Azərbaycan mədəniyyət sistemində kitabxana işi və onun təkmilləşdirilməsinə dövlət qayğısı...
Azərbaycan dövlətinin mədəniyyət siyasəti bu sahənin bütün sferalarını əhatə edir. Yeni dövrün müasir tələblərə cavab verən mədəniyyət siyasəti lazımdır. O siyasəti də Azərbaycan dövləti yürüdür. XXI əsrdə mədəniyyətə müasir baxışlar sistemi formalaşdırılıb. Artıq keçid dövrünün çətinlikləri çox uzaqlarda qalıb. Son illər quruculuq sahəsində gələcəyin inkişaf yolunu işıqlandıran, onun inkişaf istiqamətini, məqsəd və vəzifələrini müəyyənləşdirən proqram xarakterli bir çox sənədlər qəbul edilib.
Bu sənədlər içərisində 6 oktyabr 2008-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" olduqca böyük tarixi əhəmiyyət kəsb edən bir sənəddir.
Kitabxanaşünasların verdiyi məlumata görə, Azərbaycan kitabxana tarixində ilk dəfə olaraq öz məzmunu, əhatə dairəsi, konkretliyi, kitabxana işinin məqsəd və vəzifələrini, ümumaçıq olmasını, inkişaf istiqamətini, maddi-texniki bazanın möhkəmlənməsini, əhatəliliyini, kitabxana xidmətinin planauyğun elmi əsaslar üzərində qurulmasını, dövlət tərəfindən maliyyələşdirilməsini, görüləcək işlərin konkret icra tarixini dəqiq rəqəmlərlə göstərən bir sənəd kimi də mühüm əhəmiyyət kəsb edir. Bilirik ki, sözügedən sənədə "Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə tədbirlər planının əlavə edilməsi onun üstünlüyünü göstərən ən mühüm göstəricidir. Bu tədbirlər planında görüləcək iş, onun icra vaxtı və icra edəcək dövlət orqanının göstərilməsi onun praktik əhəmiyyətini və nəzarət sistemini daha da gücləndirir.
Yasamal rayon MKS-in informasiya-resurs şöbəsindən verilən məlumata görə, proqramın ən yaxşı cəhətlərindən biri də budur ki, dövlət kitabxana şəbəkəsi ilə yanaşı, ayrı-ayrı nazirliklərin, idarə və təşkilatların kitabxana şəbəkələrinin vəziyyəti öyrənilib, bu şəbəkələrdə həyata keçirilən işlər təhlil edilib, ümumiləşdirmələr aparılıb: "Həmçinin, kitabxanalarda aparılan islahatlar, onların informasiya texnologiyası ilə təmin edilməsi və informasiyalaşdırma problemi təhlil edilməklə qarşıda duran vəzifələr müəyyən edilib. Proqramın 2-ci hissəsi "Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı" adlanır. Azərbaycan kitabxana tarixində öz əhatəliliyi, dəqiqliyi, elmliyi, müasirliyi, kitabxana işinin gələcəyinə böyük xidməti ilə fərqlənən bu plan 2008-2013-cü illəri əhatə edir".
Qeyd edilənə görə, tədbirlər planı 9 bölmədən və 117 yarımbölmədən ibarətdir. Plan əvvəlcədən elmi əsaslara söykənənərək aparılan proqnozlar əsasında tərtib edildiyindən, olduqca əhatəlidir. Demək olar ki, burada kitabxana işinin gələcək inkişafının bütün prioritet sahələri öz əksini tapıb: "Hazırda respublikamızda Prezident İlham Əliyev tərəfindən kitabxana işinə dair imzalanmış sərəncamlar, dövlət proqramları respublikamızın çoxminli kitabxanaçılar ordusu tərəfindən müvəffəqiyyətlə yerinə yetirilməkdədir. Qəbul edilmiş dövlət sənədlərinə müvafiq respublikada əhaliyə kitabxana-informasiya xidməti göstərən həm dövlət kitabxana şəbəkəsinin, həm də ayrı-ayrı nazirliklərin, idarə, müəssisə və təşkilatların kitabxana şəbəkələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsinin ardıcıl, hər il artırılması nəzərə alınmaqla planlaşdırılmasına, kitabxana fondlarının yeni kitablarla davamlı olaraq komplektləşdirilməsinə, kitabxanaların informasiya texnologiyaları ilə təmin edilməsinə elektron kitabxanalar, elektron kataloqlar yaradılmasına, böyük elmi və elmi-texniki kitabxanaların internet şəbəkəsinə qoyulmasına, oxuculara kompyuter savadının öyrədilməsinə xüsusi diqqət yetirilib.
Respublika kitabxanaçıları dövlətin kitabxana işinə göstərdiyi böyük qayğıya cavab olaraq kitabxana-informasiya fəaliyyətini daha da genişləndirir, oxuculara xidmət işinin keyfiyyətcə yaxşılaşdırılmasına xüsusi səy göstərir. Bu istiqamətdə Yasamal rayon MKS-də geniş işlər aparılır.
Kitabxanada oxuculara xidməti yaxşılaşdırmaq üçün maraqlı tədbirlər, seminarlar və oxucularla görüşlər təşkil olunur. Kitabxananın VEB səhifəsində müxtəlif məlumatlar, tarixi və əlamətdar hadisələr, tədbirlər, yeni alınan kitablar öz əksini tapır. Bu da oxucuların sayının artmasına şərait yaradır. Hazırda kitabxananın saytında elmi, bədii və uşaq ədəbiyyatından ibarət elektron kitablar mövcuddur".
Qeyd edək ki, müstəqil Azərbaycanda kitabxana işinə qayğı siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub.
Azərbaycanda kitabxana işinin inkişafına Heydər Əliyevin göstərdiyi qayğı bəllidir və onun diqqəti sayəsində bu sahədə böyük işlər görülüb.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru,
əməkdar mədəniyyət işçisi, tarix elmləri namizədi Kərim Tahirovun qeydlərinə görə, Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz Azərbaycanda kitabxana işinin inkişafına da öz töhfələrini verib. Çağdaş kitabxana quruculuğunun özülü də məhz 70-ci illərin əvvəllərində, ulu öndərimiz birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə qoyulub: "Bu dövrdə bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur. Astarada, Bərdədə, Şuşada, Salyanda, Şabranda, Qusarda, Qaxda, İsmayıllıda, İmişlidə, Şamaxıda, Neftçalada və respublikamızın digər şəhər və rayon mərkəzlərində mərkəzi kitabxanaların yerləşdiyi müasir tipli binalar məhz həmin dövrdə tikilib. Bu gün Azərbaycan xalqına kitabxana xidmətinin təşkilində mühüm rol oynayan şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemləri 70-ci illərdə təşkil olunub. 1974-cü ildə ulu öndərin imzaladığı "Zəhmətkeşlərin tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında" qərəra əsasən yaradılan mərkəzləşdirilmiş kitabxana sistemləri həmin dövr üçün çox əhəmiyyətli idi və bu gün də onlar əhalinin maariflənməsində əhəmiyyətli rol oynamaqdadır.
Hazırda mövcud olan Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin, AMEA-nın, həmkarlar ittifaqları təşkilatlarının kitabxana şəbəkələri məhz həmin dövrdə bitkin bir sistem kimi formalaşıb.
1993-cü ildə Azərbaycanda yaranan çox mürəkkəb tarixi şərait və hərcmərclik şəraitində Azərbaycanın kitabxana şəbəkələri də məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Məhz bu dövrdə ulu öndərimizin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlaması bötövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxana şəbəkələrinin də məhvinin qarşısını aldı.
Bu dövrdə ulu öndər müstəqil Azərbaycanda kitabxana quruculuğunda mühüm rol oynayan daha bir uğurlu addım ataraq 1995-ci ildə respublikada kitabxana işinin inkişafını ətraflı şəkildə təhlil etməyi Nazirlər Kabinetinə tapşırdı. Bu göstərişə müvafiq olaraq 1996-cı ildə Nazirlər Kabinetində kitabxana işçilərinin respublika müşavirəsi keçirildi və orada kitabxana işinin inkişafının yeni istiqamətləri müəyyən olundu, yeni vəzifələr müəyyənləşdirildi. 1998-ci ildə isə Azərbaycan kitabxana tarixində dönüş mərhələsi hesab olunan "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub".
K.Tahirov bildirir ki, mədəniyyətimizin və mədəni sərvətlərimizin təəssübkeşi olan ulu öndərimizin 12 aprel 1998-ci il tarixli məşhur fərmanı ilə qüvvəyə minən bu qanun Azərbaycanda çoxlu sayda kitabxana şəbəkəsini dağılmağa qoymayıb: "Qanunla keçmiş sovet respublikaları arasında ilk olaraq "Milli Kitabxana" statusu müəyyən olundu və onun fondları və əmlakı ümummilli sərvət elan edildi.
Azərbaycan Respublikasının "Kitabxana işi haqqında" Qanunu Dövlət Kitabxana Şəbəkəsinin formalaşdırılması, kitabxana sahəsinə dair normativ-hüquqi bazanın yaradılmasında, kitabxana işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsində mühüm rol oynayıb. "Kitabxana işi haqqında" Qanunun bütöv bir bölməsinin Milli Kitabxanaya və onun məsələlərinə həsr olunması xüsusilə diqqətəlayiqdir. Burada Milli Kitabxananın fəaliyyətinin bütün sahələri tam şəkildə əhatə olunub, onun inkişafının prioritetləri müəyyənləşdirilib. Məhz bu qanunun müddəalarına müvafiq olaraq 2000-ci ilin mayında Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Milli Kitabxanasının Əsasnaməsinin təsdiq olunması barədə" Qərar qəbul edib. Nəhayət, 2005-ci ildə bu qanunvericiliyin tələbləri əsasında M.F.Axundov adına Dövlət Kitabxanasına "Milli Kitabxana" statusu verilib. Böyük fəxarət hissi ilə qeyd etmək istəyirəm ki, hazırda özünün sürətli inkişafı və modernləşmə dövrünü yaşayan M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yenidənqurma konsepsiyasının əsası da 90-cı illərin ortalarında ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərimiz ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdə-yəni 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya gələrək kitabxananın problemləri ilə maraqlanıb və özünün ciddi çətinlik dövrlərini yaşayan bu mədəniyyət məbədinin fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırıb. Heydər Əliyev 1995-ci il iyunun 3-də Milli Kitabxanaya gələrək "Vətənə, dövlətə, xalqa sədaqət andı" kitabının təqdimat mərasimində iştirak etdi. O zaman M.F.Axundov adına Dövlət Kitabxanasının fəaliyyətini və orada çalışan insanların əməyini yüksək qiymətləndirən ulu öndər deyib: "Azərbaycan Respublikasının mədəniyyət mərkəzlərindən biri olan M.F.Axundov adına Dövlət Kitabxanasına gəlmişik. Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. ... Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya və burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm". Ümummilli liderimiz M.F.Axundov adına Milli Kitabxanaya ikinci dəfə 1996-cı il mart ayının 5-də İsraildə çap olunan "Heydər Əliyev: Siyasi portretin cizgiləri" kitabının təqdimat mərasimi zamanı gəlmişdi. O zaman kitabxananın fondlarına çox az miqdarda yeni kitabların daxil olduğunu görərək öz şəxsi kitabxanasından 400 nüsxəyədək çox qiymətli kitabı Milli Kitabxanaya hədiyyə edib. Bununla da o, böyük və şərəfli bir ənənəyə başlanğıc verib. Ulu öndər kitabxanadakı çıxışı zamanı bu məsələ haqqında deyib: "Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaqdır. Zənnimcə, gələcəkdə bu təşəbbüs də davam edə bilər". Doğrudan da, xalqımızın böyük oğlunun bu dahiyanə çağırışı cavabsız qalmadı. Onun çağırışına səs verən görkəmli alimlərimiz və ziyalılarımız Milli Kitabxanaya öz şəxsi kitabxanalarından xeyli miqdarda kitab bağışladılar. Heydər Əliyev M.F.Axundov adına Milli Kitabxanaya üçüncü dəfə 1997-ci il noyabrın 5-də "Azərbaycan qaçqınları" fotoalbomunun təqdimat mərasimi zamanı gəlib. O vaxt ulu öndər kitabxananın fondundakı xarici ədəbiyyatlarla da maraqlanıb və məlum olub ki, bir neçə ildir Milli Kitabxananın fonduna xarici dillərdə yeni ədəbiyyat daxil olmur. Diqqəti bu məsələyə çəkən ulu öndərimiz oradaca Baş nazirə göstəriş verib ki, Milli Kitabxanaya xarici dillərdə yeni ədəbiyyatın alınması məqsədilə 1997-ci ildən başlayaraq hər il 5000 ABŞ dolları həcmində əlavə vəsait ayrılsın. Ulu öndərin bu göstərişinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul edib və həmin ildən başlayaraq hər il kitabxanaya xarici ədəbiyyat və dövrü nəşrlər almaq üçün 5000 ABŞ dolları həcmində vəsaiti ayrılıb".
K.Tahirovun qeydlərinə görə, bütün bunlar xalqını, millətini ürəkdən sevən, onun mədəniyyətinə və mənəvi sərvətlərinə diqqət və qayğını öz həyat amalına çevirən işıqlı şəxsiyyətin nəcib əməllərinin bəhrəsi idi desək, yanılmarıq: "2004-cü ildən bu günədək ölkəmizdə kitabxana işi sahəsində uğurla aparılan möhtəşəm quruculuq işləri - "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" (2004), "Dünya ədəbiyyatı və uşaq ədəbiyyatı kitabxanası seriyasından kitabların nəşri haqqında" (2005), "Azərbaycanda kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi haqqında" (2007), "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq olunması haqqında" (2008) Azərbaycan Respublikası Prezidentinin silsilə sərəncamları və Milli Kitabxananın tamamilə yenidən qurulması, təchizatı və modernləşdirilməsi barədə Prezident İlham Əliyevin tapşırıqları bu siyasətin məntiqi davamıdır. Ulu öndərimizin Milli Kitabxanamıza xüsusi qayğısının bariz nümunələrindən biri 2000-ci ildə kitabxananın binasında əsaslı yenidənqurma işlərinin aparılması və texniki təchizatının gücləndirilməsi barədə verdiyi tapşırıq olub. 2000-ci ilin may ayında Nazirlər Kabinetində bu sətirlərin müəllifinin iştirakilə keçirilən müşavirədə Avropa Şurasının ayırdığı dövlət qrantı hesabına Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyinin xətti ilə bərpa olunması nəzərdə tutulan 3 ən mühüm müəssisə seçilərək ulu öndərə təqdim olunarkən, ulu öndər "M.F.Axundov adına Dövlət Kitabxanasını götürün, "Azərenerji" və Bakı Şəhər İcra Hakimiyyəti özləri vəsait taparlar", dedi. Milli Kitabxanada oxucular üçün yaradılan bu gözəl şərait, kitabxananın saytının, elektron kataloqunun, elektron kitabxanasının yaradılması və onun virtual rejimdə bütün dünyaya yayılması məhz ulu öndərin kitabxanaya qayğı və diqqətinin nəticəsi hesab oluna bilər. Ulu öndərin ideyalarını layiqincə davam və inkişaf etdirən Prezident İlham Əliyevin ölkədə kitabxana işinə qayğısından danışmamaq mümkün deyil. Hörmətli Prezidentimizin 2004-cü ildə imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı Azərbaycanda kitabxana işinin inkişafında xüsusi rol oynadı. Hətta, mən deyərdim ki, bu sərəncamla kitabların 25 min nüsxə tirajla çap olunması və bütün kitabxanalara hörmətli Prezidentimizin hədiyyəsi kimi verilməsi oxucuların yenidən kitabxanalara qayıtması üçün real şərait yaratdı".
Dostları ilə paylaş: |