Zaur vediLİ


SƏLİM: – Sən xoş gəldin, gəl. (Orxanı bağrına basıb öpür) NƏRMİNƏ



Yüklə 1,39 Mb.
səhifə13/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

SƏLİM: – Sən xoş gəldin, gəl.

(Orxanı bağrına basıb öpür)

NƏRMİNƏ: – Salam.

SƏLİM: – Salam qızım.

(Hamısı görüşüb-öpüşürlər və süfrə arxasında otururlar. Or­x­a­nın saçlarını tumarlayaraq)

Gözəlsən gözəl.



SOLMAZ: – Yəqin Bəxtiyarı görməyə gəldin?

(Nərminə çiyinlərini çəkir)

ORXAN:Nənə düz deyirsən, bunu nə bildin?

SƏLİM: – Sizdə nə var, nə yox Nərminə qızım?

Qaynatan, qaynanan necədi quzum?



NƏRMİNƏ: – Hələ ki, elə bir yenilik yoxdu,

Qaynatamın sizə salamı çoxdu.



SƏLİM: – Salam göndərəni qızım, sağ olsun,

İlahi sizlərə qoy dayaq olsun.

Qızım sözlərimi unutma heç vaxt,

Necə ki, dünyada sürürsən həyat,

Qaynanan anandı, qaynatan atan.

Qənimət adamdı vallah qaynatan!

Yerini biləndi hər işin, sözün,

Bunu məndən yaxşı bilirsən özün.

Onların üznə heç vaxt olma ağ,

Dağlı qəlblərinə bir də çəkmə dağ!

Qızım, dul gəlinsən bunu unutma,

Bulud altda qalıb Ay, aydın səma!

Zəhər də versələr onu alıb iç,

Nə iş görsən onu yüz ölçüb bir biç.

Çalış ki, adına ləkə dəyməsin,

Hər yetən, hər ötən bizi söyməsin.

Mənim sözlərimdən qızım incimə,

Qoy bir də qonmasın qəm sevincinə!

Hər görəndə sənin solğun çöhrəni,

Başıma yıxırsan dağı, dərəni!

Qızım, nə iş görsən elə addım at,

Yazıq Səxavətin olsun ruhu şad!



(siqaret yandırıb çəkir)

Yadından çıxmasın sözlərim bala!



SOLMAZ: – Ona qıyan kəsi tutacaq bəla!

Kənddə hamı ona rəhmət oxuyur,

Onu vuran kəsə lənət oxuyur!

ALİYƏ (bəxtiyara baxır): –

Düz deyirsən xala axı Səxavət,

Ona qıyan kəs tək olmayıb namərd!

O da susuz gül tək vaxtsız solacaq,

Ona qıyan namərd alçaqdı, alçaq!
(Bəxtiyar özünü büruzə verəcəyindən qorxub siqaretini yan­dıra-yandıra kənarda dayanır)

SƏLİM: – Çox istidi. Gedim yatmağa daha,

Canini tapşıraq o bir Allaha!



NƏRMİNƏ (Aliyəyə): –

Sən stəkanları yığışdır mən də,

Orxanı yatırdım gəlirəm indi.

(Səlim Orxanı qucağına alıb Solmazla və Nərminə ilə ge­dir­lər. Aliyə stolun üstünü təmizləyərkən Bəxtiyar gəlir)

BƏXTİYAR: – Məndən incimisən deyəsən axı?

ALİYƏ: – Bu kənddə incitməz kimsə qonağı.

BƏXTİYAR: – Çox yaxşı bilirəm maral bunu mən,

Bilirəm ki, məndən incimisən sən.

Bəli, inciməyə sənin haqqın var,

Amma ki, Aliyə...



ALİYƏ Eşit Bəxtiyar,

(hirslə)

Yaxşısı budur ki, burdan uzaqlaş,

Necə ki, dəyməyib təpəndən bir daş!

BƏXTİYAR (gülümsəyərək): –

Nə qədər hirsliymiş bizim bu gözəl,

Rəhm et, çox hirslənmə, qəzəblənmə gəl!

Bu bir zarafatdı, ancaq Aliyə,

Belə hirslənirsən boş yerə niyə?

Necə düşünürsən bilmirəm məni,

Öz canımdan artıq sevirəm səni.

İnan sözlərimə, Aliyə inan,

Vallah sözlərimdə yoxdur bir yalan.

Evdə hazırladım toy tədarükü,

Götürdüm üstümdən bu ağır yükü.

İnan sözlərimə ay nazlı sonam,

Bizim yolumuzu gözləyir anam.

ALİYƏ: – Gözləsin, istəsə könlü nə qədər,

Şirin dil tökməyin hədərdi, hədər!



BƏXTİYAR: – Əvvəlki söz hara, indiki hara?

Rəhmə gəl, çox vurma qəlbimə yara!

Bəsdi birgə çəkdik bu qədər həsrət,

Etmək istəyirəm mən səni xoşbəxt!



ALİYƏ (kinayə ilə): – Xalan qızı kimi?!

BƏXTİYAR ( sualdan sarsılır. Həyəcanla): –Aliyə xanım,

Heç nə anlamadım! Sən mənim canım,

Nə olub ki, mənim xalam qızına?!

ALİYƏ: – Ayıbdı, o sözü alma ağzına!

Onu xalan qızı bilsəydin əgər,

Şirin şərbətini etməzdin zəhər!

Arxadan vurmazdın sən Səxavəti,

Çox yaxşı tanıdım mən sən namərdi!

Nərminin qədrini nə bildin ki, sən,

De, mənim qədrimi nə biləcəksən?!

(Bəxtiyar cavab verməyə söz tapmır. Aliyə stəkanları gö­tü­rüb ge­­­dir)

BƏXTİYAR (öz-özünə): –

Yəqin vuran kimi ölməyibdi o,

Onlara adımı söyləyibdi o.

Bununçün o mənə o sözü dedi,

Yaxşı mən neyləyim, neyləyim indi?!

Bunlar məni hər cür sınayacaqlar,

Məni qatil kimi tanıyacalar!

Gərək ki, axtarım bir çarə tapım,

Tapmasam bir yolluq bağlanar qapım!

(Dərin fikrə gedir)

Aha tapdım-tapdım, özü də əla!

Bu fikirlə heç vaxt qalmaram dala!

(Cibindən kağız-qələm çıxardıb tələsik nə isə yazır. Nər­mi­nə­­nin, Aliyənin və Solmazın səsi eşidilir. Bəxtiyar tez kağız-qələmi cibinə qoyur. Solmaz gəlir)

SOLMAZ: – Təkcə neyləyirsən ay xalan qurban?

Gəlmədin səninçün qaldım nigaran.



BƏXTİYAR (tutula-tutula): –Heç, bağa getmişdim.

SOLMAZ: – Bağa? Nə olar,

Gördünmü bağçada nə gözəllik var?

Səlim qatlaşdıqca işə, zəhmətə,

Baxçanı döndərib sanki çiçəyə.



BƏXTİYAR: – Hə xala doğrudan, yadıma düşdü,

Anam məktub yazıb mənə vermişdi,

Dedi ki, məktubu çatdırım sənə.

SOLMAZ: – Doğrudan? Ver görüm nə yazıb mənə!

(Bəxtiyar cibindəki məktubu çıxardıb xalasına verir. Solmaz məktubu açıb bərkdən oxuyur)

– Salam Səlim kişi və bacım Solmaz,

Kefiniz necədi? Məncə pis olmaz.

Bacı can, necədi Nərminə indi?

Mən bilirəm onun dərdi dərindi.

Dərdi unutdurmaq lazımdı qıza,

Dərd çəkmək yaraşmır o bir ulduza!

Mən qurban edərəm sizə özümü,

Ancaq yerə salma gəl bu sözümü.

Solmaz, Nərminəni sevir Bəxtiyar,

Deyir ki, ömrümə yağır intizar!

Deyir ki, həyatda mən onsuz heçəm,

Yoxdu Nərminəsiz gündüzüm-gecəm!

Deyir qəbul etsə əgər sevgimi,

Sevəcəm Orxanı öz balam kimi.

İndi Solmaz bacı özün fikirləş,

Gəl bu xoşbəxtliyi et onlara bəxş.

Əgər yerə salsan sözümü yenə,

Hesab et əlinlə gor qazdın mənə!

“Yox” desən, o sözün qəlbimdə oxdu,

Sənin də mən adda bir bacın yoxdu!

Çalış ki, bu işə vurulmasın pər,

İmza bacın Dursun, daha bu qədər.

(məktub əlində bir qədər fikrə gedir. Bəxtiyara)

Bu nə cür məktubdu bu mənə yazıb,

Deyəsən bacımın lap ağlı azıb?!

Getsəydi qızlıqda o vaxt gedərdi,

Belə söhbətlər də tamam bitərdi!

Bacım ömrün-günün bu sırasında,

Məni qoyur odla su arasında!

(dərindən ah çəkir. Bəxtiyara)

Anan yazdıqları düzdü Bəxtiyar?



BƏXTİYAR: – Bəli Solmaz xala, elədir ki, var.

SOLMAZ: – Sən çoxmu sevirsən xalan qızını?

BƏXTİYAR: – Xala can, kim sevməz ömrün yazını?

(Siqaret yandırıb gedir. Solmaz yenə fikrə gedir. Nərminə gə­lir)

NƏRMİNƏ: – Çöhrəndə qəm-kədər duyulur ana,

Nə fikrə getmisən, nə olub sənə?



SOLMAZ: – Qızım, bir söz desəm yerə salmazsan?

NƏRMİNƏ: – Yox ana.

SOLMAZ: – Qorxuram razı olmazsan.

NƏRMİNƏ: – Yox, razı olaram sözünü söylə,

Sözündən çıxmaram bircə an belə.



SOLMAZ: – Belə də bilirdim, sağ ol ay qızım,

(Məktubu Nərminəyə uzadır)

Al oxu, yazılıb burda hər arzum.



(Nərminə məktubu alıb ürəyində oxuyur və hirslə bağırır)

NƏRMİNƏ: – Heç bir vaxt, heç zaman bu ola bilməz!

SOLMAZ: – Hirslənmə, hirsini boğazında əz.

Bir eşit, an ananı, gör nə deyirəm,

Niyə qışqırırsan, səni döyürəm?

NƏRMİNƏ: – Yox ana, bu haqda heç nə danışma!

SOLMAZ: – Ay qızım hirslənmə, yanıb alışma,

Bizi də yandırma sən öz közünə,

Yaxşı danışmırsan, di gəl özünə.

NƏRMİNƏ (xəyala dalır və xəyaldan ayrılır): –

Yox, dönə bilmərəm mən öz əhdimdən,



SOLMAZ (hirslə): –

Əhdimdən-əhdimdən! Sən anasan mən?!

Qanundu ananın sözü övlada

Verməz balasını o, heç vaxt bada.

Nərminə, deyirəm bunu eşit, bil,

Məncə daha artıq söz lazım deyil!

Mən sənə nə desəm o olmalıdı,

Gözlərin yollardan yığılmalıdı!



NƏRMİNƏ (ağlayaraq): –

Heç vaxt unutmaram onu bircə an,

Unutsam olaram ömrümdən talan!

Mən əhdimdən dönüb onu unutsam,

Həyat özü məndən alar intiqam!

Özümə ər bilsəm mən Bəxtiyarı,

Od tutub alışar onun məzarı!

Yox bacaranmaram!



SOLMAZ (mülayim): – Qızım yenə yox?!

Bəsdi ürəyimə sancdın niyə, ax!

Sənin gözlərini görəndə ağlar,

Çəkir göz yaşların sinəmə dağlar!

Qızım gözlərindən axan yaşı sil,

Dön öz inadından, bu lazım deyil!

Sən onu da bil ki, ananam sənin,

Dərdinə, oduna yananam sənin!

Mən səni pis yola etmərəm vadar,

Etmək istəyirəm qışını bahar!

Qızım Bəxtiyar da pis oğlan deyil.

NƏRMİNƏ: – Yox ana, Bəxtiyar qatildi qatil!

Alçağın, namərdin qatildi adı,

Olmaq istəmirəm qatil arvadı!

SOLMAZ: – Qızım qatil dedin?! De bu nə sözdü?!

NƏRMİNƏ: – Bəli qatil dedim mən ona, düzdü!

Yazıq Səxavəti o vurubdu o,

Əyilməz qəddimi o qırıbdı o,!

Yayılanda atəş sədası kəndə,

Biz al-qan içində onu görəndə,

Yenə tumarladı məni əliylə,

“Ah, alçaq Bəxtiyar” dedi diliylə!

(Solmazın qaş çatılır.Rəngi qaçır.Əlini alnına qoyub fikrə ge­dir)

SOLMAZ: – Vay-vay!!! Demək belə!!! Qızım Nərminə,

Yaxşı ki, söylədin sən bunu mənə!

Heç belə bilmirdim vallah mən onu,

Məndən gizlətmədin yaxşı ki, bunu!

Vaxtında getsəydin sən Bəxtiyara,

İndi də düşməzdin beləcə dara!

Bəxtiyar olsa da qatil ya fələk,

Məcbursan, sən ona gedəsən gərək!

Gec-tez açılarsa bu işin üstü,

Çıxar hamımızın başından tüstü!

Düşərik hamının kənddə gözündən,

Qurtara bilmərik əcəl torundan!

İndi iki yol var min ölçüb bir biç,

Qızım, iki yoldan sən birini seç!



(Nərminə fikirə gedir)

NƏRMİNƏ: – Axı necə çıxım mən evdən ana?!

SOLMAZ: – Qızım, mahna tapmaq nə var ki, buna!

Bax, indi gedirsən sən evinizə,

Evdə qaynananı tutarsan sözə,

Sonra da sakitcə utancaq halda,

De ki, xala məni Vüsala al da!

Məni almasanız Vüsala əgər,

Çıxacam bu evdən elə bu səhər!

Razı olmayacaq onsuz da Vüsal,

Bunu bəhanə et bir yolluq çıx gəl.

NƏRMİNƏ: – Sən nə danışırsan?! Fikirləş ana,

Sonra düşərik biz elin ağzına!

Bilsələr çıxmışam evdən nə üçün,

Vallah edər bizi el kənddən sürgün!

Bacarmaram ana!

SOLMAZ: – Yox, bacararsan,

Öz bağlı qapını özün açarsan!

Gələrsən qalarsan burda neçə vaxt,

Sonra Bəxtiyarla qurarsan həyat.

Qaldı elin ağzı, olma nigaran,

Sən çıx gəl, sonrası asandı,asan.



(ayağa durur)

Yaxşı, yubanma dur evinizə get,

Sənə nə dedimsə bircə-bircə et.

(Orxan gəlir. Nərminə ayağa qalxıb Orxanla gedir)
X Şəkil
Sabirgilin həyəti. Xanımla Sabir həyətdədirlər. Orxan əlində çanta məktəbdən gəlir.

ORXAN: – Nənə can mən gəldim.

XANIM: – Gəl ürəyim, gəl,

Sən gələn yollara nənən düzər ləl.



(Orxan nənəsi ilə görüşüb-öpüşür. Babasının qucağında oturub on­unla da öpüşüb-görüşür. Nərminə gəlir)

SABİR (Orxanın saçlarını tumarlayaraq): –

Babanın həyatı, babanın gülü,

Sənsiz açılmaz heç babanın könlü.

Orxanımdı mənim şirin həyatım,

Sevincim, nəfəsim, qolum-qanadım!

Gedək sən çörək ye, mən namaz qılım,

Sonra gedək bağa qurbanın olum.

XANIM: – Niyə gözlərinə qəm dolub belə?

Ay qızım Nərminə, nə olub sənə?

Yoxsa bir hadisə üz verib bala?

NƏRMİNƏ: – Yox heç nə olmayıb, qorxmayın xala.

XANIM: – Təki eləm olsun, qorxdum ki, birdən,

Kimsə ola sənin xətrinə dəyən.



(Nərminə Sabir və Orxan gedirlər)

Yox, gəlin demədi, nəsə olubdu,

Gözləri buludtək yaman dolubdu.

(xəyala dalır. Nərminə gəlir. O, yenə kefsizdi)

Ay qızım Nərminə, sən məni yaman,

Fikirli çöhrənlə etdin nigaran!

Nərminə, gizlətmə məndən sözünü,

Xətrinə kim dəyib söylə düzünü!

NƏRMİNƏ: – Ana, bu günkü gün biz etmişdik əhd,

Tez döndü əhdindən ancaq Səxavət!



(ağlayaraq)

Qoydu bu dünyada məni tək-tənha,

Həyat da heçləşib gözümdə daha!

Belə inlədikcə hər dəfə könlüm,

Ölüm istəyirəm Allahdan ölüm!

Bayaq əri ilə gördüm Maralı,

Oldu dağlı qəlbim bir də yaralı!

Qopdu qaysaqlanmış yaramın közü,

Doldu bulud kimi qəlbimin gözü!

Onların toyundan bircə gün əvvəl,

Çalınırdı bizim toyumuz, di gəl,

Fələk oyun açdı mənim başıma,

Məni bülənd etdi öz göz yaşıma!

XANIM: – Allahın işidi qızım, ağlama,

Dağlanmış sinəmi bir də dağlama!

Orxanın sağ olsun, Orxanın bala,

Tək sən deyilsən ki, düşən bu hala!



(Orxanla Vüsalın gülüş səsi eşidilir)

Di ağlama qızım, göz yaşını sil,

Necə ki, ömrün var ağlama sən gül!

NƏRMİNƏ (göz yaşını silə-silə): –

Xala bir söz desəm onu edərsən?



XANIM: – Niyə eləmirəm, de edərəm mən.

NƏRMİNƏ: – Xala, istəyirsən mən evdən çıxım?

(Xanımın qaşları çatılır, rəngi qaçır. Dili tutula-tutula)

XANIM: – Qızım, onda de ki, evini yıxım!

Gəlin, bu nə sözdü, necə sualdı?!

Bu necə fikirdi, necə xəyaldı?!

Nə tez unutdun sən bəs Səxavəti?!

Andına, əhdinə düz sədaqəti?!

Səndən gözləməzdim!



NƏRMİNƏ (utancaqlıqla başını aşağı salır): –

Eləsə onda,

Xanım xala, məni Vüsala al da!

XANIM (tutularaq): – Qızım vallah!!! Vallah!!!

VÜSAL (Nərminənin dediklərini eşidib qışqıraraq gəlir): –

Nə dedin?! Necə?!

Qurumsaq olmağım qalmışdı bircə?!

Bu necə fikirdi bacım Nərminə?!



(Orxan gəlib onlara baxır)

Hansı qanmaz keçib bu dərsi sənə?!

Girib qardaşımın mən yatağına,

Çevrilim bu kəndin qurumsağına?!

Qardaşımın goru od tutub yansın,

Kənddə hamı məni nakişi sansın?!

Qışa çevrilsə də çiçəkli yazın,

Qəlbində qalacaq sənin bu arzun!



XANIM (ağlayaraq): –

Doğrudan da kişi oğlusan oğlum,

Sənin qeyrətinə mən qurban olum!

NƏRMİNƏ: – Getməli olacam onda mən demək!

(Getmək istəyir. Xanım onu tutur)

XANIM: – İnsaf elə qızım!

NƏRMİNƏ (qolunu dartır): – Yox, əlini çək,

VÜSAL: – Daşı ətəyindən gəl tök Nərminə,

Bu işin ucalıq gətirməz sənə!

Necə başa salım səni bilmirəm,

Bir fikirləş bacı!



(Nərminə Orxanın qolundan yapışıb aparmaq istəyir. Orxan qo­lu­nu anasının əlindən dartıb çıxardır)

ORXAN: – (Ağlayaraq) Yox, mən getmirəm!

(Nərminə gedir. Anasının arxasıyca)

Qayıt qurban olum, qayıt anacan,

Məni sənsiz qoyma, yazıqdı Orxan!

(Orxan anasının dalınca qaçmaq istəyir. Nə fikirləşirsə qayı­dıb nənəsinin qucağına atılır. Hər üçü ağlayır)

(pərdə)

V pərdə, II şəkil
Səlimgilin həyəti. Nərminə Solmazla həyətdəki köhnə di­vanda oturubdular.

NƏRMİNƏ: – Görüm lənət olsun, lənət şeytana,

Gərək tutmayaydıq bu işi ana!



SOLMAZ: – Niyə tutmayaydıq hə qızım, niyə?

Kimin nə haqqı var ki, bizə söyə?

Sən əli qoynunda qalanda, bala,

“Əhsən” deyirdilər səndə bu hala?



NƏRMİNƏ: – Bəli deyirdilər!

SOLMAZ: – Deyirdilər? Kim?

NƏRMİNƏ: – Kənddə nə qədər ki, yaşayır kəndçim.

SOLMAZ: – Onda belə çıxır sənin sözündən,

Daha sən düşübsən elin gözündən?!



NƏRMİNƏ: – Düşməmişdim, ancaq daha düşəcəm!

Mən çəkirdimsə də ər evində qəm,

Ər evində ərsiz qalsam da ana,

Gözucu baxanda bir yol Orxana,

Onda unudurdum bütün dərdimi,

Mən onda tapırdım səadətimi!

Onsuz qəddim vaxtsız büküləcəkdi,

Ömrüm divar-divar sözüləcəkdi!

Lap yaxşı tanıyır onları hamı,

Həyat qoymaz məndə bu intiqamı!

Onlar sevir məni!(göyə baxaraq)

Bilirsən Tanrı,

Mən də çox sevirəm, lap çox onları!

Bu ayrılıq mənə çox edir təsir,

Vallah onlar üçün ürəyim əsir!

Danışa bilsəydi əgər daş-divar,

Onlar da deyərdi: – sənsən günahkar!

SOLMAZ (kinayə ilə): –Əgər sən ömrünün sonuna qədər,

O evdə çəksəydin təkcə qəm-kədər,

Qəlbinə əksəydin həsrəti, qəmi,

Günahkar olmazdın onda eləmi?



NƏRMİNƏ: – Əlbətdə elədir.

SOLMAZ: – Yox qızım səhvsən,

Pis yola çəkmirəm heç vaxt səni mən!

O ki, qaldı Orxan, bala heç zaman,

Keçməz anasından nə qız, nə oğlan!

Qala bilməyəcək bircə ay sənsiz,

Səni axtaracaq, tapacaq gec-tez!

Mən buna əminəm.

NƏRMİNƏ: – Yox, səhvsən ana,

Onlar məndən artıq baxır Orxana.

Orxan da onları sevir mən qədər.

SOLMAZ: – Qızım, dözməlisən yenə bir təhər.

Bilirəm səninçün çətin olcaq,

Həsrət saçlarını hər vaxt yolacaq!

Ancaq bu çətinlik müvəqqətidi,

Əsas onun sənə məhəbbətidi.

NƏRMİNƏ: – Mənə nə sevgisi olacaq onun,

Qəlbinə qəm-kədər dolacaq onun!

Axdıqca içinə odlu göz yaşı,

Sevgisi olarmı heç mənə qarşı?!

Atasız, anasız könlü gülərmi?!

Heç məni özünə ana bilərmi?!



(ağlayır)

SOLMAZ: – Mən onu demirəm.

NƏRMİNƏ: – Bəs kimi ana?

SOLMAZ: – Qızım, Bəxtiyarı.

NƏRMİNƏ: – Heyif ki, ona,

O adı qoyublar!



SOLMAZ: – Niyə ki, qızım?

Məgər o pis addı ay şirin arzum?

Mənim ən sevdiyim addı Bəxtiyar.

NƏRMİNƏ: – Yaxşı addır ana, elədir ki, var!

Gərək onun adı Namərd olardı,

Ya da Bəxtiyar yox, Bədbəxt olardı!

Dünyada ən gözəl olsa da o ad,

Yenə yata bilməz qəlbimə heç vaxt!

Tək bir addı yatan qəlbimə sərbəst,

O da Səxavətdi, ana Səxavət!

SOLMAZ (hirslə): – Səxavət-Səxavət, ay qızım bəsdi,

Bu boş söz-söhbətin səbrimi kəsdi!

Sən daha o adı biryolluq unut,

Bəxtiyar adıyla qəlbini ovut!

O, elə bir yola gedibdi bala,

O yolun yolçusu qayıtmır dala!

Sən gəl Bəxtiyarı sev, ailə qur,

Onda qazanassan sən mütləq uğur.



(ayaq tappıltısı eşidilir)

Qızım, Bəxtiyardı gələn deyəsən,

Hə, bir də qoy sənə onu deyim mən,

Qızım, Səxavətin ölümü haqda,

Bəxtiyara heç nə danışmırsan ha!

Nəinki tək ona, bala heç kimə,

Bir kəlmə də olsun bu haqda demə!

Eşitdinmi qızım?(Bəxtiyar gəlir)



BƏXTİYAR: – Deyirəm xala, (gözaltı Nərminəyə baxır)

Adam ölsə ölüb bu kənddə qala.



SOLMAZ: – Xalan qurban, bütün dünyanı gəzsən,

Bizim kənd kimi kənd tapa bilməzsən.

Hər otu dərdlərin olur dərmanı,

Özü də gözəldi qızları kimi.

Səlim bağdaydımı oğlum Bəxtiyar?

BƏXTİYAR: – Hə bağdaydı.

SOLMAZ: – Gedim bir görüm nə var.

(ayağa durub gedir)

BƏXTİYAR (xeyli Nərminəyə baxır): –

Nərmin, yenə niyə tutqundu halın?



NƏRMİNƏ: – Mənə Nərmin demə! Oldu?!

BƏXTİYAR: – Sualın,

Qəribə göründü, nə deyim sənə?



NƏRMİNƏ: – Heç bir şey, sadəcə de ki, Nərminə!

BƏXTİYAR: – Qəribədir. Nədir buna səbəb bəs?

NƏRMİNƏ: – Səbəbi odur ki, həyatda heç kəs,

Nərmin deyə bilməz mənə dünyada!

Əgər deyərlərsə Bəxtiyar, onda,

Səxavətin ruhu nigaran olar

Xoş xatirələrim gül kimi solar!

Bəxtiyar, unutma heç vaxt bunu sən,

Yalnız Səxavətin Nərminiyəm mən!

(Bəxtiyar sual dolu baxışlarla bir qədər Nərminəyə baxıb su­sur)

BƏXTİYAR: – Sənə nə olubdu ay Nərmin yenə?

NƏRMİNƏ (ciddi): – Dedim Nərmin demə!

BƏXTİYAR: – Yaxşı Nərminə.

Səxavət adını Nərminə, unut,

Sən mənim adımı ürəyində tut!

Xoşbəxt günlər üçün həyatda yaşa,

Xoşbəxt günlərlə də ömrü vur başa!

NƏRMİNƏ (köksünü ötürərək): –

Yox, bu mümkün deyil heç vaxt Bəxtiyar,

Unutsam ömrümü alar boran-qar!

Bürüyər canımı ən ağır bir dərd!



(Qəsdən hirslənərək)

Bircə ona qıyan o alçaq namərd,

Düşəydi əlimə, baxıb üzünə,

Tüpürərdim onun iki gözünə!

Bunu da görəydi bütün el-aləm,

Lap əla olardı!



BƏXTİYAR: – Gülüm bilirəm,

Səninçün çətindi onu unutmaq.

Mənim ömrüm-günüm, sevgilim ancaq,

Ondan az sevmirəm mən səni, inan.

Sənsiz ömrüm keçməz heç vaxt firəvan.

Sənsiz güllü yazım dönmüşdü qışa,

Dönmüşdüm sinəsi oxlanmış quşa.

(əlini ürəyinin üstünə qoyur)

Məni yaşadan bu ürəyim sənsən,

Sən necə Nərminə, məni sevirsən?

NƏRMİNƏ (könülsüz): –Sevirəm Bəxtiyar, özü də lap çox!

BƏXTİYAR: – Mən qədər?

NƏRMİNƏ: – Əlbət də.

BƏXTİYAR: – İnanmıram yox.

Sevməzsən mən səni sevdiyim qədər.



NƏRMİNƏ: – Sevirəm.

BƏXTİYAR: – Deməli açıldı səhər,

Mənim qaranlıqda qalan üzümə,

Əzizim, qulaq as mənim sözümə,

Geyinib hazır ol, sabah bu zaman,

Qoşul mənə çıxaq birlikdə burdan.

NƏRMİNƏ: – Sabah?

BƏXTİYAR: – Bəli sabah. Oldumu?

(Nərminə bir qədər fikrə gedir)

NƏRMİNƏ: – Oldu.

BƏXTİYAR: – Şükür, üzümüzə xoşbəxtlik gülür.

(Ayaq səsləri eşidilir. Aliyə gəlir. Bəxtiyar qaşları çatılmış halda səssizcə ayağa durub gedir)

ALİYƏ: – Xoş gördük Nərminə.

NƏRMİNƏ:–Xoş gördük.(öpüşüb-görüşüb, qoşa otururlar)

ALİYƏ: – Yəqin,

Məni gözləmirdin eləmi Nərmin?



NƏRMİNƏ: – Düz deyirsən bacı, düzdü sualın.

ALİYƏ: – De görüm necədi kefin, əhvalın?

NƏRMİNƏ: – Kefim?! Pisdi bacı!

ALİYƏ: – Niyə Nərminə?

(Nərminə çiyinlərini çəkib heç nə demir)

Nərmin mən bilirəm nə olub sənə,

Düz iş görməmisən bu işdə ancaq.

Tutduğun bu işdə nahaqsan, nahaq!

Nərminə, bilmirəm axı sən niyə,

Düşmən kəsilirsən özün özüyə?

Buna səbəb nədir?

NƏRMİNƏ: – Səbəb?! Bilmirəm!

Yığılıb üst-üstə ürəyimdə qəm!

Ovulur ürəyim, sızlayır yaram,

Düz deyirsən bacı, mən günahkaram!

Nahaq yerə tutdum mən belə bir iş!

(əllərini göyə açır)

Ey Tanrı, dardayam köməyə yetiş!




Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə