Avropa Şurası və Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqram Əməkdaşlığı Çərçivəsi 2015 – 2017 Lahiyə: “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına



Yüklə 69,7 Kb.
tarix22.10.2017
ölçüsü69,7 Kb.
#9683

related image

Avropa Şurası və Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqram Əməkdaşlığı Çərçivəsi 2015 – 2017
Lahiyə: “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək”
Sumqayıt Apelyasiya Məhkəməsində statistik məlumatların təhlilinə dair

yekun hesabat.

Sumqayıt 2017
MÜNDƏRİCAT


  1. Layihə barədə məlumat və minnətdarlıq-----------------------------səh. 3

  2. Sumqayıt Apelyasiya Məhkəməsi barədə məlumat-----------------səh. 5

  3. Kateqoriyalar üzrə işlərin gedişatı və baxılma müddəti barədə məlumat----------------------------------------------------------------------səh. 7

  4. Əsas CEPEJ göstəricilərinin (indikatorlarının) tətbiqi vəziyyəti barədə məlumat------------------------------------------------------------səh. 9

  5. Əlavələr---------------------------------------------------------------------səh. 13

1. Layihə barədə məlumat və minnətdarlıq.

Avropa İnsan Hüquqları Məhkəməsi uzun illər ərzində müəyyən etmişdir ki, üzv dövlətlərin əksəriyyətinin məhkəmələrində məhkəmə qərarları vaxtında çıxarılmır. Bunun səbəbi yalnız qanunların və ya hakimlərin tədrisinin səviyyəsi ilə deyil, ümumən məhkəmə sisteminin necə təşkil olunması ilə bağlıdır. Məhz buna görə müvafiq məhkəmə sistemlərinin necə təşkil olunması, necə fəaliyyət göstərməsi və çatışmazlıqlar olduğu təqdirdə məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə komissiyanın təşkil olunması nəzərdə tutulmuşdur. Beləliklə, 2002-ci ildə 47 üzv dövlətin məhkəmə sisteminin təşkilində olan boşluqların aradan qaldırılması və səmərəliliyinin artırılması üçün CEPEJ (Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası) təşkil olunmuşdur. Qısaca desək, Avropa Şurası daxilində bu qurumun yaradılmasına səbəb Avropa Məhkəməsinə təqdim edilən ərizələrin sayının həddindən artıq yüksək olması və onun iş yükünün azaldılması zərurəti olmuşdur.

İnsan hüquqularının qorunmasını özünün ali məqsədi kimi elan etmiş Azərbaycan dövləti nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və məhkəmə sisteminin müasirləşdirilməsinə yönəlmiş köklü məhkəmə-hüquq islahatlarını uğurla davam etdirir. Bu baxımdan Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsi mühüm əhəmiyyət kəsb edir.

Layihənin əsas istiqamətləri məhkəmə prosesində vaxtın idarə olunması və məhkəmə xidmətlərinin keyfiyyətinin artırılması, o cümlədən hakimlərin təlimi proqramının və metodologiyasının təkmilləşdirilməsidir.

Bununla əlaqədar təcrübələrin və məhkəmə xidmətlərinin keyfiyyətinin və səmərəliliyinin artırılması üçün tətbiq olunan metodların qiymətləndirilməsi, hədəflərin və Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) rəhbər sənədlərinin və alətlərinin icrası üçün layihə çərçivəsində icra edilməli olan konkret fəaliyyətlərin müəyyənləşdirilməsi məqsədi ilə Azərbayan Respublikası Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası tərəfindən 5 pilot məhkəmə (Sumqayıt Apelyasiya Məhkəməsi, Şəki Apelyasiya Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Yasamal Rayon Məhkəməsi və Oğuz Rayon Məhkəməsi) müəyyən edilmiş və müxtəlif vaxtlarda pilot məhkəmələrlə tanışlıq səfərləri təşkil olunmuş, Avropa ölkələrində və Bakıda faydalı tədbirlər keçirilmişdir.

Layihə çərçivəsində 2016-cı il ərzində pilot məhkəmələrdə məmnuniyyət sorğularının təşkilinə hazırlıq işləri görülmüş, hakim və məhkəmə aparatı işçiləri üçün məhkəmələrin idarə edilməsi mövzusunda təlimlər keçirilmiş, məhkəmə statistikası və məhkəmələrdə vaxtın idarə olunması üzrə CEPEJ təlimatlarının tətbiqi üzrə qabaqcıl xarici təcrübə öyrənilmişdir.

SATURN əsas təlimatlarının tətbiqi ilə bağlı Strasbuqda və Bakıda seminar və praktiki məşğələlər təşkil olunmuş, statistik cədvəllərin tərtib olunması təcrübəsi öyrənilmişdir.

Birgə əməkdaşlığımızın real nəticəsi olan SATURN təlimatlarının tətbiqində öz töhfəsini vermiş bütün qurumlara və şəxslərə, o cümlədən Avropa Şurasının məsul əməkdaşlarına, ekspertlərə və mütəxəssislərə dərin minnətdarlığımızı bildirir, qarşılıqlı əməkdaşlıq çərçivəsində bundan sonra da görüləcək bütün işlərdə hamımıza müvəffəqiyyətlər arzulayırıq.



2. Sumqayıt Apelyasiya Məhkəməsi barədə məlumat.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və yaxından iştirakı ilə aparılmış məhkəmə hüquq islahatlarının ilkin nəticələrindən biri olaraq respublikamızda üçpilləli məhkəmə sistemi-birinci instansiya, apelyasiya instansiyası və kassasiya instansiyası məhkəmələri yaradılmış və bu sistem Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 yanvar 2006-cı il tarixli Fərmanla yeni mərhələyə qədəm qoymuşdur.

16 iyul 2007-ci il tarixindən fəaliyyətə başlamış Sumqayıt Apelyasiya Məhkəməsi mülki, inzibati və iqtisadi mubahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir.

Sumqayıt Apelyasiya Məhkəməsi Rəyasət Heyətindən, Mülki Kollegiyadan, İnzibati-İqtisadi Kollegiyadan, Cinayət Kollegiyasından və Hərbi Kollegiyadan ibarətdir. Sumqayıt Apelyasiya Məhkəməsinin kollegiyaları apelyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxır.

Məhkəmənin ərazi yurisdiksiyasına aşağıdakı birinci instansiya məhkəmələri daxildir: Abşeron Rayon Məhkəməsi, Quba Rayon Məhkəməsi, Qubadlı Rayon Məhkəməsi, Qusar Rayon Məhkəməsi, Qobustan Rayon Məhkəməsi, Şabran Rayon Məhkəməsi. Xaçmaz Rayon Məhkəməsi, Xızı Rayon Məhkəməsi, Siyəzən Rayon Məhkəməsi. Sumqayıt Şəhər Məhkəməsi, Sumqayıt İnzibati-iqtisadi Məhkəməsi, Şamaxı Rayon Məhkəməsi, Şuşa Rayon Məhkəməsi, Zəngilan Rayon Məhkəməsi, Bakı Ağır Cinayətlər Məhkəməsi (Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində törədilmiş cinayətlər və başqa materiallarla bağlı işlər üçün) və Bakı Hərbi Məhkəməsi (Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində törədilmiş cinayətlər və başqa materiallarla bağlı işlər üçün).

Sumqayıt Apelyasiya Məhkəməsi hazırda Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşir. Sumqayıt şəhərində yeni Məhkəmə Kompleksi Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən birgə həyata keçirilən "Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsi" çərçivəsində tikilir. Məhkəmə kompleksində hazırda Sumqayıtda fəaliyyət göstərən bütün məhkəmələr, dəqiq desək, Sumqayıt Apelyasiya Məhkəməsi, Sumqayıt Şəhər Məhkəməsi və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi yerləşəcək. Yeni məkanda məhkəmələr yeni məhkəmə idarəetməsi sistemini tətbiq edəcəklər.

Məhkəməyə onu sədri Səadət xanım Bəktaşi sədrlik edir. Hazırda məhkəmədə sədr daxil olmaqla 20 hakim ştatı var. Onların hamısı Məhkəmənin Mülki, Cinayət, İnzibati-İqtisadi və Hərbi Kollegiyalarında fəaliyyət göstərirlər. Hakimlər hər birində üç hakim olmaqla cinayət, hərbi və inzibati-iqtisadi kollegiyalarda, qalan hakimlər isə Mülki Kollegiyada fəaliyyət göstərirlər. 31 dekabr 2016-cı ilə olan məlumata əsasən bir hakim vəzifəsi üçün vakant yer vardır. Hər bir hakimə hakimin köməkçisi və məhkəmə iclas katibi yardım edir.

Cədvəl 2” vasitəsilə son 7 ildə məhkəmədə faktiki olaraq fəaliyyət göstərmiş hakim və məhkəmə heyəti barədə məlumatı əldə etmək mümkündür. Göründüyü kimi 2016-cı ildə məhkəmədə faktiki olaraq 19 hakim və 64 məhkəmə aparatı işçisi fəaliyyət göstərmişdir.

Cədvələ nəzər yetirildikdə 2012-ci ildə faktiki olaraq fəaliyyət göstərmiş hakimlərin sayının 14,5 olduğu görünür. Bunu başa düşmək üçün nəzərə almaq lazımdır ki, il ərzində məhkəmədə fəaliyyət göstərən insan resursları Tam Məşğulluq Ekvivalenti (FTE) vahidlərində göstərilmişdir. FTE vahidlərinin hesablanması üçün aşağıdakı qaydadan istifadə edilmişdir:

bütün il ərzində xidmət göstərən işçilərin və ya hakimlərin sayı hesablanır. Məsələn, müvafiq təqvim ili ərzində 8 hakim xidmət göstərmişdir - bu halda, onlar 8 FTE kimi hesablanacaq. Bütün təqvim ili üzrə xidmət göstərməyən hakim və ya işçilər üçün ayrıca FTE hesablanır. Bunun üçün iş dövrü tam aya yuvarlaşdırılır. Məsələn, bir hakim 3 ay işləmişdir (3/12=0,25 FTE), digəri 4 ay (4/12=0,33 FTE). Bu iki hakim birlikdə 0,58 FTE kimi hesablanacaq. Cədvəldə cəmi hesablamaq üçün yuxarıdakı FTE-ları toplamaq lazım gəlir (8+0,58=8,58 FTE)

2016-cı ildə isə faktiki olaraq 19 hakim, 64 aparat işçisi (bunlardan 37-si məhkəmə iclas katibi və hakim köməkçisi, 27-si isə digər işçilər (məsləhətçi, mütəxəssis, sürücü və s.) olmuşdur) fəaliyyət göstərmişdir. Göründüyü kimi faktiki fəaliyyət göstərən hakimlərin sayı son 2 ildə, aparat işçilərinin sayı isə son 6 ildə sabit olaraq qalmışdır.



3. Kateqoriyalar üzrə işlərin gedişatı və baxılma müddəti barədə məlumat.

Cədvəl 3”“Cədvəl 4” də isə son 2 il (2015 və 2016-cı illər) üçün ayrı-ayrı kateqoriyalar üzrə işlər barədə məlumat əksini tapmışdır. Qeyd olunan cədvəllər vasitəsilə - ilin 1 yanvar tarixinə icraatda olan işlərin sayı, - il ərzində yeni daxil olmuş işlərin sayı, - il ərzində həllini tapmış işlərin sayı, - ilin 31 dekabr tarixinə icraatda olan işlərin sayı (qalıq işlər), - barəsində kassasiya şikayəti verilmiş qərarlar, - kassasiya qaydasında ləğv edilmiş və ya dəyişdirilmiş qərarlar əks olunmuşdur.

Bu cədvəllər vasitəsilə, həmçinin işlərin həll olunma faizi və dispozisiya müddətini də ölçmək mümkündür. Lakin qeyd edilən indikatorlar barədə digər bölmədə (Əsas CEPEJ göstəricilərinin (indikatorlarının) tətbiqi vəziyyəti barədə məlumat) daha ətraflı və geniş məlumat vardır.

Cədvəllərdən göründüyü kimi işlərin ümumi sayında artım müşahidə olunur. Belə ki, məhkəməyə 2015-ci ildə 3420 yeni iş daxil olmuşdursa, bu rəqəm 2016-cı ildə 4265 olmuşdur.

Növbəti cədvələ (“Cədvəl 5”) daxil etdiyimiz məlumatlar vasitəsilə biz icraatda olan işlərin baxılma müddətini müəyyən edə bilərik. Başqa sözlə, cədvəl məhkəmənin iş yükünü deyil, həllini gözləyən (ilin sonuna qalıq qalan) məhkəmə işlərinin müddətini əks etdirmək üçün nəzərdə tutulur.

Cədvəldə 31 dekabr 2016-cı il tarixinə olan məlumat əksini tapmışdır. Başqa sözlə, burada həmin tarixədək məhkəməyə daxil olmuş, lakin nəticə verilməmiş işlərdən söhbət gedir. Hesablanmış "Yekun cəm" müvafiq ilin 31 dekabrında məhkəmə qeydlərində olan işlərin ümumi sayına bərabər olmalıdır. Göründüyü kimi yekun cəm (1034) “Cədvəl 4”-də olan 31 dekabr tarixinə həllini gözləyən işlərlə (1034) üst-üstə düşür.

CEPEJ-in tövsiyələrinə əsasən 2 ildən artıq məhkəmə qeydlərində olan işlərə xüsusi diqqət ayrılmalı və onların səbəbləri araşdırılmalıdır. Cədvəldən göründüyü kimi işlərin əksəriyyəti (980 ədəd) 1 ildən az olan işlərdir. Bu ümumi işlərin 94,8 faizi qədərdir. 1-2 il ərzində olan işlər 48 ədəd (4,64 faiz), 2-5 il ərzində və 5 ildən artıq olan olan işlər isə hərəsi 3 ədəddir (0,29 faiz).

Araşdırma nəticəsində müəyyən edilmişdir ki, hazırda 5 ildən artıq olan işlərin 3-ü də cinayət işləridir. Həmin işlərdən birində məhkum barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş və o sağalana və ya psixi vəziyyəti yaxşılaşana qədər cinayət işinin icraatı dayandırılmışdır. Artıq 27 yanvar 2017-ci il tarixdə həmin işə baxılaraq yekun qərar verilmişdir. Digər 2 cinayət işi üzrə isə təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Hər iki iş üzrə mütəmadi olaraq xatırlama məktubları göndərilir.

2-5 il arasında olan 3 işdən biri mülki, ikisi isə cinayət işidir. Mülki iş üzrə icraat digər əlaqəli mülki işə görə dayandırılmışdır. Hazırda həmin işlə bağlı mütəmadi olaraq xatırlama məktuları göndərilir. Digər 2 cinayət işi üzrə isə təqsirləndirilən şəxslər məhkəmədən qaçıb yayındığına görə barələrində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır.

Bütün qeyd edilənlər “Cədvəl 5”-ə əlavə olunmuş diqaramda da əksini tapmışdır.

4. Əsas CEPEJ göstəricilərinin (indikatorlarının) tətbiqi vəziyyəti barədə məlumat.

Hesabatda istifadə olunmuş əsas CEPEJ göstəriciləri aşağıdakılardır:



  • Məhkəmə işinin həll olunma göstəricisi (CR)

Müəyyən müddət ərzində yeni işlərin tamamlanmış işlərə nisbətini faizlə bildirir. Bu göstərici konkret bir məhkəmənin (və ya bütövlükdə məhkəmə sisteminin) daxil olan məhkəmə işlərini necə idarə etdiyi barədə yaxşı təsəvvür yaradır.

Həll olunma faizi (%) =

Dövr ərzində həll olunmuş işlər

X 100%

Dövr ərzində daxil olan işlər

Məsələn, məhkəməyə təqvim ilində 500 yeni iş təqdim edilibsə və məhkəmə bu müddət ərzində 550 işi tamamlayıbsa, CR göstəricisi 110 % təşkil edəcəkdir. Məhkəmə 400 işi tamamlasaydı, CR göstəricisi 80% olardı. 100%-dən yuxarı CR göstəricisi həlli gözlənilən işlərin azaldığını əks etdirir, bu eyni zamanda keyfiyyət aspektlərinə də lazımi diqqət yetirildikdə müsbət tendensiyadır.

Uzunmüddətli perspektivdə işinin həll olunma (CR) göstəricisi 100% civarında olmalıdır (+/- 2,5%). Daha yüksək və ya daha aşağı CR göstəriciləri sistemdəki anomaliyalara işarə edə bilər (məsələn, daha aşağı CR iş axının həcmində və ya onun tərkibində ciddi dəyişikliyin nəticəsi ola bilər, məhsuldarlığın azalması insan resurslarındakı dəyişikliklər və ya sair səbəblərdən ola bilər).


  • Məhkəmə işinə baxılma müddəti (DT)

DT göstəricisini hesablamaq üçün, dövrün sonunda həll olunmamış məhkəmə işlərinin sayı həmin dövr ərzində həll olunmuş məhkəmə işlərinin sayına bölünür və DT göstəricisini günlərin sayı ilə ifadə etmək üçün nəticə 365-ə vurulur. Bu əmsal işin həll edilməsinin orta hesabla nə qədər vaxt tələb etdiyini ölçür. Bilavasitə bu göstərici məhkəmə sistemində ən çox qaldırılan suallardan birinə-məhkəmə proseslərinin müddətinin orta uzunluğunun nə qədər olduğuna cavab verir.

Hesablanmış məhkəmə işinə baxılma müddəti=

Dövrün sonunda həll olunmamış məhkəmə işlərinin sayı

X 365

Dövr ərzində həll olunmuş məhkəmə işlərinin sayı

İdarəetmə eskpertlərinin sözləri ilə desək, ölçülə bilməyən idarə edilə bilməz. Yuxarıdakı iki göstəricinin tətbiqi (CR və DT) hər hansı məhkəmənin necə fəaliyyət göstərdiyinin, hansı çətinliklər və maneələrlə qarşılaşdığının daha yaxşı başa düşülməsinə gətirib çıxarır.

Bütün növ məhkəmə işlərinin (“Cədvəl 6”) təhlili göstərir ki, ildən-ilə məhkəməyə yeni daxil olan işlərin sayı artmışdır. CR və DT indikatorlarının təhlili göstərir ki, CR göstəricisi 2010-cu ildə 102 faiz olsa da, 2016-cı ildə bu rəqəm 93 faizə enmişdir. 2015-ci ildə isə bu rəqəm 94 faiz olmuşdur. Dispozisiya müddətində də artım müşahidə olunur. Belə ki, 2010-cu ildə bu rəqəm 54 gün olmuşdursa, 2016-cı ildə bu rəqəm 95 gün olmuşdur. 2015-ci ildə isə 84 gün olmuşdur.

Ayrı-ayrı kateqoriyalar üzrə həmin göstəricilər ilə “Cədvəl 7”, “Cədvəl 8”, “Cədvəl 9”, “Cədvəl 10”, “Cədvəl 11” və “Cədvəl 12” vasitəsilə tanış olmaq olar. Cədvəllərdən göründüyü kimi CR göstəricisi 2016-cı ildə mülki və iqtisad işləri üzrə 92%, inzibati işlər üzrə 88%, inzibati xətalara dair işlər üzrə 99%, cinayət işləri üzrə 97%, prosessual məcburiyyət tədbirlərinin tətbiqinə dair işlər üzrə 100% və hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası üzrə 88% olmuşdur. DT göstəricisi isə 2016-cı ildə mülki və iqtisad işləri üzrə 106 gün, inzibati işlər üzrə 85 gün, inzibati xətalara dair işlər üzrə 13 gün, cinayət işləri üzrə 114 gün, prosessual məcburiyyət tədbirlərinin tətbiqinə dair işlər üzrə 4 gün və hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası üzrə 104 gün olmuşdur.

Qeyd olunan göstəricilər təhlil edilərkən bir məqam da qeyd edilməlidir. Gördüyünüz kimi hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası üzrə CR göstəricisi 88 %, DT göstəricisi isə 104 gün olmuşdur. Lakin rəqəmlərə baxdıqda görünür ki, 2016-cı ildə hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası üzrə 8 yeni iş daxil olmuş, 1 iş isə 2015-ci ildən qalıq keçmişdir. Bu işlərdən 7 işə baxılıb qərar qəbul edilmiş, 2 iş isə növbəti ilə qalıq keçmişdir. Göründüyü kimi faiz nisbətində göstəricilər qənaətbəxş olmasa da, rəqəmlərə baxdıqda göstəriciləri qənaətbəxş hesab etmək olar.


  • Həllini gözləyən məhkəmə işlərinin müddəti (APC)

Həllini gözləyən aktiv məhkəmə işlərinin müddəti işin məhkəmədə qeydə alındığı andan etibarən ötmüş illərin/günlərin sayı ilə ölçülür. Məhkəmədə qeydiyyata alınmış, lakin baxılmamış məhkəmə işləri məhkəmənin həllini gözləyən iş yükünü təşkil edir. Bu, AİHK-in 6-cı maddəsinə əsasən məqbul müddət ərzində məhkəməyə müraciət imkanı ilə bağlı pozuntularla mübarizə baxımından həlledici əhəmiyyətə malik göstəricidir. Aktiv məhkəmə işlərinin gözləmə müddəti müəyyən edildikdə, məhkəmə gecikmələrdən xəbərdar olur və diqqətini məqbul hesab olunan müddət ərzində məhkəmə işlərinin tamamlanmasının təmin edilməsi üçün nəyin tələb olunduğuna yönəldir.

Azərbaycan Respublikası məhkəmələrində seçilmiş CEPEJ alətlərinin tətbiqinə dair təlimat”da həllini gözləyən vaxt müddətləri “Cədvəl 13”-də göstərildiyi kimi təklif olunmuşdur. Lakin Sumqayıt Apelyasiya Məhkəməsində bu müddətlər 3 aydan az, 3-6 ay, 6-9 ay, 9-12 ay, 12 aydan artıq kimi qeyd edilmişdir. “Cədvəl 14”, “Cədvəl 15” “Cədvəl 16” vasitəsilə 31 dekabr 2016-cı il tarixinə olan həllini gözləyən mülki və iqtisadi işlər, inzibati işlər və cinayət işlərinin vaxt çərçivələrini görmək mümkündür.



  • Hakimbaşına düşən məhkəmə işlərinin sayı (CPJ)

Verilən dövr ərzində hakimbaşına düşən həll edilmiş məhkəmə işlərinin sayı. Bu göstərici hakimlərin iş yükünün ölçülməsi üçün əhəmiyyətlidir. Ondan hər hansı məhkəmə daxilində ayrı-ayrı hakimlərin iş yükünü müqayisə oluna bilən başqa məhkəmələrdəki hakimlərlə müqayisə üçün və s. istifadə etmək olar.

  • Heyətbaşına düşən məhkəmə işlərinin sayı (CPS)

Bir dövr ərzində məhkəmədə xidmət göstərən işçi heyətinin sayı və həmin dövrün sonunda həmin məhkəmədə baxılan məhkəmə işlərinin məhsuldarlığı arasında əlaqənin göstəricisidir. Bu göstəricidən müqayisə oluna bilən (məs: eyninövlü) məhkəmələrlə qarşılaşdırma və ya uzunmüddətli perspektivdə işçi heyətinin iş səmərəliliyinin izlənməsi üçün istifadə edilə bilər.

  • Hakimbaşına düşən heyətin sayı (SPJ)

Müəyyən bir dövr ərzində məhkəmədə xidmət göstərən işçi heyətinin sayı və həmin məhkəmədə xidmət göstərən hakimlərin sayı arasında əlaqənin göstəricisidir. Aydındır ki, hər hansı məhkəmənin effektivliyi insan resurslarının kəmiyyətindən və keyfiyyətindən asılıdır. Məhkəmə və inzibati yardımçı heyətin müvafiq şəkildə bölüşdürülməsi məhkəmə xidmətlərinin səmərəliliyinin artmasına və keyfiyyətinin yaxşılaşmasına gətirib çıxaracaq. Bu göstəricidən müqayisə oluna bilən (məs: eyninövlü) məhkəmələrlə qarşılaşdırma və ya müxtəlif hakim/heyət nisbəti ilə fəaliyyətin qiymətləndirilməsi üçün istifadə edilə bilər.

Cədvəldən göründüyü kimi yeni və həll olunmuş işlərin sayında artım müşahidə olunsa da, hakimlərin sayı dəyişməz olaraq qalmışdır. 2016-cı ildə bir hakimə düşən yeni daxil olan iş 224, həll olunmuş iş isə 209 olmuşdur (CPJ).

Heyətbaşına düşən məhkəmə işlərinin sayını (CPS) təhlil edərkən müəyyən olunur ki, məhkəmənin ümumi heyəti 64 nəfər olmuş, onlardan 37-si hakim köməkçisi və məhkəmə iclas katibi, 27-i isə digər işçilər olmuşlar. Həll olunmuş işlərin məhkəmə heyətinə nisbəti 62 iş olmuşdur.

Hakimbaşına düşən heyətin sayını təhlil edərkən müəyyən olunur ki, (SPJ) 2016-cı ildə hakimlərin sayı 19, hakim köməkçiləri və iclas katiblərinin sayı 37, digər işçilərin sayı 27, məhkəmə heyətinin ümumi sayı isə 64 olmuşdur. Göründüyü kimi hakim köməkçiləri və iclas katiblərinin hakimlərə nisbəti 1,95 nəfər, digər işçilərin hakimlərə nisbəti 1,42 nəfər, məhkəmə heyətinin ümumi sayının hakimlərə nisbəti isə 3,37 nəfər olmuşdur.


6. Əlavələr

Hesabatda istifadə olunmuş cədvəl və diaqramlar aşağıdakılardır:
































Yüklə 69,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin