Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 8,77 Mb.
səhifə18/35
tarix30.07.2020
ölçüsü8,77 Mb.
#102750
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

VIII mətn

Novruz bayramında bizdə padşah tikərdilər. Rayonun mərkə­zindən hamı bizim kəndə (Dəmirçilər kəndi – top.) gələrdi həmin oyuna baxmağa. Kəntdə keçirəndə yazıb vurmuşdux kəndin altı-yeddi yerinə ki, şahın əmrinə əsasən gecə saat birə qədər heç kim yatmamalıdı. Kim yatsa, şah tərəfinnən ağır cəzaya məhkum ola­cax. Gecə saat on iki oldu, birə işdiyəndə durub getdik müəyyən adamlar vardı onnarın evinə. Bir dəfə getdik Misir məəllimin evinə. Getdik gördük yazıx stolda mürgüləyir. Bizi görən kimi dedi, kö­pək uşağı, gəlin çıxın da, yata da bilmirəm qorxumdan. Ordan gəldik İbrahim həkimgilə. Arvadı dedi, Həsən dayınız yatıbdı, sizin tapşırığa əməl eləməyib. Girdik içəri, gördük alt tuman-köynəkdə yatıbdı. Yorğanı atdıq üsdünnən, aldıq çiynimizə, götdük getdik. Bir nəfər də inciməzdi.

Yazıb hər yerə vururdux ki, saat bir tamamda şah gəzintiyə çıxajax, kimin nə şikayəti var eləsin. Şah bəzənirdi, uzunqulağın üsdündə çıxardı gəzintiyə, şikayətdərə baxırdı.

Rayonda keçirəndə birinci katib Şahsuvar Yəhyayev idi, biz onu şahın hüzuruna çağırtdırmışdıx.

İyirmi, iyirmi iki nəfər yığılırdı, pul qoyuf heyvan alırdıx. Ye­mək bişirilirdi, camahata yemək verilirdi. Məclisə gələn gəlinnər ha­mısı xonça bəzəyib gətirirdi. O xonçanı da rayondan, kənardan gələn adamlara paylıyırdılar. Üç-dörd nəfər vardı, xüsusi geyimləri olurdu, oturanların hamısına o xonçadakı nemətdən paylıyırdılar. Gələnnər şahın tədbirinə tamaşa eliyirdi. Şah kiməsə cəza verirdi, deyirdi oynasın. Qara zurna çalırdılar, oynuyurdu. Kiminə deyirdi, sən zopu çək. Bir nəfər düşür qabağa, əlində şümal tut çubuğu olur, qıraxda da on dənə, iyirmi dənə zapas çubuğ saxlıyıllar. Cavan­nar­dan on beş, iyirmi nəfər zopu çəkənin başına yığılıllar. Dəstəni çə­kən oynuyur, bir də görürsən cibinnən bir şey çıxartdı. Səndə varsa, çı­xarıb canı qurtarırsan, yoxsa əlindəki çubuxla baxmırdı, har­dan gəldi vururdu. Yer qazırdılar, ora su tökürdülər, o suyu dilinnən yala­ma­lıy­dın. Kim yalamırdı, çubuxnan elə vururdu, başı gedib girirdi çalaya.

Adamlar şah tərəfinnən cərmələnirdi. Kimin nöqsanı varsa, şah birini dar ağacınnan asdırır, birini zindana salır, birini beş ma­nat cərmə eliyir. Həmin pul xəzinədarda yığılırdı. Bir dəfə yığılan pulla məscidin darava deyilən hissəsini təmir elədik, nööbəti il yı­ğılan pulla imkansız, yetim-yesirlərə əl tutdux.

Şah ciddi olmalıdı, gülməməlidi, hazırcavab olmalıdı. Ke­çən il Yadigar məəllimi şah seçdik, Şahbaz müəllimi də vəzir seç­dik. Şah qəlbidə oturardı, onnan bir az aşağıda vəzir, lap aşağıda buy­ruxçuları durardı. O tərəfdə xəbər aparıf gətirənnəri olardı, bu biri tərəfdə də şahın xəzinədarı oturardı.

XIDIR NƏBİ
I mətn

Xıdır peyğəmbər həmən gün (fevralın 5-i – top.) zühr eliyir, urza paylıyır. Naftalan Xıdır peyğəmbərin dəvəsinin ayağınnan çıxıf.

Xıdır Nəbi, Xıdır İlyas

Bitdi çiçək, oldu yaz.

Xıdır gəlir haynan,

Altı qara daynan.

Day batdı palçığa,

Çıxartdılar hay-huynan.

Yağ gətirin yağlıyax,

Dəsmal gətirin bağlıyax.

Dəsmal dəvə boynunda,

Dəvə Şirvan yolunda.

Şirvan yolu buz bağlar,

Dəstə-dəstə gül bağlar.

O gülün birin üzeydim,

Saş bağıma düzeydim.

Familin toyunda

Sındıra-sındıra süzeydim.

Uşaxlar bu mahnını oxuya-oxuya pay yığır. Armud, yumurta, yağ, un yığır. Əllərində məşəl bütün kəndi hərrənirdilər. Sora bir evdə yığılıf yığdıxları paydan kömbə salıllar. Xıdır Nəbinin də xaşılı var. Unu balnan, bəhməznən çalıllar. Həmin gün Xıdır pey­ğəm­bər də altında boz at zühur eliyir, hamının ruzasını verir. Gecə yarıdan sora hamının ruzasını paylıyır. Kosa fason geyim düzəl­dirlər. Özlərinə qoyun yununnan bığ düzəldirdilər, quyrux qoyur­dular. Üstlərinə zınqırov qoyardılar, başlarına ucu şiş papax qoyar­dılar. Kömürnən üzlərini zil-qara eliyərdilər. Üç ev, dörd ev bir yer­də kömbə bişirirdilər, yeyib-içib səhərə yaxın dağılırdılar. Bütün kəndi başdan-başa gəzirdilər. Qırmızı içli kömbə düzəldirdilər, onu yeyirdilər. Xıdır Nəbi gejəsi gərək təknəni boş qoymuyasan. Kir­ki­rədə qavıd çəkirdilər, qoyurdular ləyəndə pəncərənin ağzına, tək­nədə də çörəyi qoyurdular. Deyirdilər, Xıdır peyğəmbər gəlif əlin basajax ora.
II mətn

Xıdır Nəbi kiçik çilənin yarısında keçirilir. Xıdır Nəbiyə hazırrıx görülürdü, evdə səliqə-səhman yaradılırdı, xaşıl bişirilirdi. Elə bil xaşıl bişirmiyən, oraya bəhməz tökmüyənə pis baxırdılar. Özü də qışın yarısında xaşıl bişirmax da hasant döylü ey. Bir evdə neçə külfət varsa, qab dolusu xaşıl qoyulurdu, içində yağ, bəhməz olurdu. Gərək Xıdır Nəbinin ehtiyatın payızdan saxlıyasan.

Xıdır Nəbi, Xıdır İlyas,

Bitdi çiçək oldu yaz.

Mən Xıdırın quluyam,

Boz atının çuluyam.

Xıdır gəldi haynan,

Bir qaraca daynan.

Day batdı palçığa

Xıdır da yatdı yanında.

Xıdır günü xaşıldan başqa heş nə bişirməzdilər. Bir də qavıd qovururdular, qoyurdular dalda yerə ki, Xıdır gəlif əlin bassa, bu evə bərəkət gələjəh. Uşaxlar qapı-qapı gəzirdi, pay yığırdılar. Elə ki, pay alırdılar sevinə-sevinə gedirdilər. Pay xoşdarına gəlmirdi, ya kimsə pay vermirdi oxuyurdular:

Çatma çatmıya,

Çatma yerə batmıya.

Kim Xıdırın payını verməsə,

Əri onnan yatmıya.

Yığılan pay çox olduxda səhər ağsakqallar artıq qalan payı hansı ev kasıbdı, verirdi həmin evə. Pay verəndə oxuyurdular.

Pay verənə pay olsun,

Pay vermiyənə vay olsun.

Xıdırın qədrin bilmiyənin

Qara dayın yanında yatmağı olsun.


ƏLƏM AĞACI
Uzun ağac idi. Ona parçalar bağlanırdı, şalban kimi yerə bas­dırılırdı. Camahat onun divində sinə döyürdü, başların çərtirdi. O parçaları ordan aşmırdılar, qalırdı orda. Gələn il ya o ağacı çıxardıf yenidən bəziyif vururdular ora, ya da elə dövrəsində sinə vurur­dular. Camahat ağ geyinirdi, ağ köynək deyirdilər onnarın adına. Ağ köynək qıpqırmızı olurdu. Xançalnan başların çərtərdilər. Ağa­cın divinə gətirif nəzir qoyardılar. Orda yetim olsaydı, əl-ayağı şikəst adam olsaydı, nəziri o götürərdi.
DOLU DUASI
Biz uşax olanda görürdüh yaşdı adamlar deyir ki, bu il çox quraxlıx olajax. Hamının bağı, bosdanı olurdu da. Qorxurdular ki, istidən yanar birdən. Deyirdilər ki, qurban kəsməh lazımdı, dolu qur­banı. Ona görə ki, dolu yağmasın, bostanı, bağı məhv etməsin. Kəndin bir ağsakqalı seçilirdi. Hər evdən pul yığıf gedif dolu qurbannığı alırdılar. Həmin qurbannığı kəndə hərriyirdilər. Allah bizi bizə gələn bəladan, doludan hifz eləsin. O qurbanı məscitdə kəsif paylıyırdılar. Nə qədər dolu bu yolla bizim kəntdən yan keçif.
HOLAVAR
Altı boyun öküznən yer sürüllər. Kotanı dörd adam sürür. Biri majı tutur, üçü öküzləri sürür. Axırda sürənə ambul sürən deyillər, ortaya tərəzi, qabağı sürənə də qabax deyillər. Hərəsi iki boyun öküz sürür. Arxada oturan qabax öküzü vurur, qabaxkı özünnən əvvəlkin vurur. Öküzü sağa-sola döndərmək də lap qabaxda otu­ranın işidir. Öküz sürəndə holavar çəkərdilər. Qaçaq Nəbinin, Qa­çaq Səfonun adını ağsakqallar kotan sürəndə də holavarrıyırdı.

Bizim adamlardan biri qonşu kəntdə (Ağcakəndə – top.) kotan sürəndə deyillər, bu elə holavar çəkir ki, nətər eliyək bunun holavarına qulağ asax? Holavar çəkənin də adı Məmmədquludu. Bunnar yığışıfdı ki, gəl bir holavar çək, qulağ asax. Bu da deyif ki, yox ey, mən iki-üç adama holavar çəkən deyiləm. Kəndin hamısın yığın bura, holavar çəkim. Hamını yığanda deyir:

Holo-holoooo,

El gələ-gələ.

Holo-holoooo,

El gələ-gələ.

Ey görginən başımıza nə gələ.

Holo-holoooo

Allah minkətdiləri qorusun

Ağcakəntdilərə nə gələ gələ.

Heş kəs başa düşməmişdi ki, bu ağcakəntdilərə deyir, Allah minkətdiləri qorusun, sizə nə gələ gələ.

Holavarrıyanda hərə öz dərdin yadına salıf holavarrıyırdı. Birinin oğlannarını urus əlinnən almışdı o oxuyurdu ki:

Ey mənim qoçaxlarım

Holo-holoooo

Ey mənim qaçaxlarım.

Urus apardı səni

Əlim çatmadı holo-holooo.

Majı tutan burdan holavarrıyırdı, ambulu sürən ordan. Səsdər qarışırdı bir-birinə. Balasını itirən balasının dərdinnən holavarrıyır, birinin qardaşı ölüf onnan ötəri holavarrıyırdı. Deyirdilər, o elə holavarrıyır ki, öküz öz-özünə çəkir.


BƏYİN QARDAŞLIĞI
Toy olan oğlanın qardaşdığı olurdu, onun boynuna qırmızı bağlıyırdılar. Toyu olan adamın ən yaxın dosdarınnan biri qardaş­dıx seçilirdi. Özü də subay olmalı idi, çünki sora həmin toyu olan ona qardaşdıx gedəjəhdi. Qardaşdıx müəyyən funksiya üzərinə götürürdü. Toy evinə o yardım eliyirdi. Ya bir cöngə verirdi, ya bir erkək verirdi və yaxud ayrı şeylər alırdı. Bu ona gətirirdi, toyu olan da sora aparajeydi ona. Doğma deyildisə, qanunu qardaş olurdular. Mənim toy qardaşdığım var. O rəhmətə gedif, ayləsiynən, uşaxla­rıy­­nan böyün də o dosduğu davam etdirirəm. O qardaşdığı axıra qədər saxlıyırdılar. Qardaşdığın çiyninə qırmızı şal bağlıyır­dılar ki, bilin­sin bu bəyin qardaşdığıdı. İmanlar kəndində yaşdı adamların əksə­riy­yətinin qardaşdığı oluf. Toyda ən hörmətdi adamın biri o olurdu. O vaxdı qız evi başlıq kimi bir mal, iki qoyun isdiyirdi. Onu qar­daşdığ ödüyürdü. Qız evinin xərcini o çəkirdi. Gəlinə bir dəsd ləyaxlı-başdı paltar alırdı. Kimin güjü nəyə çatır, onu eliyirdi. Qardaşdıx vardı ki, imkanı yox idi, amma eləsi də vardı ayrı aləm idi. Hərə öz güjünə görə kömək eliyirdi.

Bəy bağı deyirdilər, padşahın qabağına qoyurdular. Ağacı müxtəlif meyvələrlə, şakalatlarnan bəziyirdilər. Kim qeyri-qanuni yolla ordan nəsə götürsə, padşah onu cərmə eliyirdi ki, bəy bağına hücum eləmisən. Bir ağac bəzənərdi. Üsdündə alma, armud, üzüm, nar, konfet, şakalat. Yanına da qoruxçu qoyurdular. Qoruya bil­məsə, onu cərməliyirdilər. Toy qutarana qədər padşah onun üsdün­dəki meyvələri, şakalatı paylıyırdı, axıra qalırdı quru ağac.


QUBADLININ TOY ADƏTLƏRİ33
Milli dəyərlərimizdən olan toy adətlərimiz oxşar cəhətləri ilə yanaşı, fərqli xüsusiyyətləri ilə də seçilir. Aşağıda təsvir edilən toy adətləri doğulduğum, boya-başa çatdığım, ahıl adamlardan eşitdi­yim, görüb şahidi olduğum Qubadlının toy adətləridir.

Qaçqınlıq həyatı ilə bağlı olaraq, ayrı-ayrı zonalarda məskun­laşdıqlarına görə bu adətlər tam halda keçirilmir. Ona görə də təsvir edəcəyimiz adətlər qaçqınlıqdan əvvəl, 70-80 ci illərdən başlayaraq 1993-cü il 30 avqust – işğal gününə qədər olan dövrü əhatə edir. Onu da qeyd edək ki, ərazidə toylar daha çox payız aylarında keçi­ri­lirdi. Yayda, qışda az hallarda toy olurdu. Yaşlıların dediyinə görə, may ayı boş, uğursuz, xoşbəxtlik gətirməyən bir ay kimi dəfə­lərlə elin sınağından keçirilib. Ona görə də indiyə kimi, bu ayda heç bir xeyir iş, toy keçirilmir.

Toy mərasimi bir neçə mərhələdən keçir. Qızseçimi məsələ­sində məcburiyyətə yol verilmir. Bu mərhələdə oğlanın seçimi əsas tutulur, yaxud ata-ananın arzusuna uyğun hərəkət edilir. Qızın bəyənilməsi əsasən toylarda olurdu. Qız daha çox dövranda (gecə toyu) bəyənilərdi. Məsələn, oğlunu evləndirmək istəyən ata hansı qızdan xoşu gəlibsə, ağır bir oyun havası çaldırıb həmin qızı rəqsə dəvət edir, həm əlinə pul verir, həm də başına pul tökür. Bununla da bildirmək istəyir ki, qızı oğlu ücün alacaq. Doğrudan da el-oba arasında işlənən “Toy toyu gətirər” deyimi düz çıxırdı. Yəni kənd­də hər bir toy yeni bir xeyir işin başlanmasına səbəb olurdu.

Göbəkkəsdi yolu ilə evlənmə az hallarda olur. Bu yolla deyik­lənən qız bir qədər nüfuza malik olur. Bütün kənd həmin qıza hör­mət edir. Oğlan evi uşaqlıqdan qızı qorumağa çalışır. Həmişə qızı görməyə gedirlər. Bütün bayramlarda onun adına xonçalar aparılır. Ona görə də heç kəs həmin qıza elçi getmir. Sonralar bu yolla evlənməyə üstünlük verilmədi. Sərbəst seçimə əsas yer verildi. Bü­tün bunlar toyun başlanmasına qədər olan mərhələdir.

Qızı yəqinləşdirdikdən sonra elçilik başlanır. Elçilik iki hissə­dən ibarət olurdu; böyük elçilik və kiçik elçilik. Kiçik elçilik qadın­ların elçiliyidir. Bir neçə qadın – oğlanın anası, xalası, bibisi, bacısı və s. məqsədlərini bildirmək üçün qızgilə gedirlər. Qızın ağ­zını aradıqdan sonra elçiliyin yeni mərhələsi başlanır.

Böyük elçilik kişilərin elçiliyidir. Ağsaqqallardan ibarət elçi­lər dəstəsi (oğlanın atası, əmisi, dayısı və s.) qız evinə gedirlər. Birinci və ikinci elçilik baş tutmur. Əgər razılıq tez verilsə, qız evi­nin el-obada nüfuzu aşağı düşər. Nəhayət, dördüncü və ya beşin­ci elçilikdə qızın atasının razılığı alınır. “Hə” cavabını eşidənə qədər elçilər süfrədə heç nəyə əl vurmurlar. Sonra onların şərəfinə ye­mək-içmək verilir.



Nişanqoyma dəbdəbə ilə keçirilmir. Çünki ərazidə bunun düşər-düşməzi olmasına inam var. Çox vaxt üzük aparılmır. Nişan adeləmə ilə əvəz edilir. Bu da bir neçə qadının iştirakı ilə başa çatır. Oğlanın bacısı qızın başına qırmızı yaylıq örtür. Qız ad edildikdən sonra heç vaxt toyu gecikdirmirlər. Bundan sonra toyun başlan­masına hazırlıq görülür.

Ağsaqqallıq Qubadlı toylarının əsas sütununu təşkil edir. Bu, çətin və məsuliyyətli bir vəzifədir. Həmin vəzifəyə təyin edilən həm nəslin tanınan, sözü keçən, həm də el-oba tərəfindən hörmətlə qarşılanan nüfuzlu bir şəxs olmalıdır. Həmin ağsaqqal toyun bütün məsuliyyətini əvvəldən-axıra qədər öz üzərinə götürür. Bir növ oğ­lan atası da ağsaqqala tabedir. Onun qoyduğu qayda-qanunları belə pozmağa ixtiyarı yoxdur. Ona görə də kənddə toyun necə keçəcə­yini bilmək üçün birinci olaraq onun ağsaqqalını soruşurlar. Toyun başlanmasından bir həftə əvvəl münasib bir gündə hər iki tərəfin iştirakı ilə qızgildə toyun vaxtı təyin edilir. Sonra yol danışılır. Yol oğlan evinin qız evinə verəcəyi toy xərci deməkdir. Toydan bir neçə gün qabaq oğlan evinin ağsaqqalı qız evində yolun (xərcin) miqdarını müəyyənləşdirmək üçün danışıqlar aparır. Bəzən bu danışıqlar baş tutmur. Bu da qız evinin yol xərcini çox istəməsin­dən irəli gəlir. Ona görə də bu məsələni həll etmək üçün xüsusi bacarığı olan adamları cəlb edirlər. Onu da qeyd edək ki, hansı qız evi bu cür yol tutursa, el-oba tərəfindən yaxşı qarşılanmır, hörmət­siz olur. Yol üçün qoyulan xərc təxminən belə olur, iki-üç qoyun, bir tay düyü, bir tay qənd, yağ, məmər (nəmər), şirniyyat, pendir, müəyyən miqdarda müxtəlif tərəvəz və s. Yolu aparanda qızın ata-anası üçün də xələt aparılır.

Toy bir həftə müddətində, birinci günündən başlayaraq bazar günü axşama qədər davam edir. Ona görə də bir kənddə iki toy olmur. Çünki həftənin hər gününün öz xüsusiyyəti var. Hətta xeyri-şəri bir olan kəndlərdə də həmin gün toy olmur.

Birinci gün – duz günü ağır gün hesab edilir. Ona görə də bu gün heç bir adət keçirilmir. Sadəcə, görüləcək işlər barəsində hər kəsin vəzifəsi müəyyən edilir.

Həftənin ikinci günü toyun ən maraqlı hissəsi Çörəkbişdi mər­hələsi başlanır. Bu adət çox təmtəraqla keçirilir. Kəndin toy məclislərinin çorəyini bişirən çörəkçillər dəstəsi olur. Çörəkçilər dəstəsi səhər-səhər, gün cıxmamış toy evinə gəlir. Gün batana qə­dər çörək bişirirlər. İki-üç tay (kisə) un yoğrulur. Təxminən iki yüz bükümə yaxın yuxa salınır. Hər büküm də dörd yuxadan ibarətdir. Həyətdə dörd-beş sac qalanır. Hər sacın başçısı olur. Yuxanın yaxşı bişməsi daha cox sacın küllənməsindən asılıdır. Ona görə də ev yi­yəsi bu işi əli yüngül, ruzili olan bir adama tapşırır. Həmin qadın ürə­yincə olan şirinliyi almamış sacı külləmir. Hər sacın öz dəs­tər­xanı (süfrəsi) olur. Hər süfrənin üç-dörd nəfər­dən ibarət işçisi olur. Böyük və kiçik yuxa yayan, yuxanı çevirən, sac altı qalayan. Kün­də­nin (hər bir yuxanın xəmir şəklində olan yumru forması) vərdə­nasını (yuxanın kicik forması) açana kiçik yuxa yayan deyilir. Böyük yuxa yayan yuxanı hazır vəziyyətə gətirir. Bunlar da ayrı-ayrılıqda ev yiyəsindən şirinlik aldıqdan son­ra çörəyi salırlar. Onlar şirinlik almaq istədiklərini hərəkətləri ilə bildirirlər. Məsələn, kün­dəni yaymamaqla, ocağı tüstülətməklə, ilk yuxanı yandırmaqla şi­rin­liklərini istəyirlər. Həmin gün zarafat ola­raq toy evinin “müflis günü” kimi qeyd olunur. Toy evinin ən yaxın adamları gəlib hər sa­cın başçısına çörəkbişdinin şirinliyini verir. Məclisin axırında veri­lən şirinliklər çörəkçilər arasında bəra­bər sayda bölüşdürülür. Son­da onların şərəfinə yemək-içmək verilir.



Onu da qeyd edək ki, qız evində (oğlanla qız eyni kənddən olan­da) çörəkbişdi həftənin üçüncü günü olur. Mütləq oğlan evindən bir nəfər gəlib qız evində un xaralının ağzını şirinlik ver­dik­dən sonra açdırır. Bundan sonra xəmiri yoğururlar. Həftənin dördüncü günü toyun paltarbiçdi hissəsi başlanır. Paltarbiçdi qadın­ların yığıncağıdır. Bu yığıncaqda kişilər iştirak etmir. Xüsusilə xeyri-şəri bir olan qon­şu kəndlərin arvadları da bu məclisdə iştirak edir. Qadınları toya təlif (çağırmaq) etmək üçün iki təlifçi (dəvət edən, carçı) olur. Tə­lifçilər də paltarbiçdidən bir gün əvvəl, yaxud həmin gün hər evin bir qadınını paltarbiçdiyə təlif edir. Təlifçilər dəvəti sakitcə yox, ucadan car çəkir ki, bütün kənd eşitsin. Məsələn, filankəs sizi oğlu­nun paltarbiçdisinə dəvət edir, subaylarınızdan görəsiniz və s.

Paltarbiçdi iki hissədən ibarətdir. Birinci hissədə gəlin üçün alınmış paltar və qızıl əşyaları göstərilir. Bu işi iki qadın həyata ke­çirir. Onlar həm səs, həm də boy-buxun baxımından fərqlənirlər. Xüsusi bir aktyorluq qabiliyyətinə malik olurlar. Həmin qadınlar qırmızı lentlərlə bəzədilmiş gəlin çamadanlarını başları üstünə alıb məclisə gəlirlər. Xeyir-dualarla, alqışlarla “balalarınızdan görəsi­niz” deyib onlar üçün bəzədilmiş yerə keçirlər. Gəlin üçün alınmış paltarları bir-bir göstərirlər. Zarafatla “hələ bu kənd belə paltar görməyib” deyə məclisi daha da şənləndirirlər. Bu hissədə musiqi çalınmır. Paltar göstərmədən sonra məmər paylamaq hissəsi baş­la­yır. Bizdən fərqli olaraq başqa zonalarda məmər nəmər forma­sın­da toya salınan pula deyilir. Bu hissəni də iki qadın həyata keçirir. Məmər üçün kiçik torbalar tikilir. Hər torbaya bərabər sayda, məsə­lən, iki konfet, üç peçenye, bir neçə noğul qoyulur. Torbanın ağzı qırmızı lentlə bağlanır. Şirniyyatın azlığına baxmayaraq bu torba toyun simvolik mənasının daşıyıcısıdır. Təsadüfən bir kəndə gedən­də kiminsə əlində bu torbadan varsa, bu da həmin kənddə toyun olduğunu bildirir (əvvəllər məməri balaca qabda verirdilər).

Qadınlardan biri məmər torbaları ilə dolu süfrəni belinə bağ­layır. O biri qadın isə toya salınan pulların siyahasını yazmaq üçün dəftər-qələm götürüb birlikdə məclisə gəlirlər. Onlar vəzifələ­rini oturaq vəziyyətdə deyil, toyxananı gəzə-gəzə həyata keçirirlər. Belə olanda məclis daha da maraqlı olur. Məsələn, onlar hər bir qadının qarşısında dayanaraq toya yazdırdıqları pulun miqdarını ucadan elan edirlər. Məsələn, filankəs 100 manat, oğluna, qızına borc ol­sun. Sonra onların hər birinə bir məmər torbası verilir.

Paltarbiçdinin birinci və ikinci məclisi qonşu kəndlərdən gə­lən qadınlar üçün təşkil edilir. Axırıncı məclis isə kəndin qadın­larına aid olur. Bu məclisdə daha çox ailəli qadınlar iştirak edir.

Beşinci gün günortadan başlayaraq bazar günü axşama qədər toy çalınır. Bir müddət toyu şənbə günündən çaldırdılar. Lakin bu qayda toyu şənliksiz etdiyinə görə ləğv edildi. Kişi də, qadın da eyni toyxanada rəqs edirlər. Onu da qeyd edək ki, musiqiçilərin hamı­sına aşıqlar deyilir. Aşıqlar iki dəstədən ibarət olur. Birinci dəstəni xanəndələr, ikinci dəstəni isə zurnaçılıar təşkil edir. Zurna­çılar əsasən gündüz toyunu, xanəndələr isə həm gecə, həm də gün­düz toyunu idarə edir. Gecə toyunun başlanmasından bir-iki saat əv­vəl, təxminən axşam saat 5-7 arası fasilə olur. Bu da əsasən kənd ca­mahatının mal-heyvanlarının yerbəyer etməsi üçün edilir. Axşam saat yeddidən sonra dövran – gecə toyu başlayır. Gecə saat 12-yə, 1-ə qədər davam edir. Toya baxmağa heç kəsi xüsusilə dəvət etmirlər. Yəni hamı baxmağa gəlir. Nəinki həmin kəndin adamları, hətta qonşu, uzaq kəndlərdən də dövrana tamaşa etməyə gəlirlər. Aşıq­ların stolunun üstünə qırmızı məxmərdən olan süfrə salınır. Üç gün müddətində rəqs meydanını idarə edən, səliqə-sahman yaradan bir şəxs olur. Həmin şəxsə toybaşı deyilir. Toybaşı kişi olur. Hər kəndin bir-iki toybaşısı olur. Onlar illərlə toylardan sınaqdan çıx­mış, təcrü­bəsi olan adamlardır. Yaş baxımından nə çox cavan, nə də çox qoca olurlar. Onun qoluna qırmızı yaylıq bağlayırlar. Toy­ba­şının nar ağa­cından düzəldilimiş bir çubuğu olur. Buna bəyin toy çubuğu deyilir. Çubuq qırmızı lentlərlə bəzədilir. Bəzən buna əhd, niyyət çubuğu ki­mi də baxılır. Məsələn, kimsə əhd edir ki, bir iş var, düzəlsin, filan­kəsin oğlunun toy çubuğunu özüm hazırlayacam və s.

Toybaşı nizam-intizamın çoxunu çubuğun köməyi ilə yaradır. Çubuğu müxtəlif formalarda hərəkət etdirir. Məsələn, rəqs zamanı çubuğu üç dəfə yerə vurmaqla rəqsi dayandırmaqlarına hazırlıq işa­rəsidir. Əgər onun dediklərinə əməl etmirlərsə, çubuğu göyə qaldır­maqla musiqiçilərə çalmamaq əmrini verir. Toybaşı musiqi fasiləsi zamanı adamların darıxmaması üçün özünü lallığa və karlığa qoymaqla, balaca uşaqları oğurlamaqla gülməli hərəkətlər edir. Toybaşı toya gələn kişilərin qarşısında oynaya-oynaya gedə­rək bu sözləri üç dəfə ucadan deyir: məsələn, ay şabaş, ay şabaş, ay şabaş. Allah evinizə toy qismət eləsin – deyib onlardan aşıqlar üçün xələt alır və onları rəqsə dəvət edir. Rəqs zamanı hörmət əlaməti olaraq oynayanların başına istər qadın, istərsə də kişi olsun pul tökurlər. Həmin pul aşıqlara verilir. Onu da qeyd edək ki, pul ancaq qadın, qızların əlinə verilir. Rəqsin sonunda ələ verilən pul toy­ba­şıya verilir. Toybaşı da pulun miqdarı azdırsa aşıqlara, çox­dursa az bir hissəsini çıxıb çoxunu yiyəsinə qaytarır. Həmin pul da aşıqlara çatır. Hər rəqs üçün edilən sifariş pullu olur. Bu pulun miqdarı hamı üçün eyni qaydada təyin edilir. Oyun zamanı qayda-qanunlara xüsusi fikir verilir. Hər musiqi çalınanda hamı oynamır. Çünki bu­na çox pis baxılır. Ona görə də heç kim bir-birinin rəqsinə mü­da­xilə edib dəvətsiz rəqs etmirlər. Hər kəs öz növbəsini gözləyir. Hər dəfə çalınan musiqinin öz sifarişçisi olur. O da ürəyi istədiyi adam­ları rəqs edə-edə ya özü, ya da toybaşı vastəsilə rəqsə dəvət edir. Toybaşının zəhmət haqqını ev yiyəsi deyil, aşıqlar verir.

Beşinci gün yemək-içmək verilmir. Altıncı gün qızğın oyun olur. Ancaq uzaq yerdən gələnlərə yemək-içmək verilir.

Oğlanla qız eyni kənddən olanda xınayaxdı altıncı gün olur. Adətən, xınayaxdıda yaşlı arvadlar iştirak etmir. Bir neçə qız-gəlin xına xonçasını götürüb qız evinə gedirlər. Xına xonçası şirinlik verildikdən sonra açılır. Hörmət əlaməti olaraq xınanı oğlanın kiçik bacısı yaxır. Qızın bir əlinə özünün, o birisinə isə oğlanın adı yazı­lır. Xınanın yarısı isə oğlan evinə aparılır. Oğlanla qız eyni kənd­dən olanda qız evində toy altıncı günü başlanır.



Paltarbiçdi altıncı gün olur. Toyu oğlan evindən bir nəfər gə­lib açır. Musiqi bazar günü çalınır. Oğlan evindən bir nəfər aşıq­la­rın xə­lətini verəndən sonra toy çalınır. Qız evinə aşıqları oğlan evi gətirir.

Toyun ən maraqlı hissəsi Yallı oyunudur. Kəndin on-on beş nəfərdən ibarət cavan oğlanları yallı çəkirlər. Oyunun maraqlı keç­məsi yallıbaşçısından (dəstə başı) asılıdır. Onun əlində söyüd ağa­cın­dan düzəldilmiş şiv (nazik, uzun, qatlanan çubuq) olur. Dəstə­başı tək rəqs deyil, həm də rəqs altında müxtəlif hərəkətlər edir. Əsas məq­səd cavanların gücünü, hazırcavablığını, diqqətini yoxla­maq­dır. Ona görə də yallının başçısı gözlənilmədən elə hərəkətlər edir ki, on­la­rın gücünü yoxlasın. Məsələn, dəstəbaşı qəflətən əks istiqamətə dönür. Dəstənin üzvləri də həmin anda o istiqamətə dönməlidirlər. Əgər göstərişi dəqiqliyi ilə yerinə yetirə bilmirlərsə, çubuq vasitəsilə cəzalandırılır və oyundan çıxarılır. Onun yerinə başqası gəlir. Yaxud cibindən elə bir əşya çıxarır ki, hamısında olmur. Oyunçular tamaşa­çılardan kömək istəyir. Ancaq dəstəbaşı icazə vermir. Yallıbaşçısı qucağına bir oğlan uşağı alır. Həmin vaxt hamısı oğlan uşağı alma­lıdır. Başqa bir nümunə, məsələn, daraq, yaylıq göstərir. Yaxud toy­xananın ortasında çala qazılır. Çalaya su töküb qarışdırılır. Rəqs al­tında oyunçular bir-bir başını çalaya yaxınlaşdırıb tez də çəkməli­dirlər. Gecikən adamın başı palçıqlı suya salınır. Həmin adam utan­dığından kənddə olan toylarda yallı oynunda iştirak etmir.

Dəstəbaşı hamıya eyni zamanda cəza vermək üçün ağıla gəl­məyən elə bir şey çıxarır ki, heç kimdə olmur. Məsələn, sərçə. Yal­lının sonunda dəstənin üzvləri əvvəlki düzümlərini alırlar. Dəstə­başı rəqs edə-edə cibindən pul çıxarıb oyunçuların hər birin­dən ey­ni miqdarda pul alıb aşıqlara xələt verir. Yallı iki saat davam edir. Hansı toyda yallı olursa, o toy maraqlı olur.

Kişilərin məclisi bazar günü olur. Qonşu kəndlərin kişiləri də bu məclisə təlif olunur. Bu məclis çox ağır məclis olur. Aşıqların bir dətəsi həmin məclisdə çalıb oxuyur. Kişilərə yemək-içmək verilir. Xanəndə oxuya-oxuya adı çəkilən kişiləri pul cəriməsi edir. Cavan bir oğlan da rəqs edə-edə həmin adamlardan şirinlik üçün pul yığıb aşıqlara verir. Onu da qeyd edək ki, kişilər toya pul salmırlar. Pulu paltarbiçdidə arvadlar salır.

Gəlini axşama yaxın gətirirlər. Bəylə gəlin bir kənddən olan­da gəlini çox vaxt piyada aparırdılar. Əvvəllər gəlini atla gəti­rir­mişlər. Bəy gəlin gətirməyə son zamanlarda gedirdi. Qabaq­lar gə­lini gətirən zaman bəyi hündür yerə çıxarırdılar ki, hər bir işdə oğ­la­nın sözü keçsin. Yaxud gəlin bəyin corabının bir tayını gey­di­rər­di. Əvvəllər gəlinin paltarı, ayaqqabısı qırmızı olardı. 60-cı illərdə gəlinin başına qırmızı şamaxı və yaxud zəkiyyə deyilən ağ saçaqlı yaylıq atarlarmış. Yeddi-səkkiz xonça bəzədilir. Xonça iki cür olur; böyük və kiçik xonça. Bu adlar xonçanın böyüklüyünə, kiçikliyinə görə deyil, kimin götürəcəyinə görə verilir. Bəyin böyük bacısı bö­yük xonçanı götürür. Bacısı yoxdursa, qardaşı arvadı götü­rür. Əv­vəl­lər gəlinə xonçanı çamadanlarda, tabaqlarda aparırdı­lar. Çama­da­nı başları üstünə alıb, üstünə də qırmızı ipək, və yaxud şa­maxı (qırmızı kələğayı) atırdılar. Qız evinin adamları hər bir xon­çanı şi­rin­lik verdikdən sonra alırdılar. Böyük xonçanın xələti daha çox olur. Qızın özü də gəlinlik güzgüsü gətirir. Gəlinin yengəsi güz­gü­nü götürür. Gəlinlik güzgüsü pis nəfsləri, pis gözləri qaytarır. Gə­linin belini öz qardaşı bağlayır. Qırmızı lenti üç dəfə gəlinin aya­ğı altından keçirəndən sonra bağlayır (Əvvəllər qırmızı yaylıqla bağ­layardılar). Oğlanın atası-anası gəlini gətirməyə getmir. Onları ağ­saqqal əvəz edir. Toylarımızda süd pulu deyilən bir adət var. Süd pulu oğlan evi tərəfindən qız anasına verilən halallıq şirinliyidir. Gə­­lini atası evində qapının astanasında saxlayırlar. Qızın anası gəlib “Südümü sənə halal edirəm” deyib xeyir-duasını verir. Sonra oğlan evi anaya 100-200 manat məbləğində süd pulu verir. Bunu ona görə belə edirlər ki, gəlin qayınata evinə gəldiyi gündən qudu­mu yüngül olsun, yəni uğursuz, ayağı ağır bir gəlin kimi tanın­ma­sın, xeyir-dualı olsun.

Adətlərdən biri də budur ki, gəlini qayınata evinə gətirən za­man, hələ həyətə gəlməmiş, bəyi evdən uzaqlaşdırırlar ki, evə ilk dəfə qədəm basan gəlinin ağırlığı bəyin üstünə düşməsin. Yaxud gəlin həyətə gələn zaman tüfəng atırlar ki, həm ağırlıq düşməsin, həm də bədnəzərlər dağılsın. Gəlini oğlan evinə gətirən zaman evə girməmiş qapınını astanasında saxlayırlar və ayağının altına boşqab qoyurlar ki, sındırsın. Gəlin də dabanı ilə boşqaba üç dəfə zərbə vurur. Əgər birinci zərbədə sındırsa, hökümlü bir gəlin kimi tanına­caq. Ona görə də gəlin abır-həya edib boşqabı üçüncü zərbədə sın­dırır. Boşqabın sındırılması evə gələn qada-bəlanın, pis nəfslə­rin qarşısının alınması üçün edilir.

Oğlanın atası gəlin gələn zaman gəlinlə bəyin ayağı altında qo­yun kəsir. Qoyunun qanından onların xoşbəxt olmaqları üçün hər iki­sinin alnına sürtür. Gəlinin qədəmləri uğurlu olsun deyə onun başına şirniyyat (konfet, noğul və s.), qəpik pul tökürlər. Maraqlı adətlərdən biri də qız evindən əşyaların götürülməsidir. Gəlini gəlib aparanda oğlan evi qız evindən fürsət tapıb ürəklərincə olan əşya götürürlər. Bununla da onların gücünü yoxlamaq, yaxud zarafat olaraq onlara “yandıq” vermək, həm də gələcəkdə gəlini acıtmaq is­təyirlər. Qız evi də əvvəlcədən buna yol verməmək üçün bütün evi nəzarətdə saxlayır.

Gəlin gətirən zaman maraqlı adətlərdən biri yolkəsmədir. Şi­rin­lik almaq üçün müxtəlif bəhanələrlə yolu kəsirlər. Məsələn, yo­ğun çatı ilə (kəndirdən saç formasında hörülən yoğun ip) yolu bağ­layırlar. Böyük bir maşını yolun ortasında saxlayır, yaxud böyük daşları topalayıb istədikləri xələti aldıqdan sonra yolu açırlar. Gəlin maşını əvvəllər qırmızı şamaxı ilə bəzədilərdi. Böyük bir şamaxını və ya qırmızı ipəyi maşının qabağına bağlayırdılar. Sonralar şama­xının üstünə gəlincik qoydular. Əvvəllər toydan bir xatirə olaraq gəlincik gəlin gətirən maşının sürücüsünə qalardı. Sonralar həmin adət yığışıldı. Onun əvəzinə sürücüyə şirinlik olaraq pul xələt ve­rildi. Gəlin qayınata və qayınananın xeyir-dua­sın­dan sonra oturur. Qayınata hörmət əlaməti olaraq gəlinə böyük bir şey hədiyyə edir. Bu da əsasən ya balalı inək, ya da quzulu qoyundan ibarət olurdu. Gəlinin qucağına oğlan uşagı qoyurlar ki, ilk uşağı oğlan olsun. Onu da qeyd edək ki, əvvəllər təzə gəlin yaşlıların (daha çox kişi­lərin) yanında hörmət olaraq danışmırdı. Onları gördükdə ağız­ları­na yaşmaq vurardı, nə qədər danışdırmaq istəsələr də, cavab ver­mir­di. Həmin ağsaqqal da gəlini danışdırmaq üçün ona xələt alır, ailəsinin yanında yaşmağı açdırırdı. 80-cı illərdə buna az hallarda rast gəlinirdi. Əvvələr təzə gəlin heç vaxt ərinin adını çəkmirdi. Başqa bir ad altında, məsələn, “özü”, “o”, “uşaqların atası” deyə mü­raciət edirdi. Təzə gəlin heç vaxt böyük qayınının, böyük bal­dızının adını öz adı ilə deyil “qağa”, “bacı” deyə çağırırdı. Cehiz gəlinlə birlikdə gətirilir. Ancaq gəlin evə keçdikdən sonra cehiz boşaldılır. Gəlinin qardaşı cehiz maşınında oturur. Gəlin gələndən sonra ev bəzədilir. Cehiz məsələsində məc­bu­riyyətə yol verilmir. Yor­ğan-döşək 3 dəst olur. Qayınanaya hör­mət əlaməti olaraq qayına­na döşəkçəsi tikilir, ancaq qayınanaya verilmir. Adətə görə, qayınana gəlinigilə gələndə bu döşəkçədə otur­malı idi. Altı ədəd stulüstü dö­şəkçə, mütləq bir sandıq, bir samovar verilir. Əvvəllər təxminən 60-cı illərdə gəlinin cehizinin çoxluğu onun tikmələrindən asılı idi. Ağ parçalar üzərində rəngli saplardan müxtə­lif güllər tikirdilər. Bunlar­dan divar, çarpayı, samo­var, tikiş maşını, pəncərə və s. üçün örtüklər hazırlayırdılar. Əl işlə­rini çox aparan qız hörmətli olarmış. Qız evi gəlinin bütün cehiz­lə­rinin siyahısını bir necə adamın şahidliyi ilə tutub oğlan evinə verirdilər.



Üçgünlük (gəlinin üzəçıxdısı) toydan 3 gün sonra keçirilir. Qız evi gəlini görməyə gəlir. Burda ancaq ailəli qadınlar iştirak edir. Bəzi zonalardan fərqli olaraq qızın anası üçgünlükdə iştirak edir. Gəlinin qızlıq paltarı gətirilir. Üçgünlüyün yemək tədarükünü qız evi gətirir. Ya yeməkləri bişmiş halda – hazır gətirir, ya da çiy ər­zağı gətirib oğlan evində bişirirlər. Bu məclisdə iştirak edən qa­dınlar gəlin üçün hədiyyələr gətirirlər. Əvvəllər qızın anası üçgün­lüyə mütləq sacarası (iki sacın arasında yağda bişən şirin çörək) bişirib aparardı.

Qız atası evinə ayaqaçdıdan (qonaqçağırma) sonra gedir. Aya­qaçdı çox tez olmur. İstəyirlər ki, gəlin qaynata evinə tez alış­sın.

Uşaq dünyaya gəldikdən sonra yorğançasını qızın anası hazır­layır. Bədnəzərə xüsusii fikir verildiyinə görə, qırxlı uşaq olan evə qırx gün kəndin adamları getmir. Uşağın adı oğlan evi tərəfin­dən, əsasən, qırxı çıxandan sonra qoyulur. Uşağın başını bir yaşı tamam olmamış qırxmırlar. Başının ilk tükünü (bu tük haram ad­lan­dırılır) mütləq uşağın dayısı qırxır. Qırxdıqdan sonra uşağa pul verərək tükü satın alır. Bizim zonada dağdağan ağacına müqəddəs, nəzər qaytaran bir ağac kimi baxılır. Ona görə də uşaq anadan olan kimi bu ağacdan kiçik hissə kəsilir, qabığı soyulur və qurudulur. Sonra qızmış dəmir parçası ilə dağlanır və uşağın üstünə taxılır. Ona görə belə edirlər ki, uşağa gələn qada-bəla, pis nəfslər, bəd­nəzərlər bu cür dağlansın.
Yüklə 8,77 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin