Yekun hesabat


Uşaq əməyi məsələləri üzrə tərəfdaşlar, əlaqələndirmə və bacarıqlar



Yüklə 273,92 Kb.
səhifə8/10
tarix21.10.2017
ölçüsü273,92 Kb.
1   2   3   4   5   6   7   8   9   10

Uşaq əməyi məsələləri üzrə tərəfdaşlar, əlaqələndirmə və bacarıqlar


Bu hissədə, Azərbaycanda uşaq əməyinin aradan qaldırılması sahəsində fəaliyyət göstərən müxtəlif tərəfdaş təşkilatlar barədə geniş məlumat təqdim olunur. Bu məlumat tərəfdaş təşkilatlarla görüşlər və məsləhətləşmələr, eləcə də sənədlərin təhlili nəticəsində əldə edilmişdir. Məlumat fərdi təşkilat və qurumların qiymətləndirilməsi məqsədi daşımır. Burada əsas məqsəd uşaq əməyinin aradan qaldırılması sahəsində çalışan müxtəlif tipli təşkilatların fəaliyyətləri və ümumi mühitin təhlilidir. Bu təhlil həm uşaq əməyi, həm də insan alveri, küçə uşaqları, məcburi əmək sahəsində fəaliyyət göstərən təşkilatları əhatə edir.

Azərbaycan hökuməti uşaq əməyinin ən pis formalarının aradan qaldırılması üzrə qəti siyasi iradəyə malikdir və ƏƏSMN/AQUMDK birgə hazırladığı fəaliyyət planı buna sübut ola bilər. Bununla belə, ümumi fəaliyyət əlaqələndirilməsi tam formalaşmamış və bu səbəbdən də, 2014-cü ildən etibarən bu sahədə həyata keçirilən fəaliyyətlərdə təkrarlanma, üst-üstə düşmə ehtimalları mövcuddur. Ümumi siyasət əlaqələndirilməsi formal olaraq, Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə Komissiyaya həvalə edilsə də, fəaliyyət səviyyəsində əlaqələndirmə davamlı xarakter daşımır. İstisna hal, ümumi insan alverinə qarşı mübarizə sahəsində DİN İnsan alverinə qarşı mübarizə idarəsinin əlaqələndirdiyi işçi qrupunu misal göstərmək olar. Bu işçi qrupuna müvafiq hökumət qurumları, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar daxildir. İnsan alverinə qarşı mübarizə idarəsinin rəhbərliyi uşaq əməyi və uşaq alverinə qarşı mübarizənin əhəmiyyətini vurğulamış və gələcəkdə lazım gələrsə bu məsələlər üzrə də əlaqələndirməni həyata keçirmək iradəsini təsdiq etmişdir.

Bir sıra hökumət qurumları da uşaq əməyinə qarşı fəal mübarizədə yer almışlar. ƏƏSMN, Əmək müfəttişliyi xidməti və Əmək siyasəti şöbəsi vasitəsilə əmək qanunvericiliyinin yenilənməsi, icrası və uşaq əməyinə dair müddəaların daxil edilməsi fəaliyyətinə birbaşa cəlb olunmuşdur. ƏƏSMN Azərbaycan hökumətini Beynəlxalq Əmək Təşkilatında təmsil edir. Odur ki, nazirlik BƏT-in uşaq əməyinə qarşı mübarizə sahəsinə aid olan 138 və 182 saylı konvensiyalarının ölkədə icrasına cavabdeh olan əsas qurumdur. ƏƏSMN geniş səlahiyyətlərə malik nazirlikdir və gələcəkdə uşaq əməyinə qarşı mübarizənin səmərəli əlaqələndirilməsini həyata keçirə bilər.

Bundan əlavə, ƏƏSMN uşaq əməyinin aradan qaldırılması üçün vacib olan xidmətlərin, o cümlədən məşğulluğun və sosial müdafiənin artırılmasına görə cavabdehlik daşıyır. Ona görə də nazirlik yalnız potensial əlaqələndirici funksiyaları ilə deyil, həm də ünvanlı sosial proqramlar, məşğulluq mərkəzləri və pilot uşaq qayğı mərkəzləri vasitəsilə vacib sosial xidmətlərin təminatçısı rolunda çıxış edir. Uşaq qayğı mərkəzləri aztəminatlı ailələrin (məsələn, tək valideyni ilə yaşayan uşaqlar) uşaqları üçün nəzərdə tutulur. Bu mərkəzlərdə uşaqlar məktəb saatlarından sonra müxtəlif dərnəklərdə, təhlükəsiz və qayğı mühitində vaxt keçirirlər. Beynəlxalq təcrübə göstərir ki, uşaqların bu cür mühitdə vaxtlarını səmərəli keçirmələri onların gələcəkdə hər hansı əməyə cəlb olunmasının qarşısını almaqda yardımçı olur10. Gələcəkdə uşaq əməyinin və onun ən pis formalarının aradan qaldırılması məqsədilə, uşaq qayğı mərkəzlərinin sayını və əhatəsini genişləndirmək mümkündür.

AQUMDK ölkədə BMT-nin Uşaq hüquqlarına dair və Qadınlara qarşı ayrı-seçkiliyin qadağan olunmasına dair Konvensiyaların icrasına cavabdehdir və uşaq hüquqlarının müdafiəsi mandatına malikdir. Dövlət komitəsi, küçədə yaşayan və küçədə çalışan uşaqlara dəstək, insan alveri qurbanı olan uşaqların müdafiəsi və qorunması kimi bir sıra üşaq hüquqları məsələləri və onların əlaqələndirilməsini də həyata keçirir.

Təhsil nazirliyi də uşaq əməyi sahəsində vacib rola malikdir və Azərbaycanda uşaqların ayrı-seçkilik olmadan təhsilə çıxışını təmin etməyə görə məsul olan dövlət qurumudur. Nazirlik De-institusionallaşma üzrə Dövlət Proqramının icrasına cavabdehlik daşıyır. Bu proqramın məqsədi kimsəsiz uşaqları internat və uşaq evlərindən ayıraraq onları mümkün olan hallarda ailələrə yerləşdirməkdən ibarətdir. Buna səbəb ailələrin və valideynlərin iqtisadi və sosial çətinliklərlə üzləşdikləri hallarda uşaqları ictimai qəyyumluq evlərinə təhvil verməsi prosesinin geniş hal almasıdır. Təcrübə göstərir ki, uşaq evləri və ictimai qəyyumluq mərkəzlərində böyümüş uşaqlar gələcəkdə iş tapmaq, həyatda mövqe tutmaq və cəmiyyətə inteqrasiya istiqamətində müəyyən çətinliklərlə üzləşir. Misal üçün, küçə uşaqlarına dair sorğunun nəticələri göstərir ki, küçələrdə yaşayan uşaqların əksəriyyəti əvvəllər ictimai qəyyumluq mərkəzlərində yaşamışlar. Təhsil nazirliyi uşaq əməyi və uşaq alverinin qarşısının alınması sahəsində mühüm tərəfdaşdır.

İdman və Gənclər nazirliyi (İGN) yeniyetmə və gənclərin sağlam və təhlükəsiz mühitdə səmərəli vaxt keçirməsini təmin etməkdə mühüm rola malikdir. Nazirlik 14-25 yaş arası gəncləri əsas hədəf kimi seçmişdir və 14 yaşından kiçik uşaqların müdafiəsi ƏƏSMN ilə Təhsil nazirliyinin mandatına daxildir.

İGN bütün regionlarda gənclər üçün mərkəzlər tikir, müxtəlif qruplar və fərdlər üçün sərbəst vaxtın səmərəli təşkili üçün şərait yaradır. Müxtəlif gənc və yeniyetmə qrupları yerli icra qurumlarına bu tip mərkəzlərin yaradılması ilə bağlı müraciətlər edir, rəqs, dərnəklər, idman, rəsm, incəsənət sahəsində fəaliyyətlərdə iştirak edirlər. ƏƏSMN tərəfindən yaradılan uşaq qayğı mərkəzləri ilə yanaşı, İGN-nin formalaşdırdığı gənclər üçün mərkəzlər uşaq və yeniyetmələrin təhlükəsiz və sağlam vaxt keçirməsi üçün yaxşı imkan yaradır. Bundan əlavə, İGN gənclər üzrə dövlət proqramının icrasına məsuldur ki, burada da insan alveri, erkən nikahlar və zorakılığın aradan qaldırılması sahəsində gənclərin məlumatlılığının artırılması əhatə olunur.

Beləliklə, uşaq əməyinin aradan qaldırılmasını özü üçün vacib funksiya olaraq müəyyən edən bir sıra hökumət qurumları mövcuddur ki, onların da əsas strategiyasını bu problemin qarşısının preventiv metodlarla alınması və alternativlərin təmin olunması təşkil edir. Gələcəkdə uşaq əməyinin aradan qaldırılması sahəsində əlaqələndirmə prosesinə Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirlikləri də cəlb oluna bilər.

Müvafiq hökumət qurumlarının uşaq əməyinə qarşı mübarizə sahəsində bacarıqlarının inkişaf etdirilməsi və bu mübarizəyə yeni təşkilatların cəlb olunması prioritet təşkil etməlidir. Bundan əlavə, fəaliyyət sahəsində əlaqələndirməni gücləndirməyə ehtiyac vardır. DİN, ƏƏSMN və AQUMDK bu əlaqələndirmə funksiyasını icra etmək qabiliyyəti və imkanlarına malikdir. Odur ki, tövsiyyə olunur qeyd olunan bu 3 dövlət qurumu bir araya gələrək İnsan alverinə qarşı 3-cü Milli Fəaliyyət Planı və ƏƏSMN ilə AQUMDK arasında imzalanmış fəaliyyət planının icrası üzrə işçi qrupu yaratsınlar və bu sahədə cavabdeh olduqları funksiyaları müəyyən etsinlər.

Bu məqsədlə bir sıra modellər nəzərdən keçirilə bilər: sahəvi əlaqələndirmənin bir quruma tapşırılması; rotasiya əsasında sədrlik dəyişən üçlüyə həvalə olunması; daha geniş milli əlaqələndirmə qrupunun yaradılması; mövcud İnsan alverinə qarşı mübarizəyə dair işçi qrupu çərçivəsində uşaq əməyinə dair alt-qrupun yaradılması və sair.

Sosial tərəfdaşlar Azərbaycan uşaq əməyinə qarşı mübarizə sahəsində mühüm rola malikdir və artıq 4-cü hissədə təsvir olunduğu kimi, həmkarlar ittifaqları bu sırada uşaq əməyinin aradan qaldırılmasını öz mövcud proqramları və hesabat formatlarına daxil etmişlər. Azərbaycan Sahibkarlar Konfederasiyası təmsilçilərinin təqdim etdikləri məlumata əsasən ASK Təhsil nazirliyi və ƏƏSMN ilə birgə Peşə Təhsili və Təlimi sektorunu gücləndirməyə çalışır. Asossasiya bu fəaliyyətin gələcəkdə uşaq əməyinin qarşısının alınmasına öz müsbət töhfəsini verəcəyinə əmindir. PTT sektorunun inkişaf etdirilməsi həm uşaq əməyinə alternativlər formalaşdıracaq, həm də gələcəkdə uşaqlar üçün formal təhsil və təlim alaraq öz əmək fəaliyyətlərini daha yaxşı planlaşdırmaq imkanı yaradacaqdır. Beləliklə, BƏT sosial tərəfdaşları da Azərbaycanda uşaq əməyinə qarşı mübarizədə öz məsuliyyətlərini dərk edir və bu sahədə müəyyən fəaliyyətlər həyata keçirirlər.

Yuxarıda qeyd olunduğu kimi, sosial tərəfdaşların uşaq əməyinə cəlb olunması sosial dialoq və kollektiv əmək razılaşmalarında əks olunur. Sosial tərəfdaşların bacarıqlarının artırılması uşaq əməyinin aradan qaldırılmasına öz töhfəsini verəcəkdir. Eyni zamanda, sosial tərəfdaşların nümayəndələrinin uşaq əməyi sahəsində məlumatlılıq və bilik səviyyəsinin artırılması təmin olunmalıdır.

QHT və digər vətəndaş cəmiyyəti təşkilatları nisbətən gənc sektoru təmsil etsələr də, Azərbaycanda insan alveri və uşaq müdafiəsi məsələlərində fəal rola malikdirlər. Uşaq Hüquqlarının Müdafiəsi üzrə QHT Alyansının 85 üzv təşkilatı vardır və Alyansın əsas fəaliyyəti müxtəlif uşaq hüquqları və müdafiə məsələləri, o cümlədən uşaq alveri, küçə uşaqları, erkən nikahlar, cender əsaslı zorakılıq və sair istiqamətlərdə fəaliyyət göstərir. Alyans BMT-nin Uşaq Hüququna dair Konvensiyası üzrə alternativ hesabatlar hazırlayır, eləcə də sənədləşmə, hesabatların hazırlanması, təhlil və kommunikasiya sahəsində əhəmiyyətli təcrübəyə malikdir.

Məhdud sayda təşkilatlar küçə uşaqları və insan alveri qurbanları üçün sığınacaqlar təşkil etmişlər. Missiya çərçivəsində Bakıda yerləşən iki sığınacağa səfər edilmiş, küçə uşaqları və insan alveri qurbanları üçün müdafiə və yardım xidmətləri göstərən sığınacaqlarda görüşlər keçirilmişdir. Bu xidmətlərə misal olaraq qurbanlara göstərilən reabilitasiya, tibbi, psixo-sosial dəstək, travmaya qarşı dəstək, geriqayıtma, ailəsi ilə birləşmək xidmətlərini göstərmək olar. Hər iki sığınacaqda uşaq əməyinə cəlb olunmuş uşaqlara rast gəlinmişdir və onların əksər hissəsi də küçələrdə çalışmışlar. Bu sığınacaqların rəhbərliyi və əməkdaşları əsasən, bu uşaqların reabilitasiyası və reinteqrasiyası ilə məşğul olmuş, eyni zamanda ictimai məlumatlılığın və icma səfərbərliyinin gücləndirilməsi vasitəsilə preventiv tədbirlərin vacibliyini qeyd etmişlər.

Bundan əlavə, müəyyən edilmişdir ki, bir QHT (Təmiz Dünya) DİN ilə əməkdaşlıq çərçivəsində İcma Uşaq Müdafiəsi Komitəsi pilot layihəsini həyata keçirir. İUMK dünyanın müxtəlif ölkələrində uşaq əməyinin ən pis formalarına qarşı uşaqların müdafiəsi istiqamətində səmərəli vasitə olmuşdur11. İUMK uşaq əməyinin monitorinqi mexanizminin dayanıqlı və səmərəli şəkildə formalaşması üçün potensial vasitədir. İUMK vasitəsilə uşaq əməyi riskinə məruz qalan uşaqlara icma səviyyəsində müvafiq xidmətlərin göstərilməsi, məlumatın artırılması, münasibət və davranışın müsbət istiqamətdə dəyişməsinə nail olmaq mümkündür. Bu səbəbdən də pilot layihənin gələcəkdə dəstəklənməsi, qiymətləndirilməsi, sənədləşdirilərək ölkənin müxtəlif yerlərində tətbiq edilməsi Azərbaycanda uşaq əməyinə qarşı mübarizəyə öz səmərəli təsirini göstərəcəkdir.

Bu məqsədə nail olmaq üçün tərəfdaşların İUMK təcrübəsini daha yaxından öyrənmək və fəaliyyətini təhlil etmək zərurəti mövcuddur. Yerli səviyyədə İUMK məqsədləri və əhəmiyyəti dərk olunmazsa, bu komitənin səmərəliliyi də aşağı səviyyədə olar. Təbii ki, qurum eyni zamanda, yerli və sosial kontekstə uyğunlaşdırılmalıdır. Müxtəlif ölkələrin bu sahədə müsbət təcrübəsi öyrənilə, əsas hökumət və QHT təşkilatları üçün bu sahədə təlimlər təşkil oluna bilər. İUMK üzrə göstəiş və fəaliyyət kitabçalarının, təlim materiallarının hazırlanması, eləcə də uşaq əməyinə dair müddəaların bu materiallara daxil edilməsi də vacibdir. Bütün bu tədbirlər milli bacarıqların artırılmasına öz müsbət töhfəsini verə bilər.

Ümumilikdə, yerli səviyyədə uşaq əməyi məsələləri ilə məşğul olmaq bacarığı və imkanı məhduddur. Yerli icra orqanları tərkibində uşaq müdafiəsi bölməsi fəaliyyət göstərsə də, bu qurumun işçi heyəti və büdcə baxımından çatışmamazlıqları vardır. Bu da öz növbəsində kifayət qədər mühüm və böyük iş yükünü icra etmək üçün yetərli deyildir. Bundan əlavə, həmin icra orqanları tərkibində fəaliyyət göstərən uşaq bölmələri uşaq hüquqlarının müxtəlif sahələri üzrə məşğul olur. Bu isə uşaq əməyinin prioritet məsələ olaraq qəbul olunmasını istisna edir və uşaq əməyinin aradan qaldırılması işinin səmərəliliyini azaldır.

Artıq müzakirə olunduğu kimi, Azərbaycanda uşaq əməyi sahəsində məlumat bazasının yenilənməsi və gücləndirilməsi vacib prioritet təşkil edir. İlk növbədə, Dövlət Statistika Komitəsi geniş miqyaslı sorğular təşkil etmək bacarığına malikdir. ƏƏSMN nəzdində fəaliyyət göstərən İqtisadi və Sosial Tədqiqatlar İnstitutu sosial, iqtisadi və əmək məsələləri üzrə keyfiyyət və kəmiyyət əsaslı tədqiqatların icrası təcrübəsi və imkanlarına malikdir. Bundan əlavə, uşaq hüquqları və sosial inkişaf məsələləri üzrə keyfiyyət sorğuları və tədqiqatları təcrübəsi əldə etmiş nisbətən kiçik tədqiqat qrupları və təşkilatları da mövcuddur. Məsləhətləşmələrdə iştirak etmiş tərəfdaş qurumların nümayəndələri bildirmişlər ki, Azərbaycanda uşaq əməyi sahəsində tədqiqatın aparılması və uşaq əməyinin monitorinqi üzrə mexanizmin yaradılması üzrə zəruri, əlverişli imkanlar mövcuddur. Eyni zamanda, uşaq əməyinə dair məlumat bazasının genişləndirilməsi və yenilənməsi üçün də texniki və maliyyə dəstəyinə ehtiyacın olduğu göstərilmişdir.

Uşaq əməyinə dair məsələlərin mediada əks etdirilməsi də məhdud səviyyədə aparılmışdır. Uşaq əməyinə dair məlumatların təqdim olunması, məqalə və verilişlərin hazırlanması üzrə media qurumları və təmsilçilərinin bacarıqlarının inkişafı gələcəkdə ictimai məlumatın artırılması və davranışın dəyişdirilməsi üçün vacib rol oynayır. Müxtəlif səviyyələrdə, müəllimlər, təhsil işçiləri və təsisatlarının uşaq əməyi sahəsində bacarıqlarının gücləndirilməsi də ictimai məlumat səviyyəsinin artmasına öz müsbət töhfəsini verə bilər.

Beynəlxalq təşkilatlar Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində mühüm fəaliyyətlər həyata keçirir və müvafiq dövlət, hökumət qurumları ilə, eləcə də vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq edirlər. Bu əməkdaşlıq insan alverinin qarşısının alınması, müvafiq qurumların bacarıqlarının inkişafı, qurbanlara yardım və onların cəmiyyətə reinteqrasiyası istiqamətində aparılır. Odur ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar uşaq əməyinin ən pis formalarının aradan qaldırılması sahəsində də səfərbər oluna və zəruri fəaliyyətlərin icrasına öz dəstəyini təqdim edə bilərlər. UNİCEF Azərbaycanda geniş şəkildə uşaq müdafiəsi fəaliyyətlərini dəstəkləyir və bir sıra tədqiqat işlərini həyata keçirir. Məsələn, küçə uşaqlaırnın vəziyyəti ilə bağlı son tədqiqat bu qurumun maliyyə və texniki dəstəyi ilə yerinə yetirilmişdir.

Yekunda qeyd etmək lazımdır ki, uşaq əməyinin aradan qaldırılması və buna uyğun digər sahələr üzrə ölkədə artıq bir sıra tərəfdaş qurumlar fəaliyyət göstərir. Əsas diqqət uşaq alveri və risk amilləri kimi uşaq əməyinin müxtəlif formalarına yönəldilmişdir. Xüsusi olaraq qeyd etməliyik ki, uşaq əməyi və uşaq əməyinin ən pis formalarının sürətlə aradan qaldırılmasının tam zamanıdır.

Gələcək fəaliyyətlərin forma və planı mövcud vəziyyəti əks etdirən tədqiqatlara əsaslanmalıdır. Həm hökumət, həm də qeyri-hökumət təşkilatları uşaq əməyinin aradan qaldırılması vacibliyini və buna özlərinin hazır olduqlarını bəyan etmişlər. Bir sıra hallarda, tərəfdaşların uşaq əməyinə qarşı mübarizə strategiyasının düzgün müəyyən olunması və icrası üzrə bacarıqlarının inkişafı tövsiyyə olunur. BƏT sosial tərəfdaşları olan qurumlar digər texniki sahələr üzrə də bacarıqlarını artıra bilərlər.

Azərbaycanda tərəfdaş qurumların bacarıqlarını gücləndirmək sahəsində istənilən fəaliyyət yerli icra qurumları və icma əsaslı təşkilatların bacarıqlarını nəzərə almalıdır. Yerli səviyyədə fəaliyyət göstərən müvafiq qurumların texniki, icra və maliyyə bacarıqları əhəmiyyətli dərəcədə artırılmalıdır.




  1. Yüklə 273,92 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə