Zaur vediLİ


İSGƏNDƏR: – Ana, zəhmətini halal et mənə, ŞİR



Yüklə 1,39 Mb.
səhifə19/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   19

İSGƏNDƏR: – Ana, zəhmətini halal et mənə,

ŞİR: – Yaxşı yol, İsgəndər, yaxşı yol sənə.

Çəkdiyim hər zəhmət olsun halalın,

Ancaq tükdə olsun hər vaxt xəyalın.

(İsgəndər gedir. Şir narahat halda İsgən­də­­rin ni­garançılığını çəkir. Gecə düşür, səhər açılır. İsgəndər gə­lib çıx­mır)
Görəsən nə gəldi bunun başına?

Bəlkə Təpəgözün düşdü dişinə?

Yox, günah məndədi. Axı mən niyə,

İsgəndərə izin verdim getməyə?!

İzin verməsəydim getməzdi o, da.

(Şir narahat halda mağarada gəzişir. Bir azdan İs­gən­dər gəlir)

İSGƏNDƏR: – Salam ana. Mənsiz yəqin darıxdın?

Düşündün ölmüşəm, qəlbini sıxdın?



ŞİR: – Bəs sən harda idin, İsgəndər oğlum?

Az qaldım fikirdən lap dəli olum!



İSGƏNDƏR: – Ana, gedib çıxdım bir biyabana,

Gördüm qarışıbdı insan insana.

Yolçudan soruşdum qaçırsan hara,

Axı nədir səbəb bu vurhavura?

Hamı Təpəgözdən dad çəkdi elə!

Yolçunun birindən soruşdum:- Söylə,

Axı neyləyibdir Təpəgöz sizə?

Dedilər:-nə qalıb etməyə bizə?

Təpəgöz talayıb torpağımızı,

Mal-heyvanımızı, var yoxumuzu!

Hələ bunlar ona etmir kifayət,

Edir insanların canına da qəsd!

Udur insanları bir loxma kimi

Bizə də rəhm etmir yer-göy hakimi!

Soruşdum mən onun qaldığı yeri,

Maraq üzdü məni dönmədim geri.

Dedim mütləq ona baş çəkim gərək,

İmkan olsa edim mahala kömək.

Yolçular dedi ki, qurtar oyunu,

Söhbət verəcəkdi qurda qoyunu.

Zalım Təpəgözdən indiyə qədər,

Can qurtarmayıb hələ bir nəfər!

Sonra davam etdi yolçular yola,

Mən də təkcə baxdım xeyli sağ-sola.

Sonra qulağıma gəldi bir səda,

Səs gələn tərəfə dönüb baxanda,

Gördüm Təpəgözün əlində çinar,

Qabaqda da saysız adam, qoyun var.

Düşünüb-daşındım, gəldim qərara,

Tez gedib qarışdım o, adamlara.

Gün batdı, qaranlıq çökdü havaya,

Təpəgöz bizləri yığıb kahaya,

Sonra bir qayanı götürüb ələ,

Kahanı bağladı o, qaya ilə.

Təpəgöz bizə səmt çevrilib baxdı,

Elə bil gözündən od-alov yağdı!

Baxıb bizə tərəf o, gülə-gülə,

Çox məzəmmət ilə söylədi belə.

– Nə olsun qarşımda sayınız çoxdu,

Sizin heç yeməli ətiniz yoxdu!

Gərək əvvəl sizi kökəldəm bir az,

Ondan sonra yesəm bəli, pis olmaz!

Təpəgöz əl vurmaq istədi mənə,

Elə bir bərk yumruq vurdum ki, ona,

Fırlana-fırlana sərildi yerə,

Hamı mat qalmışdı işimə görə.

Sonra o, sıçrayıb durdu yerindən,

Gülə-gülə mənə söylədi – Əhsən!

Səndə pəhləvanın vardı qüvvəti,

Çoxdandı yemirəm pəhləvan əti!

Sənin də dadına baxaram bu gün!

Dedim – qoyun-zadam niyə səninçün?

Məni qoyundan da saydı balaca.

Bu dəfə əl atdım misri qılınca.

Qılıncı çırpsam da onun başına,

Sanki dəyirdi o, qaya daşına.

Təpəgöz gülərək qıydı gözünü,

Dedi: – ey pəhləvan yorma özünü.

Olsan da qüvvətli, güclü pəhləvan,

O, qılınc kəsənməz məni heç zaman!

Çox çarəsiz halda çəkildim küncə,

Düşündüm yeyəcək məni indicə.

Dedim məni tutdu əcəl quran tor,

Qazdım öz əlimlə mən özümə gor!

Bilmirəm Təpəgöz nə fikirləşdi nə,

Sonra davam etdi sözünü yenə –

– Üzümə belə çox fikirli baxma,

Bu gün yeməyəcəm mən səni, qorxma!

Bu gün yeməyəcəm bu arıqları,

Sən səhərə kimi əməlləş barı.

Adamları şişə taxıb qızartdı,

Yeyib-içdi, sonra uzanıb yatdı.

Vaxdı itirməyib qalxdım ayağa,

Bir qoyunu tutub çəkdi qırağa.

Öldürüb ətini saldım çənəmə,

Sonra dərisini geydim əynimə.

Girdim qoyunların lap ortasına,

Sübh tezdən Təpəgöz baxdı hər yana,

Kahada axtarıb gəzdi hər yeri,

Məni tapanmadı, bilmədi sirri.

Kahanın ağzını açdı o, sonra,

Yaydı sürüsünü göy otlaqlara.

Çölə çıxdıq, sonra edirdim ki, cəhd,

Ordan qaçmaq üçün tapım bir fürsət.

Gün çıxdı, başını qoyub daş üstə,

Təpəgöz yuxuya getdi, o, vədə,

Sürüdən ayrılıb qalanı aşdım,

Dərini soyunub düz evə qaçdım.



ŞİR: – Mən düşünürdüm ki, indi o, bəlkə,

Edib dişlərində səni min tikə!

Dünəndən sınmışdı qanadım-qolum,

Ərlik göstəribsən, afərin oğul!



İSGƏNDƏR: – Anacan, mənimçün bir yol göstər sən,

Təpəgözü neçə həlak edim mən?

Kəsmir onu qılınc, batmır ona ox,

Nə eləmək olar?



ŞİR: – Ay oğlum bu çox,

Çətin olan işdi, eşid İsgəndər.

Onun kahasında bir ox var, əgər,

Hər kim ki, əl vurmaq istəsə ona,

O, ox həmin ömrü çatdırır sona.

Gərək həmin oxla vurula gözü,

Tək öldürə bilər o, Təpəgözü!

Oğlum, o oxy da olmaz götürmək,

Sən bu istəyindən gəl tamam əl cək.

İSGƏNDƏR: – O, mənim gözümün önündə ana,

Necə bığıburma igid oğlana,

Qəsd edib öldürdü, sancaraq şişə,

Ocaqda qızardıb çəkibdi dişə.

Obada qoyursa ağlar hamını,

Almayım onların intiqamını?

Heç vaxt dönməyəcəm yolumdan, kəsə,

Ya şələ lələni basa, ya tərsə!

Ana, bircə mənə sən kömək eyə!

ŞİR: – Oğul, böyümüsən Şir südü ilə.

O, südü yeyəni yox, olmaz basmaq.

Təpəgöz tam başqa bəladır ancaq!

Görürəm ki, səni döndərmək olmaz,

Onda yaxşı-yaxşı mənə qulaq as.

Əgər dediyimə əməl eyləsən,

Öldürə bilərsən onda onu sən.

Həmin biyabana gedərsən yenə,

Qoyun dərisini geyib əyninə.

Yenə qarışarsan o, qoyunlara,

Qoy görüm qılıncı qoymuşam hara?

(Şir harasa gedib bir qılınc gətirir)

Bax al bu qılıncı özünlə götür,

Onun poladında var tam başqa sirr!

Südümlə yoğrulub bunun poladı!

Elə ki, kahada Təpəgöz yatdı,

Bununla vurarsan tez həmin oxu,

Onda azalacaq səninçün qorxu.

Çünki, düşəcəkdi o, ox sehirdən,

Çalış həmin zaman cəldlik edib sən,

O, oxla vur onun gözündən o an,

Yox, əgər bu işi sən bacarmasan,

Onda düşəcəksən zülmət aləmə!

Vurub kor etsən də, əlinə düşmə!

Oğlum, o, kahanın tam ortasında,

Bir dərin quyu var, sən çalış onda,

Onu itələyib sal o, quyuya,

Daha da nurlansın gözündə dünya!

Kahanın ağzında olan qayayla,

Quyunun ağzını ört, olsun əla!

Hə oğlum, düşünüb bir qərara gəl,

Edə bilərsənmi bunlara əməl?

İSGƏNDƏR: – Bəli, əməl edə bilərəm ana.

ŞİR: – Olsun oğlum, onda yaxşı yol sənə!

(Şir yenə tükündən birini qopardıb İsgəndərə verir)

Al oğlum, gördün ki, düşübsən dara,

Yandır, harda olsan tez gəlim ora.

(Görüşüb-öpüşürlər, İsgəndər gedir)
IVşəkil

Təpəgözün yaşadığı qalaçanın yanı, İsgəndər Təpəgözün gə­ləcəyi yolun kənarında oturub gözləyir. Axşam düşür, Təpə­gö­zün səsi və qoyunların mələşməsi eşidilir. İsgəndər tez qoyun də­risinə bürünüb gizlənir. Həmin sürüyə qarışıb qoyunlarla bir­lik­də Təpəgözün yaşadığı kahaya girir. Təpəgöz bir qaya par­ça­sı ilə həmin kahanın ağzını örtür. Qoyunlara və insanlara baxıb hə­vəslənir. Musiqi çalınır, Təpəgöz oxuyur.

TƏPƏGÖZ: – Yoxdur tayım-bərabərim,

Nə dərdim var, nə kədərim.

Dillərdə gəzir hünərim,

Təpəgözəm mən Təpəgöz!


Yeyib insan, quş ətini,

Görürəm mən ləzətini.

Asan etdim hər çətini,

Təpəgözəm mən Təpəgöz!


Od qoyuram hər insana,

Hər kəs qalır yana-yana,

Sahib mənəm bu cahana,

Təpəgözəm mən Təpəgöz!



(oxuyub qurtarır)

Artıq Günəş batıb, düşübdür axşam,

Mən də bərk yorulub, yaman acmışam.

Durum beş-on qoyun, bir adam yeyim,

Sonra da Tanrıma min şükür deyim.

Əvvəlcə qoy hələ ocaq qalayım,

Sonra da bunları mən parçalayım.

(Təpəgöz ocaq qalayır. Bir neçə qoyun və bir adamı par­ça­layıb şişlərə taxıb yeyir)

Bax bu oldu əla, daha rahatam,

Gərək ki, uzanıb mən indi yatam.

Səhər beş-on qoyun yeyərəm yenə,

Apararam sürünü çölə-çəmənə.

(Təpəgöz qoyunlarda birini başının altına qoyub yatır. İs­gəndər Təpəgözün yatdığını görüb tez dəridən çıxır və ətrafa baxır. Oxun qapının ağzında asıldığını görür. Oxun yanına gəlib qılıncını qından sıyırır və oxa çırpıb onu tilsimdən salır. İsgən­dər oxu götürəndə qoyunlar ürküşürlər. Təpəgöz tez yuxudan qalxıb kənara atılır və bərkdən nərə çəkir)

TƏPƏGÖZ: – Səni döndərməmiş neçə parçaya,

De, neçə giribsən sən bu kahaya?

And olsun anamın südünə, inan,

Yoxsa doğrayacam səni pəhləvan!

Bura necə girdin de mənə görçək?

İSGƏNDƏR: – Niyə çətin işdi kahaya girmək?

Daşı çəkib girdim içəri, yenə,

Təkrar həmin daşı qoydum yerinə.

(Təpəgöz oxunu İsgəndərın əlində görəndə bərk qorxur)

TƏPƏGÖZ: – Pəhləvan, ikinci dəfədir ki, sən,

Gəlib bu kahaya giribsən, əhsən!

Daha yoxdur mənim səninlə işim,

Gəl bu gündən sən ol mənim qardaşım!



İSGƏNDƏR: – Yox Təpəgöz, tutmaz mənlə səninki!

TƏPƏGÖZ: – Qoy sən deyən olsun, nə deyirəm ki,?

Onda gəl öyrədim sənə ox atmaq,

Özgə kəs bacarmaz o yayı dartmaq!

İSGƏNDƏR: – Narahat olma sən, özgəyə baxma,

O, mənim əlimdə atılar qorxma.



(Təpəgöz İsgəndərın sirri bildiyini və onu gözün­dən vu­racağını başa düşür. Əli ilə gözünü tutub İsgəndərın üs­t­ü­nə yü­yürür. İs­gəndər Təpəgözü oxla vurur. Ox onun gözünə dəy­­­mir. Bərk bir gu­rultu qopur. Quyunun ağzı acılır və İs­gən­dər quyuya düşür)
V şəkil

Hər tərəf qaranlıqdı. İsgəndər quyunun içini gəzib çıxış yo­lu axtarır. Bir deşik tapıb həmin deşiklə yeddi günlük yol ge­dib bir meşəyə gəlib çıxır. İsgəndər meşəlikdə bir kişi ilə ras­t­la­şır.

KİŞİ: – Qadan alım oğul, söylə görüm sən,

Kimsən? hardan gəlib, hara gedirsən?



İSGƏNDƏR: – Təpəgöz salıbdır məni buraya,

Yol gəzirəm çıxam nurlu dünyaya.



KİŞİ: – Çıxmagın yolunu deyərəm sənə,

Ay oğul, hələ bir yaxınlaş mənə.

Gəl söyləyim neçə qurtar tilsimdən

Öyrənə bilməzsən yoxsa heç kimdən.



(İsgəndər kişiyə yaxınlaşmaq istəyəndə o, yekə əjdahaya dö­nüb bərkdən nərə çəkir. Hər tərəfdən ilan, əqrəb, qurd kimi hey­van­lar İsgəndərin üstünə tökülürlər. İsgəndər qılıncını sıyırıb əv­­vəlcə rastlaşdığı əjdahaya çevrilən kişinin başını iki parçaya bö­­lür. Bərk bir tufan qopur, tufanın qopması, havanın qaralması, əc­a­ib səslər və vəhşilər get-gedə yoxa çıxır. Hava işıqlanır. Qır­mı­zı günəş doğur. Ölmüş əjdahadan başqa hər şey yoxa çıxır)

İSGƏNDƏR: – Bu nə möcüzədir ey Pərvərdiyar?

Nə o qorxunc səslər, nə qaranlıq var?!

Bəs hanı mənim o, öldürdüklərim?!

Əjdahadan başqa görsənmir heç kim?!



(İsgəndər Ölmüş əjdahaya baxanda gözləri mağaraya sataşır)

Görən bu mağara nə mağaradır?!

Ya mədəd, qoy görüm bura haradı?

(İsgəndər mağaraya girmək istəyəndə gözləri mağaradakı başqa bir qoça kişiyə sataşır. Gözləri qorxduğundan qılıncını sıyırıb onu vurmaq istəyir. Kişi İsgəndərin istəyini başa düşüb ona yaxınlaşır və deyir)

QOCA: – İgid oğlum məndən qorxdun deyəsən?

Məni başqa donda hesab etmə sən.

İnan sözlərimə, qorxma heç nədən,

Yəmən padşahının balasıyam mən.

Mən bura düşəndə cavan ər idim,

Otuz ildir burda bükülür qəddim!

Tilsimə düşən vaxt olsam da cavan,

İndi o gənclikdən qalmayıb nişan!



İSGƏNDƏR: – Ey qoca, mümkünsə mənə göstər iz,

İşıqlı dünyaya neçə çıxaq biz?

Bəsdir bu dünyada qaldıq çətində!

QOCA: – Bax, bu mağaranın şərq tərəfində,

Qanadları bağlı Zümrüd quşu var,

Yazıq gecə-gündüz fəryad qoparar.

Gərək sındıraraq o, tilsimi sən,

Bağlı qanadları aça biləsən.

Biz edə bilsək bu köməyi ona,

O, bizi aparar nurlu cahana,

Oğlan, bununçündə lazımdı gərək,

Mağara sahibin əvvəl öldürək.

İSGƏNDƏR: – Mağara sahibi bəs harda durur?

QOCA: – Qapının ağzında hər vaxt oturur

Özü də o, alçaq girir hər dona,

Düzü bayaqdan mat qalmışam buna,

Neçə olubki, o, görməyib səni?



İSGƏNDƏR: – Gələndə öldürdüm o, ifritəni

(qoca sevincdən gülür)

QOCA: – Vallah həqiqətən igidsən oğul,

Bu çətin işimiz oldu lap asan!

Vallah çox sevindim, gəl mənim ilə,

Sən bu dəqiqədən yoldaşlıq elə.

Eləyək Zümrüdü zülmətdən azad,

Gülsün üzümüzə işıqlı həyat,

Azad eləməyə gedəkmi?

İSGƏNDƏR: – Gedək.

QOCA: – İlahi sən özün ol bizə kömək!

(Yan otağa keçirlər. Otaq qaranlıqdı. Azadlıq üçün ah-fə­qan qopardan qanadları zəncirlənmiş Zümrüd quşunu gö­rür­lər. ­İs­­gən­dər­­ qılıncını çəkib Zümrüd quşunun qanadlarındakı zən­cir­lə­ri doğrayır. Zümrüd bir neçə dəfə qanadlarını çırpır)

ZÜMRÜD QUŞU: – Çox sağ ol, çox var ol ey igid oğlan,

Bu gündən mən sizə borcluyam hər an!

Neçə illərdi ki, bu tilsimdə mən,

Cəhənnəm əzabı çəkirəm, inan!

Axır gözlərimdən yaş leysan kimi,

Heç bir zindan olmaz bu zindan kimi!

Olmuşdu bu dünya gözlərimdə dar,

Dilə görüm məndən nə diləyin var?



İSGƏNDƏR: – Ay quş, istəyirəm biz olaq azad,

Gəl bizi işıqlı dünyaya çıxart!



ZÜMRÜD QUŞU: – İşıqlı dünyaya çıxmaqdan yana,

Ey igid, gərək ki, zülmət cahana,

Sahiblik eyləyən Div ölsün əvvəl!

İSGƏNDƏR: – Qorxma Zümrüd, yoxdur bu işdə əngəl,

O Divin canını çoxdan almışam!

Öldürüb leşini yerə salmışam!

Qaranlıq dünyanın sahibi yoxdur,

Arxayın ol Zümrüd!

ZÜMRÜD QUŞU: – Eləsə, vaxtıdır,

Azuqədən-zaddan götürün bir az,

İndi çıxaq yola gecikmək olmaz,

Divin qardaşları səfərdən gələr,

Bizi parçalayıb min yerə bölər!

İşıqlı dünyaya çıxmaqçün gərək,

Biz yeddi gecəlik bir yolu gedək.

İSGƏNDƏR: – Bu saat, bu saat ay Zümrüd quşu,

Azuqə götürüb gəlirəm, yaxşı.



(İsgəndər gedir və azuqə götürüb tez də qayıdır)

Azuqə gətirdim, uçağın daha

Bizə bu ləngimək oturar baha.


(İsgəndər və qoca Zümrüd quşunun qanadlarının üstündə otu­­rurlar. Zümrüd quşu qanad açıb ucur. Uça-uça hər üçü bi­r­lik­­də deyir­lər)

Əlvida, əlvida ey zülmət cahan!

Qucağın boş qalsın sənin hər zaman!

(onlar işıqlı dünyaya çıxırlar. Musiqi çalınır. Qoca ilə Züm­rüd quşu oxuyurlar)

Güc gəldin yamanlığa,

Nur yağdı qaranlığa.

Qovuşduq azadlığa,

Yaşa İsgəndər yaşa!

Gerçəkləşdi istəyin,

Odu söndü fələyin.

Tanrı olsun köməyin,

Yaşa İsgəndər yaşa!

(Hər üçü görüşüb ayrılırlar)

VI şəkil
Təpəgözün yaşadığı kahanın kənarı və qoyun otardığı otlaq. Tə­pəgöz qoyun sürüsünü otlağa yayıb özüdə bir tərəfdə oturub. İs­gəndər həmin vaxda gəlir. Təpəgöz İsgəndəri görüb dəli kimi də­rindən nərə cəkir.

TƏPƏGÖZ: – Yox, yox ola bilməz! Nə görürəm mən?

İsgəndər yenə də ölməmisən sən



İSGƏNDƏR: – Asandırmı məni öldürmək ay gic!

Səni öldürməmiş ölərəmmi heç?



(Təpəgöz qəh-qəhə çəkib gülür)

TƏPƏGÖZ: – Məni öldürsəydi hər yoldan ötən,

Ömür sürərdimmi heç bu günəcən?

Heç calanardımı yaş üstə yaşım?

İndi çoxdan mənim bişmişdi aşım.



(İsgəndər əlində gizlətdiyi Təpəgözün oxunu çıxardıb qəflətən onun gözünə bir ox vurur. Təpəgözün nərəsi ətrafa yayılır)

Öldüm, Allah öldüm, kor oldu gözüm,

Mən bədbəxt elədim özümü özüm!

Niyə İsgəndərlə söbətə uydum,

Özümü beləcə pis günə qoydum?

Hardasan İsgəndər, hardasan söylə?

Gör səni nə günə qoyacm hələ!

İSGƏNDƏR: – Burdayam Təpəgöz qorxma bəri gəl,

Sən Təpəgöz deyil əfəlsən, əfəl.



(Təpəgöz İsgəndərin üstünə yüyürür. İsgəndər tez-tez son söz­l­ə­ri­­ni təkrar edib yerini dəyişə-dəyişə Təpəgözə nə qədər ox, qı­lınc vursa heç biri ona kar etmir. İsgəndər yorulur. Bir­dən ana­sının tükü yadına düşür və tez çıxardıb yandırır. Şir o də­qiqə or­da olur və nərə çəkib qoyun-quzuları ürküdür. Qo­­­yunlar ma­ğa­ra­ya tərəf qaçır. Təpəgöz də qoyunlarla mağaraya girir)

ŞİR: – Sağ ol mənim oğlum, afərin sənə!

İSGƏNDƏR: – Ana, gecikmə bir yol göstər mənə!

Vurdum Təpəgözün gözünü oxla,

İndi nə edim ki, iş olsun əla?

ŞİR: – Südüm halal olsun sənə Şir oğlu,

Onu öldürməyin var bircə yolu,

Çatdırmaqçün onun ömrünü sona,

Gərək qaladakı quyunu ona,

Kor edib salasan onu quyuya,

Həm biz rahat olaq, həm də bu dünya!



İSGƏNDƏR: – Bəs mən bunu necə eyləyim ana?

ŞİR: – Yalnız bir əlac var ay oğul buna.

Əlac da odur ki, gərək sən yenə,

Qoyun dərisini geyib əyninə,

Həmin mağaraya yenə girəsən,

Onun ölümünə tədbir görəsən.

O, tədbir də sənə gəlməsin asan,

Onu o, quyuya gərək salasan.

Sən ehtiyatlı ol ancaq İsgəndər,

Yaxan keçsə onun əlinə əgər,

Vallah parçalayar o, səni inan!



İSGƏNDƏR: – Oldu ana. Sən get, olma nigaran,

Hansısa bir yolla qatıb başını,

Mütləq bişirəcəm onun aşını!

Sən get iş görməyə mən rahat olum.



ŞİR: – Salamat qal, sənə uğurlar oğlum.

(Şir gedir. İsgəndər də gedir və tez də əynində qoyun dərisi qa­­yı­dır Təpəgözün mağarasına, qoyun kimi mələməyə başlayır. Tə­pəgöz gözünün dərdində idi. Onun səsini eşidlirdi)

TƏPƏGÖZ: – Öldüm, Allah öldüm kor oldu gö­zü­m,

Mən bədbəxt elədim özümü özüm!

Niyə İsgəndərlə söbətə uydum,

Özümü beləcə pis günə qoydum?

Bu nə səsdir gəlir, axı deyəsən,

Çöldən qoyun səsi eşidirəm mən?!

Ağrı məni elə hala salıbdı,

Deyəsən çöldə qoyun qalıbdır?!

Qoy qapını açım girsin içəri!

Niyə öldürmədim mən İsgəndəri?



(Qapını açır. İsgəndər mələyə-mələyə içəri girib quyunun kə­na­rına gedir və dayanmadan mələyir)

Öldüm, Allah öldüm kor oldu gö­zü­m,

Mən bədbəxt elədim özümü özüm!

Niyə İsgəndərlə söbətə uydum,

Özümü beləcə pis günə qoydum?

Öldürdü canımı vallah bu ağrı,

Ax, niyə mələyir bu qoyun axı?!

Mələmə ay qoyun sus söyləyirəm,

Özümü yaman pis hiss eyləyirəm!

(İsgəndər dayanmadan yenə mələyir )

Az mələ! Az dəli eylə sən məni!

Tutub parçalayıb yeyəcəm səni!

(Təpəgöz İsgəndərə tərəf gəlir. İsgəndər tez yerini dəyişir,

Tə­pəgöz düz quyunun kənarına çatanda İsgəndər onu itələyib qu­yuya salır)

İSGƏNDƏR: – Hə, indi ye görüm neçə yeyirsən,

Ay murdar Təpəgöz?



TƏPƏGÖZ: – Ax, yenə də sən?!

Sənə qurban olum İsgəndər, igid

İnsafsızlıq etmə, gəl mənə rəhm et!

Özün görürsən ki, kor olmuşam mən

Yox daha qamətim qırılmışam mən!

Yalvarıram məni quyudan çıxart,

Mən gedim dilənim, siz olun rahat!

İSGƏNDƏR: – Təpəgöz, hədərdi bu yalvarışın

Artıq sənin bişibdir aşın

Az yalvar-yaxar, yoxdur bir xeyri,

Qəbrə gedən ölü qayıtmır geri!

Durum itələyim indi qayanı,

Qaya ilə örtüm mən bu quyunu.



(qaya parçasını itələyib quyunun ağzını örtür. Təpəgöz çı­ğı­ra-çığıra ölür. Musiqi. İsgəndər oxuya-oxuya mağara­dan çıxır)

İSGƏNDƏR: – Yardım qara dumanı,

Nura bükdüm cahanı,

Yurdun, elin xoş anı,

Mənim xoşbəxtliyimdi!


Söndü fələyin şamı,

Düşməndən aldım kamı,

Qoy deyib-gülsün hamı,

Mənim xoşbəxtliyimdi!



(Şir anası onu görüb tez yanına gəlir)

ŞİR: – Oğlum, söylə görüm neyləyə bildin?!

İSGƏNDƏR:Daha qorxu yoxdu, mən qalib gəldim!

ŞİR: – Sənin gözlərindən qoy öpüm oğulum!

Sən əsil igidsən qurbanın olum!



(İsgəndərin gözlərindən öpür)

İndi yaxşı-yaxşı qulaq as mənə,

Oğlum, eşid gör nə deyirəm sənə,

Daha bilməlisən, qoy deyim bil sən,

İsgəndər, sən mənim oğlum deyilsən.

Yəqin soruşarsan – Bəs anam kimdi?

Sənin anan mən yox, bəni adəmdi!

Təpəgözdən qorxub qaçarkən onlar,

Kahamın ağzına səni atıblar!

Oğlum, mən də sənə analıq etdim,

Döşümün südüylə səni böyütdüm.

Çin edib sən xalqın arzu kamını,

Aldın Təpəgözdən intiqamını!

Yəgin deyəssən ki, – Bəs kim anamdi?

O, İmranın qızı Qəmər xanımdı.

O, davam edərkən o vaxt yoluna,

Bazubənd bağlayıb sənin qoluna.

Həmin o, bazubənd nişandı ona,

Gəl gedək, çatdırım həsrəti sona!

İndi nə deyirsən ay mənim ömrüm?



(İsgəndər kövrəlib ağlayır)

İSGƏNDƏR: – Ana, apar məni qoy onu görüm!

Yenə qayıdarıq səninlə geri.

Yazıq nələr çəkib illərdən bəri?!

Edə bilərsənsə et bu işi həll!



ŞİR: – Gedək oğlum, gedək, dur arxamca gəl.

(Şir qabaqda, İsgəndər isə onun arxasınca gedir)

VII şəkil

Gecədir. İmran kişigilin evi. İmran kişi arvad-uşaqları ilə birlikdə çörək yeyirlər. Yeməklərini yeyib qurtarırlar.

İMRAN: – Çox şükür İlahi, çox şükür sənə,

Min şükür deyirəm bu günkü günə!

Heç vaxt dərd-qəm vermə nurlu cahana,

Çəkmə bizi çörək imtahanına!

Zülmətli olmasın nurlu aləmin

Dərd-qəm tanımayaq ölüncə.



QƏMƏR: – Amin!

İMRAN: – Qızım, çox kefsizsən, nə olubdu ki,

Hansısa hadisə baş verib sanki?

Qızım, nə olubsa danma de mənə.

QƏMƏR: – Narahat olmayın, olmayıb heç nə,

Yoxdur ürəyimin vallah dərd qəmi.

Gözü yolda olan adamlar kimi,

Elə bil kimisə gözləyirəm mən,

Kiminsə yolunu izləyirəm mən.

Vallah bir hadisə olmayıb ata.



(Qəmər durub süfrəni yığışdırır, qapı döyülür)

İMRAN: – Qapıdı? Qoy görüm kimdi qapıda

Allah xeyir versin, bu gecə yarı,

Görəsən kim olar ey ulu Tanrı?

(İmran qapını açır. Qapının ağzında Şirlə İsgəndəri görüb qorxuya düşür. Geri çəkilmək istəyəndə Şir onu dayandırır)

ŞİR: – Dayan İmran kişi, sən bizdən qorxma,

Biz sənə dəymərik, qəlbini sıxma.

Qəmər xanım hanı? Çağır bayıra,

Biz şad xəbər üçün gəlmişik bura.



(İmran kişi bir az toxdayır)

İMRAN: – Siz xoş gəlmisiniz, gəlin içəri,

Bu saat çağırım gəlsin Qəməri.



(Şir ilə İsgəndər içəri girirlər. İmran Qəməri çağırır)

Ay qızım hardasan gəl görüm bəri?

Gəlib qonağımız səndən ötəri.

(Qəmər xanım gəlir. O, gələn kimi Şir İsgəndərə deyir)

ŞİR: – Sənin anan budur oğlum gör, tanı,

Yəqin bağışladım sənə cahanı.



(İsgəndər əlindəki bazubəndi Qəmərə göstərir)

İSGƏNDƏR: – Yəgin bu bazubənd tanışdı sənə

Ancaq bunu sən vermisən mənə.

Mən sənin oğlunam, sən mənim anam,

Vaxtiylə meşədə mən doğulanam.



(Qəmər xanım İsgəndərin əlindəki bazubəndə və alnındakı ça­pı­ğa baxır)

QƏMƏR (həyəcanla):– Həmin bazubənddi, həmin çapıqdı!

İllərdi bu həsrət qəlbimi sıxdı!

Aman Allah aman, sən sağsan demək?!

Demək olmamısan qurd-quşa yemək?!



(İsgəndərlə anası bir-birlərinin boynuna sarılıb öpüşüb-g­ö­rü­şürlər və ağlayırlar)

Demək bitən imiş qəlbimdə ahım,

Mən yuxu görürəm yoxsa Allahım?!

Buna inanmayım yoxsa inanım?



ŞİR: – İnan buna sən Qəmər xanım,

Yuxu görmürsüz, həqiqətdi bu,

Bu gün sona çatan bir həsrətdi bu.

Hər şeyi danışım indi sizə mən,

Bir zaman qaçarkən siz Təpəgözdən,

Bunu atmışdınız mənim kahama,

Axşam qayıdarkən mən öz yuvama,

Elə ki, istədim girəm içəri,

Gördüm öz yuvamda mən İsgəndəri.

Yaman ağlayırdı, əvvəl kiritdim,

Sonra da südümlə onu böyütdüm.

Oldu mənə oğul, mən ona ana,

Bu gün də həsrəti çatdırıb sona,

Oğlunla güc gəlib dumana-çənə,

Yeddi illik yolla gətirdim sənə.

QƏMƏR: – Döndü bu gün mənim gecəm gündüzə,

Mən necə təşəkkür eyləyim sizə?!

Sən ki, çatdırıbsan balamı mənə,

Şir, mən ömrüm boyu borcluyam sənə!



ŞİR: – Borclu deyilsiniz siz mənə qəti.

Günahın hamısı Təpəgözdədi.



İSGƏNDƏR: – Daha güləcəkdi hamının üzü,

Ana öldürmüşəm mən Təpəgözü.



İMRAN (həyəcanla): – Kimi?! Təpəgözü?!

ŞİR: – Hə İmran kişi,

Yaddan çıxardın siz daha keçmışı.

Sevginiz varsa yurd-yuvanıza,

Qayıdın daha siz el-obanıza.

Sürün yuvanızda xoşbəxt ömür-gün,

Çalışın işıqlı gələcək üçün.

Daha mən gedirəm.

İSGƏNDƏR: – Şir anam, mən də.

ŞİR: – İsgəndər sən getmə, mən hər bir vədə,

Mütləq gələcəyəm sizi görməyə,

Sizin ilə xoşbəxt ömür sürməyə.

Öz doğma ananın sən qal yanında,

Sən də bəxtəvər ol, doğma anan da.

İSGƏNDƏR: – Ana, qış olsa da ömrünün yazı,

Səndən ayrılmağa olmaram razı.

Sənsiz gəlbdə sevinc bitirənmərəm,

Mən sənin haqqını itirənmərəm.



(Qəmərə)

Ana, istəmirsən mən düşüm uzaq,

Razı ol hamımız birgə yaşayaq.

Anam həm şir olsun, ana, həm də sən

Son söz səninkidi hə, nə deyirsən?

QƏMƏR: – Mən sizi əlimdən ötürərəmmi?

Heç Şirin haqqını itirərəmmi?

Mənim oğlum, hər vaxt sən saxla yadda,

Şirə canımı da edərəm fəda,

Həm sənə, həm də Şir anana oğlum,

Birlikdə yaşayaq, təki xoşbəxt ol!



İSGƏNDƏR: – Şir ana, de görüm sən nə deyirsən?

Bizimlə qalmağa razısanmı sən?



ŞİR: – Sağ olun, yox mənim özgə bir yolum,

Siz razısınızsa, razıyam oğul!



(musiqi çalınır. Rəqs edə-edə oxuyurlar)

İSGƏNDƏR: – Çıxdım axırına mən Təpəgözün,

Xoşbəxtlik gətirdim mən obaya, elə.



ŞİR: – Əzbər olmalıdı dillərdə adın,

Sən böyüyübsənsə şir südü ilə.



İMRAN: – Sağ ol xeyirxah Şir, igid İsgəndər,

Hər ikinizə də mən minnətdaram!



QƏMƏR: – Mən qovuşmuşamsa doğma balama,

Demək həm xoşbəxtəm, həm bəxdiyaram!



BİRLİKDƏ: – Birgə qayıdarıq öz yurdumuza,

Yoxdur nə qorxumuz, nə kədərimiz.

Arxa-dayaq olaq bir-birimizə,

Daha bu dünyanın xoşbəxtiyik biz!



(Hamısı yığılıb bir yerdə xoşbəxt və firavan ömür-gün sü­rür­lər)
SON
10-30.05.2006

KİTABIN

İÇİNDƏKİLƏR
Zaur Vedilinin dramları (H.Arzulu).............................................3
Yurd itgisi ...................................................................................6

Sədaqət ......................................................................................47

Arvad qurtaracaq........................................................................92

Məhəbbətin intiqamı ...............................................................136

Qəmli gözlər............................................................................188

Təpəgöz ...................................................................................244

Kompüter yığıcısı və icraçısı

Cəmilə Akifqızı

İstehsalat müdiri Xədicə Akifqızı

Çapçı Aygün Qismətqızı

Texniki işçilər



Leyla Qismətqızı, Məleykə İlhamqızı

Çapa imzalanıb 02.05.2008

Formatı 60x84 1/16

Fiziki çap vərəqi17,5

Sayı 500

______________


Zaur Vedili

MƏHƏBBƏTİN İNTİQAMI

Bakı-Şirvannəşr-2008





Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə