Əbu Bəkrin Üsaməyə məktubu və onun cavabı.
İmamətin Peyğəmbər(s)-dən sonra Əli(ə.s)-yə məxsus olması və onun haqqının qəsb olunmasını iddia etməyin dəlillərindən biri də Əbu Bəkrin Səqifə hadisəsindən sonra Üsamə ibn Zeydə yazdığı məktubudur. Üsamə ibn Zeyd düşmən təcavüzünün qarşısını almaq üçün Şama göndərilən qoşunun həzrəti-Mühəmməd(s) tərəfindən təyin olunmuş sərkərdəsi idi. Peyğəmbər(s) buyurmuşdu ki, hər kim Üsamənin əmrindən boyun qaçırsa, günahkardır. Səqifə əhvalatına gəldikdə isə Üsamə Rəsulullah(s) vəfat etdikdə, eləcə də Səqifə toplantısı zamanı Mədinədə deyildi. O, Şama getmək üçün qoşunla Mədinə yaxınlığında yerləşən Cürf torpağında idi.
Əbu Bəkrin Üsaməyə yazdığı məktubun məzmunu belədir: «Rəsuli- əkrəm (s)-in xəlifəsi Əbu Bəkrdən Üsamə ibn Zeydə.
Müsəlmanlar mənə pənah gətirərək məni xəlifə seçdilər. Beləliklə, Peyğəmbər(s)-dən sonra camaat məni rəhbərliyə qəbul etdi. Mənim məktubum sənə çatan zaman sən də başqa müsəlmanlar kimi gəlib mənə beyət et. Ömər ibn Xəttabın sənin qarşında olan məsuliyyətini boynundan götürürəm, qoy o, mənim yanımda olsun. Çünki mənim Ömərə ehtiyacım var. Bu əmrlərimi yerinə yetirdikdən sonra Rəsuli-əkrəm(s)-in tapşırdığı cəbhəyə gedərsən.»
Məktub Üsaməyə yetişdikdən sonra Əbu Bəkrə belə cavab yazdı: «Peyğəmbər(s)-in azad olunmuş qulu Üsamə ibn Zeyddən Əbu Bəkr ibn Əbi Quhəfəyə.
Məktubun mənə yetişdi. Lakin onun əvvəli ilə sonu ziddiyyət təşkil edir. Məktubun əvvəlində yazmısan ki, mən Peyğəmbər(s)-in xəlifəsiyəm, sonra belə iddia edirsən ki, müsəlmanlar sənin ətrafında birləşib səni özlərinə xəlifə seçdilər. Əgər belədirsə, onlar gərək sənə məsciddə beyət edəydilər, nəinki Bəni-Saidə səqifəsində.
Sonra da Ömər ibn Xəttaba ehtiyacın olduğuna görə ona ordudan boyun qaçırmağına icazə verməyimi məndən tələb edirsən. Lakin bil və agah ol ki, o, özbaşına mənim icazəm olmadan ordudan boyun qaçırdı. Mənə də yaraşmaz ki, kiminsə hərbi qanunu pozmağına icazə verəm, çünki Rəsuli-əkrəm(s) mənə öz rəhbərliyim altında səfərbərlik və hərəkət əmrini vermişdir. Elə hər ikiniz qanunu pozmusunuz. Peyğəmbər(s)-in də əmrindən boyun qaçırmaq istər sağlığında olsun, istərsə də vəfatından sonra fərqi yoxdur, hər ikisi eyni surətdə xilafdır. Sən yaxşı bilirsən ki, həzrəti-Mühəmməd(s)-in sizin barənizdə olan rəyi və əmri sizin özünüz barədə fikirləşdiyinizdən daha üstündür. Sizin niyyətinizdən Peyğəmbər(s) xəbərdar idi, ona görə də o Cənab(s) məni sizə rəhbər təyin edibdir, sizi mənə rəhbər təyin etməyib. Peyğəmbər(s) ilə müxalifətçilik münafiqliq və ikiüzlülükdür...»
Müəllif yazır: «Biz Əbu Bəkrin məktubunu və Üsamənin cavabını «Üyunül bəlağə fi ünsil hazir və nəqələtül müsafir» adlı kitabda öz geniş təfsilatı ilə xatırlatmışıq. Burada isə yalnız bir hissə ilə kifayətlənirik».ı
Dostları ilə paylaş: |