4. ALLAHIN ELMİ BARƏSİNDƏ ŞÜBHƏ
Digər şübhə bundan ibarətdir ki, əgər Allah insanları yenidən dirildərək onları öz əməllərinə görə mükafatlandırsa və ya cəzalarına çatdırsa, bu zaman bir tərəfdən sonsuz sayda bədənləri bir-birindən ayırmalıdır ki, hər bir ruhu öz bədəninə qaytarsın! Digər tərəfdən də bütün yaxşı və pis işləri yadda saxlamalıdır ki, onların hər birinə layiq olan mükafat və cəzanı verə bilsin! Necə mümkün ola bilər ki, çürüyüb torpağa qarışan bədənləri bir-birindən ayırsın?! Necə mümkündür ki, insanların bütün rəftarlarını – minlərlə, bəlkə də milyonlarla illər ərzində insanlarda baş vermiş rəftar və əməlləri qeyd edib onları araşdırsın?!
Bu şübhə də Allahın elminin sonsuz olmasını bilməyənlər, həmçinin o elmi özlərinin naqis və məhdud elmləri ilə müqayisə edənlər tərəfindən irəli sürülür. Onun cavabı bundan ibarətdir ki, Allahın elminin heç bir həddi, sərhədi yoxdur və Onun elmi hər şeyi əhatə edir. Allah hər hansı bir şeyi heç vaxt unutmaz.
Qurani-kərim Fironun dilindən nəql edib buyurur ki, o, Musaya (ə) dedi:
«Əgər Allah bizim hamımızı dirildib əməllərimizi araşdırarsa, onda bizdən qabaq ölüb məhv olan insanların vəziyyəti necə olacaqdır?!»
Həzrət Musa (ə) buyurdu:
«Bütün bunların elmi Pərvərdigarımın yanında kitabda (yazılaraq) qorunub saxlanılır. Mənim Pərvərdigarım heç vaxt səhv etməz və heç bir şeyi unutmaz.»1
Digər bir ayədə sonuncu iki şübhəyə belə cavab verilir:
«(Ey Peyğəmbər!) De: Ölüləri, onları ilk dəfə yaradıb vücuda gətirən şəxs dirildəcəkdir və O hər şeyə qadirdir.»2
Dostları ilə paylaş: |