2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə38/46
tarix10.02.2018
ölçüsü4,25 Mb.
#42639
1   ...   34   35   36   37   38   39   40   41   ...   46

QƏZƏBLƏNMƏK

İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İçinizdə hər kəsi yıxan qüvvətli pəhləvan haqqında nə düşünürsünüz?». Səhabələr: «O, elə bir kimsədir ki, bir çox adamlar onu yerə yıxa bilməzlər» dedilər. Peyğəmbər: «O, sizin dediyiniz vəsifdə olan kimsə deyildir. Lakin həqiqi qüvvətli kimsə qəzəb zamanı nəfsinə malik və iradəsinə hakim olan kimsədir» deyə buyurdu1619. Süleyman b. Surad - radıyallahu anhu rəvayət edir ki, iki nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm in hüzurunda bir-birlərini söydülər. Bunlardan birinin gözləri (qəzəbindən) qızarmağa və şah damarları şişməyə başladı. Peyğəmbər: «Mən elə bir kəlimə bilirəm ki, əgər o, kimsə bu kəliməni söyləsə qəzəb halı ondan gedər. O, kəlimə: Əuzu Billəhi Minəş Şeytanir Racim lənətlənmiş şeytandan Allaha sığınıram sözüdür» deyə buyurdu. Peyğəmbər sallallahu aleyhi və səlləm dən bu kəlimələri eşidənlərdən biri qəzəbli olan kimsəyə: «Peyğəmbər sallallahu aleyhi və səlləm in bir az öncə nə söylədiyini bilirsənmi? Mən elə bir kəlimə bilirəm ki, əgər bu kimsə onu söyləsə qəzəbi gedər» dedi. Qəzəbli olan kimsə: «Sən məni məcnun (dəlimi) sayırsan» dedi1620. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləm ə dedi: «Mənə tövsiyə (nəsihət) et!». (Peyğəmbər) buyurdu: «Qəzəblənmə!». (Adam): Sualını bir neçə dəfə təkrar etdi. (Peyğəmbər) yenə: «Qəzəblənmə!» - deyə buyurdu»1621. Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Sizlərdən kimsə qəzəblənərsə əgər o, ayaq üstədirsə əyləşsin. Əgər onun qəzəbi keçməzsə, qoy onda uzansın»1622.


İNSANIN DÜNYAYA, MALA, ŞƏRƏFƏ, ŞAN VƏ ŞÖHRƏTƏ OLAN HƏRİSLİYİ, TAMAHKARLIĞI VƏ XƏSİSLİYİ

İnsanlar dünya və onun şəhvətlərinə bağlanırlar. Onun arxasınca gecə və gündüz gedirlər. Onlar dünyanın şəhvəti üçün sevinir və onun üçün ağlayırlar. Bəzən də buna görə gecələri də yatmırlar. Dünyada bir şey əldə etdikdə sevinir, əldə etmədikdə isə kədərlənirlər. «Kim (axirətdən vaz keçib) dünya və onun bər-bəzəyini istəyirsə, biz onun əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayışı) elə dünyada ikən verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrinin axirətdə atəşdən başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar». (Hud 15-16). Həqiqətən insan (sərvətə) çox həris, tamahkar və kəmhövsələ yaradılmışdır. Ona bir pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar. Namaz qılanlar istisnadır. O kəslər ki, daim namaz qılarlar. O kəslər ki, onların mallarından müəyyən bir pay vardır. Dilənən və (hər şeydən) məhrum olan kimsə üçün. O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər. O kəslər ki, Rəbbinin əzabından qorxub tirtir əsərlər. Çünki onların Rəbbinin əzabından arxayın olmaq olmaz. O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar. Övrətləri və cariyələri istisna olmaqla əsla qınanmazlar. Bundan artığını istəyənlər isə həddi aşanlardır. O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər. O kəslər ki, düzgün şəhadət verərlər. O kəslər ki, namazlarını (layiqincə) hifz edərlər. Məhz onlar Cənnətlərdə ehtiram olunacaq. Əzizlənəcək kimsələrdir». (əl-Məaric 19-35). Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «…Bir bədənin qəlbində tamahla iman heç vaxt birləşə bilməz»1623. Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İki xislət vardır ki, onlar müsəlmanda cəm ola bilməz: Xəsislik və pis əxlaq»1624. Cabir - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «…Tamahkarlıqdan çəkinin! Çünki o, sizdən əvvəlkiləri məhv etmiş və onları (birbirilərinin) qanlarını axıtmağa, özlərinə haram buyurulan şeyləri halal qəbul etməyə vadar etmişdir (Başqa rəvayətdə: Qohumluq əlaqələrini kəsməyə vadar etmişdir)»1625. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Dinarın qulu bədbəxt olsun, dirhəmin qulu bədbəxt olsun. Pal-paltarın, zinətin qulu bədbəxt olsun. Beləsinə istədiyi veriləndə razı qalar, verilməyəndə isə qəzəblənər. Bədbəxt olsun və başı aşağı çevrilsin. Onun ayağına batan tikan belə çıxmasın»1626. İnsanın malı dünyanı sevməsi və bu işdə dəridən qabıqdan çıxması insanın bu şərəfli ömrünü zay etməsidir. Onlar elə zənn edirlər ki, xoşbəxtlik yalnız pulun çox olmasındadır. Bölünmüş, yazılmış ruzini tələb etməkdə vaxtı zay etməkdir. Ruzi artıq bölünmüşdür. Həris, tamahkar insan isə məhrumdur. Sələflər deyillər ki: «Qədər haqdırsa onda tamahkarlıq boş şeydir. Əgər xəyanət insanın təbiətində varsa onda hər kəsə bel bağlamaq acizlikdir. Əgər ölüm hər kəsi gözləyirsə onda dünyaya da arxalanmaq axmaqlıqdır». İnsan bu ömründə uca dərəcələri və əbədi nemətləri qazana bilərdi. Lakin bu dünya malını toplayaraq bu dünyada qoyub gedir. Hesabı özünə qalır, kefi isə başqalarına. Cabir b. Abdullah - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə Mədinənin Aliyə tərəfindən bazara daxil olduq. Ölmüş kiçik qulaqlı bir oğlaq gördü. Onun qulağından tutaraq buyurdu: «Sizdən kim bunu bir dirhəm qarşılığında almaq istər?». Səhabələr: «Allaha and olsun ki, o diri olsaydı da belə onu heç kəs almazdı. Çünki qüsurlu oğlaqdır. Qulaqları kiçikdir» dedilər. Peyğəmbər: «Allaha and olsun ki, bu sizin üçün nə qədər dəyərsiz olduğu kimi bu dünya da Allah üçün o qədər dəyərsizdir» deyə buyurdu1627. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Dünyanın axirətdəki durumu ancaq sizdən hər hansı bir kimsənin barmağını dənizə salıb çıxartdıqdan sonra nə çıxartdığına baxması kimidir»1628. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şübhəsiz ki, dünyanın zəval olması Allah üçün müsəlman bir kimsənin öldürülməsindən daha xəfifdir»1629. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizi sevindirəcək şeylərin müjdəsini sizə verirəm və bunları (gələcəkdə də) ümüd edə bilərsiniz. Allaha and olsun ki, mən sizin üçün fəqirlikdən qorxmuram. Lakin mən sizin üçün əvvəlkilərə dünyanın imkanları geniş verildiyi kimi sizə də veriləcəyindən və onlar necə bu şeydə bir-birləri ilə yarışdıqları kimi sizin də yarışacağınızı və (dünya) onları necə həlak etdisə sizi də həlak edəcəyindən qorxuram»1630. Sələflər deyillər ki: «Sən fikirləşmə ki, kasıblıq varlığın olmamasıdır. Həqiqi kasıblıq dinin olmamasıdır. Ey qardaşım! Sən tamahkar insanın yığdığı mala görə ona qibtə etmə. Sizin ona yazığınız gəlsin. O, bu dünyada elə bir şeylə məşğul olub ki, sabah onu həlak edəcəkdir». Allahdan qeyrisinə (dünyaya, pula) bağlandıqlarına görə, Allahı unutduqlarına görə Allah da onları unudar və onları özlərinə həvalə edər. «Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir». (əl-Həşr 19). Ömər - radıyallahu anhu rəvayət edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına daxil oldum. O, həsirin üzərində uzanmışdır. Sonra o, qalxıb oturdu, onun əynində izardan başqa bir şey yox idi. Həsirin izi onun çiynində və böyründə qalmışdı. Mən onun eyvanına nəzər salıb gördüm ki, orada təqribən bir saa arpa, bir o qədər akasiyə ağacının qabığı və bir də aşılanmış dəridən başqa heç bir şey yoxdur. Bu halı gördükdə mənim gözlərim yaşla doldu. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ey Xəttabın oğlu, səni ağladan nədir?». Mən: «Ey Allahı Rəsulu! Nə üçün ağlamayımda. Mən görürəm ki, həsir sənin bədənini bu hala salıb, eyvanda da gördüklərimdən başqa bir şey yoxdur. Qeysər (Rum imperatoru) və Xosrov (Fars imperatoru) cah-cəlal içərisində yaşayırlar. Sən isə Allahın Rəsulu və sevimlisi olduğun halda bu da sənin eyvanın!» dedim. Peyğəmbər: «Ey Xəttabın oğlu! Məgər istəmirsən ki, onlar üçün dünya, bizim üçün isə axirət olsun? (Başqa rəvayətdə: Dünya ilə mənim işim nə! Mənim və dünyanın misalı ancaq bir ağacın kölgəsində bir müddət oturan, sonra da oradan durub gedən bir süvariyə bənzər1631)» deyə buyurdu1632. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Dünya möminin zindanı, kafirin isə Cənnətidir»1633.

Həqiqi azad insan kimdir. Dünyanı əlində edən, dünyanı qəlbinə salmayan kimsədir. Nə qədər dünya malı onda olarsa onu əlində saxlayar. Dünya malını Allaha itaətdə xərcləyər. İmam Əhməd rahmatullahi aleyhi dən soruşduqda ki, insanda min dinar olduğu halda zahid ola bilərmi? O: «Bəli, ola bilər». O, kimsə: «Ey imam bu necə ola bilər?» deyə soruşdu. O: «Artanda sevinmir, azalanda isə kədərlənmir». Tək olan Allaha ibadət edən insan varlı da ola bilər, şərəflidə ola bilər. Lakin bütün bunları əlində edər. Bunların heç birini qəlbinə salmaz. Çünkü bütün bunlar dünyanın keçici zövqüdür. Mömin kimsə qəlbini yalnız Allaha sevgi, Peyğəmbərinə itaətlə doldurur. Bu qəlb parçasını Allahdan qeyrisinə yönəltmir. «Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövlət, oğul-uşaq çoxalt-maqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gəlir. Sonra o, quruyar və sən onun çör-çöpə döndüyünü görərsən. Axirətdə isə şiddətli əzab, Allahdan bağılanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan, yalandan başqa bir şey deyildir». (əl-Hədid 20). «Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır». (Ali-İmran 14). «Dünya həyatı isə aldadıcı həzzdən, əyləncədən başqa bir şey deyildir». (Ali İmran 185). «Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqi üçün axirət daha xeyirlidir». (ən-Nisa 77). «Dünya malı axirət yanında yalnız cüzi bir şeydir». (ət-Tövbə 38). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: «Ölünü qəbr evinə kimi üç şey təqib edər, lakin ikisi geri dönər. Biri isə onunla bərabər qalar. Ölünü ailəsi, malı və əməli təqib edər. Nəticədə ailəsi və malı geriyə dönər. Əməli isə onunla bərabər qalar»1634. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: «Kimin dərdi axirət dərdi olarsa Allah varlığı onun qəlbində edər. İşlərini düzüb qoşar, dünya istəmədiyi halda ona gələr. Əgər kimin dərdi dünya dərdi olarsa Allah kasıblığı onun qarşısında edər. Allah onun işlərini dağıdar. Ona dünyadan yazılandan başqası verilməz»1635. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: «Dünya axirətə görə birinizin dənizə barmaq batırması kimidir. Baxsın bir barmağına nə qədər yaş yer var. Dünya o yaşlıq, axirət isə dəniz kimidir»1636. Sələflər axirət üçün yaşayardılar və axirət üçün çalışardılar. Allah da onlara dünyanı istəmədikləri halda verərdi.



Bütün bu qulluqlardan qurtaran kimdir. Tək olan, şəriki olmayan Allaha ibadət edənlərdir. Bütün dərdləri toplaşaraq bir dərdi olandan gözəl yaşayışı olan ola bilərmi. Onun dərdi bir dənədir. O da Uca və Böyük olan Allahın razılığını qazanmaqdır. Həqiqi azadlıq da elə budur. Azadlıq başqa şeylə ola bilməz. Əgər Allaha qul deyilsə o kimsə heç vaxt azad ola bilməz. Ya şeytanın qulu olacaqdır, ya da kiminsə? Həqiqi qulluq, azadlıq isə tək olan, Qahhar olan Allaha qul olmaqdır.

Peyğəmbər Sallallahu Aleyhi Və Səlləm İn Dünyaya Olan Zahidliyi - Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün minbərə çıxıb oturdu. Biz də minbərin ətrafında oturduq. O: «Məndən sonra sizin üçün ən qorxduğum şey sizin üçün açılacaq olan dünya zinətləri və ləzzətləridir»1637. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allahım! Həyat ancaq axirət həyatıdır»1638. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Uhud dağı qədər qızılım olsaydı borcum qədəri çıxmaq şərtilə qalanlarını üç gün belə yanımda saxlamaq istəməzdim»1639. Kəb b. İyaz - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Hər ümmətin bir fitnəsi vardır. Mənim ümmətimin fitnəsi isə maldır»1640. Kəb b. Məlik - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İki ac canavarın qoyun sürüsünə verdiyi zərər, mal və şöhrət hərisi kimsənin dininə verdiyi zərərdən böyük deyildir»1641. Niman b. Bəşir - radıyallahu anhu rəvayət edir ki, Ömər b. Xattab - radıyallahu anhu insanların əldə etdikləri dünya nemətlərini zikr edərək dedi: «Vallahi mən bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm in aclıqdan iki bükülərək qıvrıldığını, qarnını doyduracaq adi bir xurma belə tapmadığını gördüm»1642. İnsanlar dünyadan arzuladıqları qədər əzab görürlər. Hər kim dünyaya aşiq olursa dünya o kimsənin nə qədər kiçik olduğuna baxar və o, kimsəni xidmətçisi ya da köləsi edər, onu zillətə salar. Kim də dünyadan üz çevirirsə dünya o kimsənin qədrinin nə qədər böyük olduğuna baxar. Bu səfər o kimsəyə xidmətçi olar və o kimsə üçün zillətə girər. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «(Adəm oğlu qocalar, lakin onda olan iki şey gəncləşər) İxtiyar (yaşlı) bir kimsənin qəlbi iki şeyi sevməkdə daima gəncdir. Yaşamaq (uzun həyat) sevgisi və bir də mal sevgisi»1643. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Adəm oğlunun iki vadi dolu malı olsa, üçüncü vadini də istəyər. Adəm oğlunun içini (qarnını və ya ağzını) torpaqdan başqa bir şey doldurmaz. Tövbə edən kimsənin tövbəsini Allah qəbul edər»1644. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Zənginlik mal çoxluğu ilə deyildir, fəqət həqiqi zənginlik qəlb və nəfs zənginliyidir»1645. Möminlərin anası Hərisin qızı Cuveyriyyənin qardaşı Amr b. əl-Haris - radıyallahu anhum rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etdiyi vaxt özündən sonra nə qızıl, nə gümüş, nə kölə, nə cariyə, nə də heç bir şey buraxmamışdır. Sadəcə minməkdə olduğu ağ bir qatır ilə, silahı və müsafirlərə sədəqə olaraq vəkf etdiyi bir ərazi buraxmışdır»1646. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Fəqirlər Cənnətə zənginlərdən beş yüz il öncə girəcəklər»1647. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dua etdi: «Allahım! Muhəmmədin ailəsinin ruzisini yaşamalarına yetəcək qədər et»1648. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Allaha and olsun ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləm in minbəri ilə Aişə - radıyallahu anhə nin evi arasında bayılaraq yıxıldığımı bilirəm. Gəlib gedənlərin mənim dəli olduğumu fikirləşərək ayaqları ilə boynuma basardılar. Halbuki məndə dəlilik deyilən bir şey yox idi. Yalnız aclıqdan belə olurdu»1649. Aişə - radıyallahu anhə rəvayət edir ki, Peyğəmbərimizin yatağı içi xurma lifləri ilə doldurulmuş dəridən idi»1650. Ubeydullah b. Mihsan əl-Ənsari əl-Hatmi - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən kimsə qəlbi rahat, bədəni sağlam və günlük yeyəcəyi yanında olduğu halda səhərə çıxarsa bilsin ki, ona dünya verilmişdir»1651.

ALLAHLA, ONUN AYƏLƏRİ, PEYĞƏMBƏRİ, ŞƏRİƏTİ VƏ YA BUNLARDAN HƏR HANSI BİRİ İLƏ İSTEHZA EDİB ZARAFATLAŞMAQ

Bütün Peyğəmbərlər insanları Tövhidə dəvət etdikləri zaman istehza (lağ) ilə qarşılaşmışlar. Nuh əleyhissəlam dan başlayaraq Peyğəmbər Muhəmməd sallallahu aleyhi və səlləm ə qədər Peyğəmbərlər qövmləri tərəfdən bu əziyyəti çəkmişlər. «Eləcə də (səndən əvvəl) hər Peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər». (əl-Furqan 31). «Onlar səni gördükdə ancaq məsxərəyə qoyur (və belə deyirlər): Allahın Peyğəmbər göndərdiyi şəxs budurmu». (əl-Furqan 41). «Biz sizdən əvvəlkilərə də neçə-neçə Peyğəmbərlər göndərmişdik. Onlara elə bir Peyğəmbər gəlməzdi ki, ona istəehza etməsinlər». (əz-Zuxruf 6-7). «Nuh gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. Nuh onlara deyirdi: Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq». (Hud 38-39). «Yadınıza gətirin o, vaxt ki, Musa öz qövmünə: Allah sizə bir inək kəsmənizi əmr edir! dedi. Onlar isə: Bizi məsxərəyəmi qoyursan! dedilər. Musa da: Allah özü məni cahil olmaqdan saxlasın! dedi». (əl-Bəqərə 67). «(Ya Muhəmməd!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə): Sizin tanrılarınızı tənə edən bumudur? deyərlər. Halbuki onlar məhz onlar Rəhmanın öyüd-nəsihətini (Quranı) inkar edirlər». (əl-Ənbiya 36). «(Ya Muhəmməd! Təbuk döyüşünə gedərkən səni lağa qoyan) münafiqlərdən (nə üçün belə etdiklərini) soruşsan: Biz ancaq söhbət edib zarafatlaşır, əylənirdik deyə cavab verərlər. De ki: «Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz. (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz. Aranızdan bir qismini bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik». (ət-Tövbə 65-66)1652. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Peyğəmbər sallallahu aleyhi və səlləm onları şirkdən çəkindirdiyi zaman onunla istehza etdilər. Bütün müşriklərin halı belədir. Peyğəmbərlər onları Tövhidə dəvət etdikləri zaman, bütpərəstlik canlarına hopduğu üçün onları söydülər və onları ağılsız, azmışlar və dəliliklə vəsfləndirdilər. Onlara bənzəyən kimsələrdə belədir. Əgər içində bütpərəstlik hisləri varsa Tövhidə çağıran birini gördükdə eyni şəkildə onunla istəhza edib (lağ) edən görərsən»1653. İstehzanın bir neçə növü vardır. İstehza bəzən sözlə olur ki, istehzanın ən çox yayılan şəkili budur. Bəzən də işarə ilə olur. İşarə ilə edilən istehza (lağ) göz-qaş hərəkəti və ya dil çıxarmaqla olur. Bəzən də əl hərəkətləri ilə olur. Allaha istehza etmək etiraz küfrüdür. Şeyx Useymin rahmətullahi aleyhi deyir ki, bütə səcdə edənin küfründən də şiddətlidir. İbn Qudamə rahmətullahi aleyhi deyir ki: «İstər zarafatla olsun, istərsə ciddi bir şəkildə olsun Allahı söyən kimsə kafir olur. Allah ilə , ayələri, Peyğəmbərləri və Kitabları ilə istehza ecdən kimsə də belədir»1654. Qurtubi rahmətullahi aleyhi Təbuk döyüşündə olan istehza edənlərin halını açıqlayarkən İbnul Arabinin sözlərini gətirir: «Onların söylədikləri şeylər ya ciddidir, ya da zarafat. Necə olursa-olsun küfrdü. Çünkü zarafatla küfr etmək də küfrdü, ümmət araında bu haqda ixtilaf yoxdur. Araşdırma aparmaq elmin və həqiqətin qardaşıdır, zarafat və istehza batilin və cəhalətin qardaşıdır»1655. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Allah ilə, Onun ayələri və Peyğəmbərləri ilə istehza etmək küfrdü. Bunu edən kimsə daha öncə mömin idisə kafir olduğuna hökm edər»1656. Həmçinin Muhəmməd b. AbdulVahhab rahmətullahi aleyhi də öz dəyərli itabı olan «Tövhid Kitabında» belə bir bölüm açmışdır. Həmçinin İslamdan çıxaran 10 şərtlər kitabında da – Peyğəmbər sallallahu aleyhi və səlləm in dinində olan bir şeylə və ya onun savabı və ya cəzası ilə zarafat edib (istehza) etməyi 6-cı şərt olaraq zikr etmişdir. Həmçinin Muhəmməd b. İbrahim Əli Şeyx, İbn Baz və Şeyx Useymin Allah olara rəhmət etsin din ilə istehza edənlərin kafir olmasını söyləyən alimlərdir1657. «Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Lağa qoyulanlar, qoyanlardan daha yaxşıdır. Bir-birinizə tənə etməyin, eyb tutmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq çox pisdir. Tövbə etməyənlər zalimdirlər». (əl-Hucurat 11). «O kəslər ki, lağlağıdan və lazımsız şeylərdən üz döndərirlər». (əl-Mumin 3). İbn Kəsir rahmətullahi aleyhi bu ayənin təfsirində deyir ki: «Allah insanlarla istehza (lağ) etməyi qadağan edir. İnsanlarla istehza etmək onları kiçik görməkdir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Təkəbbürlük haqqı qəbul etməmək və insanları kiçik görməkdir»1658. «Onlar Mənim ayələrimi və (Peyğəmbər vasitəsilə) qorxudulduqları əzabı məsxərəyə qoyurlar». (Kəhf 56). «Bəli sən onlara təəccüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər». (əs-Saffət 12). Muhəmməd b. Əli Şeyx rahmətullahi aleyhi dən: «Saqqal pislikdir deyən kimsə mürtəd sayılırmı?» deyə soruşulduqda o: «Bunu yaxşıca araşdırmaq lazımdır. Əgər bunu Peyğəmbər sallallahu aleyhi və səlləm in bir sünnəti olduğunu bilir halda edərsə haqqında mürtədlik hökmü qalxar»1659. «Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. Möminlərin yanından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar. Möminləri gördükdə: Doğrusu, bunlar (haqq yoldan) azanlardır! deyərdilər. Halbuki onlar möminlərə nəzarətçi göndərilməmişdilər». (əl-Mutaffifin 29-33). «Könüllü surətdə (bollu) sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar». (ət-Tövbə 79). «Onlara haqq olan (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. Müşriklərin məsxərəyə qoyduqları Quranın xəbərləri onlara gəlib çatacaq». (əl-Ənam 5).
ON ŞEY FİTRƏTDƏNDİR

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «On şey (beş şey) fitrətdəndir. Bığları qısaltmaq, saqqalı uzatmaq, misvaqdan istifadə etmək, suyu buruna çəkmək (istinşaq), dırnaqları kəsmək, barmaq aralarını yumaq, qoltuq altını yolmaq, sünnət olmaq, məzməzə (ağızı yaxalamaq), balağı qısaltmaq (qasıqdakı tükləri qırxmaq)»1660. Nəfi deyir ki, İbn Ömər - radiyallahu anhu on beş gündən bir dırnaqlarını tutar və bir aydan bir qasıqdakı tükləri qırxardı»1661.


TÖVBƏ

Tövbə İşini Allaha həvalə etdi, üsyandan döndü, günahdan itaətə döndü mənasındadır, Allaha döndü, günahdan peşmanlığını bildirdi və s. «Hər kəs tövbə edib yaxşı iş görərsə o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə dönər». (əl-Furqan 71)1662. İbn Qeyyim rahmətullahi aleyhi - deyir ki: «Tövbə Allahın zahirdə və batində sevmədiyi şeylərdən, zahirdə və batində sevdiyi şeylərə dönməkdir»1663.

Ənəs b. Məlik - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah - subhənəhu və təalə qulunun tövbə etməsi ilə sizdən hər hansı birinizin bu halından daha çox sevinir». Bir kimsə otsuz boş bir quru ərazidə dəvəsi ilə gedirdi. Dəvənin üzərində də o, kimsənin yeyəcək və içəcək şeyləri də vardır. (Başqa rəvayətdə: «Çöllük bir əraziyə çatdıqda ona şirin bir yuxu gəldi. Dəvəsi üzərindən enərək bir ağac tapıb altında mürgüləmək üçün uzandı). Oyandıqda bir də baxdı ki, dəvəsi yeyəcək və içəcək şeylərlə birlikdə yoxdur. Dəvəsini axtarmaq üçün o yana bu yana qaçır. Nəhayət dəvəsini axtarıb tapmaqdan ümüdünü kəsdikdə yatdığı yerə qayıdaraq: «Artıq buradan ölənə qədər ayrılmayacağam!» deyib yan tərəfi üstə uzanaraq yatdı. (Ayıldıqda) Bir də baxdı ki, dəvəsi başı üzərində dayanıb. Dəvəsinin ipindən tutaraq sevincinin şiddətindən: «Allahummə Ənnə Abdi Və Ənə Rabbukə Allahım Sən mənim qulumsan, mən də Sənin Rəbbinəm!» deyə şükr edir. «Sizdən hər hansı biriniz (itmiş dəvəsini) üzərində yemək və içəcəyi ilə birlikdə tapmasından daha çox, Uca Allah tövbə etmiş mömin qulunun tövbəsindən ötrü sevinir»1664. İbn Qeyyim rahmətullahi aleyhi - deyir ki: «Hansı bir sevic bu insanın sevincinə bərabər ola bilər? Əgər varlıq aləmində bu sevincdən daha böyük bir sevinc olaydı Peyğəmbər sallallahu aleyhi və səlləm miniyini tapan qulunun sevincindən dah çox sevinən Allahın sevincinə onu məsəl olaraq gətirərdi»1665. «Ey möminlər! Hamılıqla Allaha tövbə edin ki, bəlkə nicat tapasınız». (ən-Nur 31). «Ey iman gətirənlər! Allaha səmimi qəlbdən tövbə edin». (ət-Təhrim ). «Tövbə etməyənlər zalimlərdir». (əl-Hucurat 11). «Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir». (əl-Furqan 70). Bu haqda iki görüş vardır: 1. Həqiqətən də Allah Qiyamət günü onların pis əməllərini yaxşı əməllərə çevirəcəkdir. 2. Bu dünyada pis əməllər yaxşı əməllərə çevriləcəkdir. Çirkin əməllər saleh əməllərlə, küfrün yerinə iman, zülmün yerinə ədalət, namazı tərk yerinə namazı qılmaq, yalan doğruluqla, zina iffətlə, xainlik əminliklə və s1666. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah mömini yaxınlaşdırar. Onun üzərinə örtüyünü qoyar və onu örtər. Ona buyurar: «Filan günahını bilirsənmi? Filan günahını bilirsənmi?» Qul da: «Bəli, ya Rəbbim!» deyər. Bütün günahlarını tək-tək ona söyləyərlər. Qul artıq həlak olduğunu zənn etdiyi təqdirdə Allah ona buyuracaq: «Dünyada ikən səni bu günahlardan saxladım. Bu gün də bu günahlarını sənə bağışlayıram». Sonra ona etdiyi yaxşılıqların yazıldığı kitabı verərlər. Kafir və münafiqə gəlincə: «Bütün insanların eşitdiyi bir şəkildə onlara deyiləcək. Bunlar Rəbbinə qarşı yalan söyləyən kimsələrdir. Bunu da bilin ki, Allahın lənəti zalimlərin üzərinədir» deyiləcəkdir. «Allaha iftira yaxandan daha zalim kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər belə deyərlər: «Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!» Bilin ki, zalimlər Allahın lənətinə gələcəklər. (Hud 18)1667. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in belə buyurduğunu eşitdim: «Allah subhənəhu və təalə - buyurdu: «Ey Adəm oğlu! Nə qədər ki, sən mənə dua edib məndən bağışlanma diləsən, mən sənin nələr etdiyinə baxmadan səni bağışlayaram. Ey Adəm oğlu! Əğər sənin günahların göylərə qədər çatsa və sonra sən məndən bağışlanma diləsən, mən sənin günahlarını bağışlayaram. Ey Adəm oğlu! Əğər sən mənim hüzuruma yerüzü dolusu qədər günahlarla gəlsən və mənə heç bir şeyi şərik qoşmasan mən də sənə yerüzu qədər bağışlanma verərəm»1668.

Tövbənin Şərtləri: 1. Allaha Səmimi Qəlbdən Tövbə Edib Bağışlanma Diləmək - «Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz». (əz-Zumər 54). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Günaha görə tövbə edən o günahı etməmiş kimidir»1669. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, əgər siz günah etməsəniz Allah sizi məhv edər və sizin yerinizə elə bir qövm gətirər ki, onlar günah edər və Allahdan bağışlanma diləyərlər, Allah da onları bağışlayar»1670. «Mərhəmətim hər şeyi ehtiva etmişdir!». (əl-Əraf 156). «(Ya Muhəmməd! Mənim adımdan qullarıma) De ki: Ey mənim (günah törətməkdə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın! Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən O, bağışlayan və rəhm edəndir. Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz!» (əz-Zumər 53-54) «O, müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər?» (Ali İmran 135). Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Uca və Böyük olan Rəbbindən belə buyurdu: «Allahın qullarından biri günah edib sonra da: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!» deyə buyurdu. Sonra o qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər yaşayır. Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!» deyə buyurdu. Sonra o, qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər yaşayır. Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda!». Üç dəfə: «Mən öz qulumu bağışladım! Artıq istədiyini edə bilər1671« deyə buyurdu1672.

2. Günahlara Görə Peşmançılıq Çəkmək - Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Peşmançılıq – tövbədir»1673. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sol kitab sahibi öz qələmini günah etmiş müsəlmandan altı saat müddətinə qaldırar. Əgər o, tövbə edib bağışlanma diləyərsə etdiyi günah yazılmaz. Əksi təqdirdə onu bir günah olaraq qeyd edər»1674. Əbu Bəkr radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: «Allah qüsl alıb təmizləndikdən sonra (iki rükət) namaz qılıb Allahdan bağışlanma diləyən hər bir kəsin günahını bağışlayar»1675.

3. Günah Etdiyin Yerdən Dərhal Uzaqlaşmaq - Əbu Səid Sad b. Məlik b. Sinan əl-Xudri radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən əvvəlki ümmətlərdə doxsan doqquz insan oldürmüş bir kimsə var idi. Bu kimsə (öldürdükdən) sonra yer üzünün ən alim insanını axtarmağa başlayır. Ona (İsrail oğullarından) bir rahibi göstərirlər. O, rahibin yanına gələrək: «Mən doxsan doqquz insan öldürmüşəm və tövbə etməyin mənə faydası olacaqmı?» deyə soruşdu. Rahib: «Xeyr!» deyə cavab verincə onu da öldürür. Beləcə (öldürdüyü insanların sayını) yüzə çatdırır. Sonra yenə də yer üzünün ən alim insanını axtarmağa başlayır. Ona bir nəfər elmli insanı göstərirlər. Alimin yanına gələrək yüz nəfər öldürdüyünü və tövbə etməyin ona fayda verəcəyi haqqında soruşur. Alim: «Bəli! Tövbə edən insana kim mane ola bilər! Sən filan yerə get! Çünkü orada Allaha ibadət edən bir tayfa vardır. Onlarla birlikdə Allaha ibadət et və bir daha bu məmləkətə qayıtma. Çünkü bura çox pis yerdir! Bu (söhbətdən) sonra adam alimin dediyi yerə yollanır. Lakin yolun yarsına çatdıqda ölüm onu yaxalayır. Bu kimsəyə görə Rəhmət mələkləri ilə əzab mələkləri bir-birləri ilə mübahisəyə başlayırlar. Rəhmət mələkləri: «Bu adam tövbə edərək və qəlbini Allaha yönəldərək gəldi!» deyirlər. Əzab mələkləri: «Bu adam bu günə qədər heç bir xeyir işləməmişdir!» deyirlər. Bu an insan qiyafəsində bir mələk onların yanına gəlir və hər iki tərəf onu öz aralarında hakim təyin edirlər. O, deyir: «Gəldiyi yer ilə gedəcəyi yeri ölçün! Hansı tərəf daha yaxın olarsa ora aiddir!» Mələklər hər iki tərəfi ölçürlər və adamın getdiyi yerə yaxın olduğunu görürlər və Rəhmət mələkləri onun ruhunu alıb gedirlər (aparırlar)». Başqa rəvayətdə: «Uca Allah günahkarların yaşadığı yerə uzaqlaş! Tövbə edib getdiyi yerə yaxınlaş!» deyə vəhy etdi. Və mələklərə: «Hər iki tərəfin məsafəsini ölçün!» deyə buyurdu. Mələklər də hər iki tərəfi ölçdülər. Tövbəkarın gedəcəyi yerə bir qarış yaxın olduğunu gördülər. Bundan ötrü də (Allah) onun günahlarını bağışladı»1676.

4. Günaha Bir Daha Qayıtmamaq Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: «Bütün Adəm övladı xəta edəndir. Xəta edənlərin ən xeyirlisi Allaha tövbə edənlərdir»1677. Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: «Ey insanlar! Allaha tövbə edin. Mən gündə 70 (bir rəvayətdə: 100) dəfə Allahdan bağışlanma diləyirəm» Buxari, Müslim. Əli radıyallahu anhu deyir ki: «Bəla ancaq günahla nazil olur və töbvə ilə silinir».

5. Tövbəni Əcəl Gəlməmişdən Əvvəl Etmək - Günah işləri görməyi davam etdirib yalnız ölüm yatağında mən indi tövbə etdim deyəndən və kafir kimi ölənin tövbəsi qəbul olunmaz». (ən-Nisa 17,18). Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: «Allah qulunun tövbəsini gün batdığı yerdən çıxanadək qəbul edir» Müslim. Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: «Allah qulunun tövbəsini ruh boğazdan çıxanadək qəbul edir»1678. «Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə Allah onun yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı sərt olarlar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu Allahın lütfüdür onu istədiyinə verər». (əl-Maidə 54).

6. Qulun Haqqını Vermək Peyğəmbər sallallahu aleyhi və səlləm - buyurdu: «Kim öz qardaşının haqlarını tapdalayıbsa qoy onun haqqını Qiyamət günü gəlməmişdən qabaq ödəsin. O gün ki, nə dinar, nə də dirhəm kömək edə biləcəkdir. Qiyamət günü haqları tapdalayanın savablarından alınaraq zülm etdiyi insanlara verilir. Əgər zülm etdiyi qulların haqlarını ödəmədən əvvəl savabları qurtararsa zülm etdiyi qulların günahlarından alınraq ona yüklənər və sonra da Cəhənnəmə atılar»1679. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Bilirsinizmi Müflis kimdir?». Səhabələr: «Bizim nəznimizdə müflis kimsə heç bir pulu və ruzisi olmayan bir kimsədir» dedilər. Peyğəmbər: «Mənim ümmətimdə Müflis kimsə Qiyamət günü namazı, orucu, zəkatı ilə gələcəkdir. Lakin onu söymüş, buna iftira atmış, birinin malını yemiş, qanını tökmüş və döymüşdür. Savablarından alınaraq zülm etdiyi insanlara verilir. Əgər zülm etdiyi qulların haqlarını ödəmədən əvvəl savabları qurtararsa zülm etdiyi qulların günahlarından alınraq ona yüklənər və sonra da Cəhənnəmə atılar»1680. Ənəs radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in ətrafında oturmuşduq. Birdən o, gülməyə başladı. Ömər radıyallahu anhu : «Atam, anam sənə fəda olsun! Nə üçün güldün?» deyə soruşdu. Peyğəmbər: «Ümmətimdən iki insan Allahın hüzurunda diz çökmüşdülər. Onlardan biri: «Ya Rəbbim! Bu qardaşım mənə haqsızlıq etmişdir. Ondan haqqımı al!» deyər. Allah: «Qardaşının haqqını ödə» deyə buyurar. O: «Ya Rəbbim! Ona verəcək həsənətlərim artıq qalmadı» deyər. Allah: «Onun həsənətləri artıq qalmayıb» deyə buyurar. Adam: «Ya Rəbbim! Günahlarımı ona yüklə!» deyər. Bu sözlərdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm ağladı. Qiyamət günü çox böyük bir gündür. O gün insanlar günahlarının bir qismini başqalarına yükləmək ehtiyacını duyacaqlar. Sonra sözünə davam edərək Allah: «Başını qaldır Cənnətə bax!» deyə buyurar. Adam başını qaldırıb Cənnətə baxdıqda: «Ya Rəbbim! İnci ilə taclanmış, gümüşdən şəhərlər, qızıldan köşklər görürəm. Bunlar hansı Peyğəmbərin, siddiqin, şəhidindir» deyər. Allah: «Bunlar haqları ödəyənlərindir» deyə buyurar. Adam: «Ya Rəbbim! Buna kim sahib ola bilər» deyər. Allah: «Sən, sahib ola bilərsən» deyə buyurar. Adam: «Nə ilə?» deyər. Allah: «Qardaşını bağışlamaqla» deyə buyurar. Adam: «Ya Rəbbim! Mən onu bağışladım» deyər. Allah Qiyamət günü möminlərin arasını düzəltməklə onları barışdıracaqdır»1681. AbdurRahman b. Cubeyr, o da Əbu Tufeyldən rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına ixtiyar yaşına çatmış bir kişi gəlir (Başqa rəvayətdə: Qaşları gözünün üstünü örtmüş, əsasına söykənərək Peyğəmbər sallallahu aleyhi və səlləm in yanında dayanaraq) deyir: «Sən yer üzündə belə bir insan görmüsənmi ki, böyüklü, kiçikli heç bir günahdan yan keçməyərək onları edib (Başqa rəvayətdə: Əgər onun günahlarını yer əhli arasında paylasaydılar hamını həlak edərdi). Mənim üçün tövbə varmı?». Peyğəmbər: «Sən İslamı qəbul etmisənmi?» deyə buyurdu. O: «O ki qaldı mənə – Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq heç bir ilah yoxdur və sən Allahın Rəsulusan» dedi. Peyğəmbər: «Yaxşı işlər gör və pis işləri də tərk et, Allah da sənin bütün əməllərini xeyirli edər» deyə buyurdu. O: «Oldu! Allahu Əkbər! – deyərək gözdən itənə qədər getdi»1682.

Günahlara Kəffarə Olan Şeylər - Günahlara kəffarə olan şeylər iki qrupa ayrılır: Birinci Həm böyük, həm də kiçik günahlara kəffarə olanlar. İkinci Yalnız kiçik günahlara kəffarə olanlar.

Həm Kiçik, Həm Də Böyük Günahlara Kəffarə Olanlar 1. Nəsux/səmimi bir tövbə. 2. Allahın bütün günahlara kəffarə saydığı ibadətləri etmək. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Həcci gözəl bir şəkildə, günah və pis əməllərə yol vermədən edərsə evə anadan doğulmuş kimi qayıdar»1683. 3. Allah yolunda şəhid olmaq. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şəhidin borcu xaric bütün günahları bağışlanır»1684. 4. Həddin tətbiq olunması günahlara kəffarədir.

Kiçik Günahlara Kəffarə Olanlar «Həqiqətən yaxşı əməllər pis işləri yuyub aparır». (Hud 114). İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: “Mömin bir əməl etdiyi zaman onun cəzası bu şeylərlə silinir”: 1. Tövbə edib Allahdan bağışlanma diləmklə. 2. Məğfirət diləməklə. 3. Yaxşı əməllər etməklə. Çünki yaxşı əməllər pislikləri silir. 4. Mömin qardaşları diri ikən, öldükdən sonra da onun üçün dua edib bağışlanma diləməkləri ilə. 5. Peyğəmbər sallallahu aleyhi və səlləm in ona şəfaət etməsilə. 6. Mömin qardaşları yaxşı əməllərinin savabından ona hədiyyə etmələriylə. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, bir nəfər: «Ya Rəsululah! Atam öldü və bir mal buraxdı. Halbuki vəsiyyət də etmədi. Mənim onun adına sədəqə verməyim onun günahlarına kəffarə olurmu?» deyə soruşdu. Peyğəmbər: «Bəli» deyə buyurdu1685. Aişə - radıyallahu anhum rəvayət edir ki, bir nəfər: «Ya Rəsulullah! Anam vəfat etmişdir. Elə zənn edirəm ki, əgər sağ olsaydı sədəqə verərdi. Mən onun adına sədəqə versəm onun üçün bir savab olurmu?» deyə soruşdu. Peyğəmbər: «Bəli» deyə cavab verdi1686. İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, bir nəfər: «Ya Rəsulullah! Atam olduqca yaşlanıb nə həcc, nə ümrə, nə də səfərə çıxmaq gücü də yoxdur». Peyğəmbər: «Atanın yerinə həcc və ümrə et» deyə buyurdu1687. Bir qadın körpə uşağı yuxarı qaldıraraq: «Ya Rəsulullah! Bu uşağın həcci səhihdirmi?» dedi. Peyğəmbər: «Bəli, savabı da sənindir» deyə buyurdu1688. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bu üç şey müstəsna olmaqla Adəm oğlu öldükdə əməli kəsilir. Faydalı elm qoyub getmək (hansı ki, insanlar ondan istifadə edirlər), Sadaqətul Cəriyə (axan) xeyirli sədəqə (yol saldırmaq, su çəkmək), sənin üçün dua edən saleh övladlar»1689. 7. Başına gələn müsibətlərlə. Əbu Səid əl-Xudri və Əbu Hureyrə - radıyallahu anhum rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mömini nə yorğunluq, nə xəstəlik, nə əzab-əziyyət, nə rahatsızlıq, nə kədər, nə də bədəninə batan tikan maraqlandırır. Onu maraqlandıran Allahın bunlara səbr etdiyinə görə günahlarını təmizləməsidir»1690. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, qızdırmadan əziyyət çəkən Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına daxil oldum: «Ya Rəsulallah! Bu xəstəlikdən nə çox iztirab çəkirsən». Peyğəmbər: «Bəli, mənim xəstəliyim sizdən iki nəfərin (bu xəstəlikdən) çəkdiyi iztirab kimidir». Mən: «Bu ona görədir ki, sən bu xəstəlikdən iki qat əcr qazanırsan?» deyə soruşdum. Peyğəmbər: «Bəli, bu belədir deyərək istənilən müsəlmanın başına gələn xəstəlik, bədəninə batan tikan və bundan daha böyük hər hansı qəza başına gələrsə Allah bu səbəblə onun pisliklərini örtər və o kimsə günahlarını ağac yarpaqlarını tökdüyü kimi tökər»1691. 8. Pislikdən sonra dərhal yaxşı işlər görməklə. Aişə - radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Pisliyin ardından yaxşı işlər gör ki, onu silsin»1692. 8. Allahın ona mərhəmət etməsiylə. 9. Fərzlər və nafilələri yerinə yetirməklə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim mənim aldığım dəstəmaz kimi dəstəmaz alır, sonra içindən bir şey keçirməyərək iki rükət namaz qılarsa keçmişdə olan günahları bağışlnar»1693. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ərafə günü tutulan oruc biri keçmiş biri də gələcək il olmaq üzərə iki il (edilən günahlara) kəffarədir. Aşura günü tutulan oruc isə keçmiş bir il (günaha) kəffarədir»1694. 10. Allahı zikr. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim gündə yüz dəfə Subhənəllahi Və Bihəmdihi – deyərsə xətaları dəniz köpüyü qədər olsada belə bağışlanar»1695. 11. Mələklərin onlara bağışlanma diləmələri ilə. «Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: Ey Rəbbimiz! Sənin rəhmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından qoru». (əl-Mumin 7). 12. Yaradılmışlara yaxşılıq da günahları örtən şeylərdir.
GÖZƏL SONLUQ

Artıq gözəl sonluqdan qorxmaq müttəqilərin belini qırmışdır. Əgər sən ölüm ayağında olan çoxlarının halına baxsan görərsən ki, onlarla gözəl sonluq arasında bir maneə vardır. Onların pis əməlləri bir cəza olaraq onlarla gözəl sonluq arasına girmişlər. Hafiz Əbu Muhəmməd AbdulHəqq b. AbdurRahmən İşbili deyir ki: «Bil ki, pis sonluğun müəyyən səbəbləri, yolları və qapıları vardır. Bunlardan ən böyüyü dünyaya qapanmaq, axirətdən üz döndərmək, günahlara cürətlə getməkdir. Günah insana güc gəlir və onun qəlbini örtür, ağlını silir, nurunu söndürür. Bundan sonra da o kimsə heç bir nəsihət də fayda vermir. Əksər hallarda ölüm də ona elə bu vaxtlarda gəlir. O kimsə təlqin edənin - Lə İləhə İlləllah - sözlərini uzaqdan bir nida kimi eşidir. Səsin nə olduğunu və nə qəsd olunduğunu anlamır. Hətta o, təlqin edən nə qədər də təkrar etsə də belə. Sufyan əs-Souvri rahmətullahi aleyhi - bir gün səhərə qədər ağlayır. Səhəri ondan soruşduqda ki, səni ağladan günahlar idi. O: «Saman çöpünü götürərək deyir: «Günahlar bundan da yüngüldür. Lakin məni ağladan pis sonluqdur». Buna görə də heç kəs əməlinin çoxluğuna görə sonunun yaxşı olmasına arxayın olmasın.

Görürsən ki, Sələflər hansı ki, onların gündüzləri orucla, gecələri ibadətlə keçirdi bu qədər əməllərinə baxmayaraq onlar pis sonluqdan qorxurdular. İnsan qorxmalıdır günahlarının onunla yaxşı sonluq arasına girməsindən. Hafiz Əbu Muhamməd rahmətullahi aleyhi - deyir ki: «Əgər bir kəsin zahiri də, batini də saleh olarsa onun sonu pis qurtarmaz. Belə bir şey Allaha həmd olsun ki, heç vaxt eşidilməyib. Bir kəsin batini də, zahiri də sağlamdırsa onun pis bir sonluqla qurtarması barəsində bir şey eşidilməyib. Kimin sonu pis qurtarar o kimsə ki, əqidəsi pozulmuş olar və ya o insan böyük günahlar üzərində davam edər. İnsan artıq o günahlara elə bir şəkildə qurşanar ki, tövbə etməyə imkan tapmadan ölüm ona gələr. O insan içini islah etməzdən əvvəl ölüm onu yaxalayar. Allah qorusun! Şeytan o vaxt onu ələ keçirər».

Amma zalımlar (pis işlər görənlər) isə elə bil ki, Allahdan bir əhd alıblar. Şair deyir ki: «Ey çirkin əməl edərək əmin olan şəxs. Sənə Allah tərəfindən bir əhdmi gəlib. Sən iki şeyi cəm etmisən. Arxayınçılıq və öz istəyinə tabe olmaq». Bunların biri insanı həlak etməyə kifayətdir. Sən səfehliyinə görə əkin vaxtı bir şey əkmədin. İnsanlar biçdiyi vaxt sən nə əldə edəcəksən. Bu ötəri bir həyatla məşğulsan. Sən daha çox aldanmısan yoxsa ticarətdə aldanan. Halbuki, o kimsə itirdiyini yenidən əldə edə biləcəkdir. Sən isə əbədi həyatı tərk edərək ötəri həyatla məşğulsan.



Bitirdim Miladi: 10 May 2006-Cı İl

Hicri: Rəbiul Axır 13 1427-Ci İl

Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha! (Yunus 10)

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin