Yaşamaq eşqi



Yüklə 129,18 Kb.
tarix17.07.2018
ölçüsü129,18 Kb.
#56960

Stiven Kinq
Yaşamaq eşqi
Hər bir tibb tələbəsinin təlim prosesi zamanı əvvəl-axır belə bir sual ortaya çıxır: Xəstə hansı ağırlıqda travmatik şoka tab gətirə bilər? Müxtəlif müəllimlər bu suala müxtəlif cavablar verirlər, amma bu sualın cavabı həmişə başqa bir suala aparıb çıxarır: Xəstə sağ qalmağa nə qədər səy göstərir?


26 yanvar
Tufanın məni adaya atmasından, iki gün keçib. Elə bu səhər addımlarımla adanı ölçdüm. Əsl ada imiş! Onun ən enli yeri 190 addım, uzunluğu isə bu başından o biri başına qədər 267 addımdır.

Bildiyim qədəriylə burda yeməyə yararlı bir şey yoxdur.

Adım Riçard Payndır. Bu mənim gündəliyimdir. Əgər (nə vaxtsa) məni tapsalar, onu asanlıqla məhv edə bilərəm. Kibritdən korluğum yoxdur. Kibrit və heroindən. Hər ikisindən də bəs qədər var. Ha-ha, amma onların burada heç bir dəyəri yoxdur. Belə ki, mən yazacağam. Ən azından vaxtımı öldürərəm.

Əgər bütün həqiqətləri bir-bir danışacağamsa, niyə də olmasın? Buna kifayət qədər vaxtım var! Bu halda ondan başlayım ki, mən Riçard Pinzetti Nyu-Yorkdakı kiçik İtaliyada doğulmuşam. Atam italyan idi. Mən cərrah olmaq istəyirdim. Atam buna gülərdi, məni dəli adlandırıb, daha bir qədəh şərab gətirməyimi istəyərdi. O 46 yaşındaykən xərçəngdən dünyasını dəyişdi. Bundan xeyli sevindim.

Yuxarı sinifdəykən futbol oynayırdım. Lənətə gəlsin, o məktəbin yetirdiyi ən yaxşı futbol oyunçusu mən olmuşam. Hücumçu. Məktəbdəki son iki ilimdə Ol Sitinin yığmasında oynamışam. Futbola nifrət edirdim. Amma idman kasıb italyan üçün kollecə daxil olmağa yeganə şansdır. Buna görə də oynadım və idman təqaüdü ilə təmin olundum.

Kollecdə mənim həmyaşıdlarım akademik təhsil alarkən, mən futbol oynayırdım. Təhsilimi başa vurmağa az qalmışdı. Atam mənim məzun olmağıma altı həftə qalmış dünyasını dəyişdi. Əla zamanlama. Məgər diplom almaq üçün səhnəyə çıxıb aşağıda o piyli donuzu görməyin ürəyimcə olduğunumu düşünürsünüz? Ondan mənə nə? Mən bir tələbə təşkilatına daxil oldum. Pinzetti soyadlı birisi daxil ola bildiyinə görə, ən yaxşısı deyildi, amma, yenə də təşkilat idi.

Bunu niyə yazıram axı? Bütün bunlar, gülməlidir. Yox, sözümü geri götürürəm. Bu, həqiqətən də gülməlidir. Dahi həkim Payn pijama altlığı və qısaqol köynəkdə bir qayanın üstündə oturub, bir tüpürməlik enliliyi olan, kiçik adada həyat hekayəsini yazır. Acam! Amma vecimə deyil, indi ki ürəyim istəyir bu lənətə gəlmiş həyat hekayəmi yazacağam. Ən azından, bu aclığımı ovutmağa kömək edir.

Hələ tibb kollecinə başlamazdan əvvəl soyadımı “Payn”la əvəz etmişdim. Anam bununla onun qəlbini qırdığımı deyir. Hansı qəlbdən söhbət gedir? O, atamın torpağa verilməsinin sabahısı məhəllənin sonunda yaşayan yəhudi baqqalıyla fırlanırdı. Soyadının üstündə belə əsən birisi, indi onu Ştaynbrunnerə dəyişməkdə yaman tələsmişdi.

Yeganə arzum cərrah olmaq idi. Düz yuxarı siniflərdən bəri. Hətta o vaxtlar da hər oyundan əvvəl əllərimi sarıyırdım və oyundan sonra əllərimi yuyurdum. Əgər cərrah olmaq istəyirsənsə, əllərinin qayğısına qalmalısan. Buna görə bəzi uşaqlar məni ələ salırdılar, qorxaq adlandırırdılar. Amma heç vaxt dalaşmırdım. Futbol oynamağın özü kifayət qədər risk demək idi. Hər şeyin öz yolu var. Məni ən çox cana yığdıran Hou Plotski adlı, üzünü başdan-başa sızanaq basmış, kütbeyin yekəpər mühacir idi. Mən qəzet paylayırdım, qəzetlərlə yanaşı jurnallar da satırdım. Cürbəcür yollarla az miqdarda pul əldə etmişdim. Siz insanları tanıyırsınız, söhbətlərə qulaq asırsınız, münasibətlər qurursunuz. Əgər küçədə veyllənirsinizsə, bunları etməyə məcbursunuz. İstənilən axmaq ölməyi bacarır. Əsas məsələ sağ qalmağı öyrənməkdir, yəqin nə demək istədiyimi anlayırsınız. Belə ki, mən məktəbin ən iri cüssəli oğlanı Riko Brazziyə on dollar verdim ki, Hou Plotskinin ağzını partlatsın. “Onun ağzını partlat” – belə də dedim. “Mənə gətirəcəyin hər dişə görə sənə bir dollar verəcəyəm”. Riko mənə kağız dəsmala bükülmüş üç diş gətirdi. O, Haunun üstündə işləyərkən iki əl sümüyünü də zədələmişdi, hə, indi başa düşürsünüz, əllərim necə təhlükə ilə üz-üzə qala bilərdi.

Tibb kollecində başqa uşaqlar restoranda masalara xidmət edərək, qalstuk sataraq və ya döşəmələri yuyaraq bir tərəfdən də stress altında dərslərini oxuyarkən, mən krallar kimi yaşayırdım. Futbol və basketbol totalizatorları, azartlı oyunlar mənim işim idi. Köhnə dostlarımla münasibətlərimi yaxşı saxladım və kollecdə günüm elə də pis keçmədi.

Tibbi praktikaya getməzdən öncə narkotik satışı ilə məşğul olmurdum. Mən Nyu-Yorkun ən böyük hospitallarının birində işləyirdim. Əvvəlcə işim ancaq resept blankları yazmaq idi. Peşə birliyindən olan başqa bir oğlana yüzlərlə resept yazıb satırdım və o yenə mənim ona satdığım qırx-əlli müxtəlif həkimin imza nümunəsini saxtalaşdırıb, reseptlərin üzərində istifadə edirdi. Oğlan küçəbəküçə düşərək bu resept blanklarını birini on və ya iyirmi dollara satırdı. Həmişə bunları alacaq sürət düşkünləri və həzz aludəçiləri tapılırdı.

Müəyyən müddətdən sonra gördüm ki, hospitalda dərmanlar saxlanılan otağa nəzarət zəifdir. Heç vaxt, heç kəs bu otağa nə qədər dərmanın girdiyini, nə qədərinin çıxdığını bilmirdi. Ordan iki ovucla narkotik daşıyanlar da var idi. Təkcə mən yox. Mən həmişə ehtiyatlı davranmışam. Neçə ki, ehtiyatımı əldə saxlamışam, şansım da məni tərk etməyib heç vaxt rəzil vəziyyətə düşməmişəm. Amma hələ öz ayaqlarım üzərində dayanacağam. Bunu həmişə bacarmışam.

Hələlik daha yaza bilmirəm. Biləyim yorulub və karandaşın ucu yeyilib. Əslində buna görə niyə narahatlıq keçirdiyimi anlamıram. Çox güman, tezliklə kimsə gəlib məni xilas edəcək.

27 yanvar
Qayıq gecə axına düşərək üzüb adanın şimal hissəsində, suyun təxminən üç metr dərinliyində batdı. Kimin vecinədir ki? Qayığın altı sualtı daşlara dəyməkdən İsveçrə pendiri kimi deşik-deşik olub. Oradan mənə lazım olan hər şeyi götürmüşdüm. Dörd qallon su, tikiş dəsti, təcili yardım çantası, xilasetmə qayığının təftiş jurnalı kimi nəzərdə tutulmuş, hal-hazırda yazdığım bu dəftərçə. Gülməlidir. İçərisində bir qram da YEMƏK olmayan xilasetmə qayığı haqqında kim eşidib? Dəftərçədəki sonuncu qeyd 1970-ci ilin 8 avqustuna aiddir. Hə, bir də, biri küt, digəri isə nisbətən iti iki bıçaq, çəngəl və qaşığı özündə birləşdirən bir dəst vardı. Bu gecə şam yeməyində onlardan istifadə edəcəyəm. Yeməyim qızardılmış qaya olacaq. Ha-ha. Hə, karandaşımı yontdum.

Hər tərəfini dəniz quşlarının ifrazatı bürümüş bu qayadan xilas olan kimi Peredayz Laynz nəqliyyat şirkətini məhkəməyə verəcəyəm. Təkcə buna görə yaşamağa dəyər və mən yaşayacağam. Mən buradan xilas olacağam. Düz sözümdür. Mən buradan xilas olacağam.

(bir qədər sonra)
Burada olan şeylərin siyahısını sadalayarkən bir şeyi deməyi unutdum. Yanımda Nyu-York küçələrində 350000 dollar qiymətə gedəcək, 2 kq qatqısız heroin də var. Burada isə onun qiyməti sıfıra bərabərdir. Məgər gülməli deyil? Ha-ha!

28 yanvar
Hə, mən yemək yedim – əgər bunu yemək adlandırmaq olarsa. Adanın ortasındakı qayaların birinə qağayı qonmuşdu. Qayalar kələ-kötür, qarışıq vəziyyətdə idilər və bir növ kiçik dağı xatırladırdı, hamısı da quş ifrazatı ilə örtülü idi. Mən ovcuma sığan bir parça daş götürdüm və qağayıya cəsarət etdiyim qədər yaxın dırmaşdım. O, parlaq, qara gözləri ilə məni izləyərək elə qayanın üstündə dayanmışdı. Qəribədir ki, qağayı qarnımın qurultusundan qorxaraq uçub getmədi.

Daşı var gücümlə atdım və qağayını düz yanından vurdum. O, qulaqbatırıcı səs çıxartdı və uçmağa çalışdı, amma sağ qanadını sındırmışdım. Onun ardıyca yuxarı dırmaşdım, amma o məndən qaçdı. Onun ağ lələklərindən axan qanı görə bilirdim. Yaramaz quş mənimlə gizlənpaç oynayırdı, adanın mərkəzindəki qaya yığınının digər tərəfində ayağım iki qayanın arasındakı boşluğa düşdü və az qala topuğum sınacaqdı.

Axır ki, qağayı əldən düşməyə başladı və nəhayət onu adanın şərq tərəfindən tuta bildim. O, suya girərək üzüb aradan çıxmağa çalışırdı. Mən onun quyruğundan yapışdım, o isə çevrilib məni dimdiklədi. Belə olan halda, bir əlimlə onun ayaqlarıdan, o birisi ilə də zavallı boğazına yapışdım və boynunu qırdım. Onun qırılan boynundan çıxan səs məni son dərəcə məmnun etdi. Günorta yeməyi hazırdır, hökmdar. Ha! Ha!

Onu “düşərgəmə” apardım, amma tüklərini yolub, içalatını çıxartmazdan əvvəl, onun dimdiyiylə didmiş olduğu yerləri yodla sildim. Quşlarda hər cür mikrob olur, hal-hazırda mənə lazım olan ən son şey infeksiyadır.

Qağayı üzərində əməliyyatım kifayət qədər yüngül keçdi. Heyiflər olsun ki, onu bişirə bilmədim. Adada qətiyyən bitki və ya dəniz sularının sahilə çıxardığı ağac parçaları yoxdur, qayıq da batıb getdi. Ona görə də onu çiy yeməli oldum. Mədəm yediyimi geri qaytarmaq istədi. Elə mən də, amma belə şeyə imkan verə bilməzdim. Ürəkbulanması keçənə qədər geriyə doğru saydım. Bu, həmişə köməyimə çatır.

Məni dimdikləyən və az qala topuğumun sınmasına səbəb olan quşu təsəvvür edirsiniz? Əgər sabah başqa bir qağayı da tutsam, ona əzab verəcəyəm. Bunun asanlıqla ölməsinə icazə verdim. Hətta yazarkən belə yerə baxanda torpaq üzərində onun bədənindən üzülmüş başını görə bilirəm. Gözləri artıq donuq ifadə daşısa da, sanki mənə baxıb rişxənd edirdi.

Qağayıların hər hansı ölçüdə olsa da beyinləri varmı?

Onlar yeməlidirlərmi?


29 yanvar
Bu gün yemək olmadı. Bir qağayı qaya yığınının zirvəsinə yaxın bir yerə qondu, amma mən ona yaxınlaşmağa macal tapmamış, uçub getdi. Ha-ha! Mən saqqal uzatmağa başlamışam. Yaman qaşınır. Əgər qağayı geri qayıtsa və onu tutsam, öldürməzdən əvvəl gözlərini çıxardacağam.

Deyim ki, yaxşı cərrah idim. Onlar məni praktikadan qovdular. Həqiqətən gülməlidir, hər kəs otaqdan narkotik daşıyırdı və kimsə tutulanda özlərini elə riyakar aparırdılar ki. Cəhənnəm ol, Cek! Mən öz payımı götürdüm! And olsun Hippokrat və Hippokratçılara.

Gənc mütəxəssis və praktikant rolunda o qədər macərəlar yaşamışdım ki, (İkiüzlü andına görə mən məmur və ya centlmen olmalıydım, amma çətin) axırda Park Avenyuda öz praktikama başladım. Bu, mənim üçün yaxşı idi, çünki “məsləkdaşlarımdan” fərqli olaraq nə varlı ataya, nə də yüksək vəzifəli himayədara araxalanırdım. Həkim kimi işə başlayanda atam artıq doqquz il idi ki, kasıblar üçün qəbirsanlıqda yatırdı. İşləmək üçün lisenziyamın ləğv olunmasından bir il əvvəl anam öldü.

Bu narkotiklərin daşınmasından mənə qalacaq pul məsələsi idi. Altı İst-Sayd əczaçısı, iki həb təchizat evi ilə və ən azı iyirmi başqa həkimlə danışıqlar aparırdım. Mənə xəstələr göndərilirdi və mən xəstələr göndərirdim. Əməliyyatlar aparırdım və əməliyyat sonrası müvafiq ağrıkəsicilər yazırdım. Əməliyyatların heç də hamısı zəruri deyildi, lakin heç vaxt xəstənin iradəsinə zidd əməliyyat aparmamışam və heç vaxt elə bir xəstəm də olmayıb ki, yazdığım reseptə baxsın və “mən bunu istəmirəm” desin. Bir baxın də, 1965-ci ildə histerektomiya və 1970-ci ildə qalxanabənzər vəzi əməliyyatı etdiklərim də olub və əgər mən onlara məsləhət görsəydim, onlar beş yaxud on il sonra da ağrıkəsicilər qəbul edərdilər. Bəzən icazə verirdim. Bilirsiniz, hər şey məndən asılı deyildi. Onlar buna vərdiş edirdi və bəzən kiçik cərrahiyə əməliyyatından sonra xəstə yatmaqda və ya pəhriz həblərini, ya da librium qəbul etməkdə çətinlik çəkərdi. Bunların hamısı həll oluna bilərdi. Ha! Əlbəttə! Əgər xəstələr onları məndən əldə edə bilməsəydilər, başqalarından alacaqdılar.

Daha sonralar vergi məmurları Louintolu ələ keçirdilər. O qoyunu. Onu beş il həbs cəzası ilə hədələdikdən sonra Louintol altı nəfəri satdı. Həmin altı nəfərdən biri də mən idim. Onlar müəyyən bir müddətliyə mənə göz qoydular, artıq ilişəndə məni beş ildən də çox həbs müddəti gözləyirdi. Başqa bir neçə məsələ də vardı, həmçinin bura hələ də istehsalına davam etdiyim reseptlər məsələsi də daxil idi. Qəribə şeydir, bu heç mənə lazım da deyildi, sadəcə buna vərdiş etmişdim. Əlavə gəlirdən imtina etmək çətin idi.

Hə, mənim tanıdığım bəzi adamlar var idi. İpləri əlimdə topladım və bir neçə adamı qurdlara yem elədim. Amma onların arasında ürəyimə yatan heç kəs yox idi. Federallara verdiklərimin hamısı yaramazın yekəsi idi.

Aman Tanrım! Yaman acımışam!

30 yanvar
Bu gün qağayı olmadı. Bu mənə bəzən məhəllədəki pərakəndə satış arabasının üstündə asılan yazını xatırladır. BU GÜN POMİDOR YOXDUR. Əlimdə iti bıçaqla qurşağa qədər suya girdim. Gün başımı deşə-deşə dörd saat bir yerdə tamamilə hərəkətsiz vəziyyətdə dayandım. İki dəfə mənə elə gəldi ki, huşumu itirəcəyəm, lakin bu hiss keçənə qədər geriyə doğru saydım. Bir dənə də olsun balıq görmədim. Bir dənə də olsun.

31 yanvar
Bundan əvvəl öldürdüyüm kimi başqa bir qağayı öldürdüm. Çox ac olduğumdan özümə söz verdiyim kimi buna əzab verə bilmədim. İçalatını təmizlədim və yedim. Sonra bağırsaqlarını boşaldıb onu da yedim. Qüvvəmin geri qayıtdığını hiss etmək qəribədir. Bir anlıq qorxmağa başladım. Adanın ortasında iri qaya yığınının kölgəsində uzanarkən, sanki səslər eşitdiyimi hiss etdim. Anamın, atamın, keçmiş arvadımın səsləri idi. Ən pisi Sayqonda mənə heroini satan yekəpər Çinkin səsiydi. O, fısltı ilə danışırdı, yəqin ki, damağındakı anadangəlmə yarığa görə.

“Hə, başla” – deyə onun səsi gəldi. “Bir damcı dadına bax. Onda aclığın heç yadına da düşməyəcək. Bu əla şeydir…” Axı, mən heç vaxt bu zibilin dadına baxmamışam, heç yuxu həbləri də atmamışam.

Louintolun özünü öldürdüyünü demişdimmi? O qoyun. Elə ofisindəcə özünü asdı. Məncə, bu hərəkətilə dünya üçün böyük bir yaxşılıq etmiş oldu.

Lisenziyamı geri istəyirdim. Söhbət etdiyim adamlardan bəziləri, bunun mümkün olduğunu, amma baha-başa gələcəyini dedi. Xəyalıma gətirə biləcəyimdən qat-qat çox. Bankda qırx min dollar pulum var idi. Risk edib bu pulu dövriyyəyə buraxmaq qərarına gəldim. Sonra isə onu ikiqat və ya üçqat artıracaqdım.

Belə ki, mən Ronni Hanelliyə baş çəkdim. Biz kollecdə birlikdə futbol oynamışıq və onun kiçik qardaşı internə girməyi qərara alanda mən ona yer tapmaqda kömək etmişdim. Ronni özü hüquqşünas idi, gülməlidir, elə deyilmi? Böyüdüyümüz məhəllədə onu hüquq keşikçisi Ronni çağırırdıq, çünki o, bütün stikbol oyunlarına nəzarət edirdi və xokkey oyunlarında hakim olurdu. Əgər onun verdiyi qərarlar xoşuna gəlməsə, sənin qarşında iki yol vardı, ya dilini dinc qoyacaqdın, ya da yumruq yeyəcəkdin. Puertorikolular onu Makaron Ronni adlandırırdılar. Bu onu cin atına mindirirdi. Daha sonra o, kollecə, ardıyca isə hüquq fakültəsinə girdi. Elə birinci dəfədən vəkillik imtahanından asanlıqla keçdi və köhnə məhəllədə özünə düz Fiş Bəul Barı ilə üzbəüz dükan açdı. Gözlərimi yumaraq, onun hələ də ağ "Kontinental"da məhəllədən necə çapıb keçdiyini görə bilirəm. Şəhərin ən böyük lənətə gəlmiş sələmçisiydi.

Bilirdim ki, Ronnidə mənim üçün bir çarə tapılar. “Bu, cəncəl işdir” - o dedi. “Amma sən həmişə kəfəni yırtmısan. Əgər işlər yoluna düşsə, səni bir neçə nəfərlə tanış edə bilərəm. Onlardan biri dövlət işçisidir”.

O, mənə iki ad verdi. Onlardan biri yekəpər çinli Henri Li-Tsu idi, digəri isə Solom Nqo adlı bir vyetnamlıydı. Nqo kimyaçıydı. O, pul qarşılığında çinlinin “malını” yoxlayırdı. Çinli aradabir “zarafat” etməyi ilə tanınırdı. Bu “zarafat”lar talk kirşanı, boru təmizləyicisi və qarğıdalı unu ilə dolu plastik paketlərdən ibarət idi. Ronni deyirdi ki, bir gün Li-Tsun kiçik zarafatlarının qarşılığını həyatı ilə ödəyəcək.

1 fevral
Gözümə təyyarə dəydi. Adanın düz üstündən uçdu. Qaya yığınının zirvəsinə dırmaşıb ona əl yelləməyə cəhd etdim. Ayağım boşluğa girdi. Deyəsən, bu, birinci quşu öldürdüyüm gün ayağımın girdiyi həmin lənətə gəlmiş boşluq idi. Topuğum bir neçə yerdən sındı. Elə bil məni güllələdilər. Ağrı dözülməz dərəcədə dəhşətliydi. Qışqırdım və dəli kimi əllərimi havada yellədərək tarazlığımı itirdim. Aşağı yıxılaraq başımı qayaya çırpdım və gözlərimə qaranlıq çökdü. Özümə gələndə artıq axşamtərəfiydi. Başımda qayaya dəyən yerdən qan axıb getmişdi. Topuğum şin kimi şişmişdi və qorxunc şəkildə qaralmışdım. Düşünürəm ki, günəş göydə bircə saat da artıq qalsaydı, bədənimdə suluqlar əmələ gələrdi.

Sürünə-sürünə yenidən buraya qayıtdım, gecəni ağrıdan və məyusluqdan titrəyib ağlayaraq yola verdim. Gicgahımın sağ hissəsinin düz yuxarısında açılan yaranı dezinfeksiya etdim və bacardığım qədər yaxşı sarıdım. Mənə elə gəlir, bu sadəcə yüngülvari dəri yarası, bir də səthi kontuziyadan başqa bir şey deyil. Ancaq topuğum... pis sınıb, iki, çox güman ki, üç yerdən.

Bəs mən indi quşları necə yaxalayacam?

"Kallas"dan sağ çıxanları axtaran təyyarə olmalıdır. Yəqin xilasetmə qayığı qaranlıqda və tufanda batdığı yerdən bir neçə kilometr uzağa gedib. Onlar bu tərəflərə baxmaya da bilərlər.

Tanrım, topuğum yaman incidir.

2 fevral
Xilasetmə qayığının sahilə çıxdığı yerdə, adanın cənub tərəfində, sahilin ağ çınqılları üzərində işarə düzəltdim. Kölgədə keçirdiyim fasilələri də nəzərə alsaq, o yazını düzəltmək bütün günümü aldı. Fasilələrə baxmayaraq, iki dəfə huşumu itirdim. Təxmini desək, 25 fut arıqlamışam, əsas da susuzluqdan. Amma əvəzində, oturduğum yerdən, bütün günümü yerdə düzəltməyə sərf etdiyim sözləri görə bilirəm. Ağ qumda tünd daşlarla, hər hərfini bir metr yüksəkliyində düzəltdiyim “ KÖMƏK EDİN” yazısı nəzərə çarpırdı. Mütləq buralardan keçən növbəti təyyarə məni görəcək.

Bircə o növbəti təyyarə burdan keçsə.

Ayağım ara vermədən guppuldayır. Daha da çox şişib və topuğumun ikiqat sındığı yerin dərisində pis şeylərdən xəbər verən solğunlaşma var, get-gedə də artır. Köynəyimlə topuğumu möhkəm bağlamaq ağrını az da olsa yüngülləşdirir, amma vəziyyət kifayət qədər pisdir və mən yatmaq əvəzinə huşumu itirirəm.

Ayağımı amputasiya etmək məcburiyyətində qala biləcəyimi düşünməyə başlamışam.

3 fevral
Topuğun daha da çox şişib və solğunlaşma hələ də artır. Sabaha qədər gözləyəcəyəm. Əməliyyat qaçılmaz olsa, bunun öhdəsindən gələ biləcəyimə inanıram. İti bıçağı sterilizə etmək üçün kibritim var, tikiş komplekti çantasından iynə və sapım da var. Sarğı olaraq isə köynəyim var.

Məndə hətta 2 kq “ağrıkəsici” də var, ancaq xəstələrimə təyin etdiyim ağrıkəsicilərdən çox fərqlidir. Onların əlləri çatsaydı, bunu da qəbul edərdilər. Bəs necə? Bütün o saçını göy rəngdə boyatmış, yaşlı qadınlar hava təravətləndirici Qleyd dezodrantının onları kefləndirəcəyini bilsəydilər, var qüvvə ilə ciyərlərinə çəkərdilər. İnanın mənə!


4 fevral
Ayağımı kəsmək qərarına gəldim. Dörd gündür ki, dilimə bir şey dəyməyib. Bir az da gözləsəm əməliyyatın ortasında şok və aclıq nəticəsində huşumu itirərək qanaxma riskini gözə almış oluram. Nə qədər biçarə olsam da, yaşamaq istəyirəm. Mokricin “Ümumi Anatomiya” dərsində dediklərini xatırlayıram. Biz onu sevimli Moki çağırırdıq. O deyərdi ki, gec ya tez hər tibb tələbəsinin təlim prosesində belə bir sual ortaya çıxır: Xəstə hansı ağırlıqda travmatik şoka tab gətirə bilər? O, barmağıyla üzərində qaraciyər, böyrəklər, ürək, dalaq və bağırsaqların əks olunduğu anatomik lövhəni işarə edib, deyərdi: “Cənablar, bu məsələnin kökünə nəzər saldıqda görürük ki, sualın cavabı həmişə başqa bir sualdır: Xəstə sağ qalmağa nə qədər səy göstərir?”

Məncə, əməliyyatı uğurla həyata keçirə biləcəyəm.

Həqiqətən belə düşünürəm. Güman edirəm, bunları qaçılmazlığı ləngidə bilmək üçün yazıram, amma bura necə gəlib çıxmağımın tarixçəsini hələ də yazıb bitirmədiyimi bilirəm. Yəqin, əməliyyatın pis keçmək ehtimalını nəzərə alaraq yazımı yığcamlaşdırıb bitirməliyəm. Bu sadəcə bir neçə dəqiqəmi alacaq, mənim saatıma əsasən hələ səhər saat 9:09-dur. Heh!

Turist kimi Sayqona uçurdum. Qəribə səslənir, hə? Səslənməməlidir. Nikson müharibəsinə baxmayaraq, hələ də oraya ildə minlərlə insan axın edir. Axı dağılmış avtomobil parçalarını və xoruz döyüşlərini izləmək üçün ora gedənlər də var.

Heroini mənə çinli dostum vermişdi. Alıb Nqoya apardım. Yoxlayandan sonra bunun son dərəcə keyfiyyətli və qatqısız olduğunu dedi. Bildirdi ki, dörd ay əvvəl Li-Tsu öz “zarafat”larından birini elədi və arvadı Opelini işə salanda maşın havaya uçdu. Bununla da zarafatların kökü kəsildi.

Üç həftə Sayqonda qaldım, San Fransiskoya qayıtmaq üçün “Kallas” turist gəmisinə bilet sifariş verdim. Birinci kayutada. Göyərtəyə heroinlə daxil olmaq problem deyildi. Nqo iki gömrük məmurunu rüşvətlə ələ almışdı. Onlar çantalarıma ötəri göz gəzdirdikdən sonra sadəcə mənə əl ilə işarə verməliydilər. Heroin onların heç yoxlamadıqları hava yolu uçuşu çantasında idi.

Nqo mənə demişdi: “ABŞ gömrüyündən keçmək daha çətin olacaq. Ancaq o sənin öz problemindir”.

Heç heroini ABŞ gömrüyündən keçirmək niyyətim də yox idi. Ronni Hanelli 3000$ qarşılığında çətin bir işin öhdəsindən gələcək dalğıc tapmışdı. Mən onunla “Sent Recis Otel” adlanan ucuz yataqxanada görüşməliydim (bu iki gün əvvələ təsadüf edəcəkdi). Plan heroini sukeçirməyən qaba yerləşdirmək idi. Onun yuxarısında isə xronometr və qırmızı boya paketi olacaqdı. Biz limana çatmazdan əvvəl banka dənizə atılmalıydı, amma, əlbəttə, mənim tərəfimdən yox. Mən elə bir qədər nəğd puldan imtina etməyəcək qədər fərasətli və bunu etmək üçün son dərəcə axmaq aşbaz və ya gəmi xidmətçisi axtarırdım ki, iş bitəndən sonra dilini saxlaya bilsin, lakin “Kallas” batdığı üçün bu axtarışım yarımçıq qaldı.

Bilmirəm necə və ya niyə baş verdi. Tufanın olmasına baxmayaraq, gəmi sarsıntılara tam dözümlü kimi görünürdü. Yanvarın 23-ü axşam saat 8 radələrində göyərtənin aşağısında bir yerlərdə partlayış oldu. Həmin vaxt mən istirahət kupesindəydim və “Kallas”, bir göz qırpımındaca yana əyilməyə başladı. Özü də sol tərəfə əyildi... Buna nə deyirlər: “Sol bort”, yoxsa “sağ bort”?

Adamlar qara-qışqırıq salıb hara gəldi qaçaraq canlarını qurtarmağa çalışırdılar. Bardakı rəflərdən içki şüşələri düşüb, yerdə çilik-çilik olurdu. Bir adam aşağı mərtəbələrin birindən səndələyə-səndələyə yuxarıya tərəf hərəkət edirdi, köynəyi tutuşub yanmış, dərisi kabab kimi qızarmışdı. Səsgücləndiricilərlə insanların səyahətin əvvəlində təlimatda haqqında bəhs olunmuş xilasetmə qayıqlara getməyə çağırırdılar. Sərnişinlər gic kimi yerlərində fırlanmağa davam edirdilər. Elə güman edirəm, onlardan çox azı təlimatda göstərilən kimi davranmağa çalışırdılar. Güman nədir, tam əminəm buna, çünki o təlimə hamıdan tez getmişdim, başa düşürsünüz, mən ön sırada olmaq istəyirdim ki, hər şeyi rahat görə bilim. Canımın qədrini bildiyim üçün bu kimi şeylərə ciddi yanaşıram.

Bu vurhavurda kupemə düşüb heroin torbalarını götürdüm və hər birini ayrı bir cibimə qoydum. Sonra 8-ci xilasetmə qayığına üz tutdum. Pilləkanlarla əsas göyərtəyə qalxarkən daha iki partlayış oldu və gəmi daha sürətlə əyilməyə başladı. Aləm bir-birinə dəymişdi. Qucağında körpə ilə qışqıran bir qadının əyilmiş göyərtənin sürüşkən döşəməsilə sürət yığaraq qaçdığını gördüm. Onun ayağı büdrədi, budları məhəccərə çırpıldı və dənizə aşdı. Onun havada iki dəfə mayallaq aşdığını gördüm və üçüncü dəfə mayallaq aşanda onu gözdən itirdim.

Düz şaflbord kortunun mərkəzində orta yaşlı bir kişi oturub saçlarını yolurdu. Ağ aşbaz geyimində olan başqa kişi isə üzü və əlləri dəhşətli dərəcədə yanmış vəziyyətdə özünü hara gəldi vuraraq qışqırırdı: “KÖMƏK EDİN MƏNƏ! GÖRƏ BİLMİRƏM! MƏNƏ KÖMƏK EDİN! GÖRƏ BİLMİRƏM!”.

Panika bütün gəmini bürümüşdü. Sərnişinlərdən tutmuş gəminin işçi heyətinə qədər hamıya xəstəlik kimi yoluxmuşdu. Nəzərinizə çatdırım ki, ilk partlayışın baş verməsi ilə “Kallasın” tamamilə suya qərq olması arasında iyirmi dəqiqədən də az vaxt keçdi. Xilasetmə qayıqlarının bəziləri qışqır-bağır salan sərnişinlərlə dolu idi, digərləri isə tamamilə boş idi. Mənim olduğum yerdə, yəni göyərtənin yana əyilən tərəfində də tamam boş xilasedici qayıq vardı. Onun yanında məndən başqa, ölü rəngində, üzünü sızanaq basmış bir dənizçi vardı.

“Gəl bu lənətə gəlmiş qayığı suya buraxaq. Zəhrimara qalmış gəmi düz dənizin dibinə gedir” – deyə, gözləri həlqəsindən çaxacaqmış kimi, qışqırdı.

Xilasedici qayığı suya buraxmaq mexanizmi olduqca asandır, amma o, təşviş içində, əlləri ilə axtara-axtara öz tərəfindəki dirəyə ilişdi və iplər qarışdı. Qayıq iki metr aşağı düşdü və havada asılı qaldı. İp gəminin arxa üst hissəsindən yarım metr aşağıda idi.

O qışqırmağa başlayanda, mən köməyinə yetişdim. O, düyünü aça bilmişdi və eyni zamanda əli orada ilişib qalmışdı. Kəndir onun açıq ovcunu yardı, dərisini soydu və bir an sonra onu bir kənara tulladı.

Mən kəndirdən düzəlmə nərdivanı aşağı ataraq tələsik düşdüm və kəndirləri qayıqdan açdım. Sonra avarları çəkməyə başladım. Nə vaxtsa bunu dostlarımı bağ evlərinə gedərkən etmişdim, indi isə xilas olmaq üçün edirdim. “Kallasın” batmasından öncə kifayət qədər uzağa gedə bilməsəm, onun məni də dənizin dibinə gömmək ehtimalı olduğunu bilirdim.

Beşcə dəqiqə sonra gəmi suyun dibinə getdi. Həmin yerdən tam uzaqlaşmamışdım, bir yerdə dayanmaq üçün avarları çılğıncasına tez-tez çəkmək məcburiyyətində qalmışdım. Gəmi çox sürətlə batırdı. Arxa hissəsində hələ də məhəccərə dırmaşanlar və qışqıranlar var idi. Onlar meymun sürüsünü xatırladırdılar.

Tufan gücləndi. Avarlardan birini itirdim, ancaq o birisi qoruyub saxlaya bildim. O gecəni bir növ kabus içində keçirtdim, əvvəlcə qayığa dolmuş suyu boşaldırdım, qayığın burnunu bir sonrakı böyük dalğadan xilas etmək üçün avarı qaparaq tez-tez çəkirdim. Yanvarın 24-ü sübh çağından bir qədər əvvə arxamdakı dalğalar güclənməyə başladı. Qayıq irəli atılırdı. Bu dəhşətli idi, eyni zamanda insana qəribə bir həzz də verirdi. Qəflətən ayaqlarımın altındakı taxta örtük parçalanıb getdi, amma qayıq batmazdan əvvəl dalğalar onu gözdən-qulaqdan uzaq bir qayaya çırpdı. Heç harada olduğumu belə bilmirəm: Bu haqda təsəvvürüm də yoxdur. Naviqasiyadan başım çıxmır. Ha-ha!

Amma nə edəcəyimi bilirəm. Ola bilsin, bu mənim axırıncı yazımdır, amma mənə elə gəlir, məndə alınacaq. Həmişə beləcə vəziyyətlərdən çıxmamışammı? Özü də bu günlərdə elə möcüzəvi protezlər düzəldirlər ki. Bir ayaqla da yaxşı keçinə bilərəm.

Artıq düşündüyüm qədər bacarıqlı olub-olmadığımı öyrənməyin vaxtı çatıb. Mənə uğurlar.


5 fevral
Elədim.

Məni ən çox ağrı əldən saldı. Ağrıya dözüm gətirə bilirəm, amma işimi bitirməzdən əvvəl aclıq və ağrılardan zəifləmiş bədənim məni huşumu itirməyə məcbur edəcəyini sanırdım.

Amma heroin bu işdə yaxından köməyim oldu.

Çantalardan birini açıb iki çimdik heroini hamar qayanın üzərinə tökdüm və oradan da içimə çəkdim, əvvəlcə sağ burun deşiyi ilə, sonra isə sol. Bu bir növ aşağıdan yuxarı beyinə yayılan xoş, bihuşedici buzu iyləmək kimi bir şey idi. Dünən gündəlikdə yazımı bitirəndən dərhal sonra heroinə girişdim. Onda saat 9:45 idi. Növbəti dəfə saata baxanda kölgə artıq çəkilmişdi və mənim bədənimin yarısı günün altında qalmışdı, saat 12:41 idi. Mürgüləmişdim. Heroinin təsirinin bu qədər gözəl olacağını heç vaxt xəyalıma gətirə bilməzdim, əvvəllər buna niyə nifrətlə yanaşdığımı anlaya bilmirəm. Ağrı, qorxu, iztirab... hamısı ötüb keçdi, sakit, xoşbəxt bir hal yarandı.

Elə bu halda da əməliyyatı həyata keçirdim.

Həqiqətən də dəhşətli ağrı var idi, xüsusilə də əməliyyatın əvvəlində. Ancaq mən ağrıya kənardan baxırdım, elə bil başqasının ağrısıydı. Bu mənə narahatlıq verirdi, həm də tamamilə maraqlı gəlirdi. Bunu başa düşə bilirsinizmi? Əgər siz də nə vaxtsa morfin güclü əsaslı narkotikdən istifadə etmisinizsə, güman edirəm, başa düşürsünüz. O təkcə ağrını aradan qaldırmır, həm də insan düşüncəsini dəyişdirir, mənəvi dinclik və sakitlik verir. İndi insanların ona niyə aludə olduğunu başa düşə bilirəm, baxmayaraq ki, “aludə olmaq” əksər hallarda onun dadını bilməyənlər tərəfindən işlədilmiş olduqca böyük bir ifadə kimi səslənir.

Təqribən əməliyyatın ortalarında ağrı yenidən qayıtmağa başladı. Huşumu itirməyə yaxın idim. Xeyli müddət ağzı açıq heroin çantasına baxdım, amma iradəmi işə salıb gözlərimi ondan çəkməyə məcbur etdim. Yenə mürgüləsəydim, huşsuz halda qan məni aparacaqdı, bunun qarşısını almaq üçün yüzdən geriyə doğru saymağa başladım.

Ən kritik amil qan itkisi idi. Bunu bir cərrah olaraq əla bilirdim. Bircə damla belə qan lazımsız yerə axıdılmamalıydı. Əgər hospitalda xəstənin qanaxması başlayırsa, ona qan vermək olardı. Ancaq mənim belə bir tədarüküm yox idi. Burada itirilən hər bir damla daxildən öz-özümü qanla yenidən təmin edəcəyim vaxta qədər itirilmiş sayılırdı və əməliyyatı bitirəndə qıçımın altındakı qum qapqara idi. Nə qısqacım, nə qanaxma əleyhinə sıxacım, nə də cərrahi sapım yox idi.

Əməliyyata düz 12:45-də başladım, 1:50-də bitirdim və dərhal özümü heroinin ağuşuna atdım, özü də əvvəlkindən daha yüksək dozada. Ağrı deyilən şeyin olmadığı, dumanlı dünyaya daldım və təxminən saat beşə qədər orada qaldım. Özümə gələndə artıq gözümün önündə, Sakit okeanın üzərində qızıl kimi parlayan günəş qərb üfüqünə yaxınlaşırdı. Ömrümdə heç vaxt belə bir gözəl şey görməmişdim... Həmin an keçirdiyim bütün ağrılara bir kabus kimiydi. Bir saat sonra, yenidən heroin iylədim və beləliklə qürubdan dibinə kimi həzz alıb, onu qiymətləndirə bildim.

Qaranlıq çökür və bu da mən…

Mən…

Bir dəqiqə, bir dəqiqə. Dörd gün ərzində heç nə yemədiyimi sizə demişdimmi? Bundan da əlavə tükənməkdə olan həyat qabiliyyətimi yalnız öz bədənimin hesabına gücləndirə bilməyim yeganə köməyimdir. Bütün bunlar bir yana, həyatda qalmağın bizim əzmkarlığımızla əlaqədar bir şey olduğunu da sizə demişdimmi? Mükəmməl bir əzmkarlıq. Mənim vəziyyətimdə sizin də eyni şeyi edəcəyinizi deyərək özümə bəraət qazandırmayacağam. Ancaq hər şeydən əvvəl, siz, yəqin ki cərrah deyilsiniz. Siz hətta amputasiyanın necə edildiyini bilsəydiniz belə, işi elə korlayardınız ki, qanaxmadan ölərdiniz. Hətta əgər əməliyyatdan və şok travmadan sağ çıxsaydınız, bu fikir sizin ağlınıza gəlməzdi. Eybi yox. Heç kəs bunu bilmək məcburiyyətində deyil. Adanı tərk etməzdən öncə edəcəyim son şey bu gündəliyi məhv etmək olacaq.

Olduqca ehtiyatla davrandım.

Yeməzdən əvvəl onu tam yudum.

7 fevral
Kəsilmiş yerin kötük hissəsində dəhşətli bir ağrı vardı, arabir lap dözülməz olurdu. Amma, sağalma prosesinin başlandığını göstərən dərialtı qaşınma daha pis idi. Həmin gün, nə vaxtsa yanıma gəlib keçirdikləri dözülməz qaşınma hissindən şikayətlənən xəstələrim yadıma düşdü. Mən gülümsəyərək onlara sabah özlərini daha yaxşı hiss edəcəklərini deyərdim, daxildə isə onların necə mız-mız, bezdirici, naşükür körpələr olduğunu düşünərdim. İndi onları daha yaxşı başa düşürəm. Bir neçə dəfə az qalmışdı sarğı kimi istifadə etdiyim köynəyi yerindən söküb atım, barmaqlarımı yumşaq, çiy ətin içinə salım, kələ-kötür tikişləri dartıb çıxarım və qanın qumun üstünə axıb getməsinə imkan verdim. Bircə yaxamı bu tükürpədici qaşınmadan xilas etmək üçün hər şey, tamamilə hər şey edərdim.

Belə vaxtlarda yüzdən geriyə doğru sayırdım.. və heroin iyləyirdim.

Narkotikadan nə qədər qəbul etdiyimi bilmirəm, ancaq əməliyyatdan sonra, ara vermədəm “kefli” halda olduğumu bilirəm. Bu həm də aclığı yatızdırır. Ac olmağım heç yadıma düşmür. Mədəmdə zəif və məndən uzaq bir qurultu vardı, bu qədər. Buna əhəmiyyət verməmək elə də çətin deyildi. Amma bunu eləyə bilmirəm. Heroinin qarın doyduracaq heç bir kalori dəyəri yoxdur. Mən bir yerdən başqa bir yerə sürünərək enerjimi yoxlamaq üçün özümü sınayırdım. Enerjim tükənməkdədir.

Tanrım, ümid edirəm buna ehtiyac qalmaz... amma başqa bir əməliyyat da zəruri ola bilər.

(bir qədər sonra)

Adanın üzərindən daha bir təyyarə uçdu. Çox yüksəkdən uçduğu üçün mənə heç bir xeyri yox idi, görə bildiyim yeganə şey təyyarə dumanının izi oldu. Buna baxmayaraq, əllərimi yellədim. Yellədim və qışqırdım. O gedəndə ağladım.

Hava qaralıb, göz-gözü görmür. Yemək. Bütün növ yeməkləri gözümün qabağına gətirirəm. Anamın bişirdiyi lazanya. Sarımsaqlı çörək. İlbiz. Xərçəng. Qızardılmış mal qabırğası. Melba şaftalısı. London qovurması. Böyük bir tort dilimi və Först Avenyudakı Mader Kranç restoranında məzə olaraq verdikləri vanilli dondurma. İsti bretzel çörəyi ilə qızıl balıq, qovrulmuş Alyaska donuzu budunun yanında yumru ananas dilimləri. Soğan dilimləri. Kartof çipslərinin yanında soğan sousu aram-aram, qurtumlarla içilməli bumbuz soyuq çay, ağzımı mırçıldadaraq yediyim frenç frayz.

100, 99, 98, 97, 96, 95, 94

Tanrım, Tanrım, Tanrım

8 fevral
Bu səhər bir qağayı da qayalığın üstünə qondu. Böyük və ətliydu. Sarğılı ayağımı yuxarı qaldıraraq düşərgəm hesab etdiyim qayamın kölgəsində oturmuşdum. Qağayı qayaya qonar-qonmaz ağzımın suyu axmağa başladı. Lap Pavlovun itlərində olduğu kimi. Aciz Körpə kimi ağzımın suyunu axıdırdım. Hə, körpə kimi.

Ovcuma yerləşə biləcək qədər böyük daş parçası götürərək quşa tərəf sürünməyə başladım. Dördüncü 15 dəqiqə. Hücuma hazırlaşırıq. Üçüncü və kifayət qədər uzun yard. Pinzetti ötürmə edir (Payn, mən Payn demək istəyirdim). Elə də çox ümidim yox idi. Quşun uçub gedəcəyinə əmin idim. Amma bəxtimi sınamalıydım. Əgər onun kimi ətli və sırtıq quşu tuta bilsəydim ikinci əməliyyatdan yaxamı qurtarmış olacaqdım. Onun tərəfə süründüm, kəsilmiş yerin kötük hissəsi qayadan-qayaya dəyərək bütün bədənimə sarsıdıcı ağrılara yayırdı və mən quşun uçub gedəcəyini gözləməkdəydim.

Lakin uçmadı. O, döşünü qabağa verərək lovğalana-lovğalana irəli-geri gəzişirdi, sanki general quş öz ordusunu gözdən keçirirdi. Arabir o, balaca, murdar qara gözləri ilə mənə baxırdı və həmin an mən quşun yenidən irəli-geri addımlamağa başlamasına qədər daş kimi donub-qalaraq yüzdən geriyə doğru sayırdım. Hər dəfə qanadlarını çırpanda, elə bil mədəmə buz dolurdu. Ağzımın suyu hələ də axırdı. Özümdən asılı deyildi. Körpə kimi ağzımın suyunu axıdırdım.

Onu nə qədər güddüyümü bilmirəm. Bir saat? İki saat? Yaxınlaşdıqca ürəyim daha sürətlə döyünürdü və quş daha ləziz görünürdü. Hətta mənə elə gəlirdi ki, o məni ələ salır və ona yaxınlaşan kimi uçub gedəcək. Əllərim və ayaqlarım əsməyə başladı. Dilim-ağzım qurumuşdu. Kəsilmiş yerin kötüyü şiddətlə sızıldayıdı. Yəqin, o ağrılar heroinə olan ehtiyacımdan doğan ağrılar idi. Amma belə tezmi? Heç bir həftə deyil ki, narkotik qəbul edirəm!

Eybi yox. Buna ehtiyacım var. Burada heroin çoxdur. Nə qədər desən var. Buradan xilas olandan sonra müalicə almaq məcburiyyətində qalsam, Kaliforniyanın ən yaxşı klinikasına gedəcəyəm və deyib-gülərək bu asılılıqdan qurtulacağam. Beləki, indilərdə bu elə də böyük problem deyil, elə deyilmi?

Mən düz onun yanına çatmışdım, amma daşı atmağa tərəddüd edirdim. Gərək daha da yaxına gedəydim. İçimdə kədərli bir əminlik yaranmışdı ki, mən daşı atmağa hazırlaşanda o uçub gedəcək. Ona görə də daşımı əlimdə sıxıb, başımı arxaya verərək sürünməyə davam etdim, əldən düşmüş müqəvvanı xatırladan bədənimdən tər süzülüb gedirdi. Dişlərim çürüməyə başlamışdı. Məgər bunu sizə deməmişdimmi? Əgər xurafatçı birisi olsaydım bunun səbəbinin yediklərim olduğunu deyərdim...

Ha! Nə demək istədiyimi hamımız yaxşı bilirik, elə deyilmi?

Yenidən dayandım. Bu dəfə qağayıya bütün əvvəllki dəfələrdəkindən daha yaxın gəlmişdim. Hələ də daşı atmağa cəsarət edə bilmirdim. Ovcumdakı daşı, barmaqlarım ağrı verənədək sıxmışdım, amma heç cür ata bilmirdim. Çünki onu qaçırmağın nəyə bərabər olduğunu bilirdim.

Heroinin hamısını iyləsəm də vecimə deyil. Buradan xilas olandan sonra onlardan da xilas ola biləcəyəm! Həyatımın qalan hissəsini yağ içində böyrək kimi yaşayacağam! Məni uzunmu uzun bir həyat gözləyir!

Mənə elə gəlir, əgər quş qanad çalmasa ona çatana qədər daşı atmadan sürünəcəm. Sürünə-sürünə yaxınlaşıb boğacağam. Amma o, qanad çalıb uçdu. Mən ona qışqırdım və dizlərimi açıb, daşı var gücümlə atdım. Daş hədəfə dəydi!

Quş boğuq səs çıxardıb qayalığın o biri tərəfinə yıxıldı. Kəsilmiş ayağımın ora-bura dəymə, yaxud yaranın açıla bilmə ehtimalını gözdən çıxarıb, öz-özümə danışaraq, qəhqəhə ilə gülərək əvvəlcə qayalığın üst tərəfinə, sonra da o biri tərəfinə süründüm. Tarazlığımı itirdim və başım qayaya çırpıldı. Onda bunu heç hiss eləmədim, amma başımda iyrənc bir şiş əmələ gəlmişdi. İndi haqqında düşünəcəyim yeganə şey quş idi və bəxtim gətirdi, onu haqladım. Fantastik bir uğur idi, onu düz qanadından vurub salmışdım!

O, bir qanadı sınmış halda ləngərləyə-ləngərləyə sahilə tərəf yeriyirdi. Qarnı qana bulanmışdı. Bacardığım qədər tez sürünürdüm, ancaq o məndən daha sürətli idi. Əsl şikəstlərin yarışıydı! Ha! Ha! Mən onu tuta bilərdim, aramızdakı məsafə azalırdı, amma ki, əllərim. Əllərimin qeydinə yaxşı qalmalıyam.Onlara yenidən ehtiyac duya bilərəm. Diqqətli olmağıma baxmayaraq, sahil çınqıllarına çatanda artıq ovuclarım sıyrılmışdı və qol saatım “Pulsarın” sferblatı çınqıllara dəyib çilik-çilik olmuşdu.

Qağayı tükürpədici bir qışqırıq salıb özünü şappıltı ilə suya atdı və mən onu tutmağa can atdım. Əlimə bir ovuc quyruq lələyi gəldi. Sonra yıxıldım, su uddum, fınxırdım və az qala boğulacaqdım.

İrəli sürünməyə davam edirdim. Hətta üzməyə də cəhd göstərdim. Sarğım açıldı. Suya girməyə başlayırdım. Yorğunluqdan titrəyərək, ağrılar içində qıvrılaraq, ağlayıb qışqıraraq və qağayını söyərək güc-bəla ilə sahilə qayıda bildim. O, uzun müddət üzdü, getdikcə uzaqlaşırdı. Bir ara qayıtması üçün ona yalvardığım yadımdadır. Məncə, o, sualtı qayalara çatanda artıq ölü idi.

Bu, ədalətsizlikdir.

Sürünə-sürünə düşərgəmə qayıtmaq təxminən bir saatımı aldı. Yüksək dozada heroin iyləməyimə baxmayaraq, yenə də qağayıya acıqlıydım. Əgər onu tuta bilməyəcəkdimsə, niyə məni bu qədər ələ saldı? Niyə sadəcə uçub getmədi?

9 fevral
Sol ayağımı kəsdim və şalvarımla sarıdım. Qəribədir, bütün əməliyyat boyu ağzımın suyu axırdı. Ağzımın suyu axırdı. Qağayını görəndə də belə olmuşdu. Acizlər kimi ağzımın suyunu axıdırdım. Amma özümü axşama qədər gözləməyə məcbur etdim. Sadəcə yüzdən geriyə saydım... iyirmi və ya otuz dəfə! Ha! Ha!

Və onda...

Təkrar etməyə başladım: Qızardılmış soyuq mal əti. Qızardılmış soyuq mal əti. Qızardılmış soyuq mal əti.

11 fevral (?)
İki gündür yağış ara vermir. Həm də güclü külək var. Adanın ortasındakı qayalığın içindən bir neçə qaya çıxardıb, özümə daldanacaq düzəltdim. Balaca hörümçək tapdım. Qaçmaq istəyəndə onu barmaqlarım arasında əzdim və yedim. Mükəmməl. Sulu. Öz-özlüyümdə fikirləşdim ki, üstümdəki daşlar aşıb məni burada diri-diri basdırar. Vecimə deyildi.

Tufan boyu kefli idim. Bəlkə də iki gün deyil, üç gün yağdı. Bəlkə də bir gün. Amma, sanki mən, havanın iki dəfə qaralmasını gördüm. Mürgüləməyi sevirəm. Onda nə ağrını, nə də qaşınmanı hiss etmirəm. Bilirəm, xilas olacağam. Bu qədər şeydən keçən biri bunu elə-belə etmir.

Mən uşaq olanda kilsəyə gedirdim, orada balacaboy keşiş oğlan var idi. O, cənnət və cəhənnəm haqqında danışmağı sevərdi. Bu onun ən sevimli söhbət mövzusu idi. Onun fikrinə görə, ölümcül günahlardan yaxa qurtarmaq mümkün deyil. Keçən gecə o, yuxuma girdi. Bığlı, qara xələtdə Heyli Ata mənə barmaq silkələyərək deyirdi : “Eyib olsun, Riçard Pinzetti... bağışlanmaz günah...oğlan, sən lənətlənmisən... həmişəlik lənətlənmisən...”

Mən güldüm. Əgər indi olduğum bu yer cəhənnəm deyilsə, bəs nədir? Hə, yeganə bağışlanmaz günahım təslim olmaqdır.

Vaxtımın yarısını heroinin təsiri altında sərsəm vəziyyətdə keçirirəm, qalan vaxtı isə kəsilmiş hissə qaşınır və rütubət ağrını daha da gücləndirir.

Amma təslim olmayacağam. And içirəm. Heç vaxt. Bu qədər əziyyətə boşuna qatlaşmamışam ki.

12 fevral
Yenə günəş çıxıb, gözəl gündür. Ümid edirəm indi məhəlləmizdəkilər orada soyuqdan donurlar.

Bu gün mənim üçün uğurlu oldu, bu adada olacaq ən uğurlu günüm idi. Tufan zamanı qızdırmam var idi, indi aşağı düşüb. Yuvamdan sürünüb çıxanda zəif idim və titrəyirdim, ancaq iki və ya üç saat müddətinə günün altında isti qum üzərində uzanandan sonra özümü, demək olar ki, yenidən insan hesab etməyə başladım.

Adanın cənub tərəfinə doğru süründüm və tufanın sudan vurub sahilə çıxartdığı bir neçə taxta qalığı gördüm, aralarında mənim qayığımın taxtaları da var idi. Taxtaların bəzilərinin üstündə yosun və suotu var idi. Onları yedim. Dadı iyrənc idi. Elə bil vanna otağının vinil pərdələrini yeyirdim. Amma həmin gün günorta özümü daha qüvvətli hiss edirdim. Mən taxtaları bacardığım qədər sahilə çəkdim ki quruya bilsinlər. Hələ də sukeçirməyən kibritlə dolu qutum var idi. Tezliklə kimsə gəlsə taxtaları yandırıb ona işarə verə bilərəm. Əgər gəlməsə onları yemək bişirmək üçün istifadə edəcəyəm. İndi isə heroin iyləməyə hazırlaşıram.

13 fevral
Xərçəng tapdım. Öldürdüm və kiçik tonqalda qızartdım. Bu gecə, az qala yenidən Tanrının varlığına inandım.

14 fev
Elə bu səhər, tufanın “KÖMƏK EDİN” yazımdakı daşların əksəriyyətini yuyub apardığını gördüm. Amma tufan qurtarıb... üç gün əvvəlmi? Həqiqətənmi mən elə kefli olmuşam? Buna nəzarət etməliyəm, dozanı azaltmalıyam. Bəs mən mürgüləyəndə burdan gəmi gəlib keçibsə, onda necə?

Hərfləri yenidən düzəltdim, ancaq bu bütün günümü aldı və indi mən əldən düşmüşəm. Əvvəl xərçəng tutduğum yerdə yenilərini axtardım, amma heç nə tapa bilmədim. Hərfləri düzəldərkən daşlarla əllərimi yenidən bir neçə yerdən kəsdim, lakin taqətsizliyimə baxmayaraq, yodla cəld dizinfeksiya etdim. Əllərimi qorumalıyam. Nə olursa olsun.


15 fev
Qayalığın zirvəsinə bir qağayı qondu. Mən onu hədəfə ala biləcəyim məsafəyə yaxınlaşmazdan əvvəl uçub getdi. Arzuladım ki, o Heyli Atanın qan dolmuş balaca gözlərini sonsuzadək dimdikləyə biləcəyi cəhənnəmə getsin.

Ha! Ha!

Ha! Ha!

Ha

17 (?) fev
Sağ ayağımın dizimə qədər olan hissəsini kəsdim, ancaq çox qan itirdim. Heroinə baxmayaraq, ağrılar artır. Yerimdə daha arıq adam olsaydı, çoxdan travmatik şokdan dünyasını dəyişmişdi. İcazə verin suala sualla cavab verim: Xəstə sağ qalmağı nə qədər çox istəyir? Xəstə yaşamağı nə qədər çox istəyir?

Əllərim əsir. Əgər onlar məni yarı yolda buraxsalar, işim bitdi. Onların məni yarı yolda buraxmağa haqqı çatmır. Qətiyyən. Bütün ömürləri boyu onlara qulluq etmişəm. Ona görə də xəyanət etməyə heç cəhd də etməsinlər. Əks təqdirdə onları peşman edəcəyəm.

Ən azından ac deyiləm.

Xilasetmə qayığının taxtalarından biri ortadan ikiyə ayrıldı. Birinin ucu itiydi. Onu istifadə etdim. Ağzımın suyu axırdı, amma özümü gözləməyə məcbur etdim. Sonra isə yadıma... şəbəkənin üstündə qızartdığımız iri tikəli barbekyülar düşdü. Uil Hammersmitin Lonq Aylenddeki evində elə böyük barbekyü manqalı var idi ki, orada donuzu bütöv qızartmaq olardı. Biz əllərimizdə böyük içki qədəhləri eyvanda oturaraq cərrahi üsullardan, qolf hesablarından və ya başqa nədənsə danışardıq. Meh qızarmış donuzun şirin ətrini bizə gətirərdi. Lənətə gəlsin, qızarmış donuzun şirin ətri.

?fev
O biri ayağımı da dizə qədər kəsdim. Bütün günü yuxu məni basıb. “Həkim, bu əməliyyat zəruriydimi?”. Ha ha. Qocalar kimi əllərim əsir. Onlardan zəhləm gedir. Dırnaqlarımın altında qan sezilir. Köpəklər. Tibb kollecindəki qarnı şüşədən düzəldilmiş o müqəvvanı xatırlayırsan? Özümü elə hiss edirəm. Amma mən heç nəyin dərdini çəkmək istəmirəm. Nə elə, nə belə. Yadımdadır, Dom bu sözdən istifadə edərdi. Klub paltarı Hayuiey Autlouzda rəqs edərək bizə yaxınlaşardı və biz soruşanda ki, hə, Dom, qızla görüşün necə keçdi? O deyərdi, nə elə, nə belə. Zəhrimara qalasan. Sevimli əziz Dom. Kaş öz məhəlləmdə, köhnə axmaqların yanında qalardım.

Bilirsiniz, amma əminəm ki, düzgün müalicə və yaxşı protezlə əvvəlki kimi ola bilərəm. Bura qayıdıb, insanlara danışa bilərəm: “ Bax bunların hamısı burada baş verib.”

Hahaha!

23 (?) fevral
Ölü balıq tapdım. Çürümüşdü və iyi verirdi. Amma yedim. Qusmaq istədim, lakin özümü saxladım. Mən sağ qalacağam. Elə kefliyəm ki. Qürub necə də gözəldir.
fevral
Buna cəsarət etmirəm, ancaq məcburam. Amma, axı bud arteriyamın qanaxmasını necə kəsim? Lənətə gəlmiş tunel enliliyindədir.

Necəsə etməliyəm. Ombamda hələ də ətli olan yeri işarələdim. Həmin bu yazdığım karandaşla.

Kaş ağzımın suyunu axıtmağı dayandıra bilsəydim.

fe
Bu gün... dincəlməlisən... dur... vəəə get... MakDonald’sa... iki dilim ət... sous... kahı... şoraba... soğan... küncütlü bulka da yanında...

Dii... diidii... dandadii...

fevva
Bu gün suda əksimə baxdım. Dəri ilə örtülmüş skeletə dönmüşəm. Görəsən hələ ağlımı itirməmişəm? Mən indi adamaoxşamaz, eybəcərəm. Qasıqdan aşağı heç nə yoxdur. Eybəcər. Dirsəkləri ilə qum üzərində sürünən gövdəyə bitişik bir baş. Xərçəng. Kefli xərçəng. Hə, onlar indi özlərini belə çağırırlar, elə deyilmi? Hey dostum mən sadəcə olaraq kefli, yazıq bir xərçəngəm mənə onca sent verə bilərsənmi?

Hahahaha

Deyirlər ki, insan nə yeyirsə odur və əgər BELƏDİRSƏ MƏN HEÇ DƏYİŞMƏMİŞƏM! Tanrım travmatik şok, travmatik şok, TRAVMATİK ŞOK DEYƏ BİR ŞEY YOXDUR

40?fe
Yuxuda atamı gördüm. O, içkili olanda ingiliscə qarma-qarışıq danışırdı. Onsuz da deyiləsi bir sözü yox idi. Zəhrimara qalmış alçaq. Sənin evindən getməyimə elə sevinirdim ki, Ata sən zəhrimara qalmış alçaq dəyərsiz. Bilirdim ki, bunu bacaracağam. Sənin evindən getdim, elə deyilmi? Əllərim üstə getdim.

Amma artıq əllərimin kəsə biləcəyi heç nə qalmayıb. Dünən qulaq seyvanlarımı kəsdim.

Sol əl sağ əli yuyur, icazə vermə ki, sağ əlin nə etdiyini sol əl bilsin kartof iki kartof, üç kartof dörd, bizdə böyük qapılı olan soyuducu var

hahaha.

Kimin vecinədir ki. Bu əl olsun, ya o birisi. Ət yaxşıdır, yemək yaxşıdır, Tanrım bu neməti verdiyin üçün şükürlər olsun sənə.

Savoyardi peçenyeləri, barmaqlarım lap savoyardi peçenyeləri dadı verir.


İngilis dilindən tərcümə edən: Lalə Balabəyova
Yüklə 129,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin