Yazıçı Kamal Abdullanın "Sehrbazlar dərəsi"



Yüklə 16,38 Kb.
tarix24.05.2018
ölçüsü16,38 Kb.
#51260
növüYazı

Yazıçı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanının fransız dilində nəşrinə tanınmış alim Daniel Rottenberqin yazdığı ön söz

Hər kəsin öz sehrbazlar dərəsi var və hər kəs bütün həyatı boyu, bəzən özü də bilmədən onun axtarışındadır. Özünün tərcümə etdiyin kitaba ön söz yazmaq riskli bir işdir, hətta lovğalıq kimi görünə bilər. Bu o deməkdir ki, tərcüməçi öz işinin dəqiq və əsərin orijinalına uyğun olduğu qənaətindədir. Bununla belə, iki il öncə Kamal Abdullanın kitablarından birini tərcümə etmək missiyasını qəbul edib, bu işi sona çatdırdım və “Sehrbazlar dərəsi” əsərinə ön söz yazmaq məsuliyyətini məmnuniyyətlə öz üzərimə götürdüm.  

Şəxsi həyat yolu prizmasından nəzər saldıqda, Kamal Abdulla tanınmış elm xadimi, türk dilləri filologiyası üzrə mütəxəssis və türk ədəbi irsinin məşhur və rəmzi epik əsəri olan “Kitabi Dədə-Qorqud”un böyük araşdırıcısıdır. Düşünmək olar ki, bu əsər və ümumiyyətlə türk dünyasının klassik ədəbiyyatının ruhu müəllifin öz əsərlərini yazarkən ilhamlandığı təməl qaynaqlardır. Əslində, 2000-ci ildən Bakı Slavyan Universitetinin rektoru olan Kamal Abdullanın yaradıcılıq dairəsi yalnız elm və universitet sahələri ilə məhdudlaşmır. Kamal bəy (hörmət və simpatiya ilə müraciət forması olaraq) həm də SSRİ-nin 15 respublikasından biri, 1991-ci ildən müstəqil olan Azərbaycanın postsovet ədəbiyyatında mühüm yeri olan məhsuldar bir yazıçıdır. Bir çox uğurlu pyeslər və romanlar müəllifidir. Bu romanlar arasında “Yarımçıq əlyazma” xüsusilə böyük uğur qazanıb və ondan çox dilə, o cümlədən fransız dilinə tərcümə olunub. Fransada “L’Harmattan” nəşriyyatı 2005 və 2013-cü illərdə əsəri nəşr edib. Kamal bəy həm də Mişel Malerblə birlikdə, həmin nəşriyyatın ilk dəfə olaraq 2008-ci ildə nəşr etdiyi “Azərbaycan dilində danışaq” kitabının həmmüəllifidir. Mən əvvəllər Türkiyə türkcəsi üzrə ixtisaslaşdığım üçün (Türkiyə türkcəsi və Azərbaycan dili türk dilləri arasında bir-birinə ən yaxın olan dillərdir) Kamal bəyin “Sehrbazlar dərəsi” romanının tərcüməsi üzərində işləyən zaman bu kitabdan çox bəhrələndim. “Yarımçıq əlyazma”dan sonra nəşr olunmasına və başlanğıcda bir qədər bu əsərin uğurunun “kölgəsində” qalmasına baxmayaraq, “Sehrbazlar dərəsi” romanı da, müəllifin Şərq fəlsəfi təfəkkürü və xüsusilə sufi mistikası ilə bağlı intim və dərin biliyini nümayiş etdirir. Çoxsaylı əsərlərin, poemaların, hekayələrin və digər janrlarda yazılmış əsərlərin böyük ilhamvericisi olan sufi mistikası, etiraf etmək lazımdır ki, Qərbdə hələ də az tanınır.  

Romanın mövzuları əsrlərdən bəri insan varlığını narahat edən mövzulardır: gerçəklik və xəyal arasında daimi təbəddülatlar; bir çox mədəniyyətlərdə Yer həyatının amansızlığının o biri dünyadakı təsəlli ilə əvəzlənə biləcəyi ümidi; gerçəkliyin əzablarını anlamaq, dəf etmək və həll etmək üçün fövqəltəbii qüvvəyə arxalanmaq arzusu.  

Lakin o həm də bizə əxlaqi dərs verir: öz canında, öz mövcudluğunda və ya dolayısı ilə öz keçmiş ailə həyatında əzilmiş və təhqir olunmuş hər bir fərdə təbii xas olan qisas gerçəklikdə heç bir həzz vermir və fərdin daimi xoşbəxtlik axtarışındakı yoluna həmişə sədd çəkərək yalnız bədbəxtliyi təkrarlayır və yayır. Qisas ədalət deyil, o, yalnız qəddarlığa cavab olan qəddar reaksiyadır. Xüsusilə nəsillərdən intiqam almaq niyyəti ortada olan zaman, qisasın yararsızlığı və tam əsassızlığı üzə çıxmış olur. Bax, bəşəriyyətin bütün tarixi boyu verilən sual budur: fərdlər özlərindən öncəkilərin hərəkətlərinə görə məsuliyyət daşımalıdırlarmı? Müəllif öz kitabında bu suala aydın cavab verir.  

Romanın adından da göründüyü kimi, əsərdə xoşbəxtliklərinə mane olan ağrılı suallara cavab tapmaq və nəhayət, öz gerçək yaşamlarında rahatlıq tapmaq üçün sehrə müraciət edən personajlar göz önünə çəkilir. Fikrimcə, personajların təbiəti və kimliyi, hadisələrin inkişafı ilə bağlı çox detallara varmayaraq, bir neçə sadə məqamları göstərmək yetərlidir.  

Ön planda olan qəhrəman Karvanbaşıdır. Onu sadiq köməkçisi, etibarlı adamı və hər şeyi bacaran, ağasının sevimlisi olan xədim Xacə İbrahim müşayiət edir. Türk dünyasında, haradasa Şərqdə və uzaq keçmişdə mövcud olmuş dövlətin müstəbid monarxı olan Şah başqa bir əsas personajdır. Gerçəklikdə söhbət iki şahdan, oğul və atadan gedir, belə ki, situasiyalar daima keçmişlə indi, gerçəklə fövqəltəbii olanlar arasında yetişir, cərəyan edir.   Hekayənin başqa bir “iyeratik” personajı ata-şahın sadiq xidmətçisi cəllad Məmmədquludur, eynilə oğul-şaha sadiq Karvanbaşı kimi. Məmmədqulu, fikrimizcə, intriqanın “özəyini” təşkil edir. O, ikili personajdır, eyni zamanda həm xoşagələn, həm də qorxuncdur, öz qanlı vəzifəsini səylə yerinə yetirir və bundan hədsiz həzz alır, keçmişdə həyata keçirilən cəza tədbirlərinə görə günahkardır və bütün bunlardan əbəs yerə özünü təmizləməyə çalışır. O, həmçinin əsərin mərkəzindədir, çünki o, romanın başlıca dramatik məqamlarından biri kimi, gerçəklə fövqəltəbii arasındakı daimi qarşılıqlı asılılığın bir növ rəmzi personajıdır. Belə ki, ön planda olan başqa iki personaj, Sehrbaz Səyyah və onun mənəvi ustadı Ağ Dərviş, gerçək aləmdən çıxsalar da, hazırda o biri aləmdə yaşayırlar.  

“Sehrbazlar dərəsi” bizi insan həyatının bütün böyük klassik ünsürlərinin əks olunduğu çox canlı bir aləmə aparır: məhəbbət və nifrət, müharibə və sülh, qisas və bağışlama, səadət və ruhi sakitlik axtarışı, müəyyən “təmizlik” və həqiqət axtarışı (çox vaxt bizə həqiqət kimi təqdim olunan əsl həqiqət deyil). Kamal Abdulla cismani və gerçək hissləri gizlətmədən, bizə mistisizm və ruhaniyyatdan qaynaqlanan bir əhvalat təqdim edir; görünür, bu məqam əsərin sufilikdən ilham alan bir əsər olduğunu daha yaxşı göstərir və onun mesajının universal miqyasını çatdırır: bizim maddi və konkret dünyamızda həzz, məmnunluq, inkişaf axtarışında olan fərd, onun üçün həqiqətdə olduqca təbii, həm də mühüm olan xəyala dalma, ideala çatma istəyindən imtina etməlidirmi; və beləliklə, bu ruhaniyyat, transsendentallıq və nəhayət, daimi özünüaxtarış yolunu tərk etməlidirmi? Bəlkə də bizim əsl zənginliyimizi üzə çıxara bilən bu yanaşma həqiqi səadətə, həm də ədalət və xeyirə aparan yoldur? Məhz bu sualları bizə verməklə, müəllif bir humanizm dərsi keçmiş olur.  

Eyni zamanda, o, bəzən dini “hakimiyyəti” də parçalayan mübahisələri, ədalətsizlik və özbaşınalığı yada salmağı unutmur. Bəziləri bu mövzuların artıq çox müzakirə olunmuş və razılaşdırılmış mövzular olduğunu söyləyə bilər. Həm Şərq, həm də Qərb ədəbiyyatı məhəbbət, qisas, zorakılıq, istibdad və mərhəmət mövzusunda yazılan əsərlərlə zəngindir. Lakin hadisələrin cərəyan etdiyi dövrün naməlum olmasına baxmayaraq, Kamal bəy bu mühüm mövzuları orijinal bir mühitdə və bəzən də poetik bir stildə bizi cazibədar və riqqətli aləmə apararaq canlandırır. Və bu, şübhəsiz ki, oxucunu sonadək gərginllikdə saxlayır.
Yüklə 16,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin