AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
______________________________________________
QARABAĞ:
FOLKLOR DA BİR TARİXDİR
I KİTAB
(Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından toplanmış
folklor örnəkləri)
BAKI – 2012
“Qarabağ folklorunun toplanması,
sistemləşdirilməsi və araşdırılması” adlı
layihə əsasında çap olunur.
LAYİHƏNİN RƏHBƏRİ: fil.ü.e.d. Muxtar KAZIMOĞLU
(İMANOV)
TOPLAYICILAR: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ
Zəfər FƏRHADOV
TƏRTİB EDƏNLƏR: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ
Zəfər FƏRHADOV
REDAKTORU: fil.ü.f.d. Ləman SÜLEYMANOVA
NƏŞRİNƏ MƏSUL: fil.ü.f.d. Əziz ƏLƏKBƏRLİ
Qarabağ: folklor da bir tarixdir, I kitab (Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından toplanmış folklor örnəkləri). Bakı, “Elm və təhsil”, 2012, 464 səh.
İSBN – 9-789952-810851
M 4603000000 Qrifli nəşr
N-098-2012
© Folklor İnstitutu, 2012
İNSTİTUTDAN
Qarabağ folklorunun toplanması tarixi, əsasən, XIX əsrdən başlanır. Əlbəttə, bu dövrə qədərki bir çox əlyazmalarda Qarabağdan toplanmış və ya Qarabağdan toplanmasa da, bu bölgəyə aid folklor nümunələrinin mövcudluğu istisna olunmur. Amma XIX əsrdə artıq mətbuat səhifələrində Qarabağ folkloru ilə bağlı məlumatlar və nümunələr çap olunmağa başlayır. “Tiflis əxbarı”nda, eləcə də həmin əsrin ortalarında nəşr olunan bir çox digər mətbuat orqanlarında Qarabağ və onun tarixi-etnoqrafik mənzərəsi haqqında məlumatlara rast gəlirik. Bu baxımdan “Kafkaz” qəzetinin mövqeyini xüsusi qeyd etmək olar. Çünki bu qəzetdə ardıcıl olaraq folklor nümunələri, o cümlədən Qarabağ folkloruna aid örnəklər rus dilinə tərcümə edilərək çap olunmuşdur. Qarabağ folklorunun toplanıb nəşr olunduğu ən zəngin qaynaqlardan biri “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu” – QƏXTMT – SMOMPK məcmuəsidir. Bu toplunun 1881-1929-cu illərdə 46 cildi nəşr olunmuşdur. Topluda Azərbaycanın başqa bölgələri ilə yanaşı, Qarabağ bölgəsindən toplanmış folklor nümunələri də öz əksini tapmışdır.
XIX əsrdə yazılan məşhur “Qarabağnamə”lərdən təkcə tarixlə yox, həm də bölgənin mədəniyyəti və folkloru ilə bağlı təsəvvür əldə etmək mümkündür.
XX əsrin əvvəllərində Qarabağ bölgəsindən folklor nümunələri daha geniş miqyasda toplanmış və nəşr edilmişdir. Ceyhun bəy Hacıbəylinin “Qarabağın dialekti və folkoru” kitabı fransız dilində Parisdə nəşr olunmuş və sonralar Azərbaycan dilinə tərcümə edilərək Bakıda işıq üzü görmüşdür. Bölgə folklorunun toplanmasında 1923-cü ildə yaradılmış “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin xüsusi rolu olmuşdur. Bu cəmiyyətin xətti ilə bölgədən xeyli folklor materialı və etnoqrafik məlumat qeydə alınmışdır. Bu dövrdə A.V.Baqrinin redaktorluğu ilə rus dilinə tərcümə edilərək litoqrafik üsulla 1930-cu ildə çap edilən “Azərbaycanın və ətraf ərazilərin folkloru” üçcildliyində Qarabağ bölgəsinin folkloruna aid zəngin nümunələr vardır. Burada başqa materiallarla yanaşı, təkcə Şuşadan toplanan 20-dən çox nağıl öz əksini tapmışdır. Sovet dövründə toplanmış və nəşr olunmuş müxtəlif folklor toplularında, təbii ki, Qarabağ bölgəsinə aid folklor nümunələrinə də yer verilmişdir.
Qarabağ folklorunun toplanması və nəşr olunması işi keçən əsrin 80-ci illərinin sonunda Qarabağda baş qaldıran separatizm hərəkatından sonra daha da sürətlənmişdir. Ayrı-ayrı müəlliflərin Qarabağ folkloruna, Qarabağın müxtəlif bölgələrindən toplanmış el ədəbiyyatı nümunələrinə aid kitabları çap edilmişdir. Separatizmdən sonrakı dövrdə folklorşünas alimlərin Qarabağ folkloru ilə bağlı ilk toplama və tərtib işlərindən biri 2000-ci ildə oxuculara çatdırılmışdır. «Azərbaycan folkloru antologiyası»nın V cildi kimi buraxılan həmin kitabdakı materialları İsrafil Abbaslı, Təhmasib Fərzəliyev və Nəcəf Nazim (Quliyev) toplamışdır. Kitabın tərtibçisi İ.Abbaslının yazdığı “Ön söz”dən məlum olur ki, nümunələr 1988-1989-cu illərdə qeydə alınmışdır. Kitab iki hissəyə ayrılmış, birinci hissəyə Yuxarı Qarabağ və Ağdamdan toplanan nümunələr, ikinci hissəyə isə Cəbrayıl, Füzuli, Ağcabədi, Tərtər, Bərdə, Yevlax rayonlarından toplanan nümunələr daxil edilmişdir. İ.Abbaslı “Ön söz”də Qarabağ folklorunun toplanıb nəşr edilməsi işində son dərəcə gecikdiyimizi dərin təəssüf hissilə vurğulayır. Əlbəttə, Qarabağ folklorunu əlvanlığı və zənginliyi ilə əks etdirmək işində nəinki bir, hətta bir neçə kitab belə yetərli deyil. Bu sahədəki boşluğu müəyyən qədər doldurmaq, Qarabağı özümüzə və dünyaya daha yaxından tanıtmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda «Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması» üzrə xüsusi layihə hazırlanmış və institutun bir çox əməkdaşları layihənin icrasına cəlb edilmişdir. Adından göründüyü kimi, layihədə əsas məqsəd Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağı folklor mühiti kimi diqqət mərkəzində saxlamaq, onun qeyri-maddi mədəni irsini toplamaq, sistemləşdirmək, arxivləşdirmək, nəşr etmək, araşdırmaq və təbliğ etməkdir. Layihədə məqsəd həm də bölgənin folklor resurslarını müəyyənləşdirmək, eləcə də bu bölgənin sosial-mənəvi həyatında folklorun iştirakının aktivlik dərəcəsi haqqında müəyyən təsəvvür əldə etməkdir.
Azərbaycanda mövcud olan folklor mühitlərini vahid folklor arealının tərkib hissələri kimi sahə tədqiqatlarına cəlb etmək olduqca vacib məsələdir. Bu məsələ ilə bağlı layihədə aşağıdakı vəzifələr nəzərdə tutulmuşdur:
1. Qarabağ bölgəsinə və bu bölgədən olan məcburi köçkünlərin kompakt yaşadığı yerlərə folklor ezamiyyələrinin təşkil edilməsi və toplama işlərinin aparılması;
2. toplama materiallarının sistemləşdirilməsi və arxivləşdiril-məşi;
3. toplanmış materialın dəyərləndirilməsi ilə bağlı seminar, konfrans və simpoziumların keçirilməsi;
4. toplanmış materiallarla bağlı tədqiqat mövzularının müəy-yənləşdirilməsi və elmi araşdırmaların aparılması;
5. toplanmış nümunələrdən ibarət topluların nəşrə hazırlanması;
6. mərasimləri, xalq oyun və tamaşalarını, musiqi folklorunu əks etdirən videomaterialların hazırlanması və s.
Folklor söyləyiciləri ilə birbaşa və canlı təmasın yaradılması, fasiləsiz ünsiyyətin təmin edilməsi layihədə nəzərdə tutulan işlərin həyata keçirilməsində ən mühüm şərtlərdən biridir. Çünki toplayıcı ilə söyləyici arasında ünsiyyət yaradıldıqdan, bu ünsiyyət fasiləsiz xarakter aldıqdan sonra folklor nümunələri kitablara statik mətn kimi deyil, insanların duyğularını tərpədən, yaddaşını hərəkətə gətirən dinamik mətn kimi daxil olur. Nəzərdə tutulmuşdur ki, söyləyicilərdən necə var, o şəkildə toplanmış, dil və üslub, o cümlədən dialekt və şivə xüsusiyyətləri qorunub saxlanmış mətnlər əsasında hər biri təxminən beş yüz səhifəyə yaxın Qarabağ folklor topluları çap edilsin.
Topluları bir ad – “Qarabağ: folklor da bir tarixdir” adı altında nəşr etmək fikrindəyik. Düşünürük ki, bu ad mənəviyyatımızın güzgüsü və sözün geniş mənasında ən etibarlı tarixi olan folklora diqqəti artıra biləcək bir addır.
Dostları ilə paylaş: |