2. Folklorun koqnitiv (kreativ) funksiyası
Bu funksiya insanı əhatə edən ətraf gerçəkliyin dərkini nəzərdə tutur. Folklor bütün digər xüsusiyyətləri ilə yanaşı, xüsusən ilkin monofolklor mərhələsində koqnitiv-idraki funksiyanı da yerinə yetirmişdir. Dünyanın istənilən xalqı üçün ilkin mifoloji dünya modelinin formalaşması, ilkin xaos-kosmos qarşıdurması ilə bağlı təsəvvür kollektiv yaddaşda mifoloji dünyagörüş kimi folklor modelləri əsasında formalaşmışdır. İnsan təbiətdən cəmiyyətə keçərkən cəmiyyətə və deməli, mədəniyyətə öz daxilində təbiət-mədəniyyət qarşıdurmasını da gətirmişdir. Bu qarşıdurma folklor materiallarında müxtəlif obraz və süjet paradiqmaları vermişdir. Mifoloji dünya modeli insanın dünyanı ilkin dərketmə cəhdi olaraq məhz sistemli bir dünyagörüş kimi formalaşmış, sonralar folklorun sözlü mətnlərinin bədii müstəvisinin inkişafında əvəzsiz rol oynamışdır. Bu mənada folklor düşüncəsi (mifoloji düşüncə) bütün primitivliyinə və illüziyalılığına baxmayaraq həm də varlığı qavrama, dərketmə cəhdidir. Onun bütün formaları, janr qəlibləri onu doğuran folklor düşüncəsi ilə şərtlənir. Folklor düşüncəsi isə sistemli bir dünyagörüş hadisəsidir.
Dostları ilə paylaş: |