Ruhanilərin vəzifələrinə gəlincə isə, məsələ daha çətindir. Çünki əza məclislərində qayda budur ki, bir dəstə bir yerə toplaşır, bir ruhani orada əzadarlıq məclisi aparır və digərləri onun əzadarlığından bəhrələnirlər. Bir ruhani necə əzadarlıq icra edəcək? Bu mənim bu məsələdə məsuliyyət hiss edən bütün şəxslərə sualımdır. Mənim fikrimcə Hüseyn (ə) əzadarlığı məclislərində üç xüsusiyyət olmalıdır.
Əhli-beytə (ə) məhəbbətin artması
Birinci xüsusiyyət olaraq bu məclislər Əhli-beytə (ə) məhəbbəti artırmalıdır. Çünki duyğusal rabitə çox dəyərli məsələdir. Siz ruhanilər elə etməlisiniz ki, uyğun məclislərdə iştirak edənlərin Hüseyn ibn Əliyə (ə), Peyğəmbər (s) ailəsinə və ilahi inancın qaynaqlarına qarşı məhəbbəti günbəgün artsın. Əgər Allah eləməmiş, həmin məclislərdə elə bir vəziyyət yaratsanız ki, dinləyici, yaxud bayırdan bir şəxs emosional baxımdan Əhli-beytə (ə) yaxınlaşmasa və əksinə, uzaqlaşma və bezikmə halı yaransa, belə məclislər nəinki özünün ən böyük faydalarının birindən məhrum olmuş, hətta bir baxımdan zərər də vurmuş olar. Siz görün belə məclislərin təsisçisi, yaxud natiqi kimi nə etməlisiniz ki, orada iştirak edən xalqın Hüseyn ibn Əliyə (ə) və Peyğəmbər (s) Əhli-beytinə (ə) sevgisi daha da artsın.