Məsələnin qoyuluşu: Hər bir milli dastanın bütün poetik dəyərləri qəhrəman obrazında təcəssüm olunur. O, bütün hadisələrin mərkəzində durur və bütün obrazlar, hadisələr onunla bağlanır. Lakin qəhrəman əsərin təkcə mərkəzi obrazı, yəni baş qəhrəmanı olmaqla qalmır, dastanın daşıdığı ideyalar, milli dəyərlər, eləcə də əsərin bütün poetik ağırlığı qəhrəman obrazına bağlanır. Qəhrəman bu cəhətdən dastanın nüvəsi, mərkəzi nöqtəsidir. Elə bir nöqtə ki, bütün qalan nöqtələr onda kəsişir. Hər bir dastan üçün xarakterik olan qəhrəman və və cəmiyyət münasibətləri də qırılmaz şəkildə bu poetik nöqtəyə, bu epik nüvəyə bağlanır.