Zaur vediLİ


SƏXAVƏT: – Durun birgə enək həyətə Nərmin, Deyirlər oynasın bəy ilə gəlin. (hamısı ayağa qalxır) SEVDA



Yüklə 1,39 Mb.
səhifə12/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

SƏXAVƏT:Durun birgə enək həyətə Nərmin,

Deyirlər oynasın bəy ilə gəlin.



(hamısı ayağa qalxır)

SEVDA: – Siz gedin saçımı darayım mən də,

Bu saat gəlirəm.



ALİYƏ:– Gecikmə onda.

(Gedirlər )

SEVDA (onların arxasıyca baxır):

“Sizi xoşbəxt etsin İlahi, qızlar”!

Dediyi sözə bax yaramaz, murdar!

Sən xoşbəxt olmağa qoydun ki, olaq?!

Üstəlik sinəmə çəkdin çarpaz dağ!

Gərək bu libasda olaydım özüm,

Yox ki, kül olaydı alovum, közüm!

Axır ürəyimə odlu göz yaşı,

Bəlkə də kül edər ahım dağ-daşı!

Bəs niyə kül etmir ahım səni bəs,

Üstəlik artırır səndə xoş həvəs?!

Bəlkə istəyimi özün biləsən,

Bununçün üzümə qəsdlə gülürsən?!

Aldın Səxavəti mənim əlimdən,

Xoş söz gözləyirsən bəlkə dilimdən?!

Yox, səni qoymaram xoşbəxt olasan!

Qoymaram bu evdə batıb qalasan!

Ayağın altında qazacam quyu,

Göz yaşı edəcəm içdiyin suyu!

Nurlu gündüzünü edəcəm gecə,

Qəlbindəki ümüd dönəcək heçə!

Ahım mütləq sənə qənim olacaq,

Səxavət sənin yox, mənim olacaq!

(Gedir)


V şəkil
Qış fəslidi. Xanım divanda oturub nəvəsi Orxana oxşamalar deyə-deyə oynadır. Səxavət, Vüsal və Nərminə də evdədilər.

VÜSAL: – On beş gün qalsa da qışın ömrünə,

Yamanca soyuqdu eşikdə yenə.



SƏXAVƏT: – Hə, şaxta adamı qılınc tək kəsir,

Soyuqdan adamın lap dizi əsir.

Bir də kiçik çillə hər il bu zaman,

Özünü göstərir, olur qar-boran.



XANIM: – Ömrümün gəncliyi düşsə də közə,

Qəlbim dağa dönür baxanda sizə!

Mənim baldan şirin ay oğullarım,

Qanada çevrilib sanki qollarım!

Sanki qanad açıb mən uçacağam,

Dünyaya xoşbəxtlik, nur saçacağam!

Bala, arxa olun bir-birinizə,

Siz bələdçi olun öz sirrinizə.



NƏRMİNƏ: – Əmim səhər tezdən gedib baxçaya,

Hələ də gəlməyib.



XANIM: – Əşi, qocaya,

Elə bil bağ-bağça can olacaqdı.

Bir gün baş çəkməsə qan olacaqdı,

Gərək hər gün səhər baş çəkə bağa,

Əlini bulaya qara torpağa.

Yaza az qalmışdan ta qışa qədər,

Bacaya baş çəkə gərək hər səhər,

Hey qara torpaqda hər gün çalışar.

Səhər-axşam başı işə qarışar,

Gərək hər gün torpaq ətrini ala.

Yorulmaq da bilməz o yaşda əsla,

Deyir ki, torpaqdan əlim ayrılsa

Onda mən ölərəm batarsız yasa.

SƏXAVƏT: – Ay ana, atamı olmur qınamaq,

Özünə bağlayıb kişini torpaq.



XANIM: – Hələ, bir gün qışda bərk xəstələndi,

Gözləri önündə tor pərdələndi.

O dərman qalmadı almayaq ona,

Qoymadı dərmanı kişi yaxına

Dedi: – dərman üzü görməyən Sabir,

Dərman içib qazsın özünə qəbir?

Atdı yerə-yurda kişi dərmanı,

Dedi ki, – möhkəmdi Sabirin canı.

Hər ötən xəstəlik onu əyənməz,

Dərman içsəm məni qəlbim bəyənməz.

Dedi ki, torpaqdı dərman dərdimə,

Zəhər qatanmaram öz şərbətimə.

Həmən kişi məcbur qalxdı ayağa,

Getdi xəstə halda yenə o bağa.

Şaxtalı, sazaqlı soyuqda kişi

Tapdı özü üçün bağda o işi.

Ged-gedə xəstəlik canından çıxdı,

Xəstəlik onu yox, o dərdi yıxdı.

İndi də maşallah lap sağ-salamat,

Sürür özü üçün dünyada həyat.



(Sabirin öskürməsi eşidilir. Qapı açılır. Sabir gəlir)

SABİR: – Eşik çox soyuqdu, qızım Nərminə,

Bir stəkan isti çay gətir mənə.



(Gedib Xanımın yanında oturur. Nərminə otaqdan çıxır)

Əkin yerlərini yarpaq-yurpaqdan,

Tamam təmizlədim.

VÜSAL: – Ata, soyuqdan,

Nə olar özünü gözləsən bir az?



SABİR: – Qorxma oğlum, qorxma, heç bir şey olmaz.

Lap polad kimidir Sabirin canı,

O, görüb bundan bərk şaxta-boranı.

VÜSAL: – Olsun kişi, olsun, Allaha şükür,

Arzumdu həmişə olasan bu cür.



SƏXAVƏT: – Vüsal bizə baxma, kişi maşallah,

Dəyər bizim kimi yüzünə vallah.



SABİR: – Bəs necə, bu saat Orxan balanı,

Babası oynadar dincələr canı.

Nəvəmi ver görüm mənə ay arvad,

(Orxanı Xanımdan alır)

Mənə həyat verir Orxanım, həyat!



(Öpüb oynadır. Səxavətə)

Niyə getmədiniz bəs Səlim gilə,

Gəlinin xalası gəlməyib hələ?

(Nərminə çay dolu stəkanları sinidə gətirib stola düzür)

SƏXAVƏT: – Vaxtdı, indi gəlmiş olarlar.

XANIM: – Bala,

Hazırlaşıb gedin qaynanan gilə. (Nərminəyə)

Qızım, get hazırlaş.

(Telefon zəng çalır. Nərminə dəstəyi qaldırır)

NƏRMİNƏ: – Ali... Mənəm hə...

Hamısı yaxşıdı, sağ ol Aliyə...

İndi gəlirsiniz?... Aliyə eşit,

Əgər mümkündürsə anamgilə get.

Xalamgil gələcək bu gün Gəncədən,

Onlara gedirik Səxavətlə mən.

Gəl orda görüşək... Oldu... Hələlik.

SƏXAVƏT:– Gecdi Nərminə get hazırlaş gedək.

(Stəkanları Nərminə yığışdırır. Hazırlaşıb gedirlər)

VI Şəkil
Səlim gilin evi. Nərminə, Səxavət, Sevda, Aliyə və Bəxtiyar ot­aq­dadılar. Bəxtiyrt tez-tez gözaltı Aliyəyə baxır. Sevda gah qaşqabaqlı, gah da gülərüzdü.

ALİYƏ:(Nərminəyə)

Sənə göz dəyməsin, ay qız vallah sən,

Anba-an, günbə-gün gözəlləşirsən!

Elə bil insan yox, huri-mələksən



NƏRMİNƏ: – Sizə oxşamışam qızlar.
BƏXTİYAR: –Deyəsən,

Bu kənddə hər qıza gülə, çiçəyə,

Tanrı öz nurundan verib hədiyyə.

Sevdanın bir azca gülsə üz-gözü,

Əskik olmazsınız Nərmindən düzü.

(Sevda gülümsəməyə çalışır)

SƏXAVƏT: – Tək bunlar yox, kəndin bütün qızları,

Dan ulduzlarıdı, dan ulduzları.

Allah hamısını xoşbəxt eləsin,

Yollarına vüsal nuru ələsin.



BƏXTİYAR: –Amin. Hə Səxavət, yaxşı dur gedək,

O biri otaqda biz söhbət edək.



NƏRMİNƏ: – Yaxşı, siz otaqda söhbət eləyin,

Mən də sizin üçün bir çay dəmləyim.



(Səxavət, Nərminə və Bəxtiyar gedirlər)

ALİYƏ: – Sevda, Nərminənin oğlu maşallah,

Ay kimi, gül kimi gözəldir vallah!

Qar tək ağappaqdı onun yanağı,

Adam az qalır ki, yesin uşağı.

Düz demirəm Sevda?

SEVDA(könülsüz): – Hə, düz deyirsən.

(Aliyə Sevdaya baxır)

ALİYƏ: – Sevda, Nərminədən söz düşəndə sən,

Mənə elə gəlir toydan bu yana,

Elə bil yad gözlə baxırsan ona.

SEVDA: – Kim yad gözlə baxır, mən?

ALİYƏ: – Hə, sən.

SEVDA: – Heç vaxt,

Mən ola bilmərəm Nərminəyə yad.



(Özünü büruzə verməmək üçün yalandan gülümsəyir)

ALİYƏ: – Təki elə olsun, ancaq ki, Sevda,

Səndəki bu halı hiss edir o da.

Mən bilirəm səbəb nədir bu hala,

Gərək uymayasan hər boş xəyala.



SEVDA (əsəbi halda): – Boş xəyal nə üçün.

ALİYƏ: – Xəyaldı bəli!

SEVDA: – Aliyə, gəl məni eləmə dəli,

O ki, söz açıldı, qoy deyim sənə,

Haqlı haqsız kimdi özün de mənə!

ALİYƏ: – Lazım deyil, hər şey məlumdu Sevda,

Sən ona eşq elan etsən də hətda!

Səxavət ki, səni sevməsi haqda,

Bir söz deməyibdi kənddə, qıraqda.

Sən onu sevmisən bəlkə də gizli.

SEVDA: – Aliyə, olarmı sevgi də gizli?

Gizli niyə aşkar sevirəm onu,

Kənddə də çox qızlar bilirlər bunu.

Ancaq rəfiqəmiz olan Nərminə,

Həmin xoşbəxtliyi çox gördü mənə!

ALİYƏ:(başını bulayır)

Yenə də Nərminə? Eh, Sevda, Sevda,

Belə çıxır sənin sözündən, onda,

Sən arzulamırsan ona xoşbəxtlik,

O deyil, sən ona çıxırsan şərik!

Sevda, daha unut o boş şeyləri,

Düz altı il keçir o vaxtdan bəri.

Altı il bir insan ömrüdü məncə,

Niyə gündüzünü edirsən gecə?

Sənin ulduzun da bir gün nur saçar,

İlahi sənə də bir qapı açar.

Unut boş şeyləri, unur sən Allah,

Yersiz hərəkətlər edirsən vallah.

(Nərminə çay dolu stəkanları sinidə gətirib stola düzür. Sev­da ya­landan gülümsəyir)

NƏRMİNƏ: –Gecikdiyim üçün qızlar, siz Allah,

Məni bağışlayın.



ALİYƏ: – Nərmninə, vallah,

Sənin bu sözlərin tamam yersizdi,

Ora da, bura da öz evinizdi.

NƏRMİNƏ: –Əlbətdə elədir, əlbətdə. Düzü,

Gördüm anam gilin yox izi-tozu,

Toyuğu-cücəni tez hinə qatdım,

Sonra da onlara bir az dən atdım.

Onunçün gecikdim.

SEVDA: – Nərminə, sən gəl,

Dilinə güc verib törətmə əngəl.

Onlar indi sizdə söhbətdədirlər,

Kim bilir, bəlkə də qiybətdədirlər.

Otaq bülənd olub çayın ətrinə,

İçməsək, dəyərik onun xətrinə.



NƏRMİNƏ: –Bu başqa məsələ. (Çay içirlər)

ALİYƏ: – Bəs Orxan hanı?

NƏRMİNƏ: – Bir yerdə saxlamaq olur Orxanı?

Nədənsə qarışmır o biz tərəfə,

Anamgil gedəndə apardı evə.

ALİYƏ: – Allah kömək olsun, çox ağıllıdı,

Mehriban, gülərüz, şirin dillidi.



(Nərminə boş stəkanları götürür)

ALİYƏ: – İçmirəm Nərminə.

SEVDA: – İçmirəm mən də.

NƏRMİNƏ: – Elə bir stəkan?

SEVDA: – Bəs edər.

NƏRMİNƏ: – Onda,

Qoy gedim onların çayını süzüm,

Bu saat gəlirəm.

(Gedir)

SEVDA: – Nədənsə üzüm,

Elə bil od tutub yanır, alışır,

Yəqin ki, sözümü kimsə danışır.

(hər iki üzünü əlləri ilə tutur)

Alışır sifətim, dodağım, dilim,

Qoy çıxım havamı dəyişim gəlim.
(Otaqdan çıxır. Aliyə başını aşağı salıb nəsə fikirləşir. Bəxti­yar gəlir. Aliyə onun gözlərinə baxır)
BƏXTİYAR: – Aliyə, deyəsən qorxutdum səni?

ALİYƏ: – Narahat olmayın. Bəxtiyar, məni,

Qorxaq zənn etdiniz, bir bu qədər siz.



BƏXTİYAR: – Bilirsən Aliyə, sanıram sənsiz,

Həyat gözlərimdə mənasız olur,

Qəlbimə intizar, hicran, dərd dolur.

Beş il bundan əvvəl gələndə kəndə,

Nərminə gildəydin o zaman sən də.

Elə oradaca mən səni gördüm,

Qəlbinin teleni qəlbimə hördüm.

Sevdim o vaxt səni bircə baxışla,

Ancaq bir iş üçün məni bağışla.

Oxudum, işlədim kəndə gəlmədim,

Sənə sevdiyimi deyə bilmədim.

Qəlbim düşən gündən səndən aralı,

Oldu ovçu vurmuş quş tək yaralı.

Məcnun tək gəzsəm də çölü-çəməni,

Aliyə, mən yenə sevirəm səni.

ALİYƏ: – Belə sevirdinsə sən məni əgər,

Onda bəs hardaydın indiyə qədər?

Niyə görünmürdün kənddə-kəsəkdə.

Məncə sinəndəki o daş ürəkdə,

Kök salan həqiqi sevgi deyil, yox!

BƏXTİYAR: –Səhvin var, mən səni çox sevirəm, çox!

Səni dünya kimi, lap özüm kimi,

Bu dünyanı görən cüt gözüm kimi,

Ülvü məhəbbətlə sevirəm inan!

Bu cavan ömrümü gəl etmə talan.

Gəl həsrət qoyma sən bülbülü gülə.

Məni sevirsənmi Aliyə, söylə?

(Aliyə gülümsəyərək başını aşağı salır)

Mənim də üzümə açıldı səhər,

Susmaq razılıqdı belə deyərlər.

(Aliyə gedir. Öz-özünə)

Ağır təbiətli qızdı Aliyə,

Qorxurdum həsrəti qəddimi əyə.

Qorxurdum eşqimi rədd eləyə o,

“Bəli” əvəzinə “yox” söyləyə o.

Şükür ki, olmadı bunlar heç biri,

Sevə bildi məni o gözəl pəri.

(Bir az susur)

Nə qədər sevsəm də mən onu ancaq,

Yenə Nərminədi qəlbimdə çıraq!

Odur ürəyimi hey ovunduran,

Gözlərim önündə saray tək duran,

Bütün dərdlərimin odur məlhəmi,

Onsuz bağlamışam qəlbimə qəmi.

Onu Səxavətlə görəndə qoşa,

Elə bil yaz ömrüm çevrilir qışa.

Qəlbimdə yüz ölçüb mən bir biçirəm,

Qanlı yolları da bəzən keçirəm.

Ancaq gələnmirəm mən bir ölçüyə,

Bir fikir önünə, bir nəticəyə!

(Siqaret yandırıb çəkir)

Qara saçlarını ağ hörəcəm mən,

Səxavəti ona çox görəcəm mən!

(Səxavət gəlir)

SƏXAVƏT: – Hə, gecdi daha biz gedək Bəxtiyar.

BƏXTİYAR: – Xalam gil gəlməmiş?

SƏXAVƏT: – Gəlibdi onlar.

(Otaqdan çıxırlar)

VII Şəkil
Səxavət, Nərminə, Sevda, Aliyə və Bəxtiyar yol ayrıcın­da­dı­lar. Döngədə Sevda onlardan ayrılır. Nərminə ilə Aliyə gedirlər. Səxavətlə Bəxtiyar döngədə dayanıb söhbət edirlər.

BƏXTİYAR: – Səxavət, sən onu çoxmu sevirsən?

SƏXAVƏT: – Kimi?

BƏXTİYAR: – Nərminəni.

SƏXAVƏT:Mən bilmirəm sən,

Mənə neyçün sual verirsən belə.

Onunla ailə qurandan hələ,

Mənə verməyiblər belə bir sual.



BƏXTİYAR: – Mən birinciyəmsə, oldum lap xoşhal.

De görün nə qədər sevirsən onu?



SƏXAVƏT: – Qədərsiz!

BƏXTİYAR (hirslə): –

Qədərsiz? Bəs bunun sozu?!

Nə vaxt olcaqdı Səxavət, nə vaxt?!

SƏXAVƏT (hirslənir): –

Necə ki, dünyada sürürük həyat,

Sonu olmayacaq bunun Bəxtiyar,

Onu sevəcəyəm mən necə ki, var!

Bir də ki, bu yersiz suallar axı,

De kimə lazımdı bu axşam çağı?!



BƏXTİYAR: – Yersiz niyə olur, yerlidir, yerli,

Yersiz danışmıram mən heç vaxt bəli!

Səxavət, bir sual verəcəm sənə,

Ancaq kişi kimi cavab ver mənə.

Sən heç həyatında ömründə bir yol,

Namərdlik yoluna qoymusanmı qol?



SƏXAVƏT: – Bəxtiyar, mən sizi başa düşmədim,

O yola de səncə kim qol qoyar, kim?!

Heç vaxt etməmişəm, eləmərəm də,

Namərdlik eyləyən gədədir, gədə!



BƏXTİYAR: – Bir sual da çıxır ortaya yenə,

Göz dikmək özgənin xoşbəxtliyinə,

Namərdlik deyilmi sənin fikrincə?

SƏXAVƏT: – Heç nə anlamadım, nə dedin, necə?!

BƏXTİYAR: – Bəli, anlamazsan onu Səxavət,

Neçə vaxtdı üzür məni bu dəhşət.

Xalam qızı ola mələk Nərminə,

Sənə yox, gərək ki, çataydı mənə!



(Səxavət qəzəbli baxışlarıyla ona baxıb hirsindən dodaq­la­rı­nı gə­mirir. Bəxtiyar cibindəki tapançanı çıxardır)

Bükübsən qəlbimi dərdə, azara,

İndi göndərimmi səni bu gora?!

SƏXAVƏT: – Səndən gözləməzdim bu hərəkəti,

Adamın qeyrəti olar, qeyrəti!

Kişi arxalanmaz qanlı silaha,

Baha oturar bu, sənə çox baha!

Nərminə olsa da xalanın qızı,

Mənə yazılıbdı qismətdə yazı!

Zorla almamışam mən Nərminəni,

Mən onu sevmişəm, o da ki, məni!

Özün namərd ikən gəzmə namərdi.

Adamın qeyrəti olar, qeyrəti!



(Səxavət gəlir. Bəxtiyar onun arxasıyca baxır. Ağaca dal­da­lanıb ta­pançadan atəş açıb Səxavəti vurur və qaçır. Nərminə və Aliyə at­əş səsinə dönüb arxaya baxanda Səxavəti al-qan içində yerə uz­anmış görüb tez qaçıb onun yanına gəlirlər.)

NƏRMİNƏ (ağlayaraq): –

Nə oldu Səxavət, sənə kim qıydı,

Hansı namərd səni bu günə qoydu?!

SƏXAVƏT:(Zarıyaraq Nərminənin saçlarını sığallayır)

Ah, alçaq Bəxtiyar...!



NƏRMİNƏ: – Necə...?! Bəxtiyar...?!

ALİYƏ: – İlahi, belə də namərdlik olar?!

(Səxavətin əli Nərminənin saçlarında, Başı dizlərində ölür. Nərminə ilə Aliyə hönkürüb ağlayırlar)
I hissənin sonu
II HİSSƏ

IV pərdə, VIII şəkil
Nərminə başdan-ayağa qara geyinib əlləri qoynunda oturub xəyala dalıb. Xanım gəlir. Nərminə xəyaldan ayrılır.
XANIM: – Nə dərin xəyala dalmısan elə,

Nə olub ay qızım?



NƏRMİNƏ: – Heç, elə-belə (köks ötürür).

XANIM: – Köksün dağa-daşa qızım Nərminə!

Axı neçə dəfə demişəm sənə,

Sən o əllərini qoynuna qoyma,

Solğun baxışlarla qəlbimi oyma!

Bizə etdiyini elədi fələk,

Görüm ağlar qalsın onu da biz tək!



(Nərminəni qucaqlayıb öpür)

Sənin gözlərini nəmli görəndə,

O, dünyaya gedib gəlirəm mən də!

Özünü çox üzmə ay iki gözüm,

Orxanın sağ olsun, Orxanın qızım!

Şükür, Səxavətin yanır çırağı,

O, qoymaz sönməyə yanar ocağı!

Artıq vaxtdı qızım, indi bir azdan,

Harda olsa gələr məktəbdən Orxan.

Dur get onun üçün yemək hazırla.



(Nərminə durub gedir)

Ay qızım Nərminə bir ayaq saxla.



(Nərminə qayıdır)
Sənə qurban olum qızım, incimə,

Bir odlu göz yaşı axır içimə,

Bu qara libasda görəndə səni!

NƏRMİNƏ: – Yox-yox ola bilməz! Deyirsən yəni,

Səxavətdən sonra...!?



XANIM: – Eşit ay gəlin,

Qara örpək altda qalanda telin,

Yanar od ələnir sanki başıma,

Qızım, sən cavansan çox qəm daşıma.

Çox fikir eləyib düşərsən yerə,

Üstümə yıxılar bütün dağ, dərə!

Ay qızım, dururam sənin arxanda,

Oğlumu görürəm sənə baxanda.

Sənə güldən ağır yoxdu bir sözüm,

Ay qızım icazə verirəm özüm.

Geyinmə daha bu qara libası,

Toy-toyu gətirər, bala yas yası!



(Nərminə gedir)

Görüm Səxavətə qıyan namərdi,

Dərd tapsın, qarışsın dərdinə dərdi!

(Həyət darvazasının cırıltısı eşidilir. Orxan mək­təb­dən gə­lir)

ORXAN (kefsiz halda): – Salam nənə.

XANIM: – Salam ay Orxan oğlum,

Salam deyən dilin qurbanı olum!

Gəl otur nənənin dizinin üstə,

De görüm neçə 5 alıbsan dərsdə?



(Orxan nənəsinin dizlərinin üstündə oturub onu qucaqlayır və doluxsanır)

ORXAN: – Nənə can.

XANIM: – Can nənə.

ORXAN: – Niyə mənə siz,

Yetim olduğumu bildirmirsiniz?!



(Xanımın gözləri dolur. Lakin büruzə vermək istəmir)

XANIM: – Orxan, o nə sözdü danışırsan sən?!

ORXAN: – Yox nənə, bilirəm hamısını mən!

Mənim atam yoxdu, vurublar onu!



XANIM: – Yalan sözdü, sənə kim dedi bunu?!

(için-için səssiz ağlayır)

ORXAN: – Nənə yalan deyil bu həqiqətdi,

Gəzməyə getməyi yalan söhbətdi!



XANIM: – Atanın ölməyi yalandı Orxan,

Bunu sənə hansı yalançı oğlan,

Yalandan deyibdi?!

ORXAN: – Yox nənə, düzdü,

Mənim atam ölüb, gəzmək boş sözdü.

Dalaşdım Xəlillə gələndə indi,

O da mənə “yetim, atasız” dedi!

Gülə-gülə dedi: – ay yazıq Orxan,

Atanı vurublar ölübdü çoxdan!



(Nərminə gəlir. Onları ağlayan görüb tutulur)

İnanmırsan gedək sənə göstərim,

Onda sən özün gör kim olur yetim!

Görək kim oxşayır yetim uşağa!

Getdik müəllimlər olan otağa,

Vurulub atamın şəkli divara,

Bəzənmişdi dörd bir tərəfi qara!

Ağlaya-ağlaya baxdım şəkilə,

Altda yazmışdılar belə bir cümlə.

“Müəllim dostumuz mərhum Səxavət”!

Elə bil asıldı ürəyimdən dərd!

XANIM (Orxanın göz yaşını silərək): –

Gözümün işığı əzizim Orxan,

Sözlərin doğrudur, deyildir yalan!

Görürəm ki, daha bəsdir gizlətdik,

Artıq iki ildi atan rəhmətlik,

Köçüb bu dünyadan, həyatda yoxdu!

Artıq sən kişisən, özünü tox tut,

Atanın yurdunda yandır şamını!



ORXAN (hönkürüb ağlayır): –

Alacam atamın intiqamını!



XANIM: – Məktəbdən gəlibsən, dur get ye yemək,

Sonra gəl babanın yanına gedək.



(Orxanı dizlərindən düşürdür. Orxan Nərminə ilə gedir)

Yetim olduğunu o, bildi daha,

Onu ovundurmaq qalıb Allaha!

Nə bilim, nə bilim bu gündən belə,

Tuta bilərikmi biz onu dilə?

(Xeyli fikrə gedir. Sabirin öskürməsi eşidilir və gəlir)

SABİR: – Şükür, hədər etmir Tanrı zəhməti,

Yağdırıbdı bağa bar-bərəkəti.

Şükür, bol olacaq bu il ruzumuz,

Nə də ac qalacaq qoyun-quzumuz.



(Nərminə Sabirlə Xanıma çay gətirir)

Sağ ol qadan alım. Qızım Nərminə,



(Nərminə ona baxır)

Bir söz deməyibmi qaynanan sənə?



NƏRMİNƏ: – Nə barədə əmi?

SABİR: – Libas barədə.

(Nərminə başını aşağı salır)

Gözümün işığı, az bülən dərdə!

Qızım, daha bəsdir geyindin qara,

Dağlı sinəmizi elədin yara!

Get geyin əynini ay iki gözüm,

İcazə verirəm qızım mən özüm.

Başına dolanım bala min kərə,

Çox sağ ol qoyduğun hörmətə görə!



(Nərminə gedir)

XANIM: – Vallah gəlin deyil mələkdi mələk,

Hər insanda olmaz ondakı ürək!

Mən də geyim haqda dedim gəlinə,

Ancaq qorxurdum ki, dəyə könlünə.



SABİR: – Yox arvad bu gəlin başqadı, başqa,

Əgər durub çəksək sözü biz haqqa,

Onda nə incimək, nə də küsmək var,

Ürəyi açıqdı, təmiz qardı qar!

Hər qəmli görəndə o gül camalı,

Mən yazıq Sabirin dəyişir halı!

Orxandı, gəlindi həyatım mənim,

Yoxsa biçilmişdi çoxdan kəfənim!



(Nərminə paltarını dəyişib gəlir)

XANIM: – Səndən gözəl olmaz nə gül, nə qönçə,

Qızım bax həmişə geyin beləcə.



(həyətin dəmir darvazasının cırıltısı eşidilir. Vüsal gəlir)

VÜSAL: – Salam.

SABİR: – Salam bala.

(müşdüyünü çıxardıb siqaret yandırıb çəkir)

XANIM: – Hardaydın oğlum?

VÜSAL: – Səlim dayı gilə düşmüşdü yolum,

Səhər Bəxtiyar da gəlib onlara.

Düzü, çox vuruldum mən Bəxtiyara,

Çox təmiz oğlandı, qohumcanlıdı,

Namuslu, qeyrətli dəliqanlıdı.

Hər sözü-söhbəti məzədir, məzə,

Gələndə də dedim dur gedək bizə,

Dedi çox yorğunam.



(Nərminə boğulmuş kimi olur)

XANIM: – Onda ay gəlin,

Gedib Bəxtiyarı siz görüb gəlin.

Bizdən anangilə salam söyləyin,

Bəxtiyarı evə dəvət eləyin.



SABİR: – Hə, xalan düz deyir dur get hazırlaş,

Orxan balamızla get yavaş-yavaş.

Biz də gedək bağa baş çəkək yenə,

Qarışsın başımız əkin-biçinə.



(Ayağa durub Xanımla və Vüsalla bağa gedirlər)

NƏRMİNƏ:(öz-özünə)

İlahi, özün gör özün dəhşəti,

Neçə cür olarmış insan sifəti?!

Bəlkə mat qalıbsan bu işə sən də,

Nə üzlə gəlibdi o, bir də kəndə?!

İnana bilmirəm özüm özümə,

Necə görünəcək mənim gözümə?!

Bəlkə heç getməyim? Yox deyil mümkün,

Saymamazlıq olar bu onlar üçün!

Qaynatam, qaynanam düşünər yəqin,

Onların sözünü eşitmir gəlin.

Qoy gedim zəng vurum Aliyəgilə,

Gəlsin elə gedim Aliyə ilə.

(Sinidəki çay içilmiş stəkanları götürüb gedir)

IX şəkil
Səlimgilin həyəti. Səlim, Solmaz və Bəxtiyar çay süfrəsi ar­xa­­­­­sındadırlar. Nərminə, Orxan və Aliyə gəlirlər. Orxan baba­sı­nın qucağına qaçır.

ORXAN: – Salam baba, gəldim.



Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə