V. BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞI
İkinci Dünya müharibəsinin Böyük Britaniya üçün nəticələri. Böyük Britaniya İkinci Dünya müharibəsindən qalib dövlət kimi çıxsa da, müharibənin nəticələri onun üçün o qədər də fərəhləndirici deyildi. 244 min nəfərdən çox adam ölmüş, 53 mindən çox adam itkin düşmüş, 277 min adam isə yaralanmış və şikəst olmuşdur. Birbaşa və dolayı yolla ölkəyə dəyən zərər 8,5 milyard funtsterlinq həcmində idi. İngiltərənin mühabirəyə çəkdiyi xərc 25 milyard funtsterlinqdən çox idi. İngiltərə dənizlər hökmdarı rolunu da itirərək, bu sahədə birinciliyi ABŞ-a verməli oldu. Kapital ixracına görə isə ikinci yerə keçdi. Müharibə dövründə İngiltərənin qızıl ehtiyatları xeyli azaldı. Müharibə ölkəni qızıl ehtiyatlarının xeyli hissəsini xərcləməyə məcbur etdi. Zəruri ərzaq məhsulları çatışmırdı. Müharibə dövründə ənənəvi sənaye sahələri, məsələn, pambıq-parça istehsalı – 50%, kömür çıxarılması – 16%, ayaqqabı istehsalı 13% azalmışdı. Dövlət borcları 1939-cu ildəki 7,2 milyard funt-sterlinqdən 1946-cı ildə 23,7 milyard funt-sterlinqə çatdı ki, bunun da 3 milyard funt-sterlinqi xarici borclar idi. Böyük Britaniya müharibə dövründə ABŞ-ın göndərdiyi hərbi malların dəyərini öləmək üçün xaricə qoyduğu kapital qoyuluşunun 1 milyard funt sterlinqini ona verməli oldu. Böyük Britaniyanın 1938-ci ildə kapital ixracı 471 mln. funt sterlinq təşkil edirdisə, 1944-cü ildə bu rəqəm 266 mln. funt sterlinqə endi. İngitlərə öz ticarət donanmasının xeyli hissəsini itirdi. Müharibə dövründə dənizçilərin və balıqçıların 1/3 hissəsi həlak oldu. Müstəmləkələrlə əlaqələr zəiflədi. Bundan istifadə edən Britaniya dominionları özlərinin iqtisadi və siyasi müstəqilliklərini artırdılar. İngiltərənin Yaxın və Orta Şərqdə nüfuzu zəiflədi. Dünya ticarətində İngiltərənin payı 1937-ci ildəki 11,3%-dən 1947-ci ildə 9,8%-ə düşdü. Bütövlükdə İkinci dünya müharibəsində Böyük Britaniya öz milli sərvətinin 25%-ni itirdi.
Müharibə dövründə İngiltərə dominionlarının və müstəmləkələrinin inkişafı və onların bəzilərinin (Kanada) İngiltərəni ötüb keçməsi Böyük Britaniya müstəmləkə imperiyasının dağılmasını sürətləndirdi. Müharibə İngiltərəni ABŞ-dan asılı vəziyyətə saldı.
Müharibə dövründə İngiltərə həmkarlar ittifaqı üzvlərinin sayı 4 milyondan 7 milyona çatdı. Leyboristlər partiyası üzvlərinin sayı da 3 milyonu ötüb keçdi. Müharibə ilə əlaqədar İngiltərədə yeni sənaye sahələri: kimya, eletrotexnika, maşınqayırma, aviasiya, matorqayırma və başqa sahələr inkişaf etdi. 30 iri inhisar ölkənin iqtisadi və siyasi həyatında əsas rol oynayırdı.
Böyük Britaniya leyboristlərin hakimiyyəti dövründə (1945-1951-ci illər). 1940-cı ilin mayından 1945-ci ilin iyuluna qədər İngiltərədə U.Çörçillin başçılıq etdiyi mühafizəkarlar hökuməti hakimiyyətdə idi. 1945-ci ilin iyulun 26-da İngiltərədə parlament seçkiləri keçirildi. Seçkiqabağı kampaniyada leyboristlər xalqa vəd etdilər ki, hakimiyyətə gəlsələr, Böyük Britaniyada «firavanlıq dövləti» yaradacaqlar. Bu təbliğat öz işini gördü. Leyboristlər – 393, mühafizəkarlar – 189, liberallar – 12 yer aldılar. İki kommunist – Uilyam Qallaxer v Filipp Pirettin də parlamentə deputat seçildi. Müharibə dövründə xalq içərisində böyük nüfuz qazanmış leyboristlər ölkə tarixində ilk dəfə olaraq icma palatasında mütləq əksəriyyət qazandılar. Leyboristlər partiyasının lideri Klement Ettlinin başçılığı altında hökumət təşkil edildi. Burjuaziyanın və iri torpaq aristokratiyasının mənayefini müdafiə edən və İngiltərənin keçmiş tarixi ənənələri çərçivəsində qalmasına çalışan mühafizəkarlardan fərqli olaraq əsas sosial bazası həmkarlar ittifaqının üzvləri olan leyboristlər partiyası İngiltərəni «demokratik sosializm» yoluna çıxarmaq uğrunda mübarizə aparacağını elan etdi. Bu dövrdə ölkə qarşısında ciddi iqtisadi, siyasi və maliyyə problemləri dururdu. ABŞ 1945-ci ilin avqustunda lend-liz qanunu üzrə İngiltərəyə məhsul göndərilməsini dayandırdı. Belə olduqda leyboristlər hökuməti ABŞ və Kanadadan istiqraz istəməyə məcbur oldu. ABŞ və Kanada 1946-cı ilin martında ona 5,6 milyard dollar dəyərində istiqraz verdi. 1947, 1949, 1951-ci illərdə İngiltərə maliyyə böhranı keçirdi.
Leyboristlər hakimiyyətə gəldikdən sonra iqtisadi sahədə müəssisələrin bir çoxunun zərərlə işləməsini əsas götürərək geniş milliləşdirməyə keçdilər. 1946-cı ilin fevralında İngiltərə bankı, 1946-1947-ci illərdə dəmir yollar, mülki aviasiya, nəqliyyat, kabel və teleqraf rabitəsi, həmçinin kömürçıxarma və elektrotexnika sənayesi, 1948-ci ildə qaz sənayesi, 1949-cu ildə isə polad və dəmir istehsalı milliləşdirildi. Milliləşdirilmiş müəssisələrin sahiblərinə kompensasiya verildi, özlərini isə həmin müəssisələrə direktor təyin etdilər. Bu müəssisələrdə fəhlələrin 20%-i çalışırdı. Ölkədə iqtisadiyyatın dövlət bölməsi 20-25% təşkil edirdi. Bütün bunların nəticəsində İngiltərə 1948-ci ildə sənaye məhsulu istehsalına görə müharibədən əvvəlki səviyyəyə çatdı. Kapital icraçı 1951-ci ildə 1937-ci illə müqayisədə 53% artdı. Lakin İngiltərədə talon sistemi 50-ci illərin ortalarına qədər qaldı. Bu isə ölkədə iqtisadi inkişafın zəif getməsinin təzahürlərindən idi. İkinci dünya müharibəsindən sonrakı illərdə İngiltərə Qərbin qabaqcıl dövlətlərindən biri, çox zəngin inhisarları olan, elm və texnikanın sürətlə inkişaf etdiyi ölkə, «nüvə klubu»nun üzvü olsa da, öz inkişaf sürətinə görə Qərbi Avropanın digər qabaqcıl ölkələrindən, ABŞ və Yaponiyadan geri qalırdı. Bunun səbəbləri təkcə müharibədə verdiyi itkilər, müstəmləkə imperiyasının dağılması, ABŞ-ın kapitalist dünyasının aparıcı siyasi və hərbi qüvvəsi kimi irəli çıxması, rəqabət mübarizəsinə yenidən başlamış AFR və Yaponiyanın sürətli dirçəlişi deyil, həm də Böyük Britaniya hakim sinfinin lazımi daxili yenidənqurma iqtidarında olmaması idi.
1949-cu ildə lordlar palatasının islahatı keçirildi. Maliyyə məsələsinə onun «veto» qoymaq hüququ iki ildən bir ilə endirildi. Həmçinin Lordlar palatası icmalar palatasının qəbul etdiyi qərarları artıq rədd edə bilməzdi.
Dövlət həmçinin sosial sahədə geniş tədbirlər həyata keçirdi, pulsuz tibbi xidmət tətbiq etdi. 1927-ci ildə verilmiş həmkarlar ittifaqlarının hüquqlarını məhdudlaşdıran qanun ləğv edildi. 1946-cı ildə qanunlar paketi qəbul edildi ki, ona sığortanın milliləşdirilməsi, sənaye işçilərinin müdafiəsi və milli səhiyyə haqqında aktlar daxil idi. Paket 1948-ci ildə Milli sosial müdafiə nazirliyinin təşkili ilə tamamlandı. Həmin qanunlar əsasında, bütün əhalinin yaşına görə (kişilər 65, qadınlar 60 yaşdan) pensiya ilə təmin edilməsi, işsizlərə müavinat verilməsi, hamiləlik, ölüm və xəstəlik zamanı maddi yardım göstərilməsi qanuniləşdirildi. Sığorta fondunun 35%-i sığorta edilənlərin özünün hesabına, qalanı isə sahibkarlar və dövlətin hesabına maliyyələşdirilməli idi. Bütün bu islahatlar nəticəsində sosial müdafiəyə dövlət xərcləri 2,5 dəfə artdı.
Leyboristlərin hakimiyyəti dövründə zəhmətkeşlərin real əmək haqqı müharibədən əvvəlkinin 80%-ni təşkil edirdi. 1945-ci ildə ölkənin 60 limanında fəhlələrin tətili qələbə ilə nəticələndi. Həmkarlar ittifaqları istehsalat prinsipi üzrə yenidən qurulmağa başladı. Lakin Britaniya tred-yunion konqresi əvvəlki sağ mövqedə qalırdı. 1948-ci ildə kommunistlər ölkədəki antisovet əhval-ruhiyyə ilə əlaqədar olaraq dövlət aparatından kənarlaşdırıldılar.
1948-ci ildə İngiltərədə sülh tərəfdarlarının hərəkatı başlandı. 1949-cu ilin iyununda İngiltərə sülhü müdafiə komitəsi yaradıldı. Bu hərəkatda ən çox həmkarlar ittifaqlarının üzvləri iştirak edirdilər.
Xarici siyasət sahəsində leyboristlər mühafizəkarların xəttini davam etdirdilər. Leyboristlərin hakimiyyəti dövründə İngiltərə «soyuq» müharibəyə qoşulan ilk dövlətlərdən biri oldu. Müstəmləkələrə münasibətdə İngiltərə ikili siyasət yeridirdi. O ölkədə ki milli-azadlıq hərəkatının öhdəsindən gələ bilməyəcəyini dərk edirdi, onlara dominionluq hüququ və ya müstəqillik verirdi. 1947-ci ildə Birmaya və 1948-ci ildə Seylona müstəqillik verdi. 1947-ci ildə dini əlamətlərə görə Hindistanı iki yerə – Hindistan və Pakistana parçalayaraq onlara dominion hüququ verdi. 1950-ci ildə isə Hindistanın müstəqilliyini tanıdı. 1949-cu ildə Olsterdən başqa İrlandiyaya müstəqillik verdi. 1948-1951-ci illərdə İngiltərə «Marşall planı»na qoşularaq bu layihə əsasında 2,3 milyard dollar aldı. 1945-1950-ci illərdə Uqanda, Malayziya, Nigeriya, Keniyada milli-azadlıq hərəkatını zor gücünə yatırtdı. 1949-cu ildə NATO-nun təşkilində iştirak etdi. 1950-ci ildə Koreya müharibəsində ABŞ-ın tərəfində çıxış etdi. 1951-ci ildə ANZYUS-un yaranmasını bəyəndi. Yunanıstanda hərbi-faşist rejiminə kömək etdi. Leyboristlər xarici siyasətdə antisovetizm mövqeyi tutdular.
Böyük Britaniya mühafizəkarların hakimiyyəti dövründə (1951-1964-cü illər). 1950-ci ilin fevralında keçirilən seçkilərində leyboristlər çox cüzi üstünlüklə qalib gəlsələr də, ölkədəki enerji və maliyyə böhranı leyboristləri parlamenti buraxmağa və yeni seçkilər keçirməyə vadar etdi. 1951-ci ilin oktyabrın 25-də keçirilən seçkilərdə leyboristlər məğlub oldular. Bu seçkilərdə mühafizəkarlar 321, leyboristlər 295 yer aldılar. yenidən mühafizəkarlar hakimiyyətə gəldilər. 77 yaşlı Uinston Çörçill ikinci dəfə baş nazir kürsüsündə əyləşdi. 1964-cü ilə qədər mühafizəkarlar İngiltərədə hakimiyyətdə oldu. Bəzən leyboristlər bunu «hədər getmiş 13 il»də adlandırırlar. Mühafizəkarlar partiyasının liderlərindən olan Çörçill 1951-1955, müharibə dövründə xarici işlər naziri işləmiş Antoni İden 1955-1957, Harold Makmillan 1957-1963, Duklas Hyum isə 1963-1964-cü illərdə İngiltərənin baş naziri oldular. Mühafizəkarlar hakimiyyətə gəldikdən sonra əvvəlki səhvlərini təkrar etməyərək sosial sığorta və tibbi xidmət sahələrinə toxunmadılar. Mühafizəkarlar ilk növbədə yaranmış böhrandan çıxış yolu axtardılar. Onlar sənaye və ərzaq məhsullarından idxalı azaltdılar. Bu da ərzaq məhsullarının qiymətinin artmasına səbəb oldu. Eyni zamanda onlar səhiyyə, xalq təhsili, mənzil tikintisi, sosial sığortaya olan xərcləri də bir qədər azaltdılar. 50-ci illərin ortalarında İngiltərənin iqtisadi vəziyyəti bir qədər yaxşılaşdı.
Sənayenin inkişafı ən çox özünü yeni sahələrdə – elektroenergetika, aviasiya, matorqayırma, avtomobil, maşınqayırma, kimya və digər sahələrdə göstərdi. Bununla belə İngiltərənin kapitalizm dünyasının sənaye məhsulu istehsalında payı əgər 1948-ci ildə 11,2% idisə, 1962-ci ildə 8,8%-ə düşdü. Xalqın həyat səviyyəsi də aşağı endi. Mühafizəkarlar iqtisadiyyatı sabitləşdirmək üçün istehsalın və kapitalın mərkəzləşməsini və təmərküzləşməsini gücləndirdilər. Proqramlaşdırılmış iqtisadiyyata keçildi. Dövlət əmək münasibətlərinə daha çox qarışmağa başladı. Vergilər artırıldı, əmək haqqının artırılması isə məhdudlaşdırıldı. Onlar yenidən poladtökmə sənayesini və yük nəqliyyatını özəlləşdirdilər.
XX əsrin 50-ci illərndə Avropanın digər ölkələri kimi İngiltərədə də iqtisadi inkişaf müşahidə edilsə də, lakin o, bu sahədə Almaniya və Fransadan geridə qalırdı. Buna səbəb, ingilis burjuaziyasının daxildə istehsalı yenidən durmağa lazımi qədər təşəbbüs göstərməməsi idi. Bu həlledici səbəbdən başqa, 50-ci illərdə meydana çıxan və 80-ci illərin ortalarına qədər hökm sürən iqtisadi geriliyin - «ingilis xəstəliyi»nin digər səbəbləri də var idi. Belə ki, vaxtilə öz ərazisindən dəfələrlə böyük müstəmləkə ərazisinə malik olan İngiltərə İkinci dünya müharibəsindən sonra onların bir çoxuna müstəqillik verdiyi üçün indi onlardan lazım olan məhsulları pulla almalı olurdu. Sinqapurdan Cəbəllütariqə qədər olan ərazidə hərbi qarnizon saxlaması da dövlətə baha başa gəlirdi.
1952-ci ildə İngiltərə kralı VI Georq öldü. Taxta onun 26 yaşlı qızı II Yelizaveta çıxdı. Bu hadisə ilə əlaqədar İngiltərə hökuməti ABŞ-dan xahiş etdi ki, ABŞ ona nüvə silahı yaratmaqda kömək etsin. 1952-ci ildə İngiltərə atom silahına sahib olmaqla nüvə klubunun üzvü oldu. 50-ci illərdə yeganə artım kapital ixracında nəzərə çarpırdı. 1945-ci ildə İngiltərədə 2,4 milyard funt-sterlinq kapital ixrac edilirdisə, 1960-cı ildə bu rəqəm 11 milyard funt-sterlinqə çatdı. Mühafizəkarlar hökuməti idxalı xeyli azaltmaqla ənənəvi siyasət olan proteksionizm siyasətini yenidən tətbiq etdilər.
XX əsrin 50-60-cı illərində İngiltərədə fəhlə hərəkatı yenidən yüksəldi. 1952-1960-cı illərdə tətil hərəkatı 1948-1952-ci illərə nisbətən 64% artmışdı. Tətilçilər öz tələblərinin ödənilməsinə nail oldular. 1956-cı ildə 12,5 milyon fəhlənin əmək haqqı artırıldı. Fəhlə sinfi öz mübarizəsində təkcə iqtisadi tələblərlə kifayətlənmir, sülhü, milli-azadlıq hərəkatlarını müdafiə edir, Qərbi Almaniyanın yenidən silahlanmasına qarşı çıxır, Misirə təcavüzü pisləyirdi. 60-cı illərin birinci yarısında tətil hərəkatı yenidən yüksəldi. Fəhlələr daha çox sosial və siyasi tələblər irəli sürürdülər. 1962-ci ildə 800 min işsiz parlamentə yürüş təşkil etdi.
Elmi-texniki inqilab cəmiyyətin sosial strukturunda dərin dəyişkliklər yaratdı. Yüksək ixtisaslı mütəxəssislər 1935-ci ildə 13% təşkil edirdilərsə, 1960-cı ildə 22% təşkil etdilər. Qeyri-istehsal sahələrində muzdlu işçilərin sayı artdı. 1961-ci ildə ağ qalstuklular muzdlu əməklə məşğul olan şəxslərin 35,9%-ni təşkil edirdilər.
Mühafizəkarların hakimiyyəti dövründə xarici siyasətdə aşağıdakı amillər özünü nümayiş etdirirdi: Çörçill müstəmləkə imperiyasını qoruyub saxlamağı öz üzərinə götürsə də, bunu bacarmadı. Ona görə də o, «üç dairə» konsepsiyasını irəli sürdü. Bu konsepsiya İngiltərənin üç rolda özünü göstərə bilməsini nəzərdə tuturdu. Qərbi Arvopada o, lider, Qərbi Arvopa ilə ABŞ-ı əlaşələndirən əsas halqa, Millətlər birliyinin ənənəvi mərkəzi olmalı idi. 1954-cü ildə İngiltərənin başçılığı altında SEATO, 1956-cı ildə Bağdad paktı yaradıldı. 1955-ci ildə Çörçilli əvəz edən və «Hər bir diplomatiyanın arxasında güc durur» prinsipini əsas götürən baş nazir Antoni İden İngiltərənin Fransa və İsraillə birlikdə Misirə qarşı müharibəyə başlamasına razılıq verdi. Bu hadisə onu nüfuzdan saldı. Çünki Misir qələbə çaldı. Antoni İden istefa verməli oldu. Onun yerinə gələn Makmillan isə məcbur oldu ki, müstəmləkələrin çoxuna azadlıq versin. 1960-cı ildə İngiltərənin Afrikada ən böyük müstəmləkəsi olan Nigeriya müstəqillik qazandı, Cənubu Afrika İttifaqının CAR adlanmasına razılıq verildi. Bununla belə, bu hökumət Malayziya xalqına qarşı müstəmləkə müharibəsi apardı. Keniyanın zənci əhalisinə qarşı amansız tədbirlər gördü. İngiltərə 1878-ci il Berlin konfransının qərarına əsasən Türkiyədən alınaraq ona verilmiş Kiprin müstəqilliyini 1960-cı ildə tanımalı oldu. Ümumiyyətlə, 60-cı illərin əvvəllərində İngiltərənin əlində çox az yer – Cəbəllütariq (1704-cü ildən İngiltərənin tabeliyindədi idi) və okeanda bir sıra xırda adalar qaldı.
İngiltərə hökuməti bu dövrdə Avropa və Amerika ilə münasibətlərini yaxşılaşdırmağa daha çox üstünlük verirdi. O, Avropa qitəsinə aid olsa da, özünü avropalı hesab etmirdi. Məhz bunun nəticəsi idi ki, 1951-ci ildə Avropa polad və kömür birliyi, 1957-ci ildə Avropa İqtisadi Birliyi yaradılarkən İngiltərə onun tərkibinə daxil olmadı. 1960-cı ildə öz rəhbərliyi altında Avropa azad ticarət assosiasiyasını təşkil etdi. Onun üzvləri İngiltərə, Portuqaliya, Yunanıstan, İsveç idi. Lakin bu assosiasiya özünə möhkəm mövqe qazana bilmədi. Fövqəl dövlətlərin Avropada ağalıq etmələrinin qarşısını almaq üçün təşkil edilmiş Avropa İqtisadi Birliyi zamanın sınağından daha məharətlə çıxdı. Makmillanın baş nazir olduğu dövrdə SSRİ ilə münasibətdə mülayimlləşmə hiss olunurdu. Makmillan 1959-cu ildə SSRİ-yə səfər etdi. 1963-cü ildə Makmillan istefa verməli oldu. Onun əsas səbəbi hərbi nazir Prafyumonun şübhəli hərəkəti oldu. Makmillanı Duklas Hyum əvəz etdi. Onun dövründə atom silahının sınaqdan keçirilməsinin qadağan edilməsi ilə əlaqədar Moskvada bağlanan sazişə İngiltərə də imzasını qoydu. Bu dövrdə İngiltərə hökuməti Yaxın Şərqdə yenə də İsraili müdafiə edirdi. Mühafizəkarların hakimiyyəti dövründə İngiltərənin dominionları olan Kanada, Avstraliya, Yeni Zelandiya ilə əlaqələri daha da möhkəmləndi. Böyük Britaniya bu dövrdə ABŞ yönümlü xarici siyasət yeridirdi.
Böyük Britaniya leyboristlər hökuməti dövründə (1964-1970-ci illər). 1964-cü ilin oktyabrında keçirilən parlament seçkilərində mühafizəkarların hakimiyyətdə olduğu dövrü «havayı getmiş 13 il» hesab edən leyboristlər qələbə qazandılar. Leyboristlər partiyasının lideri Harold Vilsonun başçılığı altında yeni hökumət təşkil edildi. Bu hökumət İngiltərə tarixinə «texnokrat hökuməti» adı ilə daxil oldu. Leyboristlər hakimiyyətə gələn kimi yenə də poladtökmə sənayesini milliləşdirdilər. Sənayenin bu sahəsində istehsalın 90%-i dövlət müəssisələrinə məxsus idi. 1969-cu ildə Qərbi Avropada 20 iri kampaniya fəaliyyət göstərirdi ki, onun 8-i Böyük Britaniyaya məxsus idi. Sosial sahədə də bir sıra tədbirlər görüldü. Təqaüdlər 20% artırıldı, ev sahiblərinin mənzil kirayəsini əsassız surətdə artırmaları məhdudlaşdırıldı, həmkarlar ittifaqı ilə belə bir razılıq əldə edildi ki, əmək haqqı ildə 3,5% artırılsın. Lakin tezliklə Vilson hökuməti belə bir xətt götürdü ki, əmək haqlarının artırılmasını və tətilləri məhdudlaşdırsın. Gəlir və qiymətlər üzrə milli idarə təşkil edildi. Bu idarə əmək haqları məsələsinə həmkarlar ittifaqları ilə razılaşmaq şərti ilə baxa bilərdi. 1966-cı ildə hökumət funt-sterlinqin dəyərinin 14,3% bərpa edilməsinə nail oldu. 60-cı illərdə seçki yaşı 21-dən 18-ə endirildi. 1968-ci ildən sosial tədbirlərə - təhsil, mənzil tikintisinə çəkilən xərclər ixtisar edilməyə başladı. Hökumət fəhlələr əleyhinə bir sıra qanun layihələri də hazırladı, lakin bunların heç biri parlament tərəfindən qəbul edilmədi. 1965-ci ildə irqi mənsubiyyət haqqında qəbul edilən qanun kommunal xidmət və nəqliyyatda irqlərin bərabərliyini nəzərdə tutulurdu. 1968-ci ildə qəbul edilən mühacirət haqqında qanunvericiliyə əsasən işə götürülmədə və mənzil almaqda ayrı-seçkilik ləğv edilirdi. 1969-cu ildə Böyük Britaniya tarixində birinci dəfə olaraq narkomaniyaya qarşı mübarizə haqqında qanun qəbul edildi.
Bu dövrdə İngiltərənin daimi problemi olan Şimali İrlandiya problemi yenidən meydana çıxdı. Belə ki, İrlandiyanın şimalındankı Olsterdə yaşayan əhalinin 2/3 hissəsi protestant-ingilislərdən ibarət olduğuna görə, onlar Olsterin müstəqil İrland dövlətinin tərkibnə daxil olmasına maneçilik törədirdilər. Bu problem 60-cı illərin II yarısında daha da kəskinləşdi. Hətta katoliklər «İrlandiya Respublikası ordusu» adlı xüsusi dəstələr təşkil etdilər İngiltərə hökumətinə onlar təzyiq göstərərək şimalı cənubla birləşdirmək istədilər. Onlar həm İrlandiyadakı ingilislərə qarşı, həm də İngiltərənin bir sıra şəhərlərində terror aktı törətdilər. İrlandlar tələb edirdilər ki, Şimali İrlandiyada onlara bütün sahələrdə – işə götürülmədə, mağazalarda, məktəblərdə və s.-də ingilislərlə bərabər hüquq verilsin. Hadisələrin gedişi onunla nəticələndi ki, 1969-cu ildə leyborist hökuməti İrlandiyaya qoşun yeritməli oldu.
Leyboristlər hökumətinin dövründə İngiltərə öz xarici siyasətində əslində mühafizəkarların xəttini davam etdirirdi. ABŞ-ın Hind-Çindəki siyasətinə haqq qazandırırdı. 1967-ci ildə ərəblərə qarşı başlanan müharibədə İsraili müdafiə edirdi. Sürətlə silahlanmanı gücləndirdi. İngilətərə bu dövrdə NATO-da fəaliyyətini artırdı. Cənubi Afrika və Rodeziyada irqçilik rejimini bəyəndi. 1968-ci il Çexoslovakiya hadisələri zamanı ölkədə antisovet kampaniya genişləndirildi. Bütün bunlar leyboristləri ölkə daxilində nüfuzdan saldı. Leyboristlər hökuməti dövründə tətil mübarizəsi kəskinləşdi. 1968-ci ildə maşınqayıranlar və gəmi inşaatçıları 24 saatlıq tətil keçirdilər və əmək haqlarının artırılmasına nail oldular. 1969-cu ilin fevral ayının 27-də hökumətin siyasətinə qarşı ölkənin hər yerində tətil hərəkatı başlandı. Antihəmkarlar ittifaqı haqqında qanun layihəsinə qarşı fəhlələr qəti etirazlarını bildirdilər. Həmkarlar ittifaqının 2,5 milyondan artıq üzvü leyboristlər hökumətindən narazı olduğunu bildirdi. Leyboristlərin sosial xərcləri azaltması və əmək haqqlarını dondurması da ingilis xalqının xoşuna gəlmədi.
Böyük Britaniya mühafizəkarların hakimiyyəti dövründə (1970-1974-cü illər). 1970-ci ilin iyun ayının 18-də leyboristlər partiyası təcili seçkilər keçirdi ki, öz vəziyyətini möhkəmlətsin. Lakin yenidən mühafizəkarlar 46,4% səs alaraq əksəriyyət qazandılar. Edvard-Hitin başçılığı altında «Yeni mühafizəkarlar hökuməti» təşkil edildi. Bu hökumət milliləşdirilmiş müəssisələri sahiblərinə qaytardı. Mühafizəkarlar «infilyasiya üzərindən istehsalın artımı» siyasətini irəli sürdülər. Onlar xüsusi kapitalist bölməsini möhkəmlətməyə çalışırdılar. Lakin ölkədə infilyasiyanın qarşısını almaq mümkün olmadı, enerji böhranı gücləndi. 1971-ci ildə «Sənayedə münasibətlər haqqında» qanuna əsasən tətillər haqqında 60 gün əvvəldən hökumətə xəbər verilməli idi. Qeyri-rəsmi tətillər qadağan edilirdi. Əmək münasibətlərinə baxmaq üçün xüsusi məhkəmə yaradıldı. Hökumətin həmkarlar ittifaqı üzərində nəzarəti gücləndirildi. Edvard Hitin dövründə İngiltərə də başqa kapitalist ölkələri kimi 1973-74-cü illərdə ciddi energetika böhranı ilə qarşılaşdı. 1977-ci ilə qədər İngiltərədə bu fasilələrlə davam etdi. Hər il (bu illər ərzində) İngiltərədə sənaye istehsalı 4,6% aşağı düşdü. Bu dövrdə inflyasiya 30% artdı. Ölkədə işsizlərin sayı 1 milyon 211 min nəfər idi. Qızıl ehtiyatı sürətlə tükənməyə başladı. İngiltərə maliyyə köməyi üçün Beynəlxalq valyuta fonduna müraciət etməyə məcbur oldu. Hökumət əmək haqlarının artmasını «dondurdu». Zəruri ərzaq mallarının qiyməti artırıldı. Əmək haqlarının dondurulması müəllimlər, tələbələr, poçt və kantor işçiləri, tibb bacılarına da aid edildi. Sənaye məhsulu istehsalı üzrə kapitalizm dünyasında İngiltərənin payı 1973-cü ildə 5,4%-ə düşdü. 70-ci illərin ortalarında sənaye məhsulu istehsalına görə o, kapitalist ölkələri içərisində 5-ci yeri tuturdu.
E.Xitin «yeni müzafizəkarlar hökuməti» 1973-cü ildə səhiyyə və təhsil sistemində islahatlar keçirdi. «Mənzil tikintisində ədalətli xətt» adı altında islahatlar proqramı dərc edildi. Gəlir vergisi hər funt-sterlinq üçün 6 pens aşağı salındı. Böyük Britaniya Əmək Konfederasiyası konqresinin 1973-cü ilin martında keçirilən qurultayında hökumətin siyasəti kəskin tənqid edildi. 1972-ci ildə konqres kommunistlərin həmkarlar ittifaqlarında rəhbər vəzifələrə seçilməsi haqqında qadağanı götürdü. 1972-ci ildə qəbul edilmiş qanuna əsasən yerli icra hakimiyyətlərinin rəhbərlik funksiyaları bir qədər yeniləşdirildi. E.Hit Şotlandiya və Şimali İrlandiyanın özünüidarəsinin genişlənməsi məsələsini müdafiə etdi. Birləşmiş krallıqda terrorizmə qarşı mübarizə gücləndi. Lakin 1973-cü ilin martında Şimali İrlandiya ilə birləşmək təklifi ortaya çıxdı. «Bir millət» ideyası genişləndi. E.Hitin baş nazir olduğu dövrdə İngiltərə hökuməti Olsterin muxtariyyətini ləğv edərək onun idarə edilməsini 1973-cü ildə birbaşa Londona tapşırdı. Lakin bütün bunlar Olsterdəki hadisələrin səngiməsinə gətirib çıxartmadı. 1974-cü ilin iyulunda «Şimali İrlandiya konstitusiya aktı» qəbul edildi. İngiltərə öz yaxınlığındakı Avropa bazarlarına ehtiyacı olduğunu dərk edərək iki dəfə Avropa İqtisadi Birliyinə girmək istəsə də, hər dəfə Şarl de Qoll bu məsələ üzərinə veto qoyurdu. Şarl de Qollun ölümündən sonra 1973-cü ilin yanvarında İngiltərə AİB-ə daxil oldu.
Böyük Britaniya leyboristlər hökumətinin hakimiyyəti dövründə (1974-1979-cu illər). 1974-cü ildə ölkədə tətil hərəkatı xeyli gücləndi. Böhranla, xüsusilə yanacaq və xammal çatışmamazlığı ilə əlaqədar olaraq Edvard Hit hökuməti fövqəladə vəziyyət elan etdi. Bir sıra müəssisələrdə üç günlük iş həftəsinə keçildi. Ölkədə sənaye istehsalı 30% aşağı düşdü. İşsizlik artdı. Bütün bunlar 1974-cü ilin oktyabr ayının 10-da keçirilən parlament seçkilərində leyboristlərin əksəriyyət qazanmasına və yenidən Harold Vilsonun başçılığı altında leyboristlər hökumətinin təşkilinə gətirib çıxardı. Hökumət yenə də milliləşdirməni tətbiq etdi, əmək haqqlarını 20% artırdı, fövqəladə vəziyyəti ləğv etdi, normal iş həftəsinə keçirildi. 1974-cü ildə leyboristlər «Sənayedə münasibətlər haqqında» qanunu ləğv etdilər, haqqı ödənilən məzuniyyətə üçüncü həftə də əlavə olundu. Hökumət infilyasiyaya qarşı fəal mübarizəyə başladı. «Gəlir siyasəti» könüllü xarakter aldı. Pensiyalar və işsizlərə yardım artırıldı. Hər il mənzil haqlarının artması «donduruldu». Bununla belə, hökumət milli sənaye və ərzaq məhsulları üzərində qiyməti artırdı. Gəlir vergisi və dolayı vergilər də artırıldı. Ərzaq məhsulları üzərində dövlət subsidiyaları ixtisar edildi. Mənzil tikintisi üçün ayrılan təxsisatlar azadıldı. 1975-ci ilin iyulunda antiinfilyasiya haqqında proqram qəbul edildi. Əmək haqlarının artırılması məhdudlaşdırıldı. 1976-cı ildə həmkarlar ittifaqları ilə sahibkarlar arasında qarşılıqlı güzəştlər haqqında «sosial kontrakt» bağlandı və 1978-ci ilə qədər o, qüvvədə oldu. Hökumət öhdəsinə götürdü ki, əmək haqqlarını azaltmayacaqdır.
Leyboristlər hökuməti də ölkədəki iqtisadi böhranı aradan qaldırmağı bacarmadı. Ona görə də, 1976-cı ilin martında baş nazir Vilson həm hökumətin, həm də leyboristlər partiyasının başçısı vəzifəsindən istefa verdi. Harold Vilsonu Corc Kallagen əvəz etdi. Corc Kallagen 1979-cu ilə qədər bu vəzifədə qaldı. Kallagenin baş nazir olduğu dövrdə «büdcə iqtisadiyyatı» siyasətinə keçildi.
70-ci illərin ikinci yarısında İngiltərə tədricən böhrandan çıxmağa başladı. 1977-ci ildə ölkənin maliyyə vəziyyəti bir qədər yaxşılaşdı. 1978-ci ildə ölkədə sənaye məhsulu istehsalı 1973-cü il səviyyəsinə çatdı. 70-ci illərin sonunda ölkədə yenidən iqtisadi çətinliklər başlandı. Poladəritmə, avtomobilqayırmada sənaye məhsulları istehsalı sürətlə aşağı düşdü. Bunun əksinə olaraq Şimal dənizində neft və qaz çıxarılması inkişaf etdi. 1979-cu ildə Böyük Britaniyada 75 milyon ton neft çıxarıldı ki, bu da onun tələbatını tamamilə ödəyirdi.
Bu dövrdə ölkənin siyasi həyatında sabitlik xeyli pozuldu. Hökumət Olster, Şotlandiya, Uels problemini həll edə bilmədi. Şimali İrlandiyada vəziyyət kəskinləşdi. 1978-ci ilin yanvarında Avropa məhkəməsi Strasburqda İrlandiyanın məsələsinə baxdı. Təqibin güclənməsi nəticəsində minlərlə adam Şimali İrlandiyanı tərk etməyə məcbur oldu.
İngiltərənin siyasi həyatında 70-ci illərin sonunda sağ, irticaçı qanad da gücləndi. 15 min üzvü olan «Milli cəbhə» faşist irqçi təşkilatı öz fəaliyyətini genişləndirdi. Onlar «Qara və rəngli dərililər İngiltərədən rədd olun!» şüarını irəli sürdülər. Bu şüar 2 milyon «rəngli» adama qarşı çevrilmişdi. 1977-ci ilin avqustun 13-də irqçilər Londonun cənub-şərq küçələrində yürüş təşkil etdilər. Toqquşma nəticəsində 100 nəfər öldü, 200 həbs edildi. Buna cavab olaraq 100 həmkarlar təşkilatı «Antimilli liqa» təşkil etdilər.
İngiltərə NATO-da öz fəaliyyətini genişləndirdi. Orta mənzilli raketlərin Avropada yerləşdirilməsini və NATO-nun xərclərinin 3% artırılmasını dəstəklədi. Eyni zamanda İngiltərə Helsinki müşavirəsində iştirak etdi və onun Yekun altına imza atdı. «Yeddilər qrupu»nun üzvü oldu. 1975-ci ilin fevralında İngiltərə, SSRİ və ABŞ arasında nüvə silahını genişləndirməmək haqqında saziş bağlandı. Bundan sonra Sovet-İngiltərə münasibətləri xeyli canlandı. İngiltərə Yaxın Şərq məsələsində ABŞ və İsraili müdafiə etdi. 70-ci illərin sonunda ABŞ kimi İngiltərə də beynəlxalq gərginliyin zəifləməsi xəttindən yan keçməyə başladı.
Dostları ilə paylaş: |