AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
______________________________________________
QARABAĞ:
FOLKLOR DA BİR TARİXDİR
V KİTAB
(Bərdə, Füzuli, Ağdam, Şuşa və Zəngilandan toplanmış
folklor örnəkləri)
BAKI – 2013
“Qarabağ folklorunun toplanması,
sistemləşdirilməsi və araşdırılması” adlı layihə
əsasında çap olunur.
LAYİHƏNİN RƏHBƏRİ: fil.ü.e.d. Muxtar KAZIMOĞLU (İMANOV)
TOPLAYANLAR: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ
Zəfər FƏRHADOV
TƏRTİB EDƏN: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ
REDAKTOR: fil.ü.f.d. Əfzələddin ƏSGƏR
NƏŞRİNƏ MƏSUL: fil.ü.f.d. Əziz ƏLƏKBƏRLİ
Qarabağ: folklor da bir tarixdir, V kitab (Bərdə, Füzuli, Ağdam, Şuşa və Zəngilandan toplanmış folklor örnəkləri). Bakı, “Zərdabi LTD” MMC, 2013.
folklorinstitutu.com
İSBN – 9-789952-810868
А 4603000000 Qrifli няшр
Í-098-2013
© Folklor İnstitutu, 2013
TƏRTİBÇİDƏN
“Qarabağ: folklor da bir tarixdir” kitabının növbəti cildi, əsasən, Bərdə və Füzuli rayonlarına həsr olunub, kitabda qismən də Ağdam, Zəngilan və Şuşadan toplanmış folklor materialları yer alıb. Bu cild üçün Bərdə və Füzuli rayonlarının seçilməsi təsadüfi deyildir. Təhlə, boyəhmədli, qaraqoyunlu, qılınclı, qaradəmirçi (Bərdə), cavanşirlər (Füzuli) kimi tayfaların bu rayonlarda məskunlaşması, qaçaqçılıq hərəkatının bölgədə geniş yayılması (Kürqırağı və Xaçın meşələri qaçaqların daldalandığı əsas yerlər olub), vaxtilə bölgədə yaşamış, söz və nüfuz sahibi olmuş bəylər, digər şəxslər haqqında xatirələrin canlılığı bu bölgəyə marağımızı xüsusi olaraq artırıb.
Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşən Bərdə rayonu 1930-cu ildə təşkil olunub. Sahəsi 957 km², əhalisi isə 140 min nəfərdən çoxdur. Rayonun inzibati mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir.
Füzuli rayonu işğal olunmuş rayonlar arasında əhalisinin sayına görə Ağdamdan sonra ikinci yerdə dayanır. Rayonun sahəsi 1386 km2, əhalisi isə 136 min nəfərdən çoxdur. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlikləri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Şəhərin əsası 1827-ci ildə qoyulub və ilk adı Qarabulaq olub, daha sonra Qaryagin qəzası adlanıb. 1930-cu ildə rayon Qaryagin adı altında yenidən təşkil olunub. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli adlandırılıb.
Bölgə folklorunun müasir vəziyyətini öyrənmək üçün bu ilin iyun-iyul aylarında Bərdə rayonunda folklor ezamiyyəsində olduq. Bərdə rayonuna ilk səfərimiz zamanı rayonun Lənbəran, Otuzikilər, Qılınclı, Mustafaağalı, Hacallı, Mehdili, növbəti səfərimiz zamanı isə Alpout, Göyüşlü, Bəcirəvan, Xanərəb, İmirli, Soğanverdilər, Qaradəmirçi, Xanağalı kəndlərində olduq, ümumilikdə yüzdən artıq rayon sakini ilə söhbət etdik. Bu səfərlər zamanı şifahi ənənəni gözəl bilən, zəngin repertuarı olan söyləyicilərə təsadüf etməsək də, ayrı-ayrı nəsil və tayfalar haqqında, vaxtilə bölgədə böyük nüfuzu olan bəylər haqqında maraqlı xatirələr və rəvayətlər qeydə aldıq.
Boyəhmədli 32 para kəndin yerləşdiyi əraziyə verilən bir addır. Həmin bölgədə müxtəlif tayfalar məskunlaşıb, onların böyük əksəriyyətinin bura Qazax-Borçalı zonasından gəldiyi deyilir. Tayfaların bu əraziyə köçü iki səbəblə əlaqələndirilir. Bir versiyada onların bu bölgəyə köçməsi gürcü basqınları, digər versiyada isə Molla Pənah Vaqifin Qarabağ xanlığına vəzir gəldikdən sonra xanlığa daha yaxın olmaq istəyi ilə əlaqələndirilir. Yerli sakinlərin dediyinə görə, bölgəyə ilk gələn qazaxməmmədli tayfasıdır və onun bölgəyə gəlişi XVIII əsrin 30-cu illərinə təsadüf edir. Onun ardınca bu bölgəyə şillər, cırdaxanlılar, kəpənəkçilər, əfəndilər, cənnətlilər, arabaçılar və s. kimi tayfalar gəliblər. Son gələn tayfa isə adını bozax adlanan qoyun cinsindən alan bozaxlardır. Onların Goranboy zonasından olduqları, var-dövlətlərini saxlamaq üçün öncə Tərtər rayonuna, orada münasib yer tapa bilmədikdə Bərdə rayonuna gəldikləri qeyd olunur. Bölgədə azdan-çoxdan tanınan, müəyyən nüfuza sahib adamlar daha çox bu tayfadan çıxıb. Bu kəndlərin sakinləri həm adət-ənənələrinə, həm də dialekt xüsusiyyətlərinə görə bölgənin digər sakinlərindən müəyyən qədər fərqlənirlər.
Təhlə camaatı Hacallı, Mehdili, Bəcirəvan, Soğanverdilər kəndlərində və Bərdə şəhərində məskunlaşıb. Bu ərazidə yaşayan təhləlilər özlərinə “Xan təhlə” deyirlər. Soğanverdilər kənd sakini İdil kişinin dediyinə görə, Alı, Mehdi, Nəbi və Ağamməd adlı dörd qardaş var-dövlətlərini saxlamaq üçün Pənahəli xandan torpaq istəyiblər. Pənahəli xan da Bərdədəki Qaratəpə ərazisini onlara qışlaq yeri verib. “Xan təhlə” ifadəsi də buradan meydana gəlib. Beyləqan ərazindəki təhləlilərə isə “Çöl təhlə” deyirlər.
Bölgədəki tərəkəmə camaatından biri də qaradəmirçilərdir. Rayonda iki Qaradəmirçi kəndi var və camaat arasında bu kəndlər Sacdöyən Qaradəmirçisi və Həsirçi Qaradəmirçisi adı ilə tanınır. Qaradəmirçilər babalarının Qazağın Dəmirçilər kəndindən gəldiyini söyləyirlər. Neçə nəfərdən xəbər alsaq da, ilk gələnlərin kimlər olduğu, nə vaxt gəldiyi, gəlmə səbəbləri haqqında məlumat verən olmadı.
Qılınclı camaatı əsasən Məmmədli Qılınclısı, Nazırlı Qılınclısı və Mollalı kəndlərində məskunlaşıb. Qaraqoyunlular isə, rayonun Qaraqoyunlu, Otuzikilər, Mirzağalı kəndlərində yaşayır. Həmin kəndlərdə olsaq da, bu tayfalar haqqında ətraflı məlumat verən adama rast gəlmədik.
Füzuli rayonuna səfərimiz 2013-cü ilin avqust ayına təsadüf edir. Rayonla ilk tanışlığımız Böyük Bəhmənli kəndindən başladı, ardınca Yağlıvənd, Kərimbəyli, Babı, Arayatlı, Əhmədallar, Qazaxlar, Əhmədbəyli, Mahmudlu, Aşağı Kürdmahmudlu, Alıxanlı, Araz Zərgər, Araz Dilağarda və Bala Bəhmənli kəndlərində olduq. Maraqlıdır ki, rayonun yuxarı hissəsində Arazqırağı kəndlərlə eyni adı daşıyan kəndlər mövcuddur və bəzən bu kəndlər arasındakı məsafə 100-150 kilometrə çatır. Məsələn, Aşağı Yağlıvənd–Yuxarı Yağlıvənd, Araz Dilağarda–Yuxarı Dilağarda, Zərgər–Araz Zərgər və s. kənd adlarının bu şəkildə təkrarlanması köçəri həyat tərzindən xəbər verir. Arazqırağı bu kəndlərin qışlaq yeri olub. Qışda mal-qaralarını bu ərazilərdə saxlayar, yazda isə rayonun daha yuxarı hissəsinə – yazlaqlara qalxarmışlar. Sovetlər gəldikdən sonra camaat məcburən oturaqlaşdırılır, bu zaman həmin kəndlərin əhalisinin bir qismi yazlaq yerində, digər qismi isə Arazqırağında məskunlaşır.
Rayonun yuxarı hissəsi erməni işğalı altında olduğundan ezamiyyə müddətində biz ancaq Arazqırağı kəndləri gəzə bildik. Ümumilikdə, 50-yə yaxın söyləyici ilə ünsiyyətdə olduq və 21 nağıl, 10 əfsanə, 30-dan artıq rəvayət, 50-dən artıq bayatı, eləcə də ayrı-ayrı nəsillər və tayfalar haqqında maraqlı xatirələr qeydə aldıq.
Bölgədə, əsasən, cavanşir elinə məxsus tayfalar məskunlaşıb. Bölgə tarixinin əsas araşdırıcılarından biri olan Ənvər Çingizoğlunun yazdığına görə, Əmir Teymur Suriya üzərinə yürüşü zamanı oradan götürdüyü türkman tayfalarını Qarabağa gətirir. Oğuz kökənli rumlu və şamlı ellərini xətrini əziz tutduğu Xacə Əli Səfəviyə bağışlayır, Ərdəbil ətrafında, Muğanda yerləşdirir. Yarı hissəsi monqol-tatar, yarı hissəsi isə oğuz kökənli Qacar və Cavanşir ellərini isə Qarabağda məskunlaşdırır. Qacarlar Bərdədən Şəmkirə qədər, cavanşirlər isə Bərdədən Arasbaradək torpaqlara yiyələnirlər1. Bu gün bölgə sakinləri cavanşir eli haqqında təsəvvürləri saxlamasalar da, “cavanşir torpağı” ifadəsi yaddaşlarda qalır. Yaşlı şəxslərin dediyinə görə, onların yaşadığı əraziyə “cavanşir torpağı” deyirlər.
Bölgədə əsas tayfalardan biri də cavanşir elinə bağlı olan Hacılı tayfasıdır. Xanlıq dövründə mahalın naib və minbaşıları məhz bu tayfanın içindən təyin olunurdu. Ənvər Çingizoğlunun yazdığına görə, Hacılı tayfasından Gecəgözlü, Seyidəhmədli, Mahmudlu, Şıxılı, Comərdli, Aybasanlı, Mirzəcamallı, Sarılar obaları təşkil olunmuşdur. Sonralar Mahmudlu obasından Hüseynbəyli və Ələsgərli obaları, Aybasanlı obasından isə Qorqan kəndi əmələ gəlmişdir2. Bu gün də Hacılı tayfası haqqında təsəvvürlər daşlaşmış şəkildə insanların təsəvvüründə yaşamaqdadır. İkinci Mahmudlu kəndinin yaşlı sakinlərinin dediyinə görə, vaxtilə yaylağa gedəndə onlardan soruşanda “haradansınız?”, özlərini “Hacılı Mahmudlusundanıq” deyə təqdim edərmişlər.
Füzuli rayonunda ünsiyyətdə olduğumuz söyləyicilər arasında diqqətimizi daha çox cəlb edən Sahib İmaş oğlu Şərifov olub. Toplunun əvvəlki cildlərində qeyd etdiyimiz kimi, bizə zəngin material verən söyləyicilər məhz güclü yaddaşa malik olan şəxslərdir. Əsli Cənubi Azərbaycandan olan Sahib kişi də güclü yaddaşa sahib olub, söylədiyi mətnləri bir dəfə eşitməklə hafizəsində saxlayıb. Bizim onunla cəmi bir dəfə ünsiyyətdə olduq və iki saatadan artıq sürən söhbət zamanı ondan 9 nağıl, 2 rəvayət və anasından eşitdiyi bir mahnının mətnini qeydə aldıq. Füzuli rayonunda rastlaşdığımız digər nağıl söyləyiciləri bizə nağılın quru məzmununu danışır, çox nadir hallarda təsvirə yol verirsə, Sahib Şərifovun söylədiyi nağıllarda hadisələr daha təfsilatlı çatdırılır, tez-tez formullardan istifadə edilir. Bu baxımdan onun söylədiyi mətnlər dolğunluğuna görə digər mətnlərdən fərqlənir. Peşəsinin molla olması və yas məclislərini aparması, onun repertuarına təsirsiz ötüşməyib. Söylədiyi mətnlər daha çox islam dinindən gələn fikirlərin xalq arasında təbliğinə xidmət edir.
Füzuli rayonunda olduğumuz zaman maraqlı bir faktla qarşılaşdıq: aşıqlar toylara gedərkən yanlarında lotu da apararmışlar. Bu faktı bizə Araz Dilağarda kəndinin sakinləri verdilər. Onların dediyinə görə, həmin kənddən olan Aşıq Rəşidin dəstəsində Əmirqulu adlı bir lotu olub. O, gülməli söhbətləri, şən zarafatları ilə məclisi əyləndirər və söhbətləri camaata o qədər xoş gələrmiş ki, çox vaxt ona qulaq asmaq üçün məclisə toplaşarmışlar. Aşıqların öz yanında baməzə adam gəzdirmələri əslində məlum məsələdir. Keçən il Bərdə rayonunun Seyid Yusifli kəndində olarkən, Musa kişi kəndə gələn aşıqların dəstəsindəki gəncəli balabançının gülməli söhbətləri, baməzə hərəkətləri ilə məclisi əyləndirdiyini qeyd etmişdi. Həmin dəstədə balabançı həm ifaçı kimi çıxış edir, həm də lotunun funksiyasını yerinə yetirirsə, Aşıq Rəşidin dəstəsində lotu artıq ifaçılıqdan ayrılıb, dəstənin müstəqil üzvünə çevrilib. Dəstənin digər üzvləri kimi, o da toydan yığılan puldan öz haqqını alır. Qeydə alınmış mətnlərdən lotuluğun heç də asan bir iş olmadığı məlum olur. Bu vəzifəni icra edən şəxsdən ilk növbədə hazırcavablılıq, söz altında qalmamaq, istənilən vəziyyətdən çıxma bacarığı və s. tələb olunub. Dilağarda kənd sakini Xanış Məmmədovun dediyinə görə, Lotu Əmirqulu o qədər özünə arxayın olub ki, hətta bir həftəlik qazanclarını mərcə qoyub bəyin lotusu ilə yarışa girib. Yaxud, toy məclisini dağıtdığı üçün onunla qanlı-bıçaq olan bəydən adi bir sözlə yaxasını qurtarmağı bacarıb. Təəssüf ki, içərisində qeyri-etik ifadələr olduğu üçün Əmirqulu ilə bağlı lətifələrin hamısını vermək mümkün deyildir, onların arasından münasib bildiklərimizi kitaba daxil etmişik.
Layihə çərçivəsində artıq beşinci kitabın işıq üzü görməsi və qeydə alınan nümunələrin sayı bizdə Qarabağ folklor mühiti haqqında aydın təsəvvür yaratmaqla yanaşı, folklorun müasir vəziyyəti haqqında da fikir yürütməyə imkan verir. Son folklor ezamiyyələri bir çox janrların, xüsusən də nağılların ifasının zəiflədiyini, onların tədricən epik dövriyyədən çıxmaq üzrə olduğunu göstərir. Sual oluna bilər ki, əgər belədirsə, Narış Bayramova, Musa Bayramov kimi zəngin repertuara malik söyləyicilərin fəaliyyətini necə dəyərləndirmək olar? Bizim fikrimizcə, bu və ya digər kənddə bir və ya iki nağıl söyləyicisinə rast gəlinməsi epik ənənəni qoruyub saxlayan mühitin olması ilə bağlıdır. Keçən il Bərdə rayonundan toplanmış folklor nümunələrinin böyük əksəriyyətini Seyid Yusifli kəndindən qeydə almışdıq. Həmin müddətdə rayonun daha dörd kəndində olsaq da, həmin kəndlərdə Seyid Yusifli kəndindən topladığımızın heç yarısını qeydə ala bilmədik. Bunun əsas səbəbi haqqında bəhs olunan kənddə məhərrəmlik axşamlarının son dövrlərə qədər saxlanmasdır. Təsadüfi deyil ki, həmin kənddən qeydə alınmış folklor nümunələrini söyləyən söyləyicilərin hər ikisi həmin məclislərdə iştirak etmiş şəxslərdir.
Ünsiyyətdə olduğumuz şəxslərə sehrli nağıllara və heyvanlar haqqında nağıllara dair suallar versək də, çox nadir hallarda bizə bu qruplara dair nağıllar qeydə almaq müyəssər olur. Sehrli nağıllar və heyvanlar haqqında nağılların əsas dinləyiciləri uşaqlardır. Söyləyicilərin özlərinin də etiraf etdiyi kimi, indiki uşaqlar nağıla o qədər maraq göstərmir, asudə vaxtlarını televizor qarşısında, kompyuter arxasında, telefonda oyun oynamaqla keçirirlər. Öz auditoriyasını itirdiyindən sehrli nağıllar və heyvanlar haqqında nağıllar artıq epik dövriyyədən çıxmaqdadır. Nümunə üçün qeyd edək ki, Bərdə rayonunda yüzdən artıq söyləyici ilə ünsiyyətdə olsaq da, cəmi 11 nağıl qeydə ala bildik. Onlar arasında sehrli nağıllar və heyvanlar haqqında nağılların hərəsinə aid cəmi bir nümunə vardır. Füzuli rayonundan qeydə aldığımız 21 nağıldan isə yalnız biri sehrli nağıl nümunəsidir.
Şifahi mətn ifadan-ifaya təkmilləşir. Öz auditoriyasını itirmiş söyləyici isə belə bir imkandan məhrumdur. Uzun müddət ifa olunmadığından şifahi mətn ya unudulur (ezamiyyə zamanı qarşılaşdığımız bəzi söyləyicilər bildikləri bir çox nağılları uzun müddət ifa etmədiklərindən unutduqlarını etiraf edirdilər), ya da onu söyləsələr də, lazımi keyfiyyətdə bizə çatdıra bilmirlər. Personajların adı, bir çox detallar unudulur, təsvir yox dərəcəsindədir, formullardan, demək olar ki, az istifadə olunur. Bir sözlə, nağılı deyil, onun süjet xəttini bizə nəql edirlər. Ona görə də 3-4 səhifəlik bir nağılı həmin söyləyicilər bir səhifə və ya səhifə yarımda bizə çatdırırlar. Nağıl söyləyiciləri arasında yalnız Sahib Şərifov və Şəkər Həsənovanın söylədiyi mətnlər təfsilatlı olması ilə seçilir. Bu da onların məclis adamı olmalarından irəli gəlir. Belə ki, yas yerlərində həmin mətnləri tez-tez söylədiklərindən onların söylədiyi nağıllar daha dolğundur.
Bu qrupların əksinə olaraq, dini və novellavari nağıllar hələ də öz aktivliyini qoruyub saxlayır. Bunu layihə çərçivəsində buraxılmış kitablardakı dini və novellavari nağılların sayından da görmək olar. Demək olar ki, çap olunan nağılların 50-60 faizini dini və novellavari nağıllar təşkil edir. Bunun da əsas səbəbi, o biri qruplardan fərqli olaraq, bu nağılların öz auditoriyasını qoruyub saxlamasıdır.
Söyləyicinin mətnə münasibəti mətnin keyfiyyətini təmin edən əsas amillərdən biridir. Söyləyici mətnin gerçəkliyinə inanmırsa, onu heç vaxt tam və mükəmməl şəkildə çatdıra bilməz: ya mətni ixtisar edəcək, ya da qolunu-qanadını qıraraq dinləyiciyə çatdıracaqdır. Bu baxımdan əslən Ermənistanın Basarkeçər rayonundan olan və 1949-cu ildə Bərdə rayonuna deportasiya olunan Xalıqverdi İmaməli oğlu Abbasov bir söyləyici kimi xüsusi maraq doğurur. Xalıqverdi kişi sözün həqiqi mənasında Ələsgər vurğunudur və saatlarla Aşıq Ələsgərdən danışar, ondan şeirlər söyləyər, amma yenə də sözü qurtarmaz. Aşıq Ələsgər haqqında məlumatların böyük əksəriyyətini yazılı mənbələrdən əldə etdiyindən, biz kitaba onun şifahi şəkildə, ağızdan eşitdiyi nümunələri daxil etmişik. Xatırladaq ki, Xalıqverdi kişidən iki nağıl mətni qeydə aldıq. Həmin nağıllardan biri məşhur “Bəxtsiz adam” süjeti (AT 1534) əsasında qurulub. Söyləyici həmin nağılı əslən Ermənistandan olan Süleyman kişidən qəza və qəsdə dair misal çəkdiyi zaman eşitmişdir. Makedoniyalı İskəndərdən bəhs edən digər nağılı isə inandırıcı, ağlabatan olmadığını əsas gətirib danışmaq istəmədi. Yalnız bizim israrımızdan sonra nağılın qısa məzmununu söylədi. Nağıl “Sətəlcəm olmuş qız” süjetinin maraqlı bir variantı olduğu üçün onun mətnini burada təqdim etməyi məqsədəuyğun sayırıq: “Makedoniyalı İskəndərin qızı dünyasını dəyişir, onu aparıb dəniz kənarında dəfn edirlər. Palanduz qızı qəbirdən çıxardır, dirildib onunla evlənir və ondan bir oğlu olur. Bir gün İskəndər səfərə çıxanda yol kənarında üç nəfər uşağın durduğunu görür. Onlardan burda nə üçün dayandıqlarını soruşduqda nəvəsi cavab verir ki, şah, qabaqdan Novruz bayramı gəlir, burdan keçəcəyini bildiyimiz üçün durmuşuq ki, bizə bir xərclik verərsən. Uşağın ağıllı cavab İskəndəri heyran edir və ondan atasının kim olduğunu xəbər alır. Palanduzun oğlu olduğunu eşidəndə təəccüb edir ki, palanduzdan belə ağıllı, diribaş uşaq törəyə bilməz, yəqin bunun nəslində, kökündə tanınmış kimsə var. Sonradan məlum olur ki, həmin uşaq İskəndərin öz nəvəsidir”. Mətndən də göründüyü kimi, söyləyici bizim israrımızla nağılı söyləsə də, onu natamam şəkildə bizə çatdırıb, bir çox yerləri buraxıb, ancaq quru məzmununu nağıl edib.
Topluda Aşıq Valehin irsinə də geniş yer verilmişdir. Həmin irsə aid nümunələrin böyük əksəriyyəti Aşıq Valehin qız kötükcəsi olan Aşıq Xaspoladın şəxsi arxivindən götürülüb. Məlum olduğu kimi, ermənilər 1905-ci ildə Abdal-Gülablı kəndini yandırdıqları zaman Aşıq Valehin əlyazmaları məhv olub, onun irsindən günümüzə yalnız yaddaşlarda qalan nümunələr gəlib çatıb. Hələ erkən yaşlarından Aşıq Valeh irsi ilə maraqlanan Aşıq Xaspolad Abdal-Gülablı kəndinin yaşlı sakinlərindən – 1934-cü ildə vəfat etmiş Kərbəlayı Abış Abdal, 1938-ci ildə vəfat etmiş Məşədi İskəndər Abdal, 1933-cü ildə vəfat etmiş Molla Cəfər Abdal, 1938-ci ildə vəfat etmiş Məşədi Cəfər oğlu Abbas Abdal, yüz yaşından yuxarı sakinlər Abdal Riza, Kərbəlayı Abdulla, Yetim Ağaməşədi Məmiş və başqalarından Aşıq Valehi soruşub. Onların verdiyi məlumatlar əsasında “Valeh və Zərniyar” dastanını, eləcə Aşıq Valehlə bağlı bir çox rəvayətləri qeydə alıb, aşığın şeirlərindəki bəzi natamam misraları bərpa edib.
Aşıq Valehin bir çox şeirləri sovet dövründə çap olunsa da, kontekstdən çıxarıldığı üçün onların məzmunu, mənası anlaşılmır. Məsələn, “Aşıq Valehlə Aşıq Fehruzun deyişməsi” 1970-ci ildə işıq üzü görmüş “Alçaqlı, ucalı dağlar” kitabında çap olunub, amma yurd hissəsi verilmədiyindən bu deyişmənin necə baş verdiyi, nə ilə nəticələndiyi anlaşılmır. Aşıq Xaspoladın əlyazmaları arasında həmin deyişmənin, eləcə də digər deyişmələrin tam mətninə təsadüf etmək mümkündür və biz topluda həmin nümunələri olduğu kimi oxuculara təqdim edirik.
Sonda bu kitabın hazırlanmasında bizə köməyi dəyən hər bir şəxsə, xüsusən də atasının şəxsi arxivindən istifadəyə icazə verdiyi üçün Taleh Mirzalıyevə dərin minnətdarlığımızı bildiririk.
MİFOLOJİ MƏTNLƏR, ƏFSANƏ, RƏVAYƏT VƏ XATİRƏLƏR
-
CİNLƏR HAQQINDA
I mətn
Qalxozun taxılın biçirdilər, gətirif bir nəfərə təhvil verirdilər, o təmizdiyif vururdu anbara. O vəzifəni altmış dörtdə verdilər maa. Mənim bir qaroulçum vardı, indi ölüfdü. Deyirdi ki, mən kərpiş kəsirdim. Ülgünü belə götürürdüm, yaxalıyıf qoyurdum, ha eliyif palçığa əlimi uzadınca görürdüm doluf, mən də eləcə hamarrıyıf çəkirdim. Yanımda deyir görürəm ki, olar (cinlər – top.) ülgünü doldurur. Ayləm, qaynım mən gedəndə mənnən gedirdilər ora, mən gələndə mənnən gəlirdilər. Bir gün gördüm ki, mənim evimdə toy-büsatdı. Bir pişiyimiz var, bu, balaban çalır. Başına yığışanlar da deyir, ay sağ ol, Qaraxan. Ay sağ ol, Qaraxan. Deyir, tezdənnən durdum, geyinəndə gördüm pişik, axşamnan ocax qalamışdıx, onun külünün üsdündə yatıf. Ayağımnan itələdim ki, Qaraxan, belə dur. Nətər qalxdı məə belə vurdusa, onnan çıxdı getdi. Da görmədim o pişiyi.
II mətn
Mənim qoja nənəm bizə nağıl eliyərdi ki (uşax vaxtı Bərdədə İmamzadanın böyründə bizim həyətimiz, evimiz varıydı), o vaxtı qəfildən hay düşdü kü, bəs bizim aşağı tərəfdəki qonşu bir hal tutuf. Hal da cinnərin arvad xeylağına deyillər. Hamı durdu getdi tamaşıya. Anam mənim əlimnən tutdu, götürdü getdi. Getdih ona baxmağa kı, görəh bu nətəər şeydi. Adi arvatdı, geyindirif eliyiflər, sadəcə, döşdəri çox uzunudu, bir də ayağında fərq varıydı onun. Dabanı lülə kimi dala çıxırdı. Bu qadını saxladılar. Bir il, para il saxlıyannan sora bunu verdilər ərə. Bir kişi bunu aldı – şeytan arvadı, ta dönüf insan oluf. Bunu, deyir, aldı, alannan sora bunun iki dənə uşağı oldu. İki uşağı olan kimi bu qadın öldü. Bu ölənnən sora gedillər bunun yerinə başqa bir qadın alıllar gətirillər bu uşağı böyütsün. Bu arvad günüz uşaxlara acıxlananda və yaxud vuranda gecə qonşular bunnarın evinə bunun harayına tökülür. Görünmüyən qüvvələr bu arvadı döyüllər, sürüyüllər. Onnan sora başa düşüflər ki, bu şeytan arvadın qohum-aqrabalarıdı, icazə vermillər ki, bu, uşaxlara toxunsun.
Yanı bu gözüynən görünmüş şeyidi. Biri var eşidəsən, amma bu arvad gözüynən görüf, bu olmuş hadisədi.
III mətn
İndi onnarı tilsimliyiflər, sərbəst deyillər. Amma o vaxdı biz İrəvanda olanda onnarı görürdük. Tərlan addı əmim arvadı vardı. Cinlər bir dəfə gəlif onu çağırıflar. Gəlif çağırıflar: “ay Tərlan, ay Tərlan”. O vaxdları bizi örgədirdilər ki, sizi qeybdən çağırsalar, denən əlimdə duz döyürəm, duz döyürəm, gələmmərəm, duzum var. Duzdan qorxullar. Gördüm Tərlan xalam çır-çır çığırır ki, əlimdə duz döyürəm, əlimdə duz döyürəm, əlimdə duz döyürəm. Onnan da çıxdı getdilər. Oruşdux ayında şeytan da, cin də – hamısı bağlanajax ki, meşat eləməsinnər.
-
SAZ NECƏ YARANIB?
Sazı Davud peyğəmbər qayırıb tut ağacınnan. Sazın qolunda pərdə yoxumuş. Belə çalıb, çalıb. On iki imamdan bir dənəsi gəlib Davud peyğəmbərin çiyni üsdündə durub. Deyir, Davud peyğəmbər, əlini saxla. Deyir, nədi? Deyir, ə, səhərdən tınqır-çınqır çalırsan, hava dəyişmir. Bunun qoluna pillakan-pillakan pərdə bağla. On iki dənə pərdəni bağlıyır. Deyir, indi çal. Görür ə, hərəsi bir səs verir, hərəsi bir hava danışır. Onnan sora Davud peyğəmbər saz qujağında dünyadan köçür. Davud peyğəmbəri aparıb dəfn-kəfn eliyillər. Deyillər, sazı neyniyək? Saza gətirib iki manatdıx qara köynəyi geydirillər, aparıb göydən mismardan asıllar.
-
ŞEYTAN HAQQINDA
I mətn
Bir alim gəlif görüf ki, məsələn, kərimbəyli bir ağaca sitayiş eliyir. Deyir, ay camaat, bu ağaşdı ey. Dünyanı yaradan Allah var. Neyniyif, deyiflər, yox, dünənki uşax gəlif bizə göstəriş verir. Atamız-babamız buna sitayiş eliyif, biz də onun yoluynan gedirik. Nəysə, o məcbur oluf ki, getsin o ağacı kəssin. Şeytan bir qoca kişi sifətində çıxıf bunun qabağına. Deyif, alim, hara gedirsən? Deyir, gedirəm o ağacı kəsəm. Dünyanı yaradan Allah var, bu ağac Allah deyil a. Deyir, yox, alim, kəsmə. O deyif, bu deyif, buların sözü çəpləşif, tutaşıflar. Tutaşanda alim şeytanı yıxıf. Üş dəfə yıxannan sora deyir, bilirsən nə var, alim? Deyir, nədi? Deyif, gündə səə bir belə qızıl verəcəm, ağacı kəsmə.
Nəysə, bu beş gün, altı gün gündə buna bir az qızıl göndərir. Göndərənnən sora aranı kəsir, daha göndərmir. Bu gözdüyür, görür qızıl gəlmədi. Gənə baltanı götürüf gələndə bu kəsir bunun qabağını. Deyir, hara gedirsən? Deyir, gedirəm ağacı kəsməyə. Nəysə, gənə tutaşıllar. Şeytan alimi yıxır. Üş dəfə yıxannan sora deyir, mən şeytanam ey, sən allanmısan, tamahın sənə üsdün gəlif. Get, daha ağacı kəsə bilməzsən. Onnan sora alim başın götürüf ordan gedir.
Şeytan bizi tamahnan alladır.
II mətn
Bir oğlan oluf. Deyif ki, mən şeytana qalib gələrəm. Bir dağda şeytan insan sifətində çıxıf bunun qarşısına. Deyif ki, sən kimsən? Deyif, mən şeytanı gəzirəm. Deyir, neynirsən şeytanı? Deyir, onnan mərcdəşmək isdiyirəm, görüm o məni alladar, yoxsa mən onu alladaram. Deyif, yaxşı. Onda gedək sən adda dağın o tərəfinə, mən addıyım bu tərəfinə. Dağdan belə hərrənək, gələk şərtimizi kəsək. Bu dağın o tərəfinə addıyanda bulud qalxıf, nətər leysan yağış yağıfsa, oğlan tez paltarın soyunuf qoyur bir daşın altına. Yağış qutarannan sora üsdün-başın əlinnən silif paltarın geyinir. Görüş yerinə gələndə görür ki, əsl şeytan teyxa suyun içindədi. Şeytan qalıf məhətdəl. Deyif ki, sən yağışa düşmədin? Deyir, düşdüm. Deyir, axı sən qupqurusan. Deyir, gördüm yağış gəlir, mən paltarımı çıxartdım qoydum daşın altına, yağış kəsdi, geyindim. Deyir, vallah, əsl şeytan mənəm, amma bu mənim heç ağlıma gəlmiyif. Sən mənnən də bəd şeytanmışsan.
Dostları ilə paylaş: |