Materialist dünyagörüşün dördüncü prinsipi səbəbiyyətin, fenomenlərin yalnız maddi əlaqələrdə məhdudlaşdırılmasıdır ki, bu prinsiplə əlaqədar çoxlu iradlar yaranır, onların ən mühümləri aşağıdakılardır:
Birincisi, bu prinsipə uyğun olaraq dünyada heç vaxt yeni bir varlıq yaranmamalıdır, halbuki, xüsusilə insanlar arasında və heyvanlar aləmində yeni-yeni varlıqların yaranmasının şahidiyik ki, onların ən mühümü həyat, şüur, ülvi-insani duyğular, hislər, fikir və iradədir.
Materialistlər belə deyirlər: «Bu kimi fenomenlər də materiyanın xassələrindən başqa bir şey deyildir!» Cavabında deməliyik ki, əvvəla, materiya və maddiyyatın ondan heç vaxt ayrıla bilməyən xüsusiyyəti imtidad (dartılma) və bölgüyə məruz qamasıdır, halbuki, bu xüsusiyyətlər yuxarıda qeyd olunan fenomenlərdə yoxdur.
İkincisi, “Materiyanın xassələri” adlandırılan bu fenomenlər şəksiz, cansız materiyada mövcud olmamışdır. Başqa sözlə desək, nə vaxtsa materiya bu xassələrə malik olmamış və sonradan onlarda olmuşdur. Deməli, “materiyanın xassələri” adlandırılan bu fenomenlərin vücuda gəlməsi onu yaradana, vücuda gətirənə ehtiyaclıdır ki, onları materiyada yaradıb əmələ gətirsin. Bu da məhz icad edən, yaradan, varlıq bağışlayan illətdir.
Bu nəzəriyyənin ən mühüm iradlarından biri də budur ki, onun əsasında dünyanın bütün varlıqları icbari olmalıdır, çünki, materiyanın təsir qoyması və təsirlənməsində ixtiyara və seçkiyə əsla yer qalmır. İxtiyarın inkar olunması da zərurət və bədahətin əksinə olmaqla yanaşı, hər növ məsuliyyətin, əxlaqi və mənəvi dəyərin də inkar olunmasını tələb edir. Bunların da insan həyatında nə kimi acınacaqlı hallara gətirib çıxaracağı gün kimi aydındır.
Nəhayət, materiyanın vacibül-vücud ola bilməsinin qeyri-mümkünlüyünə diqqət yetirməklə onun varlığı üçün bir səbəbi qəbul etməliyik. Belə səbəb də təbii və idadi (vasitə yönlü) səbəb qəbilindən olmayacaqdır. Çünki bu kimi əlaqə və bağlılıqlar yalnız maddiyyatın arasında, onların bir-biri ilə əlaqəsində təsəvvür olunur. Amma maddə öz illəti ilə belə bir rabitəyə malik ola bilməz. Deməli, maddəni yaradan illət onu icad edən, təbii amillərin fövqündə olan bir varlıqdır.
Dostları ilə paylaş: |