DÜNYA NEMƏTLƏRİ AXİRƏT BƏDBƏXTLİYİNƏ DƏ SƏBƏB OLMUR
Digər tərəfdən, bəziləri belə təsəvvür edirlər ki, dünya nemətləri ilə axirət nemətləri arasında ziddiyyət mövcuddur. Yəni axirətdə o şəxslər səadətə çata bilər ki, dünya nemətlərindən məhrum olsunlar. Bunun əksinə olaraq hər kəs dünya nemətlərindən bəhrələnibsə, axirət xoşbəxtliyindən məhrum olacaqdır. Onlar bu müddəalarında dünyapərəstlərin heç bir axirət bəhrəsi olmadığına dəlalət edən bəzi ayə və rəvayətlərə istinad etmişlər.3 Halbuki, dünyapərstlik dünya nemətlərindən bəhrələnməklə eyni tutula bilməz. Əksinə, dünyapərəst insan dünya nemət və ləzzətlərini özünə hədəf olaraq seçir və hətta öz arzusuna çatmasa belə bütün ömrünü və var-qüvvəsini onları əldə etməyə sərf edir. Axirət istəyən şəxs odur ki, dünya malına və nemətinə ürək bağlamasın. Hətta dünya nemətlərindən çox nəsibi olsa belə, hədəfi axirət həyatı olsun. Həzrət Süleymanı (ə) və bəzi peyğəmbərləri, eləcə də Allah övliyalarından çoxunu qeyd etmək olar ki, onlar dünya nemətlərindən çox bəhrələnmiş lakin, bunları öz axirət səadətlərinə, ilahi razılığa çatmaq yolunda istifadə etmişlər.
Deməli, dünya nemətlərindən bəhrələnməklə axirət nemətlərindən bəhrələnmək arasında nə birbaşa əlaqə, nə də əks nisbət vardır. Dünyanın həm nemətləri, həm də bəlaları Allahın hikmətli tədbiri əsasında olaraq insanlar arasında müəyyən olunur4 və bunların hamısı insanların sınaqdan keçirilməsi üçün bir vasitədir.1 Dünya nemətlərindən bəhrələnməyin özlüyündə ilahi rəhmətə və səadətə nail olmaqda, onlardan məhrum olmağın da axirət bədbəxtliyinə düçar olmaqda heç bir təsiri yoxdur.2
NƏTİCƏ
Bu bəhslərdən belə nəticə alınır ki, dünya və axirət arasında hər növ əlaqənin inkar olunması məadın inkar olunması kimidir. Lakin nə dünya məhrumiyyəti ilə axirət nemətləri arasında bir rabitə vardır, nə də dünya nemətləri ilə axirət əzabı arasında. Ümumiyyətlə, dünya ilə axirət arasındakı rabitə dünya varlıqları arasındakı rabitə kimi olaraq fiziki, bioloji qanunlara tabe deyil. Əksinə, axirətdə nemət və ya əzaba səbəb olan şeylər insanın dünyadakı ixtiyari əməllərindən asılıdır. Bunun özü də qüvvə və enerjini sərf edərək maddələrdə müəyyən dəyişiklik yaratmağa görə deyil. Əksinə, iman və küfrdən qaynaqlandığına görədir. Axirət səadətini və əbədi xoşbəxtliyi əldə etmək məhz Allaha, qiyamət gününə, ilahi peyğəmbərlərə iman gətirmək, Allah bəyənən işləri görmək, o cümlədən namaz qılmaq, oruc tutmaq, cihad etmək, cəmiyyətə yaxşılıq, əmr be məruf nəhy əz münkər etmək, kafirlər və zalımlarla mübarizə aparmaq, haqq-ədalətin bərqərar olunması üçün çalışmaq və s. kimi işlərlə bağlıdır. Bunun müqabilində də əbədi əzaba mübtəla olmaq küfr etmək, Allaha şərik qoşmaq, nifaq (münafiqlik) etmək, qiyaməti və ilahi peyğəmbərləri təkzib etmək, müxtəlif günahlara batmaq, zülmlərə qurşanmaqla əlaqəlidir. Çoxlu ayələrdə (və qısa şəkildə) axirət səadətinin amili “iman və saleh əməl”,3 əbədi bədbəxtliyin amili isə “küfr və günah” kimi təqdim edilir.4
Dostları ilə paylaş: |