Lakin çarizmin bu layihələri elə kağız üzərindəcə qaldı. Ilk növbədə, elə ona görə ki, bu ucqar Asiya ölkəsində məskunlaşmağa razı olan kifayət qədər rus zadəganı tapılmadı. Cənubi Qafqaz diyarını rus kəndliləri və sənətkarları ilə məskunlaşdırmaq planları da elə bu səbəb üzündən, hələlik həyata keçirilmədi. Belə mürəkkəb şəraitdə Rusiya imperiyası Dövlət şurası Cənubi Qafqaz idarəçiliyi sahəsində islahat işini senator Qanın başçılığı ilə bu diyara göndərilmiş xüsusi komisiyanın ixtiyarına verdi. Senator Qann yadellilərin xüsusiyyətləri, adət və ənənələlərini öyrənməyə artıq iş sayıb Paskeviç, Meçnikov və Kutaysovun layihələri əsasında Cəniubi Qafqaz diyarının inzibati idarəçiliyinin islahatı layihəsini işləyib hazırlamağa başladı. 1838-ci ilin fevralında o, öz layihəsini təqdim etdi. Hökumətin ümumi mövqeyi Qanın layihəsinin əsaslarına o qədər yaxın idi ki, həm Dövlət Şurası, həm də Qafqaz Komitəsi bedə bir faktı nəzərə almadılar ki, bu layihənin müəllifi Qafqazı ötəri görmüşdür və Qafqaz barəsində kifayət qədər təsəvvürə malik deyildi. Qan çətinlik çəkmədən layihəsini qəbul elətdirə bildi. Layihə cənubi Qafqazı inzibati cəhətdən 2 yerə Gürcüstan-Imeretiya quberniyasına və Xəzər vilayətinə bölürdü. Diyarda baş idarəçilik Qafqazın baş rəisinin öhdəsinə verilirdi. O, öz vəziyyətinə, hüquq və səlahiyyətlərinə görə, daxili Rusiya quberniyalarının general-qubernatorları ilə eyniləşdirilirdi. Baş rəisin yanında Baş Idarə Şurası yaradılırdı. Quberniya, vilayət və qəza idarələri ciddi surətdə daxili Rusiya quberniyalarındakı idarəçiliyə müvafiq olaraq qurulurdu. Layihə heç bir yerli müsəlman qanunu tanımırdı. Şəriət məhkəmələrinin ixtiyarında ancaq kəbin-talaq məsələləri saxlanılırdı. Yerli bəylərdən olan divanbəyiləri, mahal naibləri və b. işdən uzaqlaşdırılır, rus və digər xristian məmurları ilə əvəz olunurdular. Mahal naiblərinin yerinə sahə iclasçıları vəzifələri təsis olunurdu. Komendant idarəçilik üsulu ləğv edilirdi. Layihəyə görə yerlərdə ruslaşdırma siyasətinin realaşdırılması bu işin başlıca icraçıları sayılan sahə iclasçılarına həvalə olunurdu. Sonunculara müəyyən torpaq sahələri ayrılır, bu torpaqlarda yaşayan rəiyyətlər üzərinə iclasçının xeyrinə vergilər ödəyib mükəlləfiyətlər yerinə yetirmək öhdəlikləri qoyulurdu.
Qanın layihəsinin başlıca məğzi ondan ibarət idi ki, hükumət yerli bəylərə və digər imtiyazlı zümrə nümayəndələrinə arxalanmaq xəttindən büsbütün imtina edirdi.
1840-1841-ci illərin islahatlarının gedişində Qazax, Şəmsəddil və Borçalı ağalarının tiyul torpaqlarının müsadirə olunması. Xəzər vilayəti bəylərinin belə torpaqlarının müsadirəsinə cəhd göstərilməsi çarizm tərəfindən ilk növbədə 30-cu illər üsyanlarında fəal iştirak etdiklərinə görə yerli imtiyazlı silklərdən intiqam almaq, eyni zamanda öz xəzinəsinin varidatını artırmaq cəhdi idi.
Rus müstəmləkə məhkəmələrinə, demək olar ki, heç kəs müraciət etmədiyindən, Qanın islahatlarına 1842-1844-cü illərin düzəlişlərinin nəticəsində şəriət məhkəmələrinin yurusdiksiyası xeyli genişləndirildi. Kəbin-talaq məsələləri ilə yanaşı, mülki, irsi, borc və s. məsələlərin də həlli onların ixtiyarına verildi. Yerli əhali tərəfindən xüsusi qəzəblə qarşılanmış bəzi mühakimə metodları (məsələn, qadınlara bədən cəzasının verilməsi) ləğv olundu.
Şimali Azərbaycanda öz hakimiyətinin ilk onilitklərində çar hökumətinin bu diyarı idarə etmək üçün dəqiq idarəçilik sistemi yox idi. Burada hər baş komandan, hər bir komendant, hər bir məmur öz düşüncələrinə, öz insani keyfiyyətlərinə, öz təhsilinə müvafiq şəkildə hərəkət edirdi. Buradakı rus rəisləri tez-tez dəyişdirildiklərindən qaydalar da eyni tezliklə yeniləşdirilirdi. Yerli əhalinin nə mülkiyyət hüququ, nə də şəxsi təhlükəsizliyi heç bir qanunla mühafizə və təmin olunmurdu.
Qanunsuzluqlar və bununla əlaqədar olan sui-istifadələr xalqı əzir, normal həyata gedən hər cür yolu bağlayırdı. Idarəçiliyin Rusiya metodları bu torpağın əsl sahibi olan yerli xalq üçün yad və başa düşülməyən idi.
XIX əsrin 40-cı illərinədək Şimali Azərbaycanda əvvəlki dövrlərdə mövcud olmuş xüsusi torpaq mülkiyyəti formaları – mülk və tiyul qalmaqda idi.
Mülk qeyri-şərti, nəslən keçən torpaq mülkiyyəti forması idi. Tiyul isə şərti torpaq mülkiyyəti forması olub, tiyuldarlara hərbi və ya başqa xidmət müqabilində verilirdi.
Şimali Azərbaycanda Rusiya işğallarının gedişində və rus əsarətinin ilk mərhələsində çar hökuməti öz sosial siyasətini yürüdərkən, təbii ki, bir hissəsi əldə silah Rusiya ağalığına qarşı vuruşan yerli feodallar içərisində özünə dayaq tapa bilməmişdi. Bu dövrdə Azərbaycanın ali müsəlman silkinin əksər hissəsi Rusiya üçün səbatsız, etibarsız kütlə kimi hökumətin rəsmi siyasətinə dayaq ola bilməzdi.
Lakin eyni zamanda yerli feodal dairələrinin yardımı olmadan çarizm özü üçün ənənəsi, dili və dini yad olan bu diyarı idarə edə bilməzdi. Buna görə də, hökumət yerli ali müsəlman silkinə siyasi və iqtisadi cəhətdən təzyiq göstərmək metodları axtarmaq məcburiyyətində qalmışdı.
XIX yüzilliyin ilk onilliklərində Şimali Azərbyacanda əvvəlki torpaq sahiblərinin soyulması və rus hakimiyyətinə arxalanan yeni feodal kadrlarının formalaşdırılması prosesi gedirdi. Lakin 30-cu illərin sonlarınadək bu proses mərkəzi hökumətin deyil, ən çox yerli hakimiyyət orqanlarının iştirakı ilə həyata keçirilirdi. Rus mutləqiyyətinin feodal təbiəti onu Azərbaycan feodallırının müəyyən qruplarına arxalanmağa sövq etsə də, XIX əsrin 40-cı illərinədək çar hökumətinin bu sahədə az-çox düşünülmüş siyasəti hələ ki, yox idi.
XIX əsrin ilk 30 illiyində çar hökuməti tərəfindən xanlıqlar dövründəki vergi və mükələfiyyətlər sisteminin əsasən qorunub saxlanılmasına baxmayaraq, Şimali Azərbaycan kəndlilərinin vəziyyəti xeyli pisləşmişdi. Bu, onunla izah olunur ki, xan tərəfindən ciddi və yaxın nəzarət şəraitində bu sistem xanın yaxıq adamlarının zənginləşməsi vasitəsi ola bilməzdi. Çar idarəçiliyi dövründə tam uçotsuzluq, nəzarətsizlik, cəzasızdıq şəraitində isə Şimali Azərbaycan kəndlilərindən təkcə dövlət xəzinəsinə gedən vergilər deyil, həm də rus məmurlarının şəxsi cibinə axan var-dövlət də qoparılıb alınırdı. Qayda-qanunsuzluğun son həddə çatdığı bir şəraitdə sui-istifadələrdə günahkar olanları aşkara çıxarmaq çox çətin idi. Kəndlilər çox vaxt xəzinəyə nə qədər vergi ödəməli olduqlarını belə bilmirdilər. Vergilər müəyyən qaydalar əsasında deyil, məmurların kefləri istədiyi şəkildə yığılırdı.
Cənubi Qafqazda öz hökmranlıgını təsbit etməyə başladığı ilk günlərdən çar hökuməti bölgəyə həm də ilk növbədə iqtisadi mənimsəmə obyekti kimi baxırdı. Özü də bu zəngin diyar rəsmi çar dairələrinin diqqətini təkcə satış bazarı kimi deyil həmçinin böyük imkanlara malik rəngarəng xammal mənbəyi kimi çəkirdi.
Hələ işğalların gedişində çar hökuməti diyarın iqtisadi vəziyyətini öyrənməyə, iqtisadi və maliyyə imkanlarını aşkara çıxarmağa sistemli cəhdlər göstərirdi. Bir çox şəhər və bölgələr ələ keçiriləndən dərhal sonra onların əhalisi siyahıya alınmış, bir sıra xanlıqlar (Nuxa Şirvan, Qarabağ) ləğv edilən kimi onların geniş və müntəzəm iqtisadi təsvirləri (əhali sayımı, torpaq, vergilər və s. göstəricilər verilməklə) tərtib olunmuşdur. Artıq XIX əsrin əvvələrində müstəmləkəçi rus idarələri Şimali Azərbaycanda texniki bitkilərin becərilməsi işinin yaxşılaşdırılması, yeni texniki bitkilərin becərilməsini təşkil etmək üçün bir sıra tədbirlər görməyə cəhdlər göstərirdi. 1837-ci ildə hökumət idarələri şəkər qamışı becərib ondan qənd istehsal etmək şərti ilə şəkər zavodu üçün Talış əyalətində 500 desyatin torpaq ayırmışdı.
Hələ bundan 20 il əvvəl, 1816-cı ildə Qafqazdakı rus qoşunlarının baş komandanı və həm də buradakı rus idarəçilik sisteminin başçısı A.P.Yermolov Cənubi Qafqazda xəzinə və ya heç olmasa xüsusi şüşə zavodunun açılmasını, habelə mahud fabrikinin tikilməsini təklif edirdi.
Çar hökuməti idərələrinin başlıca qayğısı Cənubi Qafqaz diyarında Rusiyanın aparıcı sənaye müəssisələrini xammalla təchiz etmək üzrə tədbirlərin həyata keçirilməsi idi. Nəzərdən keçirilən dövrdə Rusiya toxuculuq sənayesi rəngləyici material kimi marenaya güclü ehtiyac hiss edirdi. Cənubi Qafqazın, ilk növbədə isə Şimali Azərbaycanın işğalınadək rus toxuculuq sənayesinə lazım olan marena xaricdən, əsasən Hollandiyadan gətirilirdi. Cənubi Qafqaz çarizm tərəfindən işğalınadək Rusiyanın ipəkçilik sənayesi çox ləng inkişaf edirdi. Bu sənaye üçün xammal (əsasən iplik xam sap) Rusiyaya Italiya, Fransa, Iran və Osmanlı imperiyasından gətirilirdi.
XIX əsrin 40-50-ci illərində ipəkçilik üçün xammalın barama şəkilində Rusiyaya gətirilməsi cəhdləri uğursuzluqla nəticələndi, çünki barama çox sürətlə xarab olan xammaldır. Xammalın Rusiyaya yarımfabrikat kimi gətirilməsi isə rus iş adamları üçün sərfəli deyildir.
Rusiyada ipəkəyirmə sənayesinin yaradılması və inkişafı ölkəyə keyfiyyətli və ucuz ipək xammalının gətirilməsi məsələsini kəskin şəkildə qabardırdı. Bunun nəticəsi olaraq XIX əsrin 20-ci illərindən etibarən Rusiya müstəmləkəçilik orqanları Cənubi Qafqazda ipəkçiliyə xüsusi diyyət yetirməyə başlamışdılar.
Şimali Azərbaycanda başlıca ipəkçilik rayonları Car-Balakən, Nuxa, Şirvan, Qarabağ, Ordubad qismən də Quba və Lənkəran bölgələri idi. Ipəkçiliyin inkişafı və Şimali Azərbaycan ipəyinin digər yerlərə aparılmasının artması artıq XIX əsrin II rübündə müəyyən sosial-iqtisadi nəticələrə gətirib çıxardı. Ticarət-sələmçi kapital özünün bütün fəsadları ilə birlikdə kənd təssərrüfatının bu sahəsinə soxulurdu. Ipəkçiliklə məşğul olan kəndlilər, sənətkarlar, tacirlər və möhtəkirlərin güclü asılılğına düşmüşdülər.
1829-cu ildə Nuxada ipəksarıma müəssisəsi təşkil olunmuş, oraya ipəksarıyan maşınlar və xəzinə rəncbərlərinə mükəmməl ipəksarıma üsularını öyrətmək üçün ustalar göndərilmişdilər. Ipəksarımanın yeni mükəmməl üsulu təkcə Nuxa əyalətində yayılmırdı. Ipəksarimanın yeni mükəmməl maşın üsulunu tətbiq etmək üçün Şirvan və Qarabağ əyalətlərində də bir neçə yeni ipəksarıma maşını göndərilmişdir. 1836-cı ildə Cənubi Qafqazda ipəkçiliyi və ticərəti yayan cəmiyyət yaradıldı. Bu, mülkədar kapitalına əsaslanan özəl səhmdar cəmiyyət idi. Onun başında fransız taciri Tribodino dururdu. XIX əsrin I yarısında çar hökumətinin Şimali Azərbaycandan müstəmləkə kimi istifadə etməyə yönəlmiş iqtisadi siyasəti çarizmin ümumi müstəmləkəçilik siyasətinin mühüm tərkib hissəsini təşkil edirdi.
XIX əsrin əvvələrində Şimali Azərbaycan ticarətinin inkişafına feodalizmə xas olan bir sıra institutlar mane olurdu. Bunların içərsində daxili feodal rüsumları institutu daha aydın şəkildə nəzərə çarpırdı. XIX əsrin 20-ci illərinin sonu 30-cu illərinin əvvələrində Şimali Azərbaycanda hələ də 17 cür rahdar maddəsi və müxtəlif peşə və sənət sahələri üzərinə qoyulan 120 rüsum saxlanılmaqda idi. Eyni zamanda yeni gömrük xətti yaradılır, özü də müxtəlif gömrükxanalarda rüsumlar müxtəlif tariflər üzrə alınırdı. Bütün bunlar çarizmin bu şərq ölkəsində yürütdüyü iqtisadi siyasətin yararsızlığı və çaşqınlığıqa dələlət edirdi.
1821-ci il oktyabrın 8-də Cənubi Qafqazda yeni güzəştli gömrük tarifi tətbiq edildi. Bu tarifə görə itxal edilən xarici mallardan cəmisi 5 faizlik rüsum alınırdı. Təxminən 10 il fəaliyyət göstərmiş 1821-ci il güzəştli gömrük tarifi diyarda ticarətin inkişafına, iriməbləğli sərmayələrin meydana çıxmasına təkan verdi, yerli daxili rüsumların qalmasına baxmayaraq, yerli bazarın qapalılığını xeyli sındırdı, xarici ticarətə müəyyən sərbəstlik verdi. Bu tarifin tətbiqi həm də göstərir ki, bu dövrdə çarizmin ticarət siyasətinin əsas vəzifəsi diyari Avropa və Asiya arasındakı ümumdünya mübadiləsinə cəlb etmək, onu bu ticarətin vasitəsinə çevirmək idi. Əsas məqsəd isə bu yolla da bu yeni müstəmləkədən mümkün olan gəlirləri daha da artırmaq idi.
Lakin XIX əsrin 20-ci illərin sonunda Rusiya toxuculuq sənayesinin istehsalatın mexanikləşdirilməsi sahəsində ilk addımlarlı müşaiyət olunan yüksəlişi şəraitində Rusiyanın çox gənc sənaye burъuaziyası dairələri içərisində Cənubi Qafqazdan buraya Qərbi Avropanın sənaye məhsullarının gətirilməsinə imkan verən 1821-ci il güzəştli tarifindən narazılıq yetişirdi. Çünki bu burъaziya hələ xarici tərəfi – müqabilələrlə rəqabətə qadir deyildi.
Əgər XIX əsrin ilk rübündə çar hökumətinin Şimali Azərbaycanda yürütdüyü ticarət siyasətinin başlıca məğzi Rusiyanın Avropa və Asiya arasında ümumdünya ticərət mübadiləsinə cəlb etməkdən ibarət idisə, həmin əsrin 20-ci illərin sonlarından etibarən Rusiyanın Asiya ticarətinin mənafeləri barəsindəki təsəvürlərdə dəyişikliklər baş verir. Avropa və Asiya arasındakı dünya ticarətində vasitəçilik, Hindistan ticarətinə maraq diqqət tədricən uzaqlaşır, Asiya bazarının Rusiya sənaye məhsulları üçün satış bazarına çevrilməsi vəzifəsi isə əksinə ön plana keçir.
1831-ci il 3 iyun əsasnaməsi Cənubi Qafqaz bazarlarına təkbaşına yiyələnmək uğrunda Rusiya burъaziyası ilə uzunmüddətli mübarizəsinin qanunauyğun nəticəsi oldu. Bu əsasnaməyə görə:
-Cənubi Qafqaz tranzit ticarət yolu Avropa malları üçün əslində bağlanılmış oldu:
-Əsasən Qərbi Avropa ölkələrinin toxuculuq sənayesi məhsulları üzərinə faktiki olaraq qadağanedici tariflər qoyuldu.
Sənətkarlıq, o cümlədən ev sənətkarlığı məhsulları üzərinə qoyulmuş daxili rüsumlar barəsində isə bu Əsasnamədə deyilirdi: daxili sənaye məhsullarına aid rahdar maddələri də tədricən dəyişdirilməli və ya ləğv olunmalıdır.
1831-ci il əsasnaməsi üzrə Cənubi Qafqaz, o cümlədən də Şimali Azərbaycan I Nikolay hökumətinin mühafizəedici gömrük siyasəti çevrəsinə daxil olur və Rusiya sənaye məhsulları üçün daxili satış bazarına çevrilirdi. Yuxarıda haqqında danışılan rahdar rüsumları daxili ticarətin inkişafına fövqəladə dərəcədə maneçilik törədirdi. Lakin onların ləğvi işi xeyli ləngidi. Iki dəfə 1832-ci il martın 15-də və 1836-cı il iyunun 6-da rahdarın ləğvi haqqında məsələ qaldırılmış, lakin Qafqazın baş rəisi baron Rozen xəzinənin maliyyə mənafelərini müdafiə edərək hər dəfə bu işin həyata keçirilməsini hər vasitə ilə ləngidirdi. Rəngarəng rahdar rüsumları tədricən aradan qaldırılmış və ancaq 1846-cı ildə onlar tamamilə ləğv olunmuşdur.
Qadağanedici gömrük tarifləri sistemi də 1846-cı ildə ləğv olundu. 1846-cı il 14 dekabr tarixi əsasnaməyə görə 1831-ci il əsasnaməsinin qadağanedici şərtləri aradan qaldırılmış, Qərbi Avropadan gətirilən mallar üzərinə qoyulan gömrük rüsumları xeyli azaldılmışdır.
Çar müstəmləkəçiləri ilk illərdən etibarən Qafqazda rusların köçürülüb yerləşdirilməsinə ciddi fikir verirdilər. Bu yolla Qafqazda, o cümlədən Azərbaycanda məskunlaşan ruslar çarizmin dayağına çevrilməli, bu yerlərin itaətdə saxlanılmasında əsas dayaq rolunu oynamalı idilər. Zaqafqazifada rusların yerləşdirilməsi əsasən üç istiqamədə aparılmışdır. Hərbi hissələrdə inşa edilmiş kilsələrdə xidmən edən din xadimlərinin gətirilməsi, hərbi xidmətdən sonra burada daimi yaşamaq üçün qalanlara imtiyazların verilməsi, dini əqidələrinə görə sektantların Rusiyanın müxtəlif quberniyalarından Azərbaycana göçürülüb məskunlaşdırılması.
Kilsələr Rusiyanın müstəmləkə siyasətini Azərbaycanda həyata keçirən ilk carçılar idilər. Lakin Rusiyanın müstəmləkə dairələrinin ciddi cəhdlərinə baxmayaraq xristianlığın bu yolla yayılması geniş vüsət almışdı. Rus kilsələri ermənilərin çarizmin dayağına çevrilməsi prosesini sürətləndirdi və bu işə məqsədyönlü bir istiqamət verdi. Zaqafqaziyanın ruslaşdırılmasında kilsə fəaliyyətinin kifayət etmədiyini duyan çarizmin müstəmləkəçi dirələri başqa üsullara əl atdılar. 1821-ci il yanvarın 3-də venrilmiş çarın fərmanında əsgəri xidməti qurtarandan sonra Qafqazda qalmaq istəyənlər üçün imtiyazlar nəzərdə tutulmuşdu. Qafqaz arzusunda olanlara pul, hərbi ləvazimat verilir, əkinçiliklə məşğul olmaq üçün münbit torpaq sahələri ayrılırdı. Hərbi məskənlər kimi salınan bu yaşayış məntəqələrindən birincisi Şuşa şəhəri yaxınlığında, sonralar isə Qubada salındı.
Çar hökuməti Azərbaycanı əbədi olaraq əldə səxlamaq üçün köçürməyə və xüsusilə də rusların bu diyarda məskunlaşdırılmasına əsas vasitə kimi baxırdı. 1837-ci ildə çar I Nikolayın fərmanı ilə Yelizavetpolda hərbi kaloniyalar yaratmaq haqqında göstəriş verildi. Azərbaycanda rusların məskunlaşdırılmasını geniş miqyasda həyata keçirmək üçün daha təsirli işlərdən biri də rus sektantlarının buraya köçürülməsi idi. 1802-ci ildə imzalanmış çar fərmanı ilə təriqətçilərin Zaqafqaziyaya sürgününün əsası qoyuldu. Rusiyadan təriqətçilərin Zaqafqaziyaya axınının təşkil etmək üçün xüsusi Komitə yaradıldı. Azərbaycanda yerləşdirilən hər köçkün ailəsinə 5 desyatin miqdarında torpaq verilməsi nəzərdə tutulurdu.
Rusların köçürülməsi ilə bağlı olaraq 1830-cu ilin oktyabrın 20-də Dövlət Şurası daha bir qərar qəbul etdi. Bu qərarda rus Pravoslav kilsəsinə qarşı çıxan hər hansı təriqətçi kafir kimi qiymətləndirilirdi. Bu qərar staroobryadçılar, molokanlar, duxoborlar, skoplar və subbotniklərə şamil edilirdi. Qərarda qeyd edilirdi, təriqətçiləri cəza kimi ya Qafqaz hərbi korpusuna əsgəri xidməti keçirmək üçün Zaqafqaziyaya göndərməli, ya da oraya sürgün olunmalıdırlar.
Dövlət Şurasının 31 yanvar 1831-ci il tarixli qərarında rus köçgün təriqətçilərinin Azərbaycanda yerləşdirilməsi qaydaları şərh edilmişdi. Bu qərara görə: 1) rus köçgünləri üçün ayrılmış torpaq sahəsi 5 desyatindən az olmamalı idi. 2) məhkəmənin hökmü ilə köçürülən təriqətçilər, meşə yaxınlığında olan torpaq sahəsində yerləşdirildiyi təqdirdə 50 manat, meşələrdən uzaq məskunlaşmaq üçün torpaq sahəsi alanda isə 100 manat pul müavinəti almalı idi. 3) raskolniklər başqalarına təsir gstərməsinlər deyə təzə məskən saldıqları yerlərdə kompakt halda yerləşdirilmələri qadağan edilirdi, onlar pərakəndə halda yaşamalı idilər. 4) raskolniklərin şəhər əhalisinə zərərli təsirini heçə endirmək üçün onlar kənd təsərrüfatı rayonlarında məskunlaşdırılmalı idilər.
Azərbaycanda rus təriqətçilərinin köçürülüb məskunlaşdırılmasında ilk illərdə dini motivlər üstünlük təşkil etmişdir. Azərbaycanda rus köçkünlərinin yerləşdirilməsi Qafqaz canişininin nəzarəti altında həyata keçirilirdi.
Başqa yerlərdə olduğu kimi azərbaycanda da ilk vaxtlarda rus sektantlarının bir yerdən başqa yerə köçmələri qadağan edilmişdi. Bundan da əsas məqsəd onları məhdud çərçivədə saxlamaqla, təriqətçiliyin qarşısını almaq idi.Bu proses 30-cu illərin ikinci yarısına kimi davam etdi. Bu vaxtdan sonra rus köckünlərindən Azərbaycanı idarə etmək məqsədiylə daha geniş planda istifadə etmək qərara alındı.1837-ci ildə qəbul edilmiş hökumət qərarında sektantlarla bağlı pasport reъimi ləğv edildi, sürgün olduqları ərazilərdə onların sərbəst hərəkət etmələri üçün icazə verildi. Bu yeni siyasət Azərbaycana yeni rus axınına səbəb olmalı idi ki, bu da öz növəsində çar müstəmləkə dairələrinin Qafqazın ruslaşdırma siyasətini sürətləndirməli idi. Ciddi pasport reъimi çərçivəsində yaşayan sektantlar yeni qərar qəbul ediləndən sonra Rusiyaya qayıtmaq meylindən əl çəkir, Azərbaycanın daha münasib yerlərini daimi yaşayış məntəqəsi kimi seçirdilçr. 40-cı illərin ikinci yarsında rəsmi hökumət dairələrində rus sektantlarına artıq dini təfriqə salanlar kimi deyil Azərbaycanda çar siyasətinin daşıyıcısı və həyata keçirilməsində istifadə olunan bir mühüm amil kimi baxmaq üstünlük təşkil etməyə başladı. 1848-ci ildə verilən qərara əsasən rus sektantlarına Azərbaycanın şəhərlərində də yaşamaq hüququ verilirdi. Bu yeni qərar Azərbaycana yeni rus axını üçün hüquqi zəmin yaratmalı və burada ruslaşdırmanı sürətləndirməli idi.
40-cı illərin ikiknci yarsından etibarən rusların Azərbaycanda yerləşdirilməsində mühüm dəyişikliklər edildi. Belə ki, o vaxtacan Azərbaycan rus köçkünləri üçün sürgün məkanı rolunu oynasa da bu vaxtdan sonra hökumət dairələri rus ailələrinin könüllü gəlməsi haqqında da tədbirlər proqramı hazırlandı.
1849-cu ilin dekabrın 9-da qəbul olunmuş Zaqafqaziyaya köçən raskolniklərin imtiyazlərı haqqında qərarda könüllü olaraq Zaqafqaziyaya köçmək və burada məskunlaşmaq istəyən ruslar üçüç əsaslı imtiyazlar nəzərdə tutulurdu. Rus köçkünlərinin münbit və məhsuldar torpaq sahələrində yerləşdirilməsinə dair sərəncam verməklə yanaşı onların 8 il müddətində vergilərdən azad olmaları nəzərdə tutulmuşdu.
Zaqafqaziya regionuna rus axınını genişləndirmək məqsədilə 1849-cu ilin dekabrın 21-də çarın yeni fərmanı çıxdı. Orada könüllü olaraq Azərbaycana köçən hər rus ailəsinə 30-dan 60 desyatinə qədər torpaq sahəsi verilirdi. Bundan başqa könüllü gələnlər kreditlə təmin olunmalı, ev tikmək üçün onlara pulsuz olaraq tikinti materialları da verilməli idi. Fərmanda köçkünlərin həm də torpağın becərilməsi üçün lazım olan kənd təsərrüfatı alətləri ilə təmin olunması nəzərdə tutulmuşdu.
Bu fərmandan sonra Azərbaycana rus ailələrinin gəlişində yeni bir mərhələ başlandı. Bu dövrdən etibarən rus köçkünlərinin nəinki əvvəllər nəzərdə tutulmuş Qarabağ, Şəki Şirvan və Talış mahallarında, həmçinin onların Mil və Muğan zonalarında yerləşdirilməsinə başlandı. Rus köçkünləri Muğanda pambıqçılığın inkişafına kömək etmələri idilər. Azərbaycanda ilk rus yaşayış məntəqəsi 1830-cu ildə Vərəndin adlı sahədə (Qarabağ mahalında) salınmışdı.
Ümumiyyətlə, XIX əsrin 30-cu illərindən 90-cı ilərinədək rus köçkünləri vasitəsilə Bakı quberniyasında 22 kənd salındı. Rus kəndlərinin 8-i Şamaxı, 7-si Lənkəran, 3-ü Göyçay, 3-ü Cavad və 1-i Quba qəzalarında salınmışdı. 20-ci əsrin əvvələrində 1905-ci ilə kimi rusların Azərbaycana güclü axını nəticəsində Bakı quberniyasında 18, Yelizavetpol quberniyasında isə 10 yeni rus kəndi salındı. 1873-cü il məlumatına görə Azərbaycanın 1203396 nəfərdən ibarət əhalisinin 27120 nəfərini, yəni 2,3 faizin köçürülmüş rus kəndliləri təşkil edirdi.
Azərbaycanı itaətdə saxlamaq üçün tətbiq olunan köçürmə siyasətində ermənilər xüsusi rol oynayırdılar. Erməni-rus əməkdaşlığı ikinci Rusiya-Iran müharibəsi zamanı daha qabarıq bir formada təzahür etdi. Müharibə dövründə erməni könüllüləri rus ordusunun tərkibində Irana qarşı vuruşmalarda fəal iştirak edirdilər. Erməni-rus anti islam ittifaqının yaranmasına Eçmiadzen kilsəsi və onun başçısı rəhbərlik edirdi. Xidmətlərinə görə erməni keşişi Nerses Aleksandır Nevski ordeni ilə təltif edildi. Iranla müharibənin ən qızğın nöqtəsində vuruşan erməni könüllü batalyonlarının müharibənin rusların xeyrinə qurtarmasında müəyyən xidmətləri oldu. Çar hökumətinin hərbi-strateъi və müstəmləkəçilik planlarında etibarlı dayaq və müttəfiq kimi dəyərləndirilən ermənilər ikinci rus-iran müharibəsindən öz xeyirlərinə çox şey gözləyirdilər. Bu hər şeydən əvvəl Azərbaycanın Cənub və Şimal torpaqları hesabına erməni dövləti yaratmaqdan ibarət idi. Ermənilərin bu planlarının reallaşması yolunda əsas maniə demoqrafiq problemlərlə bağlı məsələlər idi. Azərbaycan ərazisində toplu halda yaşayan əhalinin sayı nisbətini ermənilərin xeyrinə həll etmək lazım idi. Bu yolun optimal variantı Türkmənçay müqaviləsinin mətnində öz əksini tapdı. Bu sənədin XV maddəsində Iranda yaşayan ermənilərin Şimali Azərbaycana köçürülməsi nəzərdə tutulurdu. Belə bir maddənin müqavilənin mətninə daxil edilməsində rus diplomatiyasının əsas məqsədt Şimali Azərbaycanda ermənilərin sayını süni çoxaltmaqla yanaşı Irana xəyanət edən erməniləri layiqli cəzadan qorumaq idi. Ermənilərə hamiliyi öhdəsinə götürmüş çar hökuməti Iranla müharibə qurtaran kimi erməni Milli ərazisi düzəltmək sahəsində ilk əməli addımı atdı. Bu özünün ifadəsini Irəvan və Naxçıvan xanlığının ləğvi və onların əvəzində Irəvanda erməni vilayətinin yaradılması haqqında imzalanmış fərmanda tapdı. Bu məsələ ilə əlaqədar olaraq 1828-ci il martın 20-də çarın senata göndərdiyi fərmanda deyilirdi. Iranla imzalanmış müqavilə əsasında Rusiyaya ilhaq olunun Irəvan və Naxçıvan xanlıqları bundan sonra erməni vilayəti adlandırılsın.
1828-ci ildə Iranın müxtəlif şəhərlərindən Şimali Azərbaycana orta hesabla 40 min nəfər köçürülmüşdü. Ermənilərin köçürülməsində əsas məqsəd Şimali Azərbaycan xanlıqlarında əhalinin Milli tərkibində xiristianların xeyrinə ciddi dəyişiklik etmək idi. 1828-ci ildə yenicə yaradılmış erməni vilayətində əhalinin dördə üç hisəsini müsəlmanlar təşkil edirdi. Irəvan mahalında isə əhalinin üçdə iki hissəsi azərbaycanlı idi. Şimali Azərbaycan torpağına erməni axını təkcə Irandan deyil həmdə qonşu Türkiyədən başlandı. 1828-1829-cu illərdə rus-türk müharibəsində Rusiyanın qələbəsi ermənilərin Türkiyədən Azərbaycana köçürülməsinə şərait yaratdı. Türkiyədən köçürülən hər bir erməni ailəsinə ailə üzvlərinin sayına görə torpaq sahəsi verilməli idi. Ermənilər dövlət, kilsə və mülkədar torpaqlarında yerləşdirilməli idilər. Erməni köçkünləri 6 il müddətinə bütün vergi və mükəlləfiyyətlərdən azad edilməli idilər. Ermənilər münbit torpağı, münasib iqlimi və içməyə yararlı suyu olan yaşayış məntəqələrində yerləşdirilməli idilər. Türkiyədən Azərbaycana təqribən 90 min erməni köçürülmüşdü. Irandan və Türkiyədən köçürülən ermənilərin əksəriyyəti Irəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirilirdilər. Irəvan xanlığında Azərbaycanlıların xüsusi çəkisi 1828-ci ildə ümumi əhalinin 73,8 faizini təşkil edirdisə, 1834-1835-ci illərdə isə bu rəqəm 46,2 faizə enmişdi.
Dostları ilə paylaş: |