AğcabəDİ rayon poliS ŞÖBƏSİ “radikal” QƏzetiNƏ qarşi azərbaycan Mətbuat Şurasının Qərarı N106 Şikayətin baxılma tarixi: 9 yanvar 2008-ci IL



Yüklə 22,96 Kb.
tarix03.12.2018
ölçüsü22,96 Kb.
#85406


AĞCABƏDİ RAYON POLİS ŞÖBƏSİ

RADİKAL” QƏZETİNƏ QARŞI


Azərbaycan Mətbuat Şurasının Qərarı N106

Şikayətin baxılma tarixi: 9 yanvar 2008-ci il

Şikayətin məzmunu:
Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Təhmasib İbrahimov Azərbaycan Mətbuat Şurasına göndərdiyi müraciətdə “Radikal” qəzetinin 2007-ci ildəki saylarında dərc olunmuş “Ağcabədi hadisələri” (22-30 iyun) və “Ağcabədidə polis olayları” (9-16 avqust) sərlövhəli yazılarda rayonda xuliqanlıq zəminində törədilən hadisənin mahiyyətinin qərəzli və məqsədli şəkildə təhrif olunduğunu, onun və rəhbərlik etdiyi şöbənin əməkdaşlarının şərəf və ləyaqətinin təhqirinə, işgüzar nüfuzun ləkələnməsinə yönələn, təsdiqini tapmayan, real faktlara əsaslanmayan fikirlərə yer verildiyini bildirib. Məktub müəllifi diqqəti məqalələrdəki “T.İbrahimovun dırnaqarası peşəkarlığı...”, “həmin vəzifəli şəxsin telefon əlaqəsindən sonra polis işçiləri insafa gələrək ölçü götürməyə başladılar. Bu yağlı tikələri əldən buraxmaq istəməyən polis əməkdaşları, çox uzun danışıqlardan sonra, razılığa gələrək, Ağcabədi polis idarəsində saxlanılan Məhərrəmov Rais və Məhərrəmov Dəyanət azadlığa buraxılır...” (“Ağcabədi hadisələri”), “rayona və orda yaşayanlara pul mənbəyi, gəlir mənbəyi kimi baxan, qanunlarımızın aliliyinə deyil, ancaq öz şəxsi mənfəətlərini güdən, Ağcabədi kimi, böyük bir rayonda “Cip”lərini, “Mersedes”lərini o yan, bu yana sürərək ancaq adamlarda qorxu hissləri yaradan bu polis işçiləri, özlərini elə göstərirlər ki, guya qanunlarımızı müdafiə edirlər. Ancaq iş pula, rüşvətə gələndə hər şey demək olar ki, yaddan çıxır, yəni kim olursansa ol, əgər bu idarəyə çağırılmısansa, gətirilmisənsə əlin mütləq cibində olmalıdır. Özü də lap cib boş olsa belə o bura dolu gəlməlidir, yoxsa-yoxsasını elə ağcabədilər çox yaxşı bilirlər”, “özünü Ağcabədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi kimi qələmə verən, bu işçinin adı İbrahim, soyadı isə Ağamirovdur... “axırıncı dəfə redaksiyadan çıxarkən, deyəsən yadından çıxarıb stolun üstündə qoyduğu 200 ABŞ dollarını da geri çağırılaraq, özünə qaytarılmasını cənab İbrahim Ağamirov belə hərəkəti bizdən gözləmədiyindən, əsəbindən qıpqırmızı qızarmışdı”, “o adını çəkmək istəmədiyimiz millət vəkili olan şəxs, polis rəisindən saxlanılanlardan istənilən 6 min ABŞ dolları məbləğinin bir az aşağı salmasını xahiş etmişdir”, “Məhərrəmov Rais də buraxıldı azadlığa, ancaq qardaşı M.Tahir Yevlax şəhərindən geri qayıtdıqdan sonra!...Beləliklə, 2 min ABŞ dolları öz ünvanına çatdırıldıqdan sonra hər şey bitdi” (“Ağcabədidə polis olayları”) kimi fikirlərə diqqəti yönəldərək “Radikal” qəzeti rəhbərliyinin qarşı tərəfin mövqeyini işıqlandırmaq, təkzib vermək əvəzinə hədələyici, şantaj xarakterli yazıların təqdimatını davam etdirdiyini vurğulayıb. Şikayətçi sağlam cəmiyyət qurulması, qanunların aliliyinin təmin olunması, asayişin qorunması üçün Ağcabədi polisinin bütün səylərini əsirgəmədiyinə, Qarabağ müharibəsi dönəmində çoxlu şəhidlər verdiyinə diqqət yönəldərək “Radikal” qəzetinin böhtan xarakterli sifarişli məqalələrin təqdim etməsinin bu cəbhəyanı rayonda xidmət aparan şəxsi heyətə mənəvi cəhətdən təsirsiz qalmadığını yazıb. O, şantaj xarakterli belə yazıların dərcinin dayandırılmasını, əsl həqiqətlərə aydınlıq gətirilməsi üçün müraciətin hər iki tərəfin iştirakı ilə Mətbuat Şurasında müzakirə olunmasını, müvafiq ölçü götürülməsini xahiş edib.
Cavabdehin izahatı:

İzahat təqdim olunmayıb. “Radikal” qəzetinin baş redaktoru Lalə Rəşidqızı MŞ-nin Şikayətlər üzrə Komissiyasının 19 sentyabr 2007-ci il tarixli iclasında məsələnin müzakirəsində iştirak edəcəyini bildirsə də naməlum səbəbdən tədbirə qatılmayıb. Qəzet rəhbərliyi şikayətin müzakirəsindən sonra da gördüyü işlər barədə Mətbuat Şurasının məlumatlandırmayıb.



Azərbaycan Mətbuat Şurasının Qərarı
Azərbaycan Mətbuat Şurası Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Təhmasib İbrahimovun “Radikal” qəzetinin 2007-ci ldəki saylarında gedən “Ağcabədi hadisələri” (22-30 iyun) və “Ağcabədidə polis olayları” (9-16 avqust) sərlövhəli yazılarla əlaqədar MŞ-nin Şikayətlər üzrə Komissiyasının 19 sentyabr 2007-ci il tarixdə çıxardığı rəyi müzakirə edərək qərara gəlib ki, bütün cəmiyyətdə, o cümlədən inzibati orqanlarda qanunçuluğun qorunması ilə bağlı mövzuların işıqlandırılması “Radikal” qəzetinin də müstəsna hüququdur. Lakin belə yazılarda da jurnalistikanın ali prinsipləri olan obyektivlik gözlənilməli, hadisələrin, faktların, sənədlərin mahiyyəti təhrif olunmamalı, balans prinsipinə əməl edilməlidir. Şura hər iki yazını və Şikayətlər üzrə Komissiyanın rəyini nəzərdən keçirərək qərara gəlib ki, həmin məqalələrdə bu tələblərə əməl olunmaması qarşı tərəfin əsaslı narazılığına səbəb olub. Hər iki yazı araşdırma nümunəsi kimi verilsə də, etik pozuntular qəzetin obyektivlik cəhdinin formal görüntü olduğunu sübut etməkdədir. Məqalələrdə Rayon Polis Şöbəsi rəhbərliyinin, bütövlükdə PRŞ kollektivinin Ağcabədidəki şənlik fonunda baş verən xuliqanlıq hadisələrinin əsl mahiyyətini qəsdən, tamah məqsədilə təhrif etdikləri, rüşvətxorluq və sair qanunazidd hərəkətlər barədə ittihamlar qabardılarkən bunların nə dərəcədə həqiqiliyinə aydınlıq gətirmək üçün qarşı tərəfin mövqeyi verilməyib. Bu da hər iki məqalədə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı 1-ci prinsipinin 1.2 bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır.Plüralizm prinsipinə əməl edilməlidir” tələbinin pozulması ilə nəticələnib.
MŞ məqalələrdəki “T.İbrahimovun dırnaqarası peşəkarığı...”, “həmin vəzifəli şəxsin telefon əlaqəsindən sonra polis işçiləri insafa gələrək ölçü götürməyə başladılar. Bu yağlı tikələri əldən buraxmaq istəməyən polis əməkdaşları, çox uzun danışıqlardan sonra, razılığa gələrək, Ağcabədi polis idarəsində saxlanılan Məhərrəmov Rais və Məhərrəmov Dəyanət azadlığa buraxılır...” (“Ağcabədi hadisələri”), “rayona və orda yaşayanlara pul mənbəyi, gəlir mənbəyi kimi baxan, qanunlarımızın aliliyinə deyil, ancaq öz şəxsi mənfəətlərini güdən, Ağcabədi kimi, böyük bir rayonda “Cip”lərini, “Mersedes”lərini o yan, bu yana sürərək ancq adamlara qorxu hissləri yaradan bu polis işçiləri, özlərini elə göstərirlər ki, guya qanunlarımızı müdafiə edirlər. Ancaq iş pula, rüşvətə gələndə hər şey demək olar ki, yaddan çıxır, yəni kim olursansa ol, əgər bu idarəyə çağırılmısansa, gətirilmisənsə əlin mütləq cibində olmalıdır. Özü də lap cib boş olsa belə o bura dolu gəlməlidir, yoxsa-yoxsasını elə ağcabədilər çox yaxşı bilirlər”, “özünü Ağcabədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi kimi qələmə verən, bu işçinin adı İbrahim, soyadı isə Ağamirovdur... axırıncı dəfə redaksiyadan çıxarkən, deyəsən yadından çıxarıb stolun üstündə qoyduğu 200 ABŞ dollarını da geri çağırılaraq, özünə qaytarılmasını cənab ibrahim Ağamirov belə hərəkəti bizdən gözləmədiyindən, əsəbindən qıpqırmızı qızarmışdı”, “o adını çəkmək istəmədiyimiz millət vəkili olan şəxs, polis rəisindən saxlanılanlardan istənilən 6 min ABŞ dolları məbləğinin bir az aşağı salmasını xahiş etmişdir”, “Məhərrəmov Rais də buraxıldı azadlığa, ancaq qardaşı M.Tahir Yevlax şəhərindən geri qayıtdıqdan sonra!...Beləliklə, 2 min ABŞ dolları öz ünvanına çatdırıldıqdan sonra hər çey bitdi” (“Ağcabədidə polis olayları”) kimi fikirlərə diqqəti yönəldərək qərara gəlib ki, redaksiya rəhbərliyi qarşı tərəfin şikayətini doğuran, birbaşa ittiham xarakterli həmin fikirlərin təqdimatından əvvəl bunların nə dərəcədə konkret dəlil-sübutlara, faktlara, sənədlərə əsaslandığını müəyyənləşdirməli idi. Lakin “Radikal” qəzeti Mətbuat Şurasına cavab məktubu göndərməməklə, müvafiq sənədlər verməməklə, yazının müzakirəsinə qatılmamaqla, rəylə bağlı gördüyü işlər barədə Şuranı məlumatlandırmamaqla “reket” jurnalıistikaya xas dəst-xətt nümayiş etdirib. Mətbuat Şurası həmçinin yazılarda AJPDQ-nın “İnformasiya qaynaqlarına sayğılı yanaşma” adlı 2-ci prinsipinin 2.2 bəndinin “qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır”, “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.2 bəndinin “jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır” tələblərini pozub. Qəzet “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun “Təkzib, düzəliş və cavab vermək hüququ” adlı 44-cü maddəsinə uyğun olaraq buna birinci yazıdan sonra diqqət yetirilməli idi. Halbuki eyni məzmunlu mətbu çıxışlar davam etdirilib. Şura məsələnin müvafiq orqanlarda araşdırılması zəzurəti barədə Şikayətlər üzrə Komissiyanın rəyini qüvvədə saxlamaqla yanaşı “Radikal” qəzetinin MŞ sıralarından çıxarılması məsələsinə də İdarə Heyətinin növbəti iclasında baxılması qərarına gəlib. Mətbuat Şurası qəzetin üzvlüklə bağlı öhdəliklərə əməl etməməsinin, eləcə də saylarında gedən bir sıra materiallarda “reket” jurnalistikaya xas təqdimatın, həmçinin digər məqamların buna əsaslar verdiyi nəticəsinə gəlib.
Azərbaycan Mətbuat Şurası bütün bunları nəzərə alaraq Qərara Alır:



  1. Azərbaycan Mətbuat Şurası MŞ-nin Şikayətlər üzrə Komissiyasının Ağcabədi Rayon Polis Şöbəsinin rəisi Təhmasib İbrahimovun “Radikal” qəzetinin 2007-ci ildəki saylarında gedən “Ağcabədi hadisələri” (22-30 iyun) və “Ağcabədidə polis olayları” (9-16 avqust) sərlövhəli yazılarla əlaqədar çıxardığı rəy qərar qəbulu üçün əsas sayılsın.

  2. Qarşı tərəfə məsələnin müvafiq orqanlarında araşdırılması tövsiyyə olunsun.

  3. Etik prinsiplərə zidd hərəkətinə görə “Radikal” qəzetinin MŞ sıralarından çıxarılması məsələsinə növbəti iclasların birində baxılsın.

  4. “Radikal” qəzetinin adı MŞ-nin “reket” qəzetlər siyahısına daxil edilsin. Qərarın ictimaiyyətə açıqlanması üçün zəruri tədbirlər görülsün.


Azərbaycan Mətbuat Şurasının sədri: Əflatun Amaşov
Yüklə 22,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin