Ayətullah Seyid Əli Xamenei


Altıncı fəsil: İmam Hüseyn (ə)



Yüklə 1,14 Mb.
səhifə17/40
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#109515
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

Altıncı fəsil: İmam Hüseyn (ə)


Əziz ilahi bir din kimi İslamı təhdid edən bütün təhlükələr İslamın meydana çıxdığı zaman, yaxud ondan öncə Allah tərəfindən proqnoz edilmiş və o təhlükələrə qarşı tədbir vasitəsi bu dinin özündə nəzərdə tutulmuşdur; sağlam bir bədənin xəstəliklərə qarşı müqavimət gücü özündə olduğu kimi. Sanki mühəndis bir maşın düzəltmiş və təmir alətlərini də onun içinə qoymuşdur. Hər bir şey kimi İslamı da bəzi təhlükələr təhdid edir. Buna qarşı tədbir görmək lazımdır və Allah-Taala bu tədbir vasitəsini İslamın özündə yaratmışdır. Bəs o təhlükə nədir? İslamı iki əsas təhlükə təhdid edir: biri xarici düşmənlər, digəri isə daxildən məhvolma təhlükəsidir.

Xarici düşmən bayırdan müxtəlif silahlarla bir quruluşun varlığını, təfəkkürünü, ideoloji təməllərini, qanunlarını və hər şeyini hədəf seçəndir. Bayırdan nə deməkdir? Mütləq ölkə və quruluşun xaricindən yox, ölkənin daxilində də ola bilər. Özlərini quruluşa yad bilən və ona qarşı çıxan düşmənlər var. Bunlar özgədirlər, yaddırlar. Bunlar quruluşu məhv etməyə və dağıtmağa çalışırlar; xəncərlə, odlu silahla, ən müasir texnikalarla, informasiya hücumları ilə, pulla və ixtiyarlarında olan hər bir şeylə. Bu bir növ düşməndir.

İkinci düşmən və təhdid isə daxildən məhvolma təhlükəsidir. Bu daha yadlara məxsus deyil, doğmaların təhdididir. Bir quruluşda doğmalar yorğunluq, düzgün yolu dərk etməkdə səhvə yol vermək üzündən, nəfsə məğlub olmaq, maddi gözəlliklərə uymaq və onları böyük saymaq kimi amillərdən irəli gələrək birdən-birə daxildə təhdid yarada bilirlər. Bunun təhlükəsi birinci amildən də artıqdır.

Hər bir quruluş, hər bir təşkilat üçün bu iki düşmən - xarici və daxili təhdid mövcuddur. İslam hər iki təhdidə qarşı yol göstərmiş və cihad təyin etmişdir. Cihad xarici düşmənlərə məxsus deyil: “Kafir və münafiqlərlə cihad et”.1 Münafiq özünü quruluşun daxilinə salır. Odur ki, bunların hamısı ilə cihad etmək lazımdır. Cihad quruluşa müxalif və düşmən olduğuna görə ona hücum etmək istəyənlərə qarşı edilir. Həmçinin daxili parçalanma ilə mübarizə üçün çox dəyərli olan əxlaq təlimləri mövcuddur. Bu təlimlər dünyanı həqiqi şəkildə insana tanıtdırır: “Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək, mal-dövləti və oğul-uşağı çoxaltmaqdan ibarətdir“.1 Yəni dünyanın zinət və ləzzətləri sizə lazım olsa da, onlardan istifadə etməyə məcbur olsanız da, həyatınız onlarla əlaqədar olsa da, bilin ki, bunları mütləqləşdirmək, bu ehtiyacların arxasınca gözübağlı hərəkət etmək və məqsədləri unutmaq çox təhlükəlidir.

Əmirəlmöminin (ə) döyüş meydanlarının aslanıdır. Adama elə gəlir ki, onun sözlərinin yarıdan çoxu cihad, döyüş və qəhrəmanlıq haqdadır. Nəhcül-bəlağənin xütbə və rəvayətlərinə baxanda isə görürük ki, o həzrətin əksər tövsiyələri əxlaqa, təqvaya, gözütoxluğa, dünyanı kiçik saymağa, mənəvi və bəşəri dəyərləri uca tutmağa aiddir.

İmam Hüseynin (ə) işi xarici düşmənə, ilahi çevrədən xaricdə və ona müxalif olan düşmənə qarşı – yəni bu düşmən sərhədlər xaricində olmaya da bilər - cihadla yüksək və bənzərsiz həddə nəfsə qapılmağa, fərdi və ictimai azğınlıqlara qarşı cihadı birləşdirməkdir. Yəni Allah-Taala bilir ki, bu hadisə qarşıya çıxacaq. Buna görə də yüksək səviyyəli bir nümunə təqdim olunmalı və örnək göstərilməli idi. Necə ki, ölkə çempionları məşğul olduqları idman növündə digərlərinin həvəslənməsinə səbəbkar olurlar. Sözsüz ki, bu, izah etmək üçün kiçik bir misaldır. Aşura macərası hər iki cəbhədə böyük bir cihaddan ibarətdir; həm xarici düşmənlə, yəni azğın xilafət aparatı və ona yapışmış dünyagirlərlə, əziz Peyğəmbərin (s) insanların xilası üçün istifadə etdiyi hakimiyyəti İslam və Peyğəmbər (s) yolunun əks istiqamətinə aparmaq istəyən şəxslərlə mübarizə cəbhəsində, həm də daxili cəbhədə, yəni o zaman cəmiyyətin ümumi şəkildə getdiyi daxili fəsadla mübarizədə.

Mənim fikrimcə, ikinci amil daha əhəmiyyətlidir. Müəyyən müddət ötmüş, əvvəldəki çətinliklər arxada qalmış, fəthlər baş vermiş, qənimətlər əldə olunmuş, ölkənin əhatəsi genişlənmiş, xarici düşmənlərin təhlükəsi dəf edilmiş, ölkəyə çoxlu sərvətlər gəlmişdi; bəziləri varlanmış, bəziləri zadəgan təbəqəsi yaratmışdılar. İslamın zadəganlığı məhv etməsindən bir müddət sonra İslam dünyasında yeni aristokratlar təbəqəsi vücuda gəldi. Bəzi qüvvələr İslam adı ilə, İslam postları ilə - filan səhabənin oğlu, Peyğəmbərin (s) filan dostunun oğlu, Peyğəmbərin (s) filan qohumunun oğlu olaraq özlərinə yaraşmayan işlərə qurşandılar. Bunların bəzisinin adı tarixdə qeyd olunmuşdur. Elələri tapıldı ki, qızlarının mehri üçün əziz Peyğəmbərin (s), Əmirəlmömininin (ə) və erkən İslam çağı müsəlmanlarının dediyi 480 dirhəmdən ibarət olan sünnə mehrinin yerinə bir milyon dinar – yəni bir milyon misqal xalis qızıl təyin etdilər. Kimlər? Böyük səhabələrin, misal üçün, Müsəb ibn Zübeyrin və digərlərinin oğulları.

Hadisələr Peyğəmbərin (s) vəfatından 10 ildən az bir zamandan sonra başlandı. Öncə İslamda parlaq keçmişi olanlar - Peyğəmbərin (s) müharibələrində iştirak etmiş şəxslər və digər səhabələr xüsusi imtiyazlardan bəhrələndilər. Beytülmaldan daha artıq bəhrələnmə o imtiyazlardan biri idi. Deyirdilər ki, onları digərləri ilə bərabər tutmaq düzgün deyil. Bu birinci iş idi. Yayınma ilə nəticələnən hərəkətlər belə kiçik nöqtədən başlayır və hər bir addım sonrakını daha da sürətləndirir. Yayınmalar belə başlandı, nəhayət, Osmanın xilafətinin ortalarında pik həddə çatdı. Üçüncü xəlifənin dövründə Peyğəmbərin (s) böyük səhabələri dövrün ən varlı adamlarından sayıldılar. Diqqət yetirirsiniz? Yəni adları məşhur olan bu hörmətli səhabələrin - Təlhənin, Zübeyrin, Səd ibn Əbu Vəqqasın və digərlərinin hər birinin Bədrdə, Hüneyndə, Ühüddə qalın bir kitab dolu parlaq keçmişləri vardı. Bu adamlar milyonçuların birinci sırasında yer aldılar. Onların biri öldükdən sonra qalmış qızılları varisləri arasında bölmək istəyəndə əvvəlcə külçə formasına saldılar və sonra balta ilə qırıb bölməyə başladılar; balta ilə kiçik parçalara bölünən odun kimi. Qızılı adətən misqalla ölçürlər. Görün nə qədər olub ki, onu balta ilə sındırırmışlar. Bunlar tarixdə qeyd olunmuşdur, yalnız şiə kitablarında yazılmayıb. Bunlar hamının yazmağa və qeyd etməyə çalışdığı həqiqətlərdir. Onlardan qalan dirhəm və dinarların miqdarı fantastik idi.

Cəmiyyətin daxildən çürüməsi dedikdə bunu nəzərdə tuturuq; yəni cəmiyyətdə özlərinin dünyagirlik və şəhvətpərəstlikdən ibarət olan və təəssüf ki, həm də öldürücü olan yoluxucu əxlaq xəstəliklərini tədricən cəmiyyətə köçürən insanlar peyda olurlar. Məgər belə bir vəziyyətdə kiminsə Yezid ibn Müaviyə rejiminə qarşı çıxmağa ürəyi, cürəti, yaxud hövsələsi olar?! Məgər belə bir şey baş verər?! Yezidin ozamankı zülm və fəsad dolu rejiminə qarşı mübarizə aparmağı kim ağlından keçirər?! Belə bir şəraitdə möhtəşəm Hüseyn (ə) qiyamı baş verib həm düşmənə, həm də adi müsəlmanlar arasında məhvə aparan rahatçılıq və fəsadçılıq ruhiyyəsinə qarşı mübarizə apardı. Bu mühüm məsələdir.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin