Uşaqların tərbiyəsində atalar sözü və məsəllərin rolu



Yüklə 50,39 Kb.
tarix17.12.2017
ölçüsü50,39 Kb.
#35189

Ağayarova Səadət

Bakı Sosial Pedaqoji Kollecinin müəllimi

Uşaqların tərbiyəsində atalar sözü və məsəllərin rolu

Dövlət müstəqilliyinin xalqımıza

bəxş etdiyi nemətlərdən biri də odur ki,

biz artıq öz təhsil sistemimizi xalqımızın,

millətimizin tarixinə, mənəviyyatına,

ənənələrinə uyğun qururuq.

H. Əliyev

Təhsil qanunundan irəli gələn müddəalar biz müəllimlərin qarşısında cəmiyyət üçün mənəviyyatca zəngin, sağlam dücüncəli şəxsiyyətlər yetişdirmək vəzifəsini qoyur. Vətənimiz müstəqillik əldə etdikdən sonra indiki dövr mənəvi dəyərlərimizə qayıtmağı, onlardan uşaqların təlim və tərbiyəsi işində maksimum istifadəni zəruri edir. Məlumdur ki, uşaqlar xeyir və şər, dostluq və yoldaşlıq, sadəlik və təvazökarlıq, düzlük və doğruçuluq, ədalət, sədaqət, vətənpərvərlik, böyüklərə hörmət və s. haqqında təsəvvür və anlayışlara hələ kiçik yaşlarından ailədə, məktəbəqədər müəssisələrdə və məktəblərdə yiyələnirlər. Vətənə, doğma yurda məhəbbət, humanizm, həmrəylik, sadəlik, əmksevərlik və s. bu kimi müsbət əxlaqi keyfiyyətlərə böyük söz ustadları öz əsərlərində yüksək qiymət vermişlər. Lakin folklor nümunələri bu baxımdan uşaqların tərbiyəsində əvəzsiz rol oynayır.



Şifahi xalq ədəbiyyatı nümunələri bəşəriyyətin yaratdığı ən qiymətli sərvətdir. Xalq yaradıcılığında xalqın dünyagörüşü, həyata baxışı, əhvali - ruhiyyəsi cəmlənib. Əcdadlarımız özlərindən sonra gələcək nəsilləri unutmamış, həyatda böyük çətinliklərlə əldə etdikləri həm maddi, həm də mənəvi dəyərləri övladlarına miras qoyub getmişlər. Xalqın müşahidələrini, təsəvvür və təfəkkür tərzini özündə yaşadan, xalqın taleyi, maddi-mənəvi güzəranı barədə dəyərli məlumatları qoruyub bugünümüzə qədər çatdıran folklor nümunələri xalq müdrikliyi ilə xalq bədii təfəkkürünün məhsuludur. Bu nümunələrin içərisində ən dəyərlisi və uşaqların hərtərəfli tərbiyəsində əvəzsiz rol oynayanı atalar sözü və məsəllərdir. Onlar min illərin süzgəcindən keşərək dövrümüzə qədər gəlib çatmış, çox zəngin bir sərvətə çevrilmiş və kütləvi şəkil almışlar. Ümumiləşmiş fikri, nəticəni, hökmü obrazlı şəkildə ifadə edən atalar sözü və məsəllər böyük məna tutumuna, zəngin məna çalarlarına və əxlaqi-tərbiyəvi əhəmiyyətə malikdir. Xalq həyatının bütün dövrlərinə və bütün sahələrinə aid məlumatı özündə yaşadan atalar sözü və məsəllər çox yığcam olsalar da, onlarda böyük ideya və yüksək mənəvi dəyərlər ifadə olunur. Onlar həm dərin məzmunlu, həm də təsirlidirlər.

Atalar sözü və məsəllərdən uşaqların əxlaq, əmək, əqli, estetik və s. tərbiyəsi işində geniş istifadə olunur. Belə ki, atalar sözü və məsəllər təsərrüfatın, həyatın, məişətin bütün sahələrini əhatə edir, insanlara mənsub olduqları ailəni, xalqı, dövləti sevməyi, mənəvi cəhətdən zəngin olmağı öyrədir.

Məlumdur ki, əxlaqi və mənəvi tərbiyənin mühüm tərkib hisslərindən biri vətənpərvərlikdir. İndiki dövrdə uşaqların vətənə məhəbbət ruhunda tərbiyəsi olduqca mühüm vəzifədir. Əsrlər boyu yadellilər tərəfindən parçalanmış, işğal edilmiş torpaqlarımız bu gün də düşmən tapdağı altındadır. İşğal olunmuş ərazilərimiz, şəhid, yaralı və əlillər, milyondan artıq qaçqın və köçgünlərimiz, dağıdılmış dünya əhəmiyyətli tarixi abidələrimiz doğma vətəninə bağlılıq tərbiyəsini həmişəkindən daha artıq zəruri edir. Vətənpərvərlik təkcə Vətəni sevməklə bitmir. Əsl vətənpərvərlik Vətəni yadellilərdən qorumaq, bu yolda savaşmaq və mübarizə aparmaqdır. Atalar sözü və məsəllər uşaqlarda xalqa, torpağa, elinə-obasına məhəbbət hisləri aşılayır, vətənin qədrini bilməyi, düşmənə baş əyməməyi öyrədir:

Vətən viranə də olsa, cənnətdir.

Vətən elin evidir.

Vətənə gəldim, imana gəldim.

Vətənə məhəbbət imandandır.

Vətənin bir qışı qürbətin min baharından yaxşıdır.

Əxlaq tərbiyəsinin ən zəruri tərkib hissələrindən biri də kollektivçilikdir. Bu, dostluğa və yoldaşlığa əsaslanır. Atalar sözü və məsəllər uşaqlara qarşılıqlı yardım, bir-birinə dəstək olmaq, çətin anlarda köməyini əsirgəməmək, yol göstərmək, dostluq, yoldaşlıq, birlik, həmrəylik kimi əxlaqi keyfiyyətlər aşılayır.

El bir olsa-dağ oynadar yerindən,

Söz bir olsa, zərbi kərən sındırar.

El gücü-sel gücü.

El keçən körpüdən sən də keç.

El sevəni aləm sevər.

Elə arxalanan başa çatar.

Ata-babalarımız insanlara, köməyə ehtiyacı olanlara əl tutmağı, yardım etməyi, yetimlərin, kimsəsizlərin qayğısına qalmağı, onların haqqını qorumağı, müdafıə etməyi öyrətmişlər:

Yetimə öyüd verən çox olar,çörək verən az.

Yetim malı oddan yaman yandırar.

Əl tutanın əlindən tutarlar.

Atalar sözü və məsəllər mənsub olduğu xalqa, elinə-obasına vurğunluq tərbiyə edir, dilini, doğma elinin təbiətini, vətəninin hər qarışını, torpağını-daşını sevməyi tərbiyə edir, uşaqlarda qəhrəmanlıq, xalqa sədaqət kimi keyfiyyətləri formalaşdırır. Bu ibrətamiz sözlər öz milli mənsubiyyəti ilə, tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə qürur duymağı, düşmənə qarşı amansız olmağı, qəhrəmanlığı, mübarizliyi tərbiyə edir:

İgid odur, atdan düşüb atlana,

İgid odur, hər əzaba qatlana.

Sədaqət qəhrəmanın zinətidir.

Ağ ciyər olma, ər ol, ər!

Ağalıq verimlədir, igidlik- vurumla.

İgid yüz yaşar, fürsət bir düşər.

Hikmətıi sözlərdə atalarımız böyük üzünə ağ olmamağı, onların sözündən çıxmamağı tövsiyyə etmiş, bunun günah olduğunu söyləmiş, hər zaman onların könlünü sevındırə biləcək, onları razı sala biləcək işlər görməyə çağırmışlar. Ata-babalarımız ataya, anaya, qardaşa, bacıya, övlada, qohuma-qonşuya hörmət etməyi, rəğbət bəsləməyi tövsiyyə etmişlər.

Böyük danışanı kiçik götürər.

Böyüksüz evdə xeyir-bərəkət olmaz.

Böyük sözünə baxmayan, böyürə-böyürə qalar.

Anasız uşaq evdə xar olar, atasız uşaq çöldə.

Atalar sözünü tutmayanı biyabana atarlar.

Atasız uşaq damsız ev.

Ana evin dirəyidir.

Evin böyüyü buyruqda, kiçiyi-qulluqda.

Atalar sözü və məsəllərin uşaqların əmək tərbiyəsində də xüsusi rolu vardır.

Şəxsiyyətin formalaşmasında əmək fəaliyyətinin əsas göstərici olduğu haqqında dəyərli fikirlər böyük mütəfəkkirlərimizin yaradıcılığında da öz əksini tapır. Lakin bu mövzuda ən gözəl nümunələrə yenə də şifahi xalq ədəbiyyatında rast gəlirik. Əməyi daim yüksək qiymətləndirən ata-babalarımız söyləmişlər ki, halal əmək insanlarda ən yüksək əxlaqi keyfiyyətləri formalaşdırır, tüfeyli həyat sürmək isə mənfi əxlaqi sifətlər yaradır. İnsan əməyi sevməli, onun faydalı və zəruri olduğunu başa düşməlidir. Əmək insanın həm fiziki, həm də mənəvi inkişafı üçün əhəmiyyətlidir. Uşaqları lap erkən yaşdan əməyə alışdırmaq, onlara asan qazanılan malın bərəkətinin olmadığını, bunun günah olduduğunu izah etmək lazımdır.

İşsizlik yoxsulluğun anasıdır.

İşsizlik arsızlıq gətirər.

İşləmək insanı safa çıxardar.

İşləyən inci taxar, işləməyən yandan baxar.

İşin canını iş alar.

Əmək xoşbəxtliyin açarıdır.

Atalar sözü və məsəllər uşaqlarda seçdiyi peşənin, sənətin əsil sahibi, kamil ustası olmaq hissi aşılayır, onları tüfeyli, müftəxor olmamağa çağırır.

İş bacaranın, aş yeyənindir.

İş adamı bəyan eylər.

İş insanın cövhəridir.

İş kələfin ucunu tutmaqdadır.

İş bilən müşküldə qalmaz.

İşinə yaxşı baxarsan, iş də sənə yaxşı baxar.

Atalar sözü və məsəllərdə ağıla, elmə, biliyə yüksək qiymət verilir, insanın elmlə ağıla dolması dönə-dönə qeyd olunur. Biliyə can atmağın həyatda və fəaliyyətdə səmərəsi aşağıdakı nümunələrdə əks olunur:

Elm mərtəbəsi uca olar.

Elm ağlın çırağıdır.

Ağıllı kamal axtarar, cahil-mal.

Ağıllının zənni, cahilin həqiqətindən yaxşıdır.

Avara adam kordur.

Ağıllı işinə baxar, cahil dişinə.

Ata-babalarımız ağıllı olmağın əsas ələmətlərindən birinın də səbir olduğunu söyləmişlər. Atalar sözü və məsəllərdə səbirli və təmkinli olmaq, ətrafdakılara nəzakətlə, onların huquqlarına hörmətlə yanaşmaq kimi məsələlərə də tez-tez rast gəlinir.

Səbr ilə halva bişər ey qora səndən,

Bəsləsən atlas olar tut yarpağından.

Səbr cənnət açarıdır.

Böyüklər söyləmişlər ki, səbirli insan heç vaxt peşman olmaz. İnsan düşüncəli və ağıllı olmalı, bütün məqamlarda səbir göstərməyi bacarmalıdır. Səbir insanı öz arzusuna çatdırır. Ən çətin işlər səbrin gücü ilə yerinə yetir, bağlı qapılar bu yolla açılır. Səbirə yiyələnməyin çox böyük əhəmiyyəti atalar sözü və məsəllərdə qeyd olunur.

Tələsənin kündəsi küt gedər.

Tələsən yolda qalar.

Səbir təkamülün babasıdır.

Səbirin axırı xeyir olar.

Uşaqların əqli və əxlaq tərbiyəsi ilə bağlı atalarımızın dövrümüzə qədər gəlib çatan müdrik fikirləri neçə-neçə nəsillərin mənəvi tərbiyəsində mühüm rol oynamışdır. İnsanpərvərlik, düzlük, doğruçuluq, sadəlik kimi əxlaqi keyfiyyətlər haqqında da çoxlu sayda atalar sözü və məsəllər vardır:

Doğruya zaval yoxdur.

Yalançının evi yandı, heç kim inanmadı.

Allah tənbəli sevməz.

Ağıllı kişi qışın qeydinə yazda qalar.

Atalar sözü və məsəllərdə sadəlik, təvazökarlıq, səmimiyyət insanın bəzəyi kimi verilir, dostluqda sədaqətli və düz olmaq, yaxşılıq və xeyirxahlıq qiymətləndirilir, tənbəllik, paxıllıq, riyakarlıq kimi xüsusiyyətlər pislənir:

Dünyada ən yaxşı şey yaxşılıqdır.

Düz yolun yolçusu azmaz.

Paxılın gözü doymaz.

Abdal at mindi, özünü bəy sandı.

Tənbələ iş buyur,o sənə ağıl öyrətsin.

Yalan cücərər, amma bitməz.

Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.

Əcdadlarımız zamana dəyər vermiş, onu hər şeydən üstün tutmağı, vaxtın qiymətini bilməyi tövsiyyə etmişlər. Çünki insan ya elmlə, ya da fiziki əməklə məşğul olmalı, öz vaxtını boş keçirməməli, həm öz həyatının, həm də ətrafındakıların həyatını bəzəmək, rəngarəng və dəyərli etmək üçün çalışmalıdır.

Vaxt qızıldır.

Vaxtını itirən bəxtini itirər.

Vaxt qənimətdir.

Vaxt insana hər şeyi öyrədər.

Vaxt atlı, biz piyada.

Atalar sözü və məsəllər bir-birinə çox yaxındır. Onları bir-birindən ayırmaq çətin olur. Fərq ondan ibarətdir ki, atalar sözü fikri tam ifadə edir, onlarda ümumiləşdirmə və fikir dərinliyi mühüm yer tutur. Məsəllər isə bu və ya digər konkret hadisəyə aid olub, natamam fikir ifadə edir, hadisəyə işarə edilir. Məsəllər tamamlanmamış, sözgəlişi deyilən qisa danışıq və müqayisələrdir:

İşləməyən dişləməz.

Çaya çat, sonra çırman.

Hər güldən gülab olmaz.

Əvvəl yoldaş, sonra yol.

Toydan sonra nağara.

Atalar sözü və məsəllərdə xalqı çapıb talayan bəylərin özbaşınalığı, zülmü, fitnə-fəsadı da öz əksini tapıb, onlara münasibət ifadə olunub.

Bəyin əli cibindən çıxınca, kasıbın canı çıxar.

Bəy ilə bostan əkənin tağı belində bitər.

Nakəslə comərdin xərci birdir.

Atalar sözü və məsəllər uşaqlarda hər bir hərəkətlərinin, addımlarının, sözlərinin gələcəkdə nə ilə nəticələnəcəyini qabaqcadan düşünə bilmək bacarığı formalaşdırır, onların mənəvi cəhətdən zəngin bir şəxsiyyət kimi yetişməsində əvəzsiz rol oynayır.



Dünya xalqlarının zərbi-məsəllərindən

Bolqar:

Tək əl dənizə də düşsə özünü yuya bilməz.

Qaydasız görünən əməyin faydası olmaz.

Çox işdən yapışan heç birini görə bilməz.



Afrika:

Həqiqəti də Günəş kimi ovucla örtmək olmaz.

Məqsədsiz qüvvə tənbəlliyin anasıdır.

Yad ölkədə varlının evinə düşmə.

Boğaz nə qədər uzun olsa da, baş ondan ucadır.

Hind:

Bilik ən yaxşı yol yoldaşıdır.

Yaxşı və vicdanlı adam başqalarını bəladan qurtarandır.

Koreya:

Uşaq ana olmağı öyrədər.



Fransız:

Odunu meşəyə, suyu çaya aparmazlar.



Laos:

Xoruz öz lələkləri ilə gözəl olur, adam isə ürəyi ilə.



Keniya:

Tənbəlin yeməyi hind qozunun qabığı olar.



Vyetnam:

Ağacın bəhərini görmək istəyirsənsə, çiçəyini qoru.



Malaziya:

Ağac hətta onu baltalayan adama da kölğə salır.



Ğürcü:

May yağışı-qızıl, iyun yağışı-ğümüş, iyul yağışı isə od gətirər.



İspan:

Qaz lələyi çox vaxt aslan pəncəsindən daha bərk yaralayar.



Mərakeş:

Kitab çox yaxşı şeydir, onu görən kimi ürəkdən dərd-qüssə yox olur.



Osetin:

Uşağı sevməyən heç kəsi sevməz.



Çex:

Öz xalqını sevməyən öz qan qardaşı əleyhinə vuruşar.



Yapon:

Alçaq adamlara yaxşılıq etmək- şoranlıqda bir şey əkməyə bərabərdir.



Polyak:

Tərif dostluğa ziyan vura bilər.



Türk:

Qulaq asmaq lazım gələndə birinci, danışmaq lazım gələndə isə axırıncı ol.



Özbək:

Buğdadan çörəyin olmasa da, buğdadan sözün olsun.



Türkmən:

Kim ilan öldürmüşsə və alma ağacı yetişdirmişsə, demək ömrünü əbəs keçirməmişdir.



Qırğız:

Torpaq onun üzərində zəhmət çəkənlərin əməyini həmişə qiymətləndirir.



Ərəb:

Ən böyük sərvət ağıldır.

Çox şirin olma ki, səni yeyərlər, çox da acı olma ki, səni atarlar.

O kəsə yaxınlaşma ki, səninlə dostluq etmək istəmir.

İntiqam almağa tələsmə.

Yaxşılıqdan bir qənimət umursansa onu etmə.

Xoşbəxtlik qapının ağzında durar, bədbəxtlik isə çağırılmamış qonaq kimi içəriyə cumar.

Nadanlar qarşısında ağlını nümayiş etdirmə.

Məqsədsiz iş tutma.

Ürəyi təmiz yolçu uzaq mənzilə tez çatar.

Axmağa yetmiş səhvi keçərlər, alimə birini də yox.

Acın, üşüyənin və qorxanın gözlərinə yuxu gəlməz.

Ən yaxşı adət dili dişlə tutmaqdır.

Susmaq da cavabdır.

Hirsin əvvəli ağılsızlıq, axırı peşmançılıqdır.

Ağılsızın ürəyi dilində, ağıllının dili ürəyindədir.

Həya getsə, bəla gələr.

Səbr sevincin açarıdır.


Ədəbiyyat:

  1. Hüseynzadə Ə., Qasımzadə H. Atalar sözü, Bakı, Yazıçı, 1985.

  2. Vəliyev V., Azərbaycan folkloru, Bakı, Maarif, 1985.

  3. Əfəndiyev P., Xalqın söz xəzinəsi, Bakı, Maarif, 1985.

  4. Həsənov A., Ağayev Ə., Pedaqogika, Bakı, Nasir, 2007.







Yüklə 50,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin