TƏCRÜBİ ELMLƏRİN NAİLİYYƏTLƏRİ
Şübhələrdən digər biri də budur ki, insan və dünya (kainat) üçün bir Yaradanın varlığına etiqad bəsləmək müasir elmi nailiyyətlərin bir qismi ilə uyğun gəlmir. Məsələn, kimya elmində sübut olunmuşdur ki, enerji ilə maddənin miqdarı həmişə sabit və dəyişilməzdir. Buna əsasən, heç bir varlıq və fenomen yoxluqdan əmələ gəlməmişdir və heç bir varlıq da birdəfəlik olaraq (küll şəklində) məhv olub aradan getmir. Halbuki, Allaha inananların etiqadına görə, Allah bütün varlıqları yoxdan xəlq etmişdir.
Həmçinin biologiyada sübut olunmuşdur ki, bütün canlı varlıqlar cansızlardan əmələ gəlmişlər, tədrici təkamül nəticəsində inkişaf etmiş və nəticədə insan yaranmışdır. Halbuki, Allaha inananların nəzərinə görə, Allah bütün varlıqların hər birini ayrıca xəlq etmişdir.
Bunun cavabında deməliyik ki:
Əvvəla, maddə və enerjinin itməməsi qanunu elmi və təcrübi bir pirinsip ünvanı ilə yalnız bölünə bilən varlıqlarda mötəbərdir, amma onun əsasında “maddə və enerji əzəli və əbədidir, yoxsa yox?” kimi fəlsəfi məsələni həll etmək olmaz.
İkincisi, maddə və enerjinin məcmusunun miqdarının sabit və həmişəlik olması onların yaradandan ehtiyacsız olması mənasına deyildir. Əksinə, dünyanın ömrü (yaşı) nə qədər uzun olsa belə, Yaradana daha artıq ehtiyaclı olacaqdır. Çünki nəticənin səbəbə olan ehtiyacında əsas meyar, onun zaman baxımından hüdus və məhdudiyyətli olması deyil, onun zati bağlılığı və imkan məsələsidir.
Başqa sözlə desək, maddə və enerji kainatın yaradan səbəbini deyil, maddi səbəbini təşkil edirlər, özləri də yaradan səbəbə ehtiyaclıdırlar.
Üçüncüsü, maddə və enerjinin miqdarının sabit olması yeni-yeni varlıqların yaranmasının, həmçinin onların artıb-azalmasının inkar olunmasını gərəkli etmir. Ruh, həyat, şüur, iradə və s. kimi varlıqlar maddə və enerji qəbilindən deyillər ki, onların artıb və ya azalması maddə və enerjinin dəyişməməsi, sabit qalması qanunu ilə ziddiyyət təşkil etmiş olsun.
Dördüncüsü, təkamül nəzəriyyəsi (fərziyyəsi) hələ də kifayət qədər elmi etibara (dəyərə) malik olmamaqdan, eləcə də çoxlu alimlər tərəfindən məqbul sayılmamaqdan əlavə Allaha etiqadla əsla ziddiyyət təşkil etmir və ən çoxu canlı varlıqlar arasında bir növ edadi səbəbiyyəti (səbəbdə vasitə olmağı) isbat edir, nəinki onların varlıq bağışlayan Allah ilə olan əlaqə və rabitəsini inkar etmiş olur. Şahidimiz də budur ki, bu nəzəriyyənin tərəfdarlarından çoxu insan və kainat üçün yaradanın olduğuna inanmışlar, indi də belə alimlər çoxdur.
Dostları ilə paylaş: |