2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 9.51 Mb.
səhifə22/59
tarix28.02.2020
ölçüsü9.51 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   59

İMANIN ARTIB AZALMASI
Sələflərə görə iman hissələrdən ibarətdir. Tək (kütlə halında olan bir) şey deyildir. Rəsulullah sallallahu aleyhi və səlləm in buyurduğu kimi: «İman yetmişdən çox şöbələrdən ibarətdir». Bu imanın şöbələrindən bəziləri yox olmaqla iman büst bütün yox olmaz. Bir qismi yox olduqda digər qismi qalır. Həmçinin digər ibadətlərdən olan namaz da belədir. Namazda elə ünsurlar vardır ki, bu ünsurların yox olması namazın sünnətlər tərəfdən əskikliyini zədələr, elə ünsurlar da vardır ki, onlar vaciblər tərəfdən namazı zədələyər. Lakin namazın büst bütün yox olmasına gətirib çıxarmaz. Həmçinin həcc ibadətində də elə ünsurlar vardır ki, onların əskik olması həcc ibadətində müəy-yən əskikliklər yaradar. Lakin ibadəti batil hala gətirməz. Bu məsələdə də Əhli Sünnə-yə müxalif olanlar tapılmışdır. Kim ki, Əhli Sünnəyə imanın məfhumunda müxalif olubsa bu mövzuda da müxalif olublar. Murciyə məzhəbi deyir ki, əməllər imana daxil deyildir. Onlara görə iman bir şeydir nə artır, nə də azalır. Xəvariclər, Mötəzilə məzhəbi deyirlər ki, əməllər imana daxildir. Kütlə şəkilindədir nə artır, nə də azalır.

O, kəslər ki, deyirlər bu ayələr imanın artıb, azalmasına dəlil deyildir. Bunları necə təvil ediblər. Allah buyurur ki: «Onların imanı artar». Onlar deyirlər ki, burada artmaq dedikdə inanılası şeylər artır. Bir ayə nazil olmuşdur. İndi isə bir neçə surə, ayə nazil olmuşdur. Qəlbdə iman artmır. Artan təkliflərin, qanunların artması deməkdir. Onlara görə bütün möminlər bərabərdilər. Əlhəmdulilləh ki, Allahın nazil etdiyi ayələr möhkəm və açıq-aydındır. Onlara rədd üçün kifayətdir. Bu boş sözləri batil edir.



Əhli Sünnə vəl Cəmaatın əqidəsinə görə iman həm artar, həm də azalar. Bu haqda Quran və Sünnədə bir çox ayə və hədislər vardır. «Bir surə nazil edildiyi zaman münafiqlərdən: «Bu sizin hansınızın imanını artırdı? deyənlər də var. Möminlərə gəlincə (hər bir surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər». (ət-Tövbə 124). Ayələr oxunduğu zaman onların imanı artar və azalar. «Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi Nəbilər (Peyğəmbərlər) siddiqlər (təmamilə doğru danışanlar, etiqadı dürüst, Peyğəmbəri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar isə necə də gözəl yoldaşlardır». (ən-Nisa 69). Bu ayə onların imanına görə tərtib edilmişdir. «Biz də onların hidayətini artırmışıq».(əl-Kəhf 13).»Allah doğru yolda olanların doğruluğunu artırar». (Məryəm 76). «Doğru yolu tapanlara gəldikdə isə Allah onların doğruluğunu daha da artırar». (Muhəmməd 17). «Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlblərinə səkinət nazil edən odur». (əl-Fəth 4). Bu ayə onların təvillərini boşa çıxardır. Çünki nazil olan səkinət, rahatçılıq – qanunlar, təkliflər deyildir. Səkinət, rahatçılıq Allahın bir felidir ki, bunu möminlərin qəlbinə qoyur. Onlar da bununla rahatlıq tapırlar. «İman gətirənlərin imanının daha da artması». (əl-Muddəssir 31). «Bu yalnız onların imanını və itaətini artırdı». (əl-Əhzab 22). «O, kəslər ki, xalq onlara: Cəmaat sizə qarşı (qüvvə) toplamışdır onlardan qorxun! dedikdə (bu söz) onların imanını daha da artırdı və onlar Allah bizə bəs edər. O nə gözəl vəkildir! deyə cavab verdilər». (Ali-İmran 173). «Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildikdə (onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəblərinə təvəkkül edərlər. Namaz qilar və verdiyimiz ruzidən sərf edərlər». (əl-Ənfal 2-3). Hənzələ b. ər-Rəbi b. Sayfi əl-Useyyidi ət-Təmimi radıyallahu anhu , Əbu Bəkr radıyallahu anhu ilə birlikdə Rəsulullah sallallahu aleyhi və səlləm in hüzuruna girərək dedi: «Hənzələ münafiqlik etdi, ya Rəsulallah!». Rəsulallah: «Nə oldu belə?» Hənzələ: «Ey Allahın Rəsulu! Sənin yanında olduğumuz zaman bizlərə (Cəhənnəm) atəşini və Cənnəti xatırladırsan. Elə bil ki, bunları gözlərimizlə görmüş kimi oluruq. Ancaq sənin yanından ayrıldığımız zaman ailə, uşaqlar və dünya keçimi ilə o, qədər məşğul oluruq ki, (bizə xatırlatdığın bu şeyləri) unuduruq». Rəsulullah: «Nəfsim əlində olan Allaha and olsun ki, əgər sizlər mənim yanımdaykən və zikirdəykən olduğunuz hal üzrə olmağa (hər yerdə) davam etsəniz şübhəsiz mələklər sizinlə döşəklərnizdə və yollarnızda toqquşardılar». Başqa rəvayətdə: «Yollarda sizə salam verərdilər». Bir başqa rəvayətdə isə: «Sizləri evlərnizdə ziyarət edərdilər»584. Əbu Səid əl-Xudri radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən kimsə bir münkər gördükdə onu əli ilə düzəltsin. Əgər gücü çatmazsa dili ilə, bunu da bacarmadıqda qəlbi ilə (düzəltsin). Bu isə imanın ən zəif mərtəbəsidir»585. Abdullah b. Məsud radıyallahu anhu nun rəvayətində isə: Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Bundan aşağı (imandan) bir xardal dənəsi də belə yoxdur586. Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Möminlər arasında imanı ən kamil olanı əxlaqı ən gözəl olanıdır»587. Əbu Hureyrə -radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qonşusu şərrindən əmin olmayan insan Cənnətə girməz (Başqa rəvayətdə: İman etmiş olmaz, iman etmiş olmaz, iman etmiş olmaz o, kimsə ki, qonşusu onun şərrindən əmin deyildir)»588. Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Bir-birinizi sevmədikcə iman etmiş olmazsınız»589. Rəsulullah sallallahu aleyhi və səlləm buyurur: «Çox gülmək qəlbin imanını məhv edir». İbn Ömər radıyallahu anhu – dan soruşulduqda ki, Rəsulullah sallallahu aleyhi və səlləm - in səhabələri gülərdilər: «Bəli! Əgər iman qəlblərində dağdan da böyük olsaydı»590. Həmçinin Ənəs radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Qiyamət günü Allah buyuracaq: «Ya Muhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə sənə verilir! Şəfaət et! Şəfaətin qəbul edilir!». Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurur: «Ya Rəbbim! Ümmətim, ümmətim!» Allah buyuracaq: «Get! Qəlbində buğda və ya arpa dənəsi qədər iman olan kimsə varsa Cəhənnəmdən çıxart!…» Onları çıxartdıqdan sonra Allah buyuracaq: «Get! Qəlbində xardal dənəsi qədər iman olan kimsələri oradan çıxart!…» Onları da çıxartdıqdan sonra Allah buyuracaq: «Get! Qəlbində xardal dənəsindən daha az, daha az, daha az iman olan kimsələri oradan çıxart!…». Başqa rəvayətdə isə Rəsulullah sallallahu aleyhi və səlləm - buyurur: «Qəlbində dinar, yarım dinar ağırlığında iman olan kimsələri oradan çıxart, əlavələri də vardır». Onalrın iman dərəcələrinə görə atəş onlardan kimisinin ayaqlarının yarsına qədər, kimisinin diz qapaqlarına qədər yandırar591. Əbu Hureyrə radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olduğu halda zina etməz, içki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz, oğru, oğruluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»592. Belə bir şəxsin imanı əskik bir mömindir və ya imanı ilə mömin, etdiyi günahı səbəbi ilə fasiqdir. Bu vəziyyətdə ona nə mütləq olaraq iman adı verilir, nə də mütləq olaraq ondan iman adı alınır. Yəni Əhli Sünnəyə görə belə bir kimsənin iman adı qaldırılmaz. Mötəzilə və Xavariclərin dedikləri kimi onun əbədi olaraq Cəhənnəmlik olduğunu deməzlər. Günah işləyən kimsənin imandan çıxmadığını da ittifaq ilə qəbul etmişlər. Əksinə belə bir kimsə Allahın mərhəmətinə qalmışdır, dilərsə onu bağışlayar, dilərsə əzab edər. İmam Əhməd rahmətullahi aleyhi dən murciyəlilərə aid sual soruşulduqda belə cavab vermişdir: «Bizlər deyirik ki, iman söz və əməldir. Artar və əskilər. Bir kimsə zina edər, içki içərsə imanı əskilər»593.

Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Kim Allah üçün sevər, Allah üçün nifrət edər, Allah üçün verir və Allah üçün qadağan edərsə imanı tamamlanmış olar»594. Sevgi və nifrət qəlbdə olan şeylərdir. Vermək və mane olmaq isə zahirdə olan şeylərdir ki, bunlar üçün də ixlas şərtdir. O, ixlas ki, imanın ruhu, sirri və əsasıdır. Bu hədis Uca bir qaydaya dəlalət edir ki, bəndələrdən kamillik dərəcəsinə çatanlar güclü ixlası ilə seçilirlər. İxlas Allaha itaətdə, ibadətdə həqiqi ehsan Allahı görür kimi ibadət etməkdir. İxlas, sahibini ən uca dərəcəsinə çatdırır. Hər bir ibadətdə ixlas çox əsaslı və qüvvətli bir şəkildə olduğu zaman o, əməl xalis Allah üçün edilən əməldir. O, əmələ Allahın verəcəyi əcr və mükafat da çox böyük olacaqdır. İbn Teymiyyə – rahmətullahi aleyhi deyir ki: «İnsan əməllərdən hər hansı bir növünü tam bir ixlas, tam bir qulluq səmimiyyəti əsasında yerinə yetirərsə Allah o, əməl səbəbilə qulunun bir çox böyük günahlarını məğfirət edər. Edilən əməl qəlbdəki iman və ixlasın dərəcəsinə görə fəzilət qazanır. Ona görə də səmərə və xeyirli nəticə verir»595. Fudeyl b. İyad – rahmətullahi aleyhi deyir ki: «Bir işi insanlar üzündən tərk etmək riyadır, əməli insanlar üçün etmək şirkdir. İxlas ilə Allah səni bunların hər ikisindən də xilas etməsidir». Cuneydi Bağdadi – rahmətullahi aleyhi deyir ki: «İxlas Allah ilə qul arasında bir sirdir. Onu mələk bilməz ki, yazsın, şeytan bilməz ki, pozsun». İxlas kiçik bir əməli dağ boyda edə bilər. Riya isə böyük bir əməli o, qədər kiçildər ki, Allahın dərgahında heç bir ağırlığı olmaz. İxlas mübah bir əməli ibadətə çevirir. Buna görə də əməldə ixlas olmasa insana yalnız yorğunluq qalar. İnsan Sünnəyə də tabe olarsa artıq bu insanı Allaha daha da yaxınlaşdırar. Əgər bu da ixlasla olarsa.



Allahı Sevmək Allahın sevdiyi əmrləri, vaxtları, zamanları, halları sevməkdir. Allahın sevdiyi Peyğəmbərləri və Peyğəmbərləin tabeçilərini sevməkdir.

Allah Üçün Nifrət Etmək Allahın nifrət etdiyi və sevmədiyi hər bir şeyə nifrət etmək. Küfrə, fasiqliyə, asiliyə bununla sifətlənən şəxslərə və bu işə çağıranlara da nifrət etməkdir.

Allah Üçün Vermək Bu da bəndənin üzərinə düşən hər bir şeyi (verməyi) əhatə edir. «Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa, və ən gözəl sözü (Lə İləhə İlləllah kəliməsini) təsdiq etsə, biz ona Cənnəti müyəssər edəcəyik! Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa, və ən gözəl sözü (Lə İləhə İlləllah kəliməsini) yalan saysa, Biz onu Cəhənnəm üçün hazırlayacağıq!». (əl-Leyl 5-10). İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki, əgər bir şəxsdə bu şeylər cəmləşərsə qoy onda o, şəxs sevinsin. Allah üçün vermək, Allahdan qorxaraq pis əməllərdən çəkinmək və ən gözəl sözü təsdiq etmək.

Allah Üçün Qadağan Etmək (Verməmək) Bu dörd şeylə bəndənin imanı və dini tamamlanır. Bu hədislərin hər biri onu bəyan edir ki, iman kamilləşir nə vaxt ki, insan bu kimi şeyləri özündə taparsa. Yox əgər insan bu kimi xislətləri özündə tapmazsa onun imanı naqisləşir. Bu kimi əlamətlər onun imanının güclü olduğuna dəlildir və bu da imanın şöbələridir. Bunların hər biri olmalıdır ki, iman kamil olasun. Bunlar olmasa insanın imanı kamilləşməz. Əgər insanın imanı kamilləşərsə o, kimsə bu kimi xislətləri özündə tapmalıdır.

İbn Abbas radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Rəbb olaraq Allahdan, din olaraq İslamdan və Rəsul olaraq Muhəmməddən razı olan kimsə imanın şirinliyini, tamını tapar»596.



Rəbb Olaraq Allahdan razı qalmaq insanda Allahın verdiyi hökmlərlə, Qəza və Qədəri ilə razı qalmağı, sevinməni tələb edir. Bu uca nemətə görə Allah – subhənəhu və təalə yə həmd etmək lazımdır ki, bu da ən böyük nemətdir. İmanı artırmaq üçün ən böyük amillərdən biridir. Ərəb dilində Razi sözü - bəzən qəbul etmək, bəzən də kifayətlənmək mənasını verir. Əgər insan razı qalarsa, kifayətlənərsə artıq Allahdan qeyrisinə ehtiyacı olmaz. Qeyrisinə yönəlməz və qeyrisindən heç bir şey istəməz. Allahın Rəbb olmasından razı qalarsa o, insanın qəlbi müəyyən bir mənfəəti əldə etmək üçün və hər hansı bir zərəri aradan qaldırmaq üçün Allahdan qeyrisinə onun qəlbi yönəlməz. Çünki o, insanın qəlbi Rəbbinə bağlanarsa imanı kamilləşər. İmam Şafii rahmətullahi aleyhi deyir ki: «İnsanları razı salmaq ağla sığmayan bir şeydir. O, halda sənin halını düzəldən işə bax. Ondan ayrılma və ondan başqa hər bir şeyi də kənara burax. Yardılmışları razı salmaq nə sənin gücün dairəsində olan bir şeydir, nə də əmr olunan bir şeydir. Yaradanı razı salmaq isə güc yetrilə bilən və əmr olunan bir xüsusiyyətdir». Aişə radıyallahu anhə – nin Muaviyə radıyallahu anhu – ya nəsihət olaraq yazdığı məktubda ona Rəsulullah sallallahu aleyhi və səlləm in sözlərini ona çatdıraraq deyir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Kim insanları qəzəbləndirərək Allahı razı salarsa, Allah da ondan razı olar və insanları da ondan razı edər (Başqa rəvayətdə: Onu insanlara möhtac etməz). Kim də Allahı qəzəbləndirərək insanları razı salmağa çalışarsa Allah da ona qəzəblənər və insanları da onun üstünə qəzəbli olaraq salar (Başqa rəvayətdə: Onun işini insanlara həvalə edər)»597. Onun istədiyi, tamah etdiyi dünya və axirət Allahın əlindədir. Çünki o, kimsə Allahdan razı qalıb. Allahın sevdiyi və razı qaldığı şeylərə itaətlə yönəlir. Çünkü o, bilmişdir ki, hər bir xeyir, onun öz xeyiri də Allahın əlindədir. Allahın Rəbb olması ilə razı qalan insan məxluqdan ümüdünü üzmüşdür. Əbul-Abbas Abdullah b. Abbas - radıyallahu anhu rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbər sallallahu aleyhi və səlləm in arxasında oturmuşdum. O, buyurdu: «Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm. Allahı qoru ki, Allahda səni qorusun. Allahı qoru ki, onu öz qarşında tapasan. Bir şey dilədikdə, Allahdan dilə. Kömək istədikdə yenə də Allahdan kömək istə. Bunu da bil ki, əğər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar da belə Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əğər sənə zərər vermək üçün bir yerə yığışsalar da yenə də Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələrin (mürəkkəbi) qurumuşdur»598. «O, kəslər ki, xalq onlara: Cəmaat sizə qarşı (qüvvə) toplamışdır onlardan qorxun! dedikdə (bu söz) onların imanını daha da artırdı və onlar Allah bizə kifayət edər. O nə gözəl vəkildir! deyə cavab verdilər». (Ali-İmran 173). Əgər insan etiqad edərsə ki, hər bir xeyir Allahın əlindədir o, insan Allaha sığınar və Allahdan qeyrisinə hər hansısa bir ibadətlə yönəlməz.

Din Olaraq Islamdan razı qalan insanın tabeçilikdə kamilliyə çatdığına dəlalət edir. Yəni o, kimsə İslam və onun qanunları ilə razı qalır. Bununla da (İslam qanunları) ilə Allaha yaxınlaşır. Əgər insan İslamın din olmasından razı qalarsa başqa yola bidətlərə, təriqətlərə, məzhəblərə yönəlməz. O, təriqətlər ki, Allah tərəfindən onların düz olmasına dair heç bir dəlil yoxdur. «(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın. Onlar böyük bir əzaba düçar olacaqlar». (Ali imran 105). «Allaha və onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin Yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz». (əl-Ənfal 46). «Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra onlara nə etdiklərini xəbər verəcəkdir». (əl-Ənam 159). «Amma (ümmətlər) öz dinlərini aralarında parçalayıb firqə-firqə oldular. Hər firqə öz dininə sevinir». (əl-Muminun 53). Rəsulullah sallallahu aleyhi və səlləm in səhabələrinin kifayətləndikləri din ona da kifayətdir. İslamın din olması ilə razı qalan şəxs görürsən ki, ibadətlərdə bidətlərə yol vermir, dinində səhlənkar olmur. Allahın dinində ifrata varmır. Bu da düz olmağın mənasıdır.

Rəsul Olaraq Muhəmməddən razı qalmaq səndən Rəsulullah sallallahu aleyhi və səlləm in Peyğəmbərliyi ilə razı qalmağı tələb edir. Hər bir işdə onu nümunə götürmək, ona tabeçilikdə doğru olmağı bildirir. Çünki Rəsulullah sallallahu aleyhi və səlləm insanların ən kamili və kamil sifətlər içərisində ən ucasıdır. Onun ümməti və onun tabeçiləri ümmətlər içərisində ümmətlərin ən kamili və ucasıdır. Rəsulullah sallallahu aleyhi və səlləm və onun ümməti dünyada və axirətdə də dərəcəsi ən uca olanlardır. Rəsulullah sallallahu aleyhi və səlləm in Peyğəmbərliyi ilə, risaləti ilə və həmçinin ona tabeçiliklə razı qalmaq imanı artıran ən böyük amillərdəndir. Bu işlər insanın əməlində, qəlbində düzələrsə və bununla razı qalarsa o, kimsənin imanı kamilləşir. Bəndə biləndə ki, hər hansısa bir işi Allah sevir və o, iş Allaha yaxınlaşdırır o, işdən geridə qalmaz. Və biləndə ki, hər hansısa bir əməlin üzərində davamiyyətli olmaq onu Allahdan uzaqlaşdırır və Allahın qəzəbini vacib edir o, kimsə heç vaxt o, günah üzərində israrlı olmaz. Bununla da insan imanın tamını dadır. «Allah möminlərə lütf və mərhəmət göstərdi. Çünki onların öz içərisindən ölərinə Allahın ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara kitabı (Quranı) və hikməti öyrədən bir Peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər». (Ali-İmran 164). Allah belə bir Peyğəmbəri göndərməklə möminlərə lütf və mərhəmət göstərmişdir. «(Ey ümmətim!) Sizə özünüzdən bir Peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağırdır, o (sizin iman gətirməyinizi) çox istəyir. Möminlərə şəfqətli və mərhəmətlidir». (ət-Tövbə 128). Müsəlman necə belə bir Rəsula razı qalmasın. Şəfqətli və mərhəmətli bir Rəsula. Əgər insan Allahın qulu olarsa və Rəsulullah sallallahu aleyhi və səlləm tabe olarsa Allah o, bəndəni sevər. Bəndə Rəsulullah sallallahu aleyhi və səlləm tabe olması ilə onun məhəbbəti və imanı artır. De ki: «Əgər Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir». (Ali İmran 31). Bu ayə imtahan ayəsidir. Bir qrup Allahı sevdiklərini iddia edirdilər. Allah da bu ayəni nazil etdi və onlara öz sevgisinin harada olduğunu bildirdi. Mənim sevgim Rəsulullah sallallahu aleyhi və səlləm ə tabe olmaqdadır. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: «Əgər Allah bir qulu sevərsə əmr edir Cəbrailə: «Şübhəsiz Allah filan qulu sevər, sən də onu sev!» deyə nida edər. Cəbrail də onu sevər. Sonra Cəbrail da səmadakıları səsləyərək: «Şübhəsiz Allah filan qulu sevir, siz də onu sevin!». Səmadakılar da onu sevərlər. Sonra da onun sözü yer üzündə məqbul (qəbul) sayılar. Əgər Allah bir qulu sevməzsə əmr edir Cəbrailə: «Şübhəsiz Allah filan qulu sevmir, sən də onu sevmə!» deyə nida edər. Cəbrail də onu sevməz. Sonra Cəbrail da səmadakıları səsləyərək: «Şübhəsiz Allah filan qulu sevmir, siz də onu sevməyin!». Səmadakılar da onu sevməzlər. Sonra da yer üzündə olan insanların qəlbində (Allah tərəfindən) o, kimsə haqqında nifrət və kin qoyular»599. Sələflər deyərdilər: «Əsas məsələ o, deyil ki, sən Allahı sevəsən, əsas odur Allah səni sevsin».

Əbu Hureyrə radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən hər hansı bir kimsə məni uşaqlarından, valideyinlərindən və cəmi insanlardan çox sevmədikcə iman etmiş olmaz»600. Abdullah b. Hişam radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm ilə birlikdə oturmuşduq. Bu an Ömər – radıyallahu anhu nun əlini tutmuşdu. Ömər: «Ya Rəsulullah! Sən mənə nəfsimdən başqa hər şeydən sevimlisən!». Peyğəmbər: «Və Min Nəfsikə Yə Umaru Ya Ömər! Nəfsindən də sevimli olmalıyam!» deyə buyurdu. Ömər: «Və Min Nəfsi Nəfsimdən də!» deyincə Peyğəmbər: «Ya Ömər! İndi tamam oldu». «Peyğəmbər möminlərə öz nəfislərindən də yaxındır». (əl-Əhzab 6)601.

Əgər iki sevgi, məhəbbət bir olarsa Rəsulullah sallallahu aleyhi və səlləm i nəfsi istədiyindən üstün tutarsa o, kimsə iman sahibidir. Yox, əgər öz istədiyini Rəsulullah sallallahu aleyhi və səlləm in istədiyindən üstün tutarsa onun imanı naqisdir. «Amma xeyr! Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar». (ən-Nisa 65). Allah burada and içir ki, onlar iman gətirməzlər əgər Rəsulullah sallallahu aleyhi və səlləm i hakim təyin etmədikcə və həmçinin də onu hökümlərindən qəlbdə heç bir sıxıntı duymadıqca. Elə bir boyun əymək ki, onun hökmünə qəlblərdə heç bir sıxıntı qalmasın. Rəsulullah sallallahu aleyhi və səlləm i hakim təyin etmək əhkamlarda, dinin əsslarında və dinin qollarında.

Peyğəmbər sallallahu aleyhi və səlləm in xidmətçisi Əbu Həmzə Ənəs b. Malik - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən hər hansı bir kimsə özünə arzu etdiyini, qardaşı üçün arzu etmədikcə iman etmiş olmaz (Yəni: «Sizdən hər hansı bir kimsə nəfsi (istədiyini) sevdiyini qardaşı üçün (istəmədikcə) sevmədikcə iman etmiş olmaz)»602.



Bu hədis insanın öz müsəlman qardaşlarının haqlarını yerinə yetirməyi əhatə edir. Bu da imandandır. Əgər insan özünə sevdiyini qardaşı üçün də arzu etməzsə deməli o, hələ də vacib iman gətirməmişdir. Bu kimi məsələlər iman məsələsini bəyan edir. Bu kimi hədislərdə Peyğəmbər sallallahu aleyhi və səlləm imanı inkar edir. Həmçinin də Allah ən-Nisa surəsinin 65-ci ayəsində imanı inkar etməklə nə qəsd edir? İmanın əsasını, yoxsa imanın kamilliyi. Əgər desək ki, burada imanın əsası qəsd olunur. Onda belə çıxır ki, özünə sevdiyini qardaşı üçün arzu etməyən kafir olur. Peyğəmbər sallallahu aleyhi və səlləm i bütün insanlardan çox sevməyən kafir olur. Lakin burada qəsd olunan imanın kamilliyidir. Yəni iman kamil olmaz. Bu kimi hədislərdə kamillik qəsd olunur. Bu hədislər təkfir edici deyildir. Burada olan inkar kamilliyin inkarıdır. O, insanda imanın əsası var, lakin kamil deyildir. Peyğəmbər sallallahu aleyhi və səlləm sevən lakin o, dərəcəyə çatmayan kafir olmur. O, kimsə müsəlmandır. Lakin onun imanı o, dərəcəyə çatmadığına görə kamil iman sahibi deyildir. Həmçinin də Allah ən-Nisa surəsinin 65-ci ayəsində olduğu kimi hakim hökmün yalnız Allaha aid olduğunu elan edərsə və bununla da yanaşı o, hakim şəhvətlərinə, nəfsi istədiyinə uyaraq Allahın endirdiyi ilə hökm verməzsə bu insan kafir olmur. Nə qədər ki, bu insan hökmün Allaha aid olduğunu elan edirsə. Lakin etdiyi əməl Allahın endirdiyi ilə hökm vermədiyinə görə əməli küfr etmiş olur. Bu da olduqca çox təhlükəlidir. İslam ümmətindən çıxardan küfr deyildir. Həmçinin o, insana ki, Allah və Peyğəmbərinin hökmü ilə hökm verilir o, kimsə bu hökmə razı qalmalıdır. Əgər qəlbində sıxıntı duyarsa imanı naqisdir. Tam bir təslimiyyət, razılıq ilə bunu qəbul etməlidir. Əgər mızıldanarsa deməli imanı naqisdir. Bu da onu göstərir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hakim təyin etmək sadəcə hökm məsələrində deyil, bu həmçinin də əqidə, əxlaq, ibadət məsələlərində hakim təyin etməkdir. Bu da dəlildir ki, iman artır və azalır. Həmçinin iman əhli də öz aralarında fərqlənirlər.

Əbu Amr - Əbu Amra da deyilmişdir - Sufyan b. Abdullah -radıyallahu anhu rəvayət edir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləm dən soruşdum: «Ey Allahın Rəsulu! Mənə İslama aid elə bir söz de ki, bu haqda səndən başqa heç kimə sual verməyim». (Peyğəmbər) buyurdu: «De: “Allaha iman etdim” və düz dur»603. Bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm qısa da olsa əhatəli bir tövsiyə verir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: «Mənə heç bir Peyğəmbərə verilməyən altı şey verilmişdir ki, onlardan biri də Cəvamiul Kəlim kəlimələrin cəmi mənə verilmişdir. Az sözlə çox mənanı əhatə edən kəlimələr»604. Şübhəsiz ki: «Rəbbimiz Allahdır!» deyən, sonra da düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünyada və axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfslərinizin çəkdiyi, istədiyiniz hər şey vardır. Bağışlayan və rəhm edən Allahdan ruzi alarıq». (Fussilət 30-32). «(Yə Muhəmməd!) Sənə əmr edildiyi kimi düz (yolda) ol». (Hud 112). «Şübhəsiz ki: «Rəbbimiz Allahdır!» deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəmm-qüssə də görməyəcəklər! Belələri Cənnətlikdirlər, onlar (dünyada) etdikləri yaxşı əməllərin əvəzi olaraq orada qalacaqlar». (əl-Əhqaf 13,14). Sufyan b. Abdullah - radıyallahu anhu soruşduqda elə bir məsələ haqqında soruşur ki, Rəbbinə qovuşanadək ona kifayyət etsin. Sələflər deyərdilər: «Ən gözəl kəlam az olub faydası çox olan kəlamdır». Uca Allah Rəsuluna və ona tabe olanlara hikmət dolu şəriətə uyğun olaraq istiqamət üzərə yürümələrini əmr etmişdir. Çünki Uca Allahın bizlərə uymağı əmr etdiyi din elə budur. Bundan uzaq olan, heç bir dəlilə əsaslanmayan insanların sözləri isə nə din ola bilir, nə də bir dəlil. «(Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) düz dur. Onların nəfslərindən gələn istəklərə uyma». (əş-Şura 15). «Əgər onlar o, yolda doğru düzgün olub sabit qalsaydılar, biz onlara bol yağış verərdik». (əl-Cinn 16). Qurtubi rahmətullahi aleyhi deyir ki: «Əgər bu kafirlər iman gətirmiş olsalardı dünya həyatında onlara geniş ruzi verərdik və ruzini onlara yayardıq»605. İbn Abbas və Qatadə rahmətullahi aleyhi deyirlər ki: «İstiqamət Allahın fərzlərini yerinə yetirmək üzərə doğru yerimək deməkdir». Qadi İyad606 - rahmətullahi aleyhi deyir ki: «Uca Allaha tövhid etdilər, Ona ibadət etdilər, sonra da doğru yürüdülər. Tövhiddən əsla sapmadılar. Uca Allahın itaətinə, bu halda vəfat edənə qədər davam edib durdular»607. Səlləm b. Miskin, Allahın Fussilət 30-cu ayəsini oxuduqdan sonra demişdir: «Sizlər müsəlmanlar olaraq «Rəbbimiz Allahdır» deyirsiniz. O, halda Rəbbimizin istiqamət üzərə olmamız haqqındakı əmrini də yerinə yetirin. Şübhəsiz bu da Allahın əmr və qadağalarına riayət etmək və Allah Rəsulunun Sünnətinə uymaqla olur. Müsəlmanlar! Əmr olunduğunuz kimi istiqamət üzərə olun! Çünki istiqamə – bir müsəlman olaraq sənin islam üzərində sabit olmağın və sağa, sola sapmamağındır. Doğru yoldan ayrılmamağıdır. Rəsulullahın sünnəsindən kənara çıxmamağındır»608. Osman b. Hadir əl-Əzdi deyir ki, bir gün İbn Abbas - radıyallahu anhu nun yanına getdim və mənə bir neçə vəsiyyət etdi: «İstiqamə üzərə ol, sünnətə bağlan və ibtida etmə – yəni heç bidət etmə!»609. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Əlinizdən gəldiyi qədər doğru və istiqamət üzərə əməl etməyə çalışın. Sizdən heç bir kimsəni əməlləri qurtarmayacaqdır (Cənnətə salmaz, atəşdən də qurtarmaz)». Səhabələr: «Ya Rəsulullah! Səni də mi? (əməlin qurtarmayacaqdır?) deyə soruşdular. Peyğəmbər: «Məni də əməlim qurtarmaz. Əgər Rəbbim məni öz lütfü və rahməti ilə örtüb bürüməsə» deyə buyurdu610.

Qulun istiqamət üzərə olması üçün ən böyük orqanizim qəlbdir. Çünkü bütün orqanların hökmüdarı odur və qəlbin istiqamət üzərə olmasıyla digər bütün orqanlar da istiqamət tapır. Qəlbin pozulması ilə birlikdə digər orqanlar da pozulur. İbn Həcər rahmətullahi aleyhi deyir ki: «Qəlbin bu cür olması onun bədənin əmiri olmasına görədir. Əmirin düzəlməsi ilə ətrafdakılar da düzəlir. Əmrin pozulması ilə ətrafdakıların da pozulması üzə çıxır»611. Əgər qəlb xəstə olarsa o. istiqamətdən də yayınar. Qəlblərin xəstə olması onları şirk, küfr, münafiqlik, həsəd, riya və s. ilə dolu olmasına görədir. «Onların ürəyində nifaq və həsəd mərəzi vardır. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar». (əl-Bəqərə 10). «Onların qəlbində xəstəlikmi vardır?». (ən-Nur 50). «Yoxsa qəlblərində mərəz olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-kudurətini zahirə çıxartmayacaqdır». (Muhəmməd 29).



Qəlbdən sonra ən çox qorunması lazım olan orqan dildir. Çünki qəlbin gizlətdiklərini ifadə edən odur. Kimi zaman sahibi tərəfindən ölçüb biçilməyərək söylənən və dildən çıxan bir söz dünyada da, axirətdə də insanın həlakına səbəb təşkil edə bilir. İnsanları cəhənnəmə götürən şey də elə dilin özüdür. «Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır». (Qaf 18). «(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bilmədiyin bir sözü demə. Bacarmadığın bir işi görmə). Çünki qulaq, göz və qəlb bunların hamısı sorğu-sual olunacaqdır». (əl-İsra 36). Səhl b. Sad radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim iki çənəsi ilə ayaqlarının arasındakını mənə zəmanət verərsə, mən də ona Cənnəti zəmanət verərəm»612. Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə heç bir əhəmiyyət vermədən Allahın rizasına uyğun bir söz söyləyər və onun səbəbi ilə Allah da onun dərəcələrini yüksəldər. Yenə də bir kimsə heç bir əhəmiyyət vermədən Allahın qəzəbləndirəcək bir söz söyləyər və onun səbəbi ilə Cəhənnəmə yuvarlanar»613. Əbu Səid əl-Xudri radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğlu hər səhər yuxusundan oyandıqda bütün bədən üzvüləri dilə deyərlər. Bizə görə Allahdan qorx. Həqiqətən də biz səndən aslıyıq. Əgər sən düz dursan biz də düz olarıq. Yox əgər sən əyilsən biz də əyilərik»614. Muaz b. Cəbəl radıyallahu anhu rəvayət edir ki, mən: «Ey Allahın Rəsulu, mənə məni Cənnətə aparan və Cəhənnəmdən uzaqlaşdıran bir əməl haqqında danış». Pəyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sən çox əzəmətli bir şey haqqında soruşdun. Bununla belə Allahın asanlaşdırdığı kimsə üçün bu şübhəsiz ki, çox asandır. Allaha, heç bir şeyi şərik qoşmadan ibadət et, namaz qıl, zəkat ver, Ramazan orucunu tut və Kəbəni həcc et». Sonra (Peyğəmbər) buyurdu: «Sənə xeyrin qapılarnı göstərimmi? Oruc bir qalxandır, sədəqə su odu söndürdüyü kimi günahları söndürür. Bir də kişinin gecə yarısı qıldığı namazı». Sonra bu ayənı oxudu: «Onlar ibadət üçün yataqlarından qalxar. Heç kəs bilməz». (əs-Səcdə 16-17). Sonra buyurdu: «Sənə hər bir seyin əsasından, dirəyindən və zirvəsindən xəbər verimmi?» Mən dedim: «Bəli, ey Allahın Rəsulu!». O, buyurdu: «Hər bir işin başı İslamdır, dirəyi namazdır, zirvəsi isə Cihaddır». Sənə bunlara nə ilə nail olmağı deyimmi? Mən də: «Bəli, ey Allahın Rəsulu!» dedikdə dilini tutub buyurdu: «Buna lazımınca sahib ol! Mən dedim: «Ey Allahın Rəsulu! Biz dediyimiz sözlərə görə sorğu-sual olunacağıq?» (Peyğəmbər) buyurdu: «Qoy anan səndən məhrum olsun! İnsanları üzü üstə və ya burunları üstə Cəhənnəmə (sürükləyən) salan dillərindən başqa bir şeydirmi?»615. «Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz. Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar». (əs-Səff 2,3).

Həsənul Bəsri rahmətullahi aleyhi deyir ki, iman arzularla, xəyallarla və bəzənməklə olmur. İman qəlbdə olub əməllərlə həyata keçən şeydir. Kim xeyir deyib və xeyir edərsə ondan bu qəbul olacaqdır. Yox əgər kim xeyir deyib və şərr edərsə ondan bu qəbul olunmaz»616. İnsanın arzu etməsi, sadəcə sözləri tələffüz etməsi ardınca əməlin gəlməməsi bu naqis iman adlanır. İman deyildir ki, sən deyəsən ki, mən elm öyrənirəm, Allah yolunda vuruşacağam, mal xərcləyəcəyəm və s. Bu sözlərdən sonra isə elm öyrənmirsən, mal xərcləmirsən, Allah yolunda da vuruşmursan. Sadəcə bu sözləri deyirsən. Lakin təsdiq etmirsən. Kamil iman odur ki, imanın əsası insanın qəlbində olur (yaxşı niyyətlər və s). Sonra da bunu əməl etməyə başlayaraq gücləndirər. Buna görə də iman arzu və xəyallarla olmaz. Belə bir iman kamil iman sayılmaz.

Bəzənməklə də iman olmur. Yəni elm, fəzilət əhlinin paltarını geyinir ki, bu da ondan susmağı, ağır olmağı, gözəl əxlaqlı olmağı tələb edir. Lakin əksinə onda iman elmi, imanın tələb etdiyi əməldən heç bir şey yoxdur. İman bəzənməklə, paltar geyinməklə gəlmir. İman elə bir şeydir ki, onun əsası qəlbdə olur. Sonra isə təsiri zahiri əməllərə keçir. Əzalarda özünü büruzə verir. İman elə bir şeydir ki, onun əsli qəlbdə olur. Sonra isə təsiri əzalara zahirə keçir. Həqiqətən iman odur ki, elm üzərində ola, ona əməl edə sonra iman sahibi imanını elm və əməl tərəfdən kamilləşdirər. Bunları kamilləşdirməyə səy göstərər və nəfsinə qarşı vuruşar. Bütün bu dəlillər imanın həqiqətini (kamilliyini) sübut edir. Əməllər isə artıq sənin qəlbində olanı təsdiqləyir.

Möhtərəm müsəlman bacı və qardaşlarım! Ayə və hədislərdən bizə aydın olur ki, iman həm artır, həm də azalır. Bununla biz müxalif olanlara (imanın nə artıb, nə də əskildiyini deyənlərə) cavab vermiş oluruq.


Каталог: files -> kitab -> kamal-huseyn


Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə