Publisistik düşüncələr
Yalan və Doğru
Akif ƏLİ,
Fəlsəfə doktoru,
yazıçı-publisist.
------------------------
Doğruya zaval yoxdur.
Doğrunun haqq işi tez-gec bütün əyriləri kəsib keçər. Doğru haqqa bağlı olduğu üçün yer üzündə qorxduğu bir şey də yoxdur.
Güclü və cəsur adamlar həmişə doğrunu danışar.
Yalançı adam isə əsasən qorxudan yalan danışar. Doğrunu deməkdən qorxar. Öz əyri əməlini gizlətmək, gizlin işini ört-basdır etmək, gözə kül üfürmək üçün yalan-palan quraşdırar.
Yalançı adam həm də qorxaq olar, cəsarətsiz olar. Çünki həqiqəti olduğu kimi deməyə gücü çatmaz. Və yalan danışan adam həm də yaltaq olar. Əyrisini, həlləm-qəlləm işini gizlətmək üçün yalan danışar və bu yalanın üstü açılmasın deyə ona-buna yalaqlanar.
Amma atalar demişkən, yalanla filanın ömrü qırx gün çəkər.
* * *
Bu qısa girişdə məqsəd hörmətli oxucunun nəzərində yalançı, qorxaq və yaltaq adamın obrazını bir daha canlandırmaqdır. Belə “fövqəladə” xüsusiyyətləri özündə cəmləşdirən adamın nə qədər miskin olduğunu göstərməkdir.
İndi təsəvvür edək ki, belə miskin xüsusiyyətlərə malik bir adam həm də bir milyon adama yol göstərir... Əlbəttə, bunu təsəvvür etmək çətindir. Amma dünyada belə anoloqlar olur. Sübut üçün heç də dağa-daşa düçmək, çox uzağa getmək lazım deyil. Əlimizin altında gözəl-göyçək Serjik misalı var (amma adamın göyçəkliyi həqiqətən göz qamaşdırır). Bəli “forpost Ermənistanın” prezidenti Serj Sərkisyan...
Bu “forpost Ermənistanın” prezidenti Serj Sərkisyan dünyanın ən yalançı adam simvoludur. Üstəlik, dediyimiz kimi, həm də ən qorxaq və ən yaltaq! Azərbaycan Prezidentindən qorxduğu və RF prezidentinə yaltaqlandığı üçün daim yalan danışır. Bu fakt indi bütün dünyaya bəllidir. Onu ifşa edən isə məhz güclü Azərbaycan Prezidenti oldu.
Bu yaxınlarda Dünya Azərbaycanlılarının IV Qurultayında bütün dünaynın gözü qarşısında dövlətimizin başçısı sübut etdi ki, Ermənistan prezidenti mayın 31-də Astanada Avrasiya İqtisadi İttifaqının Zirvə görüşündə çıxış edərkən dörd dəfə yalan danışıb. Ermənistan rəhbərliyinin mahiyyətini ifşa edən Prezident dedi: “...Çox təəccüblüdür, Ermənistan rəhbərliyi bu situasiyada da çalışır ki, öz xalqını, dünya ictimaiyyətini aldatsın. Bu gün bu, mümkün deyil. İndi isə nəticə etibarilə özünü belə gülünc vəziyyətə qoyub. Gah deyirdilər ki, onlar heç bir torpaq itirməyiblər. Gah deyirdilər ki, əksinə onlar Azərbaycan torpaqlarını zəbt ediblər. Gah deyirdilər ki, onlar qələbə qazanıblar. Sonra deyirdilər ki, torpaqları itiriblər. Sonra deyirdilər ki, bu torpaqların əhəmiyyəti yoxdur. Daha sonra deyirlər ki, əhəmiyyəti var, Azərbaycan o torpaqları qaytarsın. Əgər əhəmiyyəti yoxdursa, Azərbaycan bunu nəyə görə qaytarmalıdır?! Yəni, özlərini tamamilə itiriblər, özlərini belə gülünc ifadələrlə ifşa ediblər... Görəndə ki, onlara təzyiq güclənir, daim təxribatlara əl atırlar. Bu aprel döyüşləri də bu sıradan olan təxribat idi. Azərbaycan Ordusu onlara layiqli cavab verdi və düşməni yerinə oturtdu... Yəni, bu, birinci yalan.”
Prezident İlham Əliyev sonra bildirdi ki, Serj Sarkisyan aprelin əvvəlindəki əks-hücumlar zamanı Azərbaycanın 800 hektar işğal olunmuş ərazisini geri almasını bəyan edərkən də yalan danışıb, çünki Azərbaycan Ordusu 800 hektar deyil, 2000 hektardan çox torpağı işğalçılardan azad edib və çox böyük əraziyə nəzarət edir. İndi o ərazidə erməni ordusu heç tərpənə də bilmir...
Daha sonra Prezident vurğuladı ki, Sarkisyanın “Dağlıq Qarabağ ordusu” vəziyyəti nəzarətə alıb” sözləri növbəti yalandır, çünki “Qarabağ ordusu” adlı bir şey yoxdur və işğal olunan ərazilərdə Ermənistandan gələn hərbçilər xidmət edir. Bu da beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün bir mifdir. Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin tərkibində xidmət edən hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır...
Nəhayət, Prezident İlham Əliyev Azərbaycanın Rusiyadan döyüşlərin dayandırılmasını xahiş etməsi barədə Ermənistan prezidentinin bəyanatının da növbəti ağ yalan olduğunu dedi. Çünki Rusiya rəhbərliyinə müraciət edən elə Ermənistan rəhbərliyinin özü olub. Döyüşlərin getdiyi iki-üç gün ərzində Ermənistan ordusu itirdikləri mövqeləri geri qaytarmağa çalışıb. Ancaq görəndə ki, buna nail ola bilmir, görəndə ki, böyük itkilər verir, görəndə ki, əgər dayanmasa, biz daha böyük torpaqlar götürəcəyik, Rusiyaya müraciət etdilər. Və Rusiyanın Baş Qərargah rəisi, sonra RF Prezidenti işə qarışdılar...
Beləliklə, Azərbaycan Prezidenti erməni rəhbərinin yalanlarını bir-bir göstərdikdən sonra fikirini bu ifadə ilə yekunlaşdırdı: “Mən bir cümlədə dörd dəfə yalan danışan ikinci prezident tanımıram. Bu, mütləq “Ginnesin rekordlar kitabı”na salınmalıdır, amma anti-rekord kimi.”
* * *
…Bəli, budur reallıq. Azərbaycanla “forpost Erməniastanın” fərqi bu reallıqda da öz əksini tapır. Bir yanda Yalan, bir yanda Doğru! Doğru yolla gedən müstəqil Azərbaycan dövləti müstəqillik rəmzi kimi ucaltdığı müqəddəs üçrəngli bayrağı ilə “Ginnesin rekordlar kitabı”na düşürsə, müstəqil olmayan saxta Ermənistan dövləti özünün Yalan mücəssəməsi olan miskin rəhbəri ilə dünyanın rekordlar kitabında yer alır.
Əlbəttə, Yalan heç vaxt Doğruya üstün gələ bilməyib və bəzi dünya güclərinin 25 ildir qulaqardına vurduğu bu həqiqət də nə vaxtsa öz yerini alacaq.
Çünki Tanrının Doğru yolu da həqiqətin məntiqi üstündə qurulub.
-------------------------------------
9.VI.2016
Dostları ilə paylaş: |