Aktyorlar acindan öLÜR



Yüklə 29,97 Kb.
tarix23.10.2017
ölçüsü29,97 Kb.
#11788

"AKTYORLAR ACINDAN ÖLÜR"

Teatrda özünəməxsus tamaşalar oynamış, öz dəsti-xətti ilə tamaşaçı qazanmış gənc bir aktyorla teatr problemlərindən danışdıq. Teatr problemlərindən ürək ağrısı ilə danışan müsahibimiz Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Mahir Mirişlidir. O, Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra peşəkar səhnədə fəaliyyət göstərir. Həm dünya, həm də Azərbaycan dramaturqlarının əsərlərində baş rolları ifa edib. Hazırda Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorudur. Müsahibimiz ilk olaraq teatr problemləri, aktyorların yaşayış durumuna və bəzi qaranlıq məqamlara toxundu.

- Əyalət və qaçqın teatrlar bu gün bina cəhətdən problem yaşayır. Bunlar haqqında çox danışmaq istəmirəm. İstəyirəm ki, teatrların bu duruma necə düşdüyündən danışım. Bu gün teatrda aktyor heyəti var. Gəlin görək teatrda işləyən aktyorların yaşam tərzi hansı səviyyədədir. Mən 5-10 prezident təqaüdü alan aktyorları çıxıram. Ona görə çıxaram ki, bu gün mükafat alanların əksəriyyəti teatrlarda tamaşa oynamırlar. Əslində onların teatra həvəsi yoxdur. Qaldı yerdə qalan aktyorlar, onlar maddi cəhətdən çox sıxıntı yaşayırlar. Bir sözlə demək olar ki, aktyorlar acından ölür. Biri mən, gənc aktyoram evim yoxdur, teatrdan da 99 manat maaş alıram. Baxın bu yazıq aktyor bu pulla necə yaşasın? Necə dolansın, ailə həyatı qursun? Gənc aktyorların çoxu bu üzdən ailə həyatı qura bilmir. Bu problemlərlə beyni yüklənmiş aktyor səhnədə necə tamaşa oynasın, necə ürəyini tamaşaya qoysun? Heç kim tərəfindən qayğı göstərilmir. Heç bir təşkilat, aidiyyatı orqan tərəfindən aktyorun yaşam tərzi ilə maraqlanan yoxdur. İkinci dərəcəli vakal artistiyəm, ixtisasım musiqili aktyor, lirik-tenor səsim var, 99 manat əməkk haqqı alıram. Bu insafsızlıq deyil? Heç teatrımızın rəhbərliyi də maraqlanmayıb ki, mən kirayə qalıram, yoxsa necə yaşayıram. Mən yaşda olan bütün teatrlardakı gənc aktyorların heç birinin evi yoxdur.

- Bəlkə elə buna görədir ki, aktyorlar teatrdan uzaqlaşıb başqa işlərlə məşğul olur...

- Təbii ki, hamısının başlıca səbəbi budur. Əsl aktyor doğulanda aktyor kimi doğulub, onun başqa işlərdə əli gətirmir. Bizim əlavə getdiyimiz iş dublyajdır ki, televiziyalarda aktyorlara ən axırıncı işçi kimi baxırlar. Ancaq və ancaq aktyorlar maddi cəhətdən sıxıntı çəkdikləri üçün teatrdan qaçırlar. Bəzi hissəsi qalıb ki, o da içimizdəki xəstəlik, teatra olan bağlılıqdır. Biz yarananda aktyor kimi yaranmışıq, başqa işdə necə işləyək. Acımızdan ölsək də teatrda, səhnədə öləcəyik. SSRİ-nin vaxtında bir aktyora dörd ev veriblər, indi həmin aktyor heç tamaşa oynamağın belə marağında deyil. Gəlmirlər, rejissora, teatr rəhbərliyinə xahiş edirlər “mən xalq artistiyəm, mən xəstəyəm” deyirlər. Bugün oynayanlar da elə bizik.

- Sizcə bu maddi problem həll olunsa teatrlar inkişaf edib əvvəlki səviyyəni alacaq?

- Bu gün bir tamaşaya baxıb gəlirik. Gənc Tamaşaçılar Teatrında Hüseyn Cavidin “Şeyx Sənan” əsərini səhnələşdirmişdilər. Xalq artisti Cənnət Səlimovanın hazırladığı bu tamaşanın həddindən artıq səviyyəsiz olmasının başlıca səbəbi budur. Digər tərəflərindən biri də rejissor marağıdır. Rejissorların marağına qaldısa, vay o tamaşanın halına. Rejissorların sənət yox, digər tərəfdən baxdığı maraqlar, aktyor seçimi maraqları və bu kimi işlər tamaşaları səviyyəsiz, baxımsız hala salıb. Özüdə dövlət sifarişli tamaşa. Guya 20 günün işərisində hazırlanıb. Əslində həmin bu tamaşanı Kamera Teatrında iki ildir ki, oynayırlar. Dövlət sifarişli tamaşadır, özüdə kostyumlar köhnədir. Özünüz də gördünüz. Niyə axı teatrdan başqa maraqlar güdək? Baxın bugün birinci tamaşa idi. Bütün yerlər də dolu idi. Özünüz də bunun şahidi oldunuz. Tamaşaçının marağı olub və gəlib. İndi deyin görüm sabah birdə o tamaşaçı ora gələcək? Əlbəttə ki gəlməyəcək. Ona görə ki, səviyyəni gördü. Tamaşaçı bildi ki, onu aldadırlar. İkinci dəfə də tamaşaçı “xeyrola siz məni aldadırsız, mən də sizi saymıram, heç tamaşanıza da gəlmirəm” deyir və birdə o teatra gəlmir.

- Son zamanlar yaşlı nəsil aktyorlar müsahibələrində qeyd edib ki, teatrlarda gənc aktyor heyəti yoxdur. Bunu dramaturq Firuz Mustafa da öz çıxışları zamanı qeyd edib.

- Deyərdim ki, azdır. Məsələn bir müddət bundan qabaq qurtaranlardan Ramil Zeynalov, Rasəf Mehdiyev və başqalarıdır ki, onlar teatrda çalışır. Düzü bu gün İncəsənət Universiteti aktyor buraxmır. Deyim ki, İncəsənət Universitetində rüşvət baş alıb gedir. Özü də aktyor və rejissor fakultələrində rüşvət biabırçı həddə çatıb. Məsələn İncəsənət Universitetində qabiliyyət imtahanı zamanı orda oturanlar rüşvət alıb aktyor seçirlər. Mən heç onları aktyor kimi qəbul etmirəm. Məsələn, bu il rejissorluğu qurtaran bir uşağa dedim ki, diplom işinə nə hazırlayacaqsan? Qayıdıb dedi ki, diplom işini hazırlasam da 100 manat verəcəm, hazırlamasam da. Universiteti qurtarıb gələn tələbələr var. Diksiyaları, danışıqları yoxdur. Mən bilmirəm bu gün universitetlərdə səhnə danışığı keçirilir, ya yox. Təbii, dərs keçirilmir ki, tələbələr bu gündədir. Qurtaran tələbələrin hamısı bərbad vəziyyətdədir. Boy-buxunları, səhnə fakturaları, görünüşləri yoxdur. Bunlar cəhənnəm hətta danışıqları yoxdur. Axı necə qurtarırlar bunlar universiteti?! Bunun da bir səbəbi universitetdə rüşvətin baş alıb getməsidir.

- Bu yaxınlarda Reytinq qəzetində müsahibəsində xalq artisti Ağakişi Kazımov deyib ki, teatr öldü. Bu fikirlə razısınız?

- Qətiyyən razı deyiləm. Mən ən azından daş atmaqla pul qazana bilərəm. 99 manata teatrda işləyirəmsə, teatra canımı qoyuramsa teatr ölə bilməz. Acından köpük qusan gənc və həvəskər aktyorlar saxlayacaq bu teatrı. Teatr dediyim səbəblərdən iflasa uğramaq üzrədir. Amma teatr ölməyib. Teatr ölübsə, onda mən niyə yaşayıram. Mən inanıram ki, teatr var və yaşayır. Ona görə də mən bu cür mübarizədən zövq alıram.

- Belə bir yanaşma da var ki, bayağı televiziya şouları tamaşaçını teatrdan uzaq salıb...

- Yüz faiz belədir. Hətta yuxarı təbəqələrdən də, Ramiz Mehdiyevin məqaləsindən sonra Aygün Kazımova yubkasını biraz da qısaltdı. Bilmirəm kimin acığına. Adını kişi qoyan üzdəniraqların sayı televiziyada daha da artdı. Xəzər televiziyası dilimizi pis hala qoyub. Baxın bizim xalqda nə formalaşıb. Atam kənddə xəstələnib. Gətirirəm həkimin yanına, o da məndən 500 manat rüşvət istəyir. Vermirəm, iki aydan sonra ölür. Üstündən üç ay keçir oğluma sünnət toyu edəndə deyirəm ki, Aygün Kazımova, Namiq Çalaçuxurlu min dollar verirəm gəl yarım saat oxu. Bax budur bizim dərdimiz.

- Sonuncu olaraq deyək ki, siz indi dağıdılmış və vaxtı ilə ən tanınmış Lütfi Məmmədbəyov adına Milli Xalq Teatrının üzvü olmusunuz. Sizcə Xalq Teatrının sökülüb yerində bank tikilməsi nə dərəcədə düzgündür?



- Musiqili Komediya Teatrı oradan çıxandan sonra həmin yerdə Xalq Teatrı fəaliyyət göstərməyə başladı. Ondan sonra da biraz işlədi daha sonra da bank etdilər. Mərhum prezidentimiz Heydər Əliyevin sərəncəmı var ki, mədəniyyət ocaqları satılmır və icarəyə verilmir. Ümumiyyətlə mədəniyyət ocaqlarının sayını artırmaq lazımdır, azaltmaq yox. Qaldı o binaya deyə bilərəm ki, yayda da, qışda da yuxarıdan su damırdı. Rafiq Hüseynov da gördü ki, vəziyyət pisdir istefa verib getdi.

Elmin Bədəlov
Yüklə 29,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin