Məntiqə giriş
Kateqoriyalar
Şərh haqqında
Birinci analitiklər
İkinci analitiklər
Mükamilə (cədəl)
Sofistik dəlillər
Ritorika
Poetika
Təbiət elmləri
10. Fizika
11. Səma və aləm
12. Yaranma və dağılma
13. Təsirlər və təsirlənmələr
14. Mineralogiya və meteorologiya
15. Nəfs haqqında
16. Nəbatat (botanika)
17. Zoologiya
Riyaziyyat elmləri
18. Həndəsə
19. Hesab
20. Musiqi
21. Astronomiya
Metafizika
22. Metafizika
Orta əsrlərdə İbn Sina kimi böyük zəka sahibləri hər bir fənn üzrə həmin dövrdə məlum biliklərin icmalını verməklə kifayətlənməyərək, öz şəxsi tədqiqatlarını və mövqeyini də bildirirdilər. Müasir dövrdə, əlbəttə, bir alimin bu qədər müxtəlif elm sahələri üzrə əsər yazması qeyri-mümkündür. Ən azı ona görə ki, indi hər bir sahə üzrə informasiya həddən artıq çoxdur və hətta ensiklopediyalar da ayrı-ayrı fənlər üzrə, hər sahənin öz mütəxəssisləri tərəfindən hazırlanır.
İslam dünyasında elmlərlə yanaşı, əməli tədqiqat sahələrinin də təsnifatı verilirdi. Çünki artıq o dövrdə texnoloji sahələrin də inkişafına ehtiyac yaranmışdı (2, s. 947).
Qərbdə müasir elmin formalaşması XVII əsrdən başladığı üçün elmlərin təsnifatı da məhz bu dövrdən başlayaraq aktuallaşmışdır. İlk hərtərəfli təsnifat F.Bekona məxsusdur. Daha sonra Dalamber, Sen-Simon və Kontun təklif etdiyi təsnifatlar geniş yayılmış və müasir elmşünaslıqda da istifadə edilməkdədir.
Qərbdə əksər tədqiqatçılar “elm” (science) dedikdə məhz təbiət elmlərini nəzərdə tutur və elmlərin təsnifatı da təbiətşünaslıq çərçivəsində aparılır. Amma elmilik meyarlarını bir qədər yumşaldıb ictimai elmləri də buraya daxil etdikdə təsnifatın birinci addımı geniş mənada elmin makrostrukturunu müəyyənləşdirməkdən ibarət olur. Burada aşağıdakı bölgülərə rast gəlmək mümkündür: 1) Riyazi elmlər; 2) Təbiət elmləri; 3) Texniki elmlər; 4) Ruhi-mənəvi elmlər; 5)İctimai elmlər; 6) Humanitar elmlər .
Başqa prinsiplər əsasında da bölgülər vardır. Məsələn, fundamental və tətbiqi elmlər1, nəzəri və empirik elmlər2; yaxud təbiət elmləri, ictimai elmlər və texniki elmlər; yaxud təbiət haqqında və mədəniyyət haqqında elmlər3; yaxud dəqiq və qeyri-dəqiq elmlər və s. Elmlərin təşkilati struktura və ictimai sistemdə tutduqları yerə görə də bölgüsü aparılır. Məsələn, universitet elmi, akademiya elmi və sahə elmləri4; dövlət elm sektoru, ictimai təşkilatlar və özəl elm sektoru.5
Bu bölgülər ətrafında geniş müzakirələr aparılır. Hələ sovet dövründə bu müzakirələr elmşünaslığın əsas problemləri sırasında idi (16, s. 56-67). Əvvəla, nəzərə alınmalıdır ki, elmin fənlərə görə bölgüsü əslində fundamental elmlərin bölgüsüdür. Xüsusən, orta məktəb proqramına daxil edilən fənlər: fizika, kimya, biologiya və s. ya öz daxilində fundamental və tətbiqi sahələrə ayrılır, ya da məktəb proqramında ancaq fundamental elmə aid olan biliklərin əsasları öyrədilir. Ali məktəblərdə isə bu bölgü bir qayda olaraq ya fakültələr üzrə bölgüdə öz əksini tapır, ya da əlavə olaraq fakültədaxili bölgülər aparılır. Sovet dövründə və müstəqilliyin ilk mərhələsində ali məktəblər universitetlərə və institutlara ayrılırdı. Universitetlər sanki elm üçün kadr hazırlayırdı və ona görə də, bölgü fənlər üzrə gedirdi: riyaziyyat f-si, kimya f-si və s. Yaxud humanitar sahələr üzrə: tarix f-si, filologiya f-si və s. Düzdür, fakültələr üzrə təsnifat fənlər üzrə təsnifatla heç də tamamilə üst-üstə düşmür, amma təxmini bir uyğunluq var. Bununla yanaşı, universitetlərdə praktik fəaliyyət sahələri üzrə də fakültələr var idi: hüquq f-si, jurnalistika f-si və s. Hətta bunlardan bəzisində fənlə fəaliyyət sahəsi üst-üstə düşür; məsələn, “hüquq” həm fənn kimi, həm də fəaliyyət sahəsi kimi götürülə bilər. Amma soruşulsa ki, bu fakültədə hüquq elmi üzrəmi, yoxsa hüquqla bağlı əməli fəaliyyət sahələri üçünmü kadr hazırlanır, – buna cavab verməyə çətinlik çəkərdilər. Çünki bəzi istiqamətlərdə nəzəri və əməli fəaliyyət hələ kifayət dərəcədə diferensiallaşmamışdır. “İnstitut” adlandırılan digər ali məktəblərdə mühəndislər, müəllimlər, həkimlər və s. hazırlanırdı. Amma sonralar ali məktəblərin əksəriyyəti universitet adlandırılsa da, burada ancaq ad dəyişikliyi baş verdi, ənənəvi bölgü isə yenə saxlanmış oldu.
Xarici ölkələrdə elm sahələri üzrə kadr hazırlığı çox vaxt “fənn və ədəbiyyat” fakültəsində həyata keçirilir. Yəni əslində söhbət müəllim hazırlığından gedir, məhz elm üçün kadr hazırlayan ayrıca fakültələr olmur. Bu proses ancaq magistratura pilləsindən başlayır. Xüsusi elmi yaradıcılıq qabiliyyəti hiss olunan tələbələrə universitetdə qalaraq növbəti mərhələdə təhsilini davam etdirmək təklif olunur. “Elmi axtarış” xəstəliyinə yoluxduqdan sonra isə gənc kadrlar yollarını öz istəkləri əsasında seçirlər.
İstər ali təhsil, istərsə də elmi-tədqiqat müəssisələrində bütün ölkələrdə hamı tərəfindən qəbul olunmuş bir bölgü göstərmək çətindir. Amma hər halda müəyyən ümumi cəhətlər vardır ki, bu da təhsil sistemindəki təsnifatın elmin daxili təsnifatına əsaslandığını göstərir. Qeyri-elmi fəaliyyət sahələri üçün kadr hazırlığı da həmin sahələrin nə dərəcədə elmi biliklər əsasında təşkil olunmasından asılı olaraq elmlə bilavasitə əlaqədardır.
Elmdə fənlər üzrə bölgüdən başqa, digər meyarlar üzrə də təsnifat aparılır.
Elmi tədqiqatın xarakterinə, məqsəd və funksiyalarına görə elmi fənləri adətən iki fərqli istiqamətdə qruplaşdırırlar: fundamental və tətbiqi. Ənənəvi yanaşmaya görə, fundamental tədqiqatlar təbiətin obyektiv qanunauyğunluqlarının aşkarlanmasına yönəlmişdir və cari tələbatdan, istehsalın konkret sifarişlərindən asılı olmayaraq, elmin daxili məntiqindən, özünün qoyduğu suallara cavab axtarışından çıxış edir. Fundamental elmlərin xarakteri elədir ki, biliklərin mənimsənilməsi metodoloji prinsiplər, elmi-fəlsəfi dünyagörüşü ilə sıx surətdə bağlıdır. Burada çox geniş miqyaslı elmi nəzəri baza tələb olunur. Fundamental elmi tədqiqatlar min illərdən bəri əldə edilmiş biliklər, çox müxtəlif konsepsiyalar və onların sistemləşdirilməsi, dünyanın ümumelmi mənzərəsinin və elmi paradiqmaların dəyişilməsi ilə nəzəri sistemlərdə bir geriyə qayıdış, bütün əvvəlki nəzəriyyələrin və prinsiplərin yenidən nəzərdən keçirilməsi, yenidən sistemləndirilməsi tələb olunur.
Tətbiqi elmlər isə fundamental tədqiqatlar sayəsində əldə edilmiş nəzəri biliklərin praktik ehtiyaclara uyğun surətdə yönəldilməsinə, nəzəriyyə ilə texnologiya arasında körpü atılmasına xidmət edir. Lakin bu məsələdə iki fərqli mövqe, fikir ayrılığı da vardır. Belə ki, əksər mənbələrdə bu anlayışlar bizim yuxarıda izah etdiyimiz mənada işlədilsə də, bəzi müəlliflər “fundamental” sözünü “xüsusi əhəmiyyətli”, “önəmli” mənasında, yaxud təməl elmi səviyyə mənasında işlətməklə tətbiqi elmlərin daha fundamental olduğunu sübut etməyə çalışırlar.1
Dostları ilə paylaş: |