Валидејнләр үчүн



Yüklə 2,16 Mb.
səhifə19/39
tarix21.10.2017
ölçüsü2,16 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

Uşağın dərman qəbul etməsi üçün ona hədiyyə verilməsi ilə razı deyiləm. Bu üsul körpəni gələcəkdə qarşılaşacağı çətinliklər qarşısında gücsüz edəsidir. Körpədə belə bir xasiyyət formalaşa bilər ki, çətinliyi yalnız hədiyyə ilə qəbul etmək olar. Əslində isə uşaq çətinliklərə vərdiş etməli və öz dözümlülüyündən ləzzət almalıdır. Əgər xahiş etsəniz ki, körpə sizə xatir dərman qəbul etsin, o sizin məhəbbətinizi itirəcəyindən qorxar və psixoloji zərbə alar. Əgər uşaq görsə ki, dərman atmaqla sizin məhəbbətinizi qazana bilir, öz xəstəliyindən sui-istifadə edər.


Sual: Körpəyə hansı yolla dərman verə bilərəm?

Cavab: Çalışın ki, bu iş ağrısız və sür`ətli olsun. Körpə müqavimət göstərərsə, dərmanı zorla qəbul etdirməyə məcbursunuz. Bu məcburiyyətin, demək olar ki, psixi və cismani zərəri yoxdur. Onu məcbur etdiyiniz zaman dayanmadan nəvaziş göstərin. Müayinə və müalicə zamanı körpəni qucağa götürməyin həm mənfi, həm də müsbət cəhətləri var. Qucağa götürüldüyü vaxt körpə sakitləşsə də, ona xəyanət etdiyinizi düşünəcək. Sizi qınayacaq ki, nə üçün onu həkimdən uzaqlaşdırmırsınız.

Adətən körpəni narahat edən dərmanların acılığı olur. Bunun qarşısını almaq üçün dərmanı şprisə yerləşdirib, körpənin boğazına damızdırmaq olar. Bu üsul dərmanı qaşıqla verməkdən daha asandır.


Sual:Əgər böyük uşaq dərman qəbul etməkdən imtina edirsə, nə etməliyik?

Cavab: Əvvəlcə, onu razı salmağa çalışmaq lazımdır. Ona başa salın ki, dərmanın acı olduğunu siz də bilirsiniz. İmkan daxilində bu acılığı aradan qaldırmağa çalışın. Nabat və ya şərbətdən istifadə etməklə körpənin ağzındakı acılığı yüngülləşdirmək olar. Ən əsası, uşağa başa salın ki, yaşadığımız dünyanın öz qanunları var və dərman qəbul etməyən xəstə yaşaya bilməz. Məbada, dərman qəbul etmək istəmədiyi üçün onu qorxaq adlandırasınız. Onun hisslərinə şərik olmaqla daha çox müvəffəq olmaq olar. Əgər uşağa bu işin sizin üçün də ağrılı olduğunu bildirsəniz, o özünü xeyli rahat hiss edər.


Sual: Övladım xəstəxanada yatmalıdırsa, bunu necə açıqlayım?

Cavab: Bu sualın cavabı uşağın xəstəxanada yatması zərurətindən və yatacağı vaxt sağlamlıq dərəcəsindən asılıdır. Ağır xəstələnmiş, yüksək istiliyi olan, ağrılardan ağlayan körpə müqavimət göstərmək iqtidarında deyil. Bununla belə istər yüngül, istərsə də ağır xəstələnmiş uşağa əvvəlcədən izahat verilməlidir. Ona səmimi və başa düşəcəyi bir dillə bildirin ki, qarşıda onu nə gözləyir. Övladınızın xəstəlik dərəcəsindən asılı olmayaraq səmimiyyət və sədaqət çox mühüm nöqtələrdir. Körpənin xəstəxanaya hazırlıqsız gətirilməsi onu qorxuya salır. Əgər onu aldadaraq xəstəxanaya gətirsəniz, müalicələrə ciddi müqavimət göstərəcək. Bir dəfə aldadılmış uşağın inamını qaytarmaq üçün çox çalışmaq lazım gəlir.

Digər bir problem də var. Belə bir hadisə baş vermişdi: Beynində cərrahiyyə əməliyyatı aparılası uşağı müayinə adı ilə xəstəxanaya gətirirlər. Əməliyyatdan sonra ayılmış uşaq valideynlərinin yalanına görə iztirab keçirir. Uşaq ağlayıb anasını tələb edir, amma anası ilə çox sərt davranır. Əməliyyatdan sonra körpəni müalicə etməli olan həkimlər müalicəni yubatmalı olur…İtirilmiş inamı qaytarmaq üçün valideynlərə göstəriş verdik ki, ən adi yalandan belə çəkinsinlər.


Sual: Övladımı cərrahiyyə əməliyyatına necə hazırlaya bilərəm?

Cavab: Bu gün əksər xəstəxanalarda əməliyyat olunacaq uşaqlar üçün hazırlıq proqramları var. Həmin körpələr onları qarşıda gözləyən əməliyyatla xüsusi şəkildə tanış edilir. Bu işdə məqsəd uşağın iztirablarını azaltmaq və onun daxili enerjisini həkimlərlə həmkarlığa yönəltməkdir. Əməliyyatdan bir gün qabaq bütün proses pillə-pillə körpəyə izah edilir. Bu məqsədlə xırda cərrahi alətlərdən və gəlincikdən istifadə olunur. Tə`limatçı gəlinciyin üzərində əməliyyatı bir-bir izah edir. O, bihuşedici maskanı başa necə keçirildiyini, keyləşdirici iynəni necə vurulduğunu əyani şəkildə göstərir. Bu tədbirlər uşağın narahatçılığını qismən də olsa aradan qaldırır. Bə`zən plastik butulkalar vasitəsi ilə zəruri mayelərin bədənə necə köçürüldüyü nümayiş etdirilir. Bu tanışlıqdan sonra uşaq daha həvəslə həmkarlıq edir. Uyğun metodlarla əməliyyatın yarada biləcəyi mənfi emosiyalar aradan qaldırılır.

Bir qism uşaqlar bu oyuna həvəssiz qatılır və reaksiyaları cüz`i olur. Uşağın xüsusi reaksiya göstərməsi zəruri deyil. Cərrahiyyə əməliyyatından narahat olmayan uşaqların da belə bir tanışlığa ehtiyacı var. Əməliyyatdan sonra ağrı hiss edən körpə valideynlərinin bu barədə xəbərdarlığını xatırlayır və inam hissi güclənir.

Cərrahiyyə əməliyyatına hazırlanan uşağa bildirin ki, əməliyyat zamanı yuxuda olacaq və heç bir ağrı hiss etməyəcək. Amma yuxuda olacağından xəbərsiz uşaq ayıldıqdan sonra nə baş verdiyini anlamayaraq həyəcan keçirəcək. Bu hadisədən sonra, adətən uşaqlar yatmağa qorxurlar.

Bir çox xəstəxanalarda mütəxəssislər xüsusi hazırlığı zəruri hesab etmirlər. Əgər övladınızı bu tip xəstəxanalarda yerləşdirsəniz, hökmən, özünüz onu hazırlayın. Qarşıdakı əməliyyat prosesi ilə tanış olub, övladınızı başa düşəcəyi həddə mə`lumatlandırın.


Sual: Xəstəxanada yatası uşaq üçün daha nə edə bilərəm?

Cavab: İmkan daxilində ondan uzaqlaşmayın. Uşaq arxayın olmalıdır ki, siz onun yanındasınız. Çalışın ki, yemək vaxtı onun yanında olun və özünüz onu yedirdin. Sizin üçün çətin olsa da gecə onu tərk etməməyə çalışın. Bu yaxınlıq bir çox psixoloji narahatlıqların qarşısını alır. Bir müddət xəstəxanada yatmalı olan uşaq valideyni yanında olmadıqda çətin yuxuya gedir. Bir sözlə, xəstəxanada yatırdılmış uşağa diqqət göstərin.

Tibb işçiləri iddia edirlər ki, uşaq, adətən valideynin hüzurunda ağlayır. Bu doğrudan da belədir. Amma bu heç də o demək deyil ki, valideynin iştirakı uşağı narahat edir. Uşağın ağlamasının səbəbi budur ki, o ağlayarkən valideynindən kömək gözləyir. Valideynsiz uşaq özünü müdafiəsiz hiss edir. O, düşünür ki, ağlamaqla həkimi qəzəbləndirə bilər. Hər halda, əksər həkimlər valideyni otaqdan kənarlaşdırmaq istəyirlər. Amma bu, səhv addımdır. Valideynin iştirakı zəruridir. Hətta uşağın səsi bütün xəstəxananı bürüsə belə!



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə