Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


IX. LATIN AMERİKASI ÖLKƏLƏRİ



Yüklə 2,15 Mb.
səhifə17/32
tarix14.01.2017
ölçüsü2,15 Mb.
#297
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

IX. LATIN AMERİKASI ÖLKƏLƏRİ
Latın Amerikası ölkələri hələ XIX əsrin 20-ci illərində müstəqillik qazansa da, lakin kapitalist təsərrüfatının inkişafında gecikdiklərinə görə qabaqcıl ölkələrin xammal əlavəsinə çevrildilər və əyalət kapitalizmi vəziyyətinə düşdülər.

İkinci Dünya müharibəsindən sonra Latın Amerikası dövlətləri güclü iqtisadi və siyasi vulkanlar zəncirinə çevrildi. Müharibə nəticəsində Latın Amerikası ölkələrində baş verən mühüm dəyişikliklərdən biri kapitalizm və milli sənayenin inkişafının sürətlənməsi idi. Bu ölkələrdə fəhlələrin sayı 14-15 milyona çatdı. Müharibədən sonra bu ölkələrdə demoqrafiq partlayış baş verdi. Belə ki, əgər müharibədən əvvəl Latın Amerikası ölkələrinin əhalisi 152 milyon nəfər idisə, müharibədən keçən təxminən 25 il müddətində onların sayı 400 milyona çatdı. Müharibədən sonra urbanizasiya prosesi, yəni əhalinin şəhərlərdə toplaşması gücləndi. Müharibə dövründə yığılmış qızıl-valyuta ehtiyatlarından istifadə iqtisadiyyatı dirçəltdi, sənayeni yeniləşdirdi, dünya ticarətində bu ölkələrin payını artırdı. İqtisadiyyatın modernləşməsi bazar iqtisadiyyatının inkişafına yeni təkan verdi. Xaricə kapital qoyuluşu artdı.

Regionun daha çox inkişaf etmiş ölkələri olan Uruqvay, Çili və Argentinada şəhər əhalisi üstünlük təşkil edirdi. Meksika və Braziliya sənayesinin inkişaf sürətinə görə fərqlənirdi. Sonralar bu ölkələrə Venesuela və Kolumbiya da qoşuldu. Bütövlükdə Latın Amerikasının yuxarıda qeyd etdiyimiz ölkələrində əhalisinin -ü, iqtisadiyyatının 80-85%-i cəmləşmişdi. Peru, Ekvador, Boliviya, Mərkəzi Amerika və Karib hövzəminin kiçik dövlətləri II qruppa aid edilir, onlarda emal sənayesi inkiaşf etmişdi.

III qrupp ölkələr sırasına daha çox geri qalan Haiti, Paraqvay və Karib hövzəsinin bəzi dövlətləri daxil idi ki, onlarda kənd təsərrüfatı üstünlük təşkil edirdi.

Müharibə dövründə iqtisadiyyatın kənd təsərrüfatı bölməsində irəliləmə, demək olar ki, yox idi. Kəndlilər torpaqsız idilər. Fermer təsərrüfatı yaradılmamışdı. Kəndlilər sahibkarlardan torpağı icarəyə götürməklə dolanırdılar. Müharibədən sonra latifundiyaların dağılması prosesi sürətləndi. Kəndlilərin ardıcıl və inadlı mübarizəsi region dövlətlərini aqrar islahatlar keçirməyə məcbur etdi. Bu islahatlar dərin olmasa da, hər halda latifundiyaları zəiflətdi. Demoqrafik partlayışlar, dünənki kəndlilərin şəhərlərə axışması da latifundiyaların dağılmasına güclü təsir göstərdi.

Lakin kənd təsərrüfatında nəzərə çarpan bir irəliləyiş olmadı. 1950-ci il siyahıyaalınmasına görə hesablanmış bütün torpaq fondunun 50%-i təsərrüfatların 1,5%-nə məxsus idi. Fermer təsərrüfatı yox idi. Monokulturanın hakim olması kənd təsərrüfatının xarakterik əlaməti olaraq qalırdı.

40-cı illərin sonu – 50-ci illərin əvvəllərində Latın Amerikası ölkələrinin siyasi həyatında da yeniləşmə prosesi baş verdi. İri torpaq sahibləri və burjuaziyanın mənafeyini qoruyan mühafizəkar və liberal partiyaların yerini indi öz ölkələrini xarici asılılıqdan qurtarmaq uğrunda mübarizə aparan burjua-islahatçı partiyalar tutdular. Onlar siyasi həyatda mühüm rol oynamağa başladılar. Milli siyasi partiyaların nüfuzu artdı.

Müharibədən sonrakı dövrdə Latın Amerikası ölkə­lə­rində geriliyi aradan qaldırmaq, elmi-texniki inqilab tələblərinə uyğun gələn sürətli inkişafa nail olmaq zərurəti yarandı. Latın Amerikası ölkələrinin geriliyinin iki başlıca səbəbi var idi. Bunlardan biri yarımfeodal qalıqları, digəri isə xarici kapitalın, əsas etibarilə, yerli oliqarxiyaya – latifundiyaçılara və iri burjuaziyaya istinad edən Amerika kapitalının ölkədə nüfuznun üstünlüyü idi.

Bu dövrdə Latın Amerikası ölkələrində əhalinin 60%-i yenə də savadsız idi. Orta ömür müddəti 45 yaşdan yuxarı deyildi.

Latın Amerikası ölkələrinin ümumi problemlərindən biri borc problemi idi. Latın Amerikası ölkələri əgər İkinci Dünya müharibəsinə qədər İngiltərə və Almaniyanın daha çox təsir dairəsinə daxil idisə və bu ölkələr Latın Amerikası ölkələrinə daha çox kapital ixrac edirdilərsə, müharibə dövründə ABŞ-ın bu ölkəyə kapital ixracı sürətləndi və müharibədən sonrakı 10 il müddətində ABŞ bu ölkələrə 5 milyard dollar həcmində kapital qoydu. Əvəzində isə 20 milyard dollar həcmində gəlir götürdü.

İnkişaf etmiş kapitalist ölkələrini buraya cəlb edən iki mühüm amildən biri, bu ölkələrin zəngin təbii ehtiyatlara malik olması və digəri isə bu ölkələrdə ucuz işçi qüvvəsinin çoxluğu idi. Çili özünün misi, Braziliya qəhvəsi, Kolum­biya zümrüdü,Venesuela, Meksika nefti, Boliviya qalayı, Kuba şəkər qamışı ilə tanınırdı.

ABŞ İkinci Dünya müharibəsindən sonra bu ölkələri özündən asılı vəziyyətə salmaq üçün 1947-ci ilin sentyabrında bu ölkələrlə birgə «Qərb yarımkürəsini müdafiə paktı»nı imzaladı və 1948-ci ilin aprelində Amerika dövlətləri təşkilatını yaratdı. «Soyuq müha­ribə» şəraitində ABŞ bu ölkələri silahla təchiz edir, onlarda yeni hərbi elita formalaşdırırdı. Bunun nəticəsində 1948-1954-cü illərdə Qvatemala, Peru, Venesuela, Ekvador və Kubada hərbi çevrilişlər baş verdi.

İkinci Dünya müharibəsindən sonrakı ilk dövrdə və 50-ci illərdə bu ölkələrdə dövlət bölməsi və milli iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirilirdi. Regionda inteqrasiya prosesləri gücləndi. 1968-ci ildə Latın Amerikası ölkələrinin azad ticarət assosiyasası yaradıldı. 60-ci illərdə bu ölkələr üçün çox ciddi problemlər meydana çıxdı. Büdcə kəsiri kütləvi hal aldı. 1968-ci ildə keçirilmiş Olimpiya oyunları Meksika dövlətini büdcədən xeyli pul ayırmasına səbəb oldu. Dünya şöhrətli memar Oskar Numeyranın təşəbbüsü ilə Braziliyada yeni paytaxtın, yəni Braziliya şəhərinin salınması da xeyli vəsait hesabına başa gəldi. ABŞ-ın prezidenti C.Kennedi bu ölkələrə qarşı «Tərəqqi naminə ittifaq doktrinası» irəli sürdü. Bu doktrinaya əsasən Latın Amerikası ölkələrinə kömək üçün 14 milyard dollar vəsait ayrıldı. 70-ci illərdə Latın Amerikası ölkələrinin çoxu aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi.

70-ci illərdə Vevnesuela, Qvatemala, Peruda Kuba nümunəsində siyasi dəyişikliklər etmək cəhdinin qarşısını almaq məqsədilə ABŞ bu ölkələrdə iqtisadi inkişafı sürətləndirdirmək üçün 12 milyard dollar vəsait ayırdı Latın Amerikası ölkələrində 70-ci illərin ən mühüm hadisələrindən biri Nikaraquada inqilab oldu. 1927-1933-cü illərdə «azad adamlar generalı» Auqusto Sandinonun (Nikaraquanın milli qəhrəmanıdır. 1934-cü ildə xaincəsinə öldürülmüşdür) rəhbərliyi ilə aparılan mübarizə dərslərindən və 1978-ci ildən Somosa ailəsinin amansız hərbi-polis diktaturasına qarşı silahlı çıxışlar təcrübəsindən istifadə edən Nikaraqua inqilabçıları qələbə çalaraq Samosa rejimini 1979-cu ilin iyul ayında devirdilər. Bu qələbə ona görə mümkün oldu ki, fəhlələr, kəndlilər, ziyalılar, milli burjuaziya (əsasən xırda və orta burjuaziya) vətənpərvərlərin hərbi-siyasi təşkilatı – Sandinist Milli Qurtuluş Cəbhəsi (CMQÇ) ətrafında birləşmişdi. Hakimiyyətə gələn Milli Dirçəliş hökuməti mürtəce aparatı ləğv etdi, yeni hakimiyyət orqanları yaratdı, bütün vətəndaşlara onların irqi, dini, dilindən asılı olmayaraq bərabər hüquqlar, real vətəndaş azadlıqları verdi, siyasi partiyalar və həmkarlar ittifaqlarının açıq fəaliyyəti təmin edildi.

Samosa ailəsinin mülkiyyəti müsadirə olundu (ölkənin milli sərvətinin 1/3-i bu ailəyə məxsus idi), banklar, mədən-filiz sənayesi, təbii resurslar, xarici ticarət milliləşdirildi. Xalq mülkiyyəti adlanan dövlət bölməsi yaradıldı. Eyni zamanda ölkənin iqtisadi bərpasına cəlb olunmuş xüsusi bölməyə təminat və güzəştlər edildi. Aqrar islahat keçirildi. Hökumət savadsızlığın aradan qaldırılması, səhiyyənin yaxşılaşdırılması, hindu tayfalarının ictimai həyatda iştirak etməsi xəttini götürdü.

70-ci illərdə Argentina, Boliviya, Braziliya, Çili, Ekvador, Qvatemala və Hondurasda hakimiyyətə gələn hərbi xuntalar xarici kapitala geniş yol açdılar, ticarətin inkişafına mane olan bütün əngəlləri aradan qaldırdılar. İqtisadiyyatın sürətli inkişafı başladı.

80-ci illərdə Latın Amerikasının bir çox avtoritar rejimli ölkələrində demokratik quruluşun bərpası uğrunda mübarizə başlandı. Buna səbəb onların bir çoxunda nisbətən aparıcı gücə malik olan dövlət iqtisadi sektorunun özünü doğrultmaması oldu. Dövlət müəssisələri zərərlə işləyir, istehsal etdikləri isə dünya bazarında rəqabətə davam gətirə bilmirdi. Buna görə də 80-ci illərin əvvəllərində bu ölkələrin bir çoxunda bazar iqtisadiyyatına keçid baş verdi. Milliləşdirmə dayandırıldı.

XX əsrin 80-90-cı illərində Latın Amerikası dövlətlərində siyasi sistemlər əhəmiyyətli dərəcədə dəyişdi. Region ölkələrindəki iqtisadi yüksəliş həmin dəyişikliklərin əsası oldu. Latın Amerikası dövlətlərinin sosial strukturunda da dəyişiklkilər başlandı. Orta təbəqə meydana gəldi və o, siyasi mərkəz rolunda çıxış etdi. Totalitarizm və avtoritarizmdən demokratiyaya keçid dövrü başa çatdı. Latın Amerikası ölkələrinin əksəriyyəti iqtisadiyyatda neoliberallaşma, ictimai və siyasi həyatın demokratikləşdirilməsi xəttini götürdülər. 1980-ci ildə Peru, 1982-ci ildə Boliviya, 1985-ci ildə Braziliya, Qvatemala, Uruqvay və Honduras, 1989-cu ildə Paraqvay və Salvador, 1990-cı ildə Çilidə liberal-demokratik rejimlər bərpa edildi.

1994-cü ilə qədər Latın Amerikasının tarixində ilk dəfə olaraq bütün ölkələrdə, Kubadan başqa, liberal-demokratik quruluş bərqərar oldu.

90-cı illərdə Latın Amerikası ölkələrində iqtisadi siyasət strategiyasındakı çətinlkilər böyük problemlərlə qarşılaşdı. Bu problemlərdən biri borc probdemi idi. 90-cı illərdə Latın Amerikası ölkələrinin 430 milyard dollara qədər borcu var idi.

Müasir mərhələdə Latın Amerikası ölkələri dünya iqtisadiyyatına inteqrasiya olmaq, beynəlxalq əmək bölgüsündə fəal iştirak etmək xəttini davam etdirirlər. Bu ölkələrdə əsas yenilik bazar iqtisadiyyatına söykənmək, dövlət müəssisələrini özəlləşdirmək, iqtisadiyyatı cəmiyyətin mənafeyinə doğru istiqamətləndirməkdən ibarətdir.

1975-ci ildə Latın Amerikası ölkələrinin iqtisadi sistemi təşkilatı yarandı. 1985-ci ildə isə Latın Amerikası ölkələrinin müştərək bazarı yarandı ki, tezliklə o da Latın Amerikasını Azad Ticarət Assosiasiyasına çevirdi. 1989-cu ildə ABŞ-ın təşəbbüsü ilə yaradılan Şimali Amerika azad ticarət zonasına isə Kanada, Meksika ilə birlikdə Çili, Qvatemala, Honduras, Salvador, Nikaraqua, Kosta-Rika da daxil idi.


ÇİLİ
Çili İkinci Dünya müharibəsindən sonrakı ilk illərdə. İkinci Dünya müharibəsində Çili Antihitler koalisiyasının tərəfində çıxış etdi. Müharibə Çilidə iqtisadi yüksəlişə səbəb oldu. Ölkədə milli burjuaziyanın mövqeləri möhkəmləndi, demokratik hərəkat fəallaşdı. Lakin yenə də ölkədə xarici kapitalın, xüsusilə ABŞ kapitalının mövqeyi güclü idi. Kənd təsərrüfatında latifundiyalar hakim idi. Bu isə kənd təsərrüfatının inkişafını ləngidirdi.

1946-cı ildə ölkədə keçirilən prezident seçkilərində Demokrat Alyansın namizədi Videla qələbə çaldı. Demokrat Alyans da kommunist, radikal, sosialist, demokratik partiyalarından təşkil edilmişdi. Yeni koalision hökumətin tərkibinə Demokrat Alyansın tərkibinə daxil olan partiyaların nümayəndələri daxil idi. Qarşıda duran milli iqtisadiyyatı inkişaf etdirmək məsələsi idi. 196 yeni müəssisənin tikilməsi qərara alındı. İngilis kompaniyasına məxsus olan iki dəmir yolu milliləşdirildi. Alverçiliyə qarşı mübarizə başlandı.

«Soyuq müharibə»nin başlanması mühafizəkar qıvvələrə demokratiyaya qarşı mübarizə üçün şərait yaratdı. Onların təzyiqi ilə prezident 1947-ci ilin aprelində kommunist nazirləri istefaya göndərdi. Yeni hökumət «milli mərkəzləşmə» hökuməti adlandı və onun tərkibinə mühafizəkarlar və liberallar daxil oldular. Kommunistlərin hökumətdən çıxarlıması ölkədə tətillərə səbəb oldu. Çili hökuməti bunun səbəbini SSRİ-nin üzərinə ataraq onunla 1947-ci il dekabrın 21-də diplomatik münasibətləri kəsdi. 1948-ci ilin sentyabrında Videla «Demokratik Alyansın mühafizəsi haqqında» qanıun imzaladı ki, bu da əslində demokratik qüvvələrə qarşı çevrilmişdi.

Çili XX əsrin 50-60-cı illərində. 50-ci illərdə Çilinin hakim dairələri öz qapılarını xarici kapitala açdılar. 1952-ci ildə ölkəyə xarici kapital qoyuluşu 1023 min dollara çatmışdı. ABŞ-la yanaşı, İngiltərə, Fransa, İsveçrə, İsveç, Belçika, Hollandiya, İspaniya, İtaliya, Kanada kapitalının da ölkəyə axını sürətləndi. Kənd təsərrüfatında isə yarımfeodal latifundiyalar ağalıq edirdilər. 1951-ci ilin payızında demokpatik partiyalar Xalq Cəbhəsini təşkil etdilər, ona Sosialist partiyasının lideri Salvador Alyande rəhbərlik edirdi.

1952-ci ilin sentyabrındakı prezident seçkilərində mürtəce qanunları ləğv etməyi, aqrar islahat keçirməyi, mis yataqlarını milliləşdirməyi vəd edən Karlos İvanes del Kapro qələbə çaldı. Lakin o, vədinə əməl etmədi. Ona görə də ölkənin maliyyə-iqtisadi vəziyyəti pisləşdi. Bu vəziyyətdən çıxmaq üsün İvanes 1955-ci ildə ölkəyə ABŞ missiyasını dəvət etdi və bu, milli iqtisadiyyata ciddi zərbə vurdu. 1955-ci ildə ölkədə mühasirə vəziyyəti elan edildi. 1958-ci il sentyabrın 4-də keçirilən prezident seçkilərində yenə də mühafizəkarların nümayəndəsi, məşhur Çili kapitalistlərindən olan Xorxe Alessandri qələbə çaldı. O, 1964-cü ilə qədər prezident oldu. O, Amerika inhisarçıları ilə əlaqədar olan dağ-mədən kompaniyalarının vergilərini azaltdı.

1960-cı ilin mayında olan güclü zəlzələ minlərlə insanın ölümünə səbəb olmaqla bərabər ölkəyə maddi zərər vurdu. İki milyon adam evsiz qaldı. Xarici şirkətlər Çİliyə yardım etdilər. 1964-cü ildə Çilidə latifundiyaçıların mülkləri azaldıldı, fermer təsərrüfatının inkişafına şərait yaradıldı.

1967-ci ilin iyulunda aqrar islahat haqqında qəbul edilən qanuna əsasən ümumi sahəsi 3,4 milyon hektar olan 1310 iri latufindiya müsadirə edildi. 27 min kəndli ailəsi 910 kooperativdə birləşdi. Lakin 1967-ci ildən sosial ehtiyaclara çəkilən xərclər ixtisar edildi.

Bu dövrdə təşkil edilən Xalq Birliyi Blokunda (XBB) kommunistlər, sosialistlər və digər sol partiyalar birləşmişdilər. 1970-ci ilin prezident seçkilərində sosialistlərin namizədi Salvador Alyende başqa namizədlərlə müqayisədə daha çox səs toplasa da, prezident seçilmək üçün mütləq səsi qazana bilməmişdi. Seçki qanununa əsasən məsələ parlamentin müzakirəsinə verildi və burada xristian-demokratların köməyi ilə o, prezident seçildi. Onun prezidentliyi dövründə torpağın latifundiya forması ləğv edildi, 2,8 milyon hektar torpaq kəndilələrə paylandı. 1971-ci ildə hökumət çox mühüm sənaye sahələrini milliləşdirməyə başladı. Mis filizi mədənlərinin milliləşdirilməsi ABŞ inhisarlarının nüfuzunu ciddi surətdə sarsıtdı. Fəhlə və qulluqçuların əmək haqqı artırıldı. Dövlət hesabına mənzil tikintisinə başlandı. Fəhlələrin nümayəndələri dövlət və qarışıq müəssisələrin idarə olunmasında iştirak etməyə başladı. Hökumətin ilk tədbirlərindən biri də Kuba ilə diplomatik münasibətləri və ticarət əlaqələrini ğərpa etməsi oldu.

Tezliklə XBB-də parçalanma əmələ gəldi. Konqresdə (parlamentdə) sağ partiyalar mütərəqqi qanunlar qəbul edilməsinə mane olurdular. Dünya bazarında misin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatına ağır zərbə vurdu. ABŞ-ın mis filizi şirkətləri dünya bazarlarında Çili misinin baykot edilməsini təşkil edirdilər. Şimali Amerika bankları Çiliyə kredit vermirdilər və ABŞ-dakı Çili əmanətlərini tutub sax­layırdılar. Yerli oliqarxiya, latifundiyaçılar, alverçilər istehsalı azaldır, aqrar islahatı pozur, zəruri tələbat mallarının qiymətlərini qaldırır, sahibkarlar isə keçmiş müəssisələrinin qaytarılmasını tələb edirdilər. Sağlar çox sayda orta təbəqələri – xırda burjuaziyanı, ziyalılalın bir hissəsini, qulluqçuları da öz tərəfinə çəkə bilmişdi.

Xristian-demokrat partiyasının «sağ» qanadı 1973-cü ildə S.Alyendenin istefası tələbini irəli sürdü. Sol müxalifət isə ölkədə proletariat diktaturasının qurulmasını tələb edirdi. Belə bir şəraitdə, 1973-cü il sentyabrın 11-də general Avqusto Pinoçetin başçılıq etdiyi ordu hissələri dövlət çevrilişi etdi. S.Alyende həlak oldu, Çilidə hərbi xunta hakimiyyətə gəldi.

Çili hərbi xuntanın hakimiyyəti dövründə (1973-1998-ci illər). Çilidə hərbi xunta hakimiyyətə gəldikdən sonra kütləvi təqiblər başlandı. Siyasi partiyaların fəaliyyəti dayandırıldı. Xalq Birliyi hökumətinin islahatları ləğv edildi. Lakin bu tədbirlər rejimə qarşı müxalifət qüvvələrinin birləşməsi prosesini gücləndi. Kilsə də müxalifətə keçdi. Xunta müxalifətlə razılığa gəlməyə cəhd göstərdi. Kommunist partiyasından başqa digər partiyaların fəaliyyəti bərpa olundu. Xunta beynəlxalq aləmdən təcrid olundu. 1981-ci ildə qəbul edilmiş konstitusiya ölkədə avtoritar rejimi möhkəmləndirdi. İqtisadi liberallaş­dırma siyasəti yeridilməyə başladı.

1988-ci il oktyabrın 5-də keçirilmiş referendumda ölkə prezidentliyinə yeganə namizədi kimi general Pinoçet irəli sürülsə də, onun nəticələri diktatorun xeyrinə olmadı. Çililərin böyük əksəriyyəti Pinoçetin 1998-ci ilədək prezidentlik səlahiyyətinin uzadılmasını istəmədi. 1989-cu ildə prezident Eylvi (1989-1994), 1994-cü ildə isə E.Frey (1994-2000) seçildi. Onlar milli barışıq və ölkədə vətəndaş sülhü siyasətini yeritdilər. Sosial meylli iqtisadi strukturun yaradılması proqramı qəbul edildi. 90-cı illərdə Çilidə sürətli iqtisadi inkişaf başladı. Əhalinin sosial vəziyyəti yaxşılaşdı.

1998-ci ildə xalq general Pinoçetin törətdiyi cinayətlərinə görə onun mühakimə olunması tələbini irəli sürdü. Lakin o, yaşının çoxluğuna və xəstəliyinə görə mühakimə olunmadı.
KUBA

Kuba İkinci Dünya müharibəsindən sonrakı ilk dövrdə və XX əsrin 50-60-cı illərində. Karib hövzəsinin digər dövlətləri kimi Kuba da XX əsrin 40-cı illərinin ortalarında iqtisadi cəhətdən geridə qalmış bir ölkə olsa da, «Antil adalarının incisi» hesab edilir, məhsuldar torpaqlara, xrom və nikel filizi ehtiyatlarına, əlverişli iqlimə malik idi.

İkinci Dünya müharibəsi illərində və müharibədən sonrakı ilk illərdə Kubanın iqtisadi vəziyyəti xoşagələn idi. Belə ki, istər müharibə, istərsə də müharibədən sonrakı ilk dövrdə Kuba şəkər və tütün satmaqla çoxlu gəlir əldə etdi. Lakin yenə də Kubanın ABŞ-dan asılılığı davam edirdi.

Kuba hökumətinə 1944-cü ildən Qran San Martino başda olmaqla Kuba inqilab partiyası (KİP) başçılıq edirdi.

Bu hökumət ABŞ-ı müdafiə edir, «soyuq müharibə»ni bəyənirdi. 1946-cı ildə onun mütərəqqi üzvləri ayrılıqda Kuba Xalq partiyasını təşkil etdilər. Bu partiya inqilabi ideyalara sadiq qalacağını bildirdi. Onun lideri Eduardo Çibis idi.

1948-ci ildə keçirilən prezident seçkilərində Kuba İnqilab Partiyasının namizədi Prio Sokarrasa qələbə qazandı. O, 1952-ci ilə qədər Kubanın prezidenti oldu. Ölkədə sağa doğru dönüş baş verdi. Demokpatik azadlıqlar ləğv edildi, kommunistlərin kütləvi həbsi başlandı. ABŞ-a uyğun siyasət yerdildi. Ölkədə fəhlə tətilləri və kəndli hərəkatı gücləndi. Bundan qorxuya düşən ABŞ-ın hakim dairələri demokratik dairələrin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün 1952-ci il martın 10-da çevriliş etdilər və öz tərəfdarları general Batistanı hakimiyyətə gətirdilər. O, 1952-ci il aprelin 4-də «Konstitusiya statusu» adlı sənəd imzaladı ki, bunun əsasında 1940-cı il konstitusiyası təxirə salındı, zəhmətkeşlərin hüquqlarını məhdudlaşdırmaq siyasəti yeridildi. Parlament idarə üsuluna son qoyuldu. Batista əslində diktator oldu.

Xarici siyasətdə Kuba ABŞ-a tabe oldu. Latın Amerikasının irticaçı rejimlərini müdafiə etdi. 1952-ci il aprelin 3-də SSRİ ilə diplomatik əlaqələri kəsdi.

Bu dövrdə əhalinin həyat səviyyəsi aşağı düşdü. İşsizlərin sayı 650 min idi. 1952-1954-cü illərdə əmək haqqı 14,5% az oldu. Kubanın ABŞ tərəfindən istismarı gücləndi. 1954-cü ildə ABŞ-ın Kubaya kapital qoyuluşu 1 mlrd. dollar idi. Bütün bu hallar isə ölkədə antiimperialist, antifeodal inqilab üçün şəraiti yetişdirdi.

Bu diktaturaya qarşı ilk çıxış edənlərdən biri 1926-cı ildə anadan olmuş, iri torpaq sahibinin oğlu, Havana Universitetinin hüquq fakültəsini bitirmiş Fidel Kastro Rus oldu. 1956-cı il iyulun 26-da gənclərdən ibarət təxminən 100 nəfərlik qrup Santyaqo-de Kuba şəhərindəki kazarmalara hücum edib silah ələ keçirmək istəsə də, bu cəhd uğursuz oldu. Onların bir çoxu öldürüldü, qalanlar isə hərbi tribunala verildi. Bu hadisə «26 iyul hərəkatı» kimi tarixə daxil oldu və diktaturaya qarşı mübarizənin başlanğıcı oldu. İki ildən sonra Kastro və onun yoldaşları xalqın tələbi ilə həbsdən azad edildilər. Onlar Meksikaya gedib orada «26 iyul hərəkatı» adlı inqilabi-demokratik təşkilat yaratdılar. Ölkədə isə «İnqilabi Direktorat» tələbə təşkilatı fəaliyyət göstərirdi.

1956-cı il dekabrın 2-də «Qranma» motorlu yaxtasında ağır dəniz keçidindən sonra F.Kastronun 82 nəfərdən ibarət dəstəsi Kuba sahilinə çıxdı. Dəstədə Fidelin qardaşı Raul, Kamilo Syenfusqos, Argentina inqilabçısı Ernesto (Ce) Qevera və b. vardı. Batista əsgərləri ilə döyüşdə onlardan ancaq 22 nəfəri sağ qaldı və üsyançı ordunun dəstəyi oldular. «İnqilabi Direktorat»dan olan bir qrup gənc 1957-ci il martın 13-də Havanada Prezident Sarayına hücum etdi, lakin hamısı həlak oldu.

Diktatura ilə mübarizəyə xalq kütlələrinin geniş təbəqələri – tələbələr, xırda burjuaziya, şəhər və kənd təsərrüfatı fəhlələri qoşuldular. Batistanın burjua-demokratik azadlıqları ləğv etməsindən narazı qalan burjuaziyanın bir hissəsi də bu hərəkata maddi yardım göstərirdi. 1958-ci ilin iyulunda Fidel Kastro «26 iyul hərəkatı» adından diktaturaya müxalif olan bütün partiya və təşkilatların iştirakı ilə Mülki İnqilabi Cəbhənin yarandığını elan edən «Syerra Bəyannaməsi»ni imzaladı.

Üsyançılar tezliklə hər yerdə hücuma keçdilər. 1959-cu il yanvarın 1-də Batista ölkədən qaçdı, sonrakı gün isə üsyançı ordunun hissələri Syenfusqos və Qiveranın komandanlığı altında Havanaya daxil oldular. Paytaxtda Müvəqqəti hökumət təşkil edildi. Müvəqqəti hökumət Batista vaxtında seçilmiş konqresi buraxdı, bir çox məmurları məhkəməyə verdi, köhnə cəza aparatını ləğv etdi, demokratik azadlıqları bərpa etdi, əmək haqqını artırdı. 1959-cu ilin fevralında F.Kastro baş komandan vəzifəsini özündə saxlamaqla hökumət başçısı oldu.

1959-cu ilin mayında verilən aqrar islahat haqqında qanuna əsasən latifundiyaçılıq sistemi əvəzi ödənilmədən dövlət mülkiyyətinə və kooperativlərə çevrilirdi ki, bu da bir çox dövlət xadimlərinin etirazına, nəticədə isə vəzifələrindən götürülmələrinə səbəb oldu. Onların yerini «26 iyul hərə­katı»nın rəhbərləri tutdular.

Bu dövrdə ABŞ ilə münasibətlər kəskinləşdi. ABŞ amerikan şirkətlərinin əllərindən alınmış torpaqları üçün kompensasiya verilməsini tələb edirdi. ABŞ Kubaya ixracını azaldanda bu münaqişə daha da dərinləşdi. ABŞ Kubaya neft göndərməkdən və kredit verməkdən imtina etdi. Buna cavab olaraq Kuba hökuməti SSRİ-dən alınmış nefti emal etməkdən imtina edən ABŞ şirkətlərini, sonra isə ABŞ və onun vətəndaşlarının bütün mülkiyyətini milliləşdirdi. 1960-cı ilin yanvarında ABŞ Kuba ilə diplomatik münasibətləri kəsdi. Artıq Kubada dövlət sənaye istehsalının 90%-nə nəzarət edirdi, becərilən torpaqların 40%-dən çoxu dövlət mülklərinə və kooperativlərə məxsus idi. Ona görə də Kuba rəhbərliyi elan etdi ki, inqilab yeni mərhələsinə – sosialist mərhələsinə daxil olmuşdur. Lakin sosializm quruculuğuna keçid mürəkkəb daxili və xarici şəraitdə həyata keçirilirdi. Ölkənin daxilində yeni hakimiyyətin düşmənlərinin silahlı dəstələri fəaliyyət göstərirdi. ABŞ-ın təzyiqi altında ADT Latın Amerikası ölkələrinin Kuba ilə münasibətlərini kəsməsi haqqında qərar qəbul etdi. Prezident Kennedi Kuba ilə ticarət üzərinə embarqo qoydu. Yeni hücum təhlükəsindən ehtiyat edən Kuba rəhbərliyi kömək üçün Sovet İttifaqına müraciət etdi. SSRİ gizli şəraitdə Kubaya orta mənzilli raketlər və hərbi xidmətçilər göndərdi. Buna cavab olaraq ABŞ 1962-ci il oktyabrın 22-də özünün hərbi qüvvələrini döyüş vəziyyətinə gətirərək Kubanın tamamilə blokadada olduğunu elan etdi. Nüvə müharibələri təhlükəsi əmələ gəldi. Karib böhranı danışıqlar yolu ilə nizama salındı. ABŞ bildirdi ki, Kubaya hücum etməyəcəkdir, SSRİ isə öz raketlərini onun ərazisindən çıxartdı.

Kuba SSRİ və ona müttəfiq olan dövlətlərlə iqtisadi və siyasi əlaqələr yaratdı. SSRİ Kuba iqtisadiyyatının inkişafına kömək göstərdi, şəkərin alıcısı oldu. SSRİ Kubadan şəkəri dünya qiymətlərindən baha alırdı.

Sosializm quruculuğunda siyasi rəhbərliyi həyata keçirən «26 iyul hərəkatı», «İqilabi direktorat» və Xalq Sosialist Partiyası (XSP) 1965-ci ilin oktyabrında Kuba Kommunist Partiyasında birləşdilər. F.Kastro Mərkəzi Komitənin birinci katibi seçildi.

Əməyə görə haqq verilməsi prinsipi Kubada praktiki olaraq tətbiq olunmadı. Müəssisələrdə pulsuz yemək və iş paltarı verilirdi. Kommunal xidmət növlərinin bir çoxu üçün haqq ləğv olundu. Təhsil və tibbi yardım pulsuz oldu. Kəndə təsərrüfatında torpağın 70%-ni dövlət və kooperativ bölmələri əhatə etdi. Ərzaq və sənaye məhsulları 1962-ci ildən kartoçka ilə paylanmağa başlandı.



Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin