilməsi barədə elmi, fəlsəfi, ürfani söhbətlər çoxdur. «Təfsire-nümunə»də bu əvəzolmanın bir neçə təfsiri bəyan olunur:

1. İnsan tövbə edib Allaha iman gətirdikdən sonra onun bütün vücudunda böyük bir təlatüm yaranır. Bu insan əvvəllər qatil olubsa, indi məzlumları müdafiə edir, əvvəllər zina edibsə indi iffətini qoruyur. Bu daxili inqilab nəticəsində günahlar savaba çevrilir.

2. Əbuzər nəql edir ki, Həzrət Peyğəmbər (s) belə buyurdu: «Qiyamət günü Allah-Taala bə’zi insanlar haqqında əmr edər ki, bu bəndənin kiçik günahlarını çıxarın, böyük günahlarını isə örtün. Kiçik günahlarına e’tiraf edən bəndə böyük günahlarının qorxusundan qəlbi titrəyər. Bu an Allah istəsə lütf edib göstəriş verər ki, hər günahın yerinə bir savab verilsin. Bəndə ərz edər ki Pərvərdigara, mən mühüm günahlarımı görmürəm». Əbuzər nəql edir ki, Peyğəmbər (s) söhbətinin bu yerində gülümsündü və bu ayəni oxudu: «Allah onların pis əməllərini (günahlarını) yaxşı əməllərlə əvəz edər.»258

3. Savaba çevriləcək pis işlər dedikdə bu pis işlərin özü yox, onların insanda qalmış tə’sirləri nəzərdə tutulur. Yə’ni insan tövbə etdiyi zaman, vaxtilə gördüyü pis işdən vücuduna düşmüş ləkə təmizlənəcəkdir.
Aşiqdə əğyara zərrə maraq yox,

Dərgahından özgə yerdə pənah yox.

Aşiqik, söyləmiş sevgi sultanı

Mə’şuqla görüşdür hicran dərmanı

Bilə-bilə Sən tək pənahımız var

Xəcilik qarşında, günahımız var.

Hər nə yazılmışsa kəlməsi doğru,

Bu yolda büdrəyən çəkəsi ağrı.


«La ilahə illa əntə subhanəkə və bihəmdikə»

(«Səndən başqa bir mə’bud yoxdur, Sən paksan və mən Sənə həmd və səna edirəm.»)


«La ilahə illa əntə» təhlil, «subhanəkə» təsbih, «bihəmdikə» təhmid kimi tə’bir olunur. Hər kəs dildə təhlil, yə’ni Allahın birliyinin iqrarını desə eləcə də dediklərinə sadiq olsa, həqiqətən müvəhhid, yə’ni tək Allaha imanlıdır. Belə insan Allahın amanındadır, dünya və axirət əzabı ona haramdır. Bu şəxs behiştdə peyğəmbərlər və digər ləyaqətə çatanlarla yoldaş olasıdır.

Həqiqi təhlil insan qəlbində o zaman təcəlla edir ki, insan Qur’an və Əhli-beyt (ə) vasitəsi ilə öz Allahını tanısın və Ona itaət etsin. Bu yolu gedən insanın bütün vücudu «Allahdan başqa hər şey batildir» deyə fəryad qoparır.


Kimsədə eşqinə varmağa güc yox,

O eşqə varanda durmağa güc yox.

Hansı könül quşu düşsə qəfəsə

Qəmli nəğmə üçün gələr həvəsə.

Dirilməz ölü qəlb min bir acıdan,

Yalnız eşq qəmindən ucalır insan.

Sevgidir gecəyə layla çalan da,

Bal kimi yuxunu gözdən alan da.

Əfsus ki, bayquş tək görmədik nuru.

Gizli xəzinələr olmasa aşkar,

Üstündə fəqirik, gözlərimiz dar.

Olsa da zərrələr haqqa harayda

Bu kar qulaqlara çətin ki, çata.
Doğrudan da varlıq aləmində insanı ne’mətlərə qərq edəcək, Onu çətinliklərdən qurtaracaq və nəhayət, xoşbəxtliklərə qovuşduracaq ikinci bir kəs yoxdur. Dua edən şəxs öz acizliyinə və günahlarına e’tiraf etdikdən sonra təbii olaraq öz çətinliklərini həll etmək üçün bunları həll etmək iqtidarında olan varlığa üz tutaraq deməlidir: «la ilahə illa əntə subhanəkə və bihəmdikə».


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin