«Ya ölüm, ya bilim!»
Hacı Sədrəddin Hairi Şirazi deyirdi: Mən öz qayınım Höccətül-islam Həsənağa Pəhlivani Nəməki Tehranidən eşitdim ki, Əllamə Təbatəbai barədə deyirdi:
Əllamə Təbatəbainin uşaqlıqda zehni zəif işləyirdi, müəllimin dediklərini başa düşə bilmirdi. Axırı cana yığılıb çöllü-biyabana üz tutur və xəlvət bir yerdə səcdəyə düşüb Allaha deyir:
Ya ölüm, ya da fəhm!
Mən çalışırdım münasib bir vaxtda bu məsələni Əllamə Təbatəbainin özündən bir yolla soruşum; elə olsun ki, həm sualıma cavab alam, həm də məsələ onun zehni zəifliyindən getdiyi üçün bu sualım onun xətirinə dəyməsin və mənim tərəfimdən ədəbsizlik kimi çıxmasın.
Nəhayət, bir gün Əllamə Təbatəbai kürəkəni cənab Qüddusi ilə Şiraza gəlməli olur.
Ara xəlvət olan günlərin birində, belə ki, hətta cənab Qüddusi də otaqda yox idi − yan otaqda namaz qılırdı − mən yavaş-yavaş söhbəti həmin əhvalatdan salıb dedim: Əgər sizdən bir sual soruşsam, cavab verməyə hazırsınızmı?
Əllamə buyurur:
Nə ziyanı var? Əgər bilsəm deyərəm. Mən dedim:
Sualım sizin özünüzlə əlaqədardır. Əgər sualıma cavab verə biləcəksinizsə soruşum, yox, əgər məsləhət bilməsəniz mən fikrimdən daşınım.
Əllamə dedi:
Buyurun, əgər bilsəm deyərəm. Mən ərz etdim:
Belə eşitmişəm ki, kiçik yaşlarınızda dərsləri yaxşı dərk etmirdiniz, sonra nəsə bir səcdə edəndən sonra Allah sizə inəyət etmişdir və o gündən bəri ən çətin elmi məsələləri asanlıqla həll edirsiniz; bu düzdürmü?
Elə ki, mən bu sözləri dedim, gördüm Əllamənin halı dəyişdi, üzü qızardı. Mən özüm də verdiyim sualdan xəcalət çəkdim. Sözlərimin ona bu cür təsir bağışlayacağını düşünmürdüm.
Bu halda dedi:
İndi ki, söz açılıb deyim: Mən Təbrizdə “Siyuti” (ərəb dili qrammatikasının ibtidai bölmələrindən biri) oxuduğum zamanlarda ustadımız tez-tez bizdən imtahan götürürdü. Mən imtahanın öhdəsindən gələ bilmirdim. Müəllim mənim əlimdən narahat olub dedi:
Həm özünü avara qoydun, həm də bizi!
Müəllimin bu sözü mən bərk tutdu. Sanki bu sözlər bütün vücudumda və ruhumda səsləndi.
Elə sarsılmışdım ki, hara gedəcəyimi, nə edəcəyimi bilmirdim. Axırı şəhərdə qala bilməyib, Təbrizin ətrafına − çöllüyə üz tutdum. Biyabanda, təpələrin üstündə bir əməli həyata keçirdim ki, onun nəticəsində Allahın fəzlinə qovuşdum.
Daha demədi ki, o nə əməl idi; səcdə idi, yoxsa başqa bir əməl.
Mən ərz etdim: O gündən sonra bütün çətin məsələləri həll edə bilirsinizmi? Yəni nə qədər çətin elmi məsələ də olsa öz həllini tapırmı?
Dedi? İndiyə qədər belə olmuşdur.
Həzrət Ayətullah Əbdülhəmid Şərəbyani də yuxarıdakı əhvalatı eyni məzmunda nəql edib əlavə olaraq deyirdi:
Əllamə dedi:
Həmin əməldən sonra evə qayıdıb həmin günün axşamı “Əbu Talibin Siyutiyə haşiyəsi” kitabına haşiyə olaraq öz nəzərlərimi yazdım.1
Dostları ilə paylaş: |