Zaur vediLİ



Yüklə 1,39 Mb.
səhifə4/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   19

AZƏR: – Fikir eləmə ay Ənvər, fikir eləmə. vaxt olar yenə də varın-dövlətin, malın-heyvanın başından aşar. Təki sağlıq olsun. Bir də mən yad adam deyiləm ki, belə sıxılırsan.

ƏNVƏR: – Elə dərd də sənin yad olmamağındı daa!

AZƏR: – Darıxma. Axırı yaxşı olar. “Su gələn arxa bir də gələr” deyib babalarımız!

ƏNVƏR: – Nicat, bala, heç olmasa get o toyuqlardan bir-iki­sini kəs anan təmizləsin, Azərlə gedək onu baxçada kabab çə­kib ağzımızın dadını dəyişdirək. (Nicat heç nə deməyib ayağa qal­xıb gedir. Azərə) Deməli bu gün axşam gedəcəksən?

AZƏR: – Hə Ənvər. Bayaq dedim ey, vallah məcburam. Ney­­lə­yim? İşdən qala bilmərəm. Elə gəldim sizi ki, sağ-salamat gör­düm bəsimdi. Elə bil dünyanı mənə bağışladılar.

ƏNVƏR: – Sağ ol Azər. Allahtala heç vaxt kölgəsini üs­tün­­dən əskik etməsin. Elə mən də səni gördüm vallah nə qədər se­vindim onu burada mən, göydə Allah bilir. Siz tərəfdə kənd­çi­lə­rimizdən çoxdumu?

AZƏR: – Hə xeylək var.

ƏNVƏR:–İndi yəqin bu yurd itgisi onların da qəddini əy­ib?!

AZƏR: – Cavanların bir o qədər yox, ancaq yaşlıların de­mək olar ki, hamısı elə sən-mən gündədilər.

ƏNVƏR: – Səni inandırım ki, bu neçə ayda elə günüm yox­du ki, gecə yuxumda kəndimizi görməyim. Yuxudan ayı­lan­dan sonra da bir neçə saat özümə gələ bilmirəm! Mənə elə gəlir ki, sanki qəlibə salınıb sıxılırar. Nə yaxşı da o bir qab tor­pağı gə­tirmişəm. Hər gün onu qoxlayıb bir az rahatlanıram!

AZƏR: – Nə torpaq:

ƏNVƏR: – O ağır köçhaköç vaxtı özümlə bir qab həyə­ti­mi­zin torpağını gətirmişəm.

AZƏR (həyəcanla): – Doğrudan deyirsən?!

ƏNVƏR: – Hə, Azər.

AZƏR: – Sən Allah o, hanı?! Gətir bir mən də onun qoxu­su­­nu ciyərlərimə çəkim!

NAZİLƏ: – Qoy gətirim. (Nazilə gedir)

ƏNVƏR: – Vəsiyyət etmişəm ki, ölsəm o torpaqdan qəbri­min üstünə səpsinlər! Bəlkə onda ruhum bir az rahat ola! (Nazilə tor­paq dolu qabı gətirib Azərə tərəf uzadır.)

NAZİLƏ: – Al Azər qardaş, budur. (Azər torpaq dolu qabı ac­gözlüklə Nazilədən alıb torpağın qoxusunu var gücü ilə ci­yər­lə­rinə çəkir və kövrəlir.)

AZƏR: – Necə gözəl qoxur! Vallah heç güldə-çiçəkdə bu qo­xu olmaz! Ənvər nə yaxşı ağıllı iş görüb bu torpağı özünlə gə­ti­ribsən! Kaş ki, mənim də ağlım olaydı. Sən Allah, gedəndə bun­dan bir az da ver mən aparım!

ƏNVƏR: – Gedəndə apararsan. (Azər bir daha torpağın qo­­xusunu ciyərlərinə çəkib qabı Naziləyə uzadır.)

AZƏR: – Al Nazilə bacı. Vallah elə bil ki, mənə bu gün cən­nəti bağışladınız! Elə bil ki, bir an cavanlaşdım. (Nazilə qabı Azər­dən alır)

NAZİLƏ: – Mən gedim toyuğu təmizləyim, istəyirsiniz siz də durub gedin bir bağ-baxçanı gəzib dolanın, qoy bir az kefiniz açılsın.

AZƏR: – Hə düz deyirsən, pis olmaz. Ənvər dur gedək bir bağ-bax­ça­nı­zı gəzim.Görüm həyət bacanız,bağ-baxçanız necə­dir.

ƏNVƏR: – Gedək deyirsən gedək. Vallah Azər səni inan­dı­­rım bu neçə ay ərzində heç desəm baxçamızdan özümün də xə­­bə­ri yoxdu, bəlkə də inanmayacaqsan. Elə bil ki, əlim-ayağım iş­dən-gücdən soyuyub ey! Heç belə bağa-baxçaya getmək istə­mi­rəm! Vallah elə bil ki, heç torpağa bağlı olan, torpaqdan bir an belə ayrılmaq istəməyən Ənvər mən deyiləm!

AZƏR: – Yaxşı-yaxşı boşla getsin. Dur paltarını geyin ge­dək görək baxçada nə var, nə yox. Axşam da yola çıxım. (Na­zilə Ən­vərin paltarını ona verir. Ənvər durur paltarlarını geyinir və hər üçü gedirlər)

VI şəkil
Ənvər gilin evi. Bəylə gəlin üçün bəzənmiş otaq. Nicat bəy li­basında, Günay isə gəlinlik donunda “Vağzalı”nın sədası altın­da Nazilə ilə birlikdə otağa girirlər. Həyətdən gah çal-çağır səsi, gah da masabəyi ilə qonaqların çıxışları eşidilir.

NAZİLƏ (Nicatla Günayı qucaqlayıb öpərək): – Allah sizi xoş­bəxt eləsin mənim balalarım. Günay, qızım, sən də bu ocağa xoş gəlib, səfa gətiribsən. Allahtaladan arzum budur ki, Nicatı bir dağ kimi sənin arxandan, sənin məhəbbətini isə Nicatın ürə­yin­dən heç vaxt əskik eləməsin. Oğullu-qızlı olasınız balalarım. Necə deyərlər: –
Anam-bacım qız gəlin,

Əl-ayağı düz gəlin.

Yeddi oğul istərəm,

Bircə dənə qız, gəlin!


(Bir daha Nicatla Günayı öpür) Xoşbəxt olub, qoşa qarıyın mə­nim balalarım! Yaxşı, siz söhbətinizi edin, mən də gedim hə­yətə. (Nazilə gedir)

NİCAT: – Günay, mənim əzizim, buralar bizim üçün qə­rib­çi­lik olsa da, ancaq necə deyərlər məskunlaşmışıqsa bu ocaq öz oca­ğımız sayılır. Sən bu ocağa xoş gəlmisən.

GÜNAY: – Çox sağ ol mənim əzizim, çox sağ ol. Nicat, an­caq sözün açığını desəm, bizim bir-birimizə qovuşmağımıza bu ne­çə ayda heç inanmırdım. Qəlbimdə olan ümid işığı elə bil ki, ta­mamı ilə sönmüşdü. Fikirləşirdim ki, yəqin ki, nə sən bizim ün­vanımızı, nə də mən sizin ünvanınızı tapa bilməyəcəm. Dü­şü­nür­düm ki, qəlbimizdə kök salan bir-birimizə qarşı olan sonsuz mə­həbbətimiz həsrət torpağına çevriləcək! O torpaq da tezliklə kü­lümüzü çıxaracaq. Ancaq yaradanın bu məsləhətinə min şükür!

NİCAT: – Əlbəttə min şükür əzizim, əlbəttə. Günay, bu müd­dət ərzində həm dədəmlə anamın, həm də mənim nələr çək­di­yimiz vallah nə ölçüyə sığır, nə də çəkiyə! Bunu yerdə mən, göy­də isə tək Allah bilir. Sizin harada məskunlaşdığınızı bilmək üç­ün vallah hər gün yetənlə, ötənlə soraqlaşırdım. Elə ki, kənd­çi­miz Şamil kişinin oğlu Qasım mənə zəng vurub avtovağzalda Azər əmi ilə görüşdüyünü bildirdi, elə bildim ki, bütün dünyanı mə­nə bağışlayıblar! Bir anlıq elə hesab elədim ki, bütün bu dün­ya­nın ən xoşbəxti, ən bəxtəvər insanı elə mən özüməm!

GÜNAY: – Niyə bəs bir anlıq? Təkcə sən yox, elə mən də bir anlıq, müvəqqəti deyil, bu dünyanın əbədi xoşbəxt və bəx­tə­vər insanlarıyıq, əbədi! Ancaq onu da bildirim ki, sən yaşadığın o həsrət donlu, qəm yüklü həyatı eyni ilə mən də yaşamışam Ni­cat! Qəribçilik qəlbimizə qara xal salsa da, ancaq bu məhəbbət alə­mində biz həqiqətən xoşbəxtik Nicat, həqiqətən də xoşbəxtik! Gəl bizim bu vüsal günümüzü bütün sevənlərə ar­zulayaq! Allah­ta­ladan arzu edək ki, bütün sevənlərin qəlbindəki həsrət, hicran ton­qalı əbədi sönsün! Amin!

NİCAT: – Amin! (Həyətin səs-küyü çoxalır)

GÜNAY: – Bu nə səs-küydü?!

NİCAT: – Yəqin cavanlardı. Yeyib içiblər kefləri kök, da­maq­ları çağ. Öz aləmlərindədilər.

GÜNAY: – Ola bilər. (Bu vaxt həyətdən kimsə tələsik – Nicat! Nicat – deyə Nicatı çağırır.)

NİCAT: – Sən gözlə mən bu dəqiqə gəlirəm mənim əzizim. (Nicat gedir)

GÜNAY: – Allah eləməsin, deyəsən nəsə olub! Yoxsa o ça­ğı­ran niyə elə həyacan, təlaş içində çağırır?! Bəlkə o çağıran sər­xo­şuydu ona görə! (Əllərini göyə qaldırır) Ey dünyanı yoxdan var edən İlahi! Sən həqiqətən də səndən imdad istəyənlərin im­da­dına yetənsan! Çox şükür sənin bu məsləhətinə Allahım! Çox şü­kür ki, sonsuz və dərin məhəbbətlə sevdiyim Nicatıma məni qo­vuşdurdun! Yurd-yuvasız, soysuz-köksüz olan bu ermənilərə min kərə lənət olsun Allahım, min kərə! O, şərəfsizlər bu neçə ay­da bizlərə nələr çəkdirmədilər?! Həqiqətən də daha mən xoş­bəx­təm! (Bir az gözləyir. Nicat kefsiz halda girir. Nicatın bu gör­kəmindən Günay da narahat olur.) Nə olub Nicat? Niyə belə kefsizləşibsən? Allah eləməsin yoxsa bir hadisə baş verib?!

NİCAT: – Narahat olma Günay, narahat olma! Bir az dədəmin vəziyyəti qarışmışdı.

GÜNAY (həyəcanla): –Niyə?!

NİCAT: – Nə bilim! Hamımız onun yaşayacağından əlimi­zi üzmüşdük! Elə bil kişi təzədən həyata qayıtdı! Yəqin ki, Alla­hın bizlərə yazığı gəldi! Yazıq kişi bu qəribçiliyin ağrı-acısına da heç dözə bilmir! Yazıq dədəmin elə ilk sözü də, son sözü də Vətəndi Vətən!

GÜNAY: – Hə Nicat. Elə onun ürəyini xəstə eləyib yatağa sa­lan da bu yurd itgisinin ağrı-acısıdı! Allah özü köməyi olsun! Özü şəfasını versin! Çox özünü üzmə Nicat! İnşallah yaxşı olar! Narahat olma.

NİCAT: – İndi gələcəkdi anam kimi o da bizə xeyir-dua ver­sin. Mənə dedilər ki, sən get indi biz də gələrik.

GÜNAY: – Kaş ki, Xalisada keçən gümlərimiz olaydı Nicat. On­da Ənvər əmi gecə də, gündüz də çalışsa da ağrı nədi bil­məz­di. Elə bil ki, Ənvər əmi yox, o yaşda olan bütün kəndçi­lə­ri­mi­zin hamısı Vətənimizi tərk eləyib gələndən sonra Vətənlə bə­ra­bər öz sağlamlıqlarını da itiriblər.

NİCAT: – Hə, düz deyirsən Günay, düz deyirsən. (Ayaq səsləri eşidilir. Qapı döyülür və açılır. Ənvərlə Nazilə gəlirlər. Ni­catla Günay ayağa qalxırlar.)

NAZİLƏ: – Gəl kişi gəl. Bax bu da sənin gözəl gəlinin. Daha rahat ola bilərsən.

ƏNVƏR (ağrılı halda): – Salam mənim balalarım. (Günay ba­şını aşağı salır. Ənvər oğlunun və gəlininin yanına gəlir və hər ikisini qucaqlayır öpür.) Allah sizi xoşbəxt eləsin mənim ba­la­­la­rım. Allahtaladan arzun budur ki, xoşbəxtliyin kölgəsini si­zin ba­şınızın üstündən heç vaxt əskik etməsin. Gün o gün olsun ki, oğul-qız sahibi olasınız. Bir məsəl var mənim balalarım. Bəl­kə də onu eşitmisiniz. Belə deyirlər ki, “hansısa bir mahalda ya­şa­­yan bir kişinin iki dəvəsi varıymış. Günlərin bir günü kişi də­və­lə­rindən birini itirir. Az axtarır, çox axtarır dəvəni tapmır ki, tap­mır. Aradan bir xeyli müddət keçir. Günlərin bir günü kişi yol­da bir dəvə karvanı ilə rastlaşır. Karvana qoşulmuş dəvələrin iç­ində öz dəvəsini görən kimi o dəqiqə onu tanıyır və kar­van­ba­şı­ya dəvənin onun olduğunu bildirir. Karvanbaşı kişi ilə ra­zı­laş­mır. Çox söz-söhbət, mübahisədən sonra kişi karvan­ba­şı ilə belə bir şərt kəsir.

– Mənim dəvəmin ürəyində qara xal var. Gəl bu dəvəni kə­sib onun ürəyini çıxardıb baxaq. Əgər ürəyində qara xal olarsa, de­mək dəvə mənimdi. Yox əgər olmasa, onda bir dəvənin əvə­zi­nə iki dəvə verəcəm.

Karvanbaşı kişi ilə razılaşır. Dəvəni kəsib ürəyini çıxar­dan­da həqiqətən də ürəyində qara xal olduğunu görürlər. Kar­van­­başı kişidən dəvənin ürəyində qara xal olduğunu nədən bildiyini soruşanda kişi onun sualına belə cavab verir.

– O, dəvə ki, öz karvanından, yurdundan-yuvasından ayrı dü­şübsə, onun ürəyində mümkün deyil ki, qara xal olmasın!” – Mə­nim əziz balalarım. Bizim və yurdundan-yuvasından, elin­dən-obasından ayrı düşən biz dərddə olan bütün insanların ürə­yin­də indi o qara xaldan var. Yəqin ki, ürəyimizdə kök salan o qa­ra xalın getməsi üçün də dərman bizim yurdumuza-yuvamıza, eli­mizə-obamıza qayıtmağımızdı! Sizin qəlbinizdə isə bir yox, iki qara xal özünə kök salmışdı. O, ikinci qara xalın da səbəbi siz iki aşiqin bir-birinizə həsrət qalmağınız idi. İndi ulu Tanrının bu məsləhətinə min şükür edirəm ki, siz bir-birinizə qovuşdunuz. O, qəlbinizdəki ikinci qara xal isə elə günü bu gün təmizləndi. Al­lahtaladan arzum budur ki, yaxın müddətdə bizim və biz dərd­də olan bütün insanların qəlbində qalan o, bir qara xal ki, var o da tezliklə itsin! Hamımız öz yurdumuza-yuvamıza qayıda bi­lək! Mənim balalarım, bir daha Allahtaladan sizlərə xoşbəxtlik ar­zulayıram (Təkrar hər ikisini öpür. Geri qayıtmaq istəyəndə qəf­lətən dizləri qatlanır və yerə düşür. Hamısı narahat olub bir-birinə qarışdılar. Nazilə tez Ənvərin başını dizlərinin üstünə qoyub Ənvər Ənvər deyə onu səslədi. Ənvər dünyasını dəyişir. Hamısı ağlaşırlar.)


Son

12.10.1998 – 17.07.2005




4 pərdəli, 7 şəkilli pyes

İŞTİRAK EDİRLƏR
1. Ramiz – kapitan – 30 yaşında

2. Yeganə – Ramizin arvadı – 28 yaşında

3. Mehriban – Ramizin anası – 50 yaşında

4. Könül – Ramizin bacısı – 25 yaşında

5. Kamil əmi – poçtalyon – 45 yaşında

6. Coşqun həkim – Yeganənin iş yoldaşı – 30 yaşında

7. Günel – tibb bacısı – 25 yaşında

8. Polad – sıravi əsgər – 19 yaşında

9. Ceyhun – sıravi əsgər – 19 yaşında

10. Muşex – əsir düşmüş erməni kəşfiyyatçısı – 40 yaşında




I pərdə, I şəkil
Səhərdi. Quşlağın səsləri eşidilir. Yeganə nahar üçün süfrə aç­ır. Ramiz əl-üzünü qurulaya-qurulaya gəlir.

RAMİZ: – Sabahın xeyir Yeganə.

YEGANƏ: – Sabahın xeyir.

RAMİZ: – Niyə belə tez durmusan əzizim? Axı səni oyat­ma­ğa mən özüm qıymadım.

YEGANƏ: – Mən hələ sən oyanmamışdan qabaq oyan­mı­şam Ramiz. Bilirdim ki, bu gün cəbhəyə qayıdacaqsan. Məni oyatmağa qıymamağını sən otaqdan sakitcə çıxanda bildim.

RAMİZ (gülümsəyərək): – Anam sənə hədər yerə xoruz ba­nın­­dan tez oyanan pəhləvan gəlinim demir ki,! Anamın bu söz­lə­­rində doğrudan da həqiqət varıymış. (Gülümsəyirlər. Ra­miz qol­larını Yeganənin boynuna sarıyır)

YEGANƏ: – Bir də nə vaxt cəbhədən qayıdacaqsan?!

RAMİZ: – Dəqiq deyə bilmərəm. Nə vaxt imkan olsa onda gə­ləcəm. Narahat olma. Gələ bilməsəm də tez-tez zəng vuracam. Ni­yə soruşursan ki, Yeganə?

YEGANƏ: – Heç Ramiz, elə-belə. Axı...Axı...

RAMİZ: – Başa düşmədim əzizim. Nə axı? Bəlkə demək is­təyirsən ki, mənsiz darıxacaqsan?

YEGANƏ: – Hə elədi. Sənsiz mənim üçün çox çətin olcaq. İs­təyirəm səninlə mən də cəbhəyə gedim! Axı mən həkiməm. Özü də mən bu saat buradan çox cəbhəyə lazımam. Əgər cəb­hə­də hər beş yaralıdan dördünü həyata qaytarsam böyük iş görmüş ola­ram.

RAMİZ: – Sən buradakı insanlara da lazımsan Yeganə. İn­şal­­lah anamla bacım da səni darıxmağa qoymazlar. Xəs­tə­xa­na­da da başın işə qarışacaq heç bilməyəcəksən gün haradan gəldi, ha­ra getdi.

YEGANƏ: – Elə mənim üçün də çətin olan sənsiz onlara isi­nişməyim məsələsidi. Axı sən lap yaxşı bilirsən ki, mən lap kör­pəlikdən ata-ana nəvazişindən məhrum olmuşam! Kimsəsiz uşaq­larla birlikdə dövlət himayəsində olan “Uşaq evi”ndə böyü­mü­­­şəm! Ata-ana qayğısını, bacı-qardaş məhəbbətini görmə­mi­şəm! Onların ölü və ya sağ olduqlarını, hətda kim olduqlarını be­lə bilmirəm! Elə buna görə də bilirəm ki, sənsiz çox darı­xa­cam, çox!

RAMİZ – Yaxşı-yaxşı unut ötənləri. İndi o günlər çox ar­xa­da qalıb. Daha sən keçmişi yox, gələcəyi fikirləş əzizim gə­lə­cə­yi! Mən onu da söz verirəm ki, anamla bacın səninlə elə rəftarda ol­caqlar ki, istər-istəməz qəlbində onlara qarşı dərin mə­həbbət baş qaldıracaq. Mən buna əminəm. (Yeganəni qəlbinə basıb öpür və saçlarını tumarlayır. Yeganə başını Ramizin çiy­ni­nə qo­yur. Sonra Ramiz nahar üçün süfrə başına gedir. Könül gə­lir)

KÖNÜL: – Sabahınız xeyir.

RAMİZ: – Sabahın xeyir.

KÖNÜL: – Niyə belə tez durubsunuz? Qaqaş, yoxsa harasa gedə­cəksən?

RAMİZ: – Hə bacı, gedirəm cəbhəyə.

KÖNÜL (narahat halda): – yenə döyüşə?! Nə tez gedirsən qa­qaş? Mümkünsə bir neçə gün də qalardın.

RAMİZ: – Mümkünü yoxdu bacı. Cəbhə bölgələrində yenə və­ziyyət qarışıqdı! Kimlər tərəfindənsə qısqılanmış erməni kö­pək uşaqları yenə də qudurubdular. Dünən axşam zəng vur­muş­du­lar! Bildirdim ki, səhər mütləq gələcəm! İndi heç cürə qala bil­mərəm bacı. (Mehriban gəlir)

MEHRİBAN: – Sabahınız xeyir balalarım.

YEGANƏ: – Sabahın xeyir.

MEHRİBAN: – Oğlum, deməli bu gün gedirsən?

RAMİZ: – Hə ana. Cəbhədə vəziyyət ağırdı. Dünən cəbhə­dən zəng vurmuşdular.

MEHRİBAN (qanı qaralmış halda): –Bu qanlarına bülən­mış­lər niyə çörəyimizi yeyib özləri də bizə düşmən kəsiliblər? (Ə­llərini göyə qaldırır) Bu qədər də nahaqq qanlarmı tökülər ey İla­hi?! Bu qədər də hələ əlləri toy xınası görməyən gülü bur­nun­da cavanlarmı ölər ey İlahi? Bu qədər də dul qalmış başıkəsik gə­­linlərmi olar ey İlahi? Niyə sən bizləri bu qədər zülmə düçar ed­ir­sən? Səni and verirəm öz böyüklüyünə, bu odun-alavun üs­tü­­nə su səp ey ulu Tanrı! Rəhmini əsirgəmə! Bizi bu bəlalardan qurtar!

RAMİZ (ayağa qalxır): – Yaxşı, daha vaxtdı mən gedim. (Öpüşüb-görüşürlər. Anasını bağrına basaraq) Məndən də heç ni­garan qalmayın. Allahın köməyilə bu yaxınlarda müharibə də bi­zim qələbəmizlə qurtarar, o zaman mən də sağ-salamat qayı­da­ram öz evimizə! Anacan, üzüqaralıq edirəm Yeganədən mu­ğa­yət olun. Onun burada sizdən başqa heç kimi yoxdu. Ye­ga­nə­ni sizə, sizi də Allaha tapşırıb gedirəm.

YEGANƏ: – Ay Ramiz, sən məni anama yox ey, anamı mə­­nə tapşır. Çünki mənim borcumdu ondan müğayət olum. Nara­hat getmə.

RAMİZ:–Nə deyirəm ki? Allah amanında. Di salamat qa­lın.

KÖNÜL: – Yaxşı yol qardaş.

MEHRİBAN: – Yaxşı yol ay bala! Allah özü sənə və sənin ki­mi bütün əsgərlərə kömək olsun! Allah özü sizləri xətadan-bə­ladan uzaq eləsin. (Ramiz bir daha evdəkilərlə görüşüb gedir. Ye­ganə gözləri dolmuş halda onun arxasınca su səpir)
II şəkil
Həmin ev. Yeganə dərin xəyaldadı. Mehriban ona yaxın­la­şıb divanda əyləşiz.

MEHRİBAN: – Nə fikir edirsən mənim balam? Yenə niyə belə gözlərinə qəm qonub?

YEGANƏ (xəyaldan ayılaraq): – Heç, elə-belə! (Köksünü ötü­rür)

MEHRİBAN: – Köksün dağa-daşa ay bala. Bilirəm, ürə­yin­də­kiləri məndən gizlədirsən. Ancaq düz etmirsən ay qızım, val­lah düz etmirsən! Ürəyindən keçənləri sən məndən gizlətsən də, gizlətməsən də gözümün işığı, vallah mən hər şeyi lap sən bil­diyin qədər bilirəm! Bilirəm ki, sən Ramizin xilfətini çə­kir­sən! Çox özünü üzmə gəlin balam. Allahın köməkliyi ilə bu ya­xın­lar­da müharibə qurtarar. Ramiz də sağ-salamat qayıdar evi­mi­zə! O, zaman siz xoşbəxt ömür sürüb oğul-uşaq böyü­dər­si­niz. Mən də sizə baxıb fərəhlənərəm! Darıxma qızım, darıxma. O, gün lap yaxındadı! Hə qızım, indi dərdini mənimlə bölüşdür. Axı mən də sənə demişəm. Mən sənin təkcə qaynanan yox, həm də ananam qızım, anan.

YEGANƏ: –Narahatam ay ana! Axı dörd aydı ki, ondan bir xəbər-ətər yoxdu! Ana qurbanın olum, dilim qurusun bəl­kə…!

MEHRİBAN: – Qəlbinə girənləri yellər aparsın ay qızım! Al­lahın köməkliyi ilə heç nə olmaz. (Gülümsəyərək) Gəlin ba­lam, yeri-göyü yoxdan var edən o qadir Allahdan arzum budur ki, siz ömrünüzün sonuna qədər bir-birinizə qarşı bax elə beləcə və­falı, sədaqətli ömür-gün yoldaşı olasınız. Mən də sizə baxıb fə­rəhdən qartal kimi qol-qanad açam. Özünü çox üzmə ay qızım. Al­lahın köməkliyi ilə Ramiz kimi igidlərimizin fədakarlığı sayə­sin­­də işğal olunmuş bütün torpaqlarımız erməni qaniçən­lərinin mur­­dar ayaqları altında tapdanmaqdan xilas olar! Bütün qaç­qın­la­rımız, köçkünlərimiz öz doğma ata-baba yurdlarına qayıdarlar! O, zaman hamı kimi biz də xoşbəxt öm­ür-gün sürərik!

YEGANƏ: – Ana, yəni o gün doğrudan bizlərə təzədən qis­mət olacaq? Sən buna inanırsan?!

MEHRİBAN (ayağa durur): – Əlbətdə inanıram qızım, əl­bət­də. Ümüd, inam insanda çox gözəl şeydi gəlin balam. Çalış ki, heç zaman həyatda onları itirmə. Özü də o gün lap yaxındadı. (Y­e­ganəni qucaqlayıb öpür) Sən yaxın müddətdə Ramizin gə­lə­cə­yinə qəlbində ümid bəslə mütləq bəhrəsini görəcəksən qızım, müt­ləq! (Mehriban doluxsanmış halda otaqdan çıxır)

YEGANƏ: – Toyumuzdan düz bir həftə sonra Ramiz təzə­dən döyüş bölgəsinə qayıtdı! O vaxtdan indiyə qədər düz dörd ay vaxt keçib! Bu qədər vaxt ərzindi niyə bir dəfə də olsun evlə əla­qə saxlamasın?! (Dərindən nəfəs alır) Bəlkə…?! Yox. O, mə­ni bir an belə unuda bilməz! Mən buna əminəm! Çünki mən də onu bir an belə unutmuram! Buna mənim haqqım da yoxdu! Bəs on­da niyə evlə əlaqə saxlamasın?! (Telefonun zəngi eşidilir. Ye­ga­nə xəyaldan ayrılır və gedib dəstəyi qaldırır) Alo… Bəli mə­nəm… (Mehriban gəlir) Nəyə görə…? Oldu. (Dəstəyi yerin­dən as­ır)

MEHRİBAN: – Zəng edən kim idi ay qızım?

YEGANƏ: – Könüldü. Deyir bir az evə gec gələcəm.

MEHRİBAN: – Elə bildim Ramizdi! Gəlin balam, mən gedirəm bir az bağ-baxçaya baş çəkəm. (Gedir. Yeganə təkrar divanda oturur)

YEGANƏ: – Anam da çox nigarandı! Ancaq üzə vurmur ki, mən fikir etməyim! Deyirəm necə də təmiz qəlbli insanıymış an­am! (Xəyala dalır. Bir azdan qapı döyülür. Yeganə xəyaldan ay­rı­lır və ayağa qalxır)

YEGANƏ: – Qapı açıqdı buyurun. (Gedib qapını açır. Poç­tal­yon Kamil kişinin səsi eşidilir)

KAMİL KİŞİ: – Salam qızım.

YEGANƏ: – Salam.

KAMİL KİŞİ: – Qaynanan evdədirmi?

YEGANƏ:–Bəli evdədi.Nə olubdu ki, Kamil əmi?! Yox­sa...?!

KAMİL KİŞİ: – Qorxma qızım, qorxma. Heç nə olmayıb. Get qaynananı çağır gəlsin.

YEGANƏ: – Axı nə olub?!

KAMİL KİŞİ: – Dedim ki, qorxma. Get qaynananı çağır qı­­zım. Bir oturub get-gəldən söhbət edək. (Yeganə gedir. Fikirli hal­da təsbehini çevirir) Deyəsən bunların heç nədən xəbərləri yox­du! Yəqin Ramizin əsir düşməsini eşitməyibdilər. Yoxsa gəlin elə tox-tox danışmazdı! Demək yanılmışam! İndi mən bu bəd xəbəri bunlara necə deyim?! Deməməyə də ixtiyarım yox­du! Vallah qaldım odla su arasında! (Təsbehini çevirə-çevirə dü­şü­nür. Qapı açılır. Mehriban gəlir)

MEHRİBAN: – Xoş gəlmisən ay Kamil qardaş. Xeyir ola?! Yoxsa Ramiz­dən bir xəbər var?!

KAMİL KİŞİ: – Xeyirdi inşallah.

MEHRİBAN: – Təki elə olsun Kamil qardaş. Vallah lap ürə­yim üzülmüşdü! Ürəyimə gələnlər dağlara-daşlara getsin!

KAMİL KİŞİ: – Narahatçılığa dəyməz. Ay Mehriban bacı ni­yə mənim sizin hal-əhvalınızı soruşmağa haqqım yoxdu? Neçə vaxt­dı sizlərdən xəbərsiz idim. Gəldim görüm nə var, nə yox? Gə­linlə necə yola gedirsən? Maşallah yaxşı gəlinə oxşayır. Bilirəm ki, sən də ona qaynana yox, əsil anasan!

MEHRİBAN: – Neçə aydı Ramizdən bir xəbərimiz yoxdu Ka­mil qardaş! Nə məktub yazır, nə zəng edir, nə də ki, özü gəlib çı­xır! Bu neçə vaxtdır ki, nə gecəmiz bilinir, nə də gündüzümüz! Elə gözümüz yolda, qulağımız səsdədi! Nələr çəkdiyimizi mən gə­lindən gizlədirəm, gəlin də məndən! Yazıq gəlinin də elə hey əl­ləri qoynundadı! Kamil qardaş, gəlinin də yetim qız olmağına bax­ma, çox gör-götürümlü, mərifətli, səliqəli, böyüyün-kiçiyin ye­rini bilən pəhləvan kimi bir gəlindi. Mən ondan razıyam.

KAMİL KİŞİ: – Çox sağ ol Mehriban bacı. Təki sən deyən ol­sun. (Yeganə çay dolu stəkanları sinidə gətirib stola düzür) Çox sağ ol qızım. Allah səni xoşbəxt eləsin. (Yeganə gedir) Hə Meh­­riban bacı, Allahın köməkliyi ilə bu qanlı müharibə də tez­lik­lə qurtatar! Ramiz də sağ-salamat qayıdar doğma ocağına! O, zaman sən də oğluna-qızına, gəlininə və nəvələrinə baxıb gü­və­nər­sən! Təki sağlıq olsun. (Telefonun zənfi eşidilir. Meh­ri­ban gedib dəstəyi qaldırır)

MEHRİBAN: – Eşidirəm. (Həyəcanla) Bəli oradandı! Ola bil­məz! (Dəstək əlindən düşür. Ağlayıb dizinə döyür və yerə çö­kür) Vay evim yıxıldı! Bu nə sözdü mən eşidirəm ay Allah?! Bəl­kə mən yuxu görürəm?! Axı belə bir şey olsaydı evə xəbər ve­rərdilər?! Ey İlahi bu necə oduydu sən bizi ona tuş etdin?!

KAMİL KİŞİ:–Nə olub Mehriban bacı? Kim idi zəng ed­ən?

MEHRİBAN: – Nə bilim ay Kamil qardaş! Kimdirsə deyir Ra­miz döyüşdə əsir düşüb! Ay Allah qulaqlarımı kar elə mən bir də belə sözlər eşitməyim! Ey müharibə çıxardan, evin yıxılsın! Ba­lan ölsün! Ağlar günə qalasan necə ki, mən qaldım! Yox, Ra­mizim əsir düşə bilməz! Bu eşitdiklərim yalandı, yalan! (Kamil ki­şiyə) Kamil qardaş sən niyə danışmırsan?! Bu eşit­dik­lərim doğ­rudurmu?!

KAMİL KİŞİ (Doluxsanır): – Doğrusunu desəm elə bayaq­dan qalmışdım odla su arasında! Fikirləşirdim ki, bu xəbəri sizə necə çatdırım! (Cibindən bir kağız parçası çıxarıb stolun üstünə qoyur) Alın, hərbi hissədən göndəribdilər!


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə