Zaur vediLİ



Yüklə 1,39 Mb.
səhifə14/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   19

ALİYƏ: – Dünən bulaqdaydıq bir neçə qızla,

Bulağa gedəndən gəlincə əsla,

Edilmədi özgə barədə söhbət,

Səndən danışıldı yalan, həqiqət.



NƏRMİNƏ: – Xalam məktub yazıb anama yenə,

Yazıb ki, Bəxtiyar aşiqdi mənə.

Yazıb ki, çox sevir məni Bəxtiyar,

Mənsiz həyatını alıb boran-qar.

Yazıq Bəxtiyara mən getsəm əgər,

Orxanı sevəcək balası qədər.

Xalam yazıbdı ki, Bəxtiyar guya,

Hər cürə hazırlıq görübdü toya.

Anam da ağlımı başımdan aldı,

Mən yazıq bədbəxti bu günə saldı!

Könülsüz də olsa razılaşmışam,

Qoşulub qaçacam mən sabah axşam!

Özü də Orxansız! (ağlayır)

ALİYƏ: – Bəs sən qatilə,

Necə könül verdin de bilə-bilə?!



NƏRMİNƏ: – Özüm də bilmirəm!

ALİYƏ: – Bilirsən Nərmin,

Bəxtiyar sənə ki, nə deyib, həmin,

Sözləri mənə də deyib o, nadan,

Mənə də eşqini eləyib elan!



NƏRMİNƏ (həyəcanla): – Eşqini sənə də elan eləyib?!

ALİYƏ: – Bəli, mənimçün də o cür söyləyib!

Mən də rədd cavabı vermişəm ona,

Söz-söhbətimiz də çatıbdı sona!

Bəxtiyarla sənin söhbətin açıq,

Düşüb el ağzına Nərminə artıq!

Buna görə də mən hey ölçüb-biçdim,

Xəyalən dağları, düzləri keçdim.

Axırda gəldim mən belə qərara,

Sənə söyləyim ki, sən o nankora,

Aldanıb özünü az bədbəxt elə!

Uyma o iblisə!

NƏRMİNƏ: – Deməli belə!(fikrə gedir)

ALİYƏ (ayağa durub): –Daha gecdi bacı yüz ölçüb bir biç,

Çalış ki, özünə işıqlı yol seç.

Ancaq mənim sizə gəlməyim haqda,

Sevdaya bir kəlmə söyləmirsən ha.



(Nərminə başı ilə oldu deyir.Aliyəni yola salıb,oturubfikrə gedir)

NƏRMİNƏ(öz-özünə):–Yox, gərək bu işi mən tutmayaydım,

Orxanın sözünü unutmayaydım!



(Gələrkən Orxanın ağlayaraq dediyi “Qayıt qurban olum, qayıt anacan, məni sənsiz qoyma yazıqdı Orxan” sözləri qula­ğında səslənir)

Orxanım bu işi eşitsə əgər,

Açılmaz üzünə bir də xoş səhər!

Ağlayıb ah çəkmək olar peşəsi,

Olmaz həyatında kefi, nəşəsi!

Yox, mən tutmayaydım bu işi gərək!

Bu necə toruydu qurdun ay fələk?!

Bilinərsə vurub onu Bəxtiyar,

Nəslimiz bu kənddə biyabır olar!

Mən də o qatilə gedirəm ərə?!

Yox, sığmaz bu dəhşət göyə, nə yerə!

Bilsələr də onu Bəxtiyar vurub,

Bütün kənd, bütün xalq oturub-durub,

Lənət alqışına tutarlar məni,

Tanrı qarğışına tutarlar məni!

Nə deyim, nə deyim mən sənə ana?!

Qoydun öz balanı sən yana-yana!

Yox, mən tapmalıyam bir çıxış yolu!



(Dərin fikrə gedir. Bəxtiyar gəlir)

BƏXTİYAR: – Niyə pərişandı gülümün halı?

NƏRMİNƏ (yalandan gülümsəyərək): –

Pərişan deyiləm, həyəcanlıyam,

Sevincdən elə bil dəliqanlıyam!

Aliyəni yola salıb gələrkən,

Orxana sataşdı gözlərim birdən!

Orxan qaça-qaça yanıma gəldi,

Sənlə getməyimi Orxan da bildi.

Deyəndə gedirəm sabah Gəncəyə,

Dedi aparmırsan bəs məni niyə?

Mən gəzmək adıyla aldatdım onu!



BƏXTİYAR (sevincək): –Nə oldu Orxanın sözünün sonu?

NƏRMİNƏ: – Razı oldu bizlə getməyə o da,

Mən də Orxanıma dedim ki, onda,

Sabah atəş səsi əgər eşitsən,

Tez qaç gəl məktəbə gedən yola sən!

O da razılaşdı, gələrəm dedi.

BƏXTİYAR: – Lap yaxşı Nərminə, onda sən indi,

Zərrəcən də olsun dərd yükü çəkmə,

Qəlbinə sevinc ək, qəm-kədər əkmə!

Nərminə, dur biz də bağçaya gedək,

Xalamı da işdən qoy agah edək!

(Nərminə ilə Bəxtiyar gedirlər)

XII Şəkil
Səxavətin vurulduğu yer. Quşların bir-birindən gözəl səsləri eşidilir. Bəxtiyarla Nərminə gəlir.

BƏXTİYAR: – Daha vaxtdı indi bir atəş açaq,

Orxan gəlsin tezcə bu kənddən qaçaq!



(Tapançasını çıxardıb havaya bir atəş açır)

NƏRMİNƏ: – Bəxtiyar nə olar ver tapançanı.

(Barmağını quşlar oxuyan səmtə uzadır)

Vurum ağacdakı bax o sərçəni.



BƏXTİYAR: – Belə insafsızlıq eləmək olar?

O yazıq sərçənin nə günahı var?

Onu büləyəsən al qanına sən?

NƏRMİNƏ: – Vermirsən?

BƏXTİYAR (tapançanı Nərminəyə uzadır): –Yaxşı al.

NƏRMİNƏ: – Bax, indi əhsən!

(Sevincək tapançanı alıb bir neçə addım geri çəkilib Bəxti­ya­rı nişan alıb durur)

BƏXTİYAR (qorxaraq): –Ay qız nə edirsən, dəlisən nəsən?

Vallah ağlın çaşıb sənin deyəsən!

O, oyuncaq deyil, kənar elə qız!

NƏRMİNƏ (hirslə): – Özünsən ay alçaq, özün ağılsız!

(Bəxtiyar irəli gəlmək istəyir)

Yaxın gəlmə gəlsən atəş açaram!

Qorxaq, sanırdın ki, sənlə qaçaram?!

(Bəxtiyar rəngi qaçmış halda dayanır)

Eşit sözlərimi ay qorxaq gədə,

Orxan gəlməyəcək bura heç vədə!

Tapançanı almaq idi istəyim,

Kələk qurdum tutdu baş bu kələyim!

O vaxt Səxavəti bu yerdə vurdun!



BƏXTİYAR (tutula-tutula): –

Nərminə, sən mənə yersiz tor qurdun!

Gəl mən günahsızı göndərmə gora,

Qoy əsil ov düşsün qurduğun tora!



NƏRMİNƏ: – Günahsızmı dedin?! Yox, günahkarsan,

Ona qıyan alçaq sən Bəxtiyarsan!



BƏXTİYAR: – Nərminə...

NƏRMİNƏ: – Danışma, sən məni dinlə!

İzin verməmişəm mən sənə hələ!

Qatil kölgəsində heç vaxt yatmaram,

Günahsız sərçəyə güllə atmaram!

Mən yalnız tək sənə atacam güllə,

Külə döndərəcəm mən səni, külə!

Ərimə qıydığın bəs deyil hələ,

Onun arvadına göz dikdin?! Söylə?!



BƏXTİYAR: – Nərminə, onu mən öldürməmişəm!

NƏRMİNƏ: – Mən hələ heç kimə bildirməmişəm,

Axı qan içində inləyən zaman,

“Ah, alçaq Bəxtiyar” dedi həmin an!

Axı öz diliylə o bunu dedi!

Buna nə deyirsən din, danış indi?!

(Bəxtiyar başını aşağı salıb susur)

Susursan?! Deyəsən lal oldun axı,

Binamus, biqeyrət ay namərd yağı?!

Sən kişi deyilsən alçaqsan, alçaq!

Ay iblis sifətli olan qurumsaq!

(əli ilə yeri göstərir)

Səni bax bu yerə gətirdim ki, mən,

Burda öldürmüşdün Səxavəti sən!

Arxadan vurmuşdun sən Səxavəti,

Çünki yoxdu səndə kişi qeyrəti!

Arxadan vurarmı kişini kişi?!

Yalnız nakişinin olar bu işi!

Mən qadın olsam da durub üz-üzə,

Nişan alacağam ürəyini düz

Daha söhbət bəsdi, qurtardı vaxtın,



(tapança olan əlini havada yelləyir)

Bu öz tapançana bənddi həyatın!



(Bəxtiyar Nərminənin üstünə atılıb tapançanı ondan almaq is­tə­yir. Nərminə atəş açır. Bəxtiyar al-qan içində yerə sərilir)

BƏXTİYAR (zarıyaraq): – Ah, anacan öldüm!

NƏRMİNƏ: – Öl, eybi yoxdu,

Sənin tək alçağa ölüm də çoxdu!



(Nərminə Bəxtiyarın ürəyini nişan alıb ikinci dəfə atəş açır. Tapançanı yerə atıb gedir)
XIII Şəkil

Qəbiristanlıq. Orxan əlində gül Səxavətin məzarı önündə diz çöküb ağlayır. Nərminə gəlir. Orxan onun üstünə atılır.

ORXAN: – Ana can!

(Orxanı Nərminə qucağına alır. Hər ikisi ağlayır)

NƏRMİNƏ: – Can ana! Orxanım mənim!

Ümüdüm, pənahım, gümanım mənim!

Günahkaram sənin qarşında bala!

Bağışla Orxanım, məni bağışla!

Uçsa da başıma bütün dağ-dərə,

Bir də getməyəcəm sənsiz heç yerə!



ORXAN (sevincək): – Evə gedəcəksən?!

NƏRMİNƏ: – Əlbət də oğlum,

İndi gedəcəyik qurbanın olum!



ORXAN:Demək onda babam ölməyəcəkdi,

Nənəm ağlamayıb ta güləcəkdi!



NƏRMİNƏ: – Babana nə olub?!

ORXAN: – Düşüb yatağa,

Deyir qalxmayacaq daha ayağa!

Babam deyirdi ki, sən qayıtmasan,

Tezliklə öləcək!



NƏRMİNƏ: – Sən qorxma Orxan!

(Orxanı qucağından yerə qoyur)

İndi qayıdarıq doğma ocağa,

Ömrüm-günüm mənim qəbristanlığa,

Nə üçün gəlmişdin günorta çağı?



ORXAN: – Bu gün ad günüdü axı atamın!

Gəldim ad gününü təbrik eləyim,

Allahdan atama rəhmət diləyim!

(Nərminə Orxanı öpüb Səxavətin qəbri üstündə diz çökür)

NƏRMİNƏ (ağlayaraq): – Bağışla Səxavət, məni bağışla!

İstərsən məni qov, ya da alqışla!

Məni tək qoysan da cavan yaşımda,

Yenə günahkaram sənin qarşında!

Səxavət əzizim, öz doğma anam,

İstədi odlarda alışıb-yanam!

Rahat yat qəbirdə daha bu axşam,

Sənə qıyan kəsdən aldım intiqam!

Azca mərhəm tapdım bu gün də dərdə,

Vurdum onu səni vurduğu yerdə!

Məzarın həmişə qoy nurla dolsun,

Əzizim, ad günün mübarək olsun!



ORXAN (həyəcanla): –Ana can nə dedin?! İntiqam aldın?!

Bəs kimdi o qatil, kimdən kam aldın?



NƏRMİNƏ: – Bəxtiyardan oğlum!

ORXAN: – Bəxtiyar əmi?!

NƏRMİNƏ: – Bəli, Bəxtiyarmış qatan aləmi!

Daha gecdi, evə gedək gərək biz!

Gedək baban gili sevindirək biz!

Bu qisas saf eşqin sönməz şamıdı,

Ülvü məhəbbətin intiqamıdı!

(son)

15.06.1994 – 21.04.1995





4 pərdəli, 6 şəkilli

dramatik poema


İŞTİRAK EDƏNLƏR
1. Gülnar – Atılmış qız

2. İlham – Gülnarın atası

3. Xavər – Gülnarın anası

4. Bənövşə – İlhamın anası

5. Kamal – İlhamın atası

6. Sərxan – Gülnarın ögey atası

7. Yasəmən – Gülnarın ögey anası

8. Xəyal – Gülnarın əri

9. Rəna – Xəyalın anası

10. Aysel –Bənövşənin bacısı

11. İsmayıl əmi – Kamalın əmisi

I Pərdə, I Şəkil

Payız fəslidi. Bənövşə qanı qaralmış halda evdə təkdir. O, gah dizinə döyüb dərindən içini çəkir, gah da əsəbləşmiş halda öz-özünə danışır.

BƏNÖVŞƏ: – Bu necə bəladı biz olduq düçar,

İndi biz neyləyək ey Pərvərdigar?!



(əllərini göyə açır)

İlahi sən özün kömək ol bizə,

Bu düyünlü işi özün çək düzə!

Yoxsa el içində olarıq rüsvay,

Doğmaz üzümüzə nə Günəş, nə Ay!

Nə deyim, nə deyim İlhama axı?!

Onu qarğıyımmı bu axşam çağı?!

(otağın qapısı açılır. Aysel gəlir)

AYSEL: – Hələ danışırsan? Yorulmadın sən?

BƏNÖVŞƏ: – Xeyir yorulmadım! Bacı bilirsən?!

Az qalır hirsimdən bağrım çatlaya,

Ürəyim od tuta, yana, partlaya!

Əgər sən olsaydın mənim yerimdə,

Ölərdin! Dözməzdin buna heç vədə!

AYSEL: – Xeyir yanılırsan. Bacı səhvin var,

Mən ölüm əsəbdi çəkdiyin azar!

Mən sənin yerində olsaydım əgər,

Sən gündə olmazdım, çəkməzdim dərd-sər.



(gülümsəyərək)

Deyərdim-gülərdim, şadlıq edərdim,

Kədərin yanından yeltək ötərdim.

Qaralıq qatmazdım mən öz qanıma,

Belə qəsd etməzdim şirin canıma.

BƏNÖVŞƏ: – Sözdür deyirsən də, bu dərd bir oxdu,

Bıçağın itidi, qoyunun yoxdu!

Mənim əvəzimə olsaydı hər kim,

Ürəyi partlardı!



(otağın qapısı açılır. Kamal gəlir)

KAMAL: – Salam-əleykim.

AYSEL: – Salam.

KAMAL: – Aysel, evdə işlər necədi?

AYSEL: – Çox sağ ol. İşlər ürəyimcədi.

Hər iş axarında, hələ ki, dümdüz.



KAMAL: – Gözümə birtəhər görünürsünüz!

Sanki aranızda olubdu nəsə

Elə bil üz verib qəmli hadisə.

Məndən gizlətməyin, söyləyin mənə!



BƏNÖVŞƏ: – Bəli üz veribdi! Aysel sən denə!

(Kamal narahat halda Ayselə baxır)

AYSEL: – Heç nə olmayıbdı. Xavərlə İlham,

Bizə gəlibdilər Gəncədən axşam.



KAMAL: – Gəlibdi lap yaxşı. Daha niyə siz,

Sevinmək yerinə qəm çəkirsiniz?



(gülümsəyərək)

Tezliklərə onlara toy çaldırarıq,

Oğul toyunda bir qol qaldırarıq!

BƏNÖVŞƏ (hirslə): – Necə?! Toy çaldıraq o, biqeyrətə?!

KAMAL: – Heç nə anlamadım!

BƏNÖVŞƏ: – Anlamazsan da!

Hələ çalınmamış qapımda toyu,

Qardaşın qızının doludur boyu!

KAMAL (həyəcanla):Sən nə danışırsan?! Dəlisən, nəsən?!

BƏNÖVŞƏ: – Xeyir yanılırsan! Dəli özünsən!

Oğlun söyləyibdi bunu Ayselə,

O, da bu iş üçün gəlibdir elə!

(məyus halda sakitcə dururlar)

KAMAL: – İndi hardadırlar Xəvərlə İlham?

AYSEL: – Bizdədirlər.

KAMAL (dərindən nəfəsin dərib başını bulayır): –

Demək onlar bu axşam,

Sizdə gecələyib eləmi?

AYSEL: – Bəli.

BƏNÖVŞƏ: – Vallah az qalıram mən olam dəli,

Hirsimdən od tutub yanıram ana.

Necə çıxacayıq el arasına?!

Lənətə tuş gəlsin görüm İlhamı,

Xavərə dul kimi baxacaq hamı!

Nə susmusan Kamal, axtar bir yol tap,

Bu haldan ürəyin çəkmirmi əzab?!

KAMAL: – Məncə doğulacaq o, körpə uşaq,

Bizim körpəmizdi, yad olmayacaq?

Əgər yad olsaydı, İlham birbaşa,

Gəlməzdi bu kəndə Xavərlə qoşa!

Sən özün fikirləş, düşün-daşın bir.

AYSEL: – Uşaq İlhamındı, bəli, elədir.

KAMAL: – Əgər elədirsə döyüb dizinə,

Arvad, qəsd edirsən niyə özünə?

Bir belə üzüntü vallah hədərdi,

Gecənin alt üzü nurlu səhərdi.

Onlar cavandırlar, sən özün məgər,

Bunu anlamırsan?



BƏNÖVŞƏ (hirslə): –Yox, heç vaxt Xavər,

O, donda keçənməz mənim qapımdan,

Mən razı olmaram buna heç zaman!

El ağzıdı, hərə deyəcək bir söz,



(dizinə döyüb doluxsanır)

Ay yazıq Bənövşə, gəl bu dərdə döz!

Onda kənd içində gərək mütləq mən,

Olam kəndlilərin çoxuyla düşmən!

Yox, heç vaxt qoymaram mən bu işə qol,

Mütləq tapmalıyıq işıqlı bir yol!



KAMAL: – İş işdən keçibdi artıq ay arvad!

BƏNÖVŞƏ: – Qoy keçsin. Kişi sən olma narahat!

(sevincək)

Mən tapdım bu işə işıqlı bir yol,

Təki istəyimə sən də razı ol.

KAMAL: – O, necə yoldur ki?

BƏNÖVŞƏ: – Bax, eşit kişi,

Bir gün də yubatmaq olmaz bu işi.

Ancaq razılaşsan mənimlə sən də,

Tanrım bizi qoymaz heç vaxt çətində.



KAMAL: – Yaxşı, keç mətləbə fikrini söylə.

BƏNÖVŞƏ: – İlhamın toyunu saxlayaq hələ

KAMAL (təəccüblə): – Heç nə anlamadım!

AYSEL: – Vallah heç mən də!

BƏNÖVŞƏ: – Bu iş yayılmamış necə ki, kəndə,

Gərək başımıza bir carə qılaq.

Yoxsa olarıq bir kənddə ən alçaq!

Yalnız bir yolu var bu işin təkcə,

Xəlvətcə Xavəri kənddən bu kecə,

Çıxardıb aparaq Naxçıvana biz,

Düşə axarına bəlkə işimiz.

KAMAL: – Sən nə danışırsan?! Arvad deyəsən,

Ağlın azalıbdı?!



BƏNÖVŞƏ: – Yox kişi, səhvsən!

Ağlım yerindədi! Bax, bu sözümü,

Əgər yerə salsan, mütləq özümü,

Ya oda ataram, ya zəhərlərəm,

Yoxsa dözəmmərəm, mütləq çərlərəm!

KAMAL (hirslə): – Çərrəyirsən çərrə, ölürsən lap öl!

Yersiz sözlərinlə etmə məni kül!

Tutaq Naxçıvana göndərdik onu,

Bununla bitərmi bu işin sonu?!



BƏNÖVŞƏ: – Bəli bitər!

KAMAL: – Necə?!

BƏNÖVŞƏ: – Deyim bu saat,

Ancaq sən hirslənmə, olma narahat.

Ayın sonunadək yatacaq Xavər,

Onu Naxçıvana göndərsək əgər,

Orda azad olar hamiləlikdən,

Bunu Aysel bilər, bir sən, bir də mən!

Qaldı burda təkcə Xavərlə İlham,

Görərəm onları elə bu axşam.

Onları da işdən edərəm agah,

Qaranlıq gecəmiz olar bir sabah!



KAMAL: – Bəs doğlulan uşaq?! Onu neyləyək?!

O, sağ ola-ola öldü söyləyək?!



BƏNÖVŞƏ: – Ay kişi nə uşaq?! O, uşaq haqda,

Heç bir söz danışma evdən qıraqda!

Uşağı ordaca atıb gələrik,

Bunu da özümüz yalnız bilərik!



AYSEL: – Sən nə danışırsan dəlisən, nəsən?!

Ağlın azalıbdı vallah deyəsən!

Bir gör ürəyində necə arzu var,

BƏNÖVŞƏ (hirslə): –Olar! Niyə olmur?!

AYSEL: – Gözləməzdim heç!

Rəhmə gəl ay bacı, bu inaddan keç!

Alnını möhürə döyürsən səki.

Hər yerdə özünü öyürsən səki!

Bir düşün. Ağlınca Allah adamı,

Pərvanəyə həsrət qoyarmı şamı?!

Dön bu inadından, gəl belə etmə,

Bir düşün, bu yolu başacan getmə!



BƏNÖVŞƏ: – Xeyir, gedəcəyəm lap başa qədər,

Bu cür boş söhbətlər hədərdi, hədər!

Atamız Rəcəb də dirilib gəlsə,

Yenə olmalıdı mən deyən, kəsə!

Daha lazım deyil artıq söz-söhbət!

KAMAL (hirslə): – Sən nə danışırsan ay zalım, namərd?!

Dön bu inadından Bənövşə qəti!

Bilirsən bu işin axırı nədi?!

Ananı baladan ayıran insan,

İnsan yox iblisdi, ya da ki, şeytan!

BƏNÖVŞƏ: – Ya iblis, ya şeytan olsam da, ancaq,

Kamal, bu işdə mən deyən olacaq!

Mən deyən olmasa, qardaşın qızı,

Bu evdə yiyənməz bir tikə ruzu!

Onun ağ gününü edərəm qara,

Sonra özü qılar başına çarə!

Mən də sənin üçün edirəm kişi,

Deyirəm bir adın olmasın iki!

Deməsinlər sənin gəlinin duldu.

Bu yol bizim üçün lap əla yoldu!



(Hər üçü susur. Kamal arabir dərindən nə­fə­si­ni dərir)

Yazıqsan, belə çox üzmə özünü,

Bəsdi fikirləşdin, de son sözünü.

KAMAL:Bu iş sənin üçün olsa da asan,

Ancaq mənim üçün çətindi yaman.

Azacıq təmkinlə bir dinlə məni,

Kimsə ayıraraq İlhamdan səni,

Səni övladına həsrət qoysalar,

O, dərdlə qəlbini bir an oysalar,

Balanın dalında qalarsa gözün,

O, kəsə nə qiymət verərsən özün?!

Necə göstərərsən o kəsə rəğbət?

Olarmı qəlbində ona məhəbbət?



BƏNÖVŞƏ: – Az nağıl-zad danış, az fikrimi oy,

Bu boş söz-söhbəti bir kənara qoy.

Mən deyən olmasa heç vaxt, heç vədə,

Xoşbəxt ola bilməz Xavər bu evdə!



KAMAL: – Daha qarışmıram sənin oynuna,

Bu işin babalı sənin boynuna!

Nə edirsən elə, özün bil ancaq,

Onların ahları səni tutacaq!

Daha qarışmııram sənin işinə!

BƏNÖVŞƏ (sevincək): – Mən qurban olaram belə kişiyə!

Mən özüm lap yaxşı bilirdim ki, sən,

Mütləq, mütləq məni başa düşəssən!

(Kamal başını bulayaraq otaqdan çıxır və hirslə qa­pını çırpır)

AYSEL: – Nahaq yerə məcbur elədin onu,

Necə olacaqdı bu işin sonu?



BƏNÖVŞƏ: – Lap əla olacaq, sən etmə fikir,

Əgər olarıqsa ikimiz əlbir.



(əllərini göyə açır)

Çox şükür İlahi, çox şükür sənə!

Axır razı oldu o, mən deyənə!

Daha durmaq olmaz, dur sizə gedək,

Sizdə onlarla da bir söhbət edək.

AYSEL (narazı halda):

Nə deyirəm bacı gedək, ancaq mən,

Bilməzdim sən belə daş ürəklisən!

Eh bacı özün bil, bu işdə ancaq,

Sən haqlı deyilsən nahaqsan, nahaq!

BƏNÖVŞƏ: – Haqlıyam, haqsızam özüm bilərəm!

Mən deyən olmasa vallah ölərəm!

Artıq axşam düşür, dur sizə gedək,

Sizdə onlarla da bir söhbət edək.



(Aysel narazı halda ayağa durub heç bir söz demədən başını bu­la­yır və Bənövşə ilə gedirlər)

II şəkil

Axşamdı. Ayselgilin evi. İlhamla Xavər evdə təkdi. On­­­lar pəncərənin qarşısında durub ətrafı seyr ed­ir­. Arabir gecə­quş­larının səsləri də eşidilirdi. İlham fi­ki­r­lidi. O, tez-tez həyəcanlı hal­da qalxıb divardan asılmış divar sa­atı­na baxır.

XAVƏR: – Dəyişir anba-an sənin əhvalın,

Çox uzaqlardadı sənin xəyalın.

Nədir buna səbəb? Fikrini cəm et,

Dərdini-qəmini mənə həmdəm et.



İLHAM (dərindən nəfəsini dərir): – Heç, ötüb keçəndi.

XAVƏR: – Məndən danırsan?

O, fikrin odunda mənsiz yanırsa?

Demişdik ömrümüz çatınca başa,

Qoşa yanmalıyıq, hər odda qoşa.

Ancaq əhdimizi sən unudursan,

Bu qəm havasını mənsiz udursan.



İLHAM: – Yox əzizim səhvsən, mən heç bir zaman,

Unuda bilmərəm əhdimi bir an.

Mən etdiyim əhdə sadiqəm yenə.

XAVƏR: – Onda gizlətmə de dərdini mənə.

İLHAM: – Deyəcəm əzizim, narahat olma,

Bəlkə yanılıram, desəm qovrulma.

Xalamın belə çox gecikməsindən,

Səndən nə gizlədim, nigaranam mən!

Bilirəm ki, xalam anama desə,

Anam çəkəcəkdi bu işi tərsə!

Qorxuram mənə bir od vura anam,

Ömürlük o, odda alışıb yanam!



XAVƏR (təəccüblə): –

Heç nə anlamadım, anan səninçün,

Ağ gün arzulayar, yoxsa qara gün?!

İLHAM: – Əlbətdə ki, ağ gün. Qorxuram səni,

O, bu donda görüb odlaya məni!

Ömürlük o odda yana ürəyim,

Heç ola qəlbimdə arzum, diləyim!

Lənətə tuş gəlsin görüm şeytanı,

Çəkdi gözümüzə qara dumanı!

Eh, nə bilim! (Azca susurlar)

XAVƏR (narahat halda): – Səncə sonu bu işin,

Necə olacaqdı?



İLHAM: – Gərgindən gərgin!

Anam bir düz yola gəlməsə əgər,

Halımız olacaq betərdən-betər!

Kaş xalam gətirə düz yola onu!



XAVƏR: – Səncə pis olacaq bu işin sonu?!

İLHAM (çiyinlərini çəkərək): – Nə bilim! Bilmirəm!

(Hər ikisi oturub fikrə gedir. Bənövşə ilə Ay­selin səsləri eşidilir)

XAVƏR: – İlham, qulaq as,

Onların səsidi deyəsən bu səs!



İLHAM: – Bəli, onlardılar.

XAVƏR: – İlham, onda mən,

Keçim yan otağa, sən nə deyirsən?



(İlham çiyinlərini çəkir. Xavər ayağa durub yan otağa keçir. Qapı açılır. Bənövşə ilə Aysel gəlirlər)

AYSEL (gülümsəyərək): – İlham, şükür gəldik.

(İlham gü­lüm­­səyir)

BƏNÖVŞƏ: – Xoş gördük oğlum.

İLHAM: – Xoş gördük anacan.

(ayağa durub anası ilə qucaqlaşıb öpüşüb-görüşürlər)

BƏNÖVŞƏ: – Qurbanın olum,

Kefin, vəziyyətin necədir?



İLHAM: – Əla.

BƏNÖVŞƏ: – Çox şükür Allaha, çox şükür bala,

Təki əla olsun kefin həyatda.

Yanan olmayasan alovda-odda.

Yolların bələnsin nurlu Günəşə!

Söz-söhbət düşəndə vallah həmişə,

Səndən eşitdikcə yaxşı sorağı,

Qəlbim qanadlanır qartalsayağı!

AYSEL: – Əyləşib siz söhbət eləyin bir az,

Gedim çay dəmləyim sizə.



İLHAM: – Pis olmaz. (Aysel otaqdan çıxır)

Ana, heç demirsən atam necədir?



BƏNÖVŞƏ: – Atanın kefi lap ürəyincədi.

Hələ ki, dolanır evdə-eşikdə,

Gününü keçirdir işdə, dirrikdə.

Atandan nigaran olma ay bala,

Atanın kefi lap əladır-əla!

Tək nigarançılıq səndəndir, başqa,

Yoxdur bir fikrimiz.



Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə