S.Rzasoyun “Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi” kitabında da qəhrəman hərəkətdə olan fenomen kimi dərk olunur. Onun fikrinə görə, “Əsli-Kərəm” süjetinin strukturu “Kitabi-Dədə Qorqud”da “Salur Qazanın evinin yağmalanması” boyunun strukturu ilə eyni süjet yuvasına girməklə qara şamanın yeraltı dünyaya səfərinin, başqa sözlə, qamlamanın strukturunu özündə əks etdirir”.
Göründüyü kimi, müəllif tərəfindən səfər və qamlama bir semantik çərçivəyə daxil edilir. Müəllif istər “Əsli və Kərəm”in, istərsə də “Qazan xanın evinin yağmalanması” boyunun izahında ən aparıcı məqam kimi səfər, yolçuluq modelini əsas götürür və mətndəki faktların sintaktik və morfoloji izahı bütün hallarda səfər, yolçuluq modeli kontekstində aşkarlanır. Kitabla tanış olanda görürük ki, səfər və yolçuluq modeli, sadəcə, müyyən bir fiziki ərazinin qət olunması kimi anlaşılmır. Müəllif hərəkəti, yolçuluq fenomenini mifik-kosmoloji sxemdəki rolları hərəkətə gətirən davranış aktı kimi izah edir. Onun səfər və yolçuluq aktına konseptual münasibətini aşağıdakı fikirlərindən daha yaxşı anlamaq olar:
“Qəhrəmanın yeraltı dünyaya səfəri” ilə “qara şamanın yeraltı dünyaya səfəri” biri epik mətn, o biri ekztaz təcrübəsi olmaqla fərqli mətn paradiqmaları olsa da, onların kosmoloji sxemi eynidir. Bu cəhətdən onlar vahid (eyni) kosmoloji sxemin fərqli kodlarla (eposda – bədii sözlə təsvir kodu, şamanlıqda – magik davranış kodu) təcəssümüdür. Vahid Dünya Modelinə məxsus struktur informasiyasının (sxemin) fərqli materiallarda (mətnlərdə) fərqli üsullarla (kodlarla) verilməsi məzmunun (məlumatın) quruluşunu (sxemini) dəyişə bilmir. Bu cəhətdən, xaotik varlıqlar tərəfindən oğurlanmış (qaçırılmış) sevgilisini qaytarmaq üçün “yeraltı-ölüm-xaos” dünyasına səfər edən qəhrəmanla xəstənin xaotik varlıqlar tərəfindən oğurlanmış (qaçırılmış) ruhunu qaytarmaq üçün “yeraltı-ölüm-xaos” dünyasına səfər edən (qara) şaman kosmoloji arxetip olaraq eyni obraz-fuksionerdir”.
Göründüyü kimi, müəllif qəhrəmanın səfərinə Vahid Dünya Modelinə məxsus olan, vahid kosmoloji sxemdən qaynaqlanan hərəkət aktı kimi yanaşır. Bu isə o deməkdir ki, istər epik mətnin qəhrəmanları, istərsə də magik davranış funksionerləri öz fəaliyyətlərinin tipoloji fərqindən asılı olmayaraq, mifik düşüncə üçün xarakterik olan kosmik sxem üzrə (ayrılma – liminal situasiya – yenidən doğulma) hərəkət edirlər. Yəni epik qəhrəman anormal situasiyanı, şaman sosial-ictimai, fərdi, kütləvi bəlanı, sufi isə mənəvi anormallığı aradan qaldırmaq üçün eyni sxem üzrə hərəkət edir. Epik qəhrəmanlar üçün div, əjdaha, şamanlar üçün üçün şər ruhlar, sufilər üçün isə nəfs və onun metaforaları yenidən doğulmanı təmin edən əsas mübarizə obyektləridir. S.Rzasoy da (qəhrəmanın səfərindən bəhs edən müasir tədqiqatlarda vurğulandığı kimi) qəhrəmanın şər, mənfi ruhlarla görüş, döyüş anını yeni doğuluş üçün köhnə stukturun dağılması kimi qavrayır və hər iki epik qəhrəmanın (Kərəm və Qazan xan) təhlilində onların xaos nöqtəsində parçalanaraq yenidən doğulması məsələsinə xüsusi diqqət yetirir. Və bundan dolayı tədqiqatın həcm baxımından çox hissəsi epik qəhrəmanın xaos dünyasındakı davranışlarının izahına həsr olunur.
Kitabda diqqəti çəkən ən mühüm məqamlardan biri də epik qəhrəmanın izahında istifadə olunan şaman-qəhrəman anlayışıdır. İnsanın antropoloji emosional keyfiyyətindən qaynaqlanan model üzrə (“ritualdan əvvəlki mərhələ” – “ritual prosesi” – “ritualdan sonrakı yeni mərhələ” və yaxud: “əvvəlki statusdan uzaqlaşma” – “mübarizə prosesinə daxil olma” – “yeni statusda doğulma” və s.) hərəkət edən epik qəhrəman müəllif tərəfindən şaman qəhrəman kimi xarakterizə olunur. Lakin bu zaman şaman və qəhrəmanın ortaqlığı heç bir halda formal-zahiri xüsusiyyətlərlə müəyyənləşmir. Müəllif şaman və qəhrəmana kosmoloji sxem kontekstində yanaşaraq onlara “eyni obrazın funksionerləri” kimi baxır və onların eyni arxetip hərəkət aktını bölüşmək müstəvisində qovuşduqlarını söyləyir. Müəllifə görə, onların eyni arxetipin fərqli təzahür səviyyələri olmasından dolayı qəhrəmanda şamanlıq, şamanda qəhrəmanlıq keyfiyyətləri özünü aktuallaşdırır. Tədqiqatda bu konseptual yanaşması belə ifadə olunur: “ruhlar, ölülər dünyasına getmək istəyən qəhrəman hökmən şaman olmalı, xəstənin ruhunu gətirmək üçün şər qüvvələrlə mübarizə aparmalı olan şaman da hökmən qəhrəman olmalıdır. Demək, nə qəhrəman şaman olmadan öz missiyasını yerinə yetirə bilməz, nə də şaman qəhrəman olmadan öz missiyasını uğurla başa vura bilməz. Bu cəhətdən, qəhrəman və şamanın malik olduqları ortaq struktur, ortaq psixologiya, ortaq sxem var”.
Müəllifin yanaşmalarından aydın olur ki, vahid kosmoloji sxem üzrə ortaq keyfiyyətləri paylaşan fenomen – şaman-qəhrəman hərəkətdədir və bu hərəkət də epik kontekstdə səfərin, magik davranış müstəvisində ekstazın kosmoloji sxemini ortaya qoyur. Həqiqətən də, kosmoloji sxem elə bir universal modeldir ki, o, ayrı-ayrı mədəni sistemlərdə fərqli obrazlar vasitəsi ilə özünü aktuallaşdıra bilər. Tədqiqatdan belə anlaşılır ki, müəllif tərəfindən “kosmoloji sxem” insanın antopoloji-emosional özünüifadə xüsusiyyətinin arxetip modeli, universal keyfiyyəti kimi qavranılır.
Müəllif Vahid Kosmoloji Sxemi paylaşan şaman və qəhrəmanın ortaq keyfiyyətlərini onların davranış aktları müstəvisində tədqiqata cəlb edir. Yəni haqq aşığı statuslu epik qəhrəmanın səfər boyu həyata keçirdiyi müxtəlif fəaliyyət və davranışlar öz arxetipləri və magik-sakral kontekstdə dəyərləndirilir. Bu yanaşma da özlüyündə epos mətnindəki davranışların sakral təbiətinin, arxetipik mahiyyətinin izah olunmasına imkan verir. Bu baxımdan, əsərdə ən çox izah olunan “xəbərləşmə” aktına diqqət çəkmək yerinə düşər. Əgər biz müəllifin xəbərləşmə/dialoqla bağlı fikirlərini izləsək, görərik ki, bu davranış aktı epik qəhrəmanın yolçuluğunda əsas davranış modeli olmaqla onun sakral-magik və təsəvvüfi mahiyyətinin izah olunmasında əsas vasitə kimi götürülür. Yuxarıda dediyimiz kimi, müəllif epik mətndən aldığı qəhrəmanları (Kərəm və Qazan xanı) arxetip yanaşma müstəvisində izah edir. Və bu zaman qəhrəmanın özü arxetipik müstəvidə mətndə göründüyü keyfiyyətlərindən daha böyük məzmun daşıdığı kimi (epik qəhrəman şamanın, sufinin malik olduqları bəzi ortaq keyfiyyətləri bölüşür), onun hərəkət aktları da özünü mətndə göründüyü səviyyədən başqa bir kontekstin də ifadəçisi kimi büruzə verir.Bu baxımdan, müəllifin izahlarında xəbərləşmə – dialoq iki nəfərin, iki subyektin, sadəcə, üz-üzə dayanıb söhbətləşməsi və yaxud insanın cansız obyektlərə xitabı ilə eyni mahiyyət daşımır. Alimin təhlillərində Kərəm və Qazanın ətraf dünya ilə ünsiyyətinin modeli kimi təhlilə cəlb olunan xəbərləşmə çoxmənalı və çoxfunksiyalı fakt kimi diqqət mərkəzində saxlanılır.