Yekun hesabat



Yüklə 273,92 Kb.
səhifə4/10
tarix21.10.2017
ölçüsü273,92 Kb.
1   2   3   4   5   6   7   8   9   10

Səbəblər


Uşaq əməyinin səbəbləri yuxarıda təsvir olunmuş həssaslıq faktorları ilə üst-üstə düşür. Azərbaycanda uşaq əməyinin strukturunu başa düşmək üçün mövzunun dərinliklərinə nəzər salıb müxtəlif səbəbləri müəyyənləşdirmək zərurəti mövcuddur.

2005-ci il sorğusuna əsasən, Azərbaycanda uşaqlar öz ailələrinin maddi durumlarını yaxşılaşdırmaq üçün əməyə cəlb olunurlar. Bir sıra görüşlərdə bu fakt təsdiqlənsə də, bəzi faktorlara diqqət yetirmək lazımdır. Nəzərə alsaq ki, 2005-ci ildən etibarən ölkədə yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüşdür, demək olar ki, uşaq əməyi yalnız iqtisadi ehtiyaclar səbəbindən baş vermir, bu həm də sosial marginallaşmanın nəticəsidir. Sosial marginallaşma və iqtisadi yoxsulluq biri birini tamamlayan halların olmasına baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanda uşaq əməyinin kök səbəbləri barədə tədqiqatın aparılmaması bizə bunu tam olaraq təsdiq etmək imkanı vermir.

Bununla belə qeyd etmək lazımdır ki, 2005-ci il sorğusu ilə müəyyən edilmiş səbəblər və 2013-cü ildə məsləhətləşmələr zamanı tərəfdaş qurumların nümayəndələrinin göstərdikləri bir çox səbəblər eyni olmuşdur.

İlk növbədə vurğulamaq lazımdır ki, Azərbaycanda yoxsulluq əsasən kənd yerlərində müşahidə edilir. Yoxsul əhalinin əsas hissəsi kənd yerlərində məskunlaşmışdır və kiçik ailə təsərrüfatları ilə məşğul olur. 2005-ci il sorğusuna əsasən, uşaq əməyinin mühüm hissəsi bu təsərrüfatlarda baş verir. Məsləhətləşmələrdə iştirak edən nümayəndələr qeyd etmişlər ki, Azərbaycanda uşaq əməyi əsasən ailə təsərrüfatlarına xasdır. Eyni zamanda, nümayəndələr arasında ailə təsərrüfatında uşaqların çalışmasının uşaq əməyinə aid etmək barədə də vahid fikir yoxdur. Bəziləri göstərmişlər ki, hansı sahədə baş verməsindən asılı olmayaraq, uşaqların sağlamlığı və inkişafına zərər yetirən, onların təhsil almasına mane olan əmək qadağan olunmalıdır. Digər nümayəndələr isə qeyd etmişlər ki, ailə təsərrüfatı çərçivəsində, ailəyə dəstək məqsədilə həyata keçirilən istənilən iş uşaq əməyinin istismarı sayıla bilməz.

Fikir müxtəlifliyində bu fərqlər özü-özlüyündə uşaq əməyinin müəyyən formalarının səbəblərini təşkil edə bilər. Uşaq əməyinin nədən ibarət olması, onun mahiyyəti və müəyyənləşdirilməsi barədə ümumi razılıq olmadıqca, bu sahədə qanunvericiliyin tətbiqi, uşaq əməyinin istismarına qarşı yönəldilmiş birgə tədbirlərin və əlaqələndirmənin səmərəli nəticələrinə nail olmaq çətin olacaqdır. Bütün tərəfdaş qurumların və onların nümayəndələrinin uşaq əməyi və uşaqların iqtisadi fəaliyyətinə dair məfhumları eyni cür başa düşməsi və qəbul etməsini təmin etmək zərurəti mövcuddur.

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycanda son on ildə insan alveri və məcburi əməyin aradan qaldırılması istiqamətində mühüm işlər həyata keçirilmiş və bunun da nəticəsi olaraq, ictimai məlumatlılıq səviyyəsi xeyli yüksəlmişdir. Lakin uşaq əməyinin ən pis formaları sahəsində vəziyyət fərqlidir və valideynlər, qəyyumlar, eləcə də uşaqlar hələ də uşaq əməyini yoxsulluğa alternativ olaraq qəbul edirlər.

Artıq müəyyən edilmişdir ki, yoxsulluq əsasən Azərbaycanda kənd yerlərinə xas olan fenomendir və şəhər-region arasında olan iqtisadi inkişaf templərinin fərqi ilə yanaşı, qadın və kişi cinslərinin gəlirləri arasında olan fərq də nəzərə alınmalıdır6. Məsləhətləşmələrdə iştirak edən şəxslərin bir çoxu göstərmişlər ki, regionlarda, böyük ailələrdən olan və eləcə də, ailədə kişi valideynindən məhrum olan uşaqlar uşaq əməyinə daha tez cəlb olunurlar.

Bundan əlavə, kənd regionlarından şəhərə axın, şəhər həyat tərzinin daha cazibədar olması, şəhərdə daha keyfiyyətli təhsil, geniş imkanlardan istifadə etmək istəyi və nisbətən artıq gəlirlilik motivasiyası uşaqların da miqrasiya və insan alveri proseslərinin iştirakçısı olmasına şərait yaradır.

İnsanların kənd regionlarından şəhərə axınına müxtəlif xidmət sahələrinin inkişafı arasında olan fərqlər də təsir göstərir. Əhalinin təqribən yarısının şəhərlərdə məskunlaşdığını nəzərə alsaq, əhaliyə göstərilən xidmətlərin, o cümlədən təhsilin keyfiyyəti şəhər yerlərində daha yüksəkdir. Bunun bir sıra səbəbləri mövcuddur ki, bunlardan biri kənd yerlərinə müəllimlərin cəlb edilməsi çətinlikləri ilə bağlıdır. Bu səbəbdən də kənd məktəblərində bir sıra hallarda müəllim çatışmazlığı, müəllimlərin iş yerlərini tez-tez dəyişməsi, məcburiyyət səbəbindən aşağı ixtisaslı müəllimlərin məktəblərə işə götürülməsi halları baş verir.

Şəhər yerlərinə nisbətən daha az gəlirə malik olan kənd regionlarında məskunlaşmış ailələr təhsilə ayrılan xərclərin məbləğinə görə də geri qalır. Azərbaycanda ümumi təhsil ödənişsiz və icbari olsa da, hökumət son zamanlar vahid məktəbli geyimi tələbini tətbiq etməyə başlamışdır. Vahid məktəbli geyimi bütün uşaqlara tətbiq olunur və xərclər valideynlər tərəfindən çəkilir. Bu isə öz növbəsində, ehtiyacı olan və yoxsul ailələr üçün müəyyən maliyyə çətinlikləri yaradır.

Məktəb davamiyyətinə mane olan səbəblərdən biri də, kənd yerləri və miqrant ailələri üçün doğum qeydiyyatı və uşaqlar üçün şəxsiyyət sənədlərinin alınmasında boşluqların mövcud olması ilə bağlıdır. İctimai doğum evlərində deyil, şəxsi evlərdə baş vermiş və qeydiyyata alınmamış doğuşlardan sonra uşaqlar üçün retroaktiv olaraq, məktəbə gedən zaman sənədlərin əldə edilməsi imkanı mövcuddur. Lakin bu hər zaman baş vermir və valideynlər də qeyd edirlər ki, şəxsiyyəti təsdiq edən hər hansı sənədi olmayan uşaqlara nəzarət çox çətin olur. Sənədsiz uşaqlar asanlıqla uşaq alveri və ya istismarına məruz qala bilirlər. Şəxsiyyət sənədinin olmaması səbəbindən təhsil, səhiyyə və digər xidmətlərdən yararlana bilməyən uşaqlar, uşaq əməyinə cəlb olunmağa daha həssasdırlar. Odur ki, icmaları və ailələri səfərbər edib uşaqlar üçün şəxsi sənədlərin təmin olunması və onların təhsil, səhiyyə müəssisələrində qeydiyyatına nəzarət etmək vacibdir.

Bir sıra icmalarda, iqtisadi çətinliklər, uşaqların qeydiyyata alınmaması və məlumatlılıq səviyyəsinin aşağı olması adət-ənənədən irəli gələn bir çox qaydalarla yanaşı bu sahədə mürəkkəb vəziyyətin yaranmasına gətirib çıxarır. Görüşlərdə iştirak etmiş tərəfdaşlar ölkədə, xüsusilə də cənub regionlarında geniş yayılmış erkən nikahlar barədə narahatçılıqlarını ifadə etmişlər. Qadın, Uşaq və Ailə Məsələləri üzrə Dövlət Komitəsi və UNİCEF 2011-ci ildə erkən nikahlara dair tədqiqat həyata keçirmişdir. Bu tədqiqatın nəticələri təsdiq etmişdir ki, həqiqətən də Azərbaycanın cənubunda qız uşaqları (10-12 yaşa qədər) təhsil sistemindən kənarlaşdırılır və erkən nikahlara cəlb olunur. Qız uşaqları erkən nikaha daxil olarkən, həyat yoldaşlarının evi, ailə təsərrüfatı və ya biznesində əməyə cəlb olunur, təhsildən kənar qalır və bir sıra hallarda sağlamlıq üçün riskli şəraitdə çalışmalı olurlar. Əməyin istismarı və müxtəlif risklərdən əlavə, erkən nikaha məcbur edilmiş qız uşaqları həm də cinsi istismara məruz qalırlar. Tərəfdaş qurumlar bu səbəbdən də erkən nikahı uşaq əməyinin əsas səbəblərindən biri kimi qeyd edir, ümumilikdə uşaqların müdafiəsi məsələləri çərçivəsində xüsusi vurğulayırlar.

Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanda uşaq əməyinin bir çox səbəbləri mövcuddur və bu səbəblər bir-biri ilə əlaqəli formada müxtəlif həssas uşaq qrupara öz təsirini göstərir. Azərbaycanda uşaq əməyinin ən pis formalarının ləğvi üçün birgə və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərmək vacibdir. Hal-hazırda, uşaq əməyinin ən pis formalarına qarşı aradan-qaldırma və uşaqların cəmiyyətə yenidən bərpası fəaliyyətləri tətbiq olunsa da, gələcəkdə daha çox qarşısını alma fəaliyyətlərinə diqqət yetirilməlidir (bu barədə Fəsil 4-də daha ətraflı məlumat veriləcəkdir).

Bununla yanaşı, keyfiyyətli xidmətlərin təmin olunması, kənd yerlərində gəlir əldə etmək imkanları və gəlir səviyyəsinin artırılması, uşaq əməyi və onun ən pis formalarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, uşaq əməyi termini və mahiyyəti barədə ümumi razılıq və icmaların bu sahədə səfərbər olunması zərurəti də mövcuddur. Bu məsələlər Fəsil 6-da daha geniş şəkildə müzakirə olunacaqdır.




    1. Yüklə 273,92 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə