2.3 İslamda Borc
Artıq bizə məlum oldu ki, İslam dini faizi tamamilə qadağan edir. Buna görə İslam cəmiyyətində borcun verilməsi faizdən tamamilə kənar olmalıdır. Ümumiyyətlə İslam fiqhində borc haqqında aşağıdakı təlimatlar yer alır:
• İnsan bacardığı qədər borclanmadan yayınmalıdır. Çünki, bu, axirət dünyası üçün ağır yük hesab olunur.
• Yalnız qaçılmaz olduğu halda borclanmaya getmək olar.
• Borc yalnız geri ödənilmək üçün götürülə bilər.
• Borc verən zəmanət və təminat tələb edə bilər.
• Borclu borcunu nəzərdə tutulan gündə mütləq ödəməlidir.
• Borcun ödənilməməsi böyük günahdır. Hətta hədislərdə bildirilir ki, əgər insan Allah yolunda şəhid olsa belə borcu ödənilməyənə qədər cənnətə girməz.
• Borc verilməsi Allah qatında müsbət bir əməl hesab olunur. İslam faizi qadağan etsə də, insanları ehtiyaclı olanlara borc verməyə çağırır. Çünki, ehtiyaclı kəsə borc vermək də İslam dinində yüksək savab daşıyır.
• Borcun verilməsi zamanı borc verən tərəf borcun məbləğini və ödəmə müddətini qeyd etmək şərti ilə müqavilə imzalamalıdır.
• Borclu çox çətin vəziyyətə düşdükdə borc verənə müddəti uzatmaq və hətta borcu bağışlamaq tövsiyyə olunur və bu əməl Allah qatında çox yüksək mükafat daşıyır. Bir hədisdə hər hansı bir borc verənin belə etdiyi təqdirdə haqq-hesab günündə Allahın kölgəsi altında kölgələnəcəyi vəd edilir. Əl-Bəqərə surəsinin 280-ci ayəsində isə bu vəziyyətlə əlaqəli aşağıdakılar qeyd olunub:
Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!
Amma borc verən borcu tələb etmək hüququnu özündə saxlayır.
Beləliklə, ümumiləşmə aparıb İslam İqtisadi Modelinin əsaslarını bir hüquqi çərçivəyə salsaq, o zaman bu prinsipləri təxminən aşağıdakı kimi ifadə edə bilərik.
Tranzaksiyalar (yəni bütün ticarət və kommersiya əməliyyatları) ribavi (yəni riba cəlb olunan) olmamalıdır. Riba lüğəti mənada qeyri-ticari əsaslı artım, genişlənmə mənasını verir. Ribanın geniş yayılmış forması olan sələm haqqında artıq məlumat verilib və Quran və Sünnədən dəlillər göstərilib. Lakin, riba haqqında daha da geniş növbəti paraqrafda bəhs ediləcək.
Tranzaksiyalar Ğərardan kənar olmalıdır. Ğərar hərfi mənası etibarı ilə Naməlum Davranışları bildirir. Mülkiyyətdə olmayan və mövcud olmayan malların satışı bu qəbildən olan əməliyyatlardır. Bu tip əməliyyatlara dair artıq yuxarıda yetərincə nümunələr verilib.
Tranzaksiyalar Qimar və Maisirdən kənar olmalıdır. Qimar və Maisir “şans oyunu və asan əldə olunan qazanc” mənalarını verir. Bu, bizə məlum olan tipik qumardır. Yəni bir tərəf şans sayəsində digər tərəfin kəskin uduzması hesabına qazanır. Nə qədər təəccüblü olsa da, müasir maliyyə sistemində tətbiq olunan maliyyə alətlərinin bəzilərində də qimar və maisir elementləri var və ya bütövlükdə bu alətlər qimar və maisirdən ibarətdir. Məsələn, müasir maliyyə derivativləri açıq şəkildə Qimar və Maisir elementlərinə daxil olduğu üçün İslamda və dolayısıyla da İslam İqtisadi Modelində qadağandır. Çünki, müqavilənin icra qiyməti (exercise price) ilə icra zamanı faktiki bazar qiyməti arasında fərq yaranır ki, bu fərqi də tərəflərdən biri əziyyət çəkmədən mənimsəyir. Eləcə də ənənəvi sığorta mexanizmi də bu səbəbdən İslamda qadağan olunur. Bu barədə müvafiq paraqraflarda daha geniş məlumat veriləcək. Qumar Quranda da qadağan olunub. Məsələn, “(Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! ”( əl-Bəqərə 219) və ya “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (əl-Maidə 90 - 91) ayələrini misal göstərə bilərik.
Tranzaksiyalar bütövlükdə İslamda qadağan olunan fəaliyyət sahələrini əhatə etməməli və tranzaksiya subyekti olan mal haram olmamalıdır. Məsələn, donuz əti, pornoqrafik məhsullar İslamda haramdır.
Cəmiyyətdə sərvətin və gəlirin əsas yenidən bölgüsü funksiyası zəkat və digər yığımlar vasitəsilə həyata keçirilir. Bu barədə daha ətraflı və detallı şəkildə dördüncü paraqrafda bəhs ediləcək.
Dostları ilə paylaş: |