Bir dəfə məddah qardaşların biri deyirdi ki, biz əgər yaxşı şeirlərdən və böyük şairlərdən seçsək, camaat başa düşməz, odur ki, bu şeirlərdən istifadə etməyə məcburuq. Belə deyil, mən bunu qəbul etmirəm. Xalqla şeir dilində danışsanız, şeir nə qədər mürəkkəb olsa da, məddah öz məddahlıq məharəti ilə bunu xalqa kəlmə-kəlmə təlqin edə bilər və onlarda təsir buraxar. Bizim çoxlu qəzəllərimiz var. Siz Saibin divanına baxın. Mən bir dəfə bu şeirlərdən bir neçə beytini təsadüfən seçdim və bəzi məddah qardaşlara dedim ki, bunların üzərində işləsinlər. Saibin divanında çox yaxşı və faydalı qəzəllər var; qəlblərə təsir göstərir. Digərlərinin də belə şeirləri var. Bəzi şairlərin - bu gün də Allaha şükür olsun ki, burada deyilən şeirlərin içərisində belələri vardı - imamların ibadəti, münacatı, cihadı, təzimi, ehsanı və cihadı barədə çox yaxşı və gözəl sözləri var. Sənət baxımından yaxşı səviyyəli şeiri seçin. Bu təsirli olacaq. Yaxşı və sənətkar şeir incəsənətin ümumi xüsusiyyətinə malik olur. İncəsənətin ümumi xüsusiyyəti budur ki, bir çox hallarda hətta deyənin özü və əksər hallarda dinləyici diqqət yetirmədən təsirlənir. Şeirin, rəssamlığın, digər sənət əsərlərinin, gözəl səsin və yaxşı avazların təsiri tərəf-müqabilin beynində avtomatik yaranır; yəni tərəf-müqabil hiss etmədən ona təsir bağışlayır. Bu ən yaxşı növ təsirdir. Siz baxın, Allah-Taala ən uca bilgiləri bəyan etmək üçün ən səlis və ən gözəl deyiliş tərzini seçib. Quranın özü də deyir ki, onun sözləri və sənət quruluşu kimisini gətirə bilməzsiniz; hələ məzmunu öz yerində.