Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi



Yüklə 120,38 Kb.
tarix02.06.2018
ölçüsü120,38 Kb.
#52417



Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsi

Azərbaycan adlı vətənimiz bütün dünyada

turizm məkanı kimi tanınır

( Azərbaycan turizmi haqqında məlumat )

Zərdab-2018

Azərbaycanda turizm haqqında

Fəal istirahətin geniş yayılmış və ən kütləvi növlərindən biri turizmdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və bununla da getdikcə turizm daha geniş vüsət alır. Turizm sadəcə maraq və dəb deyil. Bu, son 20-25 ildə insanların vərdiş etdikləri həyati tələbatdır.

Azərbayanda qədim və orta əsrlərin ticarət karvanları mərhələləri

Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli olmuşdur. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkətini ilk səyahətlər hesab etmək olar.


Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolunun (BİY) üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur. Antik müəlliflərin məlumatlarına görə, BİY-nun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyasının ərazisindən (Müasir Azərbaycan Respublikasının ərazisində yerləşən qədim dövlət) keçirdi. Strabonun yazdığına görə, hind mallarının böyük əksəriyyəti Orta Asiya ərazisindən keçərək çaylarla Gürgan (Xəzər) dənizinə, sonra dəniz vasitəsilə Albaniyaya və Kir (Kür) çayı ilə İberiyaya (Şərqi Gürcüstan), oradan isə Pont Evksinskiyə (Qara dənizə) aparılırdı. BİY trassları üzərində yerləşən şəhərlərin mühüm rolu qeyd olunurdu.
İpək yolu trassı üzərində Təbriz, Marağa, Ərdəbil, Gəncə, Naxçıvan, Ordubad, Nuxa (Şəki) Azərbaycanın şimalında mühüm beynəlxalq ticarət mərkəzlərinə çevrilmişdi.


XIV əsrdən XIX əsrin sonlarına qədər olan mərhələ

Rusiyadan İrana və Hindistana

gedən dəniz və quru yollarının ayrıcında yerləşən Bakının XIV əsrin ortalarında Qərblə Şərq arasında ticarət əlqələrində böyük rolu var idi. Ağ dənizdən Volqa çayı vasitəsilə Xəzər dənizinə və sonra İran və Hindistana aparan Volqa - Xəzər dəniz yolu, Bakıda yeni karvansaraların tikilməsinə səbəb oldu. Bunların ölçüləri əvvəlki dövrlərdə inşa edilənlərə nisbətən daha böyük idi. Müxtəlif zamanlarda Azərbaycana səyahət edən tarixçilər və səyyahlar karvansaraları öz səyahətnamələrində qeyd etmişlər. Hal-hazırda bunlardan Multanı (XII - XIV), Buxara (XIV - XVI), Fars, Ləzgi və s. bizim günlərə gəlib çıxmışlar.
Müxtəlif dövrlərdə Azərbaycanda olmuş səyyahların, tacirlərin, diplomatların (Marko Polo, Ryui Qonzales Klaxvio, Afanasi Nikitin, İosafat Barbaro, Ambrocco Kontarini, Antoni Cenkinson, Vincensi Alesandri, Sadko, Övliyə Çələbi, Fedor Kotov) səyahətnamələrində olan qeydlər xalqımızın hələ o zaman ümumdünya tarixi tərəqqi prosesində layiqli yer tutduğunu göstərir.



XIX əsrin sonu XX əsrin ortalarına qədər olan kütləvi turizm mərhələsi

XIX əsrin sonlarında XX əvvəllərində Bakının karvansaralarında qonaqlar üçün komfort şərait yaratmaq məqsədi ilə karvansara binalarında yenidənqurma işləri aparılaraq onlardan mehmanxana kimi istifadə olunurdu. Rusiya imperiyası tərkibinə daxil olduqdan sonra Azərbaycanda turizm-ekskursiya işinin inkişafı Rusiya ilə bağlı olmuşdur. Azərbaycanda mütəşəkkil turizmin tarixi 1908-ci ilə aid etmək olar. Belə ki, 1908-ci ildə Krım - Qafqaz dağ klubunun filiallarından biri Bakıda açılmışdı. Bakı bölməsi həm uzaq, həm yaxın ekskursiya səfərlərinin təşkili ilə məşğul olurdu. XIX əsrin sonu XX əsrin əvvələrində turizmin inkişafına elmi və həvəskar cəmiyyətlər (coğrafiya cəmiyyəti, təbiəti sevənlər cəmiyyəti, xalq universitetləri cəmiyyəti və b.) diqqət yetirməyə başladılar.


1929-cu ildən başlayaraq "Proletar Turizm Cəmiyyəti" keçmiş SSRİ-də əsas turizm hərəkatının mərkəzinə çevrilməyə başlamışdı. Onun müxtəlif şəhərlərdə, o cümlədən Bakıda şöbələri yaranmağa başlamışdır. "Proletar Turizm Cəmiyyəti"nin əsas vəzifələri - zəhmətkeşlər arasında özfəaliyyət turizminin inkişafı, turizmə geniş, mütəşəkkil ictimai hərəkat forması vermək, diyarşünaslıq elementlərinin turizmə tətbiq olunması və s. idi. Cəmiyyətin əsas məqsədi isə turizmi kütləvi hərəkata çevirmək, zəhmətkeşlərin müxtəlif təbəqələrini (əsasən az təminatlı) əhatə etmək, turizmdən onların siyasi və mədəni səviyyəsininin artmasına vasitə kimi istifadə etmək olmuşdur. 
1922-ci ildə Bakıda ilk ekskursiyaçı dərnəklər yaradıldı. Ekskursiyalar əsasən Bakının zavod, fabrik və neft mədənlərində çalışan fəhlələrin digər istehsalat sahələri ilə tanış olmaq xarakteri daşıyırdı. Yay aylarında Xəzər sahilinə - Mərdəkan, Şüvəlan, Buzovna, Türkan, Zığ, Artyom adası və Şıx zolağına istirahət məqsədli eksursiyalar təşkil olunurdu. 1927-ci ildə belə 450 esksursiya gəzintisi keçirilmişdi. Bu illərdə Azərbaycanda turizm eskursiya fəaliyyəti ilə məşğul olan ən fəal Həmkarlar İttifaqları olmuşdur.
Azərbaycanda 1929-cu ildən PTEC-in ("Proletar Turizm və Ekskursiyalar Cəmiyyəti"nin) bölməsi kimi fəaliyyət göstərən Azərbaycan PTEC 1935-ci ildən Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi nəzdində fəaliyyətə başladı. Bununla əlaqədar Azərbaycan SSR Xalq Komissarları Şurasının 11 may 1935-ci il tarixli 476 saylı qərarı ilə turizm ekskursiya işini daha da yaxşılaşdırmaq məqsədilə bir sıra tədbirlər görüldü. Kirovabad (indiki Gəncə) şəhərində Azərbaycan PTEC Kirovabad rayon sovetinin bazası yaradıldı. Hacıkənddə turbaza 3 evi kirayəyə götürüldü. Göygölün sahilində 20 yerlik çadır düşərgəsi təşkil olundu.


Müstəqillik dövrünə qədər (1950 - Turistlərin səyahətlərinin və istirahətlərinin maraqlı keçməsi üçün turbazalarda velosiped və atlarla yürüşlər və gəzintilər təşkil olunurdu.
İkinci dünya müharibəsi illərində bütün SSRİ-də olduğu kimi Azərbaycanda da turizm ekskursiya fəaliyyəti dayandırıldı.
Müharibədən sonrakı illərdə idman, özfəaliyyət, ailəvi və uşaq turizmi geniş vüsət tapmağa başladı. 1950-ci il sentyabr ayında Bakı turist bazası yaradıldı. O vaxtlar bu baza Nizami adına istirahət parkında yerləşdirildi. 1957-ci ildə Mingəçevirdə və Hacıkənddə turist bazaları təşkil olundu. 1958-ci ildə Zaqatalada, 1960-cı ildə Şuşada və Göygöldə turist bazaları fəaliyyətə başladı.
Azərbaycan Turizm ekskursiyalar idarəsi 1962-ci ildən Turizm üzrə Azərbaycan Respublika Şurası, 1969-cu ildən Turizm Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurası adlandırıldı. Bakı zəhmətkeşlərinin yay istirahətinin təşkili üçün 1962-ci ildən Nabranda (Xaçmaz rayonu) Bakı turist bazasının filialı kimi 150 nəfərlik "Sputnik" turist çadır düşərgəsi yaradıldı. 1963-cü ildə Bakıda turist klubu, Nabranda "Xəzər" turist bazası, 1965-ci ildə Bakıda, iki ildən sonra Gəncədə, Sumqayıtda, 1969-cu ildə Naftalanda və Bakının Mərdəkan qəsəbəsində ekskursiya büroları yaradıldı. 1970-ci ildə Zaqatalada və 1972-ci ildə Şuşada turist bazalarının yeni əsaslı binaları, 1975-ci ildə Qəbələdə Qafqaz və Xaçmaz rayonunun Nabran bölgəsində "Dostluq" turist bazası, elə həmin il Bakıda "Qarabağ" turist mehmanxanası istifadəyə verildi. Bir qədər əvvəl isə Xankəndində (1971) və Mingəçevirdə (1972) ekskursiya büroları açıldı.
Sonrakı illərdə respublikanın müxtəlif rayonlarında; Naxçıvanda 1978-ci ildə ilk turizm təşkilatı (Səyahətlər və ekskursiyalar bürosu) yaradıldı. 1970-1987-ci illər ölkədə sosial turizmin perspektiv inkişafı ilə xarakterizə olunurdu. Xarici turizmin maddi - texniki bazasını genişləndirmə məqsədi ilə 1973-cü ildə Bakıda Azərbaycan Respublikasında ən böyük mehmanxana kompleksi olan 1942 yerli "Azərbaycan" mehmanxanası istifadəyə verildi. 1978-ci ildə "İnturist" səhmdar cəmiyyətinin tabeliyində 200 yerlik komfortlu "Moskva" mehmanxanası da əlavə edildi. 1929-cu ildən başlayaraq RTC ölkədə əsas turizm hərəkatının mərkəzinə çevrilməyə, müxtəlif şəhərlərdə, o cümlədən Bakıda onun şöbələri yaranmağa başlamışdır.
Turizm sahəsi ilə məşğul olan mütəxəssislərin fikrincə, Azərbaycan turizmi ən yüksək inkişaf səviyyəsinə 1987-ci ildə nail olmuşdur. Həmin il respublikaya xarici ölkələrdən 50, SSRİ - nin müxtəlif bölgələrindən isə 250 minə yaxın turist gəlmişdir. Respublikamıza turist axını gücləndiyindən Lənkəran və Mingəçevir şəhərlərində hərəsi 300, Şuşa şəhərində 200 yerlik yeni turist mehmanxanalarının tikintisinə, Bakı şəhərindəki "Qarabağ" turist mehmanxanasında isə yenidənqurma işlərinə başlanıldı.
1983-cü il Azərbaycan Respublikası turizmin inkişafında ən yadda qalan il olmuşdur. Həmin il o vaxtkı SSRİ Nazirlər Sovet Sədrinin birinci müavini olan H. Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Xəzərin Azərbaycan sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Sovetinin 1984-cü il 2 oktyabr tarixli 381 saylı qərarına əsasən Azərbaycan Respublikasında 2000-ci ilə qədər Turizmin inkişaf sxemi qəbul olunmuşdur.
1988-ci ildə Dağlıq Qarabağ muxtar vilayətində və onun ətrafında baş verən hadisələr nəticəsində Azərbaycana gələn daxili və xarici turistlərin axını xeyli azalmışdır. Xankəndi, Şuşa, Sumqayıt, sonra isə Bakıda fövqəladə vəziyyətin tətbiqi, əslində respublikanın bu regionlarında bir sıra turizm təşkilatlarının fəaliyyətlərinin dondurulmasına səbəb oldu. Ermənilər Azərbaycanlılara qarşı həyata keçirdikləri düşmənçilik siyasəti Azərbaycana yüz minlərlə qaçqının gəlməsi ilə nəticələndi. Respublika hökumətinin qərarı ilə 1988-ci ilin dekabrında Ermənistandan qovulmuş azərbaycanlılar respublikanın turist bazalarında yerləşdirildi.


Müstəqillikdən sonrakı mərhələ
1990-cı ilin I rübündən etibarən Azərbaycanda fəaliyyət göstərən ümumittifaq və beynəlxalq turist marşrutları ləğv olundu. Müharibə və sərhədlərdəki qeyri-stabil vəziyyət turizm sistemində başqa problemlərin yaranmasına da səbəb olmuşdur. Məsələn, Həmkarlar ittifaqları sistemində mövcud olan 10 turist bazasının ikisi işğal olunmuş ərazilərdə qalmış, qalan yerlər isə yuxarıda qeyd olunan kimi məcburi köçkünlər yerləşdirilmişdir. 1991-ci ilin sentyabrında mövcud olan xarici turizm üzrə idarə ləğv olundu, onun yerinə isə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xarici Turizm Şurası yaradıldı.
Yalnız 90-cı illərin sonunda turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında öz əksini tapdı.
Artıq XXI əsrin başlanğıcında Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərirdi. Respublikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və yerli əhaliyə turist xidməti ilə məşğul olur, 149 mehmanxana rəsmi qeydiyyatdan keçmişdir. Həmin hotellərdə yerlərin ümumi miqdarı 5000-dən artıqdır. Turizm üçün əlverişli regionlarda müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri istifadəyə verilib. Respublikamıza gələn xarici qonaqların sayı 1 milyon nəfəri ötüb keçib.


Azərbaycanın turizm potensialı

Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu, hər şeydən əvvəl, onun çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olmasıdır. Belə ki, Azərbaycan iki dünya sivilizasiyasının qovşağında Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir ki, bütün infrastruktur- Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və nəqliyyat yolları buradan keçir.
86.6 min kv. km ərazisi və 9 milyon əhalisi olan Azərbaycan Respublikası nadir təbii-iqlim xüsusiyyətlərinə malik bir ölkədir. Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-inin burada olduğu müəyyən edilmişdir.
Bazardüzü (4466 m), Şahdağ (4243 m), Babadağın (3629 m) hündür zirvələri, Böyük Qafqazın cənub ətəklərindən axan çaylar, çoxsaylı şəlalələr, şəffaf Göy-Göl, Maral göl, Qobustanın sərt və eyni zamanda mənzərəli palçıq vulkanları, Lənkəranın nadir qoruqları, Abşeron və Nabran bölgəsinin müalicəvi əhəmiyyətli narın qumlu çimərlikləri Azərbaycanın zəngin turizm potensialının əhəmiyyətli tərkib hissəsidir.
Azərbaycanın flora aləmi özünün parlaqlığı və rəngarəngliyi ilə buraya təşrif buyuran turistləri məftun edir. Ölkədə bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstədə, 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə, Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gəlinən bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66 faizini təşkil edir. Son 13 milyon ildə dünyada baş verən reylef və iqlim dəyişikliklərinə duruş gətirən Eldar şamı yalnız Azərbaycanın təbii şəraitində qorunub saxlanmışdır. 
Ölkəmizin heyvanlar aləmi də, olduqca rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibii və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 108 heyvan növü, o cümlədən 14 növ məməli, 36 növ quş, 13 növ amfibii və reptililər, 5 növ balıq və 40 növ həşərat daxil edilmişdir. Bunlardan xal-xal maral, ceyran, muflon, Qafqaz dağ keçisi, bəbir, ayı və s. təbiətin nadir inciləri kimi xüsusilə məşhurdur.
Azərbaycanda 1200-dən çox irili-xırdalı çay axır. Dağlardan axan bir çox çaylar səsli-küylü əzəmətli şəlalələr yaradır. Dağlıq yerlərdə və Arandakı mövcud göllər, Azərbaycan torpağının əsl bəzəyidir və bu göllərin ən gözəli Göy-Göl və Maral göldür. Xəzərin suları və ona yaxın çaylarda qiymətli uzunburun, lasos, qızıl balıq növləri vardır.
Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi "mineral sular muzeyi" adlandırılır. Dünyada tanınmış “Karlovi Vari” sularından heç də geri qalmayan isti və mineral bulaqlar- Kəlbəcər rayonundakı İstisu, Naxçıvan MR-dakı Badamlı, Sirab, Vayxır mineral suları respublikadan çox-çox uzaqlarda məşhurdur.
 
Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir.
Təbii palçıqlardan 100 ildən çoxdur ki, dayaq-hərəkət aparatı, əsəb sistemi və digər xəstəliklərin müalicəsi üçün səmərəli istifadə olunur. Bunların arasında, Naftalan müalicəvi nefti xüsusi yer tutur.
Azərbaycanı günəşli ölkə adlandırırlar və bu da təsadüfi deyil. İl ərzində günəşli günlərin sayına görə Respublika İtaliya, İspaniya və Yunanıstanla müqayisə edilə bilər. Azərbaycan ərazisi boyu 825 km uzanan Xəzərin dəniz sahillərinin ucdantutma istirahət zonasına çevrilməsi üçün hər cür ilkin şərait mövcuddur. Xəzər dənizinin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, qədimliyi ilə digər balıqlardan fərqlənən nərəkimilərin ehtiyatlarının 90 faizi bu dənizdə cəmləşmişdir.
 
Abşeron yarımadasının Bakı şəhəri ətrafında yerləşən dünyada misli-bərabəri olmayan qumsal çimərlikləri turistlər arasında geniş şöhrət qazanmışdır. Eyni zamanda Respublikanın şimal-şərq sahilində, Yalama-Xaçmaz zonası çimərlikləri (Bakıdan 220 km aralı) birbaşa sahil zolağında bitən enli yarpaqlı meşələr özünün sərtliyi ilə turistləri cəlb edir.
Respublikamızda çimərlik mövsümü sentyabrın axırınadək davam edir. Yayda suyun hərarəti +24 +26
 0C-yə çatır.
Respublikamızda turizmin bütün növlərinin inkişafı üçün daha bir əlverişli məqam Azərbaycan xalqının səmimiyyəti, ənənəvi qonaqpərvərliyidir.
Azərbaycan zəngin tarixə və qədim mədəniyyətə malik ölkədir. Ölkəmizin ərazisində 6 mindən artıq tarixi memarlıq abidələri mövcuddur. Onların əksəriyyəti Azərbaycan ərazisindən keçən Böyük İpək Yolu boyunca qədim karvan yollarının üstündə yerləşir və indinin özündə də heyrət doğurur. Bu abidələrə misal olaraq, ibtidai insanların Qobustan mağaralarındakı (Bakıdan 60 km qərbdə) qayaüstü rəsmlərini, İslama qədərki dövrün mərasim tikililəri- atəşpərəstlik məbədlərini, qüllələrini, dağların zirvəsindəki alban kilsələrini və ibadətgahlarını, möhtəşəm qala divarlarını və qəsrləri, habelə geniş karvansaraları, İslam mədəniyyəti dövrünün əzəmətli saraylarını, memorial ayin və digər tikililəri göstərmək olar. Orta əsrlər dövrünün memorial tikililəri İpək Yolu marşrutunda məqbərələrlə təmsil olunmuşdur. Həmin dünya əhəmiyyətli abidələri belə qruplaşdırmaq olar:  

Vəng baş kilsəsi
Tipi: Memarlıq
Əsr: XI əsr
Yerləşdiyi ünvan: Yuxarı Çaykənd kəndi
Inventar nömrəsi: 5011
Şəhər: Şəmkir şəhəri

Hamam
Tipi: Memarlıq
Əsr: 1910-cu il
Yerləşdiyi ünvan: Şahağac kəndi
Inventar nömrəsi: 4126
Şəhər: Astara şəhəri

Babaratma türbəsi
Tipi: Arxeoloji
Əsr: Orta əsrlər
Yerləşdiyi ünvan: Babaratma kəndinin yaxınlığında
Inventar nömrəsi: 6038
Şəhər: Şəki şəhəri

Səkkizguşəli türbə
Tipi: Memarlıq
Əsr: XIX əsr
Yerləşdiyi ünvan: Qazqulu kəndi
Inventar nömrəsi: 5184
Şəhər: Tovuz şəhəri

Alı Dədə türbəsi
Tipi: Memarlıq
Əsr: XIX əsr
Yerləşdiyi ünvan: Ağdam kəndi
Inventar nömrəsi: 5195
Şəhər: Tovuz şəhəri

Cavanşirin türbəsi
Tipi: Memarlıq
Əsr: XIV əsr
Yerləşdiyi ünvan: Yazı düzü
Inventar nömrəsi: 4706
Şəhər: Qubadlı şəhəri

Soltan Baba türbəsi
Tipi: Memarlıq
Əsr: XIX əsr
Yerləşdiyi ünvan: Zeyvə kəndi
Inventar nömrəsi: 4729
Şəhər: Laçın şəhəri

Baba Peyda türbəsi
Tipi: Memarlıq
Əsr: XVII əsr
Yerləşdiyi ünvan: Ordaxal kəndi
Inventar nömrəsi: 4767
Şəhər: Lerik şəhəri

Baba Səməd türbəsi
Tipi: Memarlıq
Əsr: Orta əsrlər
Yerləşdiyi ünvan: Rüdəkənar kəndi
Inventar nömrəsi: 4905
Şəhər: Masallı şəhəri

Zəkəriyyə türbəsi
Tipi: Memarlıq
Əsr: XVIII əsr
Yerləşdiyi ünvan: Canqemiran kəndi
Inventar nömrəsi: 4783
Şəhər: Lerik şəhəri

Balaxanı qalası
Tipi: Memarlıq
Əsr: XIV əsr
Yerləşdiyi ünvan: Balaxanı qəsəbəsi
Inventar nömrəsi: 129
Şəhər: Bakı şəhəri, Sabunçu rayonu

Qala
Tipi: Arxeoloji
Əsr: Orta əsrlər
Yerləşdiyi ünvan: Cəbanı kəndindən cənub-qərbdə
Inventar nömrəsi: 6027
Şəhər: Şamaxı şəhəri

Qız qalası
Tipi: Memarlıq
Əsr: XVIII əsr
Yerləşdiyi ünvan: Aşağı Seyfəli kəndi
Inventar nömrəsi: 5004
Şəhər: Şəmkir şəhəri

Qaşqatəpə qalası
Tipi: Memarlıq
Əsr: XIX əsr
Yerləşdiyi ünvan: Mastex kəndi
Inventar nömrəsi: 5235
Şəhər: Zaqatala şəhəri

Pəri qalası
Tipi: Memarlıq
Əsr: XV-XVI əsrlər
Yerləşdiyi ünvan: Güllük kəndi
Inventar nömrəsi: 4559
Şəhər: Qax şəhəri

Cavanşir qalası
Tipi: Memarlıq
Əsr: XV əsr
Yerləşdiyi ünvan: Şıxlar kəndi
Inventar nömrəsi: 4595
Şəhər: Qobustan rayonu

Xudat qalası
Tipi: Memarlıq
Əsr: XVII əsr
Yerləşdiyi ünvan: Köhnə Xudat kəndi
Inventar nömrəsi: 4681
Şəhər: Qusar şəhəri

Qırmızı qala
Tipi: Arxeoloji
Əsr: Son tunc-ilk dəmir dövrü
Yerləşdiyi ünvan: Çovdar kəndi
Inventar nömrəsi: 938
Şəhər: Cəlilabad şəhəri

Koroğlu qalası
Tipi: Arxeoloji
Əsr: Son tunc-ilk dəmir dövrü
Yerləşdiyi ünvan: Qalakənd kəndi
Inventar nömrəsi: 1030
Şəhər: Gədəbəy şəhəri

Köhnə qala
Tipi: Memarlıq
Əsr: X-XIV əsrlər
Yerləşdiyi ünvan: Naxçıvan şəhəri
Inventar nömrəsi: 395
Şəhər: Naxçıvan şəhəri

Gəncə qalası və qala divarları
Tipi: Memarlıq
Əsr: XV-XVI əsrlər
Yerləşdiyi ünvan: Gəncə çayının sağ sahili
Inventar nömrəsi: 181*
Şəhər: Gəncə şəhəri



Azərbaycanda turizm məkanları

İçərişəhər



Azərbaycan memarlığının nadir incisi olan İçərişəhər Bakının mərkəzində 22 hektarlıq ərazidə yerləşir. Qədim şəhərdə yüzlərlə tarixi abidə var. Bunlardan 4-ü dünya, 28-i yerli əhəmiyyətlidir. Şəhər içərisində unikal şəhər olan İçərişəhərdə 1300-dən çox ailə yaşayır, bir neçə muzey, 18 otel, 100-dən artıq ticarət və iaşə obyektləri fəaliyyət göstərir. Xəzər dənizinin sahilində orta yüksəklikli təpəliklərdə qərar tutan İçərişəhər qala divarları ilə əhatə olunur. İçərişəhər Qız Qalası və Şirvanşahlar sarayı ilə birlikdə 2000-ci ildən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.


Qız Qalası



Xəzər dənizinin kənarında  nəhəng bir qayanın üzərində  silindirik fоrmada tikilmiş Qız Qalası Bakının rəmzinə çevrilib. Qalanın hündürlüyü şimal tərəfdən 31, cənub tərəfdən isə 28 metrdir.  Qalanın diamеtri birinci mərtəbədə 16,5 metrdir. Birinci mərtəbədə divarın qalınlığı 5 metrə çatır. E.ə. 8-7-ci əsrə aid bu abidənin daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilib, günbəz fоrmalı tavanla örtülüb. Mərtəbədən mərtəbəyə Qalanın cənub-şərq divarının içərisində düzəldilmiş pilləkənlər  və ya ip vasitəsilə  qalxmaq olar.  Qala qapısı da kеçmişdə bir nеçə qatdan ibarət оlub. Bu tarixi memarlıq incisinin cənub-şərq divarının içərisində  gizlədilmiş su quyusu tədqiqatçıların diqqətini cəlb edib.  Diamеtri 0,7 m. оlan bu quyunun suyunun içməyə tam yararlı оlduğu müəyyənləşdirilmişdir.   Tədqiqatçılar Qız Qalası və Şirvanşahlar Sarayı arasında sirli  yeraltı yolun da elə bu su quyusunun aşağı hissəsindən başladığını  istisna  etmirlər.


Şirvanşahlar Saray Kompleksi

Ortа əsr mеmаrlığının şаh əsərlərindən biri оlаn Şirvаn hаkimlərinin iqаmətgаhı- "Şirvаnşаhlаr Sаrаy Ansаmblı" qədim şəhərin əsas görməli tarixi memarlıq məkanlarından biri kimi üstünlüyünü sахlаmаqdаdır.  XII əsrdə Şamaxıda baş verən zəlzələdən sonra pаytахtın Bаkıyа köçürülməsi nəticəsində şəhərin ən yüksək nöqtəsində Şirvаnşаhlаr Sаrаyı ucаldılmışdır. Sаrаy kompleksi hər biri öz memarlıq strukturu və xidmət funksiyasına görə seçilən 9 tikilidən: Sаrаy binаsı, Divаnхаnа, Dərviş türbəsi, Şərq dаrvаzаsı (pоrtаl), sаrаy məscidi, Kеy-Qubаd məscidi, sаrаy türbəsi, hаmаm və оvdаndаn ibаrətdir.  Mürəkkəb relyefli ərazidə inşa olunan saray vahid memarlıq planına malik deyil. Lаkin buna bахmаyаrаq binаlаrın biri digəri ilə təzаd təşkil еtmir. Kоmplеks binаlаrının biri digərindən 5,6 mеtr hündürlükdə yerləşən 3 həyətdən ibarətdir. Bu ərazidəki bütün tikililərdə  bədаmdаm adlı xüsusi dаşdаn istifadə оlunmuşdur. Saray kompleksində  Divаnхаnа ilə Şirvаnşаhlаr türbəsinin pоrtаlı xüsusi yer tutur. Divаnхаnа gözəlliyinə və incəliyinə görə nəinki Аzərbаycаnın, həm də Yахın Şərqin uyğun mеmаrlıq аbidələrinin şаh əsəri sаyılır. 1954-cü ildən “Şirvаnşаhlаr Sаrаyı Kоmplеksi” Dövlət Tаriхi Mеmаrlıq Qоruq Muzеyinə çеvrilmişdir.


Kiçik Karvansaray

Kiçik Karvansaray və ya "Хаn kаrvаnsаrаyı" ХV əsrin sоnu ХVI əsrin əvvəllərinə aiddir. Şəhərin ticаrət mаgistrаlında yerləşib. Kiçik Karvansaray ərazisində paytaxt sakinlərinin və qonaqların çox sevdiyi İncəsənət bağı açılıb. Bura gələn hər kəs Azərbaycan milli mətbəxinin dadlı yeməklərindən və incəsənət ustalarının əl işlərindən zövq almaq fürsəti qazanır. Qonaqlar bu sənət nümunələrinin necə ərsəyə gəldiyini mərhələ-mərhələ yaxından izləyə bilərlər.

  Qala divarları



Qala divarları Şirvаnşаh III Mənuçöhrün (1120-1149) göstərişi ilə təqribən 1138-1139-cu illərdə inşа оlunmuşdur. Orta əsrlərdə uzunluğu 1500 m. olan İçərişəhər Qala divarından hazırda təqribən 600 metri salamat qalıb. Qаlа divаrı yоnulmuş əhəng dаşındаn tikilmişdir. Qаlınlığı 3-3,5, hündürlüyü isə 8-12 mеtr təşkil edir.


Dənizkənarı Milli Park

Paytaxt sakinlərinin, eləcə də qonaqların dincəlmək və əylənmək məqsədilə ən çox üz tutduğu əsas məkanlardandır. Ərazisinin böyüklüyünə görə Avropada ikinci yerdə olan Bakı Bulvarı 1998-ci il dekabrın 29-dan Milli Park statusuna malikdir. Hazırda 3 km 700 metr ərazisi olan Milli Parkda 60-70, 150-200 yaşlı  ağaclar, nadir bitki növləri gələnlərdə xoş ovqat yaradır. Burada müntəzəm olaraq fayton və dəniz gəzintiləri təşkil edilir. Milli Parkda müxtəlif karusel və attraksionlar fəaliyyət göstərir. Bulvar ərazisində "4D" formatında kino zalı da var.


Fəvvarələr meydanı

XIX və XX əsrlər Azərbaycan memarlıq incilərinin yerləşdiyi məkanlardan biri kimi diqqəti cəlb edən Fəvvarələr meydanı orijinalığı ilə diqqət cəlb edir.  Burada  müxtəlif modern fəvvarələr,  attraksionlar, eləcə də müxtəlif alış-veriş mərkəzləri var. 
"Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu

Atəşgah Abşeron yarımadasında, Bakının 30 kilometrliyindəki Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi alovların yerində inşa edilib. Odlar Yurdunun heç vaxt sönməyən bu əbədi məşəlində küləklə odun ecazkar rəqsinə tamaşa etməkdən zövq alacaqsınız. Unikallığına görə dünyanın möcüzəvi tarixi məkanlarından biri hesab edilən Atəşgah məbədi 2007-ci ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan olunub.


Yanar dağ

"Yanar dağ" Abşeron yarımadasının Məhəmmədi kəndində yerləşir. Təbii qazın çıxdığı əbədi alovlar məkanı olan "Yanar dağ"  2007-ci ildən Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna çevrilib. "Yanar dağ" "Pilpilə", "Bozdağ", "Qaynarca" və digər adlarla da tanınır.



Naxçıvan xan Sarayı

Naxçıvan xan Sarayı XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Naxçıvan-Marağa memarlıq məktəbi üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olub. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirmişdir. Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərir.


Gəmiqaya rəsmləri

Gəmiqaya rəsmləri Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşir. Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkündür. Gəmiqaya rəsmlərinin əksəriyyəti Tunc dövrünə aid edilir. Lakin burada daha qədim rəsmlərin olduğu da ehtimal olunur.


Möminə xatun Türbəsi

Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biridir. Naxçıvan şəhərinin tarixi mərkəzində-Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun Türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir. Möminə xatun Türbəsini Əcəmi 1186-cı ildə Naxçıvanın qərb hissəsində ucaltmışdır. El yaddaşında "Atabəy günbəzi" adı ilə qalan bu türbə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Möminə xatunun şərəfinə tikilmişdir.


Yusif ibn Küseyir Türbəsi

Yusif ibn Küseyr türbəsi Naxçıvan şəhərində ən qədim memarlıq abidələrindən biridir. Xalq arasında "Atababa türbəsi" də adlanır. Türbənin üzərindəki kitabədə onun 1162-ci ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikildiyi  yazılır. 
Şəki xan Sarayı

Bakıdan 305 km məsafədə yeləşən Şəki şəhəri təbiəti, tarixi memarlıq abidələri, eləcə də ləziz mətbəxi ilə qonaqlarda unudulmaz təəssüratlar yaradır.  XVIII əsrə aid Şəki xan Sarayı Məhəmmədhəsən xan tərəfindən inşa etdirilib. Binanın memarı Zeynal Abdulladır. Sarayın memarlıq ansamblı,  şəbəkələri göz oxşayır. Şəbəkələrin hər bir kvadrat metrində orta hesabla 5000, mürəkkəb yerlərdə isə  14000 ağac və şüşə şəbəkələrdən  istifadə edilib.  Şəkidə hələ də nəsildən-nəslə ötürülərək yaşadılan şəbəkə sənətinin əsas xüsusiyyəti burada özünü bütün mükəmməlliyi ilə büruzə verir. Belə ki, binada mismar və yapışqandan istifadə edilməyib, ağac və şüşə parçaları bir-birinə keçirilərək bərkidilib. Buradakı ornamentlər, müxtəlif naxışlar, oymalar, rənglərin ahəngi binanın gözəlliyinə xüsusi rəng qatır. Otaqların divarları ilə yanaşı tavanı da yaraşıqlı naxışlara qərq edilib.

 

Şəki Karvansarayı



XVIII əsrin daha bir dəyərli memarlıq nümunəsi Şəki Karvansarayıdır. Dərin zirzəmili ikimərtəbəli bina Şərq memarlıq üslubunun orijinal çalarları ilə zəngindir. Karvansarayın çarhovuzlu geniş həyətindən ikinci mərtəbəyə müxtəlif səmtlərdən daş pilləkənlərlə qalxmaq mümkündür. İlk baxışdan giriş-çıxışı mürəkkəb labirint kimi görünsə də, tikilidə hərəkəti rahatlaşdıran memarlıq vasitələri nəzərə çarpır. Bu məqsədlə quraşdırılan məhəccərli dəhlizlər binaya bədii görünüş baxımından da yaraşıq verir, görünüşdə ahəngdarlıq yaradır. Keçmişdə qonaqların və tacirlərin sığınacağına çevrilən bu məkan hazırda karvansaray-mehmanxana kompleksi kimi istifadə edilir. Burada qonaqların və turistlərin rahatlığı üçün bütün şərait nəzərə alınıb. Binanın strukturu və yerləşdiyi ərazi isti yay günlərində qonaqlara kondisionerə ehtiyac duymadan təmiz və sərin dağ havasından zövq almağa imkan verir.


"Gələrsən-görərsən" qalası

Şəkinin Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından birinin sol sahilində, Qaratəpə dağının üzərində yerləşən "Gələrsən-görərsən" qalası sıldırım yamaclara söykənir.  XV əsrə məxsus olan bu abidə coğrafi mövqeyinə görə tarixən müdafiə istehkamlarından biri hesab edilirdi. Onu vaxtilə "Qızlar qalası" da adlandırırdılar. Bir çox mənbələrə əsasən, qalanın sonrakı "Gələrsən görərsən" adı da məhz tarixi hadisələrdən biri zamanı meydana gəlib. Rəvayətə görə, 1743-cü ildə Nadir şahın Şəkiyə hücumu zamanı şəhər uzun müddət mühasirədə qalıb. Üz-üzə dayanan qoşunlar bir-biri ilə ünsiyyət qura bilirlərmiş. Bu söhbətlərin birində şah, "O necə qaladır ki, onu almaq olmur?" deyə soruşur. Ona verilən cavab isə bu olub:  "gələrsən-görərsən". Tarixin  dərin izlərini özündə yaşadan bu əzəmətli memarlıq nümunəsi turistlərin ən çox baş çəkdiyi məkanlardandır.


Xınalıq kəndi

Quba şəhərindən 57 km cənub-qərbdə, paytaxtdan 225 km aralıda yerləşən bu kənd etnoqrafik bənzərsizliyi ilə seçilir. O, Qafqaz dağlarının uca zirvəsində amfiteatrı xatırladır. Kəndin  Xınalıq adı da elə onun təbiətinin füsunkarlığından yaranıb. Bu ad Günəş çıxdıqdan sonra dağın boyandığı rəngi ifadə edir. Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə, 5000 illik tarixə malik Qızıl Qaya, Şah, Tufan və Xınalıq dağlarının əhatəsində qərarlaşan bu kənd dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir. Kənd sakinləri mürəkkəb morfoloji struktura malik Xınalıq dilində danışırlar. Dünyada bu dildə danışan ikinci bir tayfa və ya xalq yoxdur. 2007-ci ildən Xınalıq Dövlət Tarixi Memarlıq Etnoqrafiya Qoruğu elan edilib.


Lahıc

İsmayıllı rayonunun Lahıc qəsəbəsi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 metr hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur. İki dağın əhatəsində olması Lahıca təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaradıb.

1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və digər məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, nəqqaşların, çəkmə və çarıq tikənlərin, eləcə də digər ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hazırda dünyada tanınır.



Gəncə

Paytaxtdan 375 km məsafədə yerləşən Gəncə şəhərinə avtonəqliyyat və ya  təyyarə ilə səfər etmək mümkündür.  Azərbaycan rəssamlarının ilham mənbəyinə çevrilən, gözəlliyi ilə dillərdə əzbər olmuş Göygöl elə bu ərazidədir. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə isə füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə seçilən məşhur Göygöl yaranıb. Nadir təbiəti, dünyanın heç bir yeri ilə müqayisə edilməyən fauna və florası ilə seçilən Göygöl hazırda həm də qoruq kimi fəaliyyət göstərir. Göldə qorunmaqda olan forel balıqları yaşayır. O, Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Azərbaycan ədəbiyyatının görkəmli simaları  dahi Nizami Gəncəvinin, şairə Məshəti Gəncəvinin, Mirzə Şəfi Vazehin doğulduğu Gəncə şəhərində onlarınn məqbərələri ucalır. XVI əsrə aid qala divarlarının qalıqları, şəhər hamamları, Cavad xanın məzarı keçmişdən dəyərli xatirə kimi saxlanılır.  Gəncədən 45 km aralıqda yerləşən Maralgöl də qonaqların sevimli istirahət yeridir.


Qəbələ

Bakıdan 225 km məsafədə yerləşən  qədim Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Burada dövlət tərəfindən mühafizə olunan ağacların yaşı 500 ildən çoxdur. Mineral su bulaqları və təmiz sulu çeşmələri ilə isti yay günlərində ürəklərə sərinlik gətirən Qəbələ şəhəri klassik musiqisevərlərin də görüş yeridir.  Hər ilin yay mövsümündə Qəbələdə beynəlxalq əhəmiyyətli klassik musiqi festivalı keçirilir. Dünyanın müxtəlif qitələrindən musiqi xadimləri sənət uğurlarını məhz bu füsunkar məkanda açıq səma altında paylaşırlar. Qəbələdəki qədim qalalar, məqbərələr, IX-XI əsrlərə aid qədim qüllə, Tarix-diyarşünaslıq Muzeyi tarixi öyrənmək istəyənlərin baş çəkməli olduğu yerlərdəndir. Qəbələ rayonunun Nic kəndində xeyli abidə aşkarlanıb. Kənddə olan Alban kilsəsi, “Daş bulaq” adlı tarixi çeşmə bu abidələr sırasındadır. Eləcə də orjinal üslubda tikilən bir sıra yaşayış evləri Nicə gələn turistlərin diqqətini cəlb edir.


Qusar

Azərbaycanın ən uca nöqtəsi 4466 metr yüksəklikdə Bazardüzü dağı burada yerləşir. Dağlar və vadilər diyarı kimi səciyyələndirilən Qusar rayonunun florası və faunası da özünəməxsusluğu ilə seçilir. 20 faizi meşələrlə örtülü olan rayonun Fıstıq meşəsi isə xüsusi mühafizə edilir. Şahnabaz və Laza şəlaləri qeyri-adi mənzərəsi ilə insanları heyrətə gətirir. Rayonda tarixi abidələr, Şeyx Cüneyd məqbərəsi, qədim məscidlər  qorunub saxlanılmışdır. Qusar şəhərindən 30 kilometr şimalda gündəlik 5000 turistin qəbuluna imkan yaradacaq Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisi davam etdirilir. 2045 hektardan artıq ərazini əhatə edən kompleksdə insanların  xizək və digər qış idman növləri ilə məşğul olmaq,  asudə vaxtını xoş və mənalı keçirmək üçün əyləncə - oyun zonaları, istirahət qurşaqları, idman meydançaları qurulacaq.


Naftalan

Kiçik Qafqaz sıra dağlarının ətəklərində məskən tutmuş Naftalan kurortu təbiətin insana olan sevgisinin ən bariz nümunəsidir. Naftalan nefti  orta əsrlərdən bir çox xəstəliklərin müalicəsində təsirli dərman kimi tətbiq olunub. Bakı şəhərindən 320 km uzaqlıqda olan kurortun yayı quru-isti, qışı mülayim isti keçir. Kurort ilboyu xidmət göstərir. "1001 dərdin dərmanı" olan Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qaraciyər xəstəliklərinin, oynaqların müalicəsində təsirli vasitə kimi bütün dünyada məşhurdur.

Turizmin inkişafı
«Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılıb, ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının əsası qoyulub. Son illər əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb.

 2002-ci ildə ölkə iqtisadiyyatı ölkəmizə gələn turistlərdən 432 milyon manat gəlir götürdüyü halda, 2009-cu ildə bu rəqəm 1 milyard 122 milyon manata yüksəlib. 



Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. Hazırda 50-yə qədər mehmanxana kompleksinin inşası davam edir. 2002-ci illə müqayisədə yerləşdirmə yerlərinin sayı 3 dəfə artıb. Xüsusilə 2002-2003-cü illərdə iş adamlarında turizm sahəsinə böyük maraq yarandı. Həmin vaxt cəmi 32 turizm şirkəti vardı, bu gün isə onların sayı 123-dür. Biz lisenziyalaşdırmaya başlayanda ölkədə cəmi 40-50 hotel lisenziya almışdı. Bu gün isə 300-ə qədər hotel lisenziya alıb, daha 20 hotelin sənədlərinə baxılır.

Ölkənin turizm sənayesinin üzləşdiyi başlıca problemlərdən biri də turizm xidmətlərinin səviyyəsinin artırılmasıdır. Bu məsələ Dövlət Proqramında da əksini tapıb. 2006-cı ildə Azərbaycanda turizm təhsili verən yeganə ali məktəb – Azərbaycan Turizm İnstitutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 avqust tarixli 925 saylı fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 45 saylı qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradıldı. 

Ümumilikdə son 2 ildə ölkəyə gələn turistlərin sayı 41 faiz yüksəlib. Bu yüksək rəqəm Dünya Turizm Təşkilatı tərəfindən də qeyd olunub. Dünyada turizm sahəsində böhran və çətinliklərin olmasına baxmayaraq, Azərbaycan turist sayının yüksək artımına nail olub. 

Prezident İlham Əliyevin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda bu imkanların realizə edilməsi, qarşıdakı illərdə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi üçün əhatəli tədbirlər planı əks olunub. 

Son 10 ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2 dəfədən çox artmışdır.. 2001-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 767 min nəfər olduğu halda, 2005-ci ildə onların sayı 1 milyon 177 min, 2010-cu ildə isə 1 milyon 963 min nəfərə yüksəlmişdir.

2001-ci ildə Azərbaycanda 93 hotel və yerləşdirmə obyekti fəaliyyət göstərirdisə, 2010-cu ildə onların sayı artıq 499-a çatıb. Son 1 il ərzində Bakı və regionlarda istifadəyə veriləcək yeni hotellərin sayı 50-ə yaxındır.

Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzaladı. 

Beləliklə, müvəffəqiyyətlə həyata keçirilən layihələr, dövlət proqramları və islahatlar Azərbaycanın son on ildə qazandığı uğurların davamlılığını şərtləndirir və ölkənin dünyada dinamik iqtisadiyyata malik ölkə kimi qiymətləndirilməsinə imkan verir. 

Azərbaycanın turizm sənayesi


 


Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu, hər şeydən əvvəl, onun çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olmasıdır. Belə ki, Azərbaycan iki dünya siviliziyasının qovşağında Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir ki, bütün infrasturuktur- Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və nəqliyyat yolları buradan keçir.
86.6 min kv. km ərazisi və 9 milyon əhalisi olan Azərbaycan Respublikası nadir təbii-iqlim xüsusiyyərlərinə malik bir ölkədir.
Bazardüzü, Şahdağ, Babadağın vüqarla ucalan zirvələri, Böyük Qafqazın cənub ətəklərindən axan çaylar, çoxsaylı şəlalələr, büllur kimi şəffaf Göy-Göl Maral gölün firuzəyi səthi, Qobustanın sərt və eyni zamanda mənzərəli palçıq vulkanları, Lənkəranın nadir qoruqları, Abşeron və Nabran bölgəsinin müalicəvi əhəmiyyətli narın qumlu çimərlikləri, Azərbaycanın zəngin turizm potensialının əhəmiyyətli tərkib hissəsidir.
Planetimizin 11 iqlim zonasından 9-unun bu və ya digər şəkildə, Azərbaycan ərazisində mövcudluğu hamıya məlumdur. Flora aləmi özünün parlaqlığı və rəngarəngliyi ilə buraya təşrif buyuran turistləri məftun edir. Burada Qafqaz florasının demək olar ki, bütün növlərinə təsadüf edilir. Son 13 milyon ildə, dünyada baş verən reylef və iqlim dəyişikliklərinə duruş gətirən Eldar şamı yalnız Azərbaycanın təbii şəraitində qorunub saxlanmışdır.
Ölkəmizin heyvanlar aləmi də, olduqca rəngarəngdir. Azərbaycanda 12 mindən çox onurğalı və onurğasız heyvanlara rast gəlmək olar. Bunlardan xal-xal maral, ceyran, muflon, Qafqaz dağ keçisi, bəbir, ayı və s göstərmək olar. Burada həmçinin nadir quş növlərinə də təsadüf olunur.
Azərbaycanda 1200-dən çox irili-xırdalı çay axır. Dağlardan axan bir çox çaylar səsli-küylü əzəmətli şəlalələr yaradır. Dağlıq yerlərdə və Arandakı mövcud göllər, Azərbaycan torpağının əsl bəzəyidir və bu göllərin ən gözəli Göy-Göl və Maral göldür. Xəzərin suları və ona yaxın çaylarda qiymətli uzunburun, lasos, qızıl balıq növləri vardır.Dünyada tanınmış “Karlovi Vari” sularından heç də geri qalmayan isti və mineral bulaqlar- Badamlı, Turşsu, İstisu böyük iqtisadi-müalicəvi əhəmiyyət daşıyır.
Təbii palçıqlardan 100 ildən çoxdur ki, dayaq-hərəkət aparatı, əsəb sistemi və digər xəstəliklərin müalicəsi üçün səmərəli istifadə olunur. Bunların arasında, Naftalan müalicəvi nefti xüsusi yer tutur.
Azərbaycanı günəşli ölkə adlandırırlar və bu da təsadüfi deyil. İl ərzində günəşli günlərin sayına görə Respublika İtaliya, İspaniya və Yunanıstanla müqayisə edilə bilər. Azərbaycan ərazisi boyu 825 km uzanan Xəzərin dəniz sahillərinin ucdantutma istirahət zonasına çevrilməsi üçün hər cür ilkin şərait mövcuddur. Abşeron yarımadasının Bakı şəhəri ətrafında yerləşən dünyada misli-bərabəri olmayan qumsal çimərlikləri turistlər arasında geniş şöhrət qazanmışdır. Eyni zamanda Respublikanın şimal-şərq sahilində, Yalama-Xaçmaz zonası çimərlikləri (Bakıdan 220 km aralı) birbaşa sahil zolağında bitən enli yarpaqlı meşələr özünün sərtliyi ilə turistləri cəlb edir.
Respublikamızda çimərlik mövsümü sentyabrın axırınadək davam edir. Yayda suyun hərarəti +24 +26 C-yə çatır.
Respublikamızda turizmin bütün növlərinin inkişafı üçün daha bir əlverişli məqam Azərbaycan xalqının səmimiyyəti, ənənəvi qonaqpərvərliyidir.
Azərbaycan zəngin tarixə və qədim mədəniyyətə malik ölkədir. Ölkəmizin ərazisində 6 mindən artıq tarixi memarlıq abidələri mövcuddur. Onların əksəriyyəti Azərbaycan ərazisindən keçən Böyük İpək Yolu boyunca qədim karvan yollarının üstündə yerləşir və indinin özündə də heyrət doğurur. Bu abidələrə misal olaraq, ibtidai insanların Qobustan mağaralarındakı (Bakıdan 60 km qərbdə) qayaüstü rəsmlərini, İslama qədərki dövrün mərasim tikililəri- atəşpərəstlik məbədlərini, qüllələrini, dağların zirvəsindəki alban kilsələlərini və ibadətgahlarını, möhtəşəm qala divarlarını və qəsrləri, habelə geniş karvansaraları, İslam mədəniyyəti dövrünün əzəmətli saraylarını, memorial ayin və digər tikililəri göstərmək olar. Orta əsrlər dövrünün memorial tikililəri, İpək Yolu marşutunda məqbərələrlə təmsil olunub. Məsələn: Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə qəsəbəsi yaxınlığında, Diribaba türbəsi (XV əsr), Şamaxı rayonunda Yeddi Gümbəz türbələr kompleksi (XVIII əsr), rayonun Kəlləxana kəndində sərdabələr (XVII əsr), 1457-ci ildə Ağsu şəhərində tikilmiş Şeyx Dursun türbəsi, İsmayıllı rayonunun Həzrə kəndində türbələr kompleksi (XV-XVI əsrlər), Qazax rayonunun Poylu kəndində türbələr kompleksi (XIX əsr), Gəncədə İmamzadə türbəsi (XVII-XIX əsrlər) kompleksi buna parlaq misal ola bilər.
Azərbaycanın turizm ənənəsi hələ qədim dövrlərə gedib çıxır. Lakin bu gün bu sahə daha da inkişaf etmiş və turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında öz əksini tapmışdır. 27 iyul 1999-cu ildə Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzaladı. 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” qanun qəbul edildi. Bu qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.
2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turist təşkilatına üzv oldu. Bu isə, öz növbəsində, respublikamıza turizm fəaliyyəti üzrə tövsiyələr və praktiki kömək edilməsinə imkan yaratdı.
2001-ci ildə ilk dəfə olaraq Azərbaycanı tam genişliyi ilə təbliğ edən “Welcome to Azerbaijan” adlı xüsusi disk hazırlandı və ÜTT-nin Baş Assambleyasına təqdim olundu. Bununla yanaşı, diskin “Turizm in Azerbaijan” adlı veb səhifəsi yaradıldı. 2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq Turizm Sərgisi təşkil olundu və ÜTT-nin dəstəyini qazandı. Birinci beynəlxalq sərginin açılışı zamanı ulu öndər Heydər Əliyevin sərgi iştirakçılarına təbrik məktubu oxunarkən necə fərəhləndiyimizi və qürur hissi duyduğumuzu izah etmək çətindir. Deməli, Azərbaycan adlı vətənimiz bütün dünyada turizm məkanı kimi qəbul olunmuş və tanınmağa başlamışdı.
Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə respublika Prezidentinin 2002-ci il 27 avqust tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olundu.
Artıq XXI əsrin başlanğıcında Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərirdi. Respublikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və yerli əhaliyə turist xidməti ilə məşğul olur, 149 mehmanxana rəsmi qeydiyyatdan keçmişdir. Həmin hotellərdə yerlərin ümumi miqdarı 5000-dən artıqdır. Turizm üçün əlverişli regionlarda müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri istifadəyə verilib. Respublikamıza gələn xarici qonaqların sayı 1 milyon nəfəri ötüb keçib.
2003-cü ildə “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”, 2004-cü ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında Prezident fərmanları ölkə iqtisadiyyatının, o cümlədən turizm sektorunun inkişafı yolunda mühüm addımlar oldu. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. 2008-ci ildə Azərbaycana gələn turistlərin sayı bir milyon üç yüz min nəfəri ötüb keçdi. 2009-cu ilin aprel ayında Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində artıq 8-ci dəfə Beynəlxalq Turizm Sərgisi keçirildi. Sərgidə 20 ölkədən 78 turizm müəssisəsi iştirak etmişdir.
Azərbaycanın zəngin turizm resurslarını analiz etdikdə aydın olur ki, respublikamızda xüsusilə yaxın gələcəkdə aşağıdakı turizm növlərini inkişaf etdirmək mümkündür:
v Dağ-xizəkçilik turizmi
v Qolf turizmi
v Müalicəvi-balneoloji turizm
v Ixtioloji turizm (balıqçılıqla bağlı turizm)
v Ornitoloji turizm (quşların inkişafı ilə bağlı turizm)
v Elmi turizm (elmi-sualtı müşahidələr, nadir dəniz florası və faunası ilə tanışlıq, elmi-vulkanoloji turlar)
v Konqres turizmi
v Speloturizm (mağara turizmi)
v Etnoqrafik turizm (müxtəlif xalqların mədəniyyəti və məişəti ilə tanışlıq)
v Ovçuluq turizmi-Safari turları
v Raftinq turları ( coşğun dağ çaylarında qayıqla üzmə)
“2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” ölkəmizdə yaxın gələcəkdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaradır.

Azərbaycan Turizm İnformasiya Mərkəzləri


Ölkəmizə gələn turistlərin və yerli vətəndaşların məlumatlandırılması məqsədilə Azərbaycan hökuməti ilə BMT-nin birgə layihəsi əsasında yaradılan, sonradan Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan ilk Turizm İnformasiya Mərkəzi 2005-ci ildən Xaçmaz rayonunda fəaliyyət göstərir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, artıq bu gün ölkə üzrə 15 Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir ki, bunlar Naxçıvan Muxtar Respublikası və paytaxt Bakı ilə yanaşı, Xaçmaz, Quba, Şamaxı, Zaqatala , Gəncə, Şəki və Lənkəran, Bərdə , Qəbələ, İsmayıllı,Minğəçevir, Şəmkir şəhərlərində yerləşir.

Mərkəzlər tərəfindən yalnız yerləşdiyi rayonun və ya şəhərin təbliği ilə deyil, həmçinin fəaliyyət dairəsində olan region barədə də iş aparılır.

Mərkəzlərin əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, onun fəaliyyəti nəticəsində informasiya texnologiyaları vasitəsilə ölkəmizin bu regionunun turizm potensialı haqqında bütün məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmaqdır. Xüsusi saytlar vasitəsilə dünyanın hər bir yerindən insanlar bölgənin istənilən yerində özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər.

Nazirliyin dəstəyi ilə Turizm İnformasiya mərkəzlərinin saytları yenidən hazırlanır və müxtəlif dillərdə turistlərin xidmətinə verilir. Buna misal olaraq "guba.travel" portalını qeyd etmək yerinə düşərdi.

Həmçinin mərkəzlərin işində effektliyin artırılması məqsədilə fəaliyyət planı hazırlanıb. Bununla yanaşı, mərkəzlər Bakı şəhərində təşkil olunan beynəlxalq turizm sərgisi ilə yanaşı, xaricdə keçirilən sərgilərdə iştirak təcrübəsini də genişləndirir.

Bu gün Turizm İnformasiya mərkəzləri tərəfindən yerli və xarici turistlərin məlumatlandırılması məqsədilə müvafiq layihələr həyata keçirilir. Belə ki, turistlərə aidiyyəti xidmətlərin göstərilməsi ilə bağlı informasiya mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir, mərkəzlər tərəfindən müxtəlif dillərdə reklam-çap məhsulları hazırlanır, turistlərin informasiya verilməsi ilə əlaqədar internet, telefon və əməkdaşlar tərəfindən birbaşa ofisdə xidmət göstərilir, həmçinin əməkdaşların xarici dil biliklərinin daim artırılması üzrə tədbirlər görülür. Bunlarla yanaşı, turistlərin müvafiq mehmanxanalarda yerləşdirilməsini, nəqliyyat xidmətini və yerli bələdçilərlə təmin edir, həmçinin ekskursiyalar təşkil edir.

Turizm İnformasiya mərkəzləri tərəfindən bölgənin turizm potensialının təşviqi məsələsi və bu sahədə onların fəaliyyətinin günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi prioritet istiqamətlərdən biridir.

Hazırladı: Metodika və biblioqrafiya şöbəsinin müdiri G. Qasımova


Yüklə 120,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin