§ taciR (sahibkar) yardimçilari I- tacir (sahibkar) yardımçıları anlayışı



Yüklə 71,66 Kb.
tarix22.10.2017
ölçüsü71,66 Kb.
#10039

§ 3. TACİR (SAHİBKAR) YARDIMÇILARI
I- Tacir (sahibkar) yardımçıları anlayışı

Ticarət (sahibkarlıq) münasibətlərinin artması və bunların əhatə və həcminin sürətlə genişlənməsi, bu iş və əməliyyatların hamısının tacirin (sahibkarın) özü tərəfindən həyata keçirilməsini mümkünsüz edir. Məsələn, bir tacirin (sahibkar) bir neçə böyük restoranı və ya mağazası olduğunu təsəvvür edək. Restoranda yeməklərin bişirilməsindən tutmuş, lazımı ərzağın alınması, qabların yuyulması, gələn müştərilərə yeməyin çatdırılmasına qədər bütün bu və bənzəri işlərin bir tək şəxs tərəfindən həyata keçirilməsinin mümkünsüz olduğunu və üstəlik bir neçə belə restoranın olması halında bu işlərinin hamısının eyni vaxtda bir tək şəxs tərəfindən həyata keçirməyin mümkün olmadığını çox asanlıqla başa düşmək olar. Bir və ya bir neçə böyük mağazaların işlədilməsi hallarında da aydın məslədir ki, bənzər mümkünsüzlüklər olacaqdır. Bu səbəblə də tacir (sahibkar) ticarət fəaliyyəti ilə bağlı işlərin görülməsi üçün başqa şəxslərin əməyindən istifadə etmək məcburiyyətindədir. Məhz tacirin (sahibkarın) ticarət fəaliyyəti ilə bağlı işlərin görülməsi üçün əməyindən istifadə etdiyi bu şəxslərə tacir (sahibkar) yardımçıları deyilir. Bu yardımçıların bir qismi tacirə (sahibkara) tabe olan, onun göstəriş və nəzarəti altında fəaliyyət göstərirlər. Bunlara bağlı tacir (sahibkar) yardımçıları deyilir. Tacir (sahibkar) yardımçılarının digər bir qismi isə, öz iş vaxtlarını və iş şəraitini müstəqil müəyyən edirlər. Bunlara isə, müstəqil tacir (sahibkar) yardımçıları deyilir. Həm bağlı tacir (sahibkar) yardımçıları, həm də müstəqil tacir (sahibkar) yardımçıları öz içərisində taciri (sahibkarı) təmsil səlahiyyəti olan və olmayanlar olaraq iki qrupa ayrılır.

Bağlı tacir (sahibkar) yardımçıları içərisində təmsil səlahiyyəti olmayanlar ticarət (sahibkarlıq) hüququ baxımından heç bir əhəmiyyət kəsb etmədiklərinə görə, bunlarla bağlı qaydalar ticarət (sahibkarlıq) hüququ çərçivəsində tədqiq və tədris edilmir. Məsələn, restoranda yemək bişirən aşpaz, mağazaya gələn malları boşladan işçi və ya oteldəki otaq təmizləyiciləri, iş yerinin mühafizəçiləri və s. kimi bağlı tacir (sahibkar) yardımçıları ilə olan hüquqi münasibətlər ticarət (sahibkarlıq) hüququ baxımından hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olmadığına görə, bunlara dair qaydalar ticarət (sahibkarlıq) hüququnda tədris edilmir. Bu cür münasibətlərlə bağlı qaydalar daha çox əmək hüququ çərçivəsində tədris edilir.

Bağlı tacir (sahibkar) yardımçıları içərisində təmsil səlahiyyəti olanlar isə, ticarət (sahibkarlıq) hüququ baxımından xüsusi hüquqi nəticələrə səbəb olur. Çünki bağlı tacir (sahibkar) yardımçıları ticarət (sahibkarlıq) fəaliyyəti sahəsində tacirin (sahibkarın) adına və hesabına müqavilələr bağlamaqla tacirin (sahibkarın) ticarəti (sahibkarlığı) ilə bağlı hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olurlar. Tacir (sahibkar), öz yardımçılarına onların görəcəkləri işin mahiyyətinə uyğun gələn həddə təmsil səlahiyyəti verməyə çalışır. Digər tərəfdən tacirin (sahibkarın) təyin etmiş olduğu təmsil səlahiyyətinə sahib olan bu yardımçıları ilə üçüncü şəxslərin ticarət fəaliyyəti sahəsində sıx və səmərəli işgüzar hüquqi münasibət qura bilmələri üçün, yardımçıların təmsil səlahiyyətinə üçüncü şəxslərin tərəddüdü olmamalıdır. Ticarət həyatında və ticarət hüququnda üç təməl meyar və prinsip var: açıqlıq, sürətetimad. Bunların içərisində ticarət baxımından ən həyati əhəmiyyət daşıyanı da heç şübhəsiz etimad və güvəndir, çünki açıqlıq, hüquqi etimad olduğu təqdirdə işgüzar təşəbbüsü stimullaşdırır. Yalnız açıqlıq olmadan etimad və güvən də əmələ gəlməz. İşgüzar münasibətlər, açıqlıq və hüquqi etimad, yəni hüquqi təminat olduğu təqdirdə çoxalır, genişlənir və inkişaf edir. İşgüzar, yəni ticarət münasibətlərin nə dərəcədə genişlənib inkişaf etməsi, bu münasibətlərin nə dərəcədə asan və sürətlə həyata keçirilə bilməsinin mümkün olmasından asılıdır. Məhz buna görə də, ticarət (sahibkarlıq) hüququ ilə bağlı qayda və tənzimləmələr bu məqsədə xidmət edir və etməlidir. Ticarət (sahibkarlıq) hüququ ilə bağlı qaydalar təfsir və təhlil edilərkən və bu qaydaların məqsədəuyğun olub-olmadığı müəyyən edilərkən, mütləq bu meyarlar diqqətlə alınmalıdır. Unudulmamalıdır ki, ticarət (sahibkarlıq) hüququ, əslində ticarət və geniş mənada iqtisadi münasibətlərə xidmət etmək üçün bu sahə ilə bağlı fəaliyyətləri nizama salmaq üçün qəbul edilən qaydalardan ibarətdir.

Açıqlıq olmadan, yəni həqiqətdə işin özünün olub-olmadığı, bir işin mahiyyəti və hüquqi müqəddəratı haqqında məlumat olmadan nəinki o işdən gəlir əldə etmək üçün məsrəf çəkilməz, hətta ümumiyyətlə insanlarda o işdən gəlir əldə etmək fikri də əmələ gəlməz. Bu nöqteyi-nəzərdən qeyd etmək lazımdır ki, təmsilçiliklə bağlı olan ümumi müddəalar, tacirin (sahibkarın) ticarət fəaliyyətlərində öz yardımçılarından səmərəli istifadə etməsi baxımından ehtiyacları qarşılayacaq səviyyədə deyildir. Çünki, bu qayda və müddəalar üçüncü şəxslərin işgüzar hüquqi münasibətlər qurması baxımından qeyd edilən açıqlıq və etimadı təmin etmir. Təsəvvür edin ki, biz hər dəfə mağazaya girib bir şeylər alanda mağazadakı satıcıların bunu satmağa səlahiyyətlərinin olub-olmadığını müəyyən etməyə çalışsaq və ya bir restoran müdirinin restoran fəaliyyəti ilə bağlı hər gün üçüncü şəxslərlə qurduğu hüquqi münasibətlərdə restoran sahibini təmsilə səlahiyyətli olub-olmadığını hər dəfə sübut etməsi lazım gələrsə, ya da otel sifarişlərini qəbul edən şəxslərin buna səlahiyyəti olub-olmadığını hər gələn və ya müraciət edən müştərinin tələb etməsi lazım gələrsə, onda bu fəaliyyətlərin həyata keçirilməsi nə hala gələr? Halbuki, təmsillə bağlı ümumi müddəalara sıx bağlı qalsaq, onda mağazanın sahibi “mən satıcıya bu barədə səlahiyyət verməmişdim, siz onun məni təmsil etməsi ilə bağlı səlahiyyətini yoxladınızmı”, restoranın sahibi “mən müdirə bu cür müqavilələr bağlamaq səlahiyyəti verməmişəm, siz niyə baxmadınız ki, onun belə bir səlahiyyəti var və ya yox”, otel sahibi “mən müraciətdə olan şəxsə tapşırmışdım ki, o müştəri qəbul etməsin, o, səlahiyyəti olmadığı halda sizi qəbul etmişdir, ona görə də, gecəyarısı da olsa, otel otağını boşaltmalısınız” deyərək bu müqavilələrdən irəli gələn məsuliyyətdən çox rahatlıqla boyun qaçıra bilər.

Buna görə də, üçüncü şəxslərin tacirin (sahibkarın) ticarət fəaliyyəti ilə bağlı işgüzar hüquqi münasibət qurmaları, tacir (sahibkar) yardımçılarının təmsil səlahiyyətinin çərçivəsi barədə aydın bir qənaət və təsəvvürə sahib olmaları şərtinə bağlıdır. Məhz bu səbəblə də aparıcı hüquq sistemlərində tacirin (sahibkarın) öz ticarət fəaliyyətlərində istifadə etdiyi yardımçılarının təmsil səlahiyyətinə qanun və digər hüquqi üsullarla açıqlıq gətirilmişdir. Bunun sayəsində həm tacir (sahibkar) yardımçılarının təmsil səlahiyyəti haqqında hər kəsə aydın bir məlumat təmin edilmiş olur, həm də tacir (sahibkar) tərəfindən bu səlahiyyətlərə gətirilən məhdudiyyətlərin vicdanlı üçüncü şəxslərə qarşı irəli sürülməsi imkanı aradan qaldırılmış olur.

İndi tacirin (sahibkarın) təmsil səlahiyyəti olan bağlı yardımçıları kimlərdir? Bunlar ticarət təmsilçisi1 və ticarət vəkilləridir. Səyyar ticarət vəkillərinin təmsil səlahiyyəti ilə bağlı məsələlər isə, ümumi qaydalara tabedir. Azərbaycan qanunvericiliyində təmsil səlahiyyəti olan bağlı tacir (sahibkar) yardımçıları içərisində bir tək ticarət (kommersiya) təmsilçiliyi ilə bağlı yazılı normalar var, ticarət vəkilləri ilə bağlı isə, ümumiyyətlə yazılı olan heç bir xüsusi norma yoxdur. Ticarət təmsilçiliyi ilə bağlı müddəalar da, aşağıda görəcəyimiz kimi, olduqca yetərsiz bir şəkildə tənzimlənib. Ancaq bütün bunlara baxmayaraq real ticarət həyatında faktiki olaraq bu cür tacir (sahibkar) yardımçıları var və bunlardan iş həyatında çox fəal bir şəkildə istifadə olunur. Bu səbəblə də, hər nə qədər bunlarla bağlı yazılı hüquq qaydaları “yoxdur” deyiləcək qədər azdırsa da, iş həyatında bunlarla bağlı işgüzar adətlər və davranış qaydaları müəyyən dərəcədə kök salıb formalaşmışdır.

II- Ticarət (kommersiya) təmsilçisi

Aşağıda ticarət (kommersiya) təmsilçisi anlayışının mahiyyət və ünsürlərini nəzərdən keçirməzdən əvvəl, bu başlıq altındakı mövzunun daha yaxşı başa düşülməsi üçün ümumi mənada təmsil anlayışının özünün hüquqi mahiyyəti ilə bağlı, çox qısa da olsa, izahat verməyi lazım bilirik.



A. Ümumi mənada təmsil anlayışı

Təmsil, vəsiyyətnamə kimi bir tərəfli əqd növünə daxildir. Qanunvericiliyimizdə təmsil və təmsilçinin tərifi verilməsə də, qüvvədə olan mövcud müddəalardan asanlıqla başa düşmək olar ki, “təmsil, bir əqdi başqa bir şəxsin adına və hesabına bağlaya bilmə səlahiyyətidir”. Yəni təmsil, bir əqdi başqa bir şəxsin adına və hesabına bağlamaqla, bu əqddən irəli gələn hüquq və vəzifələri onun (təmsil olunan) üçün əmələ gətirə bilmə səlahiyyətidir. Mülki məcəllədə, təmsilin bu mahiyyətinə: təmsilçinin təmsil olunan adına əqd bağlamaqla onun (təmsil olunan) üçün mülki hüquq və vəzifələrin bilavasitə yaradılması, dəyişdirilməsi və ya ona xitam verilməsi şəklində açıqlıq gətirilmişdir (m.359.1-in ilk cümləsi). Bir tərəfli əqd ifadəsi, əqdin əmələ gələ bilməsi üçün tələb olunan iradə bəyanlarının ədədini göstərən bir anlayışdır. Mülki Məcəllədə (m. 324) də “əqdlərin növləri”, məhz bu cəhətdən edilən qruplaşdırma əsasında ifadə edilən adlara görə adlandırılmışdır.

Bir əqdin təmsil yolu ilə bağlandığını qəbul edə bilmək üçün əsasən üç şərt tələb olunur:

i- təmsilçinin təmsil olunan adına hərəkət etmiş olması;

ii- təmsilçi olduğunu qarşı tərəfə bildirmiş olması

iii- təmsil səlahiyyətinin olması.



Birinci şərtdə əsas olan odur ki, təmsilçi əqd bağlayarkən bunu təmsil olunan adına və hesabına bağlama iradəsi daşıması lazımdır. Bir əqdi bağlayan şəxs, başqa bir şəxsi təmsil səlahiyyəti olsa da, faktiki olaraq bu əqdi ona təmsil səlahiyyəti vermiş olan şəxs üçün deyil, məsələn özü üçün bağlamışsa, onda bu əqdlə bağlı təmsilə aid qaydalar tətbiq oluna bilməz. Məsələn, M, işgüzar bir səfərə çıxan tanışı T-yə pul verərək rast gələrsə onun üçün müəyyən bir elektron əşya almasını xahiş etsə və T də ona deyilən şərtlərə uyğun bir elektron əşyanı (bir daha elə bir fürsət əlinə düşmədiyinə görə) M üçün deyil, özü üçün alsa, burada təmsil yolu ilə bağlanmış bir müqavilədən söhbət gedə bilməz. Çünki T, bu elektron əşya ilə bağlı müqaviləni M üçün deyil, özü üçün bağlamışdır.

İkinci şərtdə isə, tələb olunan odur ki, təmsilçi əqd bağlayarkən təmsil olunanın adından hərəkət etdiyini bildirməlidir. Bu bildirmə, şıfahi və yazılı surətdə ola biləcəyi kimi, davranış və ya əqdin bağlanma şəraiti vasitəsi ilə də ola bilər (MM.m.359.1). Bu həm də o deməkdir ki, təmsil səlahiyyəti olan bir kimsə təmsil niyyəti və iradəsi ilə əqd bağlamış olsa belə, bunu bağladığı əqdin qarşı tərəfinə bildirməmişsə və hal və şəraitdən də bu (təmsilçilik halı) anlaşılmırsa, onda təmsil yolu ilə bağlanmış bir əqd olmayacaq və bu əqd barəsində də təmsilə dair olan qaydalar tətbiq oluna bilməyəcək. Yəni, bu cür hallarda təmsil səlahiyyətinə əsaslanaraq təmsil niyyət və iradəsi ilə əqdi bağlayan şəxsin özü, bağlamış olduğu bu əqdin tərəfi hesab olunacaq.

Təmsilə uyğun bir əqdin bağlanmış hesab oluna bilməsi üçün tələb olunan üçüncü şərt də təmsil səlahiyyətinin olması şərtidir. Əgər bu təmsil səlahiyyəti təmsil olunanın iradəsinə əsaslanırsa buna iradi təmsil (təcrübədə buna “mülki etibarnamə” deyildiyinə tez-tez şahid oluruq), qanuna əsaslanırsa qanuni təmsil səlahiyyəti deyilir. Qanuni təmsil səlahiyyətinə sahib olan şəxs qanuni təmsilçi, digəri isə, iradi təmsilçi və ya elə sadəcə təmsilçi deyilir.

İndi aydın məsələdir ki, bir kimsənin təmsil səlahiyyətinə sahib olub-olmadığı, ona məhz qanun və ya təmsil olunan tərəfindən belə bir səlahiyyətin verilib-verilmədiyinə bağlıdır. Ancaq yuxarıda da qeyd edildiyi kimi, təmsil bir tərəfli bir əqddir və xüsusi ilə iradi bir təmsil səlahiyyətinin verilə bilməsi üçün təmsil olunanın iradə bəyanı zəruri və yetərlidir (MM.m. 324.3). Başqa sözlə, iradi təmsilə aid məsələlərdə bir kimsənin səlahiyyətli təmsilçi olub-olmadığı təmsilçinin iradəsindən deyil, sırf təmsil olunanın iradəsindən asılıdır. Bütün bunlardan asanlıqla başa düşmək olar ki, təmsil səlahiyyətinin verilməsi üçün, təmsilçi ilə təmsil olunan arasında bir müqavilənin bağlanılması zərurətini meydana gətirmir. Bir kimsənin təmsilçi sayıla bilməsi üçün tək tərəfli iradə bəyanı zəruri və yetərli olduğuna görə, təmsilçinin ona verilən bu səlahiyyəti rədd etməsi, onun təmsilə səlahiyyətli hesab olunmasına maneə deyildir. Yəni təmsilçinin rədd bəyanı, onun hüquqən səlahiyyətli təmsilçi sayılmasına hüquqi bir maneə təşkil etmir. Bu kimi hallarda təmsil səlahiyyəti verilən şəxsin buna qarşı edə biləcəyi hərəkət, təmsil səlahiyyətini istifadə etməməkdir.

Təmsil səlahiyyətinin təmsilçi ilə təmsil olunan arasındakı bir müqaviləyə görə verilməsi və ya verilmiş olması hallarında da təmsil səlahiyyətinin hüquqi müqəddəratının bu müqaviləyə bağlı olması zərurəti yoxdur. Təmsil, təmsil olunan və təmsilçidən başqa olan şəxslərə, yəni üçüncü şəxslərlə olan hüquqi münasibətlərə istiqamətlənmiş olan bir hüquqi institutdur. Halbuki müqavilə, onu bağlayan şəxslər arasındakı münasibətləri tənzimləyir. Yəni bir müqavilə ilə həm də təmsil səlahiyyəti verilən hallarda belə, müqavilənin təmsil səlahiyyətinin verilməsi ilə bağlı olmayan qaydaları müqavilələr hüququna tabedir və yalnızca müqavilənin tərəfləri arasındakı hüquqi münasibətlərlə (yəni daxili münasibəti) əlaqədardır, təmsil isə, üçüncü şəxslərlə olan hüquqi münasibətlərlə əlaqədardır. İndi bu cür (təmsil səlahiyyətini də özündə ehtiva edən) müqavilələrə xitam verilsə belə, təmsil səlahiyyəti qüvvədə qala bilər və ya tam əksinə, müqavilə qüvvədə qaldığı halda təmsil səlahiyyəti aradan qaldırıla da bilər. Məsələn, əmək müqaviləsi yazılı formada bağlanmadığına görə etibarsız olsa da, məcburi formaya əməl edilmədən bağlanmış olan bu müqavilə ilə verilmiş olan təmsil səlahiyyəti etibarlıdır və bu təmsilə əsaslanaraq bağlanılmış olan müqavilələrdən irəli gələn hüquq və öhdəliklər işəgötürənə aid olar. Həmçinin etibarlı bir əmək müqaviləsi ilə işçiyə verilmiş olan təmsil səlahiyyəti, əmək müqaviləsi qüvvədə saxlanıldığı halda sonradan tək tərəfli olaraq geri alına bilər.

Təmsilçi, təmsil olunan adına əqd bağlayarkən, bu əqdin qarşı tərəfi olan üçüncü şəxsin onun təmsil səlahiyyətinin olub-olmadığını müəyyən etməsi lazımdır. Bu barədə məlumatı birbaşa təmsil olunanın özündən şifahi şəkildə və ya onun tərəfindən verilmiş olan yazılı bəyan yolu ilə, ya da ki, təmsilçinin fəaliyyət göstərdiyi şəraiti nəzərə alaraq öyrənə bilər.
B. Ticarət təmsilçisi anlayışı, ticarət təmsilçisi statusunun əmələ gəlməsi və xitam olunması
1. Ticarət təmsilçisi anlayışı

Üçüncü şəxs, təmsilçi ilə bir və ya bir neçə əqd bağlayacaqsa, təmsilçinin təmsil olunanı təmsilə səlahiyyəti olub-olmadığını və bu səlahiyyətin çərçivəsini aşıb-aşmadığını müəyyən eləmək, ən azından bu barədə ona sübut təqdim edilməsini tələb etmək, əks halda onunla əqd bağlamaqdan imtina etmək imkanına sahib olur. Halbuki, tacirin (sahibkarın) ticarət (sahibkarlıq) fəaliyyəti, bir çox hallarda əməyindən istifadə etdiyi bağlı yardımçılarının ən azından bir qisminin təmsil səlahiyyətini həyata keçirməsi şəklində təzahür edir. Böyük bir topdansatış yeri işlədən bit tacir (sahibkar), bu işlərini idarə etmək üçün biri müdir və üçü də sürücü olan cəmin on işçi işlətdiyini və özünün bu alış-veriş işlərinə qətiyyən qarışmadığını, yalnızca hər rübün sonunda hesabat aldığını fərz edək. İndi belə olan hallarda, tacir (sahibkar) ticarət fəaliyyəti ilə o halda məşğul olmuş hesab olunar ki, başqa sözlə, tacirin (sahibkarın) ticarət fəaliyyəti o zaman ola bilər ki, bu yardımçıları onun adına və hesabına iş görsünlər. Yəni bunlardan təmsil səlahiyyətinə sahib olanlar tacir (sahibkar) adına alğı-satqı müqavilələri bağlamasalar və bu müqavilələrdən irəli gələn hüquq və öhdəliklərin icrası ilə bağlı tacir (sahibkar) adına hüquqi hərəkətləri icra etməsələr, onda tacirin (sahibkarın) ticarət fəaliyyəti də olmayacaq. Bu kimi hallarda həm tacir (sahibkar) ilə işgüzar ticarət münasibətləri qurmaq istəyən şəxslərin mənfəəti, həm də tacirin (sahibkarın) mənfəəti onu tələb edir ki, bu işgüzar münasibət ilə bağlı hər hüquqi hərəkətin icrasında təmsillə bağlı sübut etmə yükü aradan qalxsın. Əks halda ticarət münasibətlərində həm surət, həm də hüquqi etimad çox azalar. Tərəflərin qarşılıqlı mənfəəti onu tələb edir ki, tacirin (sahibkarın) ticarət fəaliyyətləri sahəsindəki müqavilələrin bağlanılmasında hər dəfəsində əlavə sübut etmə və qarşı tərəf üçün də sübut tələb etmə yükündən azad edən daimi təmsilçiləri olsun və bu təmsilçilərin səlahiyyətləri də əvvəlcədən bəlli olsun. Əvvəlcədən bəlli olan bu səlahiyyətlərə qoyulmuş olan məhdudiyyətlər də bundan xəbəri olmayanlara qarşı irəli sürülə bilməsin. Bu həm ticarət münasibətlərinin daha sadə bir hala gətirilməsinə, həm də ticarət münasibətlərinin etibarlılığına və sürətlənməsinə səbəb olar. Ticarət münasibətlərinin sürətli və etibarlı olması, son nəticədə ölkə iqtisadiyyatının inkişafı baxımından da olduqca zəruri və böyük bir əhəmiyyət malikdir. Məhz bu cür ehtiyacın aradan qaldırılması ilə bağlı ticarət təmsilçisi və ticarət vəkilləri kimi hüquqi institutlar əmələ gəlmişdir.

MM-nin 361.1 maddəsində ticarət təmsilçisi, “Sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr bağlanarkən sahibkarları daimi və müstəqil surətdə təmsil edən şəxs kommersiya təmsilçisi sayılır” şəklində tərif edilmişdir. Bu tərifdəki “daimi” ifadəsi, qabaqcadan sayı bəlli olmayan qeyri-müəyyən saydakı müqavilələrin bağlanılması ilə bağlı təmsil səlahiyyətinin olduğunu ifadə edir, “müstəqil” ifadəsi isə, bu səlahiyyətin çərçivəsinin qabaqcadan hər kəsə bəlli olmasını və bəlli olan bu səlahiyyətlərə məhdudiyyətlər qoyulduğu təqdirdə isə, bunun vicdanlı üçüncü şəxslərə qarşı irəli sürülə bilməyəcəyini ifadə edir. Məhz “müstəqil” sözündən ona görə istifadə edilir ki, ticarət təmsilçisinin bu səlahiyyəti vicdanlı üçüncü şəxslərə tacirin (sahibkarın) iradəsindən asılı deyildir. Tacir (sahibkar), özünün ticarət təmsilçisinə öz aralarındakı münasibət baxımından istədiyi qədər məhdudiyyət qoya bilər, amma bu məhdudiyyətləri vicdanlı üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Məsələn yuxarıda inşaat materiallarının topdan satışı yerini işlədən tacir (sahibkar) M, bu iş yerinə müdir təyin etdiyi T-yə “50 min manatdan yuxarı taxta alma” və ya “nisyə mal vermə” şəklində onun təmsil səlahiyyətinə məhdudiyyət qoymuş olsa belə, bundan xəbəri olmayan başqa bir tacir (sahibkar) olan Ü, T-yə 50 min manatlıq taxta satsa və ya T-dən nisyə (yəni məsələn, 1 ay sonra pulunu vermək şərti ilə) inşaat materialı alsa, onda M, T-nin buna səlahiyyəti olmadığını əsas gətirib bu müqavilələrin onu (M-ni) bağlamadığını irəli sürə bilməz. Bu misalda Ü, 50 min manatın ödənilməsini M-dən tələb edə biləcəyi kimi, M-nin sahibkarlıq fəaliyyəti sahəsində müqavilələrini bağlayan şəxs kimi T ilə bağlanılmış olan müqavilə əsasında ona (Ü-yə) nisyə inşaat materialı verilməsini də tələb edə bilər. Ancaq əlbəttə ki, bu kimi hallarda tacir (sahibkar) olan M, bağlı yardımçısı olan T-yə qarşı öz vəzifəsini lazımınca yerinə yetirməməsi ilə bağlı məruz qaldığı zərərlərin ödənilməsini tələb edə bilər və onu yardımçılıqdan çıxarda bilər.

Burada ticarət (kommersiya) təmsilçisinin tərifi ilə bağlı onu da qeyd etmək lazımdır ki, qanunda yalnızca ticarət (kommersiya) təmsilçisinin yalnızca “sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr bağlanarkən sahibkarları daimi və müstəqil surətdə təmsil edən şəxs” kimi tərif edilməsi bir qədər düzgün olmamışdır. Çünki, istər ticarət (kommersiya) təmsilçiliyinin işgüzar münasibətlərdə qarşıladığı ehtiyac, istərsə də ki, sahibkarlıq fəaliyyəti sahəsindəki mövcud işgüzar adətlər açıqca onu göstərir ki, ticarət (kommersiya) təmsilçisi yalnızca müqavilələrin bağlanılmasında təmsilçilik etmir, o, həm də tacirin (sahibkarın) ticarət (sahibkarlıq) fəaliyyətini idarə edir. Yəni iş yerində işlərin təşkili və idarə edilməsi vəzifəsini də görür. Buna görə də, ticarət (kommersiya) təmsilçisini “taciri ticarət fəaliyyəti sahəsində daimi və müstəqil surətdə təmsil edən şəxs ticarət təmsilçisi sayılır” şəklində tərif etmək, qənaətimizə görə daha məqsədəuyğun olardı.



2. Ticarət təmsilçisinin təyin edilməsi

MM-nin 361.3 maddəsinin ilk cümləsi, təəssüf ki, çox qarışıq və uğursuz bir şəkildə yazılmışdır. Bu maddənin hərfi mənası belə bir təsəvvürün formalaşmasına səbəb olur ki, sanki ticarət təmsilçisinin tacir (sahibkar) adından bağladığı müqavilələr, tacirlə (sahibkarla) ticarət (kommersiya) təmsilçisi arasındakı yazılı müqavilədə və ya etibarnamədə nəzərdə tutulan səlahiyyətlər çərçivəsində taciri (sahibkarı) bağlar. Yəni ticarət (kommersiya) təmsilçisinin olduğunu qəbul edilə bilməsi üçün həm yazılı bir müqavilə və ya etibarnamə olmalıdır, həm də ticarət (kommersiya) təmsilçisinin bu səlahiyyətinə vicdanlı üçüncü şəxslərə qarşı irəli sürülə biləcək şəkildə hər cürə məhdudiyyətlər qoyula bilər. Bu əlbəttə ki, qəbuledilməzdir. Çünki, belə bir yanaşma, həm ticarət (kommersiya) təmsilçisinin qanuni tərifinə uyğun gəlmir, həm də ticarət (kommersiya) təmsilçiliyi anlayışının varlıq səbəbi və funksiyasına ziddir.

Bundan başqa, madam ki, heç müqavilə olmadan etibarnamə əsasında ticarət (kommersiya) təmsilçisi təyin edilə bilər və etibarnamənin də yazılı olması şərt deyil (MM.m.362.1.), onda nəyə görə müqavilə əsasında ticarət (kommersiya) təmsilçisinin təyin edilə bilməsi üçün müqavilə yazılı olması lazım gəlir? Müqavilə yazılı olmasa belə, təmsil səlahiyyətinin verilə bilməsi üçün yazılılıq şərti tələb olunmadığına görə (MM.m. 359.1 və 362.1), bu müqavilənin yazılı olub-olmamağının ticarət (kommersiya) təmsilçiliyi baxımından qüvvədə olan qanunvericiliyə görə heç bir əhəmiyyəti yoxdur.

Qaldı ki, yuxarıda da izah edilməyə çalışıldığı kimi, təmsil hüquqi mahiyyəti etibarı ilə birtərəfli əqddir, təmsil səlahiyyətinin əmələ gələ bilməsi üçün müqavilənin bağlanılması zərurəti yoxdur.

Nəhayət, ticarət (kommersiya) təmsilçisinin digər ümumi qaydada təyin edilən təmsilçilərdən ayrılaraq fərqləndirilməsinin və bu fərqi bildirmək üçün ona ayrı bir ad qoyulmasının o zaman hüquqi bir əhəmiyyət və mənası olar ki, ona hüquqən ayrı bir hüquqi nəticə və ya nəticələr bağlanılmış olsun. Əks halda, həm də qanunda lazımsız bir maddənin yersiz bir şəkildə yazılmasını qəbul etmək lazım gəlir ki, bunun da məqsədəuyğun olmadığı açıqdır.

Burda indi əsl cavablandırılması lazım gələn bir sualla qarşılaşırıq: Azərbaycan hüququnda ticarət (kommersiya) təmsilçisi statusu hansı anda əmələ gəlmiş hesab olunur, yəni ticarət (kommersiya) təmsilçisi statusu nə vaxt yaranmiş hesab olunur? Bununla bağlı qanunvericiliyimizdə açıqca yazılmış olan xüsusi bir qayda və ya müddəa yoxdur. Ancaq istər ticarət (kommersiya) təmsilçiliyinin ticarət (sahibkarlıq) fəaliyyəti sahəsindəki qarşıladığı ehtiyac, istərsə də MM-də (m.11) hüququn bir mənbəyi olaraq göstərilən işgüzar adətlərə əsasən deyə bilərik ki, ticarət (kommersiya) təmsilçisi statusu, tacirin (sahibkarın) onu bu şəkildə üçüncü şəxslərə təqdim etdiyi andan etibarən əmələ gəlir. Başqa sözlə, tacir (sahibkar) tərəfindən özünün sahibkarlıq fəaliyyəti sahəsində ticarət (kommersiya) təmsilçisi vasitəsi ilə təmsil olunması barədə hüquqi görünüş əmələ gətirdiyi anda, ticarət (kommersiya) təmsilçiliyi statusu da əmələ gəlmiş olur. Bunu AMM-nin 359.1-ci maddəsinin 3-cü cümləsinin tələbi də sübut edir. Həmin normaya görə, “təmsil səlahiyyəti həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər”. Buradan məlum olduğu kimi, tacir (sahibkar) tərəfindən özünün sahibkarlıq fəaliyyəti sahəsində ticarət (kommersiya) təmsilçisi vasitəsi ilə təmsil olunması barədə hər hansı bir hüquqi görünüş əmələ gətirdiyi andan ticarət təmsilçiliyi statusu meydana gəliri.

Bu fikir ticarət təmsilçiliyi institutunun ilk dəfə tənzimləyən Alman hüququna, Alman hüququndan olduğu kimi tərcümə edən İsveçrə hüququna, İsveçrə hüququndan isə yenə olduğu kimi tərcümə edən Türk hüququna baxaraq da təsbit etmək mümkündür. Bəhs edildiyi kimi, ticarət təmsilçisi məfhumu ilk dəfə Alman hüququnda qəbul edilib və bu məfhumu “prokuror” adlandırılıb. Kəlimə mənası təmsilçi olan prokuror, sahibkarın açıq və ya örtülü (gizli) iradə ifadəsi ilə təyin edilən, onun həyata keçirdiyi sahibkarlıq fəaliyyəti sahəsinə daxil olan bütün işləri onun adından apara bilən şəxsdir. Bu səbəblə prokurora Alman hüququnda sahibkarın alter egosu, yəni bir başqa özüdür deyilir. Səlahiyyətləri çox geniş olan prokurorun səlahiyyətlərini saymağın əvəzinə, yerinə yetirə bilməyəcəyi səlahiyyətlərini saymaq daha düzgün olar- deyilir. Ən təməl xüsusiyyəti tacirin adından ticari işlətmənin (şirkətin) məqsədinə daxil olan bütün işləri yerinə yetirə bilməsidir.

Türk hüququnda Alman hüququndakı prokuror məfhumu TBQ-nun 449-cu maddəsində eyni formada lakin “ticari mümmessil” termini ilə tənzimlənib. Həmin normaya görə, “Ticari mümessil bir ticarethane ve ya fabrika ve ya ticari şekilde işletilen diğer bir müesese sahibi (sahibkar) tarafından işlerin idare ve müesise imzasının (firma adı) kullanarak bivekale (təmsilən) imza vaz etmek üzre sarih (açıq) ve ya zimni (gizli)2 kendisine mezuniyyet (icazə) verilen kimsedir”.

Buradan da məlum olduğu kimi ticarət təmsilçiliyini tənzimləyən mənbə ölkələr onun, açıq3 və ya gizli iradə bəyanı ilə sahibkar tərəfindən təyin oluna biləcəyini nizamlayır. Həm mənbə ölkələrdəki sistemi, həm AMM-nin 359.1-ci maddəsinin tələbini, həm də işgüzar adətləri nəzərə alınaraq deyə bilərik ki, Azərbaycan hüququnda da ticarət təmsilçisi açıq və ya gizli iradə bəyanı ilə sahibkar tərəfindən təyin oluna bilər.
3. Səlahiyyətləri və onun məhdudlaşdırılması məsələsi

Yuxarıda qeyd edilənlərdən məlum olduğu kimi, ticarət təmsilçisi sahibkarın həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin predmetinə daxil olan bütün işləri sahibkarın adından yerinə yetirməyə səlahiyyətlidir. Bu səbəblə Alman hüququnda onun səlahiyyətlərini saymağın əvəzinə, yerinə yetirə bilməyəcəyi səlahiyyətlərinin sayılmasının daha faydalı olduğu qəbul edilib. Məsələn meyvə şirəsi istehsalı ilə məşğul olan sahibkarın təmsilçisi (müdiri) həmin fəaliyyət sahəsinə daxil olan əqdi təmsilən bağladıqda bu əqd sahibkarı bağlayacaqdır. Bu fəaliyyət sahəsinin kənarına çıxaraq, məsələn “daş satın alsa” həmin əqdin sahibkarı bağladığını qeyd etmək mümkün olmayacaq4.

Ticarət təmsilçisinin səlahiyyətlərinin məhdudlaşdırılması məsələsi daxili (yəni sahibkar ilə TT arasındakı münasibət) və xarici (yəni TT ilə üçüncü şəxs arasındakı münasibət) münasibətlər baxımından təhlil olunmalıdır. Daxili münasibətlər baxımından bu səlahiyyətlərin məhdudlaşdırıla biləcəyini həm Alman hüququ, həm İsveçrə hüququ, həm Türk hüququ, həm də bizim hüququmuz qəbul edir. Lakin xarici münasibətlər baxımından bu səlahiyyətlərin 2 istisnadan başqa məhdudlaşdırılmayacağı qəbul olunur. Bunlar


  1. şirkətin filialının işləri ilə məhdudlaşdırılma

  2. birlikdə təmsilçilik qaydasında məhdudlaşdırılma




  1. Şirkətin filialının işləri ilə məhdudlaşdırılma:

Bu o deməkdir ki, ticarət təmsilçisi hansı filiala müdir (təmsilçi) olaraq təyin edilibsə, həmin filialın işlərini apara biləcəyi mövzusunda səlahiyyətləri məhdudlaşdırıla bilər. Yəni həmin TT, təyin olunduğu filialın işləri ilə məhdudlaşdırılsa və durum şirkətin qeydiyyata alındığı reyestrə qeyd olunsa5, onun başqa bir filialın işi ilə əlaqədar bağladığı müqavilə şirkəti bağlamayacaqdır6.


  1. Birlikdə təmsilçilik qaydasında məhdudlaşdırılma

Sahibkar özünə birdən çox təmsilçi təyin edibsə və bunlar üçün birlikdə təmsilçilik qaydasını qəbul edibsə, bu durum da ticarət təmsilçisinin səlahiyyətlərinin birlikdə təmsilçilik ilə məhdudlaşdırıldığı qəbul edilir. Bu durumda təmsilçi olaraq təyin edilən bütün təmsilçilərin imzası olduqda həmin əqd sahibkarı bağlayacaqdır. Bunun ən tipik örnəyi AMM-nin 72-ci maddəsində tənzimlənib. Həmin normaya görə,

“72.1. Əgər tam ortaqlığın nizamnaməsində onun bütün iştirakçılarının işləri birlikdə aparması və ya işlərin aparılmasının ayrı-ayrı iştirakçılara tapşırılması müəyyənləşdirilməyibsə, tam ortaqlığın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət göstərə bilər.

72.2. Ortaqlığın iştirakçıları onun işlərini birlikdə apararkən hər bir əqdin bağlanması üçün ortaqlığın bütün iştirakçılarının razılığı tələb edilir.

72.3. Əgər ortaqlığın iştirakçıları onun işlərinin aparılmasını iştirakçıların birinə və ya bəzilərinə tapşırarlarsa, qalan iştirakçılar ortaqlıq adından əqdlər bağlamaq üçün ortaqlığın işlərinin aparılmasının tapşırıldığı iştirakçıdan (iştirakçılardan) etibarnamə almalıdırlar.



72.4. Üçüncü şəxslərlə münasibətlərdə ortaqlıq onun iştirakçılarının səlahiyyətlərini məhdudlaşdıran nizamnamə müddəalarına istinad edə bilməz, amma əqdin bağlandığı vaxt ortaqlıq iştirakçısının ortaqlıq adından fəaliyyət göstərmək hüququ olmadığını üçüncü şəxsin bildiyini7 və ya bilməli8 olduğunu ortaqlığın sübuta yetirdiyi hallar istisna təşkil edir.


1 MM-nin 361-ci maddəsində “kommersiya təmsilçisi” sözünü işlədilib. Qeyd etmək lazımdır ki, həmin anlayış ilə ticarət təmsilçiliyi anlayışları bir-birindən fərqlidir.

2 Ona görə də, Türk hüququnda “Sahibkarın adından qiymətli kağızı imzalayan şəxsin ticari müməssil olduğunu Yarqıtay qəbul edir və əksini iddia edənin bunu sübut etməli olduğunu qeyd edir. (bax. Y 12HD, 13.04.200. e.4199/k.5864 .)

3 AMM.m.359.1-in 2-ci cümləsin də ticarət təmsilçisinin açıq iradə bəyanı ilə də təyin oluna biləcəyini tənzimləyən əsas normalardan birdir. Həmin normaya görə, “Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir”.

4 Bu durumda AMM.m.360.1-ın tətbiq olunması vacibdir. Həmin normaya görə, “Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin”.

5 Burada reyestrin mənfi funksiyası unudulmamalıdır. Yəni durum reyestrə qeyd olunmasa belə bundan hər hansı üçüncü şəxs xəbərdardırsa, vicdanlı olduğunu iddia edə bilməz (bax. AMM.m.47.3/c.2).

6 Bu reyestrin müsbət funksiyasıdır. Həqiqətən, HŞQ.m.14. 2`yə görə, “Dövlət reyestrində hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün bu Qanunun 14. 1-ci maddəsində nəzərdə tutulmuş məlumatlardan əlavə, hüquqi şəxsin təşkilati-hüquqi formasından asılı olaraq aşağıdakı məlumatlar göstərilməlidir”. HŞQ.m.14.1.7`yə görə,”qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri reysterə daxil edilməlidir.

7 Mənfi funksiya..

8 Müsbət funksiya..

Yüklə 71,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin