Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə37/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   33   34   35   36   37   38   39   40   ...   55

Bədbəxt şahzadə


Oğlunu evləndirmək istəyən bir padşah onun üçün əsilli-nəcabətli bir ailədən gözəl bir qız tapır. Toy günü varlı-kasıb saraya toplaşaraq şənləməyə başlayırlar. Padşah da ehsan xəzinəsini açıb hamıya hədiyyə paylayır.

Ay üzlü gəlin saraya gətirildiyi vaxt mə`lum olur ki, şahzadə yoxa çıxıb. Məclisdə həddindən artıq şərab içən şahzadə məst olub, saraydan çıxmış, atəşpərəstlərin yaşadığı məhəlləyə gəlmiş idi. Adətən, ölülərini bir daxmanın ortasında uzadıb onun ətrafında gecə yarı şam yandıran atəşpərəstlər yenə də belə bir mərasim qurmuşdular. Məclis dağıldıqdan sonra tənha meyyitin uzadıldığı otağı bəy otağı zənn edən məst şahzadə ölünü qucaqlayıb səhərədək yatmışdı!

Görün dünya məhəbbəti, dünya ne`mətlərinə olan şəhvət insanı nə hala salır! Məhz bu şəhvət səbəbindən şahzadə atəşpərəst daxmasını saraydan, ölünü isə ay üzlü gəlindən fərqləndirə bilmir!
Yetməzmi xəbərsiz qaldın özündən,

Çəkindin əməlin, sözün düzündən.

Bəsirət əhlinə arxa çevirdin,

Uydu ehtirasa, həvəsə qəlbin.

Qartal, zirvə quşu, deyilsə xəstə

İlan kimi sürünməz torpaq üstə.

Vurulma özünə inan bu məstlik

Gətirəcək sənə ağır şikəstlik.

Əgər unutmasa şikar özünü

Ovçu tapa bilməz onun izini.

Minmə qəflət atın, cilovsuz atdır.

Oyanmayan süvarini aldadır.

Soruş yolu mənzilinə çatandan,

Avaradır qəflətdə qalan insan.

Eşit ki, nə demiş pirani kamil:

Əsla bel bağlamaz dünyaya aqil.

Sən də onun kimi burax dünyanı,

Dünyanı sevərək ucalan hanı?!

Vücuduna əqlini seç hökmran,

Nəfsi seçsən olasısan peşiman.

Bilirsənmi, qazanc nədir dünyadan?

Bir yaxşı ad qalır köç edən zaman!


Həzrət Peyğəmbər (s) buyurur: “Xoş o kəsin halına ki, hal-hazırda mövcud olan şəhvəti, görmədiyi Behişti qazanmaq üçün tərk edir.”310 “Behişt bəndəlik və ibadət əziyyəti, Cəhənnəm odu isə şəhvətlərlə əhatə olunmuşdur.”311

Bir şəxs Həzrət Baqirə (ə) dedi: “İbadətim zəif, ruzim isə azdır. Amma elə bilirəm ki, yediyim yalnız halaldır.”

Həzrət (ə) buyurdu: “Hansı iş qarını və şəhvəti haramdan qorumaqdan üstün ola bilər?!”312

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimi Cəhənnəm oduna daxil edən əsas səbəblər qarın və cinsi şəhvətdir.”313


Qəflət


Qəflət insanın bilməli olduğu şeylərdən xəbərsiz qalmasıdır. Allahdan və Qiyamətdən, bəndəlik və ibadətdən qəflətdə qalmanın əsas səbəbləri maddiyyat məsələləri ilə çox məşğul olmaq, qəlbi dünya fikirləri ilə doldurmaq, gecə-gündüz həvəs dalınca qaçmaqdır.

Həzrət Əli (ə) buyurur: “Ən ziyanlı düşmən qəflətdir;” “Vay o kəsin halına ki, qəflət ona qalib gəlsin, nəticədə axirət səfərini unudub ona hazırlaşmasın;” “Qəflətin qalib gəldiyi kəsin qəlbi ölər;” “Davamlı qəflət bəsirət gözünü kor edər.”314

İmam Həsən (ə) buyurur: “Məscidi tərk edib fəsadçıya itaət etmək qəflətdir.”315
“Və kunillahummə biizzətikə li fil-əhvali kulliha rəufən və ələyyə fi cəmiil umuri ətufən

(“Pərvərdigara! Səni izzətinə and verirəm, mənə bütün hallarda rəuf və bütün işlərdə mehriban ol.”)


Bəşəriyyət nə qədər elm və bilik qazansa da Allahın rəufluğu və mehribanlığını şərh etməkdə acizdir. Bu sifətləri ayə və rəvayətlərin köməyi ilə qismən anlamaq olar. Bu işdə ən asan yol isə bu sifətlərin təzahürlərinə nəzər salmaqdır.

Həzrət Peyğəmbər (s) buyurur: - “Allahdan bir neçə şey istədim və dedim: - Pərvərdigara, ümmətimin hesabını mənim özümə tapşır. Belə xitab olundu: - Sən rəhmət peyğəmbəri olsan da, ərhəmər-rahimin deyilsən. Əgər onların bə`zi günahlarından xəbərdar olsan, zara gələrsən. Qoy sənin ümmətinin günahından yalnız Özüm agah olum. Ya Məhəmməd, onlara elə hesab çəkərəm ki, çirkin işlərindən sən də xəbər tutmazsan. Əgər onların günahını səndən gizləyəcəyəmsə sözsüz ki, biganələr üçün də açmayacağam. Ya Məhəmməd! Əgər sənin onlara peyğəmbər mehribanlığı varındısa, Mənim onlara Allah mərhəməti varımdır. Sən onların peyğəmbərisənsə Mən onların Allahıyam. Əgər sən onları bu gün görürsənsə Mənim onların üzərində əzəli və əbədi inayət nəzərim var.”


Günahkarın bağışlanması


Şeyx Bəhai deyir: “Etibarlı bir şəxsdən belə bir əhvalat eşitdim: Bir günahkar şəxs dünyasını dəyişir. Onun xanımı dəfn üçün camaatdan kömək istəyir, amma bu günahkar şəxs dərin nifrət qazandığından heç kim onun dəfnində iştirak etmək istəmir. Qadın muzdla adam tutub cənazəni şəhər mərkəzindəki müsəllaya gətirdir ki, bəlkə mö`minlər ona kömək edərlər. Amma heç kim cənazəyə yaxınlaşmır. Qadın məcbur qalıb cənazəni səhraya gətirir ki, qüslsüz, namazsız dəfn etsin.

Bu səhranın yaxınlığındakı dağda bir zahid yaşayırdı. Bu şəxs xalq arasında öz mö`minliyi ilə məşhur idi. Zahid cənazəni görüb, dəfndə iştirak etmək üçün ona yaxınlaşır. Ətrafda yaşayan insanlar abidlə birlikdə cənazəni dəfn etmək üçün gəlirlər.

Camaat abiddən onun bu dəfndə iştirak etməsinin səbəbini soruşduqda abid deyir: “Yuxuda mənə dedilər ki, sabah səhraya get. Orada tənha bir qadın və bir cənazə olacaq. Cənazə üçün namaz qıl, çünki o, artıq bağışlanmışdır.” Bu sözlər eşidənləri çox təəccübləndirdi. Abid qadını çağırıb meyyit haqqında soruşdu. Qadın dedi: “Əksər günlər bir günaha batırdı. Amma üç xeyir əməli vardı:

1. Hər gün günaha batdıqdan sonra paltarını dəyişər, dəstəmaz alıb səmimi qəlbdən namaz qılardı;

2. Hər vaxt evində yetimlər olardı. Övladlarından daha çox onlara ehsan edərdi;

3. Hər gecə ayılar, ağlayar və deyərdi: “Pərvərdigara, bu günahkarı Cəhənnəmin hansı guşəsinə atacaqsan?”


Əbdullah Mübarəkin qulu


Əttar Nişaburi deyir:

«Əbdullah Mübarəkin bir qulu vardı. Bu qul ilə şərt kəsmişdi ki, işləyib öz qiymətini ödəsə onu azad edəcəkdir. Bir gün Əbdullaha deyirlər ki, sənin qulun qəbirləri açıb, meyyitlərin kəfənini oğurlayır, sonra kəfənləri satıb, pulunu sənə ödəyir. Bu xəbər onu çox pərişan edir.

Bir gün gizlicə qulun arxasına düşüb onu izləyir. Qul qəbiristanlıqda boş bir qəbirə girib ağlaya-ağlaya dua etməyə başlayır. Bu səhnəni görən Əbdullahı ağlamaq tutur. Qul səhər açılanadək dua oxuyub qəbirdən çıxır və şəhərə üz tutur. Qarşısına çıxan ilk məscidə girib, namaz qılır. Namazdan sonra deyir: “Ey mənim həqiqi Ağam! Gecə gündüz oldu, müvəqqəti ağam isə məndən pul gözləyir. Pərvərdigara, sən çarəsizlərin ümid yerisən!” Bu vaxt qulu kənardan müşahidə edən Əbdullah bir nur görür. Nur qulun əlinə doğru hərəkət edir və ovcunda itir. Əbdullah qulun əlində bir qızıl dinarın işıltısını görür. Bu səhnə onu haldan salır. Qula yaxınlaşıb, onu qucaqlayır. Başını sinəsinə sıxıb deyir: “Min mənim kimisinin canı sən tək qula fəda olsun. Kaş sən ağa, mən isə sənin qulun olaydım!”

Hadisənin aşkarlandığını görən qul deyir: - “Pərvərdigara, bu sirr açıldı, daha yaşamaq istəmirəm, məni öz yanına apar!” Bu sözlər sona yetən kimi qul Əbdullahın qucağındaca keçinir!..»


Ey ulu şah, xətamızı ötür sən,

Biz günahkar, Sənsə günahdan keçən.

Sən xeyirxah, bizimsə eybimiz çox,

Eybimizin, xətamızın sonu yox.

Hər anımız üsyan dolu, şərr dolu,

Ayağımız nəfsimizlə buxovlu.

Könlümüz dünyaya, üzümüz Sənə

Min bir səcdə qılaq, borculuyuq yenə.

Qol-boyunuq gecə-gündüz günahla,

Sinə dolu ehtirasla, tamahla.

Tövbə qılıb, yenə aşırıq həddi,

Bu nəfs şeytan caynağında kəmənddi.

Yenə ümidimiz Səndən üzülməz,

Cəza nə ki, ayrılığın dözülməz.

Əmmarə nəfsimiz şeytanın qulu,

Şeytanla birləşib bağlayıb yolu.

Sınasıyam yardım olmasa göydən,

Yapışmışam rəhmət dolu ətəkdən.

Aparma dünyadan məni imansız,

Günah odu günahdan da amansız.


“İlahi və Rəbbi mən li ğəyrukə əs`əlukə kəşfə zurri, vənnəzərə fi əmri

(“İlahi, Pərvərdigara! Səndən başqa kimim var ki, ondan

narahatlıqlarımın aradan götürülməsini, işlərimə lütf nəzəri etməsini istəyim?!”)


Ey mənim Rəbbim! Mənim üçün səndən başqa feyz və xeyir çeşməsi varmı? Çətinliklərin və halsızlıqların, xəstəliklərin və uğursuzluqların çarəsini Səndən istəyirəm.

Ey mənim Mövlam! Dərdimə o kəs çarə qıla bilər ki, hər cəhətdən qüdrətli olsun, məni öz mərhəmətindən uzaq salmasın, ehsanının qarşısını ala bilən tapılmasın, bütün kamal sifətlərinə malik olsun və o kəs Sənsən.

Səndən başqa kimə ağız açsam, ya mənə ürək yandırmayacaq, ya çətinliyimi aradan qaldırmağa gücü çatmayacaq, ya da xəsislik göstərəcəkdir. Ona görə də gözümü və ümidimi yaranmışların köməyindən - xüsusilə dostların və yaxınların yardımından - kəsib zəlil halda Sənə əl açıram. Səndən bütün çətinlikləri, bütün çirkin sifətləri məndən uzaqlaşdırmağını, zahiri və batini müşküllərdən mənə nicat verməyini istəyirəm!

Bəli, insan dənizdə qərq olmuş və hər şeydən ümidini üzmüş bir kəs kimi yalnız Allaha üz tutmalıdır. Allah-Taala həzrət İsaya (ə) buyurur: “Ey İsa, məni dənizdə qərq olmuş və yardımçısı olmayan kəs kimi çağır.”316

İmam Sadiq (ə) buyurur: “Əgər Allahın sizə bir şey əta etməsini istəsəniz, ümidinizi hamıdan kəsib yalnız Ona ümid bağlamalısınız. Allah-Taala bəndəsində belə bir hal gördükdə onun istədiyini əta edir.”317

“Ey mənim Allahım” deyən kəs bütün əqidə əməl və əxlaq nöqsanlarından təmizlənməli, dünyanın bütün ne`mətlərini kamala çatmaq üçün bir vasitə bilməlidir. Çünki Allahdan qeyrisini mə`bud qəbul edən müşrikdir, müşrikin duası isə heç vaxt qəbul olmaz.

“Ey mənim Rəbbim” deyən kəs bütün batil fir`onlardan, ilahi mədəniyyətdən qeyri bütün mədəniyyətlərdən azad olmalıdır. Çünki batil mədəniyyətlərə bağlanan insan nəhayət elə bir uçuruma yuvarlanar ki, duaları rədd edilər.

Bəli, Allahın izni olmadan kimsədən yardım istəmək faydasızdır. Yalnız Allaha ümid bağlamaqla dünya və axirət səadətinə nail olmaq mümkündür. Allahı və Onun məxluqunu lazımınca tanıyanlar bilirlər ki, bütün çətinliklərin həlli yalnız qadir Allahın əlindədir. Ona görə də Allah aşiqləri öz müşküllərinin həlli üçün yalnız Ona üz tuturlar. Həzrət Musa (ə) Allahın dərgahına belə ərz edir: “Ey mənim mə`budum! Gədalıq boxçamda Sənin bütün xəzinələrində olmayan bir şey mövcuddur və o da budur ki, Sənin kimi bir mə`budum vardır!”

Elə ki, ümid hər yerdən üzüldü, yalnız Həzrət Haqqa əl açıldı, gözlərdən bulaq tək yaş süzüldü, üz torpağa sürtüldü, inayət qapıları insanın üzünə açılar, bütün müşküllər öz həllini tapar.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin