Patogenez. Ferment çatışmazlığı zaman qlükoliz prosesinin pentozamonofosfat yolunun ilkin mərhələsi pozulur, yəni pentozamonofosfat zəncirində dəyişiklik baş verir. Nəticədə eritrosit və Hb-ni qoruyan qlütationun regenerasiyası pozulur. Qlütation eritrositləri hidrogen peroksid, sərbəst radikallar və dərman preparatlarından qoruyan əsas antioksidant hesab olunur. Q-6-FD defisiti zamanı hüceyrələrdə hidrogen peroksid və sərbəst radikalların artıqlığı yaranır, bu da hüceyrə daxili zülalların denaturasiyasına, eritrositlərin membran quruluşunun dəyişməsinə və hemolizinə səbəb olur.
Orqanizmə daxil olan dərman maddəsi aktiv formaya keçərək oksihemoqlobinlə reaksiyaya girir və müəyyən miqdarda hidrogen peroksidi əmələ gətirir. Qlütation qlütation peroksidaza sistemi vasitəsi ilə hidrogen peroksidin bir hissəsini zərərsizləşdirir və bu prosesdə özü də oksidləşir. Qlütationun yenidən bərpa olunması üçün hidrogen molekulu lazımdır və bunu da NADF-dan alır. O da öz növbəsində həmin molekulu qlükoza-6-fosfatdan alır və bu prosesdə qlükoza-6-fosfatdehidrogenaza fermenti iştirak edir. Qlütation-reduktazanın aktivliyinin dəyişməməsinə baxma-yaraq Q-6-FD fermentinin çatışmazlığı zamanı normal hidrogen mənbəyi olmadığına görə qlütationun yenidən bərpası pozulur və eritrositlər adi terapevtik dozada olan dərman preparatlarının oksidləşdirici təsirinə qarşı davam gətirmirlər. Bu isə hemoqlobinin oksidləşməsinə, hemin itirilməsinə və qlobin zəncirinin çökməsinə səbəb olur. Nəticədə Heinz cisimcikləri yaranır. Dalaq Heinz cisimsiklərini təmizləyərkən eritrosit membranının bir hissəsini itirir və hemolizə uğrayır. Heinz cisimcikləri (0,2-0,3 mkm) denaturasiya olunmuş hemoqlobindir və eritrositin membranına yaxın yerləşir.
Dostları ilə paylaş: |