Vəzifəni yerinə yetirmək
İmam Hüseyn (ə) tək-tənhadır. Əlbəttə, o həzrətin ətrafında bir qədər adam var, lakin əgər qalmasaydılar da, o həzrət dayanacaqdı. Məgər belə deyil?! Fərz edək Aşura gecəsi həzrət beyətini götürdüyünü dedikdə və onların getməsini istədikdə hamısı getsəydilər, Əbülfəzl və Əli Əkbər də getsəydi və həzrət tənha qalsaydı, Aşura günü nə olacaqdı? Həzrət qayıdacaqdı, yoxsa dayanıb vuruşacaqdı? Bizim dövrümüzdə bir nəfər peyda olub dedi ki, əgər yalqız qalsam və bütün dünya mənim qarşımda dayansa da, yolumdan dönməyəcəyəm. O şəxs bizim imamımız idi. Əməl etdi və doğru da dedi: “Möminlərin içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq qalarlar“. Boş danışıq hamımızda olur. Gördünüz ki, bir hüseynçi və aşuraçı insan nə etdi! Əgər bizim hamımız aşuraçı olsaq, dünyanın islaha sarı hərəkəti sürətlənəcək və haqqın vəlisinin zühuruna mütləq zəmin yaranacaq.
Beşinci fəsil: Aşuranın təsir və faydaları Təbliğat fürsəti
Əziz qardaşlar! Böyük və möhtərəm alimlər! Elmi hövzələrin əziz və gənc tələbələri! Dinin sadiq təbliğatçıları! Çox xoş gəlmisiniz. Hörmətli məhərrəm ayında təbliğat fürsəti çox böyük və müstəsna bir fürsətdir. Bu, şəhidlər ağası və dünyanın azad insanlarının sərvəri olan həzrət Əbu Abdullah Hüseynin (ə) və o həzrətin pak dostlarının qanı sayəsindədir. Nahaq tökülmüş o qanın tarixdə həmişəyaşar təsiri vardır. Çünki öz canını dinin uca məqsədlərinə ixlasla təqdim edən şəhid pak və sədaqətlidir.
Hiyləgər və məkrli insan sözdə özünü nə qədər haqq tərəfdarı kimi göstərə bilsə də, şəxsi maraqlar, xüsusən də özünün və əzizlərinin canı məsələsi ortaya çıxanda geri çəkilir və onları fəda etməyə hazır olmur. Fədakarlıq meydanına qədəm qoyub xalis və ixlaslı şəkildə öz varlığını Allah yolunda verən şəxsi diri saxlamağı Allah-Taala öz öhdəsinə götürmüşdür: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin!“; “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə!“ Allah yolunda öldürülənlər diri qalırlar. Onların diri qalmasının bir mənası budur ki, onların nişanı, ayaq izi və bayrağı heç zaman itmir. Bir neçə gün zorakılıqla, hegemon güclərin müdaxiləsi ilə nişanlarının zəifləməsi mümkündür. Lakin Allah-Taala təbiəti belə yaratmışdır. Allahın qanunu budur ki, pakların, salehlərin və ixlaslı insanların yolu qalsın. İxlas çox qəribə bir şeydir. Odur ki, Hüseyn ibn Əlinin (ə), o həzrətin və səhabələrinin nahaq tökülmüş qanı sayəsində din yaşadı, bundan sonra da yaşayacaq.
Şəhidlər ağasının qanının dəyəri
Biz Aşura ziyarətnaməsində İmam Hüseynə (ə) deyirik: “Salam olsun sənə, ey Allah qanı və Allah qanının oğlu!”. Yəni Əbu Abdullahın (ə) qanı kimi, Əmirəl-mömininin (ə) qanının sahibi də Allah-Taaladır. Çünki bu qan da haqqın və ədalətin bərpası yolunda axıdıldı. Bu pak qanın, o əzəmətli və müqəddəs şəxsiyyətin və Allahın böyük vəlisinin hörmətinə görə hamılıqla çalışıb bizə müraciətlə deyilən göstərişlərə və tövsiyələrə öz əməlimizdə riayət etməliyik.
İlahi, bizi Əmirəl-möminin (ə) həqiqi ardıcıllarından et! İlahi, bizi o həzrətin məhəbbət və vilayəti ilə yaşat, o həzrətin məhəbbət və vilayəti ilə öldür, o həzrətin getdiyi yolda bizi sabitqədəm et!
Allahın qan sahibi olması
Siz İmam Hüseynə (ə) deyirsiniz: “Salam olsun sənə, ey Allah qanı və Allah qanının oğlu!”. Allah təkcə İmam Hüseynin (ə) qanının sahibi deyil, Əmirəl-mömininin (ə) qanı da Allah qanıdır. Yəni bu qanın sahibi Allah-Taaladır.
Hüseyn (ə) izzəti
Bu izzət necə izzətdir? Bu fəxr nə ilə fəxr etməkdir? Hüseyn ibn Əlinin (ə) hərəkətini tanıyan şəxs bu izzətin necə olduğunu bilir. Tarixdə bu şəkildə qalmış əzəmətli Hüseyn (ə) hərəkatına üç cəhətdən və üç baxışla yanaşmaq olar. Hər üç cəhətdə hər şeydən artıq diqqəti cəlb edən izzət, başucalığı və iftixar hissidir.
Mübarizənin bir cəhəti güclü zalım qarşısında olan haqqın mübarizəsidir. İmam Hüseyn (ə) və onun inqilabçı və islahatçı hərəkəti belə etdi. Başqa bir cəhət Hüseyn ibn Əli (ə) hərəkatında mənəviyyat və əxlaqın təcəssüm olunmasıdır. Bu hərəkatda ictimai və siyasi sahədən, inqilabi hərəkətdən, haqq və batilin aşkar mübarizəsindən başqa bir mübarizə sahəsi var və bu, insanların nəfsi və daxilidir. Vücudundakı zəifliklərin, tamahların, həqarətlərin, ehtirasların və nəfsi istəklərin insanı uca addımlardan saxladığı yer bir döyüş səhnəsidir; özü də çox ağır döyüş. Mömin və fədakar kişi və qadınlar Hüseyn ibn Əlinin (ə) arxasınca hərəkət etdikdə, vəzifə hissi qarşısında dünya, dünyadakılar, dünyanın ləzzətləri və gözəllikləri onların gözündən düşdükdə, daxillərində təcəssüm olunan və parlayan mənəviyyatın şeytan qoşunlarına - bizim hədislərimizdə göstərilən cəhalət qoşunlarına qələbə çaldıqda və bir qrup nümunə, uca və böyük insan kimi tarixdə qaldıqda (bu döyüşdə qələbə çalmış olurlar). Xalq arasında daha geniş yayılmış üçüncü cəhət Aşuranın faciələri, müsibətləri, qəm və qüssələridir. Lakin həmin üçüncü səhnədə də izzət və iftixar var. Fikir və düşüncə adamları hər üç cəhəti araşdırmalıdırlar.
İzzət yaratmaq
Aşura faciələrinin səhnəsi olan üçüncü səhnədə də izzət əlamətləri müşahidə olunur. Müsibət və şəhadət olsa da, Bəni-Haşimin gənclərinin hər birinin şəhadəti, uşaqların, kiçik körpələrin və Əbu Abdullah Hüseynin (ə) ətrafında olan yaşlı səhabələrin şəhadəti böyük bir müsibət olsa da, orada da başucalığı və iftixar var. Onların hər biri bir izzət və iftixar gövhərini də daşıyır.
Dərsdən üstün ibrətlər
İmanın azlığı bizim sonrakı əməlimizə təsir göstərir. Misal üçün, cihad və imtahan qarşıya çıxdıqda bizim imanımızın azlığı özünü göstərir. Çoxlu imanla hansısa bir yerdə yüksələ bilən, hərəkət edən və böyük iş görən bizlər həmin işin qarşısında qaldıqda əl-ayağımızın titrədiyini görürük. Misal üçün, bir şəxs gənclikdə ikimetrlik bir kanaldan atıla bilirdi, lakin indi bacarmır. Əməlin iman və imanın əməl üzərindəki mənfi təsirinin nəticəsi bu olur ki, Peyğəmbərin (s) hicrətindən 60 il və o həzrətin vəfatından 50 il sonra Peyğəmbərin (s) ən əziz adamı və nəvəsi İmam Hüseyn (ə) Peyğəmbər canişininin hökuməti qarşısında dayanır və elə faciəli şəkildə şəhidliyə qovuşur. Mən bir dəfə dedim ki, bunlar tarixin ibrətləridir, dərsdən üstündür.
Dostları ilə paylaş: |